Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni Azərbaycan Partiyası beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Yeni Azərbaycan Partiyası (YAP) Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar və Livandan erməni ailələrinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına köçürülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. AZƏRTAC YAP-ın saytına istinadla müraciətin mətnini təqdim edir. Təxminən otuz ildir ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini - Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal altında saxlamaqdadır. Hərbi təcavüz siyasətinin davamı olaraq, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş mövqeyini ələ keçirmək üçün 2020-ci il iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca artilleriya və minaatanlardan istifadə etməklə silahlı təxribatlar həyata keçirib. Döyüşlər zamanı Ermənistan hərbi qüvvələri Azərbaycanın Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli və Əlibəyli kəndlərini də atəşə tutaraq qəsdən mülki obyektləri hədəf alıb. Nəticədə, aralarında yüksək rütbəli hərbçilər də olmaqla, 12 azərbaycanlı hərbçi, eləcə də 76 yaşlı bir mülki şəxs qətlə yetirilib, çoxsaylı yaralananlar olub, fərdi evlər və xəstəxanalar da daxil olmaqla, mülki obyektlərə ciddi ziyan dəyib. Bu arada, dərin narahatlıqla o da qeyd edilməlidir ki, həmin günlərdə radikal erməni qrupları Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatına etiraz edən xaricdəki Azərbaycan icmalarının üzvlərinə, dinc azərbaycanlı nümayişçilərə, habelə respublikamızın bir neçə xarici ölkədəki diplomatik nümayəndəliklərinə qarşı zorakı əməllər törədiblər. Son erməni təxribatı işğal altındakı Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın ətraf rayonları ilə əlaqəli olmayan ərazidə, Cənub Qaz Dəhlizi də daxil olmaqla strateji regional enerji boru kəmərləri və nəqliyyat infrastrukturunun və Bakı-Tbilisi-Qars dəmir yolunun yaxınlığında törədilib. Ermənistan, həmçinin açıq şəkildə qarşıdurmanın əhatəsini genişləndirməyə və həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsini yeni səviyyəyə qaldırmağa çalışıb. Bu məqsədlə toqquşmalardan dərhal sonra Yerevan üzvü olduğu hərbi-siyasi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. İyulun ortalarındakı gərgin döyüşlərdən sonra Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədindəki vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan ordusu Azərbaycan tərəfinə atəş açmaqda və vəziyyəti ağırlaşdıra biləcək təxribat xarakterli əməllər törətməkdə davam edir. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupu Azərbaycanın Goranboy rayonu istiqamətində təxribat törətməyə çalışarkən həmin dəstənin komandiri Azərbaycan Ordusu tərəfindən ələ keçirilib. Yerevan beynəlxalq öhdəliklərini açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması üçün hər fürsətdən istifadə edir. Ermənistan rəhbərliyi bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün bir fürsət kimi qiymətləndirib. Beləliklə, işğal olunmuş Azərbaycan ərazilərində qurulmuş separatçı rejimin lideri Livandan olan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib və Ermənistanın İctimai Radiosunun yaydığı xəbərə görə, artıq bir neçə livanlı erməni ailəsi bölgədə yerləşdirilib. Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da əksini tapıb. Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın bu məsuliyyətsiz davranışını qınamağa və bu ölkə rəhbərliyindən dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərərək, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı dörd qətnaməsini icra etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün xoşniyyətli danışıqlar aparmasını tələb etməyə çağırır. Azərbaycan münaqişənin bu çərçivədən kənar heç bir siyasi həll yolunu qəbul etmir və məhz bu anlayışa əsaslanaraq nizamlama prosesində iştirak edir. Buna görə də beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycana qarşı təcavüz əməllərinə görə qınaması son dərəcə vacibdir. Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkarlıq və işğal siyasətini qətiyyətlə pisləməyincə və bu ölkənin təhlükəli qanunsuz hərəkətlərinə qarşı sərt tədbirlər görməyincə, bütün bölgə davamlı olaraq dağıdıcı silahlı qarşıdurmalara sürüklənmə riski ilə qarşılaşacaq”.

2020-09-01 00:00:00
3248 baxış

Digər xəbərlər

67 yaşlı mübariz döyüşçünün döyüş yolları

Elşad Şabanov iki müharibənin – Qarabağ və Əfqanıstan müharibəsinin veteranıdır. Müharibə təlatüm, dağıntı, faciədir. Müharibə edən hər iki tərəf ağır itkilər verir. Belə müharibələr  insanlara heç vaxt xoşbəxtlik gətirməyib. Ağır müharibələrdən biri də 1979-cu ildə Əfqanıstan Respublikasında baş verib. Ağır vəziyyətdə qalan Əfqanıstan rəhbərliyi məcburən keçmiş SSRİ-yə müraciət edərək, Beynəlmiləl-qardaşlıq köməyi istəyib. Bu səbəblə də 1979-cu il 25 dekabrda Sovet Ordusunun əsgərləri Əfqanıstana daxil oldu. Bu döyüşçülər içərisində mübariz, cəsur, qorxmaz, Azərbaycan oğlu Elşad Şabanov da olub. Onun keçdiyi döyüş yolları ilə oxucuları da tanış etmək istərdik.          Xatırladaq ki, Elşad Şabanov 1952-ci ildə Azərbaycan Respublikasının Qax rayonunda anadan olub və orta məktəbi qızıl medalla bitirib. Elşad ilk ali təhsilini M.F.Axundov adına ADPİ-nin rus dili və ədəbiyyatı fakültəsində alıb. Sonra Ukraynada Sovet ordusu sıralarında xidmət edib. 1978-ci ildə SSRİ DTK-nın ali məktəbini bitirdikdən sonra respublikanın Qəbələ rayon şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. Xidməti zamanı göstərdiyi yüksək uğurlara görə, 1983-cü ildə SSRİ DTK-nın Baş Kəşfiyyat İdarəsinin nəzdindəki iki il xarici dil təmayüllü xüsusi ali kurslarına göndərilib. O, 1985-ci ildə həmin kursları müvəffəqiyyətlə başa vurduqdan sonra SSRİ DTK-nın müşaviri kimi Əfqanıstanın Xüsusi Xidmət Orqanlarının silahlı müxalifətə, banditizmə və terrorçuluğa qarşı apardığı xüsusi döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub.          Həmin əməliyyatlarda Elşad Şabanov yaralanıb. Kabul şəhərində hospitalda müalicə olunduqdan sonra Əfqanıstanın cənubuna, Pakistan yaxınlığındakı Zabul vilayətinə göndərilib. Döyüşlərdə xüsusi əməliyyatlara rəhbərlik edərək Sovet Ordusu xüsusi təyinatlıları ilə birlikdə Pakistandan Əfqanıstan ərazisində müqavimət göstərən terrorçu qüvvələrə və silahlı müxalifətçilərə hərbi yük daşıyan maşın karvanlarının məhv edilməsində fəal iştirak edərək həmin əməliyyatların təşkilatçısı və rəhbərlərindən biri olub.          O, Əfqanıstan Xüsusi Xidmət Orqanlarının Pakistan ərazisində yerləşən terrorçu, bandit hazırlıq düşərgələrində onlara qarşı keçirdikləri “kəskin”, xüsusi döyüş əməliyyatlarına rəhbərlik edib.          Həmin əməliyyatlarda mücahidlərin Pakistan ərazisindən Əfqanıstana keçirmək istədikləri maşın karvanı məhv edilərək ABŞ-ın istehsalı olan “Sfinger” tipli raket kompleksi və digər silah növlərini ələ keçirib. Həmin ilin avqust ayında döyüş əməliyyatları zamanı mübariz döyüşçü Elşad minaya düşür və ikinci dəfə yaralanır.          Əfqanıstandan qayıtdıqdan sonra, 1987-90-cı illərdə Azərbaycan DTK-nın Xaçmaz rayon şöbəsinin, 1990-91-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon şöbələrinin rəisi işləyib. DTK-MTN-nin Mərkəzi Aparatında rəhbər vəzifələrdə çalışıb. Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Təyinatlı dəstəsinin yaradıcılarından biri kimi Qarabağ uğrunda gedən qanlı döyüşlərdə, cəbhə bölgəsində xüsusi əməliyyatların təşkilatçısı və rəhbəri olub. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra iyul ayından Milli Təhlükəsizlik Nazirinin xüsusi tapşırıqlar və hərbi məsələlər üzrə köməkçisi olub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, Azərbaycan dövlətçiliyi uğrunda Ulu Öndərin apardığı mübarizənin fəal iştirakçılarından biridir. 1997-ci ilin may ayında ehtiyata göndərilib. Ehtiyatda olan Elşad Şabanov polkovnikdir. Vətən Təhlükəsizlik orqanları qarşısındakı xidmətlərinə görə E.Şabanov “SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri Əməkdaşı” döş nişanı və SSRİ-nin “Qırmızı Ulduz” ordenləri, “İgidliyə görə” medalları, SSRİ-nin “Döyüş xidmətinə görə” medalı, “SSRİ Ali Sovetinin Fəxri fərmanı”, “Beynəlmiləlçi döyüşçüyə, igidliyə və hərbi rəşadətə görə” medalı, “Qədirbilən əfqan xalqından” medalı, “Qüsursuz xidmətlərinə görə” medalı, Rusiya Federasiyasının “Əfqanıstan Müharibəsinin veteranı” və “Döyüş xidmətlərinə görə” ordenləri, “Za mujestva i otvaqu” medalı, “Pənşir əməliyyatına görə”, “Məhəlli münaqişələrin iştirakçısına”, “Xüsusi təyinatdakı xidmətinə görə”, “Əfqanıstan Demokratik Respublikasında beynəlmiləl borcunu ləyaqətlə yerinə yetirdiyinə görə” medalları, Əfqanıstan Respublikasının “Hərbi Şöhrət” ordeni, “İgidliyə görə” medalları, Müstəqil Dövlətlər Birliyinin təsis etdiyi “Döyüş əməliyyatları Veteranı” medalı və digər döyüş və yubiley medalları ilə təltif olunub. İradəli və mübariz döyüşçü, iki müharibə veteranı olan Elşad Şabanov bu gün respublikada keçirilən tədbirlərdə fəal iştirak edir. O, gənclərə öz döyüş yolu və göstərdiyi igidlikdən danışır və onlara Vətəni göz-bəbəyi kimi qorumağı məsləhət görür.    İyun ayının 17-sində qəhrəman vətən oğlu Elşad Şabanovun 67 yaşı tamam olub. Elşad müəllimi Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və veteranlarımız adından təbrik edir, ona can sağlığı arzulayırıq.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandana ünvanladğı müraciət president.az saytında yayımlanıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandana ünvanladığı müraciət Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi olan president.az saytında yayımlanıb. Veteran.gov.az həmin məlumatın linkini oxuculara təqdim edir. https://president.az/az/articles/view/72888 Seymur ƏLİYEV  

Hamısını oxu
“ Zəfər bayramı” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin əməkdaşları -  Nəbi Hacıyev və Osman Məhərrəmov 4 noyabr  2023-ci ildə Bakı şəhəri Binəqədi rayonunda  tədbir təşkil ediblər. Tədbir 99 saylı tam orta məktəbdə  baş tutub.       “8 Noyabr   Zəfər bayramı” ”adlı tədbirdə Binəqədi rayon VT-nın sədri Teyyub Həsənov, Ağsaqqallar Şurasının sədri Akif  Rəfiyev, şəhid anası Əliyeva Səfayə, məktəbin direktoru Ofelya Məmmədova, şagird və müəllim kollektivi iştirak etdilər. Tədbiri məktəbin direktoru Ofelya Məmmədova açdı. O,qonaqları tədbir iştirakçılarına  təqdim etdi. Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, istər İkinci Qarabağ müharibəsi, istərsə də, lokal antiterror tədbirləri zamanı ordumuz mənfur düşmənə layiqli cavab verdi və bütün dünyaya xalqımızın birgə bərabər olduğunu bir daha sübut etdi: “Bu qələbəmizi şəhdlərimizə, qazilərimizə borcluyuq. Biz orta və yaşlı nəslin nümayəndələri hər zaman çalışırıq ki,keçmişdə buraxılan səhvləri siz buraxmayasız. Heç kəs bilmir ki,bu gün parta arxasında oturan bir şagird gələcəkdə dövlətimizin inkişafında hansı töhfələri verəcək. Əsas vətəni sevmək, qorumaq lazımdır.  Bunun  üçün yaxşı oxumaq və  müəllimlərin verdikləri bütün tapşırıqlaıı yerinə yetirrmək vacibdir. Çıxışımın sonunda torpaqlarımızı düşmən tapdağından təmizləyən və bu yolda  şəhid olanlara Allahdan rəhmət, qazilərə cansağlığı, sizlərə təhsilinizdə uğurlar arzulayıram”. Daha sonra Akif  Rəfiyev çıxış etdi. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Prezident: “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur”

“Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir”.  Bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib. “Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır”, - o qeyd edib.

Hamısını oxu