Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Üç güllə yarası ilə Şuşada döyüşən şəhidimiz

44 günlük Vətən müharibəsində Azərbaycanın ən yeni tarixini yazanlar arasında xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev də var. O, döyüşlərə Murovdağ zirvəsində başladı, Füzulidə ağır yaralandı, Şuşada şəhid oldu... Publika.az xəbər verir ki, ARB 24 şəhid Ramiz Ağayevin ailəsini ziyarət edib və onun keçdiyi döyüş yolu barədə məlumat öyrənib. Vətən müharibəsi başlayanda xüsusi təyinatlı çavuş Ramiz Ağayev bir an belə düşünmür. Tərəddüd etmir. "Vətən çağırır" deyib döyüşlərə qatılır. İlk uğurlu əməliyyat Murovdağ zirvəsində olur. Daha sonra silahdaşları ilə birlikdə Füzuli uğrunda döyüşür. Elə bu döyüşlərdə çox sayda düşmən hərbçisini məhv edir, özü isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alır. Bir yandan həkimlər, bir yandan da ailəsi təkid edir ki, müalicə olunsun. Amma heç kim onu saxlaya bilmir. "Gedəcəm mən" - dedi: - gözümün qabağında yoldaşlarım şəhid oldu. Mən əlimi-qolumu sallayıb xəstəxanadan gəlib oturmayacam. Mən gedib onların başlarını əzəcəm". Getdik, gördüm pəncərədən çıxdı əl etdi, dedi, mama, narahat olma. Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm", - deyə anası Məlahət Ağayeva bildirib. Şəhidimizin dayısı Asəf Fərzəliyev də Vətən müharibəsində iştirak edən hərbçilərimizdəndir. O da yaralandığı üçün tərxis olunmasını məsləhət görsə də, Ramiz Ağayev bunu qəbul etməyib və yoldaşları ilə birgə sona qədər xidmətini davam etdirəcəyini deyib. "Suqovuşandan zəng etdi, danışdıq. Dedim, yaralısan, evə get, mənə qayıtdı dedi, neçə yaşın var? Dedim 60. Dedi, sən hardasan? Dedim, Suqovuşanda. Qayıtdı dedi ki, bəs mən niyə evə gedim ki? Mənim yerim səngərdə yoldaşlarımın yanındadı…" - Asəf Fərzəliyev danışır. Axıra kimi də gedir. Çiynindəki mərmi çıxarılmadan... Şəhid yoldaşlarının qisasını almaq üçün... Arzusunda olduğu Şuşanı düşmən tapdağından azad etmək üçün... Qarabağın tacı - Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri kimi dəyərləndirilir. Eşidən, görən hər kəs deyir ki, əsgərlərimiz Şuşa üçün əlbəyaxa döyüşüblər. Ramiz də o döyüşə çıxanlardan biridir. Ramiz Azərbaycanın 28 illik Şuşa həsrətinə son qoyanlardan biri kimi adını tarixə yazıdırır. Canı, qanı bahasına, şəhidlik zirvəsinə ucalaraq. Ramiz Ağayev general Polad Həşimovun yanında, 2-ci Fəxri Xiyabanda dəfn olunur.

2020-12-06 00:00:00
3644 baxış

Digər xəbərlər

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi

Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı videoqəbulda çıxış edib: video “Bu gün siz Biləsuvar və Saatlı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz.   Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik. Rəhbərlik edəcəyiniz rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində dövlət xətti ilə və dövlət vəsaiti hesabına çox işlər görülüb. Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb. Bildiyiniz kimi, hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcıllıqla icra olunur. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır. Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu, həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə çatdırılır. Eyni zamanda, kəndlərdə modul tipli təmizləyici qurğular, artezian quyuları vasitəsilə bu məsələlər öz həllini tapır və bundan sonra da buna xüsusi diqqət göstərilməlidir, eyni zamanda, suvarma məsələlərinə də. Çünki həm keçən il, həm bu il quraqlıq vətəndaşlara böyük problemlər yaradıb, kənd təsərrüfatının daha da yüksək templərlə inkişafını əngəlləyib. Nəzərə alsaq ki, həm Saatlı, həm Biləsuvar taxılçılıq, pambıqçılıq rayonlarıdır, burada əlbəttə ki, su amilinin çox böyük önəmi var. Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq yenə də demək istəyirəm ki, quraqlıq böyük problemlər yaratmışdır. Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır. Hesab edirəm ki, buna imkanlar var. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir. Yəni, bu, onu göstərir ki, bunu etmək mümkündür. Sadəcə olaraq düzgün yanaşma olmalıdır, bütün aqrotexniki qaydalara əməl edilməlidir, suvarma məsələləri öz həllini tapmalıdır. Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiya böyük inkişafa səbəb olubdur. Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib. Çünki bu da olmalıdır. Bildiyiniz kimi, fermerlərə böyük həcmdə subsidiyalar verilir. Biz elə etməliyik ki, bu subsidiyalara çox ciddi nəzarət olsun, pozuntular olmasın. Yerli icra orqanlarının bu sahədə çox böyük rolu vardır. Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız. Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər. Biləsuvar və Saatlı rayonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş köçkünlər yaşayır, onlar üçün şərait yaradılır. Mənim yadımdadır ki, Prezident kimi ilk açdığım köçkün qəsəbəsi Biləsuvar rayonunda olmuşdur və siz də köçkünlərə xüsusi diqqət göstərməlisiniz. Dövlət bu dəstəyi əsirgəmir və bildiyiniz kimi, köçkünlər üçün yeni evlər tikilir, şəhərciklər salınır. Təkcə bu il 7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcəkdir. Eyni zamanda, köçkünlərə verilən müavinət də artırılır və növbəti dəfə keçən il 50 faiz artım olmuşdur. Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür - ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı, kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur. Azərbaycanda biznes iqlimi ildən-ilə yaxşılaşır və hesab edirəm ki, biz Douing Business proqramı çərçivəsində tarixi nailiyyətlər əldə etmişik. Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək. Ona görə, indiki şəraitdə böyük vəsaiti xarici ölkələrə qoymaq hesab edirəm ki, düzgün olmaz. Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır. Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmalısınız və bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Buna da ehtiyac var. Çünki pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərini müvəqqəti olaraq itiriblər, ona görə dövlət onların yardımına gəldi, onlara əl tutdu, onlara əl uzatdı. Bildiyiniz kimi, işini itirmiş insanlar, o cümlədən qeyri-formal sahədə çalışan insanlar dövlət tərəfindən maddi cəhətdən dəstəklənir. Eyni zamanda, bu il rekord sayda ödənişli ictimai iş yerləri açılmaqdadır. Bu iş yerlərinin sayı 90 minə çatacaq və bu sahədə də şəffaflıq olmalıdır. Çünki son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adi hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə bu məsələlər öz həllini tapacaq. Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Mən deyə bilərəm ki, bütün prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi verirdim və bu tövsiyələr bizim ümumi yanaşmamızı əks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsin və sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiniz. Ona görsə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işləyəcəksiniz ki, xalq sizin işinizdən razı olsun. Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır. Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz. Əminəm ki, mənim bütün tapşırıqlarım, tövsiyələrim sizin gündəlik həyatınızda əsas prinsiplər olacaq və qısa müddət ərzində Biləsuvar və Saatlı rayonlarında həm ictimai ab-hava yaxşılaşacaq, eyni zamanda, rayonların inkişafı təmin ediləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram”. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov deyib: “Cənab Prezident, icazə verin, əvvəlcə öz adımdan və həmkarımın adından bizə göstərilən yüksək diqqət və etimada görə Sizə minnətdarlığımızı bildirək. Əmin edirik ki, biz Sizin bu etimadınızı yaxın gələcəkdə var gücümüzlə doğruldacağıq. Sizin bugünkü və ümumiyyətlə bütün çıxışlarınızda göstərdiyiniz məsələlər - vətəndaşların məmnunluğu, iqtisadi ab-havanın yaxşılaşdırılması, yerli və xarici səhmdarların Azərbaycanın bu bölgələrinə və hazırkı dövrdə Biləsuvar və Saatlıya cəlb olunması bizim fəaliyyətimizdə prioritet sahələrdən biri olacaqdır. Onu da qeyd edim ki, əsas məsələ yerlərdə yeni iş yerlərinin açılması və qeyd etdiyiniz kimi, bununla da vətəndaş məmnunluğuna nail olunmasıdır. Bir daha Sizə təşəkkürümü bildirirəm və əmin edirəm ki, etimadınızı doğruldacağıq”. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov deyib: “Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimaddan irəli gələn məsuliyyətin böyüklüyünü anlayıram. Sizi əmin etmək istəyirəm ki, öz fəaliyyətimdə, həyata keçiriləcək işlərdə daim yorulmadan var qüvvəmlə çalışacağam. Çox sağ olun, cənab Prezident. Bir daha Sizə təşəkkür edib, minnətdarlığımı bildirirəm”. Prezident İlham Əliyev: “Sağ olun, sizə uğurlar arzulayıram”.

Hamısını oxu
Yaralanan əsgərlər: “Döyüş yoldaşlarımızın yanına qayıtmaq istəyirik”

Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu hissəsində baş verən düşmən təxribatı nəticəsində şəhid olanlarla yanaşı yaralananlar da var. “Real” TV yaralı hərbçilərimizin vəziyyəti ilə maraqlanmaq üçün onların müalicə olunduğu hospitala baş çəkib.  Tibb Baş İdarənin rəisi Elxan İbrahimov, Tibb Xidməti Polkovniki, Hospitalın aparıcı cərrahı Roman Çobanov hərbçilərimizin vəziyyəti barədə məlumat veriblər. Hərbçilərimiz isə düşmən təxribatının onların əzmini qıra bilməyəcəyini, tezliklə səngər yoldaşlarının yanına qayıtmaq istədiklərini qeyd ediblər.

Hamısını oxu
İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

“Ağdamlılar Birinci Qarabağ Müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ Müharibəsində - Vətən Müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin”.  Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. “Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək, onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.   Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir”. İ.Əliyev bildirib ki, bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir: “Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir”.

Hamısını oxu
Nəzakət Məmmədova: “Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib”

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının əsas qayəsi, missiyası bizdən əvvəl gələnlərin, qəhrəmanlıq tariximizdə əhəmiyyətli yeri olanların adlarını və xatirələrini əbədiləşdirməkdir. 30 ildən artıqdır ki, Xatirə Kitabı "Heç kəs unudulmur, heç nə yaddan çıxmır" devizini rəhbər tutaraq bu müqəddəs missiyanı davam etdirir. İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir gö­tü­rülmüş vətən­daş­larımız, Milli Qəhrə­man­la­rımız haq­qında ensiklopedik materialları özündə əks etdirən kitablar nəşr edir. "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildi də bu qayəni özündə ifadə edən nəşrlərdir. İkinci Dünya müharibəsində həlak olanların unudulmaması, yaddaşlarda qalması üçün sözügedən nəşrlərin və bu qəbildən olan kitabların əhəmiyyəti danılmazdır. Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yası Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildinin təqdimatını keçirdi. Mayın 14-də baş tutan təqdimat mərasimində Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, əmək və müharibə veteranları, tanınmış ziyalılar, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyində təmsil olunan şəxslər, rayon təşkilatı sədrləri, Nəzakət Məmmədovanın rəhbərlik etdiyi kollektivin üzvləri iştirak edirdi. Təqdimat mərasimini Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini İmran Əhmədov açdı. Əvvəlcə dövlət himnimiz səsləndi, sonra isə ulu öndər Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olmuş insanların, vəfat etmiş müharibə veteranlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İmran Əhmədov çıxışında Respublika Xatirə Kitabı Redaksiyası barədə məlumat verdi və Nəzakət Məmmədovanın rəhbərliyi ilə araya-ərsəyə gələn kitablardan, filimlərdən danışdı. "Hazırda Xatirə Kitabının 17-ci cildinin təddimatına yığışmışıq. İkinci Dünya müharibəsində iştirak edən insanların qəhrəmanlığı unudulmazdır. Onların nəvə-nəticələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərdilər, torpaqlarımızı işğaldan azad etdilər. Bu kitablar davamlı olaraq nəşr olunacaq. Bu kitablar bizdə də var və biz onları qonaqlarımıza təqdim edəcəyik ki, bizim qəhrəmanlıq tariximizlə tanış olsunlar". Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında rəhbərlik etdiyi redaksiyanın gördüyü işlərdən, redaksiyanın missiyasından danışdı. O, vurğuladı ki, 1993-cü ildə Heydər Əliyev Vətən uğrunda canından keçən azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərar imzaladı. "İkinci Dünya müharibəsində həlak olanların adlarının əbədiləşdirilməsi üçün bütün respublikalara göstərişlər verildi və ümumi 1400 cilddə kitab nışr olunmalı idi ki, bunun da 20 cildi Azərbaycanın payına düşdü. Heydər Əliyevin göstərişi ilə Xatirə Kitabının yaradılması üçün indiki Azərbaycan Milli Ensiklopediyasında bir şöbə yaradıldı. O şöbədə bu istiqamətdə ilk axtarışlar başladı. İkinci Dünya müharibəsi Avropanın müxtəlif yerlərindən keçib. Azərbaycanlıların harada izləri vardısa həmin ölkələrə rəsmi sorğular, məktublar göndərildi. Dəfələrlə Moskvaya müraciət olundu. Xatirə Kitabının birinci cildi 1997-ci ildə kiril əlifbası ilə işıq üzü gördü. 2001-ci ildə latın qrafikasına keçməyimiz səbəbindən bu kitab latın əlifbası ilə təkrar çap olundu. Bu günə kimi 16 cildi çıxıb. Bu gün sizə təqdim olunan Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib. Çox çalışmışıq ki, heç kəsin adı kənarda qalmasın. Ən şərəfli ölüm şəhidlərimizə nəsib olub. Onlar olmasaydı bizim gələcəyimizin də olmasına inanmıram. Bundan sonra redaksiya ikinci böyük bir işə imza atdı..." N.Məmmədova qeyd etdi ki, "Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildində Böyük Vətən müharibəsində həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında qısa ensiklopedik məlumatlar yer alıb. "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabında isə faşizm üzərində qələbənin 80 illiyi geniş təqdim olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xa­rak­terizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azər­bay­can­lılar, mü­ha­ri­bədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və ma­raqlı fikirlər yer alıb. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əli­yevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə baş­lamış Respublika Xatirə Kitabı insan resurslarını əbə­di­ləş­dirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən en­siklopedik salnamədir. Bu kitabda İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir gö­tü­rülmüş vətən­daş­larımız, Milli Qəhrə­man­la­rımız haq­qında ensiklopedik materiallar dərc edilir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətən­daş­larımız haqda iki dildə (Azərbaycan və ingilis) 4 cilddə kitab dərc etdirib. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xati­rələrinin əbədiləş­di­ril­məsi məq­sədilə "44 gün – Tarixi Zəfər" adlı dörd cilddə kitab nəşr etdirib, həmin kitablar şəhid ailələrinə təqdim edilib və proses bu gün də davam etdirilir. Bu çoxcildlik ensiklopedik nəşrlər icti­mai müstəvidə xüsusi rol oynayır. Redaksiyanın hazırladığı "Qələbə - 75" və "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir". Respublika Xatirə Kitabı Re­dak­si­yası həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ mü­haribəsində həlak olanların adlarının və xatirələrinin əbədiləş­di­rilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün das­tanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub. Redaksiyanın hazırladığı "Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır" kitabı Ümummilli Lider Heydəır Əliyevin 100 iliyi münasibətilə çap edilib, kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub. Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlə­rini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır". N.Məmmədova Birinci Qarabağ müharibəsi şəhidlərinin adlarının və xatirəsinin əbədiləşdirilməsi üçün 10 cildliyin hazırlanmasına başlanılıb. N.Məmmədova bildirdi ki, Birinci Qarabağ müharibəsində şəhid olan insanlarla bağlı geniş araşdırmalar aparılır və məlumatların daha dolğun olması üçün ictimaiyyətin də, veteranların da, şəhid ailələrinin də dəstəyinə ehtiyac var. "İkinci Qarabağ müharibəsində Birinci Qarabağ müharibəsində şəhid olan oğul və qızlarımızın qanını yerdə qoymadı. Biz Birinci Qarabağ müharibəsinə həsr olunan on cildliyin birinci cildi üzərində mühüm işlər aparılır. Mən sizlərə müraciət edirəm, Birinci Qarabağ müharibəsində şəhid olanlar barədə kimdəsə dəqiq məlumatlar, şəkillər varsa onları Respublika Xatirə Kitabı Redaksiyasına yönədin. Bu bizə çox lazımdır". Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyev çıxışında qeyd etdi ki, Xatirə Kitabı Redaksiyasının kollektivi Vətən uğrunda həlak olanların axtarışı ilə məşğul olan və qanı, canı ilə təpədən-dırnağa vətənpərvərlik işinə bağlı olan insanlardır: "Bu redaksiyanın kollektivi doğrudan da çox kiçik büdcə ilə gecələrini gündüzlərinə qataraq bu işləri həyata keçirirlər. Xatirə Kitabının cildlərində 1941-1945-ci il müharibəsində döyüşmüş, qəhrəmancasına həlak olmuş, eyni zamanda sağ qayıtmış veteranlarımızın da adları əks olunub. Bu həm bizim tariximizdir, həm də gələcəyimizdir. O nöqteyi-nəzərdən bu insanların adının bu kitabda əbədiləşdirilməsi, onlara layiq olduqları haqqın veriməsi böyük vətənpərvərlik işidir. Gənc ömürlərini dövlətin, vətənin çağırışına həsr edən, qəhrəmancasına döyüşən, yaşayan insanlar, doğrudan da əbədiləşməyə layiqdirlər..." Əməkdar həkim, Tibb Universitetin dosenti, Birinci Qarabağ müharibəsi veteranı Taryel Eyvazov qeyd etdi ki, Azərbaycan xalqının qəhrəman oğulları və qızları həm İkinci Dünya müharibəsində, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşublar və hər birinin adlarının əbədiləşdirilməsi təqdirəlayiqdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sabunçu təşkilatının sədri Sabir Allahverdiyev çıxışında bildirdi ki, onun atası da İkinci Dünya müharibəsində iştirak edib və o, zaman-zaman veteranlarla ünsiyyətdə olub və onların qəhrəmanlıqlarını dillərindən eşidib. Təqdimat mərasimində vurğulandı ki, İkinci Dünya müharibəsində iştirak edən hər bir azərbaycanlı xalqımızın qəhrəmanlıq örnəklərini o müharibədə də nümayiş etdiriblər, Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə faşizm üzərində qələbə qazanılmasında mühüm rol oynayıb. Tədbirin sonunda "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildi veteranlara təqdim olundu. Baki-xeber.com İradə SARIYEVA

Hamısını oxu