Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib: “Əziz hərbçilər, Vətən Müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq.

 
Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz.  İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini yad edək, bir dəqiqə sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin! Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik. Döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz - bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən sadəcə olaraq bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər. Biz çalışırdıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. O cümlədən, mən 17 il ərzində ölkə başçısı kimi çalışırdım ki, məsələ sülh yolu ilə həll olunsun və bu məsələnin uzanmasının əsas səbəbi də budur. Bir də beynəlxalq vasitəçilər bizi inandırırdılar ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Ancaq son bir il ərzində gördük ki, bizi sadəcə olaraq aldadırlar, sülh prosesi demək olar, iflic vəziyyətə düşmüşdü. Ermənistanın yeni rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə faktiki olaraq danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. Nümayişkaranə elə addımlar atılırdı ki, həm bizə, həm bütün dünyaya göstərsinlər ki, işğal edilmiş torpaqlar əbədi işğal altında qalacaq. Onlar müxtəlif xəritələr dərc etmişdilər. Bu xəritələrdə “Dağlıq Qarabağ Respublikası”nın sərhədlərini müəyyən etmişdilər, o sərhədlərin içərisinə bütün işğal edilmiş torpaqlar da daxil idi. Onlar bizim tarixi şəhərlərimizin adlarını dəyişdirmişdilər, yeni eybəcər adlar vermişdilər. Bütün kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni irsimizi silmək istəyirdilər. Xaricdən erməniləri Şuşaya gətirib məskunlaşdırmaq istəyirdilər. Yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində o məskunlaşmanı, xüsusilə Arazboyu yerləşən rayonlarda o məskunlaşmanı sürətləndirmək istəyirdilər. Xaricdə yaşayan ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi bələdiyyələr artıq “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qərarlar qəbul etmişdilər. Bütün bunlar nəyi göstərir? Bütün bunlar onu göstərir ki, onlar hesab edirdilər, bax, bu yollarla həm işğalı qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun tanıdılması istiqamətində uğurlar qazanacaqlar. Görəndə ki, bizi, sadəcə olaraq, aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu dövr ərzində - 17 il ərzində demişdim ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik. Kim nə deyir-desin, bu gün də eyni fikirdəyəm, eyni sözlərimi deyirəm. Bu 44 gün ərzində mənə nə qədər zənglər oldu, nə qədər siqnallar göndərildi ki, dayanın, dayanın. Deyirdim ki, şərt qoyuram düşmən qarşısında, çıxsın torpaqlarımızdan biz dayanaq. Bəyanat versin ki, çıxıram, biz dayanaq. Cədvəl versin, tarix versin, biz dayanaq. Amma düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər. Artıq birinci həftələrdən sonra dərk etdilər ki, bizim qabağımızda dura bilməyəcəklər. Ona görə beynəlxalq ictimaiyyətə daha fəal şəkildə müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi dayandırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandıra bilməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduq. Noyabrın 9-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz etmirəm. Dedim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan? Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir. Xalqımızın duyğularını təsəvvür etmək çətin deyil. Mən bu dönəmdə hər gün minlərlə məktub alıram. Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi ilə dolu məktublar məni doğrudan da çox duyğulandırır. Bu gün bizim televiziya kanallarımız, internet saytlarımız uzun illər məcburi köçkün həyatı yaşamış insanları, onların duyğularını, onların sözlərini ictimaiyyətə təqdim edəndə onların ən çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm. Deyir ki, artıq mən qaçqın deyiləm. Bilirsiniz bu, nə deməkdir? Bu, bəlkə də ən xoşbəxt anların təzahürüdür, həm bu insanların həyatında, həm bizim hamımızın həyatında və mənim həyatımda. Deyir ki, mən artıq köçkün, qaçqın deyiləm. Onlar bu daşı öz ətəyindən tökmək istəyirdilər. Onlar mənfur düşmən tərəfindən bizə yapışdırılmış belə bir ifadədən öz canlarını qurtarmaq istəyirdilər və bu gün gəldi. Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq. İlk növbədə, əlbəttə, təhlükəsizlik tədbirləri görülməlidir. Mənfur düşmən o bölgələrdə demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün ərzində düşmən öz məğlubiyyətinin acısını mülki vətəndaşlardan çıxarmaq istəyirdi. Bunun nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina ya dağıldı, yandı, ya da ki, ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək. Yəni, bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyümüzün bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi. Buna nail olduq! Biz tarixi anlar yaşayırıq. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu təbiidir. Çünki biz bir millət, iki dövlətik. Bu günlər ərzində əziz Qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. İndi həyatımızda yeni dövr başlayır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək. Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımı tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq. Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir. Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək. Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik. Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu demək olar ki, yoxdur. Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni, qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik. Bu tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq. Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Baş leytenant Mail Əsgərov: “Həqiqi hərbi xidmətimi ehtiyatda olan zabit kimi başa vurmuşdum və ehtiyata buraxılmışdım. Sizin əmrinizlə qismən səfərbərlik elan olunanda mən də yenidən hərbi xidmətə, ordu sıralarına qayıtdım və düşmənlə Füzuli rayonu istiqamətində vuruşduq, orada da yaralandım. Çox fəxarət hissi keçirirəm ki, döyüş yoldaşlarım mənim missiyamı yarımçıq qoymadılar, qələbə çaldılar. Yaralanandan sonra müalicə aldığım xəstəxanada Sizin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı etdiyiniz çıxışları böyük səbirsizliklə gözləyirdik. O çıxışların içində bizim üçün əhəmiyyət kəsb edən çıxışlardan biri də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində üçrəngli bayrağın dalğalanması xəbərini eşitmək arzusu idi. Onu da Siz bizə nəsib etdiniz. Ona görə Sizə xüsusi təşəkkürümü bildirəm. Siz ötən çıxışınızda, daha doğrusu, son çıxışınızda xalqa müraciətlə dediniz ki, biz dəmir yumruq olaraq düşmənə qalib gəldik. Mən bunu belə xarakterizə edərdim ki, bu dəmir yumruq həm xalqımızın birliyi, xalqımızın vəhdəti, ordumuzun gücü və xüsusən qeyd etmək istəyirəm ki, xalqın Sizə olan böyük inamıdır. Yəni, xalqın içində olaraq bunu mən deyirəm, xalqın Sizə olan böyük inamıdır. Bu, qələbəni təmin etdi. Biz o yumruqla düşməni əzdik. Bu Qələbəni, bu sevinci, bu qalibiyyəti bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edib Qələbəyə görə Sizi təbrik edirəm və Mehriban xanım, Sizi təbrik edirəm. Çox sağ olun”. Prezident İlham Əliyev: “Çox sağ olun. Biz bu Qələbəni çoxdan gözləyirdik. Bizim xalqımız bu Qələbəyə layiqdir. Bizim xalq qalib xalqdır. Sağ olun, uşaqlar”. 14:06 Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb.  
 

2020-11-11 00:00:00
3302 baxış

Digər xəbərlər

Veteranlarla görüş

Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev 07 dekabr 2016-ildə bir qrup II Dünya müharibəsi veteranları ilə görüşmüşdür. Görüşdə veteranların vəziyyəti, qayğıları, qarşılaşdıqları problemlər ətrafında söhbətlər aparılmış, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılacaq ardıcıl addımlar müzakirə olunmuşdur. Təşkilatın sədrinə onların qayğıları və problemləri ilə maraqlandığına görə minnətdarlılarını çatdıran veteranlar gələcəkdə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak edəcəklərini bildirmişlər.   Daha sonra sədri Mərkəzi Aparatının işçilərinə müvafiq göstərişlərini və tapşırıqlarını vermiş, 2017-ci ildə qarşıda duran mühüm vəzifələrdən danışmışdır. Görüş başa çatdıqdan sonra ehtiyatda olan general-mayor Dadaş Rzayev  bir qrup II Dünya müharibəsi veteranı ilə xatirə şəkili çəkdirmişdir.  

Hamısını oxu
IV İslam oyunları Azərbaycan Respublikasının inkişafının bariz nümunəsidir

Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi Respublikanın inkişafından, iqtisadi potensiyalından və dünya dövlətləri arasında qazandığı etimaddan xəbər verir. Son bir nəçə ildə ölkəmiz möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Yüksək səviyyədə təşkil edilmiş IV İslam Oyunları bu mötəbər  tədbirlərdən biri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər bir sahədə, o cümlədən idman sahəsində tərəqqiyə yol açır. IV İslam Oyunlarında Təşkilat komitəsinin sədri kimi Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevanın oyunların təşkili, tədbirin yüksək səviyyədə hazırlanıb keçirilməsi baxımından göstərdiyi təşkilatçılıq qabiliyyəti xüsusi qeyd edilməyə layiqdir. Bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxaq arenada layiqli yer tutduğunu əminliklə söyləyə bilərik. 2017-ci ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli”nin məntiqi davamı kimi “İslam Həmrəyliyi İli” elan edilməsi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Birlik, həmrəylik, eyni zamanda, dünyada sülhə böyük töhfə olan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyaya bir daha tanıtdı. Bu əlamətdar tədbir Azərbaycan xalqının sülhsevən, tolerant xalq olmasını nümayiş etdirdi. İdamanın müxtəlif növlərində idmançılarımızın qələbəsi, ölkəmizin birinci yeri tutması bütün qeyd edilənlərlə yanaşı, respublikamızın yüksək idman potensiyalına malik olduğunu da bir daha göstərdi. Biz veteranlar da hər bir azərbaycan vətəndaşı kimi ölkədə idmana göstərilən diqqətin bariz nümunəsi olan bu mötəbər yarışları maraqla izlədik, milli komandamızı daim dəstəklədik.  Bu cür mötəbər yarışların davamlı olacağına və növbəti qələbəmizin Qarabağda keçiriləcəyinə inanırıq. Respublika Veteranlar Təşkilatının sədr müavini e/o polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Millət vəkilləri Sumqayıtda bir qrup müharibə iştirakçısı ilə görüşüb

Millət vəkilləri Səbinə Salmanova və Zaur Şükürov Sumqayıtda yaşayan bir qrup müharibə iştirakçısı ilə görüşüb.  Veteran.gov.az xəbər verir ki, bu barədə millət vəkili Səbinə Salmanova facebook-dakı hesabında məlumat verib. Məlumatda deyilir: “Bu gün mənim və deputat həmkarım Zaur Şükürovun təşəbbüsü ilə Sumqayıt şəhərində yaşayan bir qrup qazi və müharibə iştirakçıları ilə görüşümüz baş tutdu. Görüş qarşılıqlı hörmət və səmimi ünsiyyət şəraitində keçdi. 20 Yanvar – Hüzn Günü ərəfəsində baş tutan bu görüşümüzdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla andıq, onların əziz xatirəsini minnətdarlıqla yad etdik. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, Vətən sevgisi və fədakarlıq nümunəsi hər birimizin yaddaşında daim yaşayır və heç vaxt unudulmayacaq. Daha sonra səmimi mühitdə davam edən görüş zamanı qazilərimizin və müharibə iştirakçılarımızın sosial vəziyyəti, gündəlik həyatlarında üzləşdikləri çətinliklər, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Qaldırılan hər bir məsələni diqqətlə dinlədik, mövcud problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq addımların atılacağını bildirdik. Görüş zamanı vurğuladıq ki, bu gün ölkəmizdə qazilərə və şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı möhtərəm Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ardıcıl, humanist və sosialyönümlü siyasətinin bariz nümunəsidir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına, onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyasına xidmət edir. Bu cür görüşlər qazilərimizlə daha sıx ünsiyyətdə olmağa, onların yanında olduğumuzu hiss etdirməyə, problemlərini birbaşa dinləməyə imkan yaradır. Qazilərimizin və şəhid ailələrinin daim diqqətdə saxlanılması, onların sosial rifahının daha da yaxşılaşdırılması bizim üçün hər zaman əsas prioritetlərdən biridir. Dəvətimizi qəbul edərək görüşümüzdə bizimlə birlikdə iştirak edən Sumqayıt şəhər veteranlar təşkilatının sədri, əmək veteranı, Vətənimizin qəhrəman şəhidi Pərviz Şükürovun atası, hörmətli Sovet müəllimə xüsusi təşəkkürümüzü bildiririk. Onun həyat yolu, zəngin təcrübəsi, vətənpərvər mövqeyi və dəyərli fikirləri görüşümüzə xüsusi məna və dəyər qatdı. Bu cür nümunəvi ağsaqqallarımız gənc nəsil üçün əsl örnəkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Qarabağ” ordenli Mais Bərxudarov

 Azərbaycanın müstəqilliyi, torpaqlarının bütövlüyü və xalqımızın əzəməti uğrunda canından keçən şanlı oğullarımızın adları tariximizin əbədi səhifələrinə həkk olunub. 8 Noyabr – Azərbaycanın həmrəyliyi və milli qüruru günüdür. Bu gün xalqımızın böyük qələbəsinin və qəhrəmanlığının şərəfli günüdür. Mais Şükür oğlu Bərxudarov kimi şanlı qəhrəmanlar Azərbaycan tarixinin ən böyük şəxsiyyətləri sırasında öz parlaq yerlərini tuturlar. Ümummilli lider Heydər Əliyev – Azərbaycanın müstəqilliyinin memarı və qoruyucusu; Prezident İlham Əliyev – milli birlik və ərazi bütövlüyümüzün təminatçısı; Qarabağ döyüşlərinin digər qəhrəmanları Polad Həşimov,İlqar Mirzəyev, Şükür Həmzəyev, Babək Səmidli, Mübariz İbrahimov və başqaları kimi dahi şəxsiyyətlər xalqımızın əbədi minnətdarlığını qazanıblar. Mais Şükür oğlu Bərxudarov kimi şanlı qəhrəmanlar Azərbaycan tarixinin ən böyük şəxsiyyətləri sırasında öz parlaq yerlərini tuturlar. Ümummilli lider Heydər Əliyev – Azərbaycanın müstəqilliyinin memarı və qoruyucusu, Prezident İlham Əliyev– milli birlik və ərazi bütövlüyümüzün təminatçısı, Qarabağ döyüşlərinin igid sərkərdələri Polad Həşimov,İlqar Mirzəyev, Şükür Həmzəyev, Babək Səmidli, Mübariz İbrahimov və adları xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış digər qəhrəman oğullarımız kimi şəxsiyyətlər, bu torpağın əbədi şərəf dastanına çevriliblər.Onların hər biri Azərbaycan xalqının qəlbində igidliyin, vətənpərvərliyin və fədakarlığın rəmzidir. Bu qəhrəmanlar bir amalın azad və güclü Azərbaycanın ucalığı naminə döyüşərək öz adlarını tariximizin ən möhtəşəm səhifələrinə yazıblar.Onların qəhrəmanlığı nəsillər üçün örnək, Vətən sevgisinin və dövlətə sədaqətin əbədi təcəssümüdür. General-mayor Mais Bərxudarov peşəkar hərbiçi kimi Qarabağ döyüşlərində böyük qəhrəmanlıqlar göstərib. 2016-cı ilin aprel döyüşlərində korpus komandiri olan general, döyüşlər başlayan kimi özü də əsgərlərlə birgə birbaşa döyüşlərdə iştirak edib. Şahidlərin dediklərinə görə, o, tankın üzərində, ön cəbhədə olmaqla bütün əsgərlərini ruhlandıraraq “Arxamca, irəli!” əmri verib və böyük qələbəyə nail olub. Mais Bərxudarov 1998-ci ildən mayor kimi daim ön cəbhədə, döyüş xəttində şərəflə xidmət edib. Ulu öndər Heydər Əliyev şəxsən onu “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdir. Ordenin təqdimatı zamanı Heydər Əliyev ona üçotaqlı mənzil hədiyyə ediləcəyini də bildirmişdir.Ulu öndərə təşəkkürünü bildirən zabitimiz demişdir:“Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəs və şərəflidir. Lakin mənə bağışladığınız evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm.” İkinci Qarabağ müharibəsində isə general Bərxudarov müharibənin ilk günlərində çox ağır qəlpə yaraları almasına baxmayaraq, döyüşü tərk etməyib. Həkimlərin dediyinə görə, onun yaraları hospitalda müalicə olunmalı idi, amma o, imkan tapdığı qədər yaralarını gizlədərək sığınacaqlarda, döyüş şəraitində mübarizəni davam etdirib. Yorğunluğa və ağrılara baxmayaraq, bir gün belə yataqda qalmayıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda döyüş əməliyyatlarında şəxsi igidliyi və şücaəti ilə seçilən Mais Bərxudarov Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 9 dekabr 2020-ci ildə isə “Qarabağ” ordeni ilə mükafatlandırılıb. 4 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona “general-leytenant” ali hərbi rütbəsi verilib. 2016-cı ilin aprel döyüşlərində korpus komandiri olaraq, Lələtəpə yüksəkliyinin və onlarla kilometrlərlə ərazinin azad edilməsində şəxsi rəhbərliyi və cəsarəti ilə önəmli rol oynayıb. Erməni silahlı qüvvələrinin çoxsaylı bölmələrini məhdud sayda əsgər və zabitlərlə məhv edib, düşmənin qüvvələrini sıradan çıxarıb. Mais Bərxudarovun iki qardaşı – Bayram Şükür oğlu və Niyaməddin Şükür oğlu da Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medallarla təltif ediliblər. Hər iki qardaş müharibəyə könüllü yollanmışdır. Mais Bərxudarovun iki qardaşı – Bayram Şükür oğlu və Niyaməddin Şükür oğlu da Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”medalları ilə təltif ediliblər. Hər iki qardaş müharibəyə könüllü yollanmışdır.Bu ailə əsl vətənpərvərlik məktəbidir bir ananın üç oğlu, üç igid övladı Vətən uğrunda çiyin-çiyinə xidmət edib. Onlar təkcə ailələrinin deyil, bütün Azərbaycanın qürurudur. Bərxudarov qardaşları xalqımızın “Vətən üçün can vermək – şərəf, torpaq uğrunda döyüşmək  namusdur” amalını öz həyatı ilə təsdiqləyiblər.Bu ailənin timsalında biz Vətənə sədaqətin, igidliyin və qardaşlıq ruhunun nə qədər böyük bir güc olduğunu görürük. Onlar göstərdilər ki, Vətən sevgisi bir ailənin damarlarında qan kimi dolaşa bilər və o qan bu torpağa sədaqət, mərdlik və qürur gətirər. Bugün biz Zəfərin səsini ucaldır, bu böyük qələbənin memarları olan hər bir qəhrəmanı təbrik edir və onlara dərin ehtiramımızı bildiririk.Mais Şükür oğlu Bərxudarovu və bütün Qarabağ qazilərini Qələbə münasibətilə ürəkdən təbrik edir, onlara sağlamlıq və yeni uğurlar arzulayırıq! Azərbaycanın əbədi qələbəsi naminə, Zəfərin səsi hər zaman ucalacaq!    

Hamısını oxu