200 ermənini yox edib, Şuşada şəhid olan əsgərimizin İNANILMAZ HƏYAT YOLU
200 ermənini yox edib, Şuşada şəhid olan əsgərimizin İNANILMAZ HƏYAT YOLU
Torpaqlarımızın bir qarışı belə düşmən tapdağı altında qalmadı, çünki bu torpağın 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərib tarix yazan Ceyhun Rzayev kimi qəhrəmanları, ərənləri var. 26 yaşında vətən torpaqlarının azad olunması uğrunda canını verib şəhidlik zirvəsinə ucalan Ceyhun müharibənin ilk günlərindən döyüşün ən qızğın nöqtələrində iştirak edib, 200-ə yaxın ermənini məhv edib, silah-sursatını ələ keçirib. Şuşa dağlarına adını yazdıran xüsusi təyinatlı hərbçimizin ən böyük arzusu işğalçı qüvvələri Laçından çıxarmaq idi. İntiqam hissi heç zaman sönməyən döyüşçüyə Laçının işğaldan azad olunmasını atasına xəbər vermək qismət olmur, o, qələbəyə bir neçə gün qalmış, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Publika.az-a qardaşı haqqında xatirələrini bölüşüb, ağrılarından söz açan Leyla Rzayeva onunla fəxr etdiyini və əslən Laçından olduqlarını deyib.
“Şəhidlik böyük mərtəbədir, qardaşımla fəxr edirəm. Ceyhun 1994-cü ildə Bərdə şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından idmanla məşğul olurdu, həmişə deyərdi ki, hərbçi olacam. Çox sakit uşaq idi, müəllimləri həmişə razılıq edərdi. Ən çox sevdiyi fənn coğrafiya ilə tarix idi. Anam həkimdir, məktəbi bitirəndə anam dedi ki, gəl hazırlaşdırım, sən də həkim ol, ananın yolunu davam etdir. Razılaşmadı, dedi ki, ana mənə kişi sənəti yaraşar, hərbçi olmalıyam. Sözündə də durdu, 2014-cü ildə Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstələrində xidmət etməyə başladı. Vətən üçün doğulmuşdu, vətən uğrunda da şəhid oldu, torpağın oğlu idi Ceyhun.
Ceyhun Rzayevin 6-cı sinfdə oxuyarkən çəkilmiş fotosu
Müharibənin başlaması ilə Ceyhun da əsgər yoldaşları kimi döyüş meydanına atılır. Getməzdən əvvəl evə gəlib əşyalarını təhvil verdi, çox sevinirdi, qapıdan çıxana qədər sözü o oldu ki, mehriban olub, yaxşılıq edin, ömrü yaxşılıqlar artırır. Özü də Şuşa uğrunda gedən döyüşlərdə, noyabrın 7-də şəhidlik zirvəsinə ucaldı...
Qardaşımla sonuncu dəfə 19 sentyabrda görüşmüşdük, bilməzdim ki, sonuncu görüşümüz olacaq. 20 yaşım var, indiyə kimi bir dəfə də olsun qardaşımı qucaqlamamışdım, çox zəhmli və sərt xarakterə malik idi, çəkinirdim. Söz vermişdim ki, qardaşım sağ-salamat gələn kimi qarşısında diz çöküb ayaqlarını qucaqlayacam, amma mənə onun tabutunu qucaqlamaq qismət oldu. Bu sözləri dilə gətirmək ağırdır... Bu yay evlənməyi düşünürdü”.
Şəhidin bacısı bildirib ki, qardaşı son zəngində ata-anasını bərk-bərk ona tapşırıb:
“Zəng edəndə ilk sözü o olurdu ki, ata, sənə Laçından zəng edəcəm, Laçına bayrağı özüm sancacam. Hər zaman Ali Baş Komandanın əmrinə tabe olub, döyüşlərdə igidliklə və son qanına kimi vətən uğrunda vuruşub, heç zaman geri çəkilməyib, həmişə ön cəbhədə olub, fəxr və böyük inamla yolumuz Laçına deyə-deyə döyüşüb.
Ceyhun Qarabağ atlarını çox sevirdi, deyirdi burda çox qəşəng atlar var. Sonuncu dəfə oktyabrın 31-də danışdıq, dedi ki, mənsizliyə öyrəşin, bir də mənə sözü o oldu ki, ağıllı ol, anamı, atamı sənə tapşırıram. Hər dəqiqənizin qədrini bilin, mehriban yaşayın. Bir də anamdan xahiş elədi ki, atama yaxşı baxın. “Hər gün ayaqqabını mazlayıb qoyun” dedi və telefonu söndürdü”.
Ölümündən sonra cibindən Qarabağ, Laçın, Azərbaycan yazılan vərəqlər və bayraq şəkilləri tapılması bir daha göstərir ki, Ceyhun Rzayev son nəfəsinə qədər vətənə, millətə bağlı oğullarımızdandır. Füzuli, Qubadlı, Hadrut və Şuşanın alınmasında 200-ə yaxın ermənini məhv edib, böyük şücaət göstərən qəhrəman həm də ailəsinə bağlı insan olub. Anasına deyib ki, burda başım saat kimi işləyir, çox gümraham. Ceyhun ən çox atasına bağlı olub, bir dəfə də olsun yaxşı edirəm sözünü dilinə gətirməyib, söz qaytarmayıb. Bacısı bildirib ki, çox mükəmməl insan idi, Ceyhun heç kimi incitməzdi. Şəhidlik zirvəsinə ucalan zaman o, vəsiyyətini dostuna bu cür edib:
“Ailəm mənimlə hər zaman fəxr edirdi, şəhid olacam yenə də fəxr edəcəklər. Deyərsən ki, onları çox sevirəm”.
Mərd qardaşı ilə qürur duyan bacının indi yeganə arzusu var, o da şəhid ailələrinə və qazilərimizə layiq olduqları qayğının göstərilməsi, xatirələrinin daim yaşadılmasıdır. Əziz Leyla, sən bil ki, bu gün qardaşınla bütün Azərbaycan fəxr edir, o, canını bizim üçün fəda edib, qanını bu torpağın azadlığı uğrunda axıdıb, ürəyi vətənlə döyünən, vətənə ana deyən oğullarımız sayəsində biz bu gün qələbə sevincini yaşayıb təbrikləşə bilirik. Bil ki, Ceyhunun ruhu sakitlik tapıb, getdiyi yerdə çox xoşbəxtdir, çünki Laçının üzərini bürüyən qara buludlar çəkilib, artıq orada Üçrəngli Bayrağımız dalğalanır.
Aytən Məftu
Daşkənddə Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri arasında mühüm görüş keçirilib
Veteran.gov.az xəbər verir ki, Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında ideoloji iş və psixoloji xidmət sahələrində təcrübə mübadiləsi məqsədilə işçi görüşü keçirilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində olub, maddi texniki bazaya baxış krçirib. Həmçinin Azərbaycan və Özbəkistanın ordusunun mədəniyyət və incəsənət nümayəndələrinin birgə iştirakı ilə konsert proqramı təşkil olunub.
Yekunda qarşılıqlı hədiyyə mübadiləsi aparılıb və xatirə fotoları çəkdirilib.
Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Mehdiyev Mehdi Səməd oğlu vəfat edib.
Mehdi Mehdiyev İkinci Dünya müharibəsinin ilk illərindən faşizmə qarşı mübarizədə aktiv iştirak etmiş, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunmuşdur.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Mehdi Mehdiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Bələdiyyə sədri və keçmiş icra nümayəndəsi həbs edildi
Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb.
Daxil olan məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar.
Göstərilən faktlar əsasında 28 iyul 2020-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.