Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakıda Zəfər atəşfəşanlığı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 44 günlük Vətən Müharibəsinin məntiqi yekunu olan Zəfər paradı keçirilib. Paraddan sonra xalqımızın qələbə sevincini əks etdirən atəşfəşanlıq keçirilib. Baku TV həmin görüntüləri təqdim edir:

2020-12-10 00:00:00
1315 baxış

Digər xəbərlər

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və rayon Veteranlar Təşkilatının sədri Əlaləm Babayev Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və  rayon Veteranlar Təşkilatının sədri  Əlaləm Babayev veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahiblərinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və  Veteranlar Təşkilatının sədri Cəmaləddin  Zeynalov "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildiriblər.

Hamısını oxu
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk doğum günü qeyd olunub

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cəmil Məmmədlinin doğum günü məzarı yanında mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Şəhidin ailəsi ilə bərabər, Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, ictimaiyyətin nümayəndələri, təhsil aldığı 163 saylı məktəbin müəllim kollektivi onun xatirəsini ehtiramla anıblar. Şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin şəhidlərə həsr olunmuş kompozisiyası dinlənildikdən sonra mərasim şəhidin doğulduğu evdə davam edib. 44 günlük Zəfər yürüşünün qəhrəmanlarından olan Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil alıb. O, Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşunaslıq fakultəsində ali təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Cəmil Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülüb.   Cəmil Məmmədli 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Sentyabrın 27-də Vətən Müharibəsinə qatılaraq böyük şücaət göstərib.Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edərək oktyabr ayının 14-dən 15-ə keçən gecə şəhidlik zirvəsinə yüksəlib. C.Məmmədli rayonun şəhidlər xiyabanında dəfn edilib.   Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəmil Məmmədli "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.   Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdləri və 1 saylı körpələr evi uşaq bağçasının körpə fidanları hazırladıqları şeirləri səsləndiriblər.   Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhidin "Füzulinin azad olunmasına görə" medalı valideyinlərinə təqdim olunub.   Şəhidin valideyinləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər

Hamısını oxu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü. Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak etdilər. Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”. Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır. Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var. Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var. Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır. Zəfər muzeyinin “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur. Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir. “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və sərəncamları nümayiş olunur. “Şanlı Zəfər. Şuşanın azad olunması” adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir. Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan “Qəhrəmanlar yolu” zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan “Qəhrəmanlar yolu” ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır. Növbəti zal isə “Qarabağ Azərbaycandır!” adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur. “Dövlət suverenliyinin bərpası. 20.09.2023” adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur. Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. İşıqlı üç keçid - bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir. Ekspozisiya zalının çıxışındakı “Danışan fotolar” adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib. Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur. Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır. Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

Hamısını oxu
Qələbənin Ruhunu Daşıyan Ağdam: Muğam Mərkəzinin Açılışı və Qarabağ Dirçəlişi

2020-ci ilin payızında sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi bir daha sübut etdi ki, Vətəni qoruyan, onu canı ilə yoğuran xalq məğlubedilməzdir. Bu müharibə Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Vətən sevgisi, birlik və şəhidlik kimi ali anlayışlar o günlərdə yenidən canlandı, çiçəkləndi və Zəfərlə taclandı. Həmin 44 gün təqvimdəki bir-biri ardına düzülən sadə rəqəmlər deyildi. Hər günü torpaq uğrunda canını fəda edən minlərlə qəhrəmanın həyat hekayəsi idi. O günlərdə silaha çevrilən qəlblər, səngərlərdə dua ilə gözlərini yuman mücahidlər, canından keçən gənc əsgərlər bir anda həm qəhrəman, həm də Vətənin özü oldular. Bu gün dağlar onların dilində danışır. Hər zirvə bir igidin adını pıçıldayır. Azad edilmiş ərazilərin adları artıq sadəcə coğrafi məkan deyil, həm də şəhid qanı ilə yoğrulmuş müqəddəs nişanələrdir. Azərbaycan əsgəri yalnız silahı ilə deyil, ruhu ilə, xalqının duası ilə döyüşdü. Bu Zəfərin arxasında yalnız ön cəbhədə vuruşan qəhrəmanlar yox, arxa cəbhədə dua edən analar, “Qarabağ Azərbaycandır!” deyən uşaqlar, bir millət kimi çırpınan milyonlarla ürək dayanır. 44 gündə Azərbaycan xalqı bir nəfəs, bir yumruq, bir ruh oldu. Müharibə ağrı və acılarla da keçdi. Biz şəhidlər verdik. Göz yaşları axdı. Lakin bu göz yaşları məğlubiyyətin yox, qürurun, Zəfərin göz yaşları idi. Vətən müharibəsinin qəhrəmanları bu gün də bizimlədir. Onlar bizə öyrətdilər ki, Vətən torpaqla deyil, onun uğrunda canından keçənlərlə ölçülür. Bu gün azad Şuşada dalğalanan bayraq, Ağdamda açılan Muğam Mərkəzi, Xankəndində fəaliyyətə başlayan universitet - hamısı bu qəhrəmanların ruhunun təntənəsidir. 2025-ci il mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Muğam Mərkəzinin rəsmi açılışı oldu. Bu Qarabağın mədəni dirçəlişinin başlanğıcını ifadə edən simvollardandır. Muğam əsrlərin içindən gələn xalq nəğməsidir. İndi isə bu nəğmə yenidən Ağdam səmasında səslənir. Bu musiqi bizim yaddaşımız, ruhumuz, keçmişimiz və Vətənə olan sevgimizin dilidir. Ağdam Muğam Mərkəzi 507 yerlik konsert zalı, sərgi salonu, dərs otaqları, kitabxana və açıq amfiteatrı ilə milli irsimizin yaşadılması və gələcək nəsillərin yetişdirilməsi üçün böyük bir mədəniyyət abidəsidir. Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi xalqın ruhunu oxşadı. Onun “Biz bu torpaqlarda əbədi yaşayacağıq” sözləri təkcə siyasi mesaj deyil, mənəvi inam və əzmin ifadəsidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu layihənin ərsəyə gəlməsində mühüm rol oynayıb. Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalları və gənc ifaçıların dəstəklənməsi milli irsə verilən önəmin göstəricisidir. Qarabağ səmasında səslənən hər nəğmə bizə bir həqiqəti xatırladır: bu torpaqlar bizimdir, biz buradayıq və əbədi qalacağıq. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də şəhid ailələri, müharibə veteranları və qazilər üçün böyük mənəvi dayaqdır. Bu çıxışlar milli birliyimizin və dövlətçiliyimizin sarsılmaz dayağını bir daha təsdiqləyir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Qondarma “Dağlıq Qarabağ Respublikası” tarixin arxivinə göndərildi. Bu, yalnız siyasi deyil, həm də mənəvi qələbə idi. Bu gün artıq Ağdam dirçəlir. Şəhər yenidən öz ritminə, nəfəsinə qovuşur. Dəmir yolları, avtomobil yolları, yaşayış kompleksləri, təhsil və mədəniyyət ocaqları biri-birinin ardınca istifadəyə verilir. Dəmir Yolu Vağzalı, Ağdam–Xankəndi–Şuşa dəmir yolu layihəsi, planlaşdırılan Xankəndi–Şuşa kanat yolu və digər infrastrukturlar Qarabağın gələcəyinə olan inamın təzahürüdür. Prezidentin bu sözləri isə hər bir azərbaycanlının qəlbində əbədi yer alır: “Mən sizin hamınızı ürəkdən təbrik edirəm həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq.” Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyevin söylədiyi bu sözlər gələcəyə olan inamın ifadəsidir:“İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.” Bu sözlər həm mədəniyyətimizin dirçəlişi, həm də milli ruhumuzun yeni mərhələyə qədəm qoyması baxımından dərin məna daşıyır. Azərbaycan xalqı artıq gələcəyə inamla addımlayır. Qarabağın azadlığı ilə başlayıb, onun yenidən qurulması ilə davam edən bu yol, həm fiziki, həm də mənəvi yüksəlişin yoludur. İmarət Kompleksinin bərpası, Ağdam Cümə Məscidindən Qiyaslı məscidinə qədər aparılan işlər, Xaçınçay su anbarı, müasir infrastruktur layihələri, yeni mehmanxanalar və kənd təsərrüfatına qaytarılan münbit torpaqlar bütün bunlar Azərbaycanın bu torpaqlara verdiyi dəyərin və gələcəyə olan baxışının bariz nümunəsidir. Ən mühüm məsələ isə budur: xalqımız bir amal, bir məqsəd ətrafında – müstəqil, güclü və qalib Azərbaycan uğrunda sıx birləşmişdir. Bu birliyimiz, milli ruhumuz və Vətənə sədaqətimiz bizim tükənməz gücümüz, Zəfərimizin qaynağıdır. Bu münasibətlə bütün xalqımızı, xüsusilə də Ağdam sakinlərini Muğam Mərkəzinin açılışı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman dövlətimizin, xalqımızın və müdrik liderimizin ətrafında sıx birləşərək Azərbaycanımızın parlaq gələcəyi naminə bütün gücümüzlə çalışacağımıza, ölkəmizin rifahı, əmin-amanlığı və suverenliyinin qorunması uğrunda var qüvvəmizi əsirgəməyəcəyimizə söz veririk. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu