Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 1 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi: - Xoş gəlmisiniz, hörmətli Mövlud bəy, əziz qonaqlar. Sizi görməyimə şadam. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir. Həm hörmətli Prezident, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin Sədri, siz - Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmisiniz. Bu, bizi, Azərbaycan xalqını çox məmnun edir. Bu, bir daha göstərir biz bütün dövrlərdə - yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqq işimizi davam etdiririk. Bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən hər həftə azad edilmiş yeni şəhərlər və kəndlər haqqında məlumat verirəm və ümid edirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalamışdır, ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistan artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır. Ancaq ümid edirəm ki, bu proses uzun sürməyəcək. Çünki biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik. Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib. Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərmişdir. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur. Əgər olsaydı, biz bunu bu ilin iyul ayında edərdik. Bildiyiniz kimi, o vaxt dövlət sərhədində Ermənistan bizə hücum etmişdir və biz dövlət sərhədini keçmədən Ermənistanı öz torpaqlarımızdan çıxartdıq. Ona görə bir tərəfdən, məğlubiyyəti etiraf edir, - bu məktubun göndərilməsi bunu göstərir, - digər tərəfdən, tam təslim olmaq istəmir. Bu gün müharibənin davam etdirilməsi və hər iki tərəfdən itkilərin olması Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verir. Bütün məsuliyyət Ermənistan tərəfindədir və bu məğlubiyyəti etiraf edib torpaqlarımzdan çıxsa, danışıqlar masası arxasında məsələnin çözülməsi ən məqbul variantdır. Bir sözlə, bu məsələnin həlli artıq baş verir. Mən demişdim ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir və təməl prinsiplərinin böyük hissəsini icra edibdir. Ümid edirəm ki, təməl prinsiplərinin qalan hissəsi də icra ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Mən bu fürsətdən istifadə edərək, eyni zamanda, bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır. Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Hər zaman mən əziz Qardaşımla bu barədə danışanda biz bilirdik ki, bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir. Bir daha xoş gəlmisiniz. Mövlud ÇAVUŞOĞLU dedi: -Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, cənab Prezidentim. Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır. Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq. Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır. Prezident İlham ƏLİYEV: Bəli, bəli. Mövlud ÇAVUŞOĞLU: Bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var. Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik. X X X Dövlətimizin başçısı Türkiyənin İzmir şəhərində zəlzələ zamanı həlak olanlarla bağlı bir daha başsağlığı verdi. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

2020-11-01 00:00:00
3200 baxış

Digər xəbərlər

Hacı Vəliyevlə bağlı həbs qərarı verildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb. “Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib. H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib. Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev “Qafqazinfo”ya təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın “sədr”i kimi təqdim edir. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə ittiham olunur. Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.  

Hamısını oxu
Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Milli.Az bildirir ki, Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcəkYeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb. . Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir. Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər. Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək. Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və "Biz birlikdə güclüyük" layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.  

Hamısını oxu
“Hamı veteranlar üçün” təşkilatından örnək addım... – “Onlar bu təbəssümə layiqdir!”

ABŞ-da 2017-ci ildə yaradılan “Hamı veteranlar üçün” təşkilatı son bir ildə fəaliyyətini  genişləndirməklə xalq arasında böyük sevgi və populyarlıq qazanıb. Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, təşkilatı insanlara sevdirən əsas amil onun diş problemi yaşayan veteranlara pulsuz və keyfiyyətli xidmət göstərməsidir. Bir qrup diş həkimini özündə birləşdirən təşkilatın qurucusu həkim Tereza Çenq bildirib ki, onun belə bir təşkilat təsis etməsinə səbəb, bir çox veteranın pulsuzluq səbəbi ilə dişlərinə lazımınca qulluq göstərə bilməməsidir. İmplant və digər əməliyyatların bahalığı səbəbi ilə veteranların bir çoxunun sağlam dişlərə sahib olmadığını, bu səbəbdən də gülərkən belə utandıqlarını vurğulayan Tereza Çenq, onların təbəssümə layiq olduqlarını bildirib.   Qeyd edək ki, təşkilata müraciət edən veteranlar onun xidmətlərindən yararlanmaq üçün veteran statusuna malik olduqlarını, həmçinin, maddi vəziyyətlərinin həqiqətən də qeyri-qənaətbəxş olduqlarını sübut etməlidir.   Hazırda bütün ölkə üzrə  654 diş həkimin “Hamı veteranlar üçün” təşkilatında könüllü şəkildə çalışdığı bildirilir.   Seymur ƏLİYEV

Hamısını oxu
İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artır

9 May - Qələbə günü münasibətilə bir qrup İkinci Dünya müharibəsi iştirakçısı ilə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz xidmətləri qeyd edib. Nazir müavini vurğulayıb ki, İkinci Dünya müharibəsi iştirakçılarına ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının da ildən-ilə artmasına səbəb olub. Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. A.Kərimov dövlət başçısının sosial islahatlar paketinin uğurlu nəticələri kimi, cari ilin ötən dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, İkinci Dünya müharibəsi iştirakçılarına da yönələn sosial ödənişlərdə də əhəmiyyətli artımların edildiyini deyib. Nazir müavini müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların dövlət hesabına mənzil və minik avtomobili ilə təminatı və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb. Qeyd olunub ki, hər il 9 May - Qələbə günü ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar da verilir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində İkinci Dünya müharibəsi veteranlarının fəal iştirakı vurğulanıb, bu sahədə öz töhfələrini verdiklərinə görə onlara minnətdarlıq ifadə olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycanın daim inkişaf edən və güclü orduya malik olan, beynəlxalq nüfuzu artan bir ölkə olmasından qürur hissi keçirdiklərini vurğulayıb. O və digər İkinci Dünya müharibəsi iştirakçıları sosial təminatlarının daim artırılmasından, eləcə də növbəti dəfə birdəfəlik maddi yardımla təmin edilmələrindən razılıqla söz açıb, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə müharibə veteranları döyüş xatirələrini bölüşüb, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Hamısını oxu