Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərini müxtəlif növ silahlardan atəşə tutması nəticəsində qadın və uşaqların həlak olması və xəsarət alması hallarına dair BƏYANATI Oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutmuşdur. “Oktyabrın 11-də gecə saat 2:00 radələrindən etibarən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya qurğuları və raketlərdən açılan atəş nəticəsində mülki əhalinin qəsdən hədəf seçilərək qətlə yetirilməsi davam etməkdədir. Azərbaycan hərbi təcavüzə məruz qalmış ölkə olmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çağırışlarını qəbul etdi. Ermənistanın atəşkəsi kobud şəkildə pozaraq Gəncədə törətdiyi bu terror hadisəsi toqquşmaların gərginləşdirməsinə sübutdur, erməni siyasi-rəhbərliyinin vandal əməllərinin növbəti təzahürüdür. Təəssüflər olsun ki, Ermənistanın hərbi və insanlığa sığmayan cinayətləri hələ də cəzasız qalmaqdadır. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə azərbaycanlılara qarşı baş verən erməni təxribatı vəhşiliyin, vandal davranışın və uşaq qətllərinin bariz nümunəsidir. Beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, eləcə də atəşkəsə məhəl qoymayan Ermənistanın bu qeyri-insani davranışlarına beynəlxalq ictimaiyyət lazımi qiymət verməlidir.. Azərbaycan əhalisinə qarşı soyqırım və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələrini dərhal dayandırmaq mənəvi öhdəlikdir. Biz, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətləri qəti şəkildə pisləyirik, Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək canlarına qəsd edilməsi ilə nəticələnən müharibə cinayətlərinə son qoymasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb edirik. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin raket atəşinə tutulmasını, azərbaycanlılara qarşı baş verən erməni təxribatını, vəhşiliyini, vandal davranışını nəzərə alaraq dünya ictimaiyyətini lazımlı qərarlar qəbul etməyə çağırırıq. Sizlərdən də qətiyyətli addımlar ataraq, bu terrorçu əməllərin qarşısının alınması istiqamətində təcavüzkara layiqli şəkildə münasibət bildirmənizi  xahiş edirik. AzərTac

2020-10-13 00:00:00
3654 baxış

Digər xəbərlər

Xankəndi Azərbaycan iqtisadiyyatının inkişaf barometridir!

Milyonlarla investisiya, minlərlə iş yeri, yüzlərlə obyekt və daha nələr... Diaspor Gənclərinin 6-cı Yay düşərgəsində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Vətən müharibəsindən bugünə qədər sözügedən ərazidə  həyata keçirilən iqtisadi layihələrlə bağlı maraqlı statistika ilə çıxış edib. Elçin Yusubovun sözlərindən məlum olub ki, investorlar tərəfindən bu əraziyə 56 milyon manatdan çox investisiya qoyulub. Xankəndi şəhərində 374, Ağdərə rayonunda 35, Xocalı rayonunda 97 obyekt sahibkarların istifadəsinə verilib və bu obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib. Hansı ki, yaxın gələcəkdə iş yerlərinin sayının 5 mini ötəcəyi planlaşdırılır. Hazırda işğaldan azad edilən bu ərazilərdə fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən geniş güzəştlər tətbiq edilir ki, bu da iş adamları üçün ciddi stimul və dəstək deməkdir. Elçin Yusubovun Diaspor Gənclərinin 6-cı Yay düşərgəsindəki çıxışı Xankəndinin timsalında işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafından xəbər verir. Bu inkişafın göstəriciləri isə kifayət qədər aydın və çoxsaylıdır. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına investorlar tərəfindən 56 milyon manatdan çox vəsaitin qoyuluşu bu ərazilərə investorlar tərəfindən marağın kifayət qədər böyük olduğunu göstərir. Bu rəqəm onu deməyə əsas verir ki, işğaldan azad edilən torpaqlar sahibkarlar üçün öz  cazibəsini sürətlə artırmaqda, onlar üçün ciddi maraq kəsb etməkdədir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına qısa zamanda 56 milyon manat investisiyanın qoyuluşu bu tendensiyanın yaxın gələcəkdə daha da genişlənəcəyindən xəbər verir. Elçin Yusubovun təqdim etdiyi statistikada qürur doğuran faktlardan biri də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına yüzlərlə obyektin sahibkarların ixtiyarına verilməsidir. Bu, ölkəmizdə sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, ona yeni və mühüm güc qazandırmaq deməkdir. Açıqlamada diqqət çəkən digər bir məqam bu obyektlərdə 2 mindən çox şəxsin işlə təmin edilməsi, yaxın vaxtlarda bu göstəricinin 5 min nəfərə qədər artırılmasının planlaşdırılması ilə bağlıdır. Təqdim edilən rəqəmlər sübut edir ki, işğaldan azad edilən bu torpaqlarda məşğulluğun həlli, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət və güclü əzm sərgiləməkdədir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafının hər vəchlə təşviq edilməsi bu ərazilərdə məskunlaşan soydaşlarımızın işlə təminatını yaxşılaşdırmaqda, bu torpaqlarda həyatı dirçəltməkdədir. Göründüyü kimi, bu gün Xankəndi sadəcə sürətlə inkişaf edən, çiçklənən şəhər deyil. Xankəndi həm də Azərbaycan iqtisadiyyatının inkişaf barometridir. Bu barometr ölkə iqtisadiyyatının necə sürətlə böyüdüyündən, necə çiçəkləndiyindən xəbər verir. Məlum statistika onu deməyə əsas verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları yaxın gələcəkdə iqtisadi baxımdan sürətlə inkiaşf etməkdə davam edəcək, yalnız Azərbaycana deyil, bütün regiona yeni iqtisadi möcülər bəxş edəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Qarabağ atları və milli musiqimiz Avropada böyük maraqla qarşılanmışdır

Veteran.gov.az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən bildirir ki, Almaniyanın Aachen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan CHIO Aachen çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak etmişdir. 1898-ci ildən təşkil olunan və artıq bir əsrdən çox tarixə malik olan CHIO Aachen beynəlxalq atçılıq aləmində “Atçılıq idmanının Wimbledonu” kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən bu möhtəşəm tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, həmçinin dünya reytinqində ilk 100-lükdə qərarlaşan tanınmış idmançılar iştirak etmişlər. Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən minlərlə tamaşaçı və beynəlxalq media nümayəndəsinin qatıldığı tədbir bu il də yüksək təşkilatçılığı və möhtəşəm atmosferi ilə yadda qalmışdır. Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin CHIO Aachen orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunmuş, təqdim edilən musiqi kompozisiyaları tədbirə xüsusi rəng qatmışdır. Möhtəşəm şou proqramında musiqi, atçılıq sənəti və səhnə elementlərinin vəhdəti iştirakçılara unudulmaz anlar yaşatmışdır. Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurmuş, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü Azərbaycanın zəngin atçılıq mədəniyyətinin beynəlxalq arenada nümayişi baxımından xüsusi əhəmiyyət daşımışdır. Qeyd edək ki, Aachen şəhəri 2026-cı ildə keçiriləcək FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcəkdir. Bu baxımdan CHIO Aachen hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzlərindən biri hesab olunur və burada Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilir.    

Hamısını oxu
Suraxanı rayonunda şəhid Osman Manafovun xatirəsinə inşa edilən bulaq-abidə kompleksinin açılışı olub

Veteran.gov.az xəbər verir ki, sentyabrın 13-də Suraxanı rayonunda Vətən müharibəsinin növbəti şəhidi, əsgər Manafov Osman Natiq oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilən bulaq-abidə kompleksinin açılışı olub.   Açılışda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Birliyin əməkdaşları, RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Suraxanı Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Vətən Müharibəsinin Şəhid ailələri və qazilər, eləcə də Şəhidimizin ailə üzvləri və yaxınları iştirak etmişlər.   Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, həyata keçirilən düşünülmüş siyasətin və vaxtında atılan addımların nəticəsidir ki, biz bu gün qalib ölkəyik. Ölkə başçımız dahi siyasətçi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli varisi kimi onun vəsiyyətini həyata keçirdi və arzuladığı Qarabağı azad etdi. O, həm də bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır. Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan RİH başçısı həmçinin qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edən dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı.   44 günlük Vətən müharibəsində öz canından keçərək şəhidlik məqamına ucalan Osman Manafov da adını əbədiyaşarların cərgəsinə yazdı. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşan Osman Manafov Xocavənd döyüşləri zamanı şəhid olub. İllər keçsə də, gələcək nəsillər Osman kimi vətən oğullarımızı hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Qeyd edək ki, Osman Manafov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti” mövzusuna həsr olunmuş Konfrans keçirilib.   Konfransı giriş sözü ilə açan Təşilatın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov qonaqları salamlayıb, Şuşa Bəyannaməsi, bu Bəyannamənin tarixi-siyasi əhəmiyyəti ilə bağlı giriş sözü ilə çıxış edib. Daha sonra Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Çıxış üçün ilk söz Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın  rəhbəri, fəlsəfə doktoru cənab Tahir Budaqova verilib. YAP sədrinin müavini çıxışında Şuşa Bəyannaməsini müxtəlif aspektlərdən şərh edib, bu Bəyannamənin iki dövlət arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Firdovsiyyə xanım Əhmədova „Şuşa Zirvəsinin tarixi zəmini və əhəmiyyəti“ mövzusundə məruzə edib, Şuşa Bəyannaməsinin tarixi önəminə diqqət çəkib.   Akademik Ziyad Səmədzadə „Türkiyə və Azərbaycan iqtisadi əməkdaşlığı müasir vəziyyət və çağırışlar“ mövzusundakı çıxşında Azərbaycan və Türkiyənin hər zaman bir-brilərinin marağını qətiyyətlə müdafiə etdiyini bildirib, bununla bağlı konkret nümunələr göstərib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun məhz onun rəhbərliyi altında tarixi uğura imza atdığını bildirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə öz çıxışında Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə açdığını bildirib, bu əməkdaşlığın türk dünyasının birliyi və tərəqqisi baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb.   Daha sonra Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə ünvanlanan müraciətin mətnini oxuyub.   Konfrans iştirakçıları 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində böyük zəfərə nail olan,  Azərbaycanın ərazi bütövlüyün təmin edən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı ilə təltif edilməsi təklifi ilə çıxış edib, bununla bağlı yekdil mövqe ifadə ediblər.   Konfrans hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifası ilə başa çatıb.   Konfransın sonunda ölkə başçısına ünvanlanan müraciətin mətni.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 23 iyun 2021-ci il tarixdə keçirilmiş “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti” mövzusuna həsr olunmuş Konfrans iştirakçıları adından   Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə   M Ü R A C İ Ə T   Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!   Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı dostluq və qardaşlıq münasibətləri hazırda ölkələrimizin həyatının bütün sahələrini əhatə etməklə, ardıcıl, dinamik şəkildə inkişaf edir. Tarixin bütün sınaqlarından uğurla çıxan Azərbaycan–Türkiyə dostluğu hər iki dövlətin güclənməsi, ölkələrimizin tərəqqisi və eyni kökdən gələn xalqlarımızın rifahı üçün möhkəm zəminə çevrilmişdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri hazırda bu münasibətlərin əsasını təşkil edən möhkəm təməl prinsiplərinə çevrilmişdir. Dərin tarixi, milli-mənəvi köklərə malik olan, ölkələrimizin birgə maraqlarına xidmət edən və strateji mahiyyət daşıyan Azərbaycan–Türkiyə münasibətləri son vaxtlar öz inkişafının yeni bir mərhələsinə, müttəfiqlik səviyyəsinə ucalmışdır. 30 ildən çox davam edən erməni işğalına son qoymaq, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün 44 günlük müqəddəs Vətən müharibəsi bunun əyani və birmənalı təsdiqi olmuşdur. Ədalətin bərpası naminə  apardığımız haqq savaşında Türkiyə, onun qətiyyətli siyasi rəhbərliyi və qardaş xalqı ilk gündən mənəvi-siyasi dəstəyi ilə Azərbaycan xalqının yanında olmuşdur. 2020-ci ilin 27 sentyabrından başlanan, ötən dövrdə bir an belə dayandırılmayan bu qardaşlıq missiyasının zirvəsi isə 2021ci il iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iki dövlətin Prezidenti tərəfindən imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi oldu. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılmaqla, birgə kökə bağlılığımızı, keçmişə sədaqətimizi bir daha nümayiş etdirir, gələcək nəsillərə yol göstərir. Bəyannamədə nəzərdə tutulan genişmiqyaslı tədbirlər hər iki qardaş ölkə ilə yanaşı, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə iqtisadi və sosial inkişafa nail olunmasına, eləcə də region dövlətləri arasında Ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ümumxalq birliyinə söykənən münasibətlərin normallaşdırılmasına və uzunmüddətli sülhün təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu Bəyannamə, eyni zamanda, 44 günlük Vətən müharibəsində azad etdiyimiz, tarixi sahibinə qaytarılmış Qarabağımızın təqdimatı, onun tacı olan Şuşamızın və digər rayonlarımızın həyatında yeni mərhələnin başlanğıcı, dirçəlişinin siyasi qarantı olacaq mühüm səhifəsidir. Mədəniyyət paytaxtımız olan Şuşada imzalanan bu sənəd həm də tarixi qala şəhərimizin imzasının yenidən imzalar arasında görünməsi, onun Azərbaycana məxsusluğunun birmənalı təsdiqi kimi dünyaya bəyan edilməsidir.   Möhtərəm Prezident, Cənab Ali Baş Komandan!   Əzəli torpaqlarımızı erməni faşistlərinin işğalından azad edərək doğma Azərbaycanımıza, onun xalqına, o cümlədən biz veteranlara yaşatdığınız Böyük Zəfər qüruruna, bu gün Qarabağımızda başlatdığınız, həmin əraziləri yenidən gülüstana döndərəcək genişmiqyaslı quruculuq işlərinə və bütün bunların reallaşmasına siyasi-diplomatik müstəvidə yaratmaqda olduğunuz möhkəm zəminə görə Sizə bir daha tükənməz sevgimizi və sonsuz minnətdarlığımızı çatdırırıq.   Siz Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq azad, müstəqil Azərbaycanımızın veteranlarına çox böyük hörmətlə yanaşır, onlara daim diqqət və qayğı göstərirsiniz. Konfrans iştirakçıları və veteranlar  adından Sizə bir daha dərin ehtiramımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildirir və fəxrlə bəyan edirik: Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, yaşasın Azərbaycan xalqı, Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!”

Hamısını oxu