Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür. Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artileriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artileriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğulibiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır. Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir. İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azəbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar. Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır. Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir. Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir. Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir. Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!  video

2020-09-27 00:00:00
3138 baxış

Digər xəbərlər

Naxçıvanda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

19 may 2025-ci il tarixində Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.   Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Konfransda açılış nitqi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsindəki islahatlar bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib,  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı 8 Noyabr zəfərinin tarixi önəmindən danışıb. İcra başçısı qeyd edib ki, məhz bu tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, regionda uzunmüddətli sülh və etibarlı təhlükəsizlik üçün geniş perspektivlər açıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük abadlıq-quruculuq işləri apardığına diqqət çəkən icra başçısı, tarixi Zəfərin, bu zəfərin baş memarı Prezident İlham Əliyevin, şəhidlərimizin və qazilərimizin şücaətinin əsrlər sonra da ehtiram hissi ilə xatırlanacağını bildirib.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin Cənubi Qafqaz regionunda uzun müddətdir ki, davam edən status-kvonu köklü şəkildə dəyişdirdiyini, yeni reallıqlar yaratdığını bildirib: “8 Noyabr zəfəri Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi, xalqımızın milli qürur günüdür. Məhz bu tarixi gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazmış, uzunmüddətli erməni işğalına son qoymuşdur. 8 Noyabr zəfəri uzun fasilədən sonra bizə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyə imkan vermişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir nəfər kimi öz dövlətinin, öz Prezidentinin yanında yer almış, yumruq kimi birləşmiş və elliklə fədakarlıq sərgiləmişdir. Gənclərimiz vətənin azadlığı naminə tarixdə misli-bərabəri olmayan qəhrəmanlıq nümunələri göstərmiş, Şuşa kimi strateji şəhəri yüngül atıcı silahlar və yalın əllə azad etməklə bütün dünyanı öz cəsarət və igidlikləri ilə heyrətləndirmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz bu zəfərə gənclərimizin yüksək vətənpərvərlik ruhu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi sayəsində nail olmuşuq. Bu gün bizim əsas missiyamız bu birliyi, bu həmrəyliyi qoruyub saxlamaq, dövlətimizin yanında olmaq, Prezidentimizin hər bir çağırışına dəstək verməkdir. İnanıram ki, qəhrəman Azərbaycan xalqı bu tarixi birliyi bundan sonra da qoruyub saxlayacaq, gənclərimiz anti-Azərbaycan qüvvələrinin hər bir təxribatının qarşısının alınmasında daim mühüm rol oynayacaq”.   Konfransda Azərbaycan Respublikası Milli  Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 44 günlük Vətən müharibəsi əlili Təbriz Zeynalov, Vətən müharibəsi əlili Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri  Firudin Süleymanov da çıxış edib, 8 Noyabr zəfərinin hərbi-siyasi, tarixi-mənəvi önəmindən danışıblar. Tarixi zəfərin suverenliyimizin qarantı olduğunu vurğulayan konfrans iştirakçıları, dövlətimizin Qarabağda həyata keçirdiyi geniş abadlıq-quruculuq işlərinə də diqqət çəkib, Azərbaycanın qalib lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün müstəvilərdə yeni uğurlara imza atacağına inamlarını ifadə ediblər.    

Hamısını oxu
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilə yekun vurdu

Hesabat müşavirəsində Cəmiyyətin sədri Şahvələd Əliyev geniş məruzə ilə çıxış etmişdir. O cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə həyata keçirilən ölkə və beynəlxalq əhəmiyyətli tədbirləri sadalayaraq dövlətimiz üçün yaddaqalan il olduğunu vurğulamışdır. Qarşıdakı ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bir sıra mühüm tədbirləri diqqətə çatdırmışdır. Daha sonra demişdir ki, Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğini və ordumuzun əsas hərəkətverici qüvvəsi sayılan xüsusi hərbi ixtisaslı mütəxəssislərin və peşəkar hərbçi kadrlarının hazırlığı işini ön plana çəkmişdir. Buna görə də Cəmiyyət digər illərdə olduğu kimi qarşıya qoyulan vəzifələrin layiqli icrası üçün 2017-ci ildə də məsuliyyətlə çalışmışdır. Hesabat dövrünün bir sıra tədbirlərlə də yadda qaldığı və Cəmiyyət üçün əlamətdar il olduğu vurğulanmışdır. Cari ilin iyul ayında Cəmiyyətin 5 illik fəaliyyətini əks etdirən 25 dəqiqəlik sənədli hesabat filminin ərsəyə gətirildiyi və 80 səhifədən ibarət “Hərbi vətənpərvərlik” adlı hərbi ictimai-siyasi jurnalının dərc etdirildiyi diqqətə çatdırılmışdır. Xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı işi ilə yanaşı hərbi vətənpərvərliyin təbliği istiqamətində vətəndaşlar və çağırışçılarla aparılan ardıcıl işlər, nəzərdə tutulan və  müvəffəqiyyətlə reallaşdırılan müxtəlif layihə və tədbirlər sadalanmışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə əlaqədar, Azərbaycan Ordusunun sifarişi əsasında hesabat ilində 1730 nəfər çağırışçı sürücü, 228 nəfər aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanaraq xüsusi hərbi ixtisaskeçmə haqqında sertifikatla təmin edilmiş və təyinatı üzrə xidmət yerlərinə göndərilmişdir. Bundan əlavə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 31043 nəfər vətəndaş müxtəlif kateqoriyalar üzrə sürücü kadr kimi hazırlanmışdır ki, bu da ötən illə müqayisədə 14 faiz, yəni 3737 nəfər artıqdır.   Müşavirəyə dəvət olunan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov əməkdaşlara təqdim edilmişdir. O “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin fəaliyyətini yaxından izlədiyini və Cəmiyyətin əhəmiyyətli işlər gördüyünü demişdir. Çıxışının sonunda Cəlil Xəlilov Cəmiyyət sədri Şahvələd Əliyevə və fərqlənən əməkdaşlara təşkilatın General Cəmşid Naxşıvanski yubiley medalını təqdim etmişdir. Cəmiyyətin sədri Şahvələd Əliyev isə öz növbəsində Cəlil Xəlilovu hərbi vətənpərvərlik işində fəal iştirakına görə Cəmiyyətin Fəxri Diplomu və qiymətli hədiyyə ilə mükafatlandırmışdır. Bundan əlvavə işində fərqlənən əməkdaşlara mükafatlar verilmişdir. Sonda 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər açıqlanmışdır.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  görkəmli dövlət xadimi, diplomat və yazıçı Hidayət Orucovun vəfatı ilə əlaqədar olaraq veteranlar adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbr diləyib.  Allah rəhmət eləsin! Veteran.gov.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 1944-cü il təvəllüdlü Hidayət Orucov uzun illər ərzində dövlət idarəçiliyi, diplomatik xidmət və ədəbi yaradıcılıq sahələrində fəaliyyət göstərib. 27 dekabr 2012-ci ildə ona Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Həmin gün Prezident sərəncamı ilə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2019-cu ilin iyul ayında Hidayət Orucov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, 2021-ci il oktyabrın 6-da Qırğızıstandakı səfir vəzifəsindən geri çağırılıb. Hidayət Orucov həmçinin ədəbi yaradıcılığı ilə də tanınıb. Onun poeziya, nəsr, publisistika və tərcümə sahələrində 60-dan çox kitabı nəşr olunub. Əsərləri bir çox dillərə tərcümə edilərək xarici ölkələrdə də maraqla qarşılanıb. Onun “Mən belə yaşayıram”, “Nura qovuşacağıq”, “İntizar”, “Sənsiz”, “Sabaha çox var”, “Dağlar nəğməsi” kimi əsərləri müxtəlif dillərdə işıq üzü görüb və geniş oxucu auditoriyası qazanıb. Hidayət Orucov 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.  

Hamısını oxu
Bir vətən sevdalısının tale yolu- Teyyub Eyyub oğlu Rəhimov

Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə tarixində elə insanlar var ki, onların həyatı bütöv bir vətən sevgisinin, milli ruhun və fədakarlığın simvoluna çevrilib. Belə insanlardan biri də ömrünü xalqına, dövlətinə və torpağına həsr etmiş vətənpərvər döyüşçü Teyyub Eyyub oğlu Rəhimov idi. Teyyub Rəhimov 1 iyun 1951-ci ildə Xızı rayonunda dünyaya göz açmışdı. Uşaqlıq və gənclik illəri Giləzi kəndində keçmiş, orta məktəbi də burada bitirmişdi. Hələ gənc yaşlarından Vətənə bağlılığı, mübariz ruhu və haqq uğrunda qətiyyəti ilə seçilirdi. Sovet Ordusunda hərbi xidmətini başa vurduqdan sonra ailə qurmuş, üç qız və bir oğul atası olmuşdu. Lakin onun həyat yolu yalnız ailə qayğıları ilə məhdudlaşmadı. Azərbaycanın taleyi təhlükə qarşısında qalanda o, bir vətəndaş kimi susmağı özünə rəva bilmədi. 1988-ci ildən başlayaraq Azərbaycan xalqının azadlıq hərəkatına qoşulan Teyyub Rəhimov həmin dövrün ən fəal iştirakçılarından biri kimi tanındı. Meydanlarda səslənən azadlıq çağırışları, xalqın istiqlal arzusu onun həyatının əsas amalına çevrildi. O, milli azadlıq ideyalarının yorulmaz təbliğatçısı idi. Azərbaycan ziyalılarının Moskvanın məşhur Lefortovo həbsxanasında saxlanılmasına etiraz olaraq 1990-cı ilin iyun ayında 17 gün həmin həbsxananın qarşısında aclıq aksiyası keçirməsi onun necə iradəli və qorxmaz insan olduğunu bir daha sübut edirdi. Hətta həmin hadisə Moskvanın “Kommersant” qəzetində də işıqlandırılmışdı. Bu etiraz aksiyası nəticəsində Azərbaycan diasporası məsələyə müdaxilə etmiş, həbs olunan ziyalıların azad olunmasına nail olunmuşdu. Teyyub Rəhimov yalnız sözlə deyil, əməli ilə də Vətənə xidmət etməyi seçmişdi. 1991-ci ildə Azərbaycanın Milli Ordusunun yaradılması barədə qərar qəbul ediləndə ilk könüllülərdən biri olaraq Milli Ordu sıralarına yazıldı. Şıxovda yaradılmış ilk batalyonun tərkibində Qarabağın müdafiəsinə yollandı. Şuşanın Kərkicahan qəsəbəsi uğrunda gedən ağır və qeyri-bərabər döyüşlərdə böyük qəhrəmanlıq göstərdi. 1991-ci ilin dekabrında erməni silahlı birləşmələri və rus ordusunun 366-cı alayına qarşı aparılan döyüşlər zamanı Teyyub Rəhimov ağır yaralandı. Döyüş yoldaşları onu ölümün caynağından çıxararaq Bakıya çatdırdılar. Lakin aldığı ağır qəlpə yaraları nəticəsində hər iki gözünü itirdi. Buna baxmayaraq, o heç vaxt ruhdan düşmədi. Çünki onun qəlbində Vətən sevgisi gözlərindən daha güclü idi. Onun müalicəsi Bakıda, Moskvada və Ankarada davam etdirildi. Türkiyə Cümhuriyyətinin dövlət rəhbərləri Turqut Özal və Süleyman Dəmirəl onun taleyinə xüsusi həssaslıq göstərərək Teyyub Rəhimovun Ankara Qazi Universitetində müalicə almasına şərait yaratdılar. Sonralar Süleyman Dəmirəlin şəxsi qonağı olması da onun şəxsiyyətinə və qəhrəmanlığına verilən böyük dəyərin göstəricisi idi. Həkimlərin bütün səylərinə baxmayaraq, onun sağlamlığını tam bərpa etmək mümkün olmadı. Bir gözünə süni göz yerləşdirilsə də, beynində qalan qəlpənin ağır fəsadları illər sonra öz sözünü dedi. Teyyub Rəhimovun ən böyük arzusu Azərbaycanın işğal altındakı torpaqlarını azad görmək idi. O, daim inanırdı ki, Azərbaycan Ordusu bir gün Qarabağı düşməndən təmizləyəcək. Təəssüf ki, o müqəddəs günü görə bilmədi. 23 avqust 1997-ci ildə beynindəki qəlpənin yaratdığı ağır fəsad nəticəsində dünyasını dəyişdi. Lakin illər sonra onun arzusu gerçəyə çevrildi. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Qarabağ azad edildi. Bu gün hər bir azərbaycanlı inanır ki, Teyyub Rəhimov kimi qəhrəmanların ruhu həmin zəfər xəbəri ilə şad oldu. Onun xatirəsi bu gün də ehtiramla yad edilir. Azərbaycan veteranları onun ailə üzvlərinin təşəbbüsü ilə keçirilən anım mərasimlərində döyüş yoldaşları onun qəhrəmanlığından, mərdliyindən və vətənpərvərliyindən böyük qürurla danışırlar. Döyüş dostlarının xatirələrində Teyyub Rəhimov qorxmaz, sadiq və hər zaman öndə gedən bir vətən oğlu kimi yaşayır. Onun ailəsi də bu müqəddəs yolu davam etdirir. Qızı İlahə Rəhimli atasının vətənpərvərlik ruhunu yaşadan, qazilərə və şəhid ailələrinə daim dəstək olan xeyriyyəçi bir xanım kimi tanınır. O, atasının ağrılarını və Vətən uğrunda itkilərin nə demək olduğunu ürəkdən hiss edir. Buna görə də qazilərin və şəhid ailələrinin yanında olmağı özünə mənəvi borc sayır. Teyyub Rəhimovun həyatı bir insan ömrünün Vətən sevgisi ilə necə ucaldığının canlı nümunəsidir. O, gözlərini itirsə də, Vətənə olan inamını heç vaxt itirmədi. Çünki onun baxışları artıq yalnız gözləri ilə deyil, ürəyi ilə görürdü. Ruhu şad, məkanı cənnət olsun! Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır! Rasim Mirzəyev

Hamısını oxu