Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi

Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı videoqəbulda çıxış edib: video “Bu gün siz Biləsuvar və Saatlı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz.

 
Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik. Rəhbərlik edəcəyiniz rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində dövlət xətti ilə və dövlət vəsaiti hesabına çox işlər görülüb. Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb. Bildiyiniz kimi, hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcıllıqla icra olunur. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır. Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu, həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə çatdırılır. Eyni zamanda, kəndlərdə modul tipli təmizləyici qurğular, artezian quyuları vasitəsilə bu məsələlər öz həllini tapır və bundan sonra da buna xüsusi diqqət göstərilməlidir, eyni zamanda, suvarma məsələlərinə də. Çünki həm keçən il, həm bu il quraqlıq vətəndaşlara böyük problemlər yaradıb, kənd təsərrüfatının daha da yüksək templərlə inkişafını əngəlləyib. Nəzərə alsaq ki, həm Saatlı, həm Biləsuvar taxılçılıq, pambıqçılıq rayonlarıdır, burada əlbəttə ki, su amilinin çox böyük önəmi var. Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq yenə də demək istəyirəm ki, quraqlıq böyük problemlər yaratmışdır. Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır. Hesab edirəm ki, buna imkanlar var. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir. Yəni, bu, onu göstərir ki, bunu etmək mümkündür. Sadəcə olaraq düzgün yanaşma olmalıdır, bütün aqrotexniki qaydalara əməl edilməlidir, suvarma məsələləri öz həllini tapmalıdır. Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiya böyük inkişafa səbəb olubdur. Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib. Çünki bu da olmalıdır. Bildiyiniz kimi, fermerlərə böyük həcmdə subsidiyalar verilir. Biz elə etməliyik ki, bu subsidiyalara çox ciddi nəzarət olsun, pozuntular olmasın. Yerli icra orqanlarının bu sahədə çox böyük rolu vardır. Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız. Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər. Biləsuvar və Saatlı rayonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş köçkünlər yaşayır, onlar üçün şərait yaradılır. Mənim yadımdadır ki, Prezident kimi ilk açdığım köçkün qəsəbəsi Biləsuvar rayonunda olmuşdur və siz də köçkünlərə xüsusi diqqət göstərməlisiniz. Dövlət bu dəstəyi əsirgəmir və bildiyiniz kimi, köçkünlər üçün yeni evlər tikilir, şəhərciklər salınır. Təkcə bu il 7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcəkdir. Eyni zamanda, köçkünlərə verilən müavinət də artırılır və növbəti dəfə keçən il 50 faiz artım olmuşdur. Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür - ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı, kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur. Azərbaycanda biznes iqlimi ildən-ilə yaxşılaşır və hesab edirəm ki, biz Douing Business proqramı çərçivəsində tarixi nailiyyətlər əldə etmişik. Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək. Ona görə, indiki şəraitdə böyük vəsaiti xarici ölkələrə qoymaq hesab edirəm ki, düzgün olmaz. Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır. Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmalısınız və bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Buna da ehtiyac var. Çünki pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərini müvəqqəti olaraq itiriblər, ona görə dövlət onların yardımına gəldi, onlara əl tutdu, onlara əl uzatdı. Bildiyiniz kimi, işini itirmiş insanlar, o cümlədən qeyri-formal sahədə çalışan insanlar dövlət tərəfindən maddi cəhətdən dəstəklənir. Eyni zamanda, bu il rekord sayda ödənişli ictimai iş yerləri açılmaqdadır. Bu iş yerlərinin sayı 90 minə çatacaq və bu sahədə də şəffaflıq olmalıdır. Çünki son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adi hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə bu məsələlər öz həllini tapacaq. Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Mən deyə bilərəm ki, bütün prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi verirdim və bu tövsiyələr bizim ümumi yanaşmamızı əks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsin və sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiniz. Ona görsə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işləyəcəksiniz ki, xalq sizin işinizdən razı olsun. Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır. Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz. Əminəm ki, mənim bütün tapşırıqlarım, tövsiyələrim sizin gündəlik həyatınızda əsas prinsiplər olacaq və qısa müddət ərzində Biləsuvar və Saatlı rayonlarında həm ictimai ab-hava yaxşılaşacaq, eyni zamanda, rayonların inkişafı təmin ediləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram”. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov deyib: “Cənab Prezident, icazə verin, əvvəlcə öz adımdan və həmkarımın adından bizə göstərilən yüksək diqqət və etimada görə Sizə minnətdarlığımızı bildirək. Əmin edirik ki, biz Sizin bu etimadınızı yaxın gələcəkdə var gücümüzlə doğruldacağıq. Sizin bugünkü və ümumiyyətlə bütün çıxışlarınızda göstərdiyiniz məsələlər - vətəndaşların məmnunluğu, iqtisadi ab-havanın yaxşılaşdırılması, yerli və xarici səhmdarların Azərbaycanın bu bölgələrinə və hazırkı dövrdə Biləsuvar və Saatlıya cəlb olunması bizim fəaliyyətimizdə prioritet sahələrdən biri olacaqdır. Onu da qeyd edim ki, əsas məsələ yerlərdə yeni iş yerlərinin açılması və qeyd etdiyiniz kimi, bununla da vətəndaş məmnunluğuna nail olunmasıdır. Bir daha Sizə təşəkkürümü bildirirəm və əmin edirəm ki, etimadınızı doğruldacağıq”. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov deyib: “Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimaddan irəli gələn məsuliyyətin böyüklüyünü anlayıram. Sizi əmin etmək istəyirəm ki, öz fəaliyyətimdə, həyata keçiriləcək işlərdə daim yorulmadan var qüvvəmlə çalışacağam. Çox sağ olun, cənab Prezident. Bir daha Sizə təşəkkür edib, minnətdarlığımı bildirirəm”. Prezident İlham Əliyev: “Sağ olun, sizə uğurlar arzulayıram”.

2020-08-24 00:00:00
3472 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatı şeir müsabiqəsi keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı  Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad  şəhər Heydər Əliyev  Mərkəzi  ilə birlikdə Şanlı Zəfərimizin 5 illiyi münasibətilə  şeir müsabiqəsi  keçirib. Müsabiqənin məqsədi gənc nəslin vətənpərvər ruhda böyüməsinə sitimil vermək olub. Tələbə və şagirdlər arasında keçirilən müsabiqədə münsiflər heyəti tərəfindən 20 baldan yuxarı qiymət alanlar 2-cu turda iştirak etmək hüququ qazanıblar. Heydər Əliyev Mərkəzində təşkil olunan müsabiqənin final mərhələsində vətənpərvərlik mövzusunda  yazılmış şeirlərin ən yaxşı ifaçılarından 5 nəfər qalib seçilib və onlara Təşəkkürnamə  və hədiyyələr verilib.

Hamısını oxu
“Dünyadan pul dilənən bir ölkənin bu vəsaiti hərbi təlimlərə sərf etməsi gülünc və məntiqsizdir”

“II Dünya müharibəsi ilə bağlı muzeyin yaradılması xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm xidmət olar” Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlarımızda həyata keçirdiyi hərbi təlimlər, Qarabağ probleminin həlli ilə bağlı diplomatik müstəvidə atılan bir sıra addımlar, eləcə də şəhdilərimizin, milli qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi ilə bağlı irəli sürülən yeni təkliflər son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bütün bu məsələləri şərh etməyə, bəzi nüanslara aydınlıq gətirməyə çalışdıq.   -Cəlil müəllim, oktyabrın 5-də Ermənistanda və işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər başa çatar-çatmaz düşmən yenidən 40 günlük hərbi təlimlərə başlayacağını elan etdi. Sizcə işğaldakı torpaqlarımızda fasiləsiz olaraq keçirilən bu təlimlər düşmənin ölkəmizə qarşı növbəti təxribatı sayıla bilərmi?   -Təbii ki, bu bir təxribatdır. Dünya ictimaiyəti görür ki, heç bir beynəlxalq qanuna əhəmiyyət vermədən Azərbaycan torpaqlarını işğal edən Ermənistan, dünyadan pul dilənə-dilənə bu vəsaiti hərbi təlimlərə sərf edir. Halbuki, Ermənistanın bu torpaqlarda hər hansı formada fəaliyyət göstərmək, eləcə də hərbi təlimlər keçirmək haqqı və hüququ yoxdur. Bu gün Ermənistan ordusunda elə bir ağır vəziyyət mövcuddur ki, heç bir zabit və əsgər bu orduda xidmət etmək istəmir. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi son vaxtlar qocaları, qadınları, yanğınsöndürənləri orduya cəlb etməyə çalışır, onları sovet dönəmindən qalma silahlarla təchiz edir. Ermənistan anlamalıdır ki, bu problemin onlar üçün heç bir müsbət perspektivi yoxdur. Onlar heç vaxt Qarabağı Ermənistana birləşdirə, bu torpaqların sahibi ola bilməyəcəklər. Çünki bu torpaqlar Azərbaycana məxsusdur və dünya da bu torpaqları məhz belə qəbul edir. Ermənistanın işğal edilmiş torpaqlarımızda keçirdiyi təlimlər beynəlxalq ictimaiyyətin təpkisinə səbəb olmalı, dünya birliyi işğalçı ölkəyə təzyiq göstərməlidir. Beynəlxalq təşkilatlar Ermənistandan tələb etməlidir ki, BMT-nın Təhlükəsizlik Şurasının Qətnamələrinə əməl etsin və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etsin.   -Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışında bir daha erməni təcavüzünə diqqət çəkərək adıçəkilən təşkilatı məlum problemin həllində aktiv olmağa səslədi. Sizcə Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın maraqlarını beynəlxalq tribunada bu cür qətiyyətlə müdafiə etməsi erməni təcavüzünün qınaq hədəfinə çevrilməsi baxımından nə dərəcədə önəmlidir?   -Ərdoğan BMT-yə Qarabağla bağlı ciddi mesajlar verdi. O qeyd etdi ki, nə üçün BMT Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icra mexanizmini tapa bilmir? Nə üçün aparıcı dövlətlər Ermənistana iqtisadi-siyasi təzyiq göstərmir? Niyə öz torpaqlarından didərgin düşən bir milyondan çox insanın hüquqlarının pozulmasına göz yumulur? Niyə aparıcı dövlətlər, özlərini demokratiyanın beşiyi adlandıran ölkələr buna susur? Ərdoğanın beynəlxalq tribunada Qarabağ probleminə, erməni təcavüzü ilə bağlı səsləndirdiyi bəyanatını yüksək qiymətləndirir və bunu Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü hesab edirəm. Hesab edirəm ki, Türkiyənin diplomatik müstəvidə ölkəmizə göstərdiyi bu dəstək olduqca vacib və önəmlidir.   -Son günlər yeni açılacaq metro stansiyalarına, körpülərə şəhidlərin adının verilməsi ilə bağlı təkliflər var. Sizcə bu təkliflərin reallaşması şəhid adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının təbiği baxımından nə dərəcədə zəruridir?   -Azərbaycan xalqı və dövləti qarşısında xidməti olan insanların adları təbii ki, əbədiləşdirilməlidir. Onların adlarına parklar salınmalı, bu insnaların adları küçələrə, məktəblərə verilməlidir. Onların adları gəmilərə, metro stansiyalarına da verilə bilər. Yəni söhbət xalq və dövlət qarşısında xidməti olan insanlardan gedir. Əlaqədar dövlət orqanları bu məsələni diqqətdə saxlamalı və gərəkli addımları atmalıdır. Bizim veteranlar arasında da buna layiq olan, böyük xidmətlər göstərmiş insanlar var. Mən istərdim ki, onların da adı əbədiləşdirilsin. Mən uzun illər sərhəd qoşunlarında xidmət edən general Mustafa Nəsirovun adının əbədiləşdirilməsini istərdim. O, uzun müddətdir ki, rəhmətə gedib. Onun evinin divarına mərhum generalla bağlı lövhə belə vurulmayıb. Biz bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təklif göndərmişik. Əlaqədar dövlət qurumlarına bununla bağlı məktublar ünvanlamışıq. Bəzi genarallarmızın adları əbədliləşdirildi, bir sıra genarllarla -general-mayor Firudin Hüseynov, general-leytenant Ziya Yusifzadə, general-leytenant Valeh Bərşadlı ilə də bağlı bu cür addımların atılmasını zəruri hesab edirəm. Bizim milli qəhrəmanlarımız, sovet ittifaqı qəhrəmanlarımızın, elm və əmək adamlarının da adlarının əbədiləşdirilməsi arzuediləndir. Qoy gənclər də bilsinlər ki, xalq qarşısında kimlərin xidməti var və bu insanlar heç vaxt unudulmur, daim ehtiram hissi ilə yad edilir.   -Qazaxıstanın xalq yazıçısı Oljas Süleymanov Azərbaycanın II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində mühüm xidmətlərə malik olduğunu, Bakının bu məsələdəki rolunun müstəsnalıq təşkil etdiyini bildirib. Hansı ki, məhz ölkəmizin faşizm üzərindəki mübarizədə əlahiddə xidmətlərə malik olduğu əsas götürələrək  bir müddət bundan öncə məhz sizin tərəfinizdən gələn il – faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar olaraq Azərbaycanın II Dünya müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi səsləndirilib. Necə hesab edirsiniz, O.Süleymanovun Azərbaycanın faşizm üzərindəki qələbədəki rolu haqqında səsləndirdiyi yüksək fikirlər, sizin muzeylə bağlı irəli sürdüyünüz təklifin beynəlxalq miqyasda böyük aktuallıq kəsb etməsinin isbatı sayıla bilərmi?   -Azərbaycanın II Dünya müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması çox vacib bir məsələdir. Faşizmə qarşı mübarizə aparan bütün ölkələr yaxşı bilir ki, ölkəmizin faşizm üzərində qələbənin əldə edilməsində danılmaz xidmətləri var. Azərbaycanın xidmətləri keçmiş SSRİ marşalları tərəfindən də qeyd olunub. Marşal Jukov və marşal Rokossovskiy öz çıxışlarında Azərbaycanın xidmətlərini yüksək qiymətləndiriblər. Azərbaycan bu müharibəyə 700 mindən çox insanla qatılıb və onların yarıdan çoxu bu müharibədən qayıtmayıb. Azərbaycan nefti olmasaydı, müharibədə qalib gəlmək qeyri-mümkün idi. Odur ki, Azərbaycanın bu qalibiyyətdəki rolunu heç cür kiçiltmək olmaz. Biz belə bir muzey yaratmaqla ölkəmizin bəşəriyyət qarşısındakı bu mühüm xidmətini yada salmış və təbliğ etmiş olarıq. Baxın, Azərbaycan son illər turist ölkəsinə çevrilib. Hər il ölkəmizə yüz minlərlə turist gəlir. Istərdim ki, Həzi Aslanovun abidəsinə yaxın bir yerdə II Dünya Müharibəsinə həsr edilən muzeyimiz olsun. Bu muzey vasitəsi ilə ölkəmizə gələn turistlər də Azərbaycanın müharibədəki müstəsna xidmətləri haqqında geniş məlumatlar əldə edə bilsinlər. Biz muzeyin yaradılması ilə bağlı biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Lakin hələ ki, qarşı tərəf bununla bağlı rəsmi münasibət bildirməyib. Biz istəyirik ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində muzeyin yeri müəyyən edilsin, onun yaradılması istiqamətində konkret addımlar atılsın. Bu, xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm bir xidmət olar.   Seymur ƏLİYEV

Hamısını oxu
Zamanı Aşan Qəhrəmanlar: Qara Sarıyev və Azərbaycanın Şanlı Tarixi

Hər bir tarixi dövr öz qəhrəmanını doğurur. Zamanın sınağından keçən, tarixə möhür vuran, yaddaşlarda iz buraxan insanlar olur. Amma elələri də var ki, onlar təkcə bir dövrün deyil, bir millətin vicdanına, qüruruna çevrilir. Zaman onları deyil, onlar zamanı müəyyən edir. Bu qəhrəmanlar ömürlərini deyil, ruhlarını tarixə yazırlar. Onların səsləri keçmişin səssiz səlnaməsində deyil, xalqın ürəyində əbədi yaşayır. Qara Sarıyev Əli oğlu da məhz belə qəhrəmanlardandır. O, doğulduğu torpağın yaddaşına çevrilən, igidliyi ilə millətin hafizəsinə həkk olunan, adı tarixə qızıl hərflərlə yazılmış bir Vətən oğludur. 1925-ci il sentyabrın 9-da Tovuz torpağında dünyaya göz açan Qara Sarıyev gənclik illərində böyük bir fəlakətlə - Böyük Vətən Müharibəsi ilə üz-üzə gəldi. 1943-cü ilin mayında orduya çağırılan Sarıyev Şimali Qafqaz Hərbi Dairəsinin 46-cı avtomobil alayında xidmətə başladı. Səngərlərdə təkcə mərmilər deyil, insan taleləri də uçuşurdu. O, silah əvəzinə tibb çantasını götürərək, leytenant rütbəsi ilə döyüş meydanlarında yüzlərlə əsgərin həyatını xilas etdi. Qara Sarıyev 1948-ci ilin aprel ayına qədər hərbi xidmətini davam etdirdi. Cəbhədə göstərdiyi igidlik və fədakarlıq "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" və "Yaponiya üzərində qələbəyə görə" medalları ilə qiymətləndirildi. Amma onun ən böyük mükafatı xalqın ürəyində qazandığı əbədi yer oldu. Azərbaycan xalqının müharibədəki xidmətləri misilsizdir. Böyük Vətən Müharibəsi təkcə cəbhədəki döyüşlərdən ibarət deyildi. Bu, ümummilli səfərbərlik idi. Azərbaycan 600 mindən çox övladını bu müharibəyə yola saldı. Onlardan 300 minə yaxını geri qayıtmadı. Onlar şəhid oldular, amma adlarını tarixə, millətin qüruruna çevirdilər. Həzi Aslanov kimi iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş komandirlər, Mehdi Hüseynzadə “Mixaylo” kimi əfsanəvi partizanlar, Ziya Bünyadov, Aslan Vəzirov, Tərlan Əliyarbəyov, Qafur Məmmədov, İsrafil Məmmədov kimi döyüşçülər xalqımızın şanlı igidliyinin obrazı oldular. Hər kəndin, hər şəhərin bir şəhid məzarı, bir qəhrəman hekayəsi var. Tovuzdan çıxan Qara Sarıyev kimi, Azərbaycanın Bakı, Gəncə, Şəki, Lənkəran, Naxçıvan və Qarabağ kimi bölgələrindən cəbhəyə gedən minlərlə oğul və qız tariximizin unudulmaz səhifələrinə çevrildilər. Böyük Vətən Müharibəsində təkcə əsgərlər döyüşmürdü Azərbaycanın torpağı, zəhmətkeş əlləri və zəngin yeraltı sərvətləri də bu savaşın əsas iştirakçısı idi. Müharibənin ilk illərində Sovet Ordusunun ehtiyac duyduğu yanacağın 75 faizi məhz Azərbaycan neftçilərinin əməyi ilə təmin olunurdu. Neftçilər gecə-gündüz çalışaraq, müharibə iqtisadiyyatını ayaqda saxladılar. “Azneft” tresti, “Qara şəhər”, “Bibiheybət”, “Balaxanı” kimi sənaye bölgələri bu gün yalnız arxivlərdə deyil, qələbə tariximizin sinəsində yaşayır. Faşist Almaniyası "Barbarossa" planında Bakı neftini əsas hədəflərdən biri kimi göstərmişdi. Amma bu torpaq əyilmədi, bu neft düşmənə verilmədi. 1941–1945-ci illərdə SSRİ-də hasil olunan 110 milyon ton neftin 75 milyon tonu Azərbaycana məxsus idi. Bu göstərici sadəcə statistika deyil qələbənin mayasında Azərbaycanın imzasıdır.Görkəmli dövlət xadimi Nikolay Voznesenski yazırdı:“Sovet Bakısı arasıkəsilmədən cəbhəni və SSRİ xalq təsərrüfatını neft məhsulları ilə təmin edirdi və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi.”Bakı yalnız özü ilə kifayətlənmədi. SSRİ rəhbərliyi neft hasilatının şərqə  Volqa-Ural bölgəsinə keçirilməsini planlaşdıranda, Bakı neftçiləri yenə ön sırada oldular. “İkinci Bakı” adlandırılan bu yeni neft bölgələrinin qurulmasına minlərlə azərbaycanlı mühəndis və usta könüllü olaraq köçdü.Elm adamları da bu müharibənin görünməyən qəhrəmanları oldular. Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək oktanlı aviasiya benzini, toluol, alkilbenzol və digər mühüm hərbi məhsulların istehsalı mümkün oldu. Sovet Ordusunun texnikasının 75-80 faizi Azərbaycan nefti ilə hərəkətə gətirilirdi. Marşal Georgi Jukov bu həqiqəti belə ifadə edirdi:“Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizin müdafiəsi üçün nə qədər lazım idisə, o qədər də yanacaq vermişdilər.” Müharibədən onilliklər ötüb. Amma veteranlar bu unudulmaz günləri, o müqəddəs mübarizəni gənc nəslə danışmaqdan, yaşatmaqdan yorulmurlar. Onlar deyirlər: “Qələbə yalnız silahla deyil, ruhla qazanılır.” Qara Sarıyev və onun kimi igidlər bu ruhun daşıyıcıları oldular. Məktəblərdə keçirilən görüşlər, parklarda ucaldılan abidələr, hər il 9 May – Qələbə Günü ərəfəsində təşkil olunan tədbirlər bu qəhrəmanların adını yaşadır. Bu tarix yalnız keçmiş deyil, həm də bu günkü Azərbaycan Ordusunun ruh kökləridir. Qəhrəmanlar unudulmur onlar bizimlədir. Bu gün Qara Sarıyev kimi oğulların adları yaddaşlarda, tarix kitablarında, evlərin divarlarında asılmış medal qutularında yaşayır. Onlar bir millətin başıuca tarixi, şərəfli yoludur. Unudulmaz qəhrəmanlarımız Azərbaycanın dünəni, bu günü və sabahıdır. Və hər dəfə “Qələbə” sözünü işlətdikdə unutmayaq bu sözün içində Qara Sarıyev kimi igidlərin qanı, canı, ruhu var. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovni

Hamısını oxu
İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib. Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub. Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib. X X X Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir.

Hamısını oxu