Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban Əliyevadan Milli Musiqi Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib.  O, fikirlərini rəsmi “Instagram” hesabında bölüşüb:   “Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!” 

2020-09-18 00:00:00
3681 baxış

Digər xəbərlər

Yaralı hərbçilərimiz Tovuzdakı təxribatdan danışdı

İyul ayının 12-də Ermənistanın hərbi birləşmələri Azərbaycanın dövlət sərhədini pozaraq Tovuz rayonu istiqamətindən irimiqyaslı təxribat törətmək istədi. Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə aldı. Düşmənin neçə-neçə dayaq məntəqəsi dağıdıldı, neçə-neçə döyüş texnikası sıradan çıxarıldı, onlarla hərbçisi məhv edildi. Döyüşdə Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə ciddi ədalətli münasibət bildirmədiyini bir daha xatırlatdı. Bu xatırlatma Azərbaycan əsgərinin qüdrətinə inam idi. Axar.az xəbər verir ki, düşmənin törətdiyi təxribatın qarşısını alarkən yaralanan Azərbaycan Ordusunun qəhrəman hərbçiləri hadisənin necə baş verdiyini danışıblar. Baş leytenant Tusi Əliyev: - Artıq neçə gündür Tovuz rayonunun Ağdam kəndi istiqamətində kəskin döyüşlər, əsasən də artilleriya döyüşləri gedir. Döyüşlər zamanı top mərmisinin partlaması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafayev şəhid oldu. Atalarımız "Torpaq uğrunda ölən varsa, Vətəndir" deyiblər. Müharibə itkisiz olmur. Qarabağ uğrunda mübarizədə 1992-ci ildən bu günə kimi minlərlə şəhidimiz olub. Elçin də həmin müqəddəs məqama qovuşdu. Hamımızın onların ruhu və anaları qarşısında borcumuz var. Yaralanmağıma baxmayaraq, şəhidimizin təhlükəsiz mövqeyə təxliyə edilməsinə yardım etdim. Hesab edirəm ki, döyüş meydanında bu gün mənə ehtiyac var. Tez sağalıb döyüş yoldaşlarımın yanına qayıtmağa tələsirəm.Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi Vətənimə, xalqıma, dövlətimə, Azərbaycanın hərbi səhiyyəsinə güvənirəm. Sevindirici hal ondan ibarətdir ki, bu gün hərbi qulluqçuların sağlamlığının keşiyində duran, təcrübəli kadrlarımız, hərbçilərimiz, hərbi həkimlərimiz var. Təsadüfi deyil ki, 2016-cı ilin Aprel döyüşlərində də tibb xidməti ən yaxşı cəhətdən özünü göstərdi. Həkimlərimiz demək olar ki, qəhrəmanlıq nümayiş etdirdilər. Bu gün də biz hərbi həkimlərimizin fədakarlığının şahidiyik. Bu gün mən sağlamlığımızı qorumaq naminə gecə-gündüz çalışan hərbi həkimlərimizə, tibbi personala təşəkkür edirəm. Biz sizinlə fəxr edirik, əziz həkimlərimiz. Biz sağlamlığımızı sizlərə borcluyuq. Ancaq ən böyük borcumuz Vətənimiz Azərbaycanadır.Vətən yolumuzu gözləyir. Vətən naminə bizim işimiz haqq işidir. Azərbaycan Ordusu Aprel döyüşlərində, Günnüt zəfərində, eləcə də Tovuz rayonu istiqamətində gedən döyüşlərdə də düşmənə yerini göstərdi, ona çox böyük sarsıdıcı zərbələr vurdu. Bunun günahkarı ermənilər özləridir. Həmin qələbələr Azərbaycanın qətiyyətli və güclü Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli ordusunun formalaşdığını və xalq-dövlət birliyinin tamamilə yeni çalarlarını ortaya qoydu. Artıq Azərbaycan dövləti güclü dövlətdir, ordusu da güclü ordudur. Azərbaycan ordusunun bütün şəxsi heyəti düşməni məhv etməyə, eyni zamanda, lazım gəldiyi anda Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçməyə hazırdır. Zabitin dəyəri xidmət etdiyi orduya, yaşadığı cəmiyyətə, doğma xalqına, elinə-obasına nə dərəcədə gərəkli olması ilə ölçülür. Bu gün ordumuz müharibə meydanında düşmənlə üz-üzədir. Belə bir məqamda ordumuz üçün hər gün sınaq var. Ali Baş Komandanımızın rəhbərliyi ilə bu sınaqdan tezliklə çıxmağın, Aprel və Günnüt zəfərləri kimi qələbələr qazanmağın, Böyük Qələbənin tarixini yazmağın vaxtıdır. Çavuş Faiq Abdiyev: - Müharibənin nə olduğunu yaxşı bilirəm. Uşaqlığımda ermənilərin bu tərəflərə həmlələri, kəndləri artilleriya atəşinə tutmaları haqqında çox eşidirdim. Torpaqlarımızı işğaldan azad edənlərin sıralarında olmaq üçün həqiqi hərbi xidmətdən sonra xidmətimi davam etdirməyi qərara aldım. Ön xətdə xidmət etməyin məsuliyyəti mənə də yaxşı tanışdır. Özüm hərbi nizamnamələr çərçivəsində xidmət etməyə çalışıram, söz düşəndə əsgərlərimizə də belə xidmət etməyi tövsiyə edirəm. Əsgərlərimiz Vətənə sədaqətlə xidmət edirlər. İyulun 12-dən başlayan döyüşlərdə də onlar mərdliklə, Azərbaycan əsgərinin adına layiq vuruşdular. İyulun 12-də ermənilər artilleriya qurğularından istifadə etməklə mövqelərimizə hücum etdi. Dövlət sərhədimizi keçməyə cəhd göstərdi. Qəfil hücum həmişə döyüş növbətçiliyini diqqətlə, məsuliyyətlə aparan, mövqelərdə, səngərlərdə ayıq-sayıq dayanan əsgərlərimizi çaşdırmadı. Cavab atəşi açdıq. Komandanlığın əmri ilə hücumun qarşısını alma əməliyyatına qoşulduq. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz qətiyyətlə vuruşurdular. 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu döyüşdə də düşməni darmadağın etdik, döyüş texnikalarını sıradan çıxartdıq, canlı qüvvəsini məhv etdik. Komandanlığın əmri yerinə yetirilməliydi. Bu əmr Vətənin əmri kimi yerinə yetirilməliydi. Ağdam kəndi istiqamətində gedən döyüşdə baş gizir Elşən Məmmədəliyevlə birlikdə vuruşurduq. Bölməmiz düşmənin hücumunun qarşısını aldığı məqamlarda başqa istiqamətdən atılan minaatan mərmisinin qəlpələrindən ikimiz də yaralandıq. İndi müalicə olunuruq. Tibb bacıları Aynurə Məmmədova və Leyla Quliyeva təkcə vəzifə borclarını yerinə yetirmirlər, həm də bizə əzizləri kimi qulluq edirlər. Mənə elə gəlir ki, onların bizə olan qayğısı xalqın ehtiramıdır. Tez sağalmaq, yenidən hərbi xidmətə qayıtmaq, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq əsgərlərimizin sırasında olmaq istəyirəm. Belə də olacaq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik! Əsgər Nurlan Quliyev: - 2016-cı ilin Aprel döyüşlərində orta məktəbdə oxuyurdum. Mən də sinif yoldaşlarım kimi yaşımın azlığına təəssüflənirdim. Hərbi xidmətə çağırıldım. Atamdan, bu yolu keçən qonşularımdan hərbi xidmət haqqında çox eşitmişdim. Özümü xəyalən sırada hiss edirdim. Hərbi xidmətin mahiyyətini ilk döyüş növbətçiliyimdə daha ətraflı hiss etdim. Mən də digər əsgər yoldaşlarım kimi, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək döyüşlərin iştirakçısı olmaq istəyirdim. Ermənilər iyulun 12-də günortaya yaxın hücum etdi. Biz mövqelərimizdə, səngərlərdə onsuz da həmişə ayıq-sayıq dayanmışıq. Hücumun qarşısını almaq üçün atışdıq. Düşmən artilleriya qurğuları ilə, iriçaplı pulemyotlarla bizim döyüş aparmağımıza mane olmağa çalışırdı. Əsgərlərimiz bu təhlükənin də içindən mərdliklə çıxıb döyüşdülər.Dayandığımız mövqeni Vətən kimi qoruduq. Əsgərlərimizin qətiyyəti, vətənsevərliyi döyüşün axarını tamam dəyişdi. Düşmən gördü ki, Azərbaycanın dövlət sərhədini pozmaq cəhdi onlara baha başa gələcək. Bir dəfə sizin qəzetinizdə Türkiyənin qurtuluş savaşının iştirakçısı olmuş Şükrü paşanın vəsiyyəti dərc olunmuşdu: "Düşmən sərhədlərimizi keçəndən sonra ölsəm məni dəfn etməyin, qoy ətimi itlər yesin, düşmən sərhədlərimizi keçməmiş ölsəm kəfənim, sabunum çantamdadır." Bu döyüşdə əsgərlərimizin hər biri Şükrü paşa amalıyla döyüşürdü. Döyüşdə yaralandım. İndi özümü yaxşı hiss edirəm. Düşmən məğlub oldu. Biz Böyük Qələbənin də əsgəri olacağıq! Həkimlərin, tibb bacılarının qayğısı sayəsində tezliklə sağalıb xidmət yoldaşlarımın yanına qayıdacağam.Əsgər Murad Mövlanlı: - İyulun 12-də günorta saatlarında ermənilər hücuma keçdi. Biz həyəcan siqnalıyla döyüşə qoşulduq. Düşmənin artilleriya atəşi irəliləməyimizi çətinləşdirsə də, döyüşə girdik. Ancaq qələbə haqqında düşünürdük. Bizə belə gəlirdi ki, bu döyüş müharibənin son döyüşüdü, Qarabağı azad etməyin başlanğıcıdı. Cəsarətlə döyüşürdük, bütün təlimatlara əməl etməklə döyüşürdük, qələbə üçün döyüşürdük. Qəflətən qolumun heydən düşdüyünü hiss etdim. Yaralanmışdım. Əsgər yoldaşlarım məni döyüşün içindən çıxartdı. Yaralanmağıma çox, lap çox təəssüfləndim. Sonacan döyüşə bilmədiyimə görə təəssüfləndim. Biz qalib gəldik. Hospitalda eşitdim ki, Bakıda, Tovuzda və digər bölgələrdə orduya dəstək aksiyası keçirilib. Bu, döyüşən hərbçilərin qələbə ruhunu daha da kükrədir, ordu ilə xalqın birliyini nümayiş etdirir. Müalicədən sonra xidmətimi davam etdirəcəm. Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacaq əsgərlərin sırasında mən də olacam. Xalq orduya inanır, ordu xalqa güvənir...

Hamısını oxu
Sumqayıtda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Veteran.gov.az xəbər verir ki, aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Sumqayıt ​ şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Sumqayıt şəhərində şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. İftar mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İftar mərasimində Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması ilə bağlı çıxışlar edilib. Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla bəhs ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərin ruhuna dualar oxunub.  

Hamısını oxu
Sülhə maneə əsassız iddialardır

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Məhz bu səbəblərdən antiterror tədbirləri qaçılmaz idi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdu. Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 1-də ölkəsinin ictimai radiosuna müsahibə verib. Müsahibədə bizim üçün maraq kəsb edən əsas məsələ onun Azərbaycanla münasibətlərin gələcəyi barədə səsləndirdiyi fikirlər, sülh müqaviləsi ilə bağlı aparılan danışıqlara dair baxışları, sərhədlərin delimitasiya və demarkasiya prosesi, o cümlədən Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsi barədə dedikləridir. Paşinyan Qarabağın adı keçən müstəqillik bəyannaməsini sülhə əsas maneə adlandırıb. Bildirib ki, Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanarsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır. Rəsmi Bakını gələcəkdə təhdid yarada biləcək amillər narahat edir. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Qısa xatırlatma edim ki, Ermənistanın müstəqillik bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Bəyannamədə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-nin və Dağlıq Qa­rabağın birləşdirilməsi haqqında” birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, soyqırımına məruz qalmasından da bəhs olunur. Həmçinin, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir. Birsözlə, bəyannamədə Azərbaycana və Türkiyəyə birbaşa ərazi iddiası öz əksini tapıb. Ermənilərin 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunmuş konstitusiyasının preambulasında isə müstəqillik bəyannaməsinə istinad olunur. Yola saldığımız həftə Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bir daha vurğuladı ki, yalnız əsassız iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. Rəsmi İrəvan gerçəkdən sülh müqaviləsinin imzalanmasını istəyirsə, bu addımları atmalıdır.  Ermənistan qonşularla süh, əmin-amanlıq şəraitində yaşamaq istəyirsə,  Azərbaycana qarşı ərazi iddialarını hüquqi müstəvidən yığışdırmalı, sülh müqaviləsini imzalamalı, iqtisadiyyatının inkişafı üçün regionda nəqliyyat kommunikasiyalarının açılmasının verəcəyi faydalardan yararlanmalıdır.  Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
Prezident: “Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi”

“Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim”. Bunu Prezident İlham Əliyev bu gün Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib. “Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı.   Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik. Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir. Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir”, - deyə prezident bildirib.

Hamısını oxu