Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılsın. 2. Müəyyən edilsin ki: 2.1. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir; 2.2. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır; 2.3. Fondun fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir. 3. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 3.1. Azərbaycan Respublikasının Prezidentinə: 3.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi; 3.1.2. Fondun strukturunun təsdiqi; 3.1.3. Fondun idarəetmə orqanlarının yaradılması; 3.1.4. Fondun Müşahidə Şurası üzvlərinin, İdarə Heyəti sədrinin və sədrin iki müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 3.1.5. Fondun ləğvi və yenidən təşkili; 3.2. Fonda: 3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 4. Fondun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır: 4.1. fiziki və hüquqi şəxslərin ianələri; 4.2. qrantlar; 4.3. qanunla qadağan olunmayan digər mənbələr. 5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 15 gün müddətində Fondun nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. Fondun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün; 6.2. dövlət qeydiyyatına alındığı gündən Fondun inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 7. Müəyyən edilsin ki, Fond dövlət qeydiyyatına alınanadək bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulmuş vəsait Fondun xüsusi xəzinə və bank hesablarında toplana bilər. 8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 8.1. Fond fəaliyyətə başlayanadək bu Fərmanın 7-ci hissəsinə uyğun olaraq Fondun vəsaitinin xüsusi xəzinə və bank hesablarında toplanmasını təşkil etsin; 8.2. Fondun fəaliyyətinin təşkili və təmini üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun; 8.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. *** Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

2021-01-04 00:00:00
3461 baxış

Digər xəbərlər

Azərbaycanın hərtərəfli inkişafına dəstək olmalıyıq

  Cəlil müəllim, ilk sualımız Təşkilatın qarşıda gözlənilən plenumu ilə əlaqədardır. Bu əvvəlcədən planlaşdırılmışdı, yoxsa hansısa zərurətlə bağlıdır? Bir də sirr deyilsə, gündəliyə hansı məsələlər çıxarılıb? Respublika Veteranlar Təşkilatının plenumları Nizamnaməyə uyğun olaraq ildə bir dəfə, adətən noyabr, yaxud dekabr aylarında keçirilir. Plenumda Təşkilatın il ərzində gördüyü işlər müzakirə edilir, növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilir. Növbəti plenum da bu baxımdan əvvəlkilərdən fərqlənmir. Yaratdığınız imkandan istifadə edərək noyabrın 22-də baş tutacaq həmin tədbirə Sizi də, iştirak etmək istəyən digər media nümayəndələrini də dəvət edirik. 2016-cı ildəki fəaliyyətiniz barədə qısaca nə deyərdiniz? - Respublika Veteranlar Təşkilatının fəaliyyəti illik Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq əsasən bir neçə istiqamət üzrə həyata keçirilir. Əlbəttə, bizim hər il ən başlıca tədbirimiz İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkilinə hazırlıq işləri ilə bağlı olur. 9 may 2016-cı ildə faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin İkinci Dünya müharibəsi veteranları ilə görüşü baş tutmuş, dövlət başçısının adından veteranlara böyük ziyafət verilmişdir. Bu görüşə hazırlıqla bağlı cari ildə də ölkənin orta və ali məktəblərində, o cümlədən hərbi yönümlü təhsil ocaqlarında, müxtəlif təşkilatlarda, idarə-müəssisələrdə silsilə tədbirlər keçirilmişdir. Bir qayda olaraq, həmin tədbirlərdə İkinci Dünya, Qarabağ və Əfqanıstan müharibələri veteranları, RVT, rayon veteran təşkilatları, yerli icra orqanları və ictimaiyyətin nümayəndələri, gənclər və ziyalılar iştirak edirlər. Azərbaycanın qəhrəmanlıq tarixinin, ata-babalarımızın şanlı döyüş yolunun təbliği, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların dövlətə və xalqa sədaqət ruhunda yetişmələri məqsədi güdən belə tədbirlər istisnasız olaraq, ölkənin bütün şəhər və rayonlarında keçirilir. Mən C.Naxçıvanski adına Hərbi Liseydə, Kaspi liseyində, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin Akademiyalarında, Milli Qvardiyada, Dövlət İqtisad, Odlar Yurdu, Bakı Slavyan, Qərb universitetlərində, Dövlət Uşaq Filarmoniyasında və Xalça Muzeyində baş tutan tədbirlərimizi xüsusi qeyd etmək istərdim. Əlbəttə, Təşkilatın inzibati binasında keçirilən tədbirlərimiz həm mövzu rəngarəngliyi, həm də əhatə etdiyi auditoriya baxımından daha geniş olmuşdur. Ölkə veteranlarının Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri ilə geniş tərkibdə görüşü, cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısının alınması ilə əlaqədar “Biz Azərbaycan əsgərinə, Ali Baş Komandanımıza və parlaq qələbəmizə inanırıq”, “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevirilməsi başlıca məqsəddir” mövzusunda Elmi – praktiki Konfrans, Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ilə Respublika günü münasibətilə “Gənclərdə milli ruhun gücləndirilməsi” mövzusunda ədəbi-bədii gecə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir”  tədbiri, İkinci Dünya müharibəsində Moldovada həlak olmuş və itkin düşmüş sayılan azərbaycanlı döyüşçülərdən 206 nəfərin taleyinin aydınlaşması münasibətilə Moldovada nəşr edilmiş xatirə kitabının təqdimatı və digər tədbirlərimiz ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Yeri gəlmişkən, Moldova Respublikası ərazisində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlılardan Bakı və Sumqayıt şəhərlərindən orduya göndərilmiş 4 nəfərin qohumları artıq tapılmışdır. Onlardan Sumqayıt şəhəri və Xəzər rayonunda yaşayan 2 nəfər RVT-də 27 oktyabr 2016-cı il tarixdə keçirilən tədbirdə iştirak etmişdir. Xatirə kitabında adları keçən digər döyüşçülərin qohumları tapıldıqca, media məlumatlandırılacaqdır. Təşkilatımız Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi tədbirlərində də fəal iştirak etmiş, bununla əlaqədar “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun yaradılmasında ilk təşəbbüskarlardan olmuşuq.  Veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki fəaliyyətinizi qənaətbəxş saymaq olarmı? Veteranların sosial müdafiəsinin gücləndirilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin şəxsi nəzarəti altında hazırlanan “Veteranlar haqqında” Qanunun 1994-cü ildə qəbulu ilə ölkədə veteran hərəkatının yenidən dirçəldilməsi dövrü başlanmışdır. Hazırda bu siyasət Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başlıca hədəflər və məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi ilə vətənpərvərliyin təşviq olunmasıdır. İnamla deyə bilərik ki, bu zümrəyə aid edilən insanların, problemlərinin vaxtında həlli dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətdir. Hər il İkinci Dünya Müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması (2016-cı ildə bu məbləğ 1000 və 500 manat olmuşdur), eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yalnız bu il imzalanmış sərancam və fərmanlar bu qayğının əyani sübutlarıdır. Biz bütün bunları yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətin səmərəliliyini ildən-ilə artırmağa çalışırıq. Bu məqsədlə veteranların yaşayış səviyyəsinin yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan faydalanmaları, asudə vaxtlarının səmərəli təşkili və s. işlər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, digər dövlət orqanları, yerli icra hakimiyyətləri, və bələdiyyələrlə qarşılıqlı əlaqədə həyata keçirilir. Bir faktı qeyd edim ki, bu məsələlərlə bağlı ötən 11 ay ərzində Təşkilata daxil olmuş 100-dən artıq müraciətlə bağlı müvafiq ünvanlara məktublar göndərilmiş, problemlər əsasən həll olunmuş, ərizəçilər görülmüş tədbirlər barəsində vaxtında məlumatlandırılmışlar. Bu il möhtərəm Prezidentin Veteranlar Təşkilatına ayırdığı vəsaitin xeyli hissəsinin yataq xəstəsi olan İkinci Dünya Müharibəsi veteranlarına çatdırılması ilə bağlı RVT Rəyasət Heyətinin qərarı ilə lazımi sənədləşdirmə işləri aparılmışdır.  Artıq Bakı şəhərinin rayonları üzrə ayrılmış müvafiq maddi yardımlar əməkdaşlarımızın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə veteranlara çatdırılmışdır. Digər rayonlar üzrə bu işlər ilin sonunadək yekunlaşacaqdır. Ölkənin 4 regionunda və Bakı şəhərində şəhid ailələrinə maddi yardımlar da eyni qaydada çatdırılmışdır. Təşkilata hər gün müxtəlif məsələlərlə bağlı neçə veteran müraciət edir. Biz onları məmuniyyətlə dinləyir, problemlərinin həllinə kömək göstərməyə çalışırıq. Qaldırılan problemlərin həlli səlahiyyətlərimiz çərçivəsində olmadığı hallarda belə dövlət orqanları və təşkilatlar bizə imkan daxilində köməklik göstərirlər. Fürsətdən istifadə edib Təşkilat adından onlara minnətdarlığımızı çatdırıram. Veteranların yubileylərinin keçirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılmış, bir qrup veteran ölkənin sanatoriya-kurort müalicəsi almış, Şahdağa, Qobustana səfərləri təşkil edilmişdir. Veteranların çoxsaylı müraciətlərini nəzərə alaraq, bəzi imtiyazların bərpası barədə müvafiq dövlət orqanlarına müraciət etməyi nəzərdə tuturuq. Zənnimcə, bu məsələnin müsbət həlli veteranların sosial müdafiəsinin daha da gücləndirilməsinə əlavə dəstək olacaqdır. Təşkilatınızın nümayəndələri tez-tez cəbhə xəttində olur, xidməti borcunu şərəflə yerinə yetirən əsgər və zabitlərimizlə görüşürlər. Bu ənənəniz digər ictimai birliklərə də nümunə ola bilər. - Bütün ictimai təşkilatların, dövlət orqanlarının, mən deyərdim hər bir azərbaycanlının ən ümdə borcu bu gün işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün bacardığını əsirgəməməsidir. Son illər Azərbaycanda güclü ordu qurulması istiqamətində atılan uğurlu addımlar bizim bu vəzifənin öhdəsindən şərəflə gələcəyimizə inamımızı daha da artırıb. Cari il aprel ayının 2-5-də erməni silahlı bölmələrinin təxribatlarının qarşısının alınması zamanı Azərbaycan əsgərinin sarsıdıcı cavab zərbəsi ilə düşmənin darmadağın olunması xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Cənubi Qafqazın ən müasir və güclü ordusu olan Azərbaycan Ordusunun ərazilərimizi düşmən işğalından qurtarmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadir olduğu dünyaya nümayiş etdirildi. Həmin hadisələrlə bağlı yayılan bəyanatda yaşlarının ixtiyar çağlarında olmalarına baxmayaraq, veteranlar düşmənə qarşı vuruşmağa hər an hazır olduqlarını ifadə etmişdilər. Bu qəti mövqe həmin hadisələrdən əvvəl də, sonra birbaşa cəbhə xəttində olan hərbçilərimiz qarşısında dəfələrlə səsləndirilmiş, gənclərimizin döyüş ruhunu daha da artırmışdır. Biz Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğunun müvafiq idarələrinin əməkdaşları ilə birgə cəbhə xəttində və ona yaxın ərazilərdə birgə tədbirlər keçiririk. Bu görüş və tədbirlər sırasında may ayının 19-20-də Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevlə birgə cəbhə bölgəsinə səfərimiz xüsusilə yadda qalan oldu. Biz N saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdük. Görüşdə gənc əsgərlərimizdə döyüş, Qələbə ruhunun necə yüksək olduğunu görmək qəlbimizi dağa döndərdi. Azərbaycan əsgərinin Vətənə, xalqa, torpağa, dövlətinə olan sevgisi bizi valeh etdi. Ötən il Təşkilat nümayəndələri və veteranların Bərdə, Tərtər, Qazax, Horadiz istiqamətində döyüş rayonlarında hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil olunmuşdur. Gənc nəslin orduya hazırlanmasında yaxından iştirakı da bizim ümdə vəzifə borcumuzdur. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Respublika üzrə təşkil etdiyi “Vətənin Müdafiəsinə Hazıram” adlı silsilə tədbirlər çərçivəsində bizim əməkdaşlar Daşkəsən, Qazax, Abşeron, Qaradağ, Suraxanı, Yasamal və digər rayonlarda keçirilən tədbirlərdə fəal iştirak edilmişlər. Biz bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihə çərçivəsində ölkənin 4 regionunda və Bakı şəhərində seminar-müşavirələr keçirdik. Bu tədbirlərin  əsas məqsədi xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət hissi aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin, bu istiqamətdə dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Biz bunlarla yanaşı düşmənin əsl simasının, işğalçılıq siyasətini davam etdirməsinin ifşası, yerli və dünya ictimaiyyətinin bu barədə müntəzəm məlumatlandırılması istiqamətində də ardıcıl iş aparırıq. Belə tədbirlərdən biri cari ilin iyununda Təşkilatın inzibati binasında keçirilmişdir. Həmin tədbirdə II Dünya Müharibəsində alman faşizminə xidmət etmiş ermənilərdən ibarət qisasçı legionun yaradıcıları general Dronun və Qaregin Njdenin MDB məkanında genişmiqyaslı təbliğatına, onların qəhrəman kimi təqdim edilməsinə, barələrində filmlərin çəkilməsinə, Yerevanda abidələrinin qoyulmasına veteranların etirazını əks etdirən müraciət qəbul edilmiş, MDB dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara, veteran təşkilatlarına göndərilmişdir. Müraciətə Rusiya Federasiyası, Ukrayna, Belarus və Qazaxstanın dövlət orqanlarından, ictimai təşkilatlardan ermənilərin həmin hərəkətlərini qınayan cavablar gəlmişdir. Yeri gəlmişkən, Azərbaycan veteranlarının bu, eləcə də Ermənistanın torpaqlarımızı işğal altında saxlamasına etirazların yer aldığı mövqeyi Veteran Təşkilatlarının MDB çərçivəsində baş tutan tədbirlərində də dəfələrlə ifadə edilmişdir. Sonuncu qeydinizə istinadən Təşkilatın beynəlxalq əməkdaşlıq əlaqələri barədə soruşmaq istərdik. Bu əlaqələrin indiki səviyyəsi Sizi qane edirmi? - Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədi ilə AR Diasporla iş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi ilə əlaqələrimiz intensivləşmişdir. RVT-nin beynəlxalq əlaqələrinin yeni keyfiyyət səviyyəsinə qaldırılması zərurəti nəzərə alınaraq, bu sahəyə cavabdeh şöbə yaradılmışdır. Hazırda Gürcüstan, Türkiyə, Ukrayna, Moldova, Rusiya Federasiyası və Belarus Veteranlar Təşkilatları ilə qarşılıqlı əlaqələrimiz xüsusilə genişdir. Bu təşkilatların tədbirlərinə daim dəvət alır, həmçinin onları öz tədbirlərimizə dəvət edirik. Hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində MDB dövlətlərin Bakıdakı səfirliklərinin keçirdikləri tdbirlərdə iştirak edirik. Bu ilin mayında Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Ukraynanın faşizm işğalından azad olunmasında iştirak edən azərbaycanlı  döyüşçülərə  xatirə medalları təqdim edildi. Mərasimdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri cənab Aleksandr Mişenko bildirdi  ki, Ukrayna Prezidentinin sərəncamı ilə 316 nəfər azərbaycanlı veteran döyüşçü medallarla təltif olunmuşlar. Eləcə də, digər MDB dövlətlərinin xatirə medalları azərbaycanlı  döyüşçülərə təqdim edilmişdir. Bu, xalqlarımız arasında dostluq əlaqələrinin qorunduğunu göstərir. Ayrı-ayrı tanınmış veteranların yubileyləri ilə əlaqədar qarşılıqlı təbriklərin göndərilməsi də mütəmadi xarakter daşıyır. Əməkdaşlarımız Qələbənin 71 illiyinə həsr olunmuş “Память и Победа” kitabının nəşrində fəal iştirak etmiş və həmin kitab 9 may Qələbə günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunmuşdur. Bu ilin iyun və sentyabr  aylarında Ukrayna veteranları təşkilatının dəvəti ilə Kiyev və Moskva şəhərlərində tədbirlərdə iştirak etmişik. Oktyabr ayında isə Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə nümayəndə heyəti Bakıya səfər etmişdir. Onların Təşkilatın rəhbərliyi, AR Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin rəsmiləri və Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi Məktəbinin kursantları ilə görüşləri təşkil olunmuş, qonaqlar Bakının tarixi yerləri və ölkənin muzeyləri ilə tanış edilmişlər. Sentyabr ayında Rusiya Federasiyası Silahlı Qüvvələri Veteranları Təşkilatının sədri, ordu generalı Viktor Yermakov RVT-də olmuş, burada yaradılan şəraitdən, veteranlara göstərilən dövlət qayğısından bütün MDB ölkələrinin nümunə götürməli olduğunu bildirmişdir. Hər il 9 may ərəfəsində Avstriyanın paytaxtı Vyanada yerləşən beynəlxalq “Qara Xaç” cəmiyyətinin üzvləri və Almaniyadan gələn qonaqlar Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində İkinci Dünya müharibəsində əsir düşmüş və vəfat etmiş insanların dəfn edildikləri qəbirstanlıqlara ziyarətləri təşkil olunur. Çoxsaylı tədbirləri, eləcə də, fəaliyyətinizin digər istiqamətləri üzrə işləri ölkə ictimiyyətinə lazımınca çatdıra bilirsinizmi? - RVT-nin orqanı olan “Azərbaycan Veteranı” qəzeti tədbirlərimizi, eləcə də, fəaliyyətimizi kifayət qədər işıqlandırır. Bu sahədə ölkə KİV-nin, xüsusilə AzTV, İctimai, Lider, “SPACE”, “Xəzər” televiziyalarının, AzərTAC-ın, digər informasiya agentliklərinin, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Ədalət” və digər qəzetlərin bizə göstərdikləri köməyini minnətdarlıqla qeyd etmək istərdim. Təşkilatın tarixi və azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı ilə bağlı dərc edilmiş kitab da ictimaiyyətin məlumatlandırılması sahəsində az rol oynamamışdır. Biz digər ölkələrin Bakıda yerləşən daimi müxbir postlarının imkanlarından da təbliğat işinin qurulmasında yararlanmağa çalışırıq. Fəaliyyətimizin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara və Təşkiltımıza göstərdiyi qayğı və diqqətin mühüm rol oynadığını xüsusi vurğulamaq istərdim. - Son vaxtlar bəzi saytların Təşkilatla bağlı hansısa mənbələrə istinadən yaydıqları məlumatlarda bəzi qüvvələrin rəhbərliyin dəyişdirilməsinə cəhd göstərdikləri bildirilir. Bu barədə nə deyərdiniz? - Biz həmin məlumatların yalan və böhtan xarakteri daşıdığını, sədrin səhətinin hazırda normal olduğunu bəyan etməklə, həmin saytları dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırmışdıq. Ancaq buna baxmayaraq, bəziləri eyni missiyanı nəinki davam etdirdilər, hətta digər İctimai Təşkilatların üzvlərini də öz yalanlarına ortaq etməyə çalışdılar. Biz yenə dözüm nümayiş etdirib həmin saytların təmsilçilərini də ayın 22-də keçiriləcək Plenumumuza dəvət edirik. Qoy onlar şər və böhtan yaymaqdansa, İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələri veteranlarının nə düşündükləri barədə birbaşa onların özlərindən eşitsinlər. Bizsə yalnız onu bir daha vurğulayırıq ki, Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır. - Aldığımız məlumata görə gələn il Respublika Veteranlar Təşkilatının 30 illik yubileyi keçiriləcəkdir. Bununla bağlı qərar varmı? - Əvvəla onu deyim ki, 30 il bundan qabaq fəaliyyətə başlayan Respublika Veteranlar Təşkilatının ilk sədri yaxın günlərdə 95 illik yubileyini keçirdiyimiz general-mayor, sərhədçi Mustafa Nəsirov olmuşdur. Bəli, 30 illiklə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır. Plana əsasən yubiley münasibətilə təşkilat və müəssisələrdə, xüsusilə təhsil ocaqlarında tədbirlərin keçirilməsi, ölkə KİV-ində müvafiq məqalə, veriliş və çıxışların təşkili, Təşkilatın tarixinə aid kitabın yazılıb çap etdiriməsi, sənədli filmin çəkilməsi, mədəni-kütləvi, o cümlədən müxtəlif ölkələrin veteran təşkilatları ilə əlaqələr çərçivəsində birgə tədbirlərin təşkili və s. işlər görüləcəkdir. - Gələcək palanlarınız barədə nə deyərdiniz? - Bu barədə bir neçə gün sonra baş tutacaq tədbirimizdə danışacağıq. Ancaq ümumən onu deyə bilərəm ki, biz fəaliyyətimizin səmərəsini artırmaq, ictimaiyyətin daha geniş təbəqələrini əhatə etmək üçün mövcud iş mexanizmlərini daha da təkmilləşdirməyi nəzərdə tuturuq. Bir milyondan artıq veteranı təmsil edən Təşkilatın fəaliyyəti daim yüksək səviyyədə olmalı, doğma Azərbaycanın hərtərəfli inkişafına töhfə verməlidir.                                                                                                  MEHPARƏ  Əliyeva

Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Bəyanatı

Bir neçə gündür ki, Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində gərginlik yaşanır. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz və təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Öz xalqının etimadını tamamilə itirmiş Ermənistan kriminal rejimi ölkədəki dözülməz vəziyyətdən, əhalinin narazılığından diqqəti yayındırmaq məqsədilə mütəmadi suratdə cəbhə xəttində təxribatlar törədir. Ümumiyyətlə, son vaxtlar erməni silahlı bölmələrinin təmas xəttində atəşkəs rejimini mütəmadi olaraq pozması, düşmən təxribatlarının intensiv xarakter daşıması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatını və Azərbaycanın 1 milyon 300 minlik veteranlar ordusunu da ciddi narahat edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının qərar və bəyənatlarına baxmayaraq, Ermənistan tərəfi nəinki işğal altında saxladığı 20 faizdən çox Azərbaycan ərazisini işğaldan azad etmir, hətta özünün təcavüzkarlıq siyasətini daha açıq və arxayın şəkildə davam etdirir. Bu qərarların icrasına nail olunsa idi, qarşı tərəf indiyədək öz təcavüzkar siyasətini və beynəlxalq hüquqa zidd hərəkətlərini davam etdirə bilməzdi. Rusiya rəsmlərinin münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağrışları başa düşülən olsa da, fikrimizcə, belə çağrışların başlıca məzmunu Ermənistan tərəfinin işğalçılıq siyasətinə son verməsini etiva etməlidir. İşğalçı tərəfin atəşkəs rejimini pozması dünya birliyi, həmçinin nüfüzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənməli, onlardan qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etmələri tələb olunmalıdır. Əks-halda Ermənistanın dövlət rəhbərlərinə qarşı ən sərt beynəlxaıq sanksiyalar tətbiq edilməlidir. Azərbaycanın güclü, müasir silahlarla təchiz olunmuş ordusu var. Silahlı Qüvvələrimiz düşmən işğalı altındakı torpaqlarımızı hər an azad etmək üçün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyir. Biz veteranlar ordusu da bu sırada durmağa həmişə hazırıq. Bunu Azərbaycan ordusunun və xalqının gücünə bələd olan düşmən də bilsin. Onu da bilsin ki, Azərbaycan əsgərinin işğal altındakı ərazilırimizi düşməndən azad edəcəyi gün uzaqda deyil.   Respublika Veteranlar Təşkilatıının sədri e/o general-mayor                                                    Dadaş  Rzayev

Hamısını oxu
“Hərbi Prokurorluğun uğurlu fəaliyyəti dövlətimizin təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirir”

Elman Məmmədov: “Bu fəaliyyət sağlam ordu, sağlam münasibətlər prinsipini təmin edir” “Hərbi Prokurorluğun uğurlu fəaliyyəti dövlətimizin təhlükəsizliyini və müdafiə qabiliyətini gücləndirir”. Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkli Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Hərbi Prokurorluğun orduda, habelə çağırış sistemindəki neqativ hallara qarşı prinsipial mübarizəsi təqdirəlayiqdir: “Hərbi Prokurorumuz hörmətli Xanlar Vəliyevin və onun tabeçiliyindəki şəxslərin fəaliyyəti, orduda, eləcə də çağırış sistemindəki arzuedilməz hallara qarşı prinsipial mübarizəsi dövlətimizin təhlükəsizliyi baxımından olduqca mühüm önəm kəsb edir. Hərbi Prokurorluğun orduda qanunçuluğun, nizam-intizamın möhkəmlənməsi istqiamətində atdığı addımalr ölkəmizin təhülkəsziliyinin bir nömrəli qarantı olan ordumuzun daha da sağlamlaşmasına, güclənməsinə kömək edir. Həmçinin, hərbçilər arasında hörmət və etimada əsaslanan münasibətləri gücləndirir. Bildiyiniz kimi, prokurorluq əməkdaşları həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində də neqativ hallara qarşı mübarizə aparır, qanun pozuntularını müvəffəqiyyətlə ifşa edirlər. Bu, çağırış sisteminin şəffaflaşması, qanunsuz halların aradan qalxması, həqiqi hərbi xidmətdən yayınmaların qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Mən Hərbi Prokurorluğun milli maraqlarımızın, döpvlət maraqlarımızın təminindəki əzmkar fəaliyyəti təqdir edir, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm”. Seymur ƏLİYEV

Hamısını oxu
Bakı şəhərində görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər üçün Novruz bayramı şənliyi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilati dəstəyi ilə “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı layihəsi icra edilib. Bayram şənliyində Bakı, Abşeron , Sumqayıt bölgələrində yaşayan və “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi”ndə təhsil alan görmə üzrə əlilliyi olan uşaqların iştirakı təmin edilmişdir və yeniyetmələrin şənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün  müyəssər şərait qurulub. Bayram şənliyi Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət və əyləncə mərkəzində təşkil edilib. Bayram şənliyində   gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlərlə bəzədilmiş şirniyyat süfrəsi eləcə də tiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilib.  Şənlikdə 200-ə yaxın uşaq və onları müşayiət edən şəxslər iştirak edib.    

Hamısını oxu