Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib

Bakı, 30 oktyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

2020-10-30 00:00:00
3092 baxış

Digər xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə aprelin 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kinorejissor Vaqif Mustafayevin xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Əsl məhəbbət haqqında” sənədli televiziya filmi nümayiş etdirilib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verib. “Ulu öndər Heydər Əliyev zamanın fövqündə duran, illər keçdikcə dühası və əzəməti daha parlaq şəkildə görünən qüdrətli şəxsiyyətlərdəndir”, - deyən C.Xəlilov vurğulayıb ki, Ümummilli Lideri xalqın, dövlətin tarixində əbədi yaşadan mühüm cəhətlərdən biri onun Azərbaycanın ən çətin zamanlarında xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu yeni inkişaf mərhələsinə çıxarmasıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyevin adı dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenauer və digər tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi dərin ictimai-siyasi, sosial-iqtisadi problemlərə, cəbhədəki uğursuzluğa, hakimiyyət böhranına, vətəndaş müharibəsi təhlükəsinə toxunan C.Xəlilov bildirib ki, belə ağır vəziyyətdə xalqın imdadına məhz ulu öndər Heydər Əliyev yetişdi. Dahi rəhbər xalqın təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi, bununla da daxili və xarici düşmənlərimizin bütün planları puça çıxdı. Xilaskarlıq missiyasını üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının qarşısını aldı, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bundan sonra Azərbaycan gələcəyə inamla baxan qüdrətli dövlətə çevrilmək yoluna qədəm qoydu. Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi və iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışıb.   Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyev haqqında çəkdiyi filmin dahi şəxsiyyətin həyat və fəaliyyətini dolğun əks etdirən ən maraqlı ekran əsərlərindən biri olduğunu vurğulayıb. Ərəstun Mehdiyev qeyd edib ki, Azərbaycan xalqı zəngin tarixi ərzində bir sıra görkəmli şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərin arasında ümummilli lider Heydər Əliyevin özünəməxsus yeri var. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin tarixində silinməz izlər qoyub. Bütün fəaliyyəti dövründə “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” prinsipinə əsaslanan Heydər Əliyev ümumxalq mənafeyini hər şeydən üstün tuturdu. Ulu Öndərin həyatına, fəaliyyətinə nəzər salanda bunu aydın şəkildə görmək mümkündür. Heydər Əliyev xalqının Ümummilli Lideri səviyyəsinə yüksələnə qədər mühüm vəzifələrdə çalışıb, zəngin həyat yolu keçib. Xüsusi xidmət orqanlarında uğurlu fəaliyyətdən sonra sovet dövründə Azərbaycana rəhbərlik edib, daha sonra keçmiş SSRİ-nin ali rəhbərlərindən biri olub. Sovet İttifaqının süqutundan sonra müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev fəaliyyətinin hər iki dövründə ölkəmizin dinamik inkişafı, xalqın rifahı üçün yorulmadan çalışıb. Müstəqillik illərində Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqe qazanmasında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir. Bu uğurları şərtləndirən əsas amil Heydər Əliyevin həmişə xalqa arxalanması olub.  Prezident Administrasiyasının rəsmisi bildirib ki, dahi şəxsiyyət 1990-cı illərin əvvəllərində Azərbaycanı bütün sahələrdə yaşanan tənəzzüldən, vətəndaş qarşıdurmasından, parçalanmaq təhlükəsindən xilas edib, dövlət çevrilişi cəhdlərinin qarşısını müdrikliklə alıb. Heydər Əliyev məhz xalqa güvənərək respublikada ictimai-siyasi sabitliyi bərqərar edib, Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, bütün sahələrdə dərin islahatlar həyata keçirib. Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütün təbəqələrini, o cümlədən gəncləri, ziyalıları, müharibə veteranlarını da daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər Heydər Əliyev çıxışlarında vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət xalqın mənafeyinə xidmət etməlidir. Belə dövlət beynəlxalq arenada mövqelərini möhkəmləndirə, ordusunu gücləndirə bilər. Dövlət özünün güclü ordusuna arxalanmalıdır. Dövlətin və xalqın orduya qayğısı yüksək səviyyədə olmalı və bu birlik daim təmin edilməlidir. Bu məsələlərə xüsusi diqqət yetirən Ümummilli Lider dövlət quruculuğu siyasətində həmin prinsiplərin təmin olunmasını daim nəzarətdə saxlayırdı. “Ötən il biz Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyini dövlət səviyyəsində qeyd etdik. Müstəqilliyin bərpasından ötən illər ərzində Azərbaycan sürətlə inkişaf edərək dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu uğur dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində əldə olunub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hazırda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Məhz bu siyasət sayəsində regionun lider dövləti olan Azərbaycan artıq bölgədə və dünyada mühüm söz sahibinə çevrilib. Azərbaycan dövləti yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən daim ən yüksək hörmət və ehtiramla yad ediləcək. Çünki ümummilli lider Heydər Əliyevin adı Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunub”, - deyə Ərəstun Mehdiyev bildirib. Sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov, veteranlar Vladimir Timoşenko, Tofiq Ağahüseynov, kinorejissor, Xalq Artisti, Dövlət Mükafatı laureatı, Heydər Əliyev haqqında sənədli televiziya filmlərinin müəllifi Vaqif Mustafayev və digərləri çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında Ümummilli Liderimizin tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Natiqlər vurğulayıblar ki, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalan gənclərimiz dahi rəhbərin siyasi xəttini uğurla davam etdirərək, Azərbaycana yeni uğurlar qazandıran Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Sonda Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin qərarı ilə kinorejissor Vaqif Mustafayev  “Veteran həmrəyliyi” medalı ilə təltif olundu. Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev medalı Vaqif Mustafayevə təqdim etdi

Hamısını oxu
SOCAR AQŞ-nin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, SOCAR AQŞ şirkətinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.   SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev və şirkətin əməkdaşları Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.   Şəhidlərimizin ruhunu dərin ehtiramla anırıq.   Mənbə: www.socar-aqs.az

Hamısını oxu
Bunu edən də, buna susan da potensial qatildir!

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu xətlərinin üzərinə kənar əşyaların qoyulması ilə bağlı müraciət yayıb. Müraciətdə təkcə cari il ərzində ADY-ə məxsus dəmir yolu xətlərinin üzərinə 22 kənar əşya qoyulduğu, bu cür halların həm sərnişinlərin, həm də qatar heyətinin həyatı üçün risk təşkil etdiyini bildirib. Müraciətdə dəmir yolu xətti üzərində kənar əşya görənlərin yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 Əlaqə Mərkəzinə məlumat verməsi xahiş olunur. Hər şeydən öncə qeyd edək ki, dəmir yolu xəttinin üzərinə hansısa əşya qoymaq sadəcə şüursuzluq və ya məsuliyyətsizlik deyil, bu, bədxahlıq, daha dəqiq desək məqsədli şəkildə həyata keçirilən qanun pozuntusudur. İstənilən halda bu addımın atılmasında məqsəd qatarın hərəkətinə mane olmaq, onu dayandırmaq və ya relsdən çıxmasına nail olmaqdır. Bu isə bilavasitə insan həyatı üçün ciddi təhlükə, açıq qəsddir. Bu cür məkirli addım qatarın xətdən çıxımasına və çoxsaylı insan ölümünə səbəb ola bilər ki, bu da mahiyyətcə terror aktı deməkdir. Odur ki, yaşından, kimliyindən asılı olmayaraq, bunu edən hər bir şəxs bu cür əməllərədn çəkinməli, belə təhlükəli əməllərə şahid olan insanlar bu barədə əlaqədar qurumları dərhal məlumatlandırmalıdır. Unutmaq olmaz ki,  dəmir yolu xətlərinin üzərinə kənar əşya qoyan, bu cür halları gördüyü halda susan, bu barədə yetkililərə məlumat verməyən hər bir şəxs potensial qatildir. Bunu edənlə bu qanun pozuntusunu gördüyü halda əlaqədar qurumlara məlumat verməyə hər bir şəxs, hüquqi baxımdan olmasa da, mənəvi baxımdan eyni məsuliyyət daşıyır.   Gəlin öz laqeydliyimiz, biganəliyimizlə qatilə çevrilməyək. Bu cür hallara qarşı həssaslıq sərgiləyərək həyat qurtaraq və bir ömür boyu vicdanımızın ağrısı ilə deyil, təqdiri ilə yaşayaq. Seymur ƏLİYEV

Hamısını oxu
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib. İclası giriş sözü ilə təşkilatın sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov açaraq qurumun fəaliyyəti barədə məlumat verib. Prezidentin köməkçisi Hikmət Hacıyev iclasda çıxış edərək Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatındakı, o cümlədən müharibə, əmək və silahlı qüvvələr veteranlarının problemlərinin həll olunmasındakı rolunu vurğulayıb, bu kateqoriyadan olan insanların dövlət qayğısı ilə əhatə edildiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən veteranlara göstərilən dövlət qayğısının yeni səviyyəyə qalxdığını, Respublika Veteranlar Təşkilatına müasir standartlara tam cavab verən inzibati binanın ayrıldığını, müharibə veteranlarına verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırıldığını, veteranların mənzil və digər problemlərinin həll olunduğunu qeyd edib. Hikmət Hacıyev ötən əsrin 90-cı illərinədək veteran ifadəsi dedikdə, ilk növbədə, Böyük Vətən müharibəsində iştirak edən bir qədər yaşlı insanların yada düşdüyünü, lakin həmin ifadənin əvvəlcə Birinci Qarabağ müharibəsində, daha sonra isə 44 günlük Vətən müharibəsində gəncləşdiyini vurğulayıb. O, Respublika Veteranlar Təşkilatının üzərinə yeni vəzifələrin düşdüyünü, Qarabağ uğrunda bütün döyüşlərdə iştirak etmiş şəxslərin də bu qurumun fəaliyyətinə cəlb olunmasının, onları narahat edən məsələlərin həll olunmasının vacibliyini qeyd edib. Prezidentin köməkçisi Respublika Veteranlar Təşkilatının yeni gənc veteranlarla körpü rolu oynayacağına, onlarla daim bağlantı yaradacağına ümid edərək, təşkilatda təmsil olunan ağsaqqal və ağbirçək veteranların məsləhətlərinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb. Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin, veteranlarla iş sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, ölkə başçısının müvafiq Fərmanı ilə bir neçə gün öncə yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib. Rəyasət Heyətinin üzvləri çıxış edərək təşkilatın 2020-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri T.Ağahüseynovun səhhəti ilə əlaqədar qurumun gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yarandığı qeyd olunub, onun vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib. Rəyasət Heyətinin üzvləri tərəfindən təşkilatın sədri vəzifəsinin icrasının İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilməsi təklif olunub. Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul edilib. Sonda Fatma Səttarova və Rəyasət Heyətinin digər üzvləri Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil olunduqları qurumun ölkə başçısının çağırışlarına cavab verməsi üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildiriblər.

Hamısını oxu