Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident müşavirə keçirdi

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edib. Dövlətimizin başçısı bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib. “Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib. 2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən Prezident İlham Əliyev pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub. İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir. Prezident İlham Əliyev beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirib. Dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları da sadalayıb. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayıb, bununla bağlı tapşırıqlarını verib. Müşavirədə məruzələr dinlənilib.

2021-01-06 00:00:00
1105 baxış

Digər xəbərlər

İlham Əliyev – Zəfər və Qələbənin Memarı

Heydər ƏLİYEV:  Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm   Bütün həyatını mənsub olduğu millətin, məmləkətin tərəqqisinə, inkişafına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə həsr edən, əbədi istiqlaliyyətinə nail olmaq üçün əlindən gələni əsirgəməyən müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri, bəlkə də birincisi Azərbaycanın taleyində əvəzsiz rolu, xidmətləri olan Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi qüdrətli bir dövlət xadimini, mənəvi və siyasi Varisini yetişdirməsi olmuşdur. Ulu Öndərin varlığını fəda etdiyi, qurduğu, memarı olduğu müasir Azərbaycanın taleyini etibar edəcəyi dövlət xadiminin seçilməsində nümayiş etdirdiyi “müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapır”. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” kəlamı Ulu Öndərin uzaqgörənliyinin sübutudur. Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual potensialı və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun qələbəsini təmin etdi. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” nidası ilə əlini “Qurani-Kərim”ə və Anayasaya basaraq and içən Prezident İlham Əliyev qısa zaman kəsiyində xalqın böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. “Ötən illərin reallıqları Ulu Öndər Heydər Əliyevin siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun əvəz olunmazlığını sübuta yetirməklə kifayətlənmədi, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyasını gerçəyə çevirdi”. Bu səbəbdən də Odlar Yurdu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə, yüksəlişə və inkişafa doğru Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və ölkənin hər bir vətəndaşının fəxr edəcəyi, qürur duyacağı, örnək bir məkana çevrilir.  “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik” nidası ilə tarix yaradan, idarəçilik təlimini təkmilləşdirən Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində qeyd etdiyi bu prioritetlərlə islahatların yeni mərhələsinin başlanğıcını qoymuş, ölkənin ictimai-siyasi, mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların təməl prinsiplərini müəyyən etmiş, üstündən ötən yeddi il ərzində bir dövlət başçısı olaraq istəyinə nail olmuşdur. Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu qazanan, dünyaya gücünü, qüdrətini nümayiş etdirən Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaratdı, dünyanın düzənini, mizanını dəyişdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin nəticəsində Azərbaycan 30 illik işğala, intizara son qoydu, ərazi bütövlüyünü bərpa etdi. “Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu”, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, Lider – Xalq birliyinə nail olaraq birliyin, bütövlüyün rəmzinə çevrildi. Azərbaycan xalqı dövlət başçısının xalqın, dövlətin maraqları naminə böyük qətiyyətini bir daha dərk etdi. Prezidentin xarici televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz olmaqla yanaşı, illərin informasiya blokadasına son qoydu. “Bavariya sizin üçün nədirsə, Qarabağ da bizim üçün odur. Bioresurslarsa burada – Bakıdadır!” cavabı ilə alman jurnalisti susdurduğu kimi hər qarış torpağın Vətən üçün nə qədər dəyərli, qiymətli olduğunu sübut etdi. Şuşanın fəthi ilə Ata vəsiyyətinə əməl edən Liderin Fəxri xiyabanda Ulu Öndəri ziyarəti isə bir başqa dünya, aləm idi. Həmin gün Müzəffər Ali Baş Komandan təkcə general atasına, sərkərdə xaqan ucalığı ilə hesabat vermədi. Ana sevgisindən, Ana Vətən sevgisinə körpü saldı. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması, Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir gün əlamətdar tarix kimi təqvimə qovuşdu”. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatdı. “Bir kərə yüksələn bayraq bir daha enməz” nidası ilə Şərqin ilk Demokratik Cümhuriyyətini quran liderlərin ruhunu şad etdi. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalandı. Məcburi köçkünlər tikilib-qurulan, qarış-qarış dirçələn ata-baba yurdlarına qayıtdı. “Xalqın öz liderinə yüksək inamının nəticəsi idi ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu seçki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin göstəricisi idi. Son 22 ildə bütün bu uğurların şahidinə çevrilən Azərbaycan xalqı əldə olunan nailiyyətləri ölkə Prezidenti İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab edərək səsini İlham Əliyevə verməklə Heydər Əliyev irsinə etibarını, sədaqətini nümayiş etdirdi”. Nadir şah Əfşarın fütuhatlarından 300 il sonra Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan beynəlxalq əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. “Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər, ölkəmizlə əməkdaşlığa önəm verirlər.” Bu gün Azərbaycan Respublikasının mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs ölkəmizi inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan qüdrətli dövlətə çevrilib. Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzu getdikcə artırıb. Ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a ev sahibliyi etmək imkanını daha da gücləndirdi. Azərbaycanın bu sahədə uzun illərdir, həyata keçirdiyi ardıcıl siyasət və layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından ölkəmiz böyük işlər reallaşdırdı. Qarabağda, Şərqi Zəngəzurda əldə olunan tarixi zəfər, möhtəşəm qələbələr sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək “Azərbaycanın timsalında “Güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olmuşdur”. Bu səbəbdən də dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün analitiklər qeyd edirlər ki, həqiqətən də, Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz Liderdir. “Ağıl olan yerdə zora ehtiyac yoxdur!” nidası ilə tarix yaradan, mənsub olduğu millətin haqq səsinə dönən, siyasi hakimiyyətinin hər iki mərhələsində Odlar Yurdu Azərbaycanın kompleks inkişafına nail olan Ulu Öndər Heydər Əliyev haqqında ölkənin I vitse-prezidenti xanım Mehriban Əliyevanın tarixi bir kəlamı var: “Heydər Əliyevin varlığı Azərbaycan xalqı üçün Tanrının tale payıdır.” Bu müdrik kəlamı tərəddüt etmədən, 22 ildir mütəfəkkir dövlət xadimi, Müzəffər Ali Baş Komandan kimi millətinin imzasına, Zəfər, Qələbə memarına çevrilən “Qarabağ Azərbaycandır!” nidası ilə tarixi ədaləti bərpa edən, “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da, Qərbi Azərbaycan da var!” hikməti ilə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”na imza atan, Zəngəzur dəhlizini Turanın, türk dünyasının, Asiya ilə Avropanın körpüsünə, Naxçıvanın blokadadan xilasına, Ulu Öndərin “Azərbaycanda dövlətin mənbəyi xalqdır”, Platonun “Xalqı yaşat ki, dövlət yaşasın” kəlamlarını gerçəyə çevirən Zəfər, Qələbə memarımızın irsinə, şəxsiyyətinə aid etmək olar. Prezident İlham Əliyev əyilməz iradəsi, bütöv xarakteri, mütəfəkkir dövlət xadimlərinə xas xüsusiyyətləri ilə sübut edir ki, həqiqətən də Tanrı onu mənsub olduğu millətin, məmləkətin birlik, bütövlük rəmzi olaraq dünyaya gətirib! Cəlil Xəlilov    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Mülki silahın alınması maddəsində dəyişiklik edildi

"Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişiklik edilib.   AZXEBER.COM-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.    Qərara əsasən, sənədin 6-cı maddəsində dəyişiklik olunub. Qeyd edək ki, Təlimatın 6-cı maddəsi mülki silahın əldə edilməsi ilə bağlı icazə sistemini müəyyənləşdirir.   Həmin sənədə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var.   Şəxs spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludədirsə, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi rəyi olduqda onun mülki silah almaq hüququ yoxdur.   Bu barədə sənədin 6.45.2-ci yarımbəndində yazılıb.   Nazir Vilayət Eyvazovun qərarı ilə isə həmin yarımbənddə olan "səhiyyə orqanının tibbi rəyi” sözləri, "tibb müəssisəsinin rəyi” sözləri ilə əvəzlənib.   Qərar iyulun 31-dən qüvvəyə minib.

Hamısını oxu
Müstəqil Azərbaycan Ordusunun generalı Dadaş Rzayev

Adı hərb tariximizə qızıl hərflərlə həkk olunan generallarımız olub. Bu gün də var. Onlardan biri də “Zabit olmaq üçün ilk növbədə xalqını, torpağını sevməlisən. Əgər sevmirsənsə, səndən zabit çıxmayacaq. Dünyada zabit adından şöhrətli, ağır vəzifə yoxdur. Çünki yeganə insandır ki, torpağı, xalqı qoruyur. Şərəfli işdir. Buna görə qanında, canında torpağı qorumaq, dövləti, xalqı, vətəni sevmək istəyi olmayan gənclər özlərinə başqa iş seçsinlər. Zabit 25 il xalqa qulluq etməli və nə qədər ağır iş varsa, icra edib əsgərlərə nümunə olmalıdır. Bir də unutmamalıdır ki, əgər zabit əsgərə doğma övladı kimi baxmırsa, əsgər onu sevməyəcək!” nidası ilə tarix yaradan general Dadaş Rzayevdir.  O, Azərbaycan milli ordusunun formalaşmasında fəal iştirak edib. Dadaş Rzayev müstəqil Azərbaycanın hərbi tarixində və veteranların hüquqlarının qorunmasında əhəmiyyətli bir şəxsiyyət, xeyirxah insan olaraq tanınırdı. General Dadaş Rzayevin Veteranlar Şurasının sədri və Müdafiə Naziri kimi fəaliyyəti və ölkənin müstəqilliyi uğrunda apardığı mübarizə, həmçinin uzun illər boyu göstərdiyi hərbi xidmətlər və Azərbaycan ordusunun inkişafı üçün verdiyi töhfələr bu gün də gənc nəslə örnəkdir. Dadaş Rzayev 1935-ci ildə Qərbi Azərbaycanın Dərəçiçək mahalının Axta rayonunda yerləşən Axundov kəndində sadə bir ailədə dünyaya göz açıb. Atası komsomol işində çalışıb, anası məktəbdə müəllimə işləyib. Uşaqlığı müharibə illərinə təsadüf etdiyindən o illərin məhrumiyyətləri  onun   həyatında dərin iz buraxıb. Müharibənin qızğın vaxtında, 1943-cü ildə birinci sinfə gedib. Atası müharibədə olduğundan ailənin böyük oğlu kimi onun da üzərinə məsuliyyət düşüb. Həm məktəbə gedib, həm də anasına çörək qazanmaqda yardım edib. Anasına ailəni saxlamaqda kömək etməsinə baxmayaraq, dərslərini də yaxşı oxuyub. Orta məktəbdə oxuyarkən çevik hərəkəti, hazırcavablığı, çalışqanlığı ilə yoldaşlarından fərqlənib. Anası oxumaq məsələsində onlara qarşı tələbkar olub.Atasının  işi ilə əlaqədar  olaraq 1949-cu ildə Goranboyun Dəliməmmədli qəsəbəsinə köçüblər. Kəndlərindən 3 km aralıda təyyarə aeredromunun olması 6-7-ci sinif şagirdi olan Dadaş Rzayevi  təyyarəçi olmağa həvəsləndirib. O öz xatirələrində bu barədə deyirdi: “Orada müharibədən qalan təyyarələr çox uçurdular. Uşaqlarla gedib həmişə təyyarələrə baxardıq. Çox maraqlı idi. Minlərlə təyyarə yanmışdı. Hamısını yığıb Rusiyaya göndərirdilər. Normal olanı ilə isə təlim keçirdilər. Bəzən təyyarə elə gözümüzün önündəcə qəzaya uğrayırdı. Bütün bunlar mənim və mənimlə yanaşı, bir neçə uşaq üçün çox maraqlı idi və biz gələcəkdə hərbçi, təyyarəçi olmağı xəyal edirdik”. Amma orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan Dadaş Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılıb. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilib. İkinci kursda taqım komandirinin müavini təyin edilib. "Qızıl Ulduz" ordeni ilə təltif olunub. O, Hərbi Hava Desantçıları Məktəbini bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilib. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş Rzayev polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirib.  Dadaş Rzayev Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edib. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M.F.Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirib. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən general Dadaş Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edib. Dadaş Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general rütbəsində çalışıb. Azərbaycan hökumətinin çağırışı ilə Dadaş Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışıb və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olub. Elə həmin illərdə Dadaş Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olub. 1991-ci ildə, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə əlaqədar ordu quruculuğu xüsusilə vacib idi. Dadaş Rzayev bu prosesə böyük töhfələr vermiş, Milli Ordunun yaradılması üçün zəmin hazırlamışdır. O, ordu strukturunun təşkilində, kadr hazırlığında və hərbi təlimlərin aparılmasında fəal iştirak etmişdir. Bu fəaliyyətlər, müstəqil Azərbaycanın güclü hərbi qüvvələrinin formalaşmasına kömək etmişdir.1991-ci ildə, Dadaş Rzayev müdafiə nazirinin müavini təyin edilmişdir. Bu təyinat, onun hərbi sahədəki bilik və təcrübəsinin etirafı idi. Müdafiə nazirinin müavini kimi, general Dadaş Rzayev müharibə şəraitində olan Azərbaycanın təhlükəsizlik məsələlərini həll etməyə, ordu quruculuğu və müdafiə qabiliyyətini gücləndirməyə çalışmışdır. Onun bu dövrdəki fəaliyyəti, Dağlıq Qarabağ müharibəsindəki hazırlıqların və qələbələrin təməlini qoymuşdur. Dadaş Rzayevin həmin illərdəki fəaliyyəti, onun Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında və ölkənin müstəqilliyini müdafiə etmək üçün apardığı mübarizədəki vacib rolunu nümayiş etdirir. Bu fəaliyyətlər onun hərbi sahədəki bacarıqlarını və Azərbaycanın müdafiə qabiliyyətini artırmaq məqsədilə göstərdiyi fədakarlığı göstərir. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunan general Dadaş Rzayevin Birinci ordu korpusunun komandiri kimi Başkəndi ermənilərdən xilas etmək qətiyyətinə o zamanlar heç kim inanmırdı. Hətta ona mane olmaq istəyən qüvvələr vardı. Avqustun 8-də, general Dadaş Rzayevin rəhbərliyi altında Azərbaycan Ordusu ermənilərin əsas mövqelərinə hücum edərək, möhkəm şəkildə müdafiə olunan Başkəndi işğaldan azad etmişdi. General Dadaş Rzayevin bu uğuru, yalnız hərbi baxımdan deyil, həm də siyasi və psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusunun döyüş qabiliyyətini nümayiş etdirən bu əməliyyat, həm də Qarabağ müharibəsinin gedişatına müsbət təsir göstərmişdi. Başkənd əməliyyatı uğurla başa çatdıqdan sonra, Dadaş Rzayevin hərbi qabiliyyəti və liderlik bacarığı daha çox tanındı. Lakin, onun müdafiə naziri təyin edilməsi, o dövrdəki bəzi etirazlara səbəb oldu. Bəzi şəxslər, xüsusilə bu əməliyyata qarşı çıxanlar, onun müdafiə naziri təyin olunmasına mane oldular. Buna baxmayaraq, general Dadaş Rzayev 1993-cü ilin fevralında Azərbaycan Respublikasının Müdafiə Naziri vəzifəsinə təyin edildi. Onun bu təyinatı, Dağlıq Qarabağ müharibəsinin ağır şəraitində və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində mühüm bir addım idi.Başkənd əməliyyatı və general Dadaş Rzayevin bu döyüşdəki liderliyi, onun hərbi karyerasında və Azərbaycanın müstəqillik mübarizəsindəki rolunu ön plana çıxaran hadisələrdən biri olmuşdur.O, Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edildi. Üsyan, 1993-cü ilin iyun ayında Gəncə şəhərində baş vermişdi və əslində, həmin dövrün siyasi və hərbi gərginliyi çox yüksək idi.Prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi dövrdə, Gəncə üsyanı ciddi bir hadisə olaraq qiymətləndirildi. Üsyan, əsasən, ordu içindəki dislokasiya və siyasətə qarşı yaranan etirazlardan qaynaqlanmışdı. Dadaş Rzayevin həmin dövrdəki roluna dair mübahisələr vardı və o, bu hadisələrlə bağlı olaraq Prezident Elçibəy tərəfindən vəzifəsindən azad edilmişdi. Onun vəzifəsindən azad olunması, Azərbaycanın hərbi və siyasi həyatında müəyyən bir dəyişiklik yaratmışdı və ölkənin təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirmişdi. Ancaq onun hərbi xidmətləri və gələcək fəaliyyətləri, xüsusilə müharibə veteranlarının hüquqlarının qorunması sahəsindəki uğurları, onun şəxsiyyətinə və xidmətlərinə dərin hörmət qazandırmışdır. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilən Dadaş Rzayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsini də icra etmişdir. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bu mükafat, onun Azərbaycanın ictimai və hərbi həyatına verdiyi töhfələrə, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki xidmətlərinə görə verilmişdir. General Dadaş Rzayevin həm veteranlar hərəkatına, həm də ordunun gücləndirilməsi və müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fədakar xidmətləri, onun bu ordenlə təltif olunmasında mühüm rol oynamışdır. General Dadaş Rzayevin rəhbərliyi altında, veteranlar həmçinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması məqsədilə bir çox layihələrdə iştirak etmişdir. Veteranların təcrübəsi, mübarizə ruhu, gənc nəsilə örnək olmuşdur. Onlarda Azərbaycan Ordusunun qüdrətinə, tarixi Zəfərə inam hissini artırmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi Dadaş Rzayev  davamlı olaraq veteranlarla görüşlər keçirmiş, onların problemlərini dinləmiş, ın ödənilməsi üçün əlindən gələni əsirgəməmişdir. 2024-cü il mayın 27-də Bakı şəhərində dünyasını dəyişən  general Dadaş Rzayev İkinci Şəhidlər Xiyabanında torpaq müqəddəsliyinə qovuşmuşdur. Bütün həyatını ölkənin hərbi qüdrətinin güclənməsinə, peşəkar hərbiçi kadrların yetişdirilməsinə həsr edən  general-mayor Dadaş Rzayevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, mənalı ömür yolu tədqiq və təbliğ edilərək gəns nəslə çatdırılacaqdır.                                                                                  Cəlil Xəlilov                                            Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları                                                                              Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Bahadur Məmmədqulu oğlu Hüseynov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, İkinci Dünya Müharibəsi və Silahlı Qüvvələr veteranı, general-mayor Bahadur Məmmədqulu oğlu Hüseynov uzun sürən xəstəlikdən sonar 96 yaşında vəfat etmişdir. Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə 1924-cü ildə ailəsi Naxçıvandan Gəncəyə köçməli olmuşdur. 1934-cü ildə yeddiillik təhsilini başa vuran Bahadur Gəncə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Həmin vaxtlar Xarkov şəhərində təhsil alan böyük qardaşı Əhməd Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırı. Təhsilini davam etdirmək və ürəyinə daha çox yatan işlə məşğul olmaq istəyən Bahadur Hüseynov bu istəklə 1939-cu ilin mayında Xarkov şəhərinə gedir və burada Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olur. Həmin şöbəni bitirdikdən sonra təhsilini çoxdan arzusunda olduğu F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etdirir. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Bahadur da təhsilini vaxtından əvvəl başa vuraraq, kiçik leytenant rütbəsində, tağım komandiri kimi cəbhəyə yollanır. Onun ilk döyüşü 1941-ci ildə Smolensk istiqamətində vuruşan 246-cı diviziyanın 908-ci alayının tərkibində olur. Düşmənlə amansız ölüm-dirim savaşında kiçik leytenant B.Hüseynov üç dəfə ağır yaralanır. Qorki şəhərində bir müddət müalicə olunduqdan sonar, yenidən cəbhəyə yola düşmək üçün Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir. Ancaq Bahadur Hüseynovun Sərhəd Məktəbini bitirdiyini bilən briqada komandanlığı onun cəbhəyə getmə xahişini qəbul etmir və Gürcüstanda — Sərhəd qoşunlarında xidmətə yollayır. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. 1960-cı ildə polkovnik-leytenant rütbəsi alır və az sonra xidmət etdiyi hissənin rəis müavini təyin edilir. Elə həmin dövrdə, 1961-ci ildə xidmətdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olur və 1967-ci ildə universiteti ali təhsilli hüquqşünas ixtisası almaqla bitirir. Polkovnik-leytenant Bahadur Hüseynovun biliyi, intizamlılığı, bacarığı nəzərə alınıb, onun xidmətini Dövlət Təhlükəsizlik orqanlarında davam etdirməsi tövsiyə olunur. 1963-cü ildə baş tutan bu təyinatda həmin vaxt Təhlükəsizlik orqanlarında rəhbər vəzifədə çalışan ulu öndər Heydər Əliyevin rolu olmuşdur. B.Hüseynov az sonra məhz Heydər Əliyevin təqdimatı ilə Dövlət Təhlükəsizlik Komitəsində bölmə müdiri vəzifəsinə təyin edilir. Xüsusi xidmət orqanlarında vəzifə pillələrində inamla irəliləyən Bahadur Hüseynov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olunur. B.Hüseynov bu məsuliyyətli vəzifədə 7 il şərəflə, ləyaqətlə xidmət edir. 1976-cı ildə Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyevin təklifi və təqdimatı ilə polkovnik Bahadur Hüseynov Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Həmin vaxt o, rəhbər vəzifəli şəxs, təvazökar və sadə insan kimi artıq respublikada kifayət qədər tanınırdı. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini Bahadur Hüseynovun xidmətləri nəzərə alınaraq, ona 1978-ci ildə general-mayor rütbəsi verilmişdir. 1986-cı ildə təhlükəsizlik orqanlarından ehtiyata buraxılan Bahadur Hüseynov yenə də ölkənin ictimai-siyasi həyatından kənarda qalmır, Azərbaycan naminə bütün bilik və bacarığını sərf edirdi. Həqiqi vətənpərvər insan və ictimai xadim kimi xidmətləri yüksək qiymətləndirilərək, Bahadur Hüseynov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul katibi, sədrin müavini vəzifələrinə seçilmiş, 1992-ci ildən 2001-ci ilə kimi isə Təşkilatın sədri vəzifəsində seçilmşdir. O, 1987-ci ildə fəaliyyətə başlayan bu Respublika Veteranlar Təşkilatının yaradıcılarından biri olmuşdur. Təşkilatın sədri olduğu müddətdə də Bahadur Hüseynovun bütün fəaliyyəti Azərbaycanın tərqqisi, gənclərin Vətənə, xalqa layiq insanlar kimi yetişmələrinə həsr edilmişdir. O, sədr olduğu dövrdə Azərbaycan Veteranlar Təşkilatının xarici əlaqələri xeyli genişlənmişdir. Məhz Bahadur Hüseynovun təşəbbüsü ilə Azərbaycan Veteranlar Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olmuş və həm də o, bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olmuşdur. Bahadur Hüseynov ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə, dəfələrlə Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilmişdir. O, Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü seçilmişdir. Onu ölkədən kənarda, xüsusilə MDB məkanında yaxşı tanıyır, peşəkarlığına, bacarığına hörmətlə yanaşır, xidmətlərini nəzərə alırdılar. Bahadur Hüseynov 1991-2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü olmuşdur. Bahadur Hüseynovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. İki dəfə Qırmızı Əmək Bayrağı, I və II dərəcəli Vətən müharibəsi ordenlərinə, həmçinin 30-a yaxın medala layiq görülmüşdür. Müharibə veteranları arasında fəal beynəlmiləlçi fəaliyyətinə görə, Bahadur Hüseynov MDB ölkələrinin və Monqolustan Xalq Respublikasının də mükafatları ilə də təltif edilmişdir. Bahadur Hüseynov Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekisti idi. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xidməti fəaliyyətində əldə etdiyi nəticələrə görə, iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Bahadur Hüseynovun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu