Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev bütün dünyaya göstərdi

Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən söylədiyi fikirlərlə Azərbaycan-Türkiyə münasibətlərinin həqiqətən də qardaşlıq münasibətləri olduğunu bir daha sübut etdi. Dövlət başçısının bu sözləri hər bir türk tərəfindən böyük rəğbətlə qarşılandı. Axar.az xəbər verir ki, bu fikirləri “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib. Göstərdiyi qətiyyətli mövqeyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Akkan Suver deyib: “Azərbaycan Prezidenti ölkəmizə və millətimizə dəstəyini göstərməklə bərabər bütün dünyaya göstərdi ki, Türkiyə yalnız deyil. Ermənistan, Yunanıstan və Kipr arasındakı üçtərəfli hərbi əməkdaşlığa toxunan dövlət başçısı bu əməkdaşlığın narahatdoğurucu məqamlarını diqqətə çatdırdı, bunun Azərbaycan üçün təhdid törətdiyini vurğuladı. Bütün dünya Ermənistanın işğalçı dövlət olduğunu bilir. İşğalçı dövlətlə əməkdaşlıq təcavüzkar tərəfə dəstək vermək deməkdir”. Türkiyə-Azərbaycan münasibətlərinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf etdiyini vurğulayan professor fikirlərini belə tamamlayıb: “Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi uğurlar Türkiyənin qürur mənbəyidir. Fəxr edirik ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənir və müstəqil siyasət yürüdür. Prezident İlham Əliyevin hər fürsətdə Türkiyəni dəstəkləməsi bizə ayrıca qürur hissi yaşadır. Azərbaycan və Türkiyə hər zaman tərəddüdsüz bir-birinin yanında olub və bundan sonra da olacaq. Bizim qardaşlığımız əbədidir”.

2020-09-03 00:00:00
2931 baxış

Digər xəbərlər

“Rusiyada soydaşımızın ölümünə səbəb olan polis əməkdaşı haqqında ədalətli qərarın çıxarılması vacibdir”

Cəlil Xəlilov: “Vətəndaşa qarşı heç bir əsas olmadan silah tətbiq edən şəxsin həbsdən azad edilməsi hüquqi və məntiqi baxımdan anlaşılmazdır”   Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullayevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub. Qeyd edək ki, yol polisinin atəş açması nəticəsində yaralanan V.Abdullayev xəstəxanada vəfat edib.   Soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının azadlığa buraxılması  həm Rusiyadakı soydaşlarımız, həm də Azərbaycan ictimaiyyəti arasında ciddi narazılığına səbəb olub.   Bununla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının ədalətli şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib:   “Təbii ki, Rusiyada yol polisinin soydaşımıza odlu silahdan atəş açması və daha sonra  İstintaq Komitəsinin tələbi ilə həbsdən azad edilməsi təəssüfedici haldır və ictimaiyyətdə haqlı narazılıq doğurmaqdadır. Silahsız vətəndaşa qarşı polis əməkdaşı tərəfindən silah tətbiqinin özü ciddi qanun pozuntusudur və dünyanın bütün ölkələrində hüquq-mühafizə orqanı əməkdaşları üçün məsuliyyət doğuran hal sayılır. Belə bir əmələ yol verən yol polisinin daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri tərəfəndən həbsdən azad edilməsi isə məntiqi və hüquqi baxımdan anlaşılmazdır.   Rusiya Azərbaycanın şimal qonşusudur və onunla ölkəmiz arasında sıx dostluq münasibətləri, strateji əməkdaşlıq mövcuddur. Bizim Rusiyada milyonlarla soydaşımız yaşayır. Rusiya ilə Azərbaycan arasında geniş iqtisadi-ticari, mədəni-siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya hərbçiləri Qarabağda sülhyaratma missiyasında yaxından iştirak edir. Dövlətimizin hər zaman Rusiya ilə dostluğa və əməkdaşlığa xüsusi diqqət yetirib və bu gün də yetirməkdədir. Belə olan halda soydaşımıza heç bir zərurət olmadığı halda odlu  silahdan atəş açan yol polisi əməkdaşının həbsdən azad edilməsi soydaşlarımız arasında Rusiya hüquq-mühafizə orqanlarının ədalətinə inamsızlıq yaradır ki, bu da hər şeydən öncə Rusiyanın özü üçün arzuedilməzdir. Rusiyanın əlaqədar güc orqanları məlum hadisəni obyektiv şəkildə araşdırmalı, soyadaşımızın ölümünə səbəb olan polis əməkdaşına ədalətli cəza verməklə bu ölkədə milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquqlarının qanunla qorunduğunu əməi şəkildə sübut etməlidir.   Onu da qeyd edək ki, Respublika Veteranlar Təşkilatı olaraq İkinci Dünya Müharibəsi iştirakçısı olan 25-ə qədər veteranımız adından Rusiya Federasiyasının prezidentinə, o cümlədən bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmişik. Ümid edirəm ki, bizim müraciətimizə həssaslıqla yanaşılacaq və soydaşımızın ölümünə səbəb olan yol polisi əməkdaşı haqqında ədalətli qərar çıxarılacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamları veteranlar tərəfindən də rəğbətlə qarşılanıb

Bakı, 23 yanvar, AZƏRTAC Əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” imzaladığı sərəncamlar ölkə veteranları tərəfindən də rəğbətlə qarşılanıb. Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranları məmnun edən başlıca cəhət əhalinin, xüsusilə onun aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyac duyan hissəsi sayılan pensiyaçıların rifah halının ilbəil yüksəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olmasıdır. Bu baxımdan son qərarlar ümumən ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Təşkilata müraciət edən ölkə veteranları Prezident İlham Əliyevin bu humanist addımını yüksək qiymətləndirir, onun əmək pensiyası alan veteranların maddi durumuna müsbət təsir göstərəcəyini xüsusilə vurğulayırlar. Veteranlar, həmçinin bildirirlər ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı insanların, eləcə də aztəminatlı ailələrin sosial problemlərinin həllinə daim qayğı və diqqətlə yanaşmasının növbəti təzahürüdür. Veteranlar Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin diqqətdə saxlanacağına əminliklərini ifadə ediblər

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yeni Günəşlidə “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.   Azərtac xəbər verir ki, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.   Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub.   İndi isə məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir.   Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.   Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.   Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.   Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir.  

Hamısını oxu
“Qarabağ Gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun!

26 iyun 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konserti keçiriləcək. Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə iştirak edəcəklər. Opera janrında təqdim olunacaq konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq. Məlumat üçün bildirək ki, konsertin biletləri artıq satışa çıxarılıb. Biletləri iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür. Bilet əldə etmək, eyni zamanda konsertin proqramı ilə tanış olmaq üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert010/157313 Xatırladaq ki, bu günə qədər ikisi Bakıda (2022 və 2024), biri Gəncədə (2023), biri isə Şuşada (2024) olmaqla 4 analoji konsert təşkil olunub. Konsertlərdən əldə edilən 400 min AZN-ə yaxın vəsait işğaldan azad edilən ərazilərdə mədəniyyət obyektlərinin, o cümlədən Ağdamda yerləşən Pənahəli xanın İmarət Kompleksinin bərpasına və yenidən qurulmasına, eyni zamanda Şuşa şəhəri üçün “Yamaha” istehsalı olan böyük konsert royalının alınmasına yönəldilib. Builki konsertdən əldə ediləcək bütün vəsait isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək. Əziz həmvətənlərimiz, bu günə qədər bir çox insan bilet əldə edərək işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə öz töhfəsini verib. Sizi də doğma Qarabağın bərpasını dəstəkləmək üçün “Qarabağ Gecəsi” xeyriyyə konsertinə bilet əldə etməyə və bu möhtəşəm klassik musiqi axşamının iştirakçılarından biri olmağa dəvət edirik. Gəlin bir daha həmrəylik göstərək və sənətin gücü ilə Qarabağın dirçəlişinə bir addım da yaxın olaq. Unutmayın ki, hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir. Həmrəy olaq, doğma Qarabağı birlikdə daha gözəl bərpa edək!

Hamısını oxu