Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz. Şadam sizi görməyimə. Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır. Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək. Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq. Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk. Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz. Seyid Abbas Əraqçi dedi: -Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

2020-10-29 00:00:00
3548 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı gənclərin vətənpərvərlik tərbiyəsi işinə xüsusi diqqət ayırır

         Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 02 sentyabr 2016-cı il tarixdə Şəki şəhərində seminar–müşavirə keçirtmişdir.          Layihınin rəhbəri - Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general- mayor Dadaş Qərib oğlu Rzayevdir. Seminar –müşavirəni Respublika Veteranlar Təşkilatın sədr müavini polkovnik Cəlil Malik oğlu Xəlilov açaraq layihə haqqında məlumat verib.          Layihə Oarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihənin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.        Layihənin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır.      Seminar-müşavirədə Şəki, Balakən Qəbələ, Qax, Oğuz, Zaqatala, Mingəçevir şəhər (rayon) veteran təşkilatlarının sədrləri, eyni zamanda Şəki şəhər Veteranlar Təşkilatının əməkdaşları, həmin rayonun fəal gəncləri, veteranları, şəhid ailələri, müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri iştirak etmişdir.      Seminar-müşavirədə “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Qəhrəmanlar unudulmur”, “Xalqı qəhrəmanlar ucaldır”, “Şəki qəhrəmanlar diyarıdır” mövzularında məruzələr dinlənilib, çıxışlar olub.         Tədbirin sonunda Azərbaycan Milli Qəhərmanlarına həsr olunan film nümayiş etdirilib, bir neçə şəhid ailəsinə ərzaq yardımı edilib.  

Hamısını oxu
Heydər Əliyevdə ilahi bir güc vardı – dayısı qızından diqqətçəkən açıqlamalar

Bu gün Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Məhz bu səbəbdən Heydər Əliyevin dayısı qızı, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri, Respublika YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanı redaksiyamıza qonaq edib, həmsöhbət olduq. Zərifə xanımla müsahibəni təqdim edirik: — Zərifə xanım, əvvəlcə sizi daha yaxından tanıyaq. Koreya Şərq Təbabəti Klinikasında çalışırdınız. Hazırda da həkim kimi çalışırsınız? — 12 il Koreya Şərq Təbabəti Klinikasında baş həkim olmuşam. Mən hazırda yazıçı-publisist kimi fəaliyyət göstərirəm. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Uzun illərdir kitablar yazıram. İndiyə qədər səkkiz bədii kitabım çap olunub. 44 günlük Vətən müharibəsindən sonra düşündüm ki, bu tarixi hadisələri gələcək nəsillərə çatdırmaq lazımdır. Buna görə də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab yazdım. Kitab həm Azərbaycanda, həm də xaricdə böyük maraqla qarşılandı. Daha sonra Vətən müharibəsi və şəhidlərimiz haqqında kitablar yazdım. Şəhid ailələri və qazilərlə daim görüşür, onların yanında olmağa çalışıram. Şəhid ailələrini Şuşaya, Ağdama və Xankəndiyə aparmışıq. Onlar övladlarının uğrunda can verdiyi torpaqları görəndə həm kövrəlirdilər, həm də qürur hissi keçirirdilər. — Heydər Əliyevi yaxından tanıyan bir qohumu - dayısı qızı kimi necə xarakterizə edərdiniz? — Heydər Əliyev Azərbaycanın qurucusu, memarı və xalqın qoruyucusudur. Belə bir dahi şəxsiyyəti Ulu Tanrı Azərbaycanın gələcəyi üçün yaratmışdı. Heydər Əliyev haqqında danışmaq hər bir insan üçün böyük şərəfdir. Çünki o, Azərbaycana sabitlik, inkişaf və gözəllik gətirib. Xalqımıza nəfəs, əmin-amanlıq və sakitlik bəxş edib. Bu gün biz qürurla deyirik ki, suveren və müstəqil Azərbaycanda yaşayırıq. Amma bir zamanlar Azərbaycan çox ağır günlər yaşayırdı. Qardaş qırğını, faciələr və qarışıqlıq hökm sürürdü. 20 Yanvar faciəsi və Xocalı faciəsi xalqımızın başına mənfur qüvvələr tərəfindən gətirilmiş ağır müsibətlər idi. Biz həmin dövrlərin canlı şahidiyik, baş verənləri öz gözlərimizlə görmüşük. 20 Yanvar faciəsi zamanı xalq özünü dayaqsız və gücsüz hiss edirdi. Azərbaycan xalqı sanki atasız-anasız uşaq kimi idi. Məhz həmin vaxt Heydər Əliyevin çıxışı xalq üçün ümidə çevrildi. Məncə, bu sadəcə müsahibə deyildi, bir bəyanat idi. O, bütün dünyaya bəyan etdi ki, xalqının üstünə silahla gəliblər, torpaqlarımız işğal olunub, amma Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur. O dövrdə ordumuz zəif idi, ölkədə ciddi idarəetmə böhranı yaşanırdı. Təsadüfi rəhbərlər yalnız “kreslo davası” aparırdılar. Xalq başsız qalmışdı. Mən Yanvar faciəsində şəhidlərin dəfn mərasimlərinin canlı şahidi olmuşam. Heç bir rəhbər xalqın önünə çıxmırdı. Amma Heydər Əliyev səfirliyə gəlib o tarixi bəyanatı verdi və xalq hiss etdi ki, onun lideri, dayağı var. — Heydər Əliyevlə hansı maraqlı xatirələriniz var? — Ailəlikcə onlara tez-tez gedirdik. Heydər Əliyev işdən gec çıxırdı. Biz oraya ailə üzvü kimi gedirdik. Onunla daha çox atamın işi olurdu, çünki hərbçi idi və DTX-də çalışırdı. Onu deyə bilərəm ki, Heydər Əliyev olduqca zəhmli, dağ kimi bir adam idi. Ancaq onunla söhbət edəndə ürəyinin necə yumşaq olduğunu görmək olurdu. Onunla söhbət etdikdə sizinlə birlikdə gözü dola bilirdi. Universiteti bitirəndə Zərifə Əliyeva çox istəyirdi ki, göz həkimi olum. Mən də “Yox, Zərifə xanım, mən göz həkimi kimi işləyə bilmərəm, əlimdən fəsadlar yaranar” dedim. O da “özün bilərsən, hansı istiqaməti istəyirsən seç” dedi. Bir gün görüşlərin birində söz düşdü, Heydər Əliyev dedi ki, bu qız gərək orqanda işləsin. Məhz bundan sonra tapşırdı, Nizami rayon partiya komitəsində şöbə müdiri təyin olundum. Bu gün də fəxr edirəm ki, Heydər Əliyev mənə belə yüksək qiymət verib. Onu da deyim ki, 1969-cu ildə, hələ cənab Prezident İlham Əliyevin 8 yaşı olduğu bir dövrdə o, özünün ciddi xarakteri və çalışqanlığı ilə seçilirdi. Şıltaqlıq etmir, dərsləri ilə məşğul olurdu. — Xalqın Heydər Əliyevi hakimiyyətə çağırdığı dövrə canlı şahidlik etmisiniz. O günləri bir də sizdən dinləmək istərdik… — 1993-cü il hadisələri Azərbaycan üçün çox ağır və həlledici dövr idi. Ölkənin 20 faizi işğal altında idi, müharibə gedirdi. Bir tərəfdən “Sadval” hərəkatı, digər tərəfdən qondarma “Talış Respublikası”, digər tərəfdən isə müxtəlif silahlı qüvvələr ölkəni parçalamağa çalışırdı. Belə bir vəziyyətdə xalq çox düzgün qərar verdi və Heydər Əliyevə üz tutdu. Çünki xalq anlayırdı ki, ölkəni bu ağır vəziyyətdən yalnız böyük təcrübəyə malik lider çıxara bilər. Heydər Əliyev özü də deyirdi ki, ona vəzifə lazım deyil. O, xalqın çağırışı ilə Bakıya gəldi və ölkəni böyük təhlükədən xilas etdi. Heydər Əliyevdə ilahi bir varlıq vardı. Sanki o, bir peyğəmbər kimi Allah tərəfindən göndərilmişdi. Ən çətin anlarda o, Azərbaycan xalqının yanında olurdu. — Heydər Əliyevin Sovet dövründəki fəaliyyəti haqqında nə deyə bilərsiniz? — Heydər Əliyev bütün həyatı boyu Azərbaycan üçün çalışıb. Hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin inkişafı üçün böyük işlər görüb. 1960-cı illərin sonlarında Azərbaycanın iqtisadi vəziyyəti çox ağır idi. İnsanlar çörək növbəsinə dayanırdı. Mən bunların hamısını öz gözlərimlə görmüşəm. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkədə böyük dəyişikliklər başladı. Sənaye inkişaf etdi, kənd təsərrüfatı dirçəldi, təhsil və səhiyyəyə xüsusi diqqət ayrıldı. O həmişə, hər yerdə azərbaycanlılara dəstək verirdi. O dövrdə kondisioner zavodu açılanda zavodun tamamilə Azərbaycanda fəaliyyət göstərməsinə nail oldu. Bu çox vacib bir məsələ idi. Beləliklə də, fayda bizə qalır, insanların iş imkanları artırdı. O, hər zaman deyirdi: “Mən ömrümün sonuna qədər Azərbaycan xalqına xidmət edəcəyəm. Əgər mən bunu tamamlaya bilməsəm, mənim davamçılarım bu yolu davam etdirəcəklər.” — Bəs Zərifə Əliyeva haqqında nə deyə bilərsiniz? Necə xatırlayırsınız? — Zərifə xanım çox böyük alim və çox böyük insan idi. O, xalqın sağlamlığı üçün misilsiz xidmətlər göstərib. Bir zamanlar Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı və insanlar arasında korluğa səbəb olurdu. Zərifə xanım bu xəstəliyin aradan qaldırılması üçün böyük tədqiqatlar apardı, laboratoriyalar yaratdı və nəticədə bu xəstəlik demək olar ki, yox edildi. O, Sovet İttifaqının ən nüfuzlu tibbi mükafatlarından biri olan Averbax mükafatına məhz buna görə layiq görülmüşdü. Zərifə Əliyeva təkcə alim deyildi, həm də çox qayğıkeş, humanist və yüksək mənəviyyata malik bir insan idi. — Heydər Əliyevin ailə başçısı kimi xüsusiyyətləri barədə nə deyə bilərsiniz? — Heydər Əliyev təkcə böyük dövlət xadimi deyil, həm də gözəl ailə başçısı idi. O, hər zaman ailəsinə bağlı insan olub. Deyirdi ki, onun ən böyük dayağı Zərifə xanımdır. Bu gün biz həmin tərbiyənin nəticəsini İlham Əliyevin ailəsində də görürük. Ailə dəyərləri, milli-mənəvi prinsiplər qorunur və gələcək nəsillərə ötürülür. — Azərbaycanın bu gününü necə qiymətləndirirsiniz? — Bu gün Azərbaycanın müstəqil və güclü dövlət kimi inkişaf etməsinin əsasında Heydər Əliyevin siyasəti dayanır. Hazırda Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər bunun ən böyük nümunəsidir. Prezident İlham Əliyev həm siyasi, həm də hərbi sahədə böyük qətiyyət nümayiş etdirdi. Xalq da dövlət başçısının ətrafında sıx birləşdi. Hər bir kənd və şəhər azad olunanda xalq böyük sevinc yaşayırdı. Hamı səbirsizliklə Prezidentin çıxışlarını gözləyirdi. Bu Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Mehriban Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyada tanıdılması istiqamətində böyük işlər görür. Azərbaycanın mədəniyyətini, musiqisini və muğamını beynəlxalq səviyyədə təbliğ edir. Leyla Əliyeva “Xocalıya ədalət” kampaniyası ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Arzu Əliyeva isə mədəniyyət və kino sahəsində mühüm layihələr həyata keçirir. Bu ailə hər zaman dövlət və xalq üçün çalışıb. — Sonda nə demək istərdiniz? — Qızlarımıza məsləhtim odur ki, Zərifə xanım Əliyevanı özlərinə kumir götürsünlər. Zərifə Əliyeva elə bir şəxsiyyətdir ki, onun saysız-hesabsız müsbət xüsusiyyətləri var. O, ideal bir insan nümunəsidir. Mən öz həyatımda onu həmişə ideal seçmişəm. Çünki həm gördüyü işlər, həm insanlarla münasibəti, həm də mənəvi dünyası hər bir qadın üçün örnəkdir. İstəyərdim ki, xanımlarımız Zərifə Əliyevaın həyat yolundan nümunə götürsünlər. Onun ailədəki mövqeyi, ictimai fəaliyyəti, insanlara münasibəti, xəstələrə göstərdiyi qayğı – bütün bunlar örnəkdir. Cəmiyyətimizin belə nümunələrə ehtiyacı var. Mən özüm də uzun illər onu idealım hesab etmişəm. Son dövrlərdə isə Mehriban Əliyevanın fəaliyyəti qadınlarımız üçün böyük örnəkdir. O, qadınlara geniş imkanlar açır, onların ictimai həyatda daha fəal iştirakına dəstək verir. Azərbaycanın mədəniyyətini və milli-mənəvi dəyərlərini dünyada layiqincə təmsil edir. Bu fəaliyyətlər gənclərimiz və xanımlarımız üçün böyük motivasiyadır. Heydər Əliyev isə hər bir sahədə böyük məktəbdir. Onun həyat yolu, düşüncələri və çıxışları bu gün də insanlara yol göstərir. Hər cümləsində dərin məna var. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri sadəcə bir cümlə deyil, böyük bir ideologiyadır. Bu çağırış insanları milli kimliyini sevməyə, ana dilini, milli-mənəvi dəyərlərini və Vətənini qorumağa səsləyir. Vətən anlayışı bizim üçün müqəddəsdir. Ona görə də “ana Vətən”, “ana torpaq” deyirik. Çünki insan üçün ana necə əzizdirsə, torpaq da o qədər müqəddəsdir. Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan dövlətinə və xalqına xidmət etdi. Onun Azərbaycan haqqında söylədiyi fikirlər bu gün də xalqımızın yaddaşında yaşayır. O, Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün misilsiz xidmətlər göstərmiş böyük liderdir. Modern.az  

Hamısını oxu
İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi Üsküdarda hərəkətdə olan Valide Sultan gəmisində keçirilib

Veteran.gov.az xəbər verir ki, Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi və Tek Hedefim Təhsil birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Biz birlikdə Güclüyük” layihəsi çərçivəsində İstanbulda “Zengezur sənətkarlığı” sərgisi keçirilib.  Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Türkiyədəki  Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəti  ilə həyata keçirilib. Tədbirdə yerli azərbaycanlılar, ictimaiyət nümayəndələri, yerli   Bələdiyyə rəhbərliyi, elm, mədəniyyət işçiləri, jurnalistlər iştirak ediblər. İlk öncə Türkiyənin İstiqlal Marşı və Azərbaycanın dövlət himni səsləndirilib. Giriş sözü ilə ilə çıxış edən İstanbuldakı Xarı Bülbül  Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Cabbarova layihə haqqında danışaraq, Qərbi Azərbaycanda, Zəngəzurda xalqımızın yaratdığı böyük mirasa dair fikirlərini bölüşüb. Azərbaycanın İstanbuldakı konsulu Zaur ALLAHVERDİZADE, Marmara vakfının rəhbəri Akkan Suver itirilmiş dəyərlərimiz, Zəngəzurun tarixi və Qərbi Azərbaycan reallıqları haqqında fikirlərini bölüşərək Zəngəzura qayıdışdan danışıblar. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycanda - Zəngəzurda min illər boyu yaratdığı böyük mədəniyyət, sənət, mədəni miras haqqında danışaraq, tarixin müxtəlif dövrlərində yurt yerlərimizə ermənilərin köçürülməsi, azərbaycanlıların isə öz ata-baba yertlərindən deportasiyasının tarixi ədalətsizlik olduğunu qeyd edib. O, Prezident İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bütün Azərbaycanlılara məxsus tarixi, dini abidələri məhv etməsinə, yer adlarının dəyişdirilməsinə baxmayaraq, bu Vətən torpaqlarımızdan Azərbaycan irsini silə bilmədiklərini vurğulayıb. Samir Abbasov “Zəngəzur sənətkarlığı” layihəsi haqqında danışaraq, Sərdari ailəsinin əl sənəti ilə yaratdığı Qərbi Azərbaycana dair mədəni irs nümunələri haqqında məlumat verib, gələcəkdə də bu cür layihələrə  dəstək göstəriləcəyini qeyd edib. Sərgidə Tek hedefim Təhsil Birliyinin rehberi Cem Yıldırım və b. çıxışçılar Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi ilə birlikdə layihələrini vurğulayaraq, bu cür işlərin Türk dünyasında əhəmiyyətli olduğunu açıqlayıblar. Daha sonra Azərbaycanın paytaxtı Bakıdan Zəngəzur sənətkarlığının (əl sənəti) sərgisini gətirən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvləri İsgəndər SƏRDARLI, Lalə SƏRDARLI, Toğrul SƏRDƏRLI çıxış edərək layihə haqqında məlumat veriblər.  Onlar xalqımıza məxsus yaratdıqları bu əl sənətinə dair nümunələrin maraqla qarşılandığını və keçirilən yüksək səviyyəli tədnirə görə Türkiyədəki qurumlarımıza öz təşəkkürlərini bildiriblər. Daha sonra layihə çərçivəsində bu mövzuda hazırlanmış sənədli film nümayiş etdirilib. Proqramın bədii hissəsi gəminin ikinci mərtəbəsində davam edib. Tədbirdə Azərbaycan musiqiləri və milli rəqslərimiz təqdim olunub. Serdarlı ailəsinə hər iki birlik tərəfindən mükafatlar təqdim olunub. İstanbulda Azərbaycan musiqiçiləri, vokalçı Vüsalə Ələkbərova, fortepianoda Fidan İsmayılova milli musiqilərimizi ifa ediblər. Qonaqlar üçün hazırlanmış milli təamlar, o cümlədən Azərbaycanın milli şirniyyatları, şəkərbura, paxlava, İrəvan kətəsi qonaqlara təqdim olunub. Tədbir böyük maraqla qarşılanıb, iki saatlıq dəniz gəzintisi ilə başa çatıb.  Seymur ƏLİYEV

Hamısını oxu
Sumqayıt şəhərində Əlaqələndirmə Mərkəzi yaradılıb

Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.   Əlaqələndirmə Mərkəzində şəhid ailələrinin üzvləri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin və aidiyyatı qurumların əməkdaşları təmsil olunur.   Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Əlaqələndirmə Mərkəzinin üzvləri ilə görüşüb.   Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.   Qeyd olunub ki, son vaxtlar ərzində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin həm maddi təminatının yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində müntəzəm olaraq tədbirlər keçirilməsinə baxmayaraq, hələ də bu istiqamətdə çoxlu işlər görülməlidir. Vətən müharibəsi zamanı şəhid olmuş ailələrin üzvlərinin, qazilər və digər imtiyazlı kateqoriyadan olan əhalinin şəhər ərazisində fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmasında qarşıya çıxa bilən problemlər tam aradan qaldırılmalıdır.   Bununla yanaşı, şəhid ailələri və müharibə iştirakçılarının sosial problemlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində onlarla mütəmadi olaraq toplantılar, fərdi görüşlər keçirilməli, gündəlik qayğıları ilə maraqlanmalı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn əhəmiyyətli işlər görülməlidir.   Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılmasına ehtiyac vardır.   Bildirilib ki, Əlaqələndirmə Mərkəzi məşğulluqla bağlı müvafiq tədbirlərin icrası təmin edəcək, işsiz əhalidən daxil olan məlumatlar əsasında müvafiq təkliflərin işlənib hazırlanması və zəruri tədbirlərin həyata keçirilməsini təşkil edəcək.  

Hamısını oxu