Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentin köməkçisi KİV və QHT-lərlə görüşlərinin əsas məqsədlərini açıqlayıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb. Hacıyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri çox yüksək qiymətləndirir: “Prezidentin köməkçisi olaraq çox böyük şərəf hissi ilə mən də istər onlayn, istərsə də çap mediasının nümayəndələri ilə bu görüşləri keçirdik. Azərbaycan mediasının gələcəkdə daha da inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Düşünürük ki, məsuliyyətli və peşəkar medianın inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ona görə də media kapitanları ilə bu mövzuda operativ müzakirələrimiz oldu”. Azərbaycan Prezidentinin köməkçisi vətəndaş cəmiyyəti təsisatları ilə də fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb: “Dövlət başçısı hər bir ictimai çıxışında vətəndaş cəmiyyəti təsisatlarının ölkəmizin ictimai həyatında rolunun daha da artırılması, ictimai nəzarətin gücləndirilməsi kimi məsələləri qeyd edir. Bu xüsusda da biz müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərlə birinci  ictimai liderlər platformasında görüşdük. Daha sonra əlillər, şəhidlər, Qarabağ qaziləri ilə əlaqədar sahələrdə, o cümlədən beynəlxalq sahədə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşümüz oldu. Bu görüşdə də dövlətimizin QHT sektorundan fəal çalışması ilə bağlı gözləntilərini, vətəndaş cəmiyyəti təsisatlarının fikirlərini, rəylərini, onlar tərəfindən qaldırılan problemləri də dinlədik. Bu qəbildən olan dialoqlar dövlətimizin başçısı tərəfindən qoyulan tapşırıqlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısı Milli Məclisdə çıxışında da ictimai-siyasi münasibətlər kontekstində yeni bir konfiqurasiyanın yaradılmasını xüsusi qeyd edib. Bundan da çıxış edərək bizim media nümayəndələri və QHT təmsilçiləri ilə fikir mübadiləmiz olub. Bu, davamlı bir xarakter alacaq”. Hacıyev deyib ki, görüşlərdə media təmsilçiləri də qeyd edib ki, məsuliyyətli və peşəkar Azərbaycan jurnalistikasının ənənələrinin təkrarən qaytarılması, peşəkar və məsuliyyətli mediamızın daha da gücləndirilməsinə ehtiyac var: “Gərək bu istiqamətdə birgə səylərimizi dava etdirək”. Hacıyev QHT və media təmsilçiləri ilə görüşlərinin Azərbaycan Prezidentinin köməkçisi statusunda keçirildiyini söyləyib: “Prezidentin köməkçisi olmaq hər birimiz üçün böyük şərəf və etimaddır. Biz fəaliyyətimizdə də bu etimadı doğrultmağa çalışırıq. Ona görə də Prezidentin köməkçisi olaraq QHT və media mənsubları ilə bu görüşləri keçiririk. Bir amili də qeyd etmək istərdim. Uzun müddət media sahəsində fəaliyyət göstərmiş bir insan kimi mediaya qayğını çox yaxşı başa düşürəm. Mən media kapitanlarının hər biri ilə görüşdə bu məsələni – jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasını xüsusi olaraq qaldırıram. Mən redaktorlardan dostcasına da xahiş edirəm ki, jurnalistlərə qayğı və sosial dəstəyin daha da artırılması, onlara təlimlərin keçirilməsi məsələlərini diqqətdə saxlasınlar. Bu sahədə işlərimizi daha da artırmalıyıq”. Ramiz Mikayıloğlu  

2020-08-30 00:00:00
3548 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının üzvləri “Zəfər” ordenli şəhidin anım günündə iştirak ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar  Təşkilatının üzvləri tez-tez şəhid ailələrini ziyarət edir, qazilərin sağlamlıq durumu ilə maraqlanır, onlara diqqət və qayğı göstərirlər.  11 oktyabr 2023-cü il tarixində rayon təşkilatının üzvləri "Şərəf" ordenli şəhid Mahir Paşayevin anım günündə iştirak edib, şəhidin ailəsi ilə görüşüblər. Anım mərasimdə Əməkdar mədəniyyət işçisi Xeyrulla Şahbazlı,  "Gənc Qazilər" İctimai Birliyinin sədri Vüsal Muradzadə, şəhid ataları və ictimaiyyət nümayəndələri də olublar. Xadırladaq ki, şəhid Mahir Bəxtiyar oğlu Paşayev  rayonun İranla həmsərhəd kəndi olan Əsədlidə dünyaya göz açmışdı. Vətən sevdalısı olan igid kəşfiyyatçı Xüsusi Təyinatlı döyüş yoldaşları ilə birgə Hadrudun, Suqovuşanın, Kəlbəcərin  azad olunmasında böyük şücaət göstərmişdir.  O, kəşfiyyatçı  dəstə ilə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirərkən 2020- ci il oktyabrın 10-da  qəhrəmancasına həlak olmuş, şəhidlik məqamına ucalmışdır. Paşayev Mahir Bəxtiyar oğlu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə "Zəfər" ordeni və 8 döyüş medalı ilə təltif edilmişdir.

Hamısını oxu
Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində baş tutacaq yarışda 10-dan  çox ölkədən idmançıların iştirakı gözlənilir. Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ənənəvi “ARPACHAY OPEN” beynəlxalq karate yarışına hazırlıq işləri yüksək səviyyədə davam edir. Beynəlxalq turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə 30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində keçiriləcək.       Beynəlxalq karate turniri ilə bağlı fikirlərini bizimlə bölüşən Arpaçay İdman Birliyinin  birinci vitse-prezidenti, Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, beynəlxalq karate yarışına hazırlıq işləri artıq başa çatmaq üzrədir: “3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 30 yanvar 2026-cı il tarixində saat 17:00-da Sərhədçi İdman Mərkəzində olacaq. Karate idman növünün kata və kumite yarışlarında uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”. Y.Hüseynovun sözlərinə görə, XI “ARPACHAY OPEN” karate turnirində 10-dan çox xarici ölkədən, eyni zamanda paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1000-ə yaxın idmançının iştirakı gözlənilir.

Hamısını oxu
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm”

Cəlil Xəlilov: “İstəyirik ki, babalarının göstərdiyi qəhrəmanlqıları gənclərimiz Qarabağda təkrarlasın”   “Azərbaycanın Böyük Vətən müharibəsindəki iştirakını əks etdirən muzeyin yaradılmasına ehtiyac var”   “Media veteranlara, onlarla bağlı tədbirlərə həssas yanaşmalıdır”   Artıq uzun illərdir ki, Qarabağ konfliktinin həlli, işğal altındakı torpaqlarımızın azad edilməsi ölkəmizi düşündürən, onun qarşısında duran bir nömrəli problem olaraq qalmaqdadır. Problemin sülh yolu ilə həlli cəhdlərinin hələ də səmərə verməməsi, münaqişənin hərbi müstəvidə həll ehtimalını yüksəltməkdədir. Bu isə müharibə veteranlarını, onların döyüş təcrübəsini, hərbi bilik və bacarığını, həmçinin onların gənclərə təlqin etdiyi hərbi vətənpərvərlik sevgisini dövlətimizin və  xalqımızın maraqları baxımından ikiqat əhəmiyyət kəsb edir. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu və bu kimi məsələləri şərh etməyə, təşkilatın gördüyü və planlaşdırdığı işlərə nəzər salmağa çalışdıq.   -Cəlil müəllim, öncə Respublika Veteranlar Təşklatının 2018-ci ildə həyata keçirdiyi layihələrlə bağlı fikirlərinizi bilmək istərdik. Ötən ili təşkilatınızın fəaliyyəti baxımından nə dərəcədə uğurlu hesab edirsiniz?   Ötən il bir sıra tədbirlərlə əlamətdar olub. Biz 2018-ci ildə Ümummili liderimiz Heydər Əliyevin 95 illiyi,  Cümhuriyyətin və ordumuzun yaranmasının 100 illiyi ilə əlaqədar təşkilatımız tərəfindən bir sıra tədbirlər təşkil edilib. Ötən il təşkilatımızın 30 illiyini də yüksək səviyyədə keçirmişik. Bu tədbilərdə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib. Cümhuriyyətin 100 illiyi ilə bağlı Bakıda və regionlarda, qonşu ölkələrdə,  həmçinin ali və orta məktəblərdə gənclərlə görüşlər keçirmişik. Ordumuzun 100 illiyi ilə bağlı cəbhə bölgələrində olmuşuq, zabit və əsgərlərlə görüşmüşük. Yaxşı xidmət edən hərbi qulluqçuları təşkilatımızın təsis etdiyi medallarla, fəxri fərmanlarla, diplomlarla mükafatlandırmışıq. Həmçinin 100 illiklə əlaqədar təşkilatımız tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” adlı kitab nəşr olunub. Ümummilli liderimizin xalq qarşısındakı xidmətləri danılmazdır və biz bunun təbliğini də özümüzə borc bilirik. Onun istər sovet dönəmində, istərsə də müstəqillik dönəmində veteranlara göstərdiyi diqqət və qayğını heç kim unuda bilməz. Biz kimsəyə imkan vermərik ki, onun gördüyü işlərə kölgə salmağa cəhd etsin.   Prezident İlham Əliyevin də veteranlara qayğısı göz qabağındadır. Bizim təşkilatımız üçün yaradılan şərait də ölkə başçısının veteranlara olan qayğısının bariz nümunəsidir. 2015-ci ildə  ölkə başçısı I vitse-prezident Mehriban xanımla birlikdə təşkilatımızda olublar, veteranlarla görüşüblər, inzibati binanın açarını bizə təqdim ediblər və veteranların burada çalışması, tədbirlər keçirməsi, qonaqlar qəbul etməsi üçün şərait yaradıblar. Veteranlarımız da bu diqqətin  müqabilində Vətən və xalq qarşısındakı borclarını layiqincə yerinə yetirməyə çalışırlar. Onlar hərbi təcrübələrini, hərbi biliklərini gənclərlə bölüşməyi özlərinin əsas işi hesab edirlər. Çalışırlar ki, tez-tez cəbhə bölgəsində olsunlar, əsgər və zabitlərlə görüşsünlər. Orta və ali məktəblərdə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi işi təşkilatımızın həyata keçirdiyi əsas istiqamətlərdən biridir. Təhsil Nazirliyi, Müdafiə Nazirıliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi, həmçinin digər qoşun növləri ilə işgüzar əlaqələrimiz qurulub.      -Respublika Veteranlar Təşkilatı xaricdəki veteran təşkilatlari ilə də əməkdaşlıq edirmi?   -Dünyanın 34 ölkəsinin Veteran Təşkilatları ilə əlaqə yaratmışıq. Ötən il Bakıda 24 ölkənin nümayəndəsinin iştirak etdiyi “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda keçirilən beynəlxalq konfransda Dünya Veteranlar Federasiyasının sədri Dan-Viggo Bergtun qonağımız oldu. O, qayıdandan sonra prezidentimizə təşəkkür məktubu göndərdi. O, məktubunda qeyd etmişdi ki, Azərbaycanın veteranlar təşkilatını dünya veteranları təşkilatlarına nümunə göstərmək olar. Biz əməkdaşlıq etdiyimz təşkilatlar qarşısında tez-tez Qarabağ məsələsini qaldırır, onları Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə səsləyirik.   -Dünya Veteranlar Federasiyası da Qarabağ problemi haqqında məlumatlandırılıbmı?   -Əlbəttə ki, məlumatlandırılıb. Biz Dünya Veteranlar Federasiyasına Qarabağ məsələsi ilə bağlı  geniş məlumatlar verdik. Rəyasət Heyəti adından dünya veteranlarına bəyanat qəbul edildi. Bəyanatda dünya veteranlarının Qarabağ məsələsindəki biganəliyi qınanıldı, bundan duyduğumuz təəssüf öz əksini tapdı. Bu məsələ 16-18 fevral tarixində Fransada Dünya Veteranlar Federasiyasının 29-cu Baş Assambleyasında müzakirəyə çıxarılacaq. Məni də bu tədbirdə iştiraka dəvət ediblər. Lakin maddi durumumuz bizim orada iştirakımıza imkan vermir və bu səbəbdən də Xarici İşlər Nazirliyinə ünvanladığımız məktub əsasında həmin tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələrinin iştirakını xahiş etmişik.   -Cəlil müəllim, Azərbaycan ordusu təkmiləşməkdə, öz müdafiə qüdrətini artırmaqda davam edir. Sizcə ölkəmizin artan gücü Ermənistanı sülhə vadar edə, onu işğal etdiyi torpaqları müharibəsiz azad etməyə vadar edə bilərmi?   -Azərbaycanın hərbi gücünün günbəgün artdığı, ordumuzun hərbi-texniki imkanları yüksək səviyyədə olduğu kimsəyə sirr deyil. Məhz Azərbaycanın artan hərbi gücü Ermənistanı sülhə vadar etmək baxımından ən mühüm, ən  həlledici amildir. Ermənistan gec-tez Qarabağ problemini sülh yolu ilə həll etməyə məcbur olacaq. Çünki onun başqa yolu yoxdur. Ermənistan kimi ikinci bir ölkə yoxdur ki, öz xalqına bu qədər zülm etsin, iqtisadi blokadada saxlasın. Çünki Azərbaycan sülhpərvər dövlətdir. Əgər Ermənistan problemin sülh yolu ilə həllinə tərəfdar olmasa, yenə öz işğalçılıq mövqeyində təkid etsə, o zaman Azərbaycan məcburdur ki, problemi hərbi müstəvidə həll etsin. Sovet İttifaqının, ümumiyyətlə mütərəqqi dünyanın faşizmə qalib gəlməsində Azərbaycanın xüsusi rolu və xidmətləri mövcuddur. Bu gün biz erməni faşizmi ilə üzbəüzük. Biz erməni faşizminə də qalib gələcəyik. Lakin bu məsələdə dünya birliyi, aparıcı ölkələr, beynəlxalq təşkilatlar da aktiv olmalı, işğalçıya təzyiq göstərməlidir. Bizim xüsusilə Rusiyadan böyük gözləntilərimiz var. Rusiya Azərbaycana dost olan, qonşu olan böyük bir dövlət kimi Qarabağ məsələsində ədalətli mövqe ortaya qoymalı, Ermənistana təzyiq göstərməlidir ki, Ermənistan heç bir şərt qoymadan işğal altındakı Azərbaycan torpaqlarını azad etsin.   -Respublika Veteranlar Təşkilatı olaraq gələcəklə bağlı planlarınız nədən ibarətdir?   -Gələcək planlarımız genişdir. Bildiyiniz kimi Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb. Bununla bağlı   məktəblərdə müxtəlif tədbirlər, o cümlədən fevral ayının 22-də veteranlarımızın iştirakı ilə Caspian Təhsil Mərkəzində Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək. Keçirilən tədbirlərdə məqsədimiz odur ki, gənclərimiz ölkəmizin güclənməsinə, inkişafına öz təhfələrini versinlər, ölkənin iqtisadi həyatına yeniliklər gətirsinlər. Bizim həm İkinci Dünya müharibəsində, həm Qarabağ müharibəsində, həm də Əfqanıstan müharibəsində böyük igidliklər göstərən hərbçilərimiz olub. Biz onların təbliğatını da həyata keçiririk. Bu qəhrəmanlarımız haqqında filmlərin çəkilməsində, kitabların yazılmasında, onların tanıdılmasında Respublika Veteranlar Təşkilatının mühüm rolu var.   -Gələn il İkinci Dünya Müharibəsinin başa çatmasının 75 illiyi qeyd olunacaq. 75 illiklə bağlı hansı təklif və planlarınız mövcuddur?   -Azərbaycan vətəndaşlarının Böyük Vətən Müharibəsindəki xidmətləri ilə bağlı çoxlu kitablar, filmlər var. Lakin bunlar müasir tələblər səviyyəsində deyil. Bu materialları müasirləşdirmək, onların elektron versiyalarını hazırlamaq, daha geniş filmlər, daha ətraflı kitablar yazmaq lazımdır. Azərbaycanın faşizm üzərindəki qələbədəki rolunun dünya ictimaiyyətinə daha ətraflı və daha geniş şəkildə çatdırılmasına nail olmalıyıq. Bizim bir çox insanlarımız var ki, onlar bu müharibədə iştirak ediblər və onların taleyi hələ də məlum deyil. Bu insanların harada, hansı şəraitdə həlak olması ilə bağlı məlumat yoxdur. Biz bu insanlarımızın taleyinə aydınlıq gətirmək üçün bir sıra ölkələrlə yazışmalar aparırıq. Rusiya, Ukrayna, Belarus və Avropa ölkələrinin arxiv idarələri, dövlət orqanları ilə bu yöndə iş aparırıq və sevindiricidir ki, bununla bağlı nailiyyətlərimiz var. Biz Ukraynada 309 nəfər vətəndaşımızı tapmışıq. Hansı ki, onlar haqqında əvvəllər məlumat olmayıb. 206 nəfər vətəndaşımızı isə Moldovada tapmışıq. 24 nəfər soydaşımızın isə Rusiyada, Moskva yaxınlığındakı döyüşlərdə həlak olduğunu müəyyənləşdirdik. İtaliyanın partizan hərəkatında iştirak edən bəzi azərbaycanlıların həlak olması ilə bağlı məlumatlar əldə etdik. Onlara xatirə lövhəsinin qoyulmasına nail olduq. Moldovada, Kişinyov şəhərində parkın salınmasına, həlak olan azərbaycanlılarla bağlı abidənin qoyulmasına nail olduq. Kerçdə, Volqoqradda, Sloveniyada bunlar mövcuddur. Bu məlumatların əldə edilməsi və orada döyüşən soydaşlarımızın xatirəsinə abidələrin, xatirə lövhələrinin yardılmasının digər bir əhəmiyyəti də var. Həmin ölkələrdə bu gün də azərbaycanlılar yaşayır. Onlar fəxrlə deyə bilirlər ki, bu ölkənin, bu rayonun, bu şəhərin azad olunmasında Azərbaycan xalqının, Azərbaycan oğullarının rolu olub. Bu ərazilərin azad edilməsində onların babaları yaxından iştirak edib. İstəyirik ki, Avropa da, dünya ictimaiyyəti də bilsin ki, bu qələbənin qazanılmasında Azərbaycan xalqının xüsusi rolu olub. Böyük Vətən Müharibəsi zamanı Azərbaycanda 123 növdə silah-sursat istehsal olunub. Məşhur “Katyuşa” silahı ölkəmizdə hazırlanıb. 28 hərbi hospital ölkəmizdə fəaliyyət göstərib. Hansı ki, bu hospitallarda sovet döyüşçüləri müalicə alıb, onların xeyli hissəsi yenidən ön xətdə, müharibə meydanına qayıdıb. İnsanlarımız evlərinin əşyalarını satıb həmin vəsaiti cəbhəyə göndəriblər. Bunları unutmaq olmaz. İstəyirik ki, babalarının göstərdikləri bu qəhrəmanlqıları gənclərimiz Qarabağda təkrarlasın.   -Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakı və göstərdiyi qəhrəmanlıqların təbliği, əbədiləşdirilməsi baxımından daha hansı addımalrın atılmasını vacib hesab edirsiniz?   -İstərdik ki, Böyük Vətən müharibəsinə həsr edilmiş muzey olsun. Biz xaricdən gələn qonaqlarımıza, eləcə də gənclərimizə Azərbaycanın Böyük Vətən müharibəsində necə iştirak etdiyini göstərək. Biz bu muzeyin Böyük Vətən müharibəsinin 75 illiyində açılışına nail olmaq istəyirik. Əlaqədar dövlət qurumlarına bununla bağlı müraciət etmək niyyətindəyik. Nə qədər ki, bu müharibənin bəzi iştirakçıları sağdır, nə qədər ki, əlimizdə müəyyən imkanlar var, biz bu muzeyi yaratmalı, müəyyən materialların qorunmasına, gələcək nəsillər üçün saxlanılmasına nail olmalıyıq. Xatırladım ki, Böyük Vətən müharibəsinin iştirakçısı olan soydaşlarımızdan 400 nəfər hələ də sağdır. Onların 8-i 100 yaşını keçib. Bunu da qeyd edim ki, Qələbə Günü 90-cı illərin əvvəlində bayram günü kimi qeyd edilmirdi. Bu bayram gününün bərpa edilməsi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin səyi nəticəsində Qələbə Günü bərpa edildi və hər il yüksək səviyyədə qeyd edilir. Şəxsən hər il prezident İlham Əliyev, Mehriban xanım Əliyeva onlarla görüşür, təbrik edir. Veteranlar xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Təşkilatımız da hər il Qələbə Gününü yüksək səviyyədə qeyd edir. Burada müharibə iştirakçıları və azyaşlıların iştirakı ilə tədbir keçirilir. Veteranlar uşaqlarla öz döyüş xatirələrini bölüşür. Uşaqlar isə şeirlərlə, nəğmələrlə çıxış edir, tarix haqqında bu hadisələrin iştirakçılarından məlumat alırlar. Bunun özü də tarixin yaşadılması və xatırlanmasıdır.   -Cəlil müəllim, sizcə hərbi vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, bu sahədə atılan addımların ictimaiyyətin diqqətinə çatdırılmasında medianın, televizyaların üzərinə hansı məsuliyyət düşür? Sizcə media bu müstəvidə görülən işlərin işıqlandırlmasına daha çox diqqət göstərməlidirmi?   -Əfsuslar olsun ki, bu problemə hamı eyni gözlə baxmır, eyni qayğı göstərmir. Bəzi mətbuat orqanları veteranların keçirdiyi tədirlərə barmaqarası baxır. Bura bəzi televiziyalar da daxildir. Mən onların adını çəkmək istəmirəm. Amma onların münasibəti arzuedilən deyil. Biz tədbirlərlə bağlı televiziylara məktublar göndəririk, xahiş edirik ki, keçirdiyimiz konfrans və ya yubileylərdə iştirak etsinlər. Halbuki, bu tədbirlərdə iştirak onların bir nömrəli işi olmalıdır. Axı veteranı dinləməyib kimi dinləyəcəklər? Bir veteranın sözünü, düşüncəsini ictimaiyyətə, gənclərə çatdırmamaq nə deməkdir? Biz veteranlarımıza, döyüşən insanlarımıza hər zaman hörmətlə yanaşmalıyıq. Onların sözünün ictiamiyyətə çatdırılması mətbuatın əsas vəzifələrindən biri olmalıdır. Əfsuslar olsun ki, bəzi televizyalarımız şouya daha çox maraq göstərir, veteranlarla bağlı məsələləri unudurlar. Bu, yolverilməzdir. Bizim qarşımızda Qarabağ kimi problem var. Biz onun həllinə nail olmaq üçün veteranlarımızın, gənclərimizin gücündən, sözün gücündən istifadə edərək qələbə qazanmaqda ölkə başçımıza dayaq olmalı, kömək olmalıyıq. Bu, hər birimizin müqəddəs vəzifəsidir.   Seymur ƏLİYEV

Hamısını oxu
2030-cu ilədək müharibə əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər 2030-cu ilədək davam etdiriləcək. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli idisə, artıq bu müddət 2026–2030-cu illəri də əhatə edəcək. Beləliklə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri bu müddət ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin bu illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.

Hamısını oxu