Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

Bakı, 22 oktyabr, AZƏRTAC Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. - Dağlıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günü Vaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Siz üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazırsınızmı? - Bilirsiniz ki, əslində, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi yerdə vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir. - Prezident Putin Sizi də Moskvaya dəvət edib? - Xeyr. - Dəvət olunsaydınız, getməyə hazırsınızmı? - Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşam və Moskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində bir neçə dəfə səfər etmişəm. Odur ki, bu yüksəksəviyyəli təmasların tərəfdaş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır. Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edib. - Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi? - Bəli, əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik. - Siz ikinci atəşkəsin artıq uğursuz olduğunu, yaxud bitdiyini və döyüşün davam etdiyini deyərdiniz? - Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir. - Hələ ki, atəşkəs əsirlərin və cəsədlərin mübadiləsi də daxil olmaqla humanitar məqsədlər üçün elan edilmişdir. Sizcə bu atəşkəsin, - ola bilsin başqa atəşkəs də olacaqdır, - əsirlərin mübadiləsindən sonra bitəcəyi deməkdir? Yəni, bu, qüvvədə olacaq əsaslı atəşkəs, yoxsa, müvəqqəti atəşkəs olacaqdır? - Bəli, atəşkəs humanitar zəmində elan olunmuşdur. Bildiyiniz kimi, Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, bizim tərəfimizdən və Minsk qrupu tərəfindən rədd edilmişdir. Buna görə, əlbəttə, əgər Ermənistan danışıqlara sadiq qalarsa və əraziləri boşaltmaq üçün üzərinə ciddi öhdəlik götürərsə, - hansını ki, onlar hələ də elan etməyiblər, - bu halda bu atəşkəs uzunmüddətli olacaqdır. Çünki biz bu problemi sülh yolu ilə həll etmək istəyirik. Lakin, əgər onlar resurslarını səfərbər etmək, əlavə əcnəbi hərbi yardım almaq və bizə qarşı yeni hücuma keçmək üçün bu atəşkəsdən istifadə etməyə cəhd göstərəcəklərsə, əlbəttə, bu atəşkəs uzun müddət davam etməyəcəkdir. Bu, onlardan asılıdır. - Beləliklə, danışıqlar masasına oturmaq üçün hər hansı danışıqları aparmadan öncə əvvəlcədən Ermənistandan ən azından yeddi rayonun bəzilərini boşaltmağa razılaşmağı tələb edəcəksiniz? - Onlar bu əraziləri boşaldacağına dair üzərilərinə ciddi öhdəlik götürməlidirlər. Çünki bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə. Buna görə Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır. Biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir. - Ermənistan desə ki, onlar ilkin olaraq beş rayonu boşaltmağa hazırdır, Siz danışıqlara getməyə hazır olarsınızmı? - Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır. - Bu, əvvəlcədən elan olunmalıdır. - Bütün azərbaycanlılar öz qədim torpaqlarına qayıtmalıdır. - Rusiyanın müşahidəçi qruplarının göndərilməsinə dair təklifinə və ya beynəlxalq müşahidəçilərlə bağlı nə deyərdiniz? - Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissəsidir, ünvanlanmalı olan ən son məsələlərdən biridir və əlbəttə ki, hər iki tərəf, - Azərbaycan və Ermənistan bu beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına razılaşmalıdır. Buna görə, biz danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməmişik. Hesab edirəm ki, Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər. Çünki bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. Çünki indi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki, bütün bu məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunu inkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimizi irəli sürəcəyik. – Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız? - Mən bu yaxınlarda demişdim ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Eyni zamanda, mən dedim ki, biz Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail ola bilmişdik. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Həmçinin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır. – Siz Minsk qrupunun həmsədrləri arasında Rusiyanın vasitəçi kimi, aparıcı vasitəçi kimi rolu barədə nə deyə bilərsiniz? Siz deyə bilərsiniz ki, Rusiya ədalətli olub? - Bilirsiniz, Minsk qrupunun üç həmsədrinin eyni hüquqları və eyni mandatı var. Odur ki, mənim bildiyimə görə bu ölkələr arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara vasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki, münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlar. - Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu danışıqlar prosesində daha fəal olmağını istəyirsinizmi? – Bu, sözsüz ki, Türkiyənin siyasi gündəliyindən asılıdır. Mən Türkiyənin adından danışa bilmərəm. Demək istədiyim odur ki, əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır. Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfə müsahibələrimdən birində demişdim ki, Türkiyə hətta həmsədr də ola bilərdi. Əgər biz həmsədrləri bu gün seçsəydik, Azərbaycan sözsüz ki, Türkiyənin namizədliyini dəstəkləyərdi və əminəm, Türkiyə həmsədr olmaqda israr edərdi. Əfsuslar olsun ki, 1992-ci ildə bu, baş vermədi. Beləliklə, bu, hüquqi tərəfdir. Praktiki tərəfdən, bildiyiniz kimi, Türkiyə və Rusiyanın prezidentləri, Xarici İşlər nazirləri, Müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər. Ona görə də, Ermənistanın dediyi kimi, əgər kimsə deyirsə ki, Türkiyə orada olmamalıdır, bu, Ermənistanın işi deyil, Türkiyə artıq oradadır və cəlb olunmalıdır, çünki o, sabitlik gətirəcək. Həmçinin düşünürəm ki, Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəm dəstəkləyirik. – Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ərazisidir. Lakin, eyni zamanda, orada çox sayda erməni əhalisi var. Siz zəmanət verə bilərsinizmi ki, Azərbaycan nəzarəti geri qaytarandan sonra erməni əhali orada təhlükəsiz şəraitdə və bərabər hüquqlarla yaşaya biləcək? – Bəli, sözsüz ki. Mən münaqişənin bu aktiv fazası ərzində artıq dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. Sizə deyə bilərəm ki, hazırda azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda minlərlə erməni əsilli adam var və Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar olsun ki, mayın 29-da, - bu, haqq qazandırılması mümkün olmayan böyük bir səhv idi, - İrəvanı paytaxt kimi Ermənistana verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni irsimizi dağıdıblar. Onlar bizim məscidlərimizi, abidələrimizi dağıdıblar. Burada - Bakının mərkəzində isə çox sayda erməni kitablarının olduğu erməni kilsəsi var. Bu gün Bakıda və Azərbaycanın başqa yerlərində çox sayda, minlərlə erməni yaşayır. Sizin orada yaşayan çox sayda erməni ilə bağlı dediyiniz məqama gəlincə, bizdə olan məlumata görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər bizə qarşı etnik təmizləmə həyata keçiriblər. Biz bunu heç vaxt etməmişik. Hətta bu toqquşmalar zamanı biz eyni yolla cavab verməmişik. Biz nə Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücum etməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisası döyüş meydanında alacağıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək. Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra onlar daha yaxşı yaşayacaqlar. Onlar ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki istənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik. – Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi? – Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt. - Döyüş meydanından danışarkən, Ermənistanın Liviyada, Suriyada yaşayan erməniləri cəlb etdiyinə dair məlumatlar var. Eyni zamanda, QHT, dəqiq desək, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu iddia edir ki, Suriyadan çox sayda etnik türkmən döyüşçü hazırda Sizin qüvvələrinizlə birlikdə döyüş meydanındadır. Bu, doğrudur, ya yox? – Xeyr, bu, doğru deyil. İlk növbədə, mən bildirmək istərdim ki, Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Hətta Ermənistanın baş naziri bunu etiraf edib. Lakin o bildirib ki, onlar köklü ermənilərdir. Birincisi, heç kim bilmir onlar köklü ermənilərdir, ya yox. Bizdə məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Bizdə Fransa, ABŞ vətəndaşlarının, erməni əsilli, lakin bu ölkələrin vətəndaşları olan şəxslərin, keçmiş sovet ölkələrinin vətəndaşlarının, Yaxın Şərq ölkələrinin vətəndaşları ilə birlikdə bizə qarşı döyüşməsinə dair dəlillər var. Ermənistan birinci Qarabağ müharibəsində muzdlulardan istifadə edirdi. Bu, sirr deyil. Onlardan bəziləri Azərbaycan tərəfindən zərərsizləşdirilib və ermənilər onların şərəfinə böyük abidələr ucaldıblar, beynəlxalq terrorçuların şərəfinə abidələr. Bu, Ermənistanın terrorçu dövlət olduğunu göstərir. Azərbaycana gəlincə, birincisi, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu adlandırılan QHT etibarlı təşkilat deyil. Biz onların Suriyadakı müharibə ilə bağlı yaydığı çox sayda feyk xəbərləri bilirik. Bu, siyasi motivasiyalı olan “QHT”yə etibar, etimad yoxdur. Birincisi, biz kimin maliyyələşdirdiyini yoxlamalı, sonra bu şayiələrin arxasında kimin durduğunu öyrənməliyik. İkincisi, bizə heç bir ölkə tərəfindən bir dəlil belə təqdim olunmayıb. Yalnız şayiələr, yalnız əsassız bəyanatlar. Mən sübut tələb etdim. Dedim yaxşı, biz artıq 20 gündən çoxdur ki, münaqişənin aktiv fazasındayıq, sübutlar haradadır? Bizə dəlil təqdim edin. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanlarımız, nizami ordumuzda kifayət qədər əsgər və zabitlərimiz var. Əhalimizin sayı 10 milyon nəfərdir. Əgər bizim əlavə döyüşçüyə ehtiyacımız olsa, səfərbərlik elan edərik, cəlb edərik. Beləliklə, buna ehtiyac yoxdur. Bu, tamamilə yanlış məlumatdır. – Sizin dəfələrlə dediyiniz kimi, heç bir mücahid, hətta heç bir türkmən yoxdur? – Xeyr, başqa ölkələrdən gəlmiş Azərbaycan əsilli insanlar ola bilər. Biz bunu istisna etmirik. Çünki bizdə çox sayda könüllülər var. İnsanlar könüllü şəkildə öz ölkələrini müdafiə etmək istəyə bilər. Biz istisna edə bilmərik ki, başqa ölkələrdən Azərbaycan əsilli insanlar gəlir. Lakin bu, təqdim olunduğu kimi deyil ki, Azərbaycan döyüşmək üçün terrorçuları dəvət edib. Bu, yanlış məlumatdır. – Siz Azərbaycan əsilli həmin könüllülərdən xəbərdarsınız? – Mən dedim ki, istisna etmirəm. Ola bilər. Lakin biz xaricdə yaşayan azərbaycanlılardan gəlib tarixi Vətəni uğrunda döyüşmək üçün çox sayda müraciət, çox sayda məktub alırıq. Lakin bizim mövqeyimiz belədir ki, buna ehtiyacımız yoxdur. Döyüş meydanında kifayət qədər insanımız var. – Yaponiya şirkətləri Azərbaycanın neft kəməri layihələrinə qoşulub. Onlar burada investordur. Sizin kəmərlərin təhlükəsizliyi ilə bağlı narahatlığınız varmı? Bu yaxınlarda, bu il ərzində açılması planlaşdırılan TAP kəmərinin təxirə salınması riski varmı? – Xeyr, TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu, artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, biz Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər. – Sizinlə görüşmək imkanımız çox nadir hallarda olduğundan, icazə verin, ümumilikdə, ölkənin gələcəyi ilə bağlı bir neçə sual verim. – Bəli, buyurun. - Azərbaycan dünyada sənaye üsulu ilə neft istehsal edən ilk ölkədir. - Bəli, doğrudur. - Sizcə, ölkə postneft dövrünə necə keçəcək? Yaponiya şirkətlərinin bunda iştirakına dair Sizin hansısa gözləntiləriniz varmı? – Bəli, əlbəttə ki, bizim iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çox ciddi deyil, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə proqramımız çox uğurla icra olunur. Sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Əlbəttə ki, əsas məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar bizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft istehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq. Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir. Yaponiya şirkətlərinə gəlincə, onlar burada enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmişkən, biz həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq. – Siyasi islahatlar barədə nə deyə bilərsiniz? Əsasən Qərb ölkələri tərəfindən tənqidlər var ki, Siz özünüz atanızdan sonra hakimiyyətə gəlmisiniz, indi xanımınız Birinci vitse-prezidentdir. Siz demokratiyanı təşviq etməyə, müxalifətə hakimiyyətə yol açmağa hazırsınızmı? – Düşünürəm ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmişkən, bizdə internet azaddır. Bizi tənqid etməyə çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiq məqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır. Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq. Yalnız iki partiya, birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat. Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların demək olar ki, 30 ildir rəhbərləridir. Heç kim demokratiyadan danışmır, heç kim onların bu vəzifədə demək olar ki, 30 il ərzində necə qaldıqları barədə danışmır. Buna görə bizi tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar. Bizim gözümüzün önündə, beynəlxalq ictimaiyyətin gözü önündə dırnaqarası demokratiyalarda nümayişlərin necə dağıdıldığını, insanların mitinqlərdə necə öldürüldüyünü, yaralandığını, xəsarət aldıqlarını görürük. Biz bunları hər həftə görürük. Etirazçıları dağıtmaq üçün polisin itlərdən və atlardan necə istifadə etməsini görürük. Siz bunu Azərbaycanda görməyəcəksiniz, heç vaxt. Buna görə bizi tənqid edənlər, yaxşı olardı ki, öz işləri ilə məşğul olsunlar. O ki qaldı, sizin mənim atamın davamçısı kimi dediklərinizə, bəli, bu, həqiqətdir. Lakin mən atamın xələfi olmamışdan əvvəl uzun illər idi, 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ci ildən bəri mən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini olmuşdum və Baş Nazir olmuşdum. Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilərə məlumdur və əlbəttə ki, onlar bunun onların təqdim etmək istədiyi kimi olmadığını bilirlər. Xələf olmaq haqqında danışdıqda, niyə heç kim Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında danışmır? Niyə heç kim Klinton ailəsi haqqında, xanımın dövlət katibi və sonra da prezident namizədi olması haqqında danışmır və bunun kimi bir çox hallar var. Bu məsələni qaldırmazdan əvvəl, qoy, onlar özlərinə baxsınlar. Xanımıma gəldikdə, mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir. –Siz söz azadlığı və interneti qeyd etdiniz. Lakin sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var. - Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır. - Zati-aliləri, icazə verin, söhbətimizi sonuncu sualla yekunlaşdırım. Gəlin, ümidverici bir məqamla bitirək. Sizin münaqişənin sülh yolu ilə nizamlanmasına ümidiniz varmı? Sülh Ermənistan və Azərbaycana nə verə bilər? Çünki Ermənistan dənizə çıxışı olmayan ölkədir, sərhəd burada qapalıdır, Türkiyə tərəfində sərhəd qapalıdır, onların iqtisadiyyatı tənəzzülə uğrayır. Sülh iki ölkəyə nə verə bilər? - Bəli, əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid edirəm. İndi məsələn, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdaşıq və bizim Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq. Baxın, biz birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr. Azərbaycan, zənnimcə, Gürcüstanda Türkiyə ilə birlikdə birinci və ya ikinci ən böyük investordur. Birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Yeri gəlmişkən, 1990-cı illərin ortalarında, boru kəmərinin tikintisi məsələsi müzakirə olunanda Qərbdən bu boru kəmərinin Ermənistandan keçməsi ilə bağlı bəzi təkliflər var idi. Lakin belə olan halda Ermənistan əraziləri boşaltmalı idi və belə olduqda boru kəməri Azərbaycandan Ermənistana, sonra Naxçıvana və oradan Türkiyəyə keçə bilərdi. Bu, ən qısa marşrut idi. Xəritəyə baxsanız, siz boru kəmərinin keçdiyi marşrutu görəcəksiniz. Ermənistandan yan keçmək üçün o, bu cür çəkilib. Lakin ermənilər düşünürdü ki, biz bu boru kəmərini inşa edə bilməyəcəyik. Ona görə onlar yox dedilər. Hesab edirəm ki, indi onlar buna çox peşmandırlar. İşğala görə onlar dalana dirəniblər. Onlar hesab edirdilər ki, biz boru kəmərlərini, dəmir yollarını inşa edə bilməyəcəyik. Onlar həmişə Qars-Gümrü dəmir yolunun istismarını dəstəkləyirdilər. Bu dəmir yolu mövcud idi, lakin Ermənistanın işğalına görə bizim qardaş Türkiyə onu bağlamışdır. Beləliklə, əslində, Ermənistanın dənizə çıxışı var, lakin Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi yoxdur. Bəlkə siz bilmirsiniz, lakin onların konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarına indiki vaxtda malik olmaq üçün gərək ağılsız olasan. Lakin bu, onların ideologiyasının mahiyyətidir. Danışıqlar aparılan zamanı əvvəlki Ermənistan hökumətinə mesajlar göndərilmişdir ki, onlar işğala son qoyduğu təqdirdə Azərbaycan Dağlıq Qarabağda müxtəlif sosial və iqtisadi layihələri icra edə bilər. Bu mesajlar Minsk qrupunun həmsədrləri vasitəsilə Ermənistanın əvvəlki prezidentlərinə göndərilmişdir və onlar bunları rədd etmişdir. Bu gün Dağlıq Qarabağda insanlar yoxsulluq içində yaşayırlar. Bilirsiniz, orada tam işsizlik, yoxsulluq hökm sürür və infrastruktur dağıdılıb. Biz sərmayə yatırmağa hazır idik. Lakin biz dedik ki, əraziləri boşaldın və biz sizə kömək edərik. Bu gün biz özümüz əraziləri azad etdikdə, əlbəttə ki, biz o insanlara, Dağlıq Qarabağda yaşayan ermənilərə və sözsüz ki, bu ərazini yenidən qurmaq üçün qayıdacaq azərbaycanlılara kömək edəcəyik. Lakin əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, əlbəttə ki, biz bütün kommunikasiyaları açacağıq. Mən bilirəm, həmçinin Türkiyə hökumətinin mövqeyi barədə də eşitmişəm ki, onlar da Ermənistanın əraziləri boşaltdığı təqdirdə kommunikasiyaları açacaqlar. Onda Cənubi Qafqazda vəziyyət tamamilə dəyişəcəkdir. - Cənab Ərdoğan bu niyyəti barədə Sizə bir şey deyibmi? - Ola bilsin biz bunu birbaşa müzakirə etməmişik. Lakin, əlbəttə, biz bilirik ki, belə bir mövqe var. Ermənistan-Türkiyə sərhədi işğala görə bağlıdır. İşğala son qoyulsa, sərhəd açılacaq. Bu, Türkiyə hökumətinin rəsmi mövqeyidir və ermənilər bunu bilirlər. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bizdə olan məlumata görə, bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, iki milyondan az və o, daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Siz səmadan çəkilmiş təsvirlərə baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçün necə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizim torpağımızdan, Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadə edirlər. Fəaliyyətlərini dayandırmadığı təqdirdə, orada bizim məhkəməyə verəcəyimiz əcnəbi şirkətlər var. Yeri gəlmişkən, onlar istənilən halda tezliklə fəaliyyətlərini dayandıracaqlar. Beləliklə, bu mühüm kənd təsərrüfatı seqmentindən məhrum olduqlarına görə onlar hətta daha çox problemlərdən əziyyət çəkəcəklər və tənəzzülə uğrayacaqlar, biz isə inkişaf edəcəyik. Bizim əhalimiz artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə iki milyondan azdır. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik. -Bu imkana görə çox sağ olun. Bakıda olmaq həmişə bizdə məmnunluq hissi oyadır. - Təşəkkür edirəm.

2020-10-22 00:00:00
2829 baxış

Digər xəbərlər

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin təcəssümüdür

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, təşkilatın nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları Şəhidlər xiyabanına gedəcək 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Sonra Respublika Veteranlar Təşkilatında davam etdirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı məlumat verib. Bu faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar olub”. C.Xəlilov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya fövqəladə vəziyyət elan edilmədən yeridilən keçmiş SSRİ-nin hərbi birləşmələri şəhərdə əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR konstitusiyalarını kobud surətdə pozublar. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi əksəriyyəti ermənilərdən ibarət olan, xalqımızın qanına susamış vəhşi cinayətkarlar idi. “Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək xalqla birgə olduğunu bildirib. Dahi rəhbər 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham edib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Yanvarın 20-nin Ümumxalq Hüzn Günü kimi qeyd edilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Çıxış edən digər veteranlar 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd ediblər.

Hamısını oxu
Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ağdam, 28 may, AZƏRTAC Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı - Əziz dostlar. Bu gün Respublika Günüdür. İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzulayıram. Görüşümüzün əvvəlində xahiş edirəm ki, İkinci və Birinci Qarabağ müharibələrində Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sakinlər: Amin. Allah rəhmət eləsin. Prezident İlham Əliyev: Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır. İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə, bax, təmas xəttində olarkən və bu dağıntıları uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq. Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil. Əgər mən Prezident kimi birinci mərhələdə müəyyən ümidlərlə yaşayırdımsa, son mərhələdə artıq bu ümidlər də aradan qalxdı. Çünki Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Mən bunu açıq-aydın bildirirdim. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər hər zaman Azərbaycan xalqına həqiqətləri çatdırırdım. Hər zaman deyirdim ki, biz heç vaxt bizim torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Deyirdim, məsələnin həlli elə olmalıdır ki, bu, yarımçıq həll olmasın. Məhz buna görə bizim mövqeyimiz bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə Ağdam rayonuna binoklla baxarkən, bax, mən bu günü görürdüm və bilirdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi. Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər. Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik. Ancaq ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər. İndi mən müharibədən sonra Ağdama ikinci dəfə səfər edirəm. Birinci dəfə Ağcabədi istiqamətindən gəldim. Bu dəfə isə Bərdə istiqamətindən gəldim. Hər iki istiqamət üzrə bir neçə müdafiə xətti var, istehkamlar var. Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin. Ancaq səhv etdilər. Onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Mən bunu demişəm, bir daha burada Respublika Günündə Ağdam şəhərində demək istəyirəm, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq. Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq. Müharibə tarixdir, şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan. Dırnaqarası qəhrəman erməni əsgərləri bizim əsgərlərimizi görərkən müharibənin artıq ikinci mərhələsində silahları yerə qoyub qaçırdılar, bu gün də qaçırlar. Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi - əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir. Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, - bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir. Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir. Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq. Bir məqama toxunmaq istəyirəm, bilirəm ki, müharibə dövründə mənim “Twit”lərimi, mənim çıxışlarımı xalqımız səbirsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün “Twitter”imdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik. Çox güman ki, Ermənistan tərəfi də bunu dərk edib və artıq ağ bayraq qaldırmağa məcbur olub, bizim qarşımızda diz çöküb. Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq. x x x Xalq artisti Mənsum İbrahimov: Möhtərəm cənab Prezident, biz Sizi salamlayırıq. Bu gün biz Sizinlə Qarabağımızın döyünən ürəyi olan Ağdamımızda tarixi təməlqoyma mərasiminə şahidlik edirik. 28 ildən sonra şanlı Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə, onların sayəsində Zəfər çalmış bir xalq kimi Respublika Gününü məhz Ağdamda qeyd etmək bizim üçün böyük bir qürurdur. Bizim qəhrəman Ordumuzun böyük tarixi Qələbəsindən sonra Heydər Əliyev Fondunun Şuşamızda təşkil etdiyi möhtəşəm “Xarıbülbül” festivalı mədəniyyətimizin qələbəsi və dünyaya bir mesaj idi. Təbii ki, biz buna görə Sizə - Müzəffər Ali Baş Komandanımıza, şanlı Ordumuza təşəkkür edirik, şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzulayırıq. Cənab Prezident, 2018-ci ildə Quzanlıda Muğam Mərkəzinin açılışında çıxışınızda qeyd etdiniz ki, tezliklə Ağdamın mərkəzində bunu daha möhtəşəm tikəcəyik. Artıq bu gün biz o tarixi hadisənin şahidiyik. Həqiqətən bizim üçün böyük bir qürurdur. Mən bütün ağdamlılar adından, bütün sənətkarlar adından Sizə təşəkkür edirəm ki, bizim dövlətçiliyimiz əbədidir. Biz bundan sonra burada ancaq böyük Muğam mərkəzlərində muğam festivalları keçirəcəyik, böyük tədbirlər keçirəcəyik, festivallar keçirəcəyik Sizin sayənizdə. Diqqətinizə görə Sizə təşəkkür edirəm. Prezident İlham Əliyev: Sağ olun. x x x Milli Məclisin deputatı Bəxtiyar Sadıqov: Möhtərəm cənab Prezident, bu gün həyatımızın ən xoşbəxt günlərindən biridir. Yeni Qarabağımızın, yeni Ağdamın təməli qoyulur. Biz də bunun iştirakçısına çevrilmişik. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan kimi Siz nəsib etmisiniz. Bu xoşbəxtliyi təkcə bizə yox, keçmiş məcburi köçkünlərə yox, bütün Azərbaycan xalqına bəxş etmisiniz. Siz bizim itmiş inamımızı qaytarmısınız. Bizim ölməkdə olan ümidlərimizi yenidən dirçəltdiniz, yeni həyat verdiniz. Çox sağ olun, minnətdarıq. Siz Azərbaycan xalqını dünyaya yenidən qürurlu xalq, döyüşkən xalq, itirilmiş torpaqlarını qaytaran xalq kimi təqdim etdiniz. Möhtərəm cənab Prezident, 44 günlük Vətən müharibəsində Siz əsl möcüzə yaratdınız, - buna başqa ad vermək mümkün deyil, - bizim hamımızın gördüyümüz və şahidi olduğumuz möcüzə. Siz yeni ordu qurdunuz, yeni vətənpərvər gənclər nəsli yetirdiniz. Siz milli birlik yaratdınız. Siz bu ordumuzu ən yeni silahlarla silahlandırdınız. XXI əsrin müharibəsini apararaq ən yeni taktika və strategiya tətbiq etdiniz. Bu gün hətta Amerika Birləşmiş Ştatları kimi güc mərkəzi də Sizin taktikanızdan, İkinci Qarabağ müharibəsindəki taktikadan öyrənir və ordusunda dəyişiklik aparır. Siz dəmir yumruğunuzla düşmənin başını əzdiniz, belini qırdınız. Siz Ermənistanı təkcə hərb meydanında darmadağın etmədiniz, diplomatiya sahəsində, informasiya müharibəsində də biabırçı məğlubiyyətə uğratdınız. Siz informasiya müharibəsinin yeganə baş qəhrəmanısınız. Möhtərəm cənab Prezident, Siz bizi bəxtəvər günlərə, xoşbəxt günlərə gətirmisiniz. Siz özünüz də xoşbəxt insansınız. Beş əsrlik dövrdə itirilmiş Azərbaycan torpaqlarını geri qaytaran qüdrətli sərkərdəsiniz. İki əsrlik Qarabağ münaqişəsini uğurla həll edən Müzəffər Ali Baş Komandansınız. Müqəddəs ata vəsiyyətini yerinə yetirən xoşbəxt övladsınız. Azərbaycan xalqını ən ülvi arzusuna çatdıran əsl xilaskarsınız. Var olun, sağ olun. Möhtərəm cənab Prezident, Siz bizə demişdiniz ki, bizi Qarabağa qaytaracaqsınız, Ağdama qaytaracaqsınız. Çox sağ olun, bu gün Ağdamdayıq. Siz demisiniz, Qarabağı cənnətə çevirəcəyik, bir-birindən gözəl layihələr var. Bu layihələrin baş müəllifi Sizsiniz. Biz inanırıq ki, tezliklə gözəl Qarabağda asudə, şən yaşayacağıq. Həmişə Sizinlə qürur duyacağıq. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Bayramınız mübarək! Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! x x x Ağdam rayon Ağsaqqallar şurasının sədri Əvəz Mikayılov: Hörmətli cənab Prezident, icazə verin, çıxışımın əvvəlində Ağdam rayonunun çoxsaylı ağsaqqalları adından Sizi salamlayım, onların bütün arzularını burada Sizə çatdırım. Əlbəttə, biz bugünkü günü çox səbirsizliklə gözləyirdik. Müharibə, nə qədər dəhşətli, nə qədər müdhiş səslənir bu söz. Bu sözün arxasında minlərlə ana-bacı harayı, viran olmuş şəhərlər, kəndlər, oğul itkisi – bütün bunlar hamısı məhz 30 illik müharibədə ermənilərin bizim başımıza açdığı oyunların qısa xülasəsidir. Çox möhtəşəm bir gündür ki, biz bu günləri arxada qoyduq və bu gün Ağdamda belə bir təməlqoyma mərasimi keçirilir. Siz 44 günlük müharibə dövründə Bakıda bir çox xarici ölkə müxbirlərinin suallarını elə cavablandırdınız ki, onlar sanki mat vəziyyətinə düşürdülər. Onlar peşman olurdular ki, Sizə belə suallar veriblər. Gözləmirdilər. Əlbəttə, biz bunu Sizdən gözləyirdik. Yaxud götürək müharibədən sonrakı dövrdə Bakıda keçirdiyiniz böyük, dörd saatlıq mətbuat konfransını, hansı ki, orada Siz dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində bütün dünyaya ürək sözlərinizi çatdırdınız. Bütün bunlara görə, Sizinlə fəxr edirik. Sizin Ağdama bu ikinci səfəriniz, Baş Planı təsdiq etməyə gəlməyiniz biz ağdamlılar üçün böyük şərəfdir. Buna görə Sizə minnətdarlığımızı bildirir və Sizinlə fəxr edirik. Çox sağ olun. x x x Milli Məclisin deputatı Aqil Abbas: Möhtərəm Prezident, əvvəla, Sizinlə burada olduğumuz üçün dünyanın ən xoşbəxt adamlarıyıq. Siz başda olmaqla xalqımız xoşbəxtdir. Horadizdə bayrağın altında üzü Naxçıvana dayananda, dedim ki, möhtərəm Prezident, o bayrağı ilk dəfə dövlət bayrağı kimi Ulu Öndər atanız qaldırıb. Biz, xüsusən Qarabağ camaatı inanırıq ki, Siz o bayrağı götürüb, düz bu yolla Naxçıvana gedəcəksiniz və bayrağı orada ucaldacaqsınız. Siz o bayrağı qaldırdınız, gətirib Şuşada ucaltdınız, Himnimizi, uvertüramızı səsləndirdiniz. Siz o bayrağı Zəngəzur dəhlizindən asacaqsınız. Möhtərəm Prezident, Ulu Öndər Məmməd Arazın bir şeirini çox sevirdi: Dünya sənin, dünya mənim, dünya heç kimin. İndi o şeir dəyişib. İndi deyirlər, dünya sənin, dünya mənim, dünya bizim. Siz o dünyanı verdiniz bizə, bu xalqa o dünyanı verdiniz. Doğrudan, o şeirin sözlərini camaat elə oxuyur, o cürdür. Möhtərəm Prezident, dostlar 44 günlük Zəfərimiz haqqında dedilər, mən təkrar etmək istəmirəm. Mən o zaman burada - cəbhə xəttində idim, izləyirdik. Mən başqa bir fikrimi demək istəyirəm. Ola bilər, mən bir az çox danışdım. Yenə Məmməd Arazdan demək istəyirəm. Deyir: “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. Siz təkcə bu Vətənin oğlu olmadınız, Siz bütün türk xalqının oğlu oldunuz. Ən böyük oğul oldunuz. Eşq olsun Sizə. x x x Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bilirsiniz ki, müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Mən bunu xalqa çatdırandan sonra fikirləşdim, yəqin ki, mənim həyatımda ən xoşbəxt günlərimdən biridir. Çünki birinci rayonu tam azad etmək, işğalçılardan tam təmizləmək doğrudan böyük tarixi hadisə idi və xalqımıza, ordumuza əlavə ruh verdi, inam verdi. Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr – Ermənistanın kapitulyasiya aktı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o, hansı formada imzalandı. Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir. Ondan sonra yanvarın 14-də Şuşada birinci dəfə olarkən özümə dedim ki, ən xoşbəxt günlərimi yaşayıram. Bu gün də eyni sözləri deyirəm. Əminəm ki, bizim xalqımızın həyatında bundan sonra belə xoşbəxt günlər çox olacaq. Xalqımız xoşbəxt olsun. Tezliklə doğma Ağdamı bərpa edək, vətəndaşları qaytaraq və bu gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayaq. Bir daha təbrik edirəm. Yerdən: Siz başda olmaqla. X X X Prezident İlham Əliyev: Onlar Ağdamı heç vaxt görməyiblər, amma çox gözəl nəticələr göstəriblər. Mənə məlumat verildi ki, 644 bal, 644 bal və 650 bal toplayıblar. Elədirmi? Keçən il qəbul imtahanlarında bu balla onlar öz biliklərini göstəriblər və indi də öz doğma vətənində, bu tarixi gündə mən onları xüsusilə dəvət etmişəm ki, burada ağsaqqallar, tanınmış insanlarla bərabər, gənc nəslin nümayəndələri də olsun. Çünki bu tarixi günümüzü biz bu cür qeyd etməliyik, bütün nəsillərin nümayəndələri ilə. Ölkəmizin gələcəyi məhz bilikli, savadlı və öz doğma torpağına bağlı olan belə gənclərin əlində olacaq. İctimaiyyət nümayəndələri: Siz başda olmaqla, inşallah. Var olun. “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov: Bu şəkillər Ümummilli Liderimizin Ağdam ictimaiyyəti ilə görüşlərindəndir. Prezident İlham Əliyev: Bu bulaq haradadır? İctimaiyyət nümayəndələri: Bulaq Xındırıstandadır, İldırım Cəfərov da kolxozun sədri idi. Bu, Qərvənddəkidir, Xuraman Abbasova. Mən Qərvənddənəm. Prezident İlham Əliyev: Qərvənd kəndindən? İctimaiyyət nümayəndəsi: Bəli, mən orada tədbirdə iştirak etmişəm. Adı da Heydər bulağıdır. Allah rəhmət eləsin. Prezident İlham Əliyev: Bu da ağsaqqallarla görüşdəndir. Ruslan Sadıqov: Cənab Prezident, Siz tapşırmışdınız ki, Ağdam şəhərinin planına rayon ictimaiyyəti ilə bir yerdə baxılsın. Çünki Ağdam rayonunun kommunikasiya, yol xətləri, dəmir yolu və vacib strukturunu təşkil edən meliorasiya xətləri bir-biri ilə vəhdət təşkil etməlidir. Ona görə də rayonun işğaldan azad olunmuş 70 min 900 hektarlıq bu hissəsinə baxılmış, eyni zamanda, onun coğrafi şəraiti nəzərdən keçirilmiş, iqlim şəraiti burada əks etdirilmişdir. İqlim şəraitinə görə burada hansı bitkilər əkilə bilər, hansı kənd təsərrüfatı məhsulları yetişdirilə bilər. Bunun əsasında ictimaiyyətlə, administrasiya ilə bir yerdə 71 kəndi daha rahat, daha uyğun qurmaq üçün 33 kənd layihələndirilib. Prezident İlham Əliyev: Birinci mərhələdə olacaq. Birinci mərhələdə 33 kənd müəyyən olunub, bəzi kəndlər isə birləşəcək. Ondan sonrakı mərhələdə qalan kəndlər də tədricən bərpa ediləcək. Amma biz əsas planımızı 33 kəndin ətrafında qurmuşuq. Ruslan Sadıqov: Burada ilkin islahatlar kənd təsərrüfatı torpaqları ilə bağlıdır. İslahatlara əsasən, təqribən 25 sotdan nəzərdə tutulub, Sizin icazənizlə 18 sotdan insanların hər birinə həyətyanı sahə müəyyən olunub. O biri rayonlara baxanda bu, yüksək rəqəmdir, Siz bunu tövsiyə etmisiniz. Prezident İlham Əliyev: Yəni, həyətyanı sahə? İctimaiyyət nümayəndələri: Çox yüksək rəqəmdir. Çox gözəl. Çox böyük, gen-bol. Ruslan Sadıqov: Bunları təmin edəndən sonra Sizin tapşırığınıza uyğun olaraq, investorların cəlb edilməsi və Ağdamın müasir kənd təsərrüfatı növlərinin inkişafını təmin etmək üçün 10, 50 hektarlıq 200 müasir fermer təsərrüfatı nəzərdə tutulub. Yerdə qalan dövlət torpaqlarında isə 50,100 hektarlıq 50 müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Eyni zamanda, Sizin tapşırığınıza uyğun olaraq, ilk böyük müəssisələr artıq ilk gündən gəliblər və burada əkin işləri aparırlar ki, əkin sahələri boş qalmasın. 1500, 3000, 4000 hektarlıq bir neçə iri, müasir təsərrüfatlar da yaradılacaq. Prezident İlham Əliyev: Ağdamlı sahibkarlar da bunu indi eşidirlər. Gəlsinlər təkliflərini versinlər ki, burada bir qarış torpaq da boş qalmasın. Ruslan Sadıqov: Təşəkkür edirik, cənab Prezident. Bu slayda biz fikir versək, burada kəndlərin birləşməsi nəzərdə tutulub. Bunlar elə formada birləşdirilib ki, gələcək meliorasiya kanallarının suyu bərpa olandan sonra meliorasiya strukturu kəndlərin yollarına və suyun axınına uyğun olsun, bir-birinə mane olmasın. Bu kəndləri görürsünüz, artıq Ağdam rayonunun orta hissəsində Xaçınçaydan Qarqarçayadək olan ərazini burada illüstrativ nümayiş etdiririk. Bu kəndlər bu formada birləşir və yerdə qalan dövlət torpaqları da bir ayrı formada olacaq. Kəndlərarası yolların hamısının arasında qalan yerlərdə meşə zonaları yaradılacaq ki, Ağdam şəhərində yaşıllıqlar bərpa olunsun. Kəndlər bölünəndə elə bölünüb ki, cənab Prezident, böyük hissələr 150 hektardır, biz o hissələri daha kiçik - 25 hektarlıq hissələrə bölə bilərik. Ailəyə düşən paya uyğun olaraq biz onları 4 hektarlıq, 5 hektarlıq, bir ailəyə 18 sot necə ki, deyilmişdi, elə qurulacaq ki, gələcək su xətləri artıq kənd tikilib tikilməyib, o xətlərimizin yeri bəllidir. Prezident İlham Əliyev: Hər kəsin də suyu olacaq? Ruslan Sadıqov: Bəli, ola bilər ki, meliorasiya xətləri 2-3 il sonra qurulsun, artıq onların planları uyğun olacaq və heç kəsə də mane olmayacaq. Yeni sistem üzrə, burada bu şəkildə görünür, hər bir həyətin önündə suları, meliorasiya suları olacaq. Bu, imkan verəcək ki, Ağdam rayonunun sakinləri istəsələr həm intensiv təsərrüfat qura, həm də dədə-baba qaydası ilə də öz işlərini apara bilərlər. Prezident İlham Əliyev: Necə baxırsınız bu təklifə? İctimaiyyət nümayəndələri: Çox gözəl, yüksək səviyyədə, cənab Prezident. Uğurlu, xeyirli olsun. Hər şey düşünülüb. Gələcək üçün tikilir, əsas məsələ gələcəkdir. Nümunəvi layihədir. Prezident İlham Əliyev: Mən deyirəm, bu şəhər və bütöv rayon dünya üçün nümunə olacaq. Ruslan Sadıqov: Cənab Prezident, şəhərə gəldikdə, şəhər əsasən öz tarixi hüdudlarında götürülüb, tarixi hüdudlarından başqa bir neçə kənd də ona birləşdirilib. Prezident İlham Əliyev: Şəhərə hansı kəndlər birləşib? İctimaiyyət nümayəndələri: Səkkiz kənd birləşdirilib, deməli, Ətyeməzli, Qaraqaşlı, Xıdırlı, Sarıhacılı, Çuxurməhlə, Qarazeynallı. Cənab Prezident, o kəndlərdə şəhər ənənəsi var. Prezident İlham Əliyev: Onlar bitişikdir? Ruslan Sadıqov: Bəli. Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Birləşdirilən kəndlərlə və əhalinin artımını da nəzərə alsaq 50 mindən yuxarıdır. Sizin tapşırığınıza uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. İnanırıq ki, Ağdam Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən biri olacaq və tapşırığınıza uyğun olaraq hər bir aspekt nəzərə alınıb. Şəhərin özünə gəldikdə, ətrafı bağlarla əhatə olunub, intensiv, müasir bağlarla. Turistlər, yaxud da yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər. O bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar kənara çıxmadan bağ-bağatın içində o otellərdə qala bilsinlər. Maraqlı mənzərə olacaq. Bitkilər elə seçilib ki, lavanda bitkisi kimi gül açanlar, badam bitkisi, digər bitkilər, çiçəklənən olsunlar. Yaz gələndə Ağdam hər ay dəyişən çiçəklərin əhatəsində olacaq. İctimaiyyət nümayəndəsi: Cənab Prezident, Ağdamda nə əksən bitər, subtropik bitkilərin hamısı Ağdamda bitir. Torpaq çox münbitdir. Prezident İlham Əliyev: Bəli, torpaq çox münbitdir. İctimaiyyət nümayəndəsi : Cənab Prezident, mən Qərvənddənəm. Su kanalları gəlirdi. Bax, indi onun gələcəkdə açılması ilə əlaqədar yəqin ki, müəyyən tədbirlər görüləcək. Prezident İlham Əliyev: Tapşırıq verilib, komissiya yaradılıb, Baş nazirin müavininin rəhbərliyi ilə indi bu işlərə baxılır. Suqovuşan azad olunduğuna görə işlər daha da asanlaşacaq. İş orasındadır ki, oradan iki kanal gəlirdi səhv etmirəmsə. Bir kanal bağlıdır, çünki o, işğal dövründə hərbi məqsədlər üçün istifadə olunub, onu açmaq lazımdır və Suqovuşandan da biz istənilən həcmdə suyu ötürə bilərik. Bizim planlarımızda vaxtilə suvarılan təqribən 100 min hektara yaxın torpağı yenə su ilə təmin etməkdir. Siz bilirsiniz ki, ermənilər yayda suyu kəsirdilər, sonra buraxırdılar. İctimaiyyət nümayəndələri: Bəli, Xaçını da kəsirdilər, oranı da. Prezident İlham Əliyev: Xaçın indi bizdədir, tam su anbarı, indi oraya da mən qrup ezam etmişəm, onun da ətrafına baxıblar, Xaçınçay su anbarı özü də böyük tutumludur. Təqribən 23 milyon kubmetr. Böyük su anbarıdır. Yəni, mənim nəzarətimdədir. O kanalların birində iş gedir, o biri də açılacaq. Oradan təkcə Ağdam yox, Bərdə, Yevlax, Tərtər, Goranboy və bir neçə başqa rayona su gələcək. Ona görə də biz burada artezianları qazdırırdıq. Ən çox artezianı biz burada qazdırdıq, 150 quyu, bir də 10 quyu da əlavə qazılmalıdır. Ruslan Sadıqov: Cənab Prezident, Ağdamın xüsusiyyətlərini nəzərə alaraq bilirik ki, Şahbulaq şəhər ətrafında ən gözəl, tanınmış yerlərdən biridir, həm tarixi, həm də görməli yerdir. Ona görə də şəhərin ətrafı belə qurulmuşdur ki, şimala doğru ətrafında bağlar salına-salına Şahbulaq qalasına və Xaçınçaya qədər getmiş olacaq, oradan da Sizin tapşırığınıza uyğun olaraq yaradılacaq atçılıq zavodunun yerləşəcəyi Eyvazxanbəyli kəndinə. Beləliklə, Ağdama gələn qonaqlarımız Şahbulağı seyr edə biləcək, qalanın daxilində tarixi hissə, muzeylər olacaq. Elə indi də insanlar gəlib buranı seyr edirlər, artıq muzey marşrutu kimi qurulub, hər yerdə nişanlar, göstəricilər qoyulub, minadan xeyli təmizləmə işləri görülüb və qonaqlar da buraya artıq turist kimi gəlirlər. Prezident İlham Əliyev: Atçılıq kompleksini biz Ağcabədidə qurduq, bilirsiniz, amma birini də burada quracağıq, öz tarixi yerində. Ruslan Sadıqov: Ona görə buraya gedən yollar diqqətdə saxlanılır və ətrafında bağlar salınacaq ki, o yollara xüsusi gözəllik versin. Burada dünya şəhərlərinin şəbəkələrinin təhlili verilib. Bu, dünyanın ən gözəl şəhərləri necə qurulub, onların şəbəkələridir, onların küçə enləridir, görünüşləridir, bölünüşləridir, parklarıdır, nəqliyyat vasitələridir. Biz burada 813 minlik, 6 milyonluq, 2 milyonluq, eyni zamanda, 90 minlik, 350 minlik şəhərləri görə bilirik. Bu, Ağdam şəhərinin əvvəlki planıdır və bu şəbəkəni onun əsasında qurmuşuq ki, özünəməxsus gözəlliyi olsun. Prezident İlham Əliyev: Yaşıl enerji növləri, “ağıllı şəhər”, bu təqdimat var? O avtobuslarla bağlı, o tramvaylarla bağlı? Ruslan Sadıqov: Bəli, hamısı var. İctimaiyyətə də böyük məmnuniyyətlə bildirmək istəyirik ki, Sizin tapşırığınıza uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının UNICEF qurumu “Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında” kitabça buraxıb, onun 18 müddəası var. İT şəbəkəsindən tutmuş turizm və yaşıllıq zonaları, nəqliyyat - onların hamısı burada vəhdət halında əksini tapıb, hər biri də nəzərə alınacaq. Prezident İlham Əliyev: Burada da müqayisə göstərilib? Ruslan Sadıqov: Bəli, müqayisədir, şəhərlərin sıxlığıdır. Bunlar dünya şəhərləridir. Burada onların sıxlığı göstərilib. Burada isə bizim kəndlər və Ağdam şəhəri öz yerini tutur. Təkcə Gəncə və Sumqayıt şəhərləri Ağdamdan sıx olacaq. Prezident İlham Əliyev: Amma ərazi baxımından Sumqayıtdan böyük olacaq? Ruslan Sadıqov: Ərazi baxımından Sumqayıtdan böyük olacaq. Cənab Prezident, 1700 hektar götürülməsinə baxmayaraq, biz sıxlığı təhlil edəndə gördük ki, məsələn, Berlin kimi şəhərdə sıxlıq 1 vahid təşkil edir. O, kifayət qədər yaşıl şəhərdir. Ondan az olanda nəqliyyat üçün ərazilər bir qədər böyüyür. Ona görə də Sizin məsləhətinizlə qərar verdik ki, o 1700 hektarın içində də bəzi əraziləri bağlara verək ki, bir balaca sıxlıq olsun. Prezident İlham Əliyev: Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi iki dəfə böyüdürük. Ruslan Sadıqov: Bəli, sənaye zonası da nəzərdə tutulub. Gələcək nəqliyyat zonalarında hamısı vəhdət təşkil edir. Burada yüksək mərtəbəli binalar olacaq. Ağdam şəhərinin ərazisinin 30 faizi əhalinin 70 faizini əhatə edəcək. Əhalinin 30 faiz fərdi evlərdə yaşayacaq. Ağdamda 1750 fərdi ev, 23 min mənzil olacaq, 100 min də əhalimiz. Ən sıx yeri mərkəz olacaq. Bu, artıq Baş Planın özüdür. Prezident İlham Əliyev: Bu, Bərdə yoludur? Ruslan Sadıqov: Bəli, bu, Bərdə yoludur. İlk dağdağan ağacı əkdiniz, burada dağdağan ağacları çox möhtəşəmdir, gözəldir. Söküntülər aparanda bu dağdağanların hər birini qoruyuruq. Meşə parkını tez açdıq ki, imkan olduqca onları əkməyə yerimiz olsun. Buradan yararlı ağacları götürüb hamısını parka köçürəcəyik. İctimaiyyət nümayəndələri: Dağdağan müqəddəs ağacdır, gözdəymənin qarşısını alır. Prezident İlham Əliyev: Dediyim park budur, 125 hektar, uzun şəhər parkı? Ruslan Sadıqov: Bəli. Adını çəkdiyimiz kanal da buradan keçir. Biz o kanalı elə yönəltmişik ki, ətrafında evlər də olsun. Prezident İlham Əliyev: Kanal şəhərin içindən çay kimi axacaq? Ruslan Sadıqov: Bəli, meliorasiya layihələrinə görə, orada həmişə su olacaq, bəzi anlarda iti axacaq, bəzi anlarda zəif. İnsanlar bu 2 kilometrlik məsafədə qayıqlarla gəzə biləcəklər. Prezident İlham Əliyev: Bulvar kimi gəzinti və qayıqlar? Ruslan Sadıqov: Bəli, indi o haqda da məlumat verəcəyik və oradan buraya iki kilometrlik məsafəni qayıqlarla gələcəklər. Bilirik ki, ağdamlıların gözəl mətbəxləri var, onların mətbəxinə hər kəs qonaq olmaq istəyir, burada o tipli istirahət zonaları nəzərdə tutulacaq. Bu, nəzərdə tutulan tarixi mərkəzdir. Bu isə açıq səma altında İşğal muzeyidir. Bu biri isə məsciddir. Məscidin qarşı tərəfində qədim Ağdam üslubunda yaradılacaq kvartal olacaq. Bura 1 nömrəli məktəbin yeridir və 4 hektarlıq mərkəzi park məscidin yanında idi, ora işğal muzeyi kimi saxlanıldığından park buraya keçirilir. Bura isə möhtəşəm Bərdə-Ağdam yolunun girişidir. Ağdamlıların böyük xatirəsi olan “Fərhad Bisütun dağını çapır” heykəl kompozisiyasını bərpa etmək fikrimiz var. Gördüyümüz bu park şəhərin ən gözəl ərazisi olacaq, artıq torpaq işləri görülür. Prezident İlham Əliyev: Burada da biri olacaq. İctimaiyyət nümayəndələri: Parklar çoxdur. Ruslan Sadıqov: Parklar çoxdur, cənab Prezident. Adətən şəhərlərdə 15 faiz yaşıllıq olur, burada meşə zolaqlarına görə 23 faizə çatacaq. Bu da bizim “dayanıqlı şəhər”, “ağıllı şəhər” prinsiplərinin əsaslarından biridir. Ümumiyyətlə, burada qurulan mexanizm barədə əlavə məlumat verəcəyik. Üstünlük əsasən piyadalara veriləcək. Sosial infrastruktur, məktəblər elə qurulub ki, insanlar hər yerdən oraya piyada getsinlər. Prezident İlham Əliyev: İnsanlar piyada istənilən yerə çata bilərlər? Ruslan Sadıqov: Bəli, istənilən yerə. Bütün yollarda, - indi yol sxemlərini də göstərəcəyik, - velosiped yolları nəzərdə tutulub ki, insanlar velosipeddən istifadə etsinlər. Çünki bilirik ki, böyük şəhərlərdə hərəkətsizlik artıq aktual bir məsələdir. Prezident İlham Əliyev: Ekoloji tarazlıq da mütləq maksimum qorunmalıdır. Ruslan Sadıqov: Bəli, faizlər barədə Sizə əlavə məlumat verəcəyik. Nəqliyyat infrastrukturu - piyadalar birincidir, fərdi velosiped vasitələri ikincidir, ictimai nəqliyyat üçüncü yeri tutur. Sizin tapşırığınıza uyğun olaraq, elektriklə işləyən yeni tramvay xətləri də nəzərdə tutulub, relslər olmadan təkərlər üzərində hərəkət edəcək. Prezident İlham Əliyev: Tramvaylar ölkəmizdə hələ heç yerdə yoxdur, özü də elektriklə işləyən. İctimaiyyət nümayəndələri: Trolleybus da. Möhtərəm cənab Prezident, Allah Sizi qorusun, elə gözəl layihələr həyata keçirmisiniz ki, Ağdamımız da Şuşa ilə bir yerdə cənnət bağı olacaq. Prezident İlham Əliyev: Mən demişəm, cənnət olacaq. İctimaiyyət nümayəndəsi: Cənnət bağında mənim tarım da olacaq, ifam da olacaq, başda Siz olmaqla. Allah Sizi qorusun. Ruslan Sadıqov: Cənab Prezident, bu tramvay dairə ilə hərəkət edəcək, bu dairənin ortasında 60 metrlik yol olacaq. Bu yol Sizin təməlini qoyduğunuz ilk yaşayış kvartalından başlayır və gəlib administrativ mərkəzə çıxır. Mərkəzdə yeni meydan qurulacaq, o meydanın tribunası olacaq, şəhər administrasiyası yerləşəcək və qarşısında da konqres hol olacaq. Prezident İlham Əliyev: Kütləvi tədbirlər, paradlar, konqres hol. Ruslan Sadıqov: Bəli, kütləvi tədbirlər, sərgilər, ola bilər kənd təsərrüfatı sərgiləri, turizm sərgiləri təşkil edilsin. Ağdam şəhərinin yanında bir hündürlük var, o hündürlüyü isə Dağüstü park kimi istifadə etmək olar. Orada açıq teatr nəzərdə tutulub ki, Ağdamda təşkil olunacaq muğam konsertlərinin sədaları bütün şəhəri bürüsün. Təhsil Nazirliyinin təklifi ilə 15 məktəb layihəsi verilib. Sizin göstərişinizlə Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur. Universitetdən əlavə, xüsusi orta təhsil müəssisələri və liseylər yaradılacaq. Prezident İlham Əliyev: Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq. Ruslan Sadıqov: Gələcək investorlar da xüsusi məktəb inşa etmək istəyirlər. Onlar da istəsələr gəlib burada kamplarını qura bilərlər, tələbələrimiz gedib orada-burada qalmaqdansa, özləri gözəl Ağdamda, Şuşaya çox yaxın tarixi bir yerdə təhsillərini ala bilərlər. Bu hissədə isə Sizin tapşırığınıza əsasən stadion nəzərdə tutulub. Stadionun tamaşaçı tutumu 30 min nəfərdən çox olacaq. Stadion müəyyən standartlara uyğun gəlməlidir ki, burada oyunlar keçirilə bilsin. Prezident İlham Əliyev: Adı İmarət olacaq. Amma İmarəti də biz yenidən bərpa edəcəyik. Çünki o, cıdır kimi nəzərdə tutulmuşdu, ona görə biz onu elə cıdır formasına salacağıq. Ruslan Sadıqov: Bəli, düşünürəm ki, Pənahəli xanın İmarət sarayı Ağdamın, ümumiyyətlə, Azərbaycanın ziyarətgahlarından biri olacaq. Sizin tapşırığınıza uyğun olaraq, layihələr hazırlanıb. Düşünürəm ki, çox möhtəşəm turizm obyektinə çevriləcəkdir. Prezident İlham Əliyev: Dəmir yolu vağzalı? Ruslan Sadıqov: Bəli, şəhərin şərqində yerləşdirilib. Vağzala gedən yollarda iri müəssisələr, bir-iki mərtəbəli ticarət obyektləri yaradılacaq ki, şəhərin içində böyük müəssisələr olmasın, onlar o yolda yerləşdirilsin. Ağıllı və dayanıqlı sosial infrastruktur elə qurulub ki, burada məktəblər, sosial xidmətlər, tibb müəssisələri, parklar, şəhər meydanı - bunlar hamısı vəhdət təşkil edir və bir-birinin yaxınlığındadır. Uşaq məktəblərinin əlçatanlığı burada dairələrlə göstərilib, hamısı 300-350 metr məsafədədir. İnsanın hansı nöqtədə yaşamasından asılı olmayaraq, 300-350 metrliyində məktəb olacaq. Prezident İlham Əliyev: Piyada gedəcək? Ruslan Sadıqov: Bəli, piyada gedəcək. Bu da ictimai nəqliyyatdan, şəxsi nəqliyyatdan istifadənin sayını minimuma endirmək üçün nəzərdə tutulub. Burada şəhər parklarının əhatə dairəsi də verilib. İnsan evindən çıxarkən 400 metrdən bir istirahət parkına çatmış olacaq. Bu da ictimai məkanlardır. Prezident İlham Əliyev: Yaşamaq üçün əsl şəhər olacaqdır. Ruslan Sadıqov: Ağıllı və dayanıqlı şəhər, ictimai nəqliyyat. Siz artıq bu haqda dediniz - birinci piyadalardır, ikinci velosiped, sonra ictimai nəqliyyatdır, ondan sonra isə taksi və “Carsharing”. Bilirsiniz, insanlar maşınlarını bölüşürlər. Sifarişlə “Smart mobility” və yaxud elektrik samakatları var, gənclər buna çox üstünlük verirlər, şəhərimizin özündə də bunu görə bilirik. Bunun üçün ayrıca şərait və infrastruktur olacaq ki, insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, rahat istifadə edə bilsinlər. Piyadalar onlara, onlar isə piyadalara mane olmayacaqlar. Bu, ağıllı və dayanıqlı şəhərin müddəalarının ən vaciblərindən biridir, hansı ki, ekologiyaya da təsir edir, insanların yaşayış səviyyəsinə də. 79 kilometr velosiped yolu nəzərdə tutulub. Bu, həmin o dediyimiz elektrik tramvayıdır. Prezident İlham Əliyev: Relsi yoxdur da? Ruslan Sadıqov: Xeyr, bunun relsi yoxdur. Bu, birinci dairədir, hansı ki, ilkin mərhələdə olacaq. Bu, ikinci dairədir. Allah qoysa, şəhər əhalisi 100 min nəfərə çatanda üçüncü dairə kimi də əlavə avtobus nəqliyyatı nəzərdə tutulub. Bu, yolların infrastrukturudur, cənab Prezident. Biz görürük ki, ən enli yol - tramvay xətti prospekti 60 metrlikdir. Burada piyada yolları, velosiped yolları var. Tramvay və avtomobil yolları buraya aid edilmir. Prezident İlham Əliyev: Ayrıca xətdir? Ruslan Sadıqov: Bəli, ayrıca xətdir. Deməli, avtomobil sıxışdırılıb ortaya salınıb ki, onlar gediş-gəlişdə piyadalara heç cür təsir etməsin. Prezident İlham Əliyev: Bütün şəhərlərdə adətən tramvay avtomobil yolunun ortası ilə gedir və bu, bir qədər təhlükə yaradır, amma burada ayrıca xətt olacaq. Ruslan Sadıqov: Bəli, bu, ayrıca xətdir, dayanacaqlar olacaq, insanlar oradan tramvaya minib gedəcəklər. Bu, şəxsi avtomobillərə, trafikə təsir etməyəcək. Bu 60 metrlik yol Portuqaliyanın Lissabon şəhərindəkinə oxşar olacaq, səkiləri çox enlidir. Bunlar yol kəsişmələridir, ən kiçik yollarımız isə 20 metrlikdir. Onların da strukturu verilib. Hamısında da velosiped yolları nəzərdə tutulub. Sizə məruzə etmək istəyirəm ki, “Azərenerji” tərəfindən artıq yüksək gərginlikli xətt çəkilir. “Azərişıq” tərəfindən artıq müvəqqəti xətlər buraya gətirilib, 2 yarımstansiyanın yeri artıq müəyyən olunub, onlar yaxın günlərdə istifadəyə veriləcək. Su mənbələri müəyyən olunur. Şəhərin qərbindəki su mənbələrindən təqribən 500 metrlik hündürlükdən anbara vurulacaq və buradan özü öz təzyiqi ilə axacaq. Dairəvi xətt suda da qurulacaq ki, hər bir evdə əlavə mühərriklərə, motor sistemlərinə ehtiyac olmadan su təzyiqləri təmin edilsin. Bu da yenə ağıllı və dayanıqlı şəhər müddəalarına uyğun bir işdir. Bunlar isə Ağdam şəhərində tikiləcək bina nümunələridir. Əlbəttə, bu, ola bilər ki, bu və ya digər formada müxtəlif olsun, amma ilk görünüşdə bu, şəhərətrafı bağlardır, hansı ki, haqqında Sizə məruzə etdim, bax belə təsərrüfatlardır. Prezident İlham Əliyev: Kənd təsərrüfatı? Ruslan Sadıqov: Bəli, şəhərətrafı. Şəhərətrafı ola bilər ki, çox güman Ağdamın bütün kəndləri elə olacaq. Çünki onların hamısının, kəndlərin də bölgüləri o sistemlə verilib. Ağdamın özünəməxsus çox gözəl daşı var. Söküntülərdən yığılan o daşlar üçün müəyyən yer ayırmışıq, oraya yığmışıq. Hələ ki, karxanalardan istifadə olunmasa da, biz Ağdamda, məsələn, açıq səma altında İşğal muzeyinə, - artıq o layihədə nəzərdə tutulub, - o daş xüsusi gözəllik verəcək. Bu isə Ağdamın böyük tarixi olan Qarağacı qəbiristanlığıdır. O qəbiristanlıqda daşların hamısı ermənilər tərəfindən dağıdılıb, qəbiristanlıq şumlanıb. Bu, ağdamlıların ən ağrılı yeridir. Ora üçün də ayrı layihə işlənir ki, nə mümkün olacaqsa, bərpa edək. İctimaiyyət nümayəndələri: Valideynlərimizin hamısının qəbri oradadır. Dağıdıblar hamısını, şumlayıblar. Ruslan Sadıqov: Cənab Prezident, Siz Şuşada möhtəşəm bir məscidin təməlini qoydunuz. Şuşa öz məscidi ilə bizim xalqı gözləyir. Şükür Allaha ki, bu da Ağdamın ən böyük tarixi eksponatı kimi qalır, fəxrimizdir, eyni zamanda, yeni məscid layihələri də var. Prezident İlham Əliyev: Ağdam Cümə məscidinin bərpası ilə bağlı işlərə artıq start verildi. Heydər Əliyev Fondu bu işləri öz üzərinə götürdü, mütəxəssislər cəlb edildi. İlk növbədə, biz o məscidi bərpa etməliyik. İctimaiyyət nümayəndələri: Mehriban xanıma minnətdarıq. Prezident İlham Əliyev: Bəli, bir də Qiyaslı məscidini də bərpa etməliyik. Onu da dağıtmışlar. Ondan sonra da əlbəttə ki, digər yerlərdə məscidlər tikiləcəkdir. Ruslan Sadıqov: Bu filmdə Ağdamın keçmiş xoşbəxt günləri, sonra işğal dövründə dağıdılmış şəhər göstərilir. Prezident İlham Əliyev: Buranı da göstər, bax, bu, maraqlıdır. Ruslan Sadıqov: Bəli, bu, həmin dediyimiz kanal sistemidir. O kanal şəhər şəlaləsinə gələcək. Prezident İlham Əliyev: Venesiya kimi. Ruslan Sadıqov: Şəhər şəlaləsindən başlayacaq kanal evlərin arasından keçib Siz ağac əkdiyiniz həmin o parkadək uzanacaq. Şəhər ətrafında həmin kanalın bu formada olması nəzərdə tutulur. Prezident İlham Əliyev: Eni nə qədər nəzərdə tutulur? Ruslan Sadıqov: Eni təqribən 30 metrə qədər nəzərdə tutulur. Çox böyük də olmasın, kiçik də olmasın. Ətrafında da səkilər və gəzinti yerləri, iaşə obyektləri olacaq. Prezident İlham Əliyev: Körpülər. Ruslan Sadıqov: Gözəl körpülər nəzərdə tutulub, dünyanın ən yaxşı körpülərindəndir, hansı ki, Siz göstəriş vermisiniz, bəyənmisiniz. Orada istirahət zonaları və insanların yayda asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl yerlər olacaq. Prezident İlham Əliyev: Bu da təməl qoyduğumuz binadır. Birinci binanın təməlini qoyduq, ağ rəngdə. İctimaiyyət nümayəndələri: Bir sözlə, dediyiniz möcüzə. Həqiqətən möcüzədir. Prezident İlham Əliyev: Ağdam ağ bina deməkdir. Ruslan Sadıqov: Şəhərin birinci böyük ağ binasının təməlini qoydunuz. İctimaiyyət nümayəndələri: Cənab Prezident, müharibəmiz də nümunə oldu, quruculuğumuz da. Prezident İlham Əliyev: Elədir, mən demişəm ki, bu, dünya üçün nümunə olacaq. Bu, şəhərsalma prinsiplərinin müasir konsepsiyasıdır. Ruslan Sadıqov: Cənab Prezident, gördüyünüz məkan elə qurulub ki, bu, artıq gələcəkdə şəhər pavilyonu kimi qalacaq. Burada təməl daşı da qoyulacaq ki, gələcək nəsillər bunu görsünlər. Prezident İlham Əliyev: Görsünlər ki, təməli burada qoyulub. Ruslan Sadıqov: Burada Sizin tapşırığınıza uyğun olaraq, pavilyon qurulacaq. Gələcək Ağdamın modeli orada nümayiş etdiriləcək. Bunu həm sakinlər, həm də qonaqlar seyr edə biləcəklər. Qarşımızda Sizin ucaltdığınız Bayraq meydanıdır. Sağ tərəfdə İşğal muzeyi üçün ayrılmış ərazidir. Hansı ki, o formada da qalacaq. Qarşımızdakı isə 4 hektarlıq parkdır. Prezident İlham Əliyev: Gəlirik bu tarixi məqama. X X X Dövlətimizin başçısı şəhərin bərpasının təməl daşını qoydu. X X X İctimaiyyət nümayəndələri: Xeyirli olsun. Bu, bizə böyük şərəf oldu. Prezident İlham Əliyev: Bu, tarixi gündür, tarixi hadisədir. İctimaiyyət nümayəndəsi: Biz də istəyirik ki, Sizin də xeyir-dualarınızla burada tamaşalarımızı, “Leyli və Məcnun”u nümayiş etdirək. Prezident İlham Əliyev: Burada tikinti işləri gedə-gedə müxtəlif konsertlər təşkil etmək olar. İctimaiyyət nümayəndəsi: İnanın, cənab Prezident, 60 il tarımla səhnədə olmuşam. O festivalların sayı nə qədər çox olsa da, ən sanballısı Şuşada oldu. Allah Sizi qorusun. Allah Sizə Şuşa qədər ömür versin. İctimaiyyət nümayəndəsi: Cənab Prezident, yaşamağa, yaratmağa dəyər. Dahiyanə işlər gördünüz. Buna inanmaq olmur, amma həqiqətdir. Allah Sizi qorusun. X X X Sonra xanəndələr birgə muğam ifa etdilər. X X X İctimaiyyət nümayəndəsi: Cənab Prezident, bizim arzumuzdur ki, “Leyli və Məcnun” Üzeyir bəyin doğulduğu Şuşada tamaşaya qoyulsun, orada səhnəyə çıxaq. Prezident İlham Əliyev: Çox yaxşı təklifdir. İctimaiyyət nümayəndəsi: Cənab Prezident, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında dünən çox gözəl Sərəncam imzaladınız. Akademiyanın 100 illiyində ən gözəl ifaları Sizə təqdim edəcəyik. Lakin ən böyük poemanı, povesti, simfoniyanı, əsəri Siz yazmısınız. Bu torpaqları azad etməklə Siz çox nəhəng iş gördünüz. Buna görə musiqi də, incəsənət də, Vətən də yaşayacaq. Biz də hər zaman Sizinlə birgə olacağıq. Siz bizə həyat verdiniz. Allah Sizi qorusun. X X X Sonra xatirə şəkilləri çəkdirildi. X X X Dövlətimizin başçısı ərazidə ağac əkdi. X X X İctimaiyyət nümayəndəsi: Ulu Öndər Ağdamdan, Quzanlıdan keçirdi, dedi ki, ağdamlılar, darıxmayın, vaxt gələcək Ağdam işğaldan azad ediləcək. Prezident İlham Əliyev: Bəli, düzdür, mən də orada idim. İctimaiyyət nümayəndəsi: Ulu Öndər hər zaman Ağdamın inkişafına diqqət göstərib. Siz də Ağdamı işğaldan azad etdiniz. Biz ağdamlılar hər zaman Sizə borcluyuq. Prezident İlham Əliyev: Sağ olun, bir daha təbrik edirəm.

Hamısını oxu
Mürvət Həsənli: “Hər bir insanın təhsili, tərbiyyəsi onun gələcək uğurlarının təməlidir”

Müsahibimiz “Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Asossasiyası” İctimai Birliyinin sədri, iş adamı Mürvət Həsənlidir. Onunla “Uğur hekayəsi” rubrikasında  görüşüb, danışdıq. Bacarıqlı bir iş adamı olmağın sirrini öyrənməyə çalışdıq. – Mürvət müəllim, siz ölkənin tanınmış iş adamlarından birisiniz. Uğur hekayənizi dinləmək istəyərdik.   -İş həyatına 1990-cı ildə, əsgərlikdən qayıtdıqdan sonra atıldım. O zaman Gəncədə yaşayırdım. Xaricdən tekstil və elekteonika malları gətirib Gəncədə satırdım. O zaman üçün bu həm maraqlı, həm də riskli idi. 90-cı illərin əvvəllərində ölkədə güclü infilyasiya gedirdi. Qazanmaq əvəzinə, ciddi itki də verə bilərdin. Əlbəttə ki,  ziyana düşdüyümüz zamanlar da oldu. Ancaq sonrakı işimi qurmaq üçün bu bir maliyyə başlanğıcı, o dövr üçün gələcək uğurlarımın maddi təməli oldu. Sonra imtahan verib indiki Gəncə Aqrar Universitetində ali təhsilə başladm. Bildiyimiz kimi o dövürdə həm cəbhədə, həm də ölkədə ictimai-siyasi vəziyyət ağır idi. 1993-cü ildə ulu öndər  H.Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə bir sabitlik yarandı. 2000-ci illərin əvvəllərində ictimai iaşə sektoruna qatıldım. “Xəmsə” şadlıq sarayını qurdum. Bu sahədə böyük uğur qazandığımı düşünürəm. O zamanlar bu sahədə boşluqlar var idi. Həm o boşluğu doldurduq, həm də keyfiyyətli iş gördük. Hətta mən statistikasını da aparmışam, 20 illik fəaliyyətimiz ərzində bizim restoranda evlənənlərin cəmi 1.5%-i boşanıb. -Siz, kənd təsərrüfatı sahəsində də ilklərə imza atan sahibkarlardansınız.    – Bəli, 2008-ci ildən başlayaraq kənd təsərrüfatı sahəsində özümü sınadım. Öncə ətlik hind quşu, ardınca da damazlıq, ətlik istiqamətli toyuqların satışına başladıq. Artıq 12 ildir bu sahədəyik. Biz başlayan vaxtlar ölkədə damazlıq toyuq təsərrüfatı yox idi. Bu sahədə ölkə tələbatının 85-90% ödəyirik. 2009-2011 ci illərdə ölkə başçısı tərəfindən quşçuluq sahəsinə böyük diqqət yetirildi. 2016-cı ildə qəbul olunmuş strateji yol xəritəsinə görə 2025-ci ilə qədər bu xəritədə göstərilən bütün sahələrin inkişafina nail olmaq lazım idi. Ürəklə deyə bilərəm ki, biz 2025-ci ildən  tez quşçuluq sahəsində göstərilən bütün tələbləri yerinə yetirmişik. – Eyni vaxtda bir neçə sahəsini birlikdə idarə etmək çətin deyil ki?   – Hər bir sahədə, hər bir insanın köməkçisi onun kadrlarıdır. Biz bu kadrları zaman-zaman yetişdiririk. Onlar yetişdikcə insan özünü rahat hiss edir. Uğurumun sirlərindən biri də odur ki, qismətimə həmişə savadlı kadrlar çıxıb və çalışmışam maksimum peşəkarları seçim. Belə bir deyim də var: “Peşəkarların maaşı hər zaman baha olur, amma qeyri-peşəkarın vurduğu ziyandan baha olmur”. – “Quş əti, yumurta istehsalçıları və ixracatçıları Asossasiyası” İctimai Birliyinin sədri kimi deyə bilərsinizmi bu sahədə nə kimi yeniliklər və  problemlər var?   – Assosasiyanın sədri kimi bu ilin 22 fevral tarixindən yekdilliliklə sədr seçilmişəm. O müddətdən bu günə qədər həm hökümət, həm də ticarət şəbəkələri qarşısında bir sıra problemlər qaldırıb, hamısının həllinə nail olmuşuq. Toyuq əti və yumuta istehsalçılarının vəsaitləri uzun müddət – 90 günlə şəbəkələrdə qalırdı və iadə faizləri çox idi. Bu əsas problemlərdən biri idi. İqtisdiyyat nazirliyi ilə birgə bu problemin də öhdəsindən gələ bildik. Xaricdən gətirilən yararsız toyuqların ölkəyə daxil olmasının qarşısı alındı. Digər məsələ isə Cənab prezidentin səyi ilə soya, soya şirəotu və digər məhsullardan ƏDV-nin qaldırılması idi. Bu problem də bu ayın əvvəli həllini tapdı. Nəzərə alsaq ki, 1kq ətin tərkibinin 68%-ni yemin dəyəri tutur, bu quş əti və yumurta istehsalçılarına böyük kömək idi. Nəticədə toyuq ətinin qiyməti düşdü. Problemlərin asan həllolma səbəblərindən biri də, bizim qaldırdığımız məsələlərin  ölkə ictimaiyyəti, xüsusilə də, media tərəfindən dəstəklənməsidir. – Hazırda Avropadakı mövcud vəziyyətlə yəni müharibə ilə bağlı dünya ərzaq qıtlığı ilə üz-üzə qala bilər. Bu baxından kənd təsərrüfatının bir sahəsi kimi problemin qarşısını almaq üçün sizin sahədə hansı tədbirlər görülür?   – Biz bu məsələləri nəzərə alaraq mart ayında hökümətə yem və yem məhsullarının qiymətinin qalxması ilə bağlı müraciət etdik. Bununla bağlı yuxarıda qeyd etdiyim məsələlər həllini tapdı. Yem ehtiyatları bazasının yaradılması, güzəştli mövsümü kreditlərin verilməsi ilə bağlı müraciət etmişik. Yaxın zamanda artıq o kreditlər də veriləcək. Əlbəttəki ki, ərzaq qıtlığı qlobal problem olduğu üçün bizdən də yan keçməyəcək. Ölkə başçısının qəbul etdiyi qabaqlayıcı tədbirlər planı ilə 2008-ci ildə baş verən iqtisadi böhranı yüngül atladığımız kimi bunun da öhdəsindən gələcəyik. Bu yaxınlarda yem ehtiyatlarını da özümüz istehsal edəcəyik. İşğaldan azad olunmuş ərazilərdəki yararlı torpaqlarda dənli bitkilərin əkini, ət baxımından iribuynuzlu mal-qaranın yaylaqlara qalxması və sayındakı artım sayəsində biz ərzaq qıtlığı ilə rastlaşmayacağıq. – Hazırda quş əti və yumurtanın idxal və ixracındakı nisbət necədir? İdxal daha çoxdur yoxsa ixrac? Toyuq əti, yoxsa yumurta?   – Hazırda ölkədə yumurta istehsalı 130 faizin üzərindədir. Ona görə də biz onu Qətər, BƏƏ,  Rusiya, Əfqanıstan və digər ölkələrə ixrac edirik. Yumurta ölkə tələbatını artıqlaması ilə ödəyir, toyuq əti isə 85%. Hazırda ölkədə toyuq ətinə tələbat 140.000 tondur, istehsal isə 120.000 tondur. Yem məsullarından ƏDV-nin qalxması isə 100%-lik təminata gətirib çıxaracaq. – Cəmiyyətdə müzakirə mövzusu olan məsələlərdən biri də, quş əti və xüsusilə də, yumurtanın qiymətidir. Bu məhsullarda qiymət artımı gözlənilirmi və ümumiyyətlə, qiymətlər nəyə əsasən tənzimlənir?   – Öncəliklə onu deyim ki, bütün məhsulların qiymətini bazar tənzimləyir. Bazarda tələbat artanda qiymət artır, təklif artanda isə qiymət azalır. Yumurta çox istehsal olduğu üçün qiymətlər kifayət qədər aşağıdır. Düşünürəm ki, yaxın gələcəkdə biz  damazlıq yumurtanı da özümüz istehsal edəcəyik. – Bildiyimiz kimi virusların tüğyan etdiyi bir dönəmdən keçirik. Hansı ki, bir neçə il öncə quş qripi də müəyyən bir arealda yayılmışdı. Bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülür?   – Qaldırdığımız məsələlərdə bizə xüsusi dəstək verdikləri üçün AQTA-nın rəhbərliyinə təşəkkür edirik. Hazırda quş qripinə qarşı vaksinlərin ölkədə qeydiyyatdan keçməsində onların böyük rolu var.  H5N9 qeydiyyatdan keçdiyi üçün vaksinasiyada biz onu tətbiq edirik. Problem xaricdən gələn yumurtalarda ola bilər. O da həllini tapacaq. -Hər kəs öz sahəsində uğurlu olmaq istəyər. Çünki gördüyü işin nəticəsi insanı xoşbəxt edir. Uğurun hər hansı bir düsturu varmı, onu tətbiq edib nailiyyət qazanaq?   -Uğurun düsturu təhsil, tərbiyə və təcrübədir. Hər bir insanın təhsili və tərbiyyəsi  onun gələcək uğurlarının təməlidir. Eyni zamanda işini ölkə qanunvericiliyini uyğun qurmaq lazımdır. Bunu tətbiq etmək və hər zaman haqq-ədaləti qoruyaraq irəliləmək əsas şərtlərdəndir. Hədəfinizi də bilməli, böyük həvəs və inamla ona doğru addımlamalısız. Yalnız bu halda uğur hər zaman sənin olacaq, səninlə olacaq! Səmimi söhbətindən dolayı Mürvət Həsənliyə təşəkkür edirik!   Mənbə: Bugun.tv  

Hamısını oxu
Ombudsman dövlət sərhədində aparılan monitorinqin nəticələrini beynəlxalq təşkilatlara göndərib

“Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində hərbi təxribat törətməsi, eyni zamanda, xarici ölkələrdə yaşayan dinc azərbaycanlı aksiyaçılara qarşı hücumlar təşkil edilməsi ermənilərin milli zəmində aqressiyası və radikalizminin daha bir bariz nümunəsidir”.Bu fikiri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az.a açıqlamasında söyləyib.Ombudsman bildirib ki, Ermənistanın təxribat törətdiyi dövlət sərhədində apardıqları monitorinqlərin nəticələri ilə bağlı hesabat beynəlxalq təşkilatlara göndərilib:"Hesabatda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyən, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməsi faktlar əsasında diqqətə çatdırılıb.Təcavüzkar ölkənin fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməsinin, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsinin zəruriliyi qətiyyətlə vurğulanıb.Bununla yanaşı, ABŞ, Belçika, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland və Avstraliyada yaşayan azərbaycanlı dinc aksiyaçılara qarşı erməni təxribatçıları tərəfindən psixoloji və fiziki zorakılığın tətbiq olunması ilə əlaqədar müvafiq beynəlxalq təşkilatlara¸ müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlamışıq.Bəyanatlarda Milli İnsan Hüquqları institutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına qətiyyətlə çağırmışıq”.“Tərəfimizdən 12-24 iyul tarixlərində həm dövlət sərhədinin Tovuz rayonu istiqamətində, həm də xarici ölkələrdə yaşanmış təxribatlarla bağlı ikinci aralıq hesabat hazırlanıb və beynəlxalq təşkilatlara göndərilib”,-deyən Ombudsmanın sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına edilmiş hücumlar, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar çox ciddi qanun pozuntularını, milli zəmində nifrət və hücum aktlarını özündə ehtiva edir.“Ona görə də beynəlxalq ictimaiyyət bu məsələyə ciddi reaksiya verməli, bu halların qarşısı alınmalıdır”.

Hamısını oxu