Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ərdoğan BU TARİXDƏ Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi məlum olub. Türkiyə KİV-lərinin məlumatına görə, səfər 9-10 dekabrda baş tutacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək. Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.

2020-12-03 00:00:00
3667 baxış

Digər xəbərlər

Sumqayıt Musiqi Kollecində “Xocalı ağrısı” adlı tədbir keçirilib

25 fevral 2022-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində “Xocalı ağrısı” adlı tədbir keçirildi. Əməkdar artistimiz, kamança ustası Fəridə Məlikova tədbiri açıb qonaqları salamladıqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Kolleci müəllimi Rafail Həsənovun Xocalı faciəsinin tarixi və səbəbləri haqqında çıxısından sonra  balaca ifaçı Ülvi Ağamalızadənin ifasında  “Sarı gəlin” xalq mahnısı dinlənildi. Şəhid anaları və bacılarının dəvətli olduqları tədbirdə kollecin tələbələri – Əliyeva Rəna və Quliyeva Fidan şeir kompozisiyaları ilə  çıxış etdilər. Şəhid bacısı İnci Şirvanlının şeiri, həmçinin can yanğısı ilə ifa etdiyi mahnısı hər kəsi göz yaşlarına boğdu. Professor Arif Ağayev və Fəridə Məlikovanın ifasında səslənən kompazisiyaların hər birində hiss olunan ürək yanğısı tədbir iştirakçılarını biganə qoymadı. Sumqayıt Musiqi Kollecinin kamera orkestrinin ifasında səslənən Ə.Səlimi, R.İbrahiminin “Ayrılıq” mahnısı isə soyqırımın, o qaranlıq gecənin ağrı-acısını xatırladaraq daha çox ürəkləri dağladı. Şəhid Elton Əliyev və Nadir Rzayevin anaları da danışıb ürək sözlərini bildirdilər və kollecin rəhbəri Səbinə xanıma dəvət üçün minnətdarlıqlarını çatdırdılar. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru Fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva Xocalı soyqırımının və umumiyyətlə, müharibənin acı nəticələrinin unudulmamayacağını  qeyd edərək,  prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi “Xocalıya ədalət” istədiyini, bütün dünyanın bu soyqırımın tanımasının vacibliyini də nəzərə çatdırdı. Gələn qonaqlara -Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Fərman Kazımov, Bülbül adına 2 saylı uşaq Musiqi məktəbinin direktoru Samir Ismayılov, 3 saylı Musiqi məktəbinin direktoru  Elnarə Vidadi  və gələn şəhid anaları və bacılarına öz minnətdatlığını bildirdi. Tədbir Fəridə Məlikova, Arif Ağayev və bütün orkestrin ifasında “Azərbaycan” mahnısı ilə, gələcəyə ümid və əzm notlarında, bütün iştirakçıların qürurla ifa etdikləri “Azərbaycan!” sədaları altında bitdi.

Hamısını oxu
Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda

Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.   Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur: “Onlar Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan “Qarabağ” futbol klubu da yanımızdadır”.

Hamısını oxu
Hikmət Hacıyev: Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və UNESCO tərəfindən siyasi məqsədlər üçün istifadə olunmamalıdır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik. -Hikmət müəllim, 2020-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı qeyd etdi ki, Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib. Lakin UNESCO bir dəfə də olsun missiya göndərməyib. 30 il Azərbaycanın missiya ilə bağlı çağırışlarına cavab vermədiyi halda son dövrlər UNESCO-nun ölkəmizə missiya göndərmək istəyini necə izah etmək olar? -Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan işğal edilmiş ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin qəsdən dağıdılması və ya erməniləşdirilməsi kimi qanunsuz əməllər həyata keçirib. Həmin ərazilərdə Ermənistan tərəfindən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzeylər dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb. Ermənistanın qanunsuz əməllərini araşdırmaq və qarşısını almaq məqsədilə Azərbaycan dəfələrlə UNESCO missiyasının işğal olunmuş ərazilərimizə göndərilməsi təklifi ilə çıxış edib. İşğalçı dövlət olan Ermənistan isə qeyri-konstruktivlik nümayiş etdirərək Azərbaycanın UNESCO missiyası ilə bağlı bütün çağırışlarının qarşısını alıb. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO bütün bu illər ərzində davamlı şəkildə məlumatlandırılıb. Bu məqsədlə bir sıra nəşrlər hazırlanıb. Məsələn, 2007-ci ildə "Azərbaycana qarşı müharibə - mədəni irsə hücum" adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, Alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. Amma UNESCO tərəfindən adekvat reaksiya verilmədi. Hələ 2008-ci ildə UNESCO-nun o zamankı Baş direktoru Koişiro Matsuuranın ölkəmizə səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkil olunmasını təklif etmişdi. O zaman Baş direktor məsələni izlədiklərini və missiyanın vaxtı haqqında dəqiq fikir söyləyə bilmədiyini qeyd etmişdi. Yadımdadır, Xarici İşlər Nazirliyində mətbuat xidmətinin rəhbəri olduğum zaman bu mövzu ilə bağlı bir sıra açıqlamalarla çıxış etmişdim. 2015-ci ildə müsahibələrin birində qeyd etmişdim ki, Azərbaycan UNESCO-nu ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinq aparmaq üçün missiya göndərməyə dəvət edir. Amma Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan vermir. Çünki missiya həyata keçiriləcəyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq. 2016-cı ildə Ağdamın Cümə məscidinin Ermənistan tərəfindən hərbi məqsədlərlə istifadə edilməsi barədə məlumatlar daxil olmuşdu. Xarici İşlər Nazirliyinin bəyanatında bildirilmişdi ki, bu, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Haaqa Konvensiyasının kobud şəkildə pozulmasıdır. Odur ki, rəsmi Yerevan indi timsah göz yaşları tökmək və siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, UNESCO missiyasına nəyə görə imkan vermədiyinə aydınlıq gətirməlidir. Təəssüf ki, UNESCO da bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirmədi, hətta bəyanat belə vermədi. 2020-ci il tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Nəticədə bütün dünya Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərin, barbarlığın bir daha şahidi oldu. Bu yaxınlarda Prezident İlham Əliyevin tapşırığı ilə biz ölkəmizdə akkreditə olunmuş diplomatları işğaldan azad edilmiş Fizuli və Ağdam şəhərlərinə apardıq. Orada bütün binalar, abidələr dağıdılıb, sökülüb. Ağdamda Qarabağ xanlarının dəfn edildiyi tarixi "İmarət" qəbiristanlığının dağıdıldığını və təhqir olunduğunu gördük. İşğal edilmiş ərazilərimizdə muzey eksponatları, əlyazmalar, xalçalar, tarixi zinət əşyaları Ermənistan tərəfindən qanunsuz olaraq daşınıb, mənimsənilib və xaricə satılıb. Məsələn, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Şuşadakı ev muzeyi dağıdılıb və muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq talan edilib. Ağdamdakı məşhur Çörək muzeyi dağıdılıb. Bir çox dəyərli Qarabağ xalçaları Ermənistana aparılıb və xaricə satılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında və Ağdamda Ermənistan tərəfindən qanunsuz arxeoloji qazıntılar aparılıb və dəyərli tapıntılar Ermənistana daşınıb. Faktiki olaraq, Ermənistan dövlət səviyyəsində vandallıq, talançılıq, soyğunçuluq siyasəti həyata keçirib. Ermənistanın bu kimi addımları beynəlxalq humanitar hüququn, xüsusilə "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-ci il Haaqa Konvensiyasının və UNESCO-nun "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır. Ermənistan bu qanunsuz əməllərinə görə məsuliyyət daşıyır, bu əməllərinə görə cavab verməli və oğurladığı daşına bilən mədəni irs nümunələrini öz qanuni sahibi olan Azərbaycana qaytarmalıdır. Ermənistanın törətdiyi vəhşiliklər, vandallıq, talançılıq barədə son aylarda dünya mediasında çoxsaylı məlumatlar getdi, reportajlar hazırlandı. UNESCO Ermənistanın bu qanunsuz əməllərinə adekvat reaksiya verməli və bunları pisləməlidir. Lakin paradoksal odur ki, həm Vətən müharibəsinin gedişatı zamanı, həm də ondan sonra UNESCO anlaşılmaz, reallıqdan uzaq və yanlış istiqamətdə olan bir sıra bəyanatlarla çıxış etdi. Bu günlərdə isə UNESCO-nun Baş direktorunun müavini missiya ilə bağlı Azərbaycandan cavab gözlədikləri barədə açıqlama verib. İlk növbədə, bildirmək istərdim ki, bu açıqlamanın məzmunu və tərzi Azərbaycan tərəfi üçün qəbuledilməzdir və açıq-aşkar qərəzli mahiyyət daşıyır. Azərbaycan multikultural və tolerant ölkə olaraq öz ərazisində yerləşən bütün mədəni, dini abidələrin qorunmasını təmin edir. İstər müsəlman abidəsi olsun, istər yəhudi, istərsə də xristian. Elə təkcə bir fakt - bu yaxınlarda Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilməsi bunun bariz nümunəsidir. UNESCO və bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra missiya məsələsini qabartmaları bizdə bir sıra suallar doğurur. Bəs əvvəllər niyə UNESCO missiya göndərmirdi? İşğal edilmiş Azərbaycan ərazilərində məscidlər dağıdılanda, orada donuz, inək saxlanılanda UNESCO buna niyə reaksiya vermirdi?! Cənab Prezidentin qeyd etdiyi kimi, elə çıxır ki, məscidi dağıtmaq olar?! Amma ortada heç bir əsas olmadığı halda işğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin taleyi bəzilərini, o cümlədən UNESCO rəhbərliyini "yaman narahat edir". Bir daha vurğulamaq istərdim ki, biz ölkəmizdə olan bütün dinlərə aid abidələrə böyük hörmətlə yanaşır və onları mühafizə edirik. Lakin UNESCO-nun reaksiyasından belə təəssürat yaranır ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Bu, onu göstərir ki, mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu bir halda, UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir. Burada bir faktı da vurğulamaq istərdim. 2018-ci ilin yanvarında Azərbaycanın xarici işlər naziri o zaman yeni seçilmiş Baş direktor Odre Azuley ilə görüşdə işğal altında olan ərazilərimizə UNESCO missiyasının göndərilməsi məsələsini bir daha qaldırmışdı. -Bəs Odre Azuleyin bu məsələyə münasibəti necə olmuşdu? -Çox maraqlıdır ki, O.Azuley bildirmişdi ki, UNESCO humanitar təşkilatdır və bu səbəbdən də siyasi məsələlərə müdaxilə etmək istəmirik. Amma indi üstündən cəmi iki il keçəndən sonra artıq deyəsən UNESCO-nun humanitar təşkilat olduğu "yadından çıxıb". Azərbaycanın şanlı Vətən müharibəsindən sonra UNESCO rəhbərliyi niyə belə tez mövqeyini dəyişdi?! Nədən bir məsələ ilə bağlı təşkilatda davamlı mövqe yoxdur?! Əlbəttə, belə yanaşma Azərbaycanı və ümumiyyətlə, beynəlxalq ictimaiyyətin digər məsuliyyətli üzvlərini qane edə bilməz. Sözügedən görüşün yazısı bizim diplomatik arxivdə saxlanılır. Aydın şəkildə sezilir ki, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionumuzda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. Təəssüf doğuran bir haldır ki, UNESCO da ya məqsədli şəkildə, ya da bilməyərəkdən bu proseslərə cəlb olunub. UNESCO rəhbərliyi bu siyasətdən əl çəkməlidir. UNESCO hökumətlərarası bir təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv və qərəzsiz surətdə həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini irəlilətməklə məşğul olmamalıdır. UNESCO hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu, onun imicinə, müstəqilliyinə çox böyük bir zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. -Hazırda Azərbaycanın UNESCO-nun missiyası ilə bağlı mövqeyi necədir? -Bilirsiniz, Azərbaycanın mövqeyi haqlıdır və davamlıdır. Yəni, dünən olduğu kimi, bu gün də Azərbaycan UNESCO missiyasının təşkilinə qarşı çıxmır. Sadəcə, beynəlxalq hüquqa və müvafiq prosedurlara uyğun davranılmalıdır. Təhlükəsizlik şəraiti imkan verdiyi zaman missiyanın aydın mandatı və tərkibi Azərbaycan və UNESCO arasında razılaşdırılmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır. Hazırda Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdəki mədəni abidələrimizin vəziyyətini qiymətləndirir və bu məlumatlar UNESCO-ya təqdim ediləcək. Ermənistan digər sahələrdə olduğu kimi, işğal zamanı Azərbaycan xalqının bu torpaqlardakı izini silmək məqsədilə həyata keçirdiyi mədəniyyət soyqırımına və terroruna görə cavab verməlidir. -Belə xəbərlər yayılır ki, UNESCO UNITAR ilə birgə Qarabağda müəyyən layihələr həyata keçirmək istəyir. Azərbaycanın buna münasibəti necədir? -Bəli, biz də bu barədə eşitmişik. Bu iki təşkilat peyklər vasitəsilə Qarabağda müşahidələr aparmaq və mədəni irsin qorunması ilə bağlı oradakı vəziyyəti qiymətləndirmək istəyir. Birmənalı şəkildə bildirmək istəyirəm ki, belə özfəaliyyət qəbuledilməzdir. Həm UNESCO, həm də UNITAR BMT təşkilatlarıdır. Onlar beynəlxalq hüquqa və BMT-nin müvafiq qaydalarına uyğun hərəkət etməlidirlər. Qarabağ Azərbaycan torpağıdır və orada həyata keçirilən istənilən fəaliyyət Azərbaycanla razılaşdırılmalıdır. Əks halda tərəfimizdən bu, birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək. -Hikmət müəllim, Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması istiqamətində UNESCO-da başqa hansı işlər aparmışdır? Ümumiyyətlə, UNESCO ilə münasibətlərimizin gələcəyi barədə nə deyə bilərsiniz? -UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan silahlı münaqişələr dövründə mədəni abidələrin qorunması məsələsinə xüsusi diqqət ayırıb. Azərbaycan 2011-ci ildə UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinə üzv seçilib və onun çərçivəsində fəal üzv kimi təşəbbüslərlə çıxış edib. 2012-2013-cü illərdə komitə çərçivəsində "İşğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması" adlı sənəd müzakirə edilib və qəbul olunub. Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə hazırlanmış bu sənəd dünyada olan münaqişələr zamanı, işğal altındakı ərazilərdə UNESCO Katibliyinin mədəni abidələrin qorunması ilə bağlı atmalı olduğu addımları ehtiva edirdi. Azərbaycanın özü işğaldan əziyyət çəkmiş bir ölkə kimi nəinki yalnız işğal olunmuş ərazilərimizdə, eləcə də bütün dünyada mədəni abidələrin dağıdılması məsələsinə həssaslıqla yanaşıb və UNESCO ilə bu sahədə əməkdaşlığa daim önəm verib. Bizim düşüncəmiz belə olub ki, mədəni irs yalnız ayrıca bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur. 2016-cı ildə UNESCO tərəfindən Mədəni abidələrin qorunması üzrə ilk "Hərbi bələdçi" hazırlanıb. Bu bələdçi çox önəmli nəşrdir və fərqli dillərə tərcümə edilərək bir çox dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən NATO tərəfindən istifadə edilir. Bələdçinin hazırlanması üçün maliyyə töhfəsini məhz Azərbaycan verib. Həmçinin onun müəllifləri arasında İtaliya, İngiltərə, Fransa mütəxəssisləri ilə yanaşı, azərbaycanlı ekspert də yer alıb. Bu, ölkəmizin mədəni abidələrin qorunması sahəsinə verdiyi önəmin, eləcə də bu sahədə olan nüfuzunun göstəricisidir. Həmçinin UNESCO-nun ən mötəbər qurumlarından olan Ümumdünya İrs Komitəsində 2015-2019-cu illər ərzində üzvlüyü zamanı da Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması məsələsini daim gündəmdə saxlayıb. Sualınızın ikinci hissəsinə gəldikdə isə deməliyəm ki, UNESCO ilə əməkdaşlıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz onun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə mədəni irsin qorunması sahəsində önəmli layihələr həyata keçirilib, məktəblər inşa edilib, məscidlər, kilsələr, tarixi abidələr bərpa olunub. Beynəlxalq hüquqa, beynəlxalq humanitar fəaliyyətə, multikulturalizmə böyük əhəmiyyət verən Azərbaycan UNESCO ilə bundan sonra da səmərəli, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır. Azərbaycan UNESCO-dan da özünə münasibətdə eyni yanaşmanı gözləyir. Milli.Az

Hamısını oxu
Mingəçevir şəhər veteranlar təşkilatının sədri vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Mingəçevir şəhər Veteranlar Təşkilatının sədri Ələm Rza oğlu Məmmədovun vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir.Allah rəhmət eləsin!

Hamısını oxu