Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident xalqa detalları açıqladı: işğala son qoymaq üçün hansı addımlar atılacaq

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı detalları ictimaiyyətə açıqladı. Bu detallarda diqqətçəkən məqamlardan biri Nikol Paşinyanın hakimiyyətə gələndən sonra daxili siyasətdə güclənmək üçün atəşkəsin saxlanılması məqsədilə Azərbaycana yalvarması, Düşənbədə əldə olunan razılaşma, sonradan Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh prosesini pozan, müharibə şəraitinin yetişməsinə şərait yaradan addımlarıdır.

Azərbaycan liderinin açıqladığı detallar siyasi proseslərin pərdəarxasında necə cərəyan etdiyini ortaya çıxarır:

1. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu;

2. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərib, yalvarıb, vaxt istəyib;

3. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş edib;

4. Nikol Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meylli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş edib;

5. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaradıb, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndiriblər;

6. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməyib;

Həmin vaxt hadisələrin inkişafı da Ermənistanın yeni hakimiyyətinin münaqişənin həllində maraqlı olduğunu və yaxın dövrdə konkret nəticələrə əsaslanan sülh danışıqlarının başlayacağı ehtimallarını gücləndirirdi. Ermənistanda parlament seçkilərindən öncə ABŞ Prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dediyi sözlər də münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürləri formalaşdırırdı.

İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq”, – Bolton belə deyirdi.

Ermənistanın yeni hakimiyyəti daxili vəziyyəti sabitləşdirmək üçün vaxt istəmişdi. Prezidentin də dedikləri təsdiqləyir ki, Paşinyan qeyri-üəsmi kanallarla Bakıya yalvarır, vaxt istəyirmiş. Azərbaycan da münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiq qalaraq, İrəvanda yaranmış xaosdan istifadə etmədi.

Hətta Ordumuzun uğurlu Günnüt əməliyyatı həmin vaxt yox, təxminən bir ay sonra ictimaiyyətə açıqlandı. 20-27 may tarixində həyata keçirilən əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqata dağı azad edildi, Dərəlyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçdi. Ümumilikdə 11000 hektar ərazinin azad olunduğu bu əməliyyat nəticəsində Azərbaycan Ordusu İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna da nəzarət etmək imkanı əldə etdi. Lakin Azərbaycan bundan təbliğat məqsədilə istifadə etmədi.

Azərbaycan və Ermənistan rəhbərləri 2018-ci ilin 28 sentyabrında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bir araya gəldi. Təqvimə “Lift diplomatiyası” kimi düşən Düşənbə görüşündə Nikol Paşinyan Prezident İlham Əliyevdən birbaşa vaxt istəyib.

Əslində Azərbaycan liderinin bu vəziyyətdən olduqca ustalıqla istifadə etdiyi də vurğulanmalıdır: Paşinyan atəşkəsdən istifadə edərək, İrəvanda hakimiyyətini möhkəmləndirdiyi vaxt İlham Əliyev təmas xəttində ordumuzun mövqelərini gücləndirirdi.

Bu amil Ermənistanda Paşinyana qarşı əsas ittiham mövzusuna çevrilib.

“Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan bildirir ki, Azərbaycan Prezidentindən fərqli olaraq, Nikol Paşinyan səmimi deyil.

Bakı və İrəvan arasında frazılaşma əldə olunub və Paşinyanın bu razılaşmada məqsədi hakimiyyətini gücləndirmək idi. İlham Əliyev isə ordunun mövqelərini gücləndirdi. Təxminən iki il ərzində Azərbaycan mövqelərini yaxşılaşdırdı və müharibə vaxtı bu vəziyyət Bakının xeyrinə olacaq”, - o bildirib.

Erməni ekspert Tiqran Koçaryan deyir ki, İlham Əliyev ustalıqla vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi.

Bu, İlham Əliyevin gələcəyi proqnozlaşdıra bilmək və bütün şərtlərdə vəziyyəti Azərbaycanın maraqlarına uyğun formaya salmaq bacarığından gedir. Çünki Nikol Paşinyana hakimiyyətini gücləndirmək üçün vaxt verilsə də, İlham Əliyev həm də B planı üzərində iş aparıb. Bu plan faktiki olaraq, mümkün müharibədə qələbəni asanlıqla təmin edəcək.

Ona verilən vaxtdan istifadə etməklə Ermənistanda hakimiyyətini gücləndirən Nikol Paşinyanın Azərbaycana qarşı müharibəyə hazırlaşması da Prezident İlham Əliyevin risklərə qarşı çoxşaxəli strategiyanın nə qədər doğru olduğunu təsdiqləyir.

Ermənistan hakimiyyəti isə 2019-cu ilin əvvəlindən etibarən, danışıqlar prosesini pozmağa və Azərbaycana qarşı müharibə hazırlığına başladı.

Paşinyan Minsk qrupu formatının dəyişdirilməsi ideyasını irəli sürdü və işğal altındakı ərazilərdəki separatçı rejimi masaya üçüncü “tərəf” kimi daxil etmək təklifi ilə nəinki onilliklərdir aparılan prosesi kənara atdı, həm də beynəlxalq hüququ barmağına doladığını nümayiş etdirdi.

2019-cu ilin 26 fevralında - Xocalı soyqırımının 27-ci ildönümü günü Ermənistanın müdafiə naziri David Tonoyan da gerçək niyyətlərini ortaya qoydu. “Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq” deyən Tonoyan erməni jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına “niyə də yox” cavabını verdi.

Martın 12-də isə Paşinyan Təhlükəsizlik Şurasının iclasını tarixdə ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində – Xankəndidə separatçıların iştirakı ilə keçirdi və iclasda “Qarabağın tərəf olması” tezisini yenidən gündəmə gətirdi.

İyul ayından başlayaraq, işğalçı ölkə təxribat hücumlarını təmas xəttindən dövlət sərhədinə - Qazax istiqamətinə keçirdi. Avqustun 5-də isə Paşinyan işğal altındakı torpaqlarda “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iddiasını gündəmə gətirdi və iddia etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Beləliklə, Ermənistan təxribat xarakterli addımları və bəyanatları ilə danışıqları mənasız vəziyyətə saldı.

2020-ci ilin əvvəlindən etibarən Ermənistanın təxribat addımları davam etdirildi. Mart ayında Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “dqr”-in yeni rəhbərinin “and içmə mərasimi” tarixi şəhərimiz Şuşada keçirildi. Bununla yanaşı, işğal altındakı ərazilərdə gülüş doğuran təlimlər keçirildi.

İyulda isə Tovuz istiqamətində təxribat hücumu Ermənistanın təcavüzkar və işğalçı siyasətindən əl çəkmədiyini, niyyətinin danışıqları pozmaq olduğunu sübut etdi.

Prezident İlham Əliyev qeyd edib ki, bütün bu addımların və bəyanatların məqsədi danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.

Baş verən son hadisələr Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığını da təsdiqləyir.

- Livan erməniləri beynəlxalq konvensiyalara zidd şəkildə Dağlıq Qarabağda məskunlaşdırılır, onlar arasında terrorçuların olduğu və təxribat hücumlarında istifadə ediləcəyi şübhəsizdir.

- Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı kukla rejim Gəncəni vurmaqla hədələyir.

- Erməni hərbi birləşmələri Tovuz döyüşlərində və sonrakı təxribat hücumlarında Azərbaycanın mülki əhalisini hədəfə alır.

- Tovuz döyüşlərindən sonra – avqustun 23-də erməni diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində ordumuzun mövqelərinə soxulmağa çalışdı. Hərbiçilərimizin ayıq-sayıqlığı nətivəsində erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürüldü və o, hədəflərinin Azərbaycan Ordusunun kazarmaları olduğunu etiraf etdi.

- Hazırda təmas xəttində hərbi qüvvələrinin cəmləşməsi həyata keçirilir.

- Ermənistana məxsus PUA-nın ordumuz tərəfindən vurulması, eləcə də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu nəticəsində Ordumuzun hərbi qulluqçusunun şəhid edilməsi də işğalçı ölkənin müharibəyə hazırlaşdığını açıq şəkildə göstərir
.

Prezident İlham Əliyev qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir:

Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir... Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”.

Dövlət başçısı Azərbaycanın yeganə şərtini açıqlayır: “Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu , BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.

Ardınca əlavə edir ki, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək: “Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.

Azərbaycan lideri işğalçı ölkəyə, işğalçı ölkənin havadarlarına və həmsədr dövlətlərə açıq mətnlə mesaj verir: ərazilərimizin işğalda qalması ilıə barışmayacağıq; Ermənistan beynəlxalq hüquq pozursa, Azərbaycan buna adekvat cavab verəcək; Ermənistanın təxribatları cavabsız qalmayacaq və münaqişənin hərbi həlli masada prioritet məsələyə çevrilib;

Asif Nərimanlı

2020-09-22 00:00:00
3061 baxış

Digər xəbərlər

İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan

Prezident: Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, – cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə. İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər. Necə ki, Aprel döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər tərəfdən nəyi göstərir? Onların riyakar siyasətini göstərir. Yaxşı, necə ola bilər ki, bu yaxınlarda heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs etmisən. Belə şeymi olar? Bu, tamamilə bütün beynəlxalq davranış qaydalarını pozan bir addım idi. KTMT-nın rəhbəri vəzifəsində olan insanı həbs etdilər. Onlara təzyiq olunandan sonra onu buraxdilar, amma cinayət işi hələ bağlanmayıb, davam edir. Beynəlxalq təşkilatın ali nümayəndəsini həbs edir. Ondan sonra bir il ərzində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayıb, veto qoyub. Çünki əlifba sırası ilə olmalı idi. Ermənistandan sonra Belarusun nümayəndəsi olmalı idi, onun namizədliyi verildi. Amma bir il imkan vermədi ki, o öz fəaliyyətinə başlasın. Budurmu KTMT-ya münasibət? Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır. İndi xarici fondlardan maliyyələşən, hakimiyyət nümayəndələrinin demək olar ki, hamısının SOROS fondunun və buna oxşar fondların tör-töküntüləri olan bir dövlətə KTMT ölkələrinin münasibəti necə olmalıdır? Mən sual verirəm və bu sual hesab edirəm ki, ritorikdir. İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan. Cavab ver öz çirkin əməllərinə görə. Cavab vermisən və verəcəksən.

Hamısını oxu
Dövlətçiliyin keşiyində əzmkar xidmət nümunəsi

Artıq 31 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar, sözün əsl mənasında, xalqımızın əmin-amanlığı, dövlət və dövlətçiliyin daha da gücləndirilməsi naminə fədakar xidmətini davam etdirməkdədir. Ötən illərdə Daxili Qoşunlar qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hər zaman böyük məsuliyyətlə yanaşıb və ona göstərilən bu yüksək etimadı doğrultmağa çalışıb. Yarandığı gündən daim dövlətin və dövlətçiliyin keşiyində yenilməz əzmkarlıqla dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Daxili Qoşunlar Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində formalaşıb, inkişaf edib, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Daxili Qoşunlar yarandığı gündən ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, Vətənin müdafiəsində də iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyub. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına ilk dəfə olaraq 1992-ci il mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti yeni mərhələyə qədəm qoyub, onun təyinatından irəli gələn vəzifələrin icrasında zəngin təcrübə qazanılıb, geniş quruculuq işləri aparılıb, maddi-texniki baza yenilənib, beynəlxalq hərbi əməkdaşlıq əlaqələri qurulub, Daxili Qoşunlar döyüş hazırlığına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib.  Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib. Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti və döyüş ruhu kifayət qədər yüksəkdir. Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanaraq, həmin bölgələrdə polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli, mürəkkəb xidməti-döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır.   Mayor Anar Əhmədov DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru  

Hamısını oxu
“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

“Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu və həmin Forumda Müzəffər Ali Baş Komandanın çıxışı müharibədən əziyyət çəkən, sülh arzusunda olan dünyamız üçün yol xəritəsidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı məlum Forumdakı çıxışında sülhə gedən yolu addım-addım şərh edib, Azərbaycan təcrübəsindən konkret nümunələr gətirib: “Prezident İlham Əliyev çıxışında sülh və müharibə arasında paralellər aparıb, sülhə alternativin olmadığını konkret nümunələr əsasında Forum iştirakçılatının, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb Dövlət başçısı qeyd etdi ki, bəşəriyyətin tərəqqisi və inkişafını sitimullaşdıra biləcək yeganə amil sülhdür. Buna görə də planetimizdə sülhün bərqərar olması üçün hər bir dövlət ciddi səy göstərməli, həmrəylik nümayiş etdirməlidir.  Dövlət başçısı Azərbaycanla Ermənistan arasında uzun illərdir ki, davam edən müharibə və münaqişəyə də diqqət çəkib. Müzəffər Ali Baş Komandan bildirib ki, məhz Azərbaycanın ardıcıl səyləri, sülhə sadiqliyi nəticəsində iki dövlət arasında müharibəyə son qoyulub, de-fakto olaraq sülh təmin edilib. 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətni paraflanıb ki, bu da de-yure sülh üçün əlverişli zəmin formalaşdırıb”. Polkovnik qeyd edib ki, dövlət başçısı Azərbaycanın müharibə təcrübəsinə də malik olduğunu, öz torpaqlarını güc yolu ilə azad etdiyini də Forum iştirakçılarının diqqətinə çatdırıb: “Prezident İlham Əliyev çıxışnda yaxın tarixi keçmişə diqqət çəkərək Azərbaycanın öz ərazi bütövlüyünü hərbi əməliyyatlar yolu ilə bərpa etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal etdiyi torpaqları azad etməkdən imtina etdiyi üçün Azərbaycan BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü təmin edib. Yəni Azərbaycan güc faktorunu məcbur qaldığı üçün, beynəlxalq hüquq çərçivəsində tətbiq edib və öz məqsədinə nail olandan dərhal sonra müharibəni dayandırıb. Bütün bunları nəzərə alaraq əminliklə bildirirəm ki, XIII Qlobal Bakı Forumu beynəlxalq sülh prosesinə ciddi dəstək verəcək, dünyamızın müharibə və münaqişlərdən sülhə doğru addımlamasını böyük ölçüdə sitimullaşdıracaq”.

Hamısını oxu
Faşizm üzərində qələbədə Azərbaycan xalqı müstəsna rol oynayıb

İyunun 22-də Hitler Almaniyasının SSRİ-yə hücumundan 79 il ötür. Yetmiş doqquz il bundan əvvəl qəfildən SSRİ-yə hücum edən faşistlər Şərqdə beş il davam edəcək müharibənin əsasını qoyub ki, bu müharibə faşist Almaniyasının özünün məğlubiyyəti ilə nəticələnib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizm üzərində Qələbədə Azərbaycanın və xalqımızın rolundan danışarkən deyib. Polkovnik Cəlil Xəlilov bildirib ki, 1941-ci il iyunun 22-də faşistlərin Pribaltikaya hücumu ilə SSRİ İkinci Dünya müharibəsinə cəlb olunub. SSRİ belə bir hücuma hazırlıqsız olduğu üçün müharibənin ilk illəri onun üçün xüsusilə ağır keçib. 1941-1942-ci illərdə faşist ordularının hücumları ilə geri çəkilməyə məcbur olan SSRİ həm insan, həm də ərazi baxımından böyük itkilər verib. Lakin 1942-ci ilin sonu, 1943-cü ilin əvvəllərində Sovet ordusu müharibənin taleyində dönüş yarada, faşist hücumlarını dəf edərək uğurlu əks-həmlələr təşkil etməyə başlayıb. Nəticədə müharibə 1945-ci il mayın 9-da faşistlərin tam məğlubiyyəti ilə nəticələnib. Cəlil Xəlilov deyib ki, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan müstəsna rol oynayıb. Azərbaycanlılardan ibarət beş milli diviziya təşkil olunub ki, bu diviziyalar ağır və şərəfli döyüş yolu keçib, onların bəzisi Berlinədək gəlib çıxdı. 700 minədək azərbaycanlı əldə silah cəbhələrdə faşizmə qarşı böyük əzmkarlıqla mübarizə aparıb, 123 soydaşımız göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. “Azərbaycan xalqı arxa cəbhədə də böyük fədakarlıqlara imza atıb. Bakı nefti sovet hərb maşınının hərəkətini təmin edib. Tankların, təyyarələrin, digər artilleriya növlərinin yanacağa olan tələbatını yüksək keyfiyyətlə ödəyib. İnsanlarımız faşizmə qarşı mübarizəyə dəstək məqsədi ilə zinət əşyalarını belə orduya yardım fondlarına bağışlayıb. Nəticədə mütərəqqi bəşəriyyətin birgə səyləri nəticəsində faşizm məğlub olub. Əminəm ki, hazırda erməni faşizminin işğal siyasəti ilə üzləşən xalqımız bu problemin də öhdəsindən layiqincə gələcək, düşməni məğlub edərək ölkəmizin ərazi bütövlüyünü təmin edəcək. Tarixi keçmişimiz, milli maraqlarımız, beynəlxalq hüquq və ədalət bizdən məhz bunu tələb edir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu