Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlk azərbaycanlı sərhədçi general

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib.
Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.
General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub.
Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq.
Allah rəhmət eləsin!

2020-10-25 00:00:00
1474 baxış

Digər xəbərlər

“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin rəhbərliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 8 iyul 2026-cı il tarixində “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və sədr müavini Mirşamil Hadıyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilov və sədr müavini polkovnik İmran Əhmədovla görüşüblər. Görüş zamanı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, birgə tədbirlərin təşkili müzakirə olunub, gənclər arasında vətənpərvərlik tərbiyəsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyətin gücləndirilməsinin zəruriliyi qeyd olunub. Tərəflər bildiriblər ki, vətəndaş cəmiyyəti institutları dövlət siyasətinin dəstəklənməsi istiqamətində aktivliklərini artırmalı, milli maraqların müdafiəsi yönündə daha fundamental addımlar atmalıdır. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 101 yaşı qeyd olunub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 101 yaşı qeyd olunub. Tədbirdə veteranlar, xarici ölkə səfirlikləri, Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib. Xatırladaq ki, Fatma Səttarova ötən ilin 24 yanvar tarixində Prezident İlham Əliyev tərəfindən respublikanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

Hamısını oxu
20 Yanvar xalqımızın qəhrəmanlıq və birlik günüdür

20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldular. Bu fikirləri Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Ehtiyatda olan polkovnik qeyd edib ki, həmin ağır günlərdə - 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Cəlil Xəlilov 20 Yanvar facisəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Hamısını oxu
Qubada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 iyun 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyəti və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Hər uşaq bir ümid, bir gələcəkdir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyətində şəhid övladları ilə görüşərək onları bayram münasibətilə təbrik edərək, hədiyyələr təqdim etmiş və onlara uğurlar arzulamışdır. Sonra Quba rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm kursunun üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək bildirmişlər ki, uşaqların hüquqlarının qorunması, onların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd olunmuşdur ki, ölkəmizdə uşaqların hərtərəfli inkişafı, sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir. Daha sonra tədbirin bədii hissəsində uşaqların ifasında şeirlər səsləndirilmiş, musiqi və rəqs nömrələri təqdim olunmuş, həmçinin peşəkarlar tərəfindən nağıl animasiyaları nümayişi etdirilmişdir. Nümayiş etdirilən maraqlı çıxışlar iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır. Sonda uşaqlara bayram hədiyyələri təqdim olunmuş, xatirə şəkilləri çəkdirilmişdir.      

Hamısını oxu