Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Paşayeva Heydər Əliyevin şəxsi rejissoru ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitədə Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, televiziya və kino rejissoru Vasif Babayevlə görüşüb. Axar.az xəbər verir ki, Q.Paşayeva Mədəniyyət komitəsi adından bugünlərdə 80 yaşı tamam olmuş görkəmli sənətkarı yubileyi münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib. Vasif Babayev ömrünün 60 ilindən çoxunu yerli televiziyanın inkişafına, onun ideoloji və maarifçilik rolunun gücləndirilməsinə həsr edib. O, müxtəlif beynəlxalq kino və televiziya festivallarında yüksək mükafatlara layiq görülmüş onlarla sənədli filmin müəllifi və rejissorudur. Yaradıcılıq dövründə televiziyanın “Qızıl fond”una daxil olmuş yüzlərlə televiziya proqramına və konsertə müəlliflik edib. Vasif Babayev Azərbaycanın “xalq artisti” fəxri adına layiq görülmüş ilk televiziya rejissorudur. Onun yaradıcılığında ən böyük töhfə Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti və taleyüklü məsələlərin həlli istiqamətindəki rolu barədə televiziya proqramları olub. Vasif Babayev 1969-cu ildən 1982-ci ilədək Ulu öndərin şəxsi rejissoru kimi çalışıb, dövlət əhəmiyyətli yayımlar aparıb, Ümümmilli liderin bütün çıxışlarını lentə alıb, həmçinin dahi şəxsiyyətin ailə arxivi üçün çəkilişlər edib. Hər gün bütün Azərbaycan telekanallarında onun çəkdiyi filmlərdən xroniki kadrlar efirə verilir. Vasif Babayevin çəkdiyi sonuncu film "Yüksəliş" olub (2015).

2020-09-19 00:00:00
2975 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatında veteranlara görüş keçirilib

Görüşdə Təşkilata yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib Veteran.gov.az xəbər verir ki, 20 avqust 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatında  bir qrup veteranla görüş keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatının sədri Mustafa Əhmədov və sədr müavini Vaqif Əhmədovun iştirakı ilə keçirilən görüşdə veteranları maraqlandıran məsələlər müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatına yeni üzv olan veteranlara üzvlük vəsiqələri təqdim olunub.

Hamısını oxu
Faşizm üzərində qələbədə Azərbaycan xalqı müstəsna rol oynayıb

İyunun 22-də Hitler Almaniyasının SSRİ-yə hücumundan 79 il ötür. Yetmiş doqquz il bundan əvvəl qəfildən SSRİ-yə hücum edən faşistlər Şərqdə beş il davam edəcək müharibənin əsasını qoyub ki, bu müharibə faşist Almaniyasının özünün məğlubiyyəti ilə nəticələnib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizm üzərində Qələbədə Azərbaycanın və xalqımızın rolundan danışarkən deyib. Polkovnik Cəlil Xəlilov bildirib ki, 1941-ci il iyunun 22-də faşistlərin Pribaltikaya hücumu ilə SSRİ İkinci Dünya müharibəsinə cəlb olunub. SSRİ belə bir hücuma hazırlıqsız olduğu üçün müharibənin ilk illəri onun üçün xüsusilə ağır keçib. 1941-1942-ci illərdə faşist ordularının hücumları ilə geri çəkilməyə məcbur olan SSRİ həm insan, həm də ərazi baxımından böyük itkilər verib. Lakin 1942-ci ilin sonu, 1943-cü ilin əvvəllərində Sovet ordusu müharibənin taleyində dönüş yarada, faşist hücumlarını dəf edərək uğurlu əks-həmlələr təşkil etməyə başlayıb. Nəticədə müharibə 1945-ci il mayın 9-da faşistlərin tam məğlubiyyəti ilə nəticələnib. Cəlil Xəlilov deyib ki, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan müstəsna rol oynayıb. Azərbaycanlılardan ibarət beş milli diviziya təşkil olunub ki, bu diviziyalar ağır və şərəfli döyüş yolu keçib, onların bəzisi Berlinədək gəlib çıxdı. 700 minədək azərbaycanlı əldə silah cəbhələrdə faşizmə qarşı böyük əzmkarlıqla mübarizə aparıb, 123 soydaşımız göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. “Azərbaycan xalqı arxa cəbhədə də böyük fədakarlıqlara imza atıb. Bakı nefti sovet hərb maşınının hərəkətini təmin edib. Tankların, təyyarələrin, digər artilleriya növlərinin yanacağa olan tələbatını yüksək keyfiyyətlə ödəyib. İnsanlarımız faşizmə qarşı mübarizəyə dəstək məqsədi ilə zinət əşyalarını belə orduya yardım fondlarına bağışlayıb. Nəticədə mütərəqqi bəşəriyyətin birgə səyləri nəticəsində faşizm məğlub olub. Əminəm ki, hazırda erməni faşizminin işğal siyasəti ilə üzləşən xalqımız bu problemin də öhdəsindən layiqincə gələcək, düşməni məğlub edərək ölkəmizin ərazi bütövlüyünü təmin edəcək. Tarixi keçmişimiz, milli maraqlarımız, beynəlxalq hüquq və ədalət bizdən məhz bunu tələb edir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Veteranlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri 26 fevral Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə soyqırım qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyan veteranlar soyqırım qurbanlarının ruhuna dualar oxyub, erməni faşizminin qanlı cinayətini lənətləyiblər.

Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu mətbuat nümayəndələri arasında müsabiqə elan edir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir. Müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ zəfəri və s. kimi müxtəlif mövzularda məqalələr göndərilə bilər. Kriteriyalar: - Məqalə innovativ və əhatəli olmalıdır; - Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir; - Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 2-3 A4 formatlı vərəq həcmində); - Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır; - Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir. QEYD: Müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa Fonda, yaxud elektron poçt vasitəsilə mdtf.press@gmail.com adresinə göndərilə bilər. Mükafat: I yer-1000 AZN Il yer - 800 AZN III yer - 600 AZN Hər biri 400 AZN olmaqla 4 həvəsləndirici mükafat Müsabiqənin müddəti: 01 iyun - 15 iyul 2022-ci il Əlaqə vasitələri: Tel: (012) 436-98-52 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəh., Yasamal r., M.Naxçıvani küç. 29  

Hamısını oxu