Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

MDB yeni REALLIQla tanış oldu - Prezident İlham Əliyevin ZƏFƏR NİTQİ

"İlham Əliyev asanlıqla və inamla danışdı, bir dənə də artıq söz yox idi, ifadələri dəqiq idi və şübhəsiz ki, erməni tanklarına qarşı Azərbaycanın pilotsuz aparatları kimi hədəfə doğru vuruldu". Bu haqda Rusiyanın "Kommersant" qəzetinin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasından bəhs edən məqaləsində yazılır. Bəli, Azərbaycan Prezidenti dünən MDB liderlərini yeni reallıqla tanış etdi. Bu reallıqda Azərbaycan QALİB ölkədir və bu reallıqda Ermənistanın baş naziri Nikol Paşinyana yer yoxdur. Və o, iclasda iştirak etmirdi. Deyəsən, atasının vəfat etdiyinə görə. Yaxud bir başqa səbəbə görə. Elə də önəmli deyil. İştirak edə də bilməzdi. Çünki həm məğlub olan tərəfdir, həm də deməyə heç bir arqumenti qalmayıb. Olsa da, sadəcə acı gülüş doğurar. Necə ki, doğurur. Son illərdə Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq platformalarda və forumlarda çıxışlarının hamısı vacib, strateji, konseptual olub. İlham Əliyevin bir çox təşəbbüsləri, təklifləri, tövsiyələri beynəlxalq səviyyədə dəstəklənir və sadəcə Azərbaycana deyil, bütün dünyaya fayda verir. Xatırladım ki, bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası da keçirilib. Bir çox məsələlərdə Azərbaycan daim öncül ölkə olub, yol göstərib, təcrübəsi ilə bölüşüb. Azərbaycan bu işləri bacarır, hamıdan yaxşı bacarır. Bütün sahələrdə. Ona görə də bu günlərdə Dünya Bankı etiraf etdi - Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir. Sosial sahədə əldə etdiyimiz uğurlar, təcrübə bütün dünyada maraq doğurur. Bir çox ölkə bu təcrübədən bəhrələnmək fikrindədir. 44 günlük müharibə bitdi, bitməmiş bir çox ölkə Azərbaycanın hərbi təcrübəsinə diqqətini yetirdi. Azərbaycanın ZƏFƏRi bütün dünyaya maraqlıdır. Ona görə də dünən Prezident İlham Əliyevin dəmir arqumentlərə və səhih faktlara söykənən nitqini MDB ölkələrinin başçıları böyük diqqətlə qulaq asırdı. Bu nitq həm bütün dünyaya əziyyət çəkdirən pandemiyaya, həm Azərbaycan üçün ölüm-dirim savaşı olan müharibəyə və oradakı QƏLƏBƏyə həsr olunmuşdu. Bütün reallıqlar Prezident tərəfindən MDB ölkə rəhbərlərinin diqqətinə çatdırıldı. "Bu müharibə dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmayıb" - İlham Əliyev dedi və geniş nitqində bütün reallıqları, həqiqətləri tam təfərrüatı ilə çatdırdı. Prezident vurğuladı: "1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal edildi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı". Müharibəyə səbəb olan faktorlardan biri: "Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq və mahiyyət etibarilə hər şeyi olduğu kimi - status-kvonu saxlamaq üçün əllərindən gələni edirdilər, xüsusən ona görə ki, onlar işğal edilmiş ərazilərin qeyri-qanuni məskunlaşdırılması ilə fəal məşğul olurdular". Və ən əsas faktor: "Ermənistanın baş nazirinə gəldikdə isə, o, 2019-cu ildə işğal edilmiş ərazilərdə olarkən açıq demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Təbii ki, danışıqlar prosesinin pozulmasına yönəlmiş bu təxribatçı tezis cavabsız qala bilməzdi. Bunun cavabında mən dedim ki, "Qarabağ Azərbaycandır və nida işarəsi". Nəticədə kimin haqlı olduğunu tarix göstərdi". Haqlı olan isə nəticədə, bildiyimiz kimi, Azərbaycan və ölkəyə qələbə yaşadan Ali Baş Komandan oldu. MDB məkanında yeni REALLIQlar yaradan Ali Baş Komandan. Və bu reallıqlarla artıq hamı barışmalıdır, artıq hamı onları qəbul etməlidir. Qarşımızda isə daha bir reallıq, daha bir plan, daha bir hədəf var - Prezident o hədəfə də nitqində toxundu: "İndi, müharibə başa çatandan sonra biz vurulmuş ziyanın həcmini qiymətləndiririk. Yaxın vaxtlarda bərpa işləri başlanacaq. Bu işlər praktiki olaraq artıq başlanıb. Lakin əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslər artıq başlanıb. Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik". 21-ci əsrin Vətən müharibəsində erməni faşizmi məğlub edilib. 21-ci əsrin digər bəlası - pandemiya ilə mübarizə də qalibiyyətlə bitəcək, buna şübhə yoxdur. Və o zaman Azərbaycanın daha güclü, daha qüdrətli ölkə olması üçün daha çox fürsətlər olacaq. Çünki bunu qalib ölkədən REALLIQ tələb edir... Anar İmanov
Milli.Az-ın Baş redaktoru

2020-12-20 00:00:00
3483 baxış

Digər xəbərlər

Ziya Bünyadovun nəvəsi Respublika Veteranlar Təşkilatını ziyarət etdi

Bu gün Sovet İttifaqı Qəhrəmanı, dünya şöhrətli tarixçi alim Ziya Bünyadovun nəvəsi Əli Bünyadov Respublika Veteranlar Təşkilatını ziyarət edib.   Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini Cəlil Xəlilovla görüşən Əli Bünyadov qəbula görə Təşkilat rəhbərliyinə öz təşəkkürünü bildirib, Ziya Bünyadov haqqında xatirələrindən söz açıb.   Ziya Bünyadovun faşizmə qarşı mübarizəsindəki xidmətlərinə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, onun sadəcə silahı ilə deyil, həm də qələmi ilə düşmənlərə qarşı mübarizə aparıdğını vurğulayıb. Fatma Səttarova qeyd edib ki, Ziya Bünyadov Azərbaycana bütün dünyada şöhrət gətirən, onun adını ucaldan dəyərli ziyalılardan olub və onun adı tariximizdə hər zaman iftixar hissi ilə çəkiləcək.   Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov da Ziya Bünyadovun faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını, Azərbaycanın müstəqilliyindən sonra erməni faşizminə qarşı da eyni qətiyyətlə mübarizə aparıdğını vurğulayıb.   Daha sonra Əli Bünyadov Respublika Veteranlar Təşkilatnın fəaliyyəti ilə ətraflı tanış olub.   Sonda görkəmli alimin nəvəsinə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı təqdim olunub.   Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 1 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi: - Xoş gəlmisiniz, hörmətli Mövlud bəy, əziz qonaqlar. Sizi görməyimə şadam. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir. Həm hörmətli Prezident, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin Sədri, siz - Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmisiniz. Bu, bizi, Azərbaycan xalqını çox məmnun edir. Bu, bir daha göstərir biz bütün dövrlərdə - yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqq işimizi davam etdiririk. Bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən hər həftə azad edilmiş yeni şəhərlər və kəndlər haqqında məlumat verirəm və ümid edirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalamışdır, ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistan artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır. Ancaq ümid edirəm ki, bu proses uzun sürməyəcək. Çünki biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik. Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib. Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərmişdir. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur. Əgər olsaydı, biz bunu bu ilin iyul ayında edərdik. Bildiyiniz kimi, o vaxt dövlət sərhədində Ermənistan bizə hücum etmişdir və biz dövlət sərhədini keçmədən Ermənistanı öz torpaqlarımızdan çıxartdıq. Ona görə bir tərəfdən, məğlubiyyəti etiraf edir, - bu məktubun göndərilməsi bunu göstərir, - digər tərəfdən, tam təslim olmaq istəmir. Bu gün müharibənin davam etdirilməsi və hər iki tərəfdən itkilərin olması Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verir. Bütün məsuliyyət Ermənistan tərəfindədir və bu məğlubiyyəti etiraf edib torpaqlarımzdan çıxsa, danışıqlar masası arxasında məsələnin çözülməsi ən məqbul variantdır. Bir sözlə, bu məsələnin həlli artıq baş verir. Mən demişdim ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir və təməl prinsiplərinin böyük hissəsini icra edibdir. Ümid edirəm ki, təməl prinsiplərinin qalan hissəsi də icra ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Mən bu fürsətdən istifadə edərək, eyni zamanda, bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır. Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Hər zaman mən əziz Qardaşımla bu barədə danışanda biz bilirdik ki, bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir. Bir daha xoş gəlmisiniz. Mövlud ÇAVUŞOĞLU dedi: -Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, cənab Prezidentim. Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır. Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq. Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır. Prezident İlham ƏLİYEV: Bəli, bəli. Mövlud ÇAVUŞOĞLU: Bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var. Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik. X X X Dövlətimizin başçısı Türkiyənin İzmir şəhərində zəlzələ zamanı həlak olanlarla bağlı bir daha başsağlığı verdi. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Hamısını oxu
İnkişaf edən tərəfdaşlıq

Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşə Azərbaycanın da dəvət alması ölkənin beynəlxalq arenada artan nüfuzun və üzv dövlətlərlə inkişaf edən tərəfdaşlığının mühüm göstəricisidir. Bu dəvət Azərbaycanın strateji mövqeyi və regional əməkdaşlıqdakı önəmli rolunun təsdiqidir.Birgə əməkdaşlıq sahələri Azərbaycanın ŞƏT çərçivəsində daha da əhəmiyyətli bir rol oynayacağını göstərir.Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu.ŞƏT, Avrasiya məkanında təhlükəsizlik, iqtisadi inkişaf və mədəniyyət sahələrində əməkdaşlığı təşviq edən regional bir təşkilatdır. Təşkilata üzv dövlətlər arasında Çin, Rusiya, Hindistan və Pakistan kimi böyük dövlətlər də var. Azərbaycanın ŞƏT-in Zirvə toplantısına dəvət olunması, ölkənin bu təşkilatla əlaqələrinin daha da möhkəmləndiyini və regional əməkdaşlığa olan töhfəsinin artdığını göstərir.Azərbaycan və ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın inkişaf etdiyi bir neçə mühüm sahə var. Bunlardan ən başlıcası enerji sektorunda əməkdaşlıqdır. Azərbaycan zəngin enerji resurslarına malikdir və bu resursların ŞƏT üzv dövlətlərinə çatdırılması əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan enerji infrastrukturunun inkişafı və təhlükəsizliyi sahəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.Enerji sektoru ilə yanaşı Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir. İqtisadi forumlar və sərgilər vasitəsilə tərəfdaşlıq daha da gücləndirilir və yeni biznes imkanları yaradılır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Bu nəqliyyat dəhlizləri, regional ticarətin və logistikanın inkişafını təmin edərək, region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir. Azərbaycan, strateji mövqeyindən istifadə edərək, bu dəhlizlərin effektivliyinin artırılmasında və logistika sahəsində yeniliklərin tətbiqində mühüm rol oynayır.Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Yeni iqtisadi imkanlar üzərində işlənir. Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bu layihə, nəqliyyat dəhlizinin daha effektiv və təhlükəsiz istifadəsini təmin etməyə yönəlib. Rəqəmsallaşma, tranzit müddətlərinin qısaldılması, sənədləşmə proseslərinin sadələşdirilməsi və logistika xidmətlərinin optimallaşdırılması kimi sahələrdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.Təhlükəsizlik və müdafiə məsəıələri də dövlətlər üçün prioritetdir. Regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, Azərbaycanın ŞƏT üzv dövlətləri ilə olan münasibətlərində əhəmiyyətli bir yer tutur. Birgə hərbi təlimlər və məlumat mübadiləsi, regionda sülh və stabilliyin təmin olunmasında vacib rol oynayır.Mədəniyyət və təhsil sahələrində də əməkdaşlıq inkişaf edir. Azərbaycan və ŞƏT üzv dövlətləri arasında tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və təhsil layihələri bu sahədəki əlaqələri möhkəmləndirir.Bir sözlə, Azərbaycanın regional və qlobal səviyyədəki nüfuzunun artması Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə də bir daha özünü təsdiqlədi.  Məşhur Məmmədov,Millət vəkili

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Anım Günündə tələbələrə ilk dərsi Şəhidlər Xiyabanında keçib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Anım Günündə tələbələrə ilk dərsi Şəhidlər Xiyabanında keçib.  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbləri ilə bir araya gələn dosent Cəlil Xəlilov, onlara 27 sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsinin hərb tariximizdəki rolu və şəhdilərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verib. Cəlil Xəlilov qeyd edib ki, xalqımızın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı üçün gənc nəsil öz qəhrəmanlarını tanımalı, onların həyat və döyüş yoluna bələd olmalıdır. Şəhdilər Xiyabanında gerçəkləşən dərs tələblər tərəfindən böyük maraqla qarşılanıb. Polkovnik Cəlil Xəlilov dərsin gedişatında tələbələri maraqlandıran suallara cavab verib, onlarla fikir mübadiləsi aparıb. Seymur ƏLİYEV

Hamısını oxu