Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib. AZƏRTAC videomüsahibəni təqdim edir. -Hər vaxtınız xeyir. Biz Bakıdayıq və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşürük. Mən, Yuliya Şarifulina TASS agentliyi adından cənab Prezidentə Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı bir neçə sual verəcəyəm. - Salam, cənab Prezident. Prezident İlham Əliyev: Salam. - Sağ olun ki, bizi qəbul etməyə razılıq vermisiniz. Aydındır ki, son vaxtlar Siz kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr vermisiniz. Lakin vəziyyət sürətlə dəyişir. Biz bunu hər gün müşahidə edirik. Biz bəlkə də hələ zamana uyğun olmayan və Sizin ölkənin mövqeyini daha yaxşı anlamaqda bizim auditoriyaya kömək edəcək bəzi baza məsələləri üzərində daha ətraflı dayanmaq istərdik. Biz hamımız Moskvada 11 saatlıq danışıqlar marafonunun şahidləri olduq. Siz necə hesab edirsiniz, əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmaq mümkündür, yoxsa həmin atəşkəs tamamilə pozulub? - Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin görünür, onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. Yeri gəlmişkən, yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər. Vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq. - Sizin ölkəniz hərbi xətt üzrə təcili görüş keçirilməsinin zəruri olması fikrinə razıdırmı? Rusiya bunu deyir. Yəni, əgər Sizin ölkə razıdırsa, onda həmin görüş hansı formatda, hansı tərəflərin iştirakı ilə keçirilə bilərdi? - Bilirsinizmi, indiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq. Hərbçilər arasında əlaqələr məsələsinə gəldikdə isə bu məqamlar baza prinsiplərində dəqiq müəyyən edilib və biz baza prinsiplərinə sadiqik, onların barəsində danışmışam, zənnimcə, təkrarlamağın mənası yoxdur. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb. Ermənistan tərəfi də müxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Buna görə indi sizin müraciət etdiyiniz məsələ baza prinsiplərində razılaşmanın sonundadır. İşğala son qoyulması ilə bağlı bütün məsələlər nizamlandıqda xarici sülhməramlı qüvvələrin iştirakı nəzərdə tutulurdu. Lakin nizamlanması tələb edilən əsas məsələlər razılaşdırılmadığına görə, tərəflər bu məsələyə hələ də başlamayıblar. Buna görə həmin qüvvələrin kimlərdən ibarət olacağı, orada hansı beynəlxalq qurumların, hansı ölkələrin təmsil olunacağı barədə dəqiq anlayış yox idi. Odur ki, bütün bu məsələlər müzakirə edilmirdi. Lakin aydın idi ki, sülhməramlı qüvvələrin tərkibi Azərbaycan və Ermənistan ilə razılaşdırılmalıdır. Həmin qüvvələrin dislokasiya yerləri də müəyyən edilməmişdir. Ona görə, bu gün təmas xəttinin olmadığı, status-kvonun pozulduğu, - onu biz pozmuşuq və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Biz bu bəyanatları eşitmişik, lakin onların implementasiyasını görməmişik. Buna görə biz özümüz onu implementasiya etdik. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur. Hərbi müşahidəçilər texniki baxımdan necə və harada yerləşdirilə bilər? Axı, döyüş meydanında vəziyyət hər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni, bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu, öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük riskdir. Ona görə də bütün bunlar - sülhməramlıların tərkibi, mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır. Əlbəttə, bütün bunlar baza prinsipləri çərçivəsində olmalıdır, həmin prinsipləri isə artıq dediyim kimi, biz qəbul edirik, amma erməni tərəfi təkzib edir. - Lakin hər halda, vəziyyət tələb edərsə, Sizin ölkəniz rusiyalı hərbi müşahidəçilərin yeridilməsinə razılaşarmı? Əgər rusiyalılar olmasa, bu missiyada daha hansı ölkələr iştirak edə bilərdi? Siz hansı ölkələrin iştirakına qəti etiraz edərdiniz? - Bilirsiniz, ABŞ və Fransa kimi Rusiya da ATƏT-in Minsk qrupunun həmsədridir və bu mandat çərçivəsində ölkələr öz arasında çox sıx qarşılıqlı fəaliyyət göstərir. İndi, münaqişənin qaynar fazası dövründə mən həm Qərb mətbuatında, həm də Rusiya mətbuatında müşahidə edirəm ki, Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələdir. Yəqin ki, bu, həqiqətən belədir. Ona görə ki, haraya baxsaq hər yerdə sanksiyalar, qarşıdurmalar, narazılıqlar və sair, özü də qarşılıqlı. Buna görə, əlbəttə, mən əminəm ki, həmsədrlik formatı çərçivəsində bu məsələ həmin ölkələr arasında razılaşdırılmalıdır. Bu məsələ razılaşdırılandan sonra tərəflərə təqdim edilməlidir. Yəni, bütün bunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görə sülhməramlıların və ya indi adlandırmaq istədikləri kimi desək, müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər. Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. Buna görə mən düşünmürəm ki, bu məsələnin birtərəfli qaydada həlli hansısa hərbi kontingentin müəyyən edilməsi üçün üç həmsədr ölkə arasında əməkdaşlığın ruhuna uyğun olardı. Ən başlıcası, onlar harada olacaq? Budur məsələ. İş onda deyil ki, Azərbaycan razılaşacaq və ya razılaşmayacaq. Biz mandatı - onun, necə deyərlər zaminini, funksiyalarını, yerləşdiyi məkanı, fəaliyyətini bilməliyik. Onlar dağlarda və ya boş bir sahədə dayanıb kimin haraya atəş açmasını müşahidə edəcəklər? Əvvələn, bu, təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidə etmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nə olsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayət işləri açılacaq? Buna görə, ilk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır. Rusiya KİV-lərinin nümayəndələri ilə bizim paralel əlaqələrimiz çərçivəsində mən aydın demişəm ki, biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik. Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində, danışıqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30 il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoya yenidən qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq. Bax, onda gəlin müşahidəçilər məsələsini müzakirə edək. Mənim fikrimcə, bu məsələ tezliklə razılaşdırıla bilər. Lakin bunlar olmadıqda, bizə mahiyyət etibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldan azad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki, Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy, erməni tərəfi desin, qoy, Ermənistanın çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn baş naziri desin ki, bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılacaq. Mən qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikinin verilməsini də təklif etmişdim. Sonra biz Moskvada birgünlük danışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün olmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə, biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi belə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər. - Prinsip etibarilə nizamlamanın ardıcıllığı barədə danışmalı olsaq, Azərbaycanda yeddi rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması, lakin Qarabağın qəti statusu müəyyən edilənə qədər Laçın dəhlizinin Ermənistanın nəzarəti altında saxlanılması şərti ilə nizamlamaya başlamağa razıdırlarmı? - Bilirsiniz, axı bütün bunlar baza prinsiplərində yazılıb və biz bunu qəbul etmişik. Bizim mövqeyimiz həmişə çox konstruktiv olub və biz həmişə demişik ki, bəli, biz anlayırıq, insanlar arasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Hazırda Ermənistan bu imkandan məhrum deyil, lakin bunu Azərbaycan ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu, hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdən asılı deyil. Yəni, bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə, - münaqişə başlayana qədər orada yaşayan bütün əhalinin 25 faizi azərbaycanlılar idi, - qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiq edirik. - Cənab Prezident, sirr deyil ki, Rusiya Yaxın Şərqdən, xüsusən Suriya və Liviyadan münaqişə zonasına silahlılar gətirilməsi barədə xəbərlərə görə narahatlığını bildirib. Siz bunu necə şərh edərdiniz? - Mən bu barədə dəfələrlə açıq demişəm ki, bu cür narahatlıqlar əsassızdır. İndiyə qədər bizə heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və biz xahiş etdik ki, bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin. İndiyə qədər bizə sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusi xidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Yaxşı, əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün bizə faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edirlər. Bilirsiniz, indi nə istəsən yazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik və bəyənmirik. Bu, birincisi. İkincisi, mən artıq demişəm ki, Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüz var. Biz hətta səfərbərlik elan etməmişik – nə üçün? Bizə lazım deyil. Biz qismən səfərbərlik elan etdik, neçə nəfər cəlb etməyimiz barədə rəqəmlər göstərmək istəmirəm. Lakin onlardan əsasən azad edilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə nəzarətin təmin olunması üçün istifadə edirik. Biz ehtiyatda olanları döyüşə buraxmırıq, hazırda onlar bizim azad etdiyimiz ərazilərdə yerləşirlər ki, erməni tərəfin təxribat cəhdlərinin qarşısını alsınlar. Buna görə faktlar yoxdur, zərurət yoxdur. Yalnız qeybətlər, şayiələr var. Açıq deyim, mən təəssüflənirəm ki, belə söz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhd göstərilir. Eyni zamanda, erməni tərəfin alçaldılmış vəziyyətdə olması bizə aydındır. Onlar bütün bu illər ərzində qürrələnir, özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar. Belə halda onlar, əlbəttə, güman etmək və ya təsəvvür etmək istəyirlər ki, bunu edən Azərbaycan Ordusu deyil, hansısa terrorçular və ya hansısa ölkələrdir. Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən, bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi. Ona görə ki, əgər Rusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, kəş üsulu ilə nağd pulla ödənilir və daşınırsa, araşdırmaq lazımdır, bu, necə ola bilər? Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır. “Terrorçular” məsələsinə gəldikdə isə bunlar hamısı əsassız sözlərdir. - İlham Heydər oğlu, amma 26 il ərzində dünya hər halda başa düşməyib ki, Ermənistan ilə Azərbaycan arasında Qarabağ üzrə yekun razılaşma necə görünə bilərdi. Siz bunu necə görürsünüz, hər halda sülh naminə hansısa güzəştlər mümkündürmü? - Bilirsiniz, mən yenə də demək istəyirəm ki, Minsk qrupunun həmsədrləri heç bir nəticəyə nail olmasalar da, - buna görə də haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar, - lakin mən son 17 ildə bu məsələ ilə praktik surətdə gündəlik rejimdə məşğul olan və bu illər ərzində vaxtının çox hissəsini məhz həll yolu tapmağa sərf etmiş bir insan kimi deməliyəm ki, Minsk qrupu səy göstərib, təkliflər verib, fəaliyyətsiz qalmayıb. Buna görə də mən bu cür əsassız ittihamları rədd edirəm. Bu, belə deyil. Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərin razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsini müzakirə edirdik. Yəni, biz müddəti müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də Minsk qrupunun şübhəsi yox idi. Düşünürəm ki, Minsk qrupunun o vaxt bu məsələdə iştirak edən sabiq həmsədrləri bunu təsdiqləyə bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayon həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla qətiyyən razı ola bilməzdim. Odur ki, mən yenə də sizin sualınıza qayıdıram, Minsk qrupu nizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın normalarına tamamilə uyğun gəlir. Çünki Ermənistan prezidentlərindən biri ermənilərin və azərbaycanlıların milli uyuşmazlığından danışarkən, o, bir daha özünün faşist mahiyyətini nümayiş etdirib. Niyə azərbaycanlılar və ermənilər Rusiyada sakit yaşaya, ümumi biznesə, qarışıq ailəyə sahib ola bilirlər? Niyə bəzi gürcü kəndlərində ermənilər və azərbaycanlılar bir yerdə yaşayır, həm müsəlman, həm də xristian bayramlarını qeyd edirlər? Niyə Azərbaycanda minlərlə erməni bizim vətəndaşlarımız kimi layiqli həyat yaşayır? Buna görə də bu cür faşist niyyətli tezislər, əlbəttə ki, nizamlamaya kömək etmirdi. Beləliklə, sadaladığım bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələrini dərc edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonun hamısını da oraya daxil ediblər. Onlar bizim bütün şəhərlərimizin, kəndlərimizin adlarını dəyişiblər. Bizim döyüş meydanında gördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiə xəttini yarıb keçmək deyildi. Biz gördük ki, onlar bu əraziləri verməyə hazırlaşmırdılar. Ona görə ki, orada o qədər iş görülmüşdü, mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər sərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan çıxıb getməyə hazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başa çatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə tam informasiya təqdim edəcəyik. Buna görə bir daha demək istəyirəm ki, indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. O, Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası “Çıxış” adlanırdı – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər. Buna görə də mən, düzünü desəm, Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə təəccüblənirəm. Onların gecə vaxtı Gəncə şəhərinə ballistik raketlərdən zərbə endirməsi, özü də mümkün qədər daha çox insanı məhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsi qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanında cavab verirlər. Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Buna görə də sualınıza qayıdıram, biz baza prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, nə qədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı var. - Sonda məntiqə uyğun olardı soruşum ki, Siz Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistandan olan həmsöhbətinizlə görüşmək üçün Moskvaya gəlməyə hazırsınızmı? - Bilirsiniz, mən Moskvada çox olmuşam. İndiki halda mən belə dəvət almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxsən Prezident Vladimir Vladimiroviç Putin və ondan əvvəl Dmitri Anatolyeviç Medvedev Ermənistan və Azərbaycan rəhbərləri arasında üçtərəfli görüşlər keçiriblər. Lakin Ermənistanda hakimiyyət şərti Sorosun əlinə keçəndən sonra bu cür əlaqələr dayandırıldı. Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və mən bu barədə demişəm, bunun üçün həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəblər var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklərboyu bizim regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də biz hər cür əlaqəyə hazırıq, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi biz dərhal razılaşdıq. Bu da bizim mövqeyimizin göstəricisidir. Axı, o vaxt Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi və bu, münaqişənin təqribən on gündən çox davam etdiyi vaxt baş vermişdi. Kimin nəyə qadir olması praktik olaraq artıq hamıya aydın idi. Döyüş əməliyyatlarının sonrakı gedişatını təxmin etmək, yəqin ki, çox çətin deyildi. Lakin buna baxmayaraq, biz vaxtı uzatmadıq və ya imtina etmədik. Biz dedik, bəli, biz hazırıq. O vaxt Rusiya Prezidenti ilə söhbət zamanı dedim ki, mən naziri göndərirəm, yeri gəlmişkən, Xarici İşlər naziri həmin vaxt Cenevrədə idi, Minsk qrupu ilə danışıqlar aparırdı. Münaqişənin qaynar fazasında bizim nazir Cenevrədə idi, erməni nazir isə oraya gedib çatmadı, hərçənd o da, orada olmalı idi. Buna görə biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik. -Cənab Prezident, müsahibəyə görə sağ olun. -Siz sağ olun.

2020-10-20 00:00:00
2646 baxış

Digər xəbərlər

“BDU rektorunun rəhbərliyi altında belə bir hesabatın hazırlanması faydalı və təqdirəlayiqdir”

“Çalışmalıyıq ki, dünya erməni faşizmini tanısın və ədaləti dəstəkləyənlərin sayı çoxalsın”   Azər Badamov: “Ermənistanla informasiya müharibəsinin davam etdiyi bir zamanda bu cür hesabatlar mühüm əhəmiyyətə malikdir”   Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlsə də, Ermənistanla informasiya cəbhəsində mübarizə davam edir. Ermənistanın vaxtiylə işğalda saxladığı torpaqlarımızda törətdiyi vəhşiliklərin ifşası, rəsmi İrəvanın son 30 ildə vurduğu maddi-mənəvi ziyana görə kompensasiya ödəməsinin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu baxımdan Bakı Dövlət Univbersitetinin rektoru Elçin Babayevin ideya müəllifliyi və rəhbərliyi altında hazırlanan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində hazırlanan sözügedən hesabat dünyanın əksər dövlətlərinin rəsmi dairələrinə, o cümlədən vətəndaş cəmiyyəti institutlarına təqdim ediləcək.   Məlum hesabatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, bu cür layihələrin milli maraqlarımız baxımından böyük önəm kəsb etdiyini vurğulayıb:   “Ermənistanla müharibə döyüş meydanında bitsə də, informasiya məkanında davam edir. Vətəni sevən hər bir şəxs özünün informasiya yaymaq imkanından istifadə edərək erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışmalıdır.   BDU rektorunun rəhbərliyi altında belə bir hesabatın hazırlanmasını faydalı və təqdirəlayiq hesab edirəm. Dünya ictimaiyyəti torpaqlarımız işğal altında olduğu 30 ildə azərbaycanlıların tarixi, mədəni abidələrinə, o cümlədən insanlığa qarşı törətdikləri vəhşilikləri bilməlidir. Belə olan halda ermənilərin əsl faşist sifəti haqqında beynəlxalq ictimaiyyət məlumatlı olar və ədaləti dəstəkləyənlərin sayı çoxalar. Bu baxımdan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ın ingilis dilində dünya dövlətlərinə yayılması olduqca əhəmiyyətlidir. Bu, beynəlxalq ictimaiyyətin erməni vəhşiliyi, Azərbaycan məcburi köçkünlərinin pozulan hüquqları haqqında daha aydın və ətraflı məlumat almasının təmin edilməsi baxımından mühüm önəm kəsb edir. Düşünürəm ki, dünya ictimaiyyətinin konkret və inkaredilməz faktlarla zəngin olan bu cür hesabatlar vasitəsi ilə məlumatlandırılması, sadəcə yaxın keçmişdə baş verən olayların tanıdılması deyil, həm də gələcək fəaliyyətimizin stimullaşdırılması, Ermənistana yönəlik siyasi və hüquqi sahədə daha effektiv addımların atılması baxımından faydalıdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Səmyar Abdullayev: “Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanına çevrilməsi bütün regionun inkişafı üçün geniş imkanlar açır” Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, bu konfrans zamanı keçirdiyi görüşlər, verdiyi müsahibə və səsləndirdiyi bəyanatlar bütün dünyada böyük marağa səbəb olub. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə müsahibəmizdə dövlət başçısının bu konfransdakı iştirakı ilə yanaşı, digər məqamlar haqqında da söhbət etdik: -Səmyar bəy, Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Münxen Təhlükəsizlik Konfransında iştirak etdi, medianın suallarını cavablandırdı, bir sıra ciddi bəyanatlar verdi. Bilmək istərdik ki, bu konfrans və dövlət başçımızın məlum konfrans əsnasında keçirdiyi görüşləri Azərbaycanın maraqları baxımından necə dəyərləndirirsiniz? -Şübhəsiz ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı mühüm hadisədir və bu, bir neçə aspektdən şərh edilməlidir. Hər şeydən öncə qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinin verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər dövlətimizin sülh və təhlükəsizliyə bir nömrəli prioritet məsələ kimi yanaşdığını göstərdi. İlham Əliyevin verdiyi bəyanatlar sübut etdi ki, dövlətimiz bütün dünyada sülhün bərqərar edilməsini vacib hesab edir və bu mənada Cənubi Qafqazda uzunmüddətli və etibarlı sülhün formalaşması mühüm əhəmiyyətə malikdir. Münxen Təhlükəsizlik Konfransda Azərbaycan Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturasını bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, yalnız dialoq və birgə əməkdaşlıq sayəsində müharibə və münaqişələrdən uzaq beynəlxalq sülh modelinin yaranması təmin edə bilər. Dövlət başçısı konfrans zamanı verdiyi müsahibələrdə ötən ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına da toxundu və bildirdi ki, dövlətimiz sona qədər sülh siaysətini dəstəkləməkdə qərarlıdır. Bir sözlə, hesab edirəm ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinin bir daha aydın şəkildə dünyanın diqqətinə çatdırılması baxımından son dərəcə əhəmiyyətli oldu. Bu konfrans həm də Azərbaycanın təhlükəsizik sahəsində artan rolunu üzə çıxardı. -Prezident İlham Əliyev mediaya verdiyi müsahibəsində vurğuladı ki, sülh üçün əsas addım Vaşiqntonda atılıb və sülh mətninin imzalanması Ermənistan konstitusiyasındakı dəyişiklikdən asılıdır. Sizcə bu açıqlamadan sonra demək olarmı ki, artıq sülh və onun sonrakı taleyinə görə məsuliyyət Ermənistanın üzərinə düşür? -Şübhəsiz. Prezident İlham Əliyevin də açıqlamalarında yer aldığı kimi, Azərbaycan sülh üçün üzərinə düşən bütün addımları atıb və məhz dövlətimizin səyi nəticəsində 8 avqust 2025-ci il tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması mümkün olub. Lakin sülh prosesinin daha da irəli getməsi, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öz konsitusiyasıdna zəruri dəyişikliklər etməsi vacibdir. Çünki bu gün də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur ki, bu da sülhün gələcəyini şübhə altına atır. Azərbaycan isə müvəqqəti deyil, uzunmüddətli sülh arzulayır. Hansı ki, bu sülh bütün region dövlətlərinin maraqlarına cavab verir. Bu səbəbdən də Münxendə jurnalistlərin suallarını cavablandıran İlham Əliyev bəyan etdi ki, Ermənistan konstitusiyasındakı ərzi iddialarının ortadan qaldırılması vacibdir. Bu, sülh yolunda yeganə ciddi maneədir və bundan dərhal sonra sülh müqaviləsini imzalamaq mümkündür. Bu mənada, sülhün bundan sonrakı taleyi ilə bağlı məsuliyyət, heç şübhəsiz ki, Ermənistanın üzərinə düşür. Ermənistan konstitusiyasında zəruri dəyişiklikləri nə qədər tez etsə, sülh müqaviləsi də bir o qədər tez imzalanar. Bu isə regionun tərəqqisi baxımından vacibdir.   -Səmyar bəy,  Prezident İlham Əliyev fevralın 13-də “France 24” telekanalına da müsahibə verdi və müsahibəsində Bakıda məhkəmə hökmü ilə uzunmüddətli həbs cəzasına məhkum edilən erməni separatçılarının əfv edilməyəcəyini vurğuladı. Sizcə dövlət başçısının bu açıqlaması Azərbaycan dövlətinin cinayətkarlara, uşaq qatillərinə qarşı prinsipial mövqeyi kimi dəyərləndirilə bilərmi? -Əlbəttə. Cənab Prezident məlum müsahibədə jurnalistin israrlı suallarına qətiyyətlə cavab verdi və bildirdi ki, separatçılara münasibətdə heç vaxt heç bir bağışlamadan söhbət gedə bilməz. Dövlət başçısı qeyd etdi ki, onlar alman faşistlərindən daha ağır cinayətlər törədiblər və buna görə də Nürnberq məhkəməsi onları bağışlamadığı kimi, Azərbaycan da bağışlamayacaq. Prezident İlham Əliyevin erməni separatçıları ilə bağlı açıqlamasında diqqət çəkən məqmlardan biri də dövlət başçısının erməni cəlladlarının törətdikləri cinayətləri bir kəs daha – özü də ermənipərəst Fransa dövlətinə bağlı “France 24” telekanalında ifşa etməsi oldu. Azərbaycan Prezidenti dəmir arqumenti ilə sübut etdi ki, onları bağışlamaq sadəcə olaraq mümkün deyil. Çünki onlar bağışlanmaq üçün ən kiçik imkan, ən kiçik ümid yeri belə qoymayıblar. Buna görə də məhkəmənin bu şəxslər haqqında verdiyi hökmlər tam ədalətlidir və bu digərlərinə də görk olmalıdır. -Cari ilin 10 fevral tarixində ABŞ-ın Vitse-prezidenti  Ceyms Devid Vens də ölkəmizə səfər etdi və səfər əsnasında iki dövlət arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Mümkünsə bu səfər və eləcə də Strateji Tərəfdaşlıq Xartiyası ilə bağlı fikirlərinizi bilmək istərdik. -Dünyanın bir nömrəli supergücü olan ABŞ-ın Vitse-prezidentinin ölkəmizə səfər etməsi heç şübhəsiz Ağ Evin Azərbaycana, dövlətimizin Cənubi Qafqazdaki lider mövqeynə verdiyi önəmi əks etdirir. Bu səfər sübut edir ki, ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlığa xüsusi önəm verir. Bunun səbəbi sadəcə dövlətimizin regonal güc olması ilə bağlı deyil. Bunun səbəbi həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm rol oynaması və bu rolu dinamik şəkildə artırmasıdır. Səfər zamanı ABŞ-la Azərbaycan arasında Strateji Tərəfdsaşlıq Xartiyası imzalandı ki, bu da mühüm siyasi əhəmiyyətə malikdir. Bu sənəd iki dövlət arasındakı münasibətlərin strateji səviyyəyə yüksəldiyini, sürətlə inkişaf etdiyini göstərir. Bu, həm də regional təhlükəsizliyin təminində ABŞ-ın Azərbaycanın aparıcı gücünə verdiyi önəmi əks etdirir. Strateji Tərəfdaşlıq Xartiyasında iki dövlət arasında bir çox sahələrdə, xüsusilə də təhlükəsizlik sahəsində geniş əməkdaşlığı nəzərdə tutulur ki, bu da dövlətimizin, Prezidentimizin strateji uğurudur.  Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycana imkan verəcək ki, regional təhlükəsizliyin etibarlı təminatına daha çox töhfə versin və bu məsələdə tərəfdaş kimi ABŞ-ın imkanlarından da faydalansın. Bu baxımdan Vensin Azərbaycana səfərini və iki dövlət arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasını tarixi hadisə hesab edir, hər mənada yüksək qiymətləndirirəm. -Sizcə dövlətimizin yürütdüyü sülh və təhlükəsizlik siyasəti Azərbaycan və region xalqlarının rifahına, real sosial durumuna necə təsir göstərəcək? -Şübhə yoxdur ki, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın yürütdüyü sülh və təhlükəsizlik siaysəti regionun tərəqqisi üçün geniş imkanlar açmaqdadır. Təsadüfi deyil ki, Prezident İham Əliyev bəyan etdi ki, Azərbaycan daim sülh və əməkdaşlıq ölkəsi olacaq. Bu isə o deməkdir ki, Azərbaycan və regionun tərəqqisi üçün daha geniş perspektiv açılacaq ki, bu da tərəqqi üçün əsas şərtdir. Sülh və təhlükəsizlik mühiti xalqın, eləcə də həssas kateqoriydan olan insanlarımızın sosial rifahının daha da yaxşılaşmasına təkan verəcək, ölkə iqtisadiyyatının inkişafını sürətləndirəcək. Mən müqəddəs sülh missiyasında dövlətimizə, Prezidentimizə uğurlar arzulayır, müvəffəqiqyyətlər diləyirəm. Seymur ƏLİYEV

Hamısını oxu
Hikmət Hacıyevdən ermənipərəst dairələrə mənəviyyat dərsi... - TƏHLİL!

Ruben Vardanyana verilən cəza Azərbaycanın qanuna, ədalətə, bəşəri dəyərlərə münasibətinin təzahürüdür Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum edilən Ruben Vardanyanın həbsinə münasibət bildirib. Hikmət Hacıyev Vardanyana verilən cəzanı 30 ildir davam edən münaqişənin simvolik və məntiqi yekunu kimi dəyərləndirib. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Ruben Vardanyana verilən bu cəza məlum faciənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdan xəbər verir. Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə ortaq olmaq deməkdir... Hikmət Hacıyevin paylaşımında diqqət çəkən məqamlardan biri isə Prezidentin köməkçisinin baş verənlərə həm də  mənəviyyat və bəşəri dəyərlər baxımından yanaşmasıdır. Bəzi qüvvələrin bir çox məsələlərə olduğu kimi, erməni terrorçuları ilə bağlı olaylara da ikili standartlardan yanaşdığına diqqət çəkən Hikmət Hacıyev, Ruben Vardanyan kimi cinayətkarlara azadlıq tələbinin qeyri-əxlaqi və qeyri-mənəvi olduğunu bildirib: “...Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək ədaləti öz hüquq sistemi çərçivəsində təmin edib və bununla beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyub. Eyni zamanda, bəzi dairələrin, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların ağır müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi qeyri-etik, qeyri-mənəvi addımdır. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirib: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”. Göründüyü kimi, Hikmət Hacıyev paylaşımında insanlığa qarşı ağır cinayətlərdə ittiham edilən, cinayətləri məhkəmə prosesində sübut edilən şəxslərlə bağlı azadlıq çağırışının yalnız qanuna deyil, həm də əxlaqa zidd olduğuna diqqət çəkib. Eyni zamanda, dövlət başçısının “France 24” telekanalına verdiyi müsahibədən sitat gətirməklə, erməni faşistlərinin alman faşistlərindən daha ağır cinayətlər törətdiyini bildirib. Hikmət Hacıyevin bu sözlərindən alınan qənaət birmənalıdır: Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə mənəvi baxımdan ortaq olmaq deməkdir. Bu isə insanlığa, onun özündə ehtiva etdiyi dəyərlərə xəyanətdən başqa bir şey deyil. Bu mənada Hikmət Hacıyevin “X” hesabındakı sözügedən paylaşımını ermənipərəst dairələrə verilən növbəti mənəviyyat dərsi hesab etmək olar. Azərbaycan qanunun aliliyi ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərin toxunulmazlığına sadiqdir Ruben Vardanyanın məhkəməsi ilə bağlı məlum həqiqətlərdən biri də bu məhkəmənin şəffaf şəkildə, media və ictimaiyyətin geniş iştirakı ilə keçirilməsiylə bağlıdır. Hansı ki, rəsmi Bakı ədalətli mühakiməni təmin etmək, məhkəmə və onun ədaləti ilə bağlı hər hansı qərəzli yanaşma və söyləntiyə yer qoymamaq üçün bu nüansa xüsusi diqqət yetirib, Ruben Vardanyanı vəkil, tərcüməçi və digər xidmətlərlə təmin edib. Məhkəmə prosesinin şəffaf şəkildə keçirilməsinin özü sübut edir ki, Vardanyanla bağlı qərarda zərrə qədər də olsun siyasi yanaşma yoxdur və verilən qərar sırf qanuni prizmadan qəbul edilib. Bütövlükdə, istər Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyana verdiyi cəza, istərsə də Hikmət Hacıyevin “X” hesabındakı mülahizələri sübut edir ki, Azərbaycan hər bir məsələdə qanunun aliliyi, ədalətin toxunulmazlığı ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərə, bəşəri prinsiplərə sadiqlik sərgiləyir. Və nə zaman ki, yalnız Azərbaycan deyil, bütün ölkələr, eləcə də erməni faşistlərinin himayədarı qismində çıxış edən güclər atdıqları hər bir addımda insani dəyərləri rəhbər tutacaq, o zaman bütün dünyada ədalətin təntənəsinə şahid olacağıq. Seymur ƏLİYEV  

Hamısını oxu
Bir vətən sevdalısının tale yolu- Teyyub Eyyub oğlu Rəhimov

Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə tarixində elə insanlar var ki, onların həyatı bütöv bir vətən sevgisinin, milli ruhun və fədakarlığın simvoluna çevrilib. Belə insanlardan biri də ömrünü xalqına, dövlətinə və torpağına həsr etmiş vətənpərvər döyüşçü Teyyub Eyyub oğlu Rəhimov idi. Teyyub Rəhimov 1 iyun 1951-ci ildə Xızı rayonunda dünyaya göz açmışdı. Uşaqlıq və gənclik illəri Giləzi kəndində keçmiş, orta məktəbi də burada bitirmişdi. Hələ gənc yaşlarından Vətənə bağlılığı, mübariz ruhu və haqq uğrunda qətiyyəti ilə seçilirdi. Sovet Ordusunda hərbi xidmətini başa vurduqdan sonra ailə qurmuş, üç qız və bir oğul atası olmuşdu. Lakin onun həyat yolu yalnız ailə qayğıları ilə məhdudlaşmadı. Azərbaycanın taleyi təhlükə qarşısında qalanda o, bir vətəndaş kimi susmağı özünə rəva bilmədi. 1988-ci ildən başlayaraq Azərbaycan xalqının azadlıq hərəkatına qoşulan Teyyub Rəhimov həmin dövrün ən fəal iştirakçılarından biri kimi tanındı. Meydanlarda səslənən azadlıq çağırışları, xalqın istiqlal arzusu onun həyatının əsas amalına çevrildi. O, milli azadlıq ideyalarının yorulmaz təbliğatçısı idi. Azərbaycan ziyalılarının Moskvanın məşhur Lefortovo həbsxanasında saxlanılmasına etiraz olaraq 1990-cı ilin iyun ayında 17 gün həmin həbsxananın qarşısında aclıq aksiyası keçirməsi onun necə iradəli və qorxmaz insan olduğunu bir daha sübut edirdi. Hətta həmin hadisə Moskvanın “Kommersant” qəzetində də işıqlandırılmışdı. Bu etiraz aksiyası nəticəsində Azərbaycan diasporası məsələyə müdaxilə etmiş, həbs olunan ziyalıların azad olunmasına nail olunmuşdu. Teyyub Rəhimov yalnız sözlə deyil, əməli ilə də Vətənə xidmət etməyi seçmişdi. 1991-ci ildə Azərbaycanın Milli Ordusunun yaradılması barədə qərar qəbul ediləndə ilk könüllülərdən biri olaraq Milli Ordu sıralarına yazıldı. Şıxovda yaradılmış ilk batalyonun tərkibində Qarabağın müdafiəsinə yollandı. Şuşanın Kərkicahan qəsəbəsi uğrunda gedən ağır və qeyri-bərabər döyüşlərdə böyük qəhrəmanlıq göstərdi. 1991-ci ilin dekabrında erməni silahlı birləşmələri və rus ordusunun 366-cı alayına qarşı aparılan döyüşlər zamanı Teyyub Rəhimov ağır yaralandı. Döyüş yoldaşları onu ölümün caynağından çıxararaq Bakıya çatdırdılar. Lakin aldığı ağır qəlpə yaraları nəticəsində hər iki gözünü itirdi. Buna baxmayaraq, o heç vaxt ruhdan düşmədi. Çünki onun qəlbində Vətən sevgisi gözlərindən daha güclü idi. Onun müalicəsi Bakıda, Moskvada və Ankarada davam etdirildi. Türkiyə Cümhuriyyətinin dövlət rəhbərləri Turqut Özal və Süleyman Dəmirəl onun taleyinə xüsusi həssaslıq göstərərək Teyyub Rəhimovun Ankara Qazi Universitetində müalicə almasına şərait yaratdılar. Sonralar Süleyman Dəmirəlin şəxsi qonağı olması da onun şəxsiyyətinə və qəhrəmanlığına verilən böyük dəyərin göstəricisi idi. Həkimlərin bütün səylərinə baxmayaraq, onun sağlamlığını tam bərpa etmək mümkün olmadı. Bir gözünə süni göz yerləşdirilsə də, beynində qalan qəlpənin ağır fəsadları illər sonra öz sözünü dedi. Teyyub Rəhimovun ən böyük arzusu Azərbaycanın işğal altındakı torpaqlarını azad görmək idi. O, daim inanırdı ki, Azərbaycan Ordusu bir gün Qarabağı düşməndən təmizləyəcək. Təəssüf ki, o müqəddəs günü görə bilmədi. 23 avqust 1997-ci ildə beynindəki qəlpənin yaratdığı ağır fəsad nəticəsində dünyasını dəyişdi. Lakin illər sonra onun arzusu gerçəyə çevrildi. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Qarabağ azad edildi. Bu gün hər bir azərbaycanlı inanır ki, Teyyub Rəhimov kimi qəhrəmanların ruhu həmin zəfər xəbəri ilə şad oldu. Onun xatirəsi bu gün də ehtiramla yad edilir. Azərbaycan veteranları onun ailə üzvlərinin təşəbbüsü ilə keçirilən anım mərasimlərində döyüş yoldaşları onun qəhrəmanlığından, mərdliyindən və vətənpərvərliyindən böyük qürurla danışırlar. Döyüş dostlarının xatirələrində Teyyub Rəhimov qorxmaz, sadiq və hər zaman öndə gedən bir vətən oğlu kimi yaşayır. Onun ailəsi də bu müqəddəs yolu davam etdirir. Qızı İlahə Rəhimli atasının vətənpərvərlik ruhunu yaşadan, qazilərə və şəhid ailələrinə daim dəstək olan xeyriyyəçi bir xanım kimi tanınır. O, atasının ağrılarını və Vətən uğrunda itkilərin nə demək olduğunu ürəkdən hiss edir. Buna görə də qazilərin və şəhid ailələrinin yanında olmağı özünə mənəvi borc sayır. Teyyub Rəhimovun həyatı bir insan ömrünün Vətən sevgisi ilə necə ucaldığının canlı nümunəsidir. O, gözlərini itirsə də, Vətənə olan inamını heç vaxt itirmədi. Çünki onun baxışları artıq yalnız gözləri ilə deyil, ürəyi ilə görürdü. Ruhu şad, məkanı cənnət olsun! Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır! Rasim Mirzəyev

Hamısını oxu