Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar. Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir. Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, "Mercedes Sprinter 416" bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şina dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib. "Ford Transit" bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib. Qeyd edək ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır. video Milli.Az

2020-09-22 00:00:00
3202 baxış

Digər xəbərlər

“Bu gün biz Şuşanın dünyaya yenidən göz açmasına, həyatı yenidən salamlamasına şahid oluruq”

Tamam Cəfərova: “Şuşanın tarixi simasının bərpası, tarixi ruhunun dirçəlişi prezidentimizin adı ilə bağlıdır”   Məlum olduğu kimi, prezident İlham Əliyev 2021-ci ilin 30 avqust tarixində Şuşaya səfər edib, ölkəmizin mədəniyyət paytaxtında Vaqif Poeziya Günlərinin açılış mərasiminda iştirak edib.   Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə dövlət başçısının Şuşa səfəri, səfər əsnasında səsləndirdiyi fikirlər, Şuşada həyata keçirilən işlər və s. kimi məsələləri şərh etməyə çalışdıq.   -Tamam xanım, avqustun 30-da Şuşada Molla Pənah Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi. Sizcə uzun fasilədən sonra bu ənənənin yenidən bərpası necə dəyərləndirilə bilər?   -Şuşada Vaqif Poeziya Günlərinin uzun fasilədən sonra yenidən təşkili çox mühüm hadisədir. Bu hadisə həm ədəbi, həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir.   Bildiyiniz kimi, 1992-ci ildə Şuşanın Ermənistan ordusu tərəfindən işğalından sonra Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa da işğal altındakı digər rayonlarımız kimi erməni vandalizminə məruz qaldı. Lakin 44 günlük Vətən müharibəsinin gedişində - 2020-ci ilin noyabrın 8-də Şuşa erməni işğalından azad edildi və Prezident İlham Əliyev bu tarixi müjdəni Azərbaycan xalqına çox böyük həyəcan və qürurla xəbər verdi.   Vaqif Poeziya Günlərinin keçirilməsi gözəl bir ənənəyə söykənir. Bildiyiniz kimi, Şuşada Vaqifin məqbərəsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ilin 14 yanvar tarixində açılıb, ölkə həyatında böyük ədəbi-mədəni hadisə kimi qeyd edilib. Və 1982-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri böyük bir təntənə ilə keçirilib, ölkəmizin hər yerindən çoxsaylı ziyalılar, şairlər, yazıçılar, mədəniyyət xadimləri bu tədbirdə iştirak edib, hər belə tədbir respublikamızda ədəbi proseslərə böyük təkan verib. 2021-ci il avqustun 30-da yenidən Vaqif Poeziya Günlərinin keçirilməsi həmin ənənənin bərpası deməkdir. Biz buna görə ölkə başçısına, o cümlədən hörmətli Birinci vitse-prezident Mehriban xanıma minnətdarıq. Onu da xatırladım ki, Molla Pənah Vaqifin məqbərəsinin bərpası məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Bu fakt bir daha Heydər Əliyev Fondunun ölkəmizin sadəcə sosial həyatında deyil, həm də mədəni həyatında nə qədər mühüm rol oynadığını göstərir.   Vaqif Poeziya Günlərinin keçirilməsinin həm də siyasi əhəmiyyəti mövcuddur. Çünki Vaqif XVIII əsr Qarabağının siyasi həyatında İbrahim xanın vəziri kimi böyük rol oynayıb, xanlığın xarici düşmənlərdən qorunmasında, onun müdafiəsinin təşkilində yaxından iştirak edib. Bu baxımdan Molla Pənah Vaqif sadəcə şair kimi deyil, həm də siyasi xadim kimi xarakterizə oluna bilər.   Vaqif Poeziya Günlərinin keçirilməsi başda Ermənistan olmaqla onların havadarlarına həm də siyasi mesajdır. Bu mesajın mahiyyəti bundan ibarətdir ki, heç bir qüvvə Azərbaycanın iradəsinə qarşı gələ, onu öz ərazisinin bir qarışından belə imtina etməyə məcbur edə bilməz. Azərbaycan öz torpaqlarının şəriksiz sahibidir və bu torpaqlarda bundan sonra da böyük ədəbi-mədəni tədbirlər keçirməklə öz zəngin mədəniyyətini bütün dünyaya nümayiş etdirəcək.   -Tamam xanım Şuşada cari ilin may ayında keçirilən “Xarıbülbül” festivalı da böyük mədəniyyət hadisəsinə çevrildi, xalq tərəfindən coşğu ilə qarşılandı. Bu festival və onun əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?   -Bu ilin may ayında Şuşada keçirilən “Xarıbülbül” festivalı ölkəmizin mədəni həyatında böyük hadisə olmaqla yanaşı, həm də yeni bir dönəmin başlanması demək oldu. Azərbaycanın böyük sənət adamlarının, mədəniyyət xadimlərinin iştirak etdiyi festival mahiyyət etibarı ilə həm də ölkəmizin 44 günlük Vətən müharibəsindəki şanlı qalibiyyətinə həsr edilmişdi. Bu festivalda səsləndirilən vətənpərvərlik mahnıları, muğamlarımız xalqımızın tarixi qəhrəmanlığından, vətənpərvərliyindən xəbər verən, öz elinə, yurduna, torpağına, bayrağına sadiqlikdən bəhs edən müqəddəs nəğmələr idi. Başqa sözlə desək, bu festival tarixi qələbəmizin musiqi dili ilə vəsfi idi. Elə bu səbəbdən də “Xarıbülbül” festivalı ikiqat bayram kimi qeyd olundu və bundan sonra da hər il müntəzəm şəkildə  qeyd olunacaq.   -Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında Şuşada çox böyük quruculuq işləri həyata keçirilməkdədir. Bugünə qədər gerçəkləşən layihələri, görülən işləri Şuşanın dirçəlişi baxımından necə dəyərləndirirsiniz?   -Şuşanın bərpası prosesinə 2021-ci ilin 14 yanvar tarixindən start verilib və bu müddət ərzində mədəniyyət paytaxtımızda həqiqətən də mühüm işlər görülüb.   Azərbaycan Şuşanın bərpası prosesinə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə start verdi. İlk növbədə, Vətən müharibəsindəki qələbəmizin rəmzinə çevrilən Zəfər yolunun çəkilişinə başlanıldı. Şəhərin içindəki bir sıra yollar təmir edildi, istismara yararlı vəziyyətə gətirildi. Şəhərin elektrik enerjisi və su təminatı reallaşdırıldı. Hansı ki, bütün bunlar ilkin və zəruri vasitələr olmaqla yanaşı, digər layihələrin reallaşması üçün də təməl rolunu oynadı.   Şuşada eyni zamanda tarixi abidələrin bərpası prosesinə start verildi ki, bu da dövlətimizin, xalqımızın öz tarixinə, mədəniyyətinə verdiyi dəyəri göstərir.   İlk gündən təmir prosesinə cəlb edilən sosial obyektlərdən biri də məscidlər oldu. Artıq Yuxarı Gövhərağa məscidində işlər başa çatmaq üzrədir. Daha iki məscidin -  Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri də nəzərdə tutuklub ki, bu işlər də Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdiriləcək. “Xarıbülbül” hotelinin istifadəyə verilməsi, şəhərdə ticarət mərkəzlərinin, inzibati binaların fəaliyyəti qısa zamanda Şuşada həyata keçirilən işlərin miqyasıdnan xəbər verir.   -Tamam xanım, Şuşa və işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən bütün bu işlər dövlətimizin iqtisadi gücünün böyük, xalqımızın qurub-yaratmaq əzminin nəhayətsiz olmasının növbəti təsdiqi sayıla bilərmi?   -Şübhəsiz. Azərbaycan uzun illərdir ki,  öz iqtisadi gücünə görə bütün regionda birinci yerdə qərarlaşıb. Xatırlayırsınızsa, hələ müharibədən öncə Prezident İlham Əliyev dəfələrlə Ermənistana müraciət etmiş, onu işğaldan əl çəkməyə çağırmışdı. Ölkə başçısı bəyan etmişdi ki, əgər Ermənistan işğalçılıq siyasətindən, torpaq iddialarından, xəstə düşüncələrdən əl çəksə, o zaman Azərbaycanın moderatorluğu altında reallaşan regional və beynəlxalq layihələrdə iştirak edə, bundan iqtisadi baxımdan yararlana bilər. Ölkə başçımız bildirirdi ki, işğaldakı torpaqları azad etməyə Azərbaycanın kifayət qədər gücü var. Lakin Azərbaycan sülhpərvər dövlət olduğu üçün problemin hərbi yolla həllini istəmir. Ancaq təəssüflər olsun ki, “Böyük Ermənistan” xülyasına qapılan rəsmi İrəvan bu çağırışlardan heç bir nəticə çıxarmadı.  Nəticədə, Azərbaycan ordusu qısa zamanda – cəmi 44 gün ərzində işğal edilmiş əraziləri azad etdi, Ermənistanın hərbi potensialının 80%-ni sıradan çıxardı. Bu, ölkəmizin hərbi qüdrətinin təcəssümü idi.   İşğaldan azad edilən rayonlarımızda, o cümlədən Şuşa şəhərində həyata keçirilən böyük layihələr isə həm də dövlətimizin iqtisadi gücünü, maliyyə potensialını, eyni zamanda xalqımızın qurub yaratmaq əzmini göstərir. Baş verənlər əyani şəkildə göstərir ki, Azərbaycan hərbi müstəvidə, diplomatik müstəvidə olduğu kimi, iqtisadi müstəvidə də aparıcı gücdür və onunla regionun heç bir dövləti bu baxımdan müqayisə oluna bilməz.   Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq prosesi sadəcə qurub-yaratmağa xidmət etmir. Bu proses həm də Ermənistanı, onun dağıdıcı siyasətini, barbar obrazını ifşa edir. Ermənistanın törətdiyi dağıntılar fonunda gerçəkləşən bu quruculuq prosesi bütün dünyaya göstərir ki, ermənilərdən fərqli olaraq, Azərbaycan xalqı yaradıcı xalqdır. Azərbaycan xalqı hər zaman sivilizasiyanın inkişafına, onun yeni dəyərlər əsasında daha da zənginləşməsinə töhfələr verib və bu gün də verməkdədir. Və ən əsası Azərbaycan xalqı öz əzmi, zəhmətkeşliyi, yaratmaq bacarığı ilə bütün bəşəriyyətə sübut edir ki, dünyanın bu məsələdə ondan öyrənməli olduğu hələ çox şeylər var...   Seymur ƏLİYEV  

Hamısını oxu
“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”

“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili ciddi mətləblərdən xəbər verir: “Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili hər şeydən öncə respublikamızın Prezident İlham Əliyvin rəhbərliyi altında türk dünyasının birliyi prosesində yaxından iştirak etdiyini, bu prosesdə aktiv rol oynayan avanqard dövlətlərdən biri olduğunu göstərir. Baş verənlər onu söyləməyə əsas verir ki, Azərbaycan 100 il  bundan öncə olduğu kimi bu gün də türk dünyasının birlik və həmrəyliyinə xüsusi önəm verir, bu istiqamətdə ardıcıl səylər ortaya qoyur. Bunu Prezident İlham Əlyevin tədbir iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər də sübut edir. Ölkəmizdə “Türk Dünyası Həftəsi”nin təşkilinin digər bir önəmi bütün türk dünyasının birliyi və təhlükəsizliyi ilə bağlıdır. Bu gün müasir dünyada baş verənlər türk dövlətlərinin birlik və həmrəyliyinin nə qədər vacib olduğunu göstərir. Dünyada təhlükəsizliklə bağlı baş verən proseslərin təhlili göstərir ki, təhdidlərdən sığortalanmaq üçün türk dövlətlərinin xarici siaysət məsələlərində koordinasiyalı şəkildə hərəkət etməsi, bir-birlərini ciddi şəkildə dəstəkləməsi vacibdir. Yalnız belə olan təqdirdə biz qlobal dünyanın təhlükələrindən etibarlı şəkildə sığortalana, öz təhlükəsizliyimizi yüksək səviyyədə təmin edə bilərik. Türk dünyasının ortaq tarixi və mədəniyyəti bu birliyi təmin etmək üçün ən böyük platforma, ən ciddi zəmindir ”. Seymur ƏLİYEV

Hamısını oxu
Naxçıvanda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

19 may 2025-ci il tarixində Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.   Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Konfransda açılış nitqi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsindəki islahatlar bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib,  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı 8 Noyabr zəfərinin tarixi önəmindən danışıb. İcra başçısı qeyd edib ki, məhz bu tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, regionda uzunmüddətli sülh və etibarlı təhlükəsizlik üçün geniş perspektivlər açıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük abadlıq-quruculuq işləri apardığına diqqət çəkən icra başçısı, tarixi Zəfərin, bu zəfərin baş memarı Prezident İlham Əliyevin, şəhidlərimizin və qazilərimizin şücaətinin əsrlər sonra da ehtiram hissi ilə xatırlanacağını bildirib.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin Cənubi Qafqaz regionunda uzun müddətdir ki, davam edən status-kvonu köklü şəkildə dəyişdirdiyini, yeni reallıqlar yaratdığını bildirib: “8 Noyabr zəfəri Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi, xalqımızın milli qürur günüdür. Məhz bu tarixi gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazmış, uzunmüddətli erməni işğalına son qoymuşdur. 8 Noyabr zəfəri uzun fasilədən sonra bizə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyə imkan vermişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir nəfər kimi öz dövlətinin, öz Prezidentinin yanında yer almış, yumruq kimi birləşmiş və elliklə fədakarlıq sərgiləmişdir. Gənclərimiz vətənin azadlığı naminə tarixdə misli-bərabəri olmayan qəhrəmanlıq nümunələri göstərmiş, Şuşa kimi strateji şəhəri yüngül atıcı silahlar və yalın əllə azad etməklə bütün dünyanı öz cəsarət və igidlikləri ilə heyrətləndirmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz bu zəfərə gənclərimizin yüksək vətənpərvərlik ruhu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi sayəsində nail olmuşuq. Bu gün bizim əsas missiyamız bu birliyi, bu həmrəyliyi qoruyub saxlamaq, dövlətimizin yanında olmaq, Prezidentimizin hər bir çağırışına dəstək verməkdir. İnanıram ki, qəhrəman Azərbaycan xalqı bu tarixi birliyi bundan sonra da qoruyub saxlayacaq, gənclərimiz anti-Azərbaycan qüvvələrinin hər bir təxribatının qarşısının alınmasında daim mühüm rol oynayacaq”.   Konfransda Azərbaycan Respublikası Milli  Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 44 günlük Vətən müharibəsi əlili Təbriz Zeynalov, Vətən müharibəsi əlili Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri  Firudin Süleymanov da çıxış edib, 8 Noyabr zəfərinin hərbi-siyasi, tarixi-mənəvi önəmindən danışıblar. Tarixi zəfərin suverenliyimizin qarantı olduğunu vurğulayan konfrans iştirakçıları, dövlətimizin Qarabağda həyata keçirdiyi geniş abadlıq-quruculuq işlərinə də diqqət çəkib, Azərbaycanın qalib lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün müstəvilərdə yeni uğurlara imza atacağına inamlarını ifadə ediblər.    

Hamısını oxu
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib Bakı, 8 noyabr, AZƏRTAC Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

Hamısını oxu