Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev – Zəfər və Qələbənin Memarı

Heydər ƏLİYEV:  Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm

 

Bütün həyatını mənsub olduğu millətin, məmləkətin tərəqqisinə, inkişafına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə həsr edən, əbədi istiqlaliyyətinə nail olmaq üçün əlindən gələni əsirgəməyən müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri, bəlkə də birincisi Azərbaycanın taleyində əvəzsiz rolu, xidmətləri olan Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi qüdrətli bir dövlət xadimini, mənəvi və siyasi Varisini yetişdirməsi olmuşdur.

Ulu Öndərin varlığını fəda etdiyi, qurduğu, memarı olduğu müasir Azərbaycanın taleyini etibar edəcəyi dövlət xadiminin seçilməsində nümayiş etdirdiyi “müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapır”. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” kəlamı Ulu Öndərin uzaqgörənliyinin sübutudur. Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual potensialı və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun qələbəsini təmin etdi. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” nidası ilə əlini “Qurani-Kərim”ə və Anayasaya basaraq and içən Prezident İlham Əliyev qısa zaman kəsiyində xalqın böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. “Ötən illərin reallıqları Ulu Öndər Heydər Əliyevin siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun əvəz olunmazlığını sübuta yetirməklə kifayətlənmədi, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyasını gerçəyə çevirdi”.

Bu səbəbdən də Odlar Yurdu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə, yüksəlişə və inkişafa doğru Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və ölkənin hər bir vətəndaşının fəxr edəcəyi, qürur duyacağı, örnək bir məkana çevrilir.

 “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik” nidası ilə tarix yaradan, idarəçilik təlimini təkmilləşdirən Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində qeyd etdiyi bu prioritetlərlə islahatların yeni mərhələsinin başlanğıcını qoymuş, ölkənin ictimai-siyasi, mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların təməl prinsiplərini müəyyən etmiş, üstündən ötən yeddi il ərzində bir dövlət başçısı olaraq istəyinə nail olmuşdur.

Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu qazanan, dünyaya gücünü, qüdrətini nümayiş etdirən Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaratdı, dünyanın düzənini, mizanını dəyişdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin nəticəsində Azərbaycan 30 illik işğala, intizara son qoydu, ərazi bütövlüyünü bərpa etdi. “Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu”, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, Lider – Xalq birliyinə nail olaraq birliyin, bütövlüyün rəmzinə çevrildi. Azərbaycan xalqı dövlət başçısının xalqın, dövlətin maraqları naminə böyük qətiyyətini bir daha dərk etdi. Prezidentin xarici televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz olmaqla yanaşı, illərin informasiya blokadasına son qoydu. “Bavariya sizin üçün nədirsə, Qarabağ da bizim üçün odur. Bioresurslarsa burada – Bakıdadır!” cavabı ilə alman jurnalisti susdurduğu kimi hər qarış torpağın Vətən üçün nə qədər dəyərli, qiymətli olduğunu sübut etdi. Şuşanın fəthi ilə Ata vəsiyyətinə əməl edən Liderin Fəxri xiyabanda Ulu Öndəri ziyarəti isə bir başqa dünya, aləm idi. Həmin gün Müzəffər Ali Baş Komandan təkcə general atasına, sərkərdə xaqan ucalığı ilə hesabat vermədi. Ana sevgisindən, Ana Vətən sevgisinə körpü saldı.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması, Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir gün əlamətdar tarix kimi təqvimə qovuşdu”. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatdı. “Bir kərə yüksələn bayraq bir daha enməz” nidası ilə Şərqin ilk Demokratik Cümhuriyyətini quran liderlərin ruhunu şad etdi.

44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalandı. Məcburi köçkünlər tikilib-qurulan, qarış-qarış dirçələn ata-baba yurdlarına qayıtdı.

“Xalqın öz liderinə yüksək inamının nəticəsi idi ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu seçki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin göstəricisi idi. Son 22 ildə bütün bu uğurların şahidinə çevrilən Azərbaycan xalqı əldə olunan nailiyyətləri ölkə Prezidenti İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab edərək səsini İlham Əliyevə verməklə Heydər Əliyev irsinə etibarını, sədaqətini nümayiş etdirdi”.

Nadir şah Əfşarın fütuhatlarından 300 il sonra Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan beynəlxalq əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. “Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər, ölkəmizlə əməkdaşlığa önəm verirlər.”

Bu gün Azərbaycan Respublikasının mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs ölkəmizi inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan qüdrətli dövlətə çevrilib.

Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzu getdikcə artırıb. Ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a ev sahibliyi etmək imkanını daha da gücləndirdi. Azərbaycanın bu sahədə uzun illərdir, həyata keçirdiyi ardıcıl siyasət və layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından ölkəmiz böyük işlər reallaşdırdı.

Qarabağda, Şərqi Zəngəzurda əldə olunan tarixi zəfər, möhtəşəm qələbələr sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək “Azərbaycanın timsalında “Güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olmuşdur”. Bu səbəbdən də dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün analitiklər qeyd edirlər ki, həqiqətən də, Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz Liderdir.

“Ağıl olan yerdə zora ehtiyac yoxdur!” nidası ilə tarix yaradan, mənsub olduğu millətin haqq səsinə dönən, siyasi hakimiyyətinin hər iki mərhələsində Odlar Yurdu Azərbaycanın kompleks inkişafına nail olan Ulu Öndər Heydər Əliyev haqqında ölkənin I vitse-prezidenti xanım Mehriban Əliyevanın tarixi bir kəlamı var: “Heydər Əliyevin varlığı Azərbaycan xalqı üçün Tanrının tale payıdır.” Bu müdrik kəlamı tərəddüt etmədən, 22 ildir mütəfəkkir dövlət xadimi, Müzəffər Ali Baş Komandan kimi millətinin imzasına, Zəfər, Qələbə memarına çevrilən “Qarabağ Azərbaycandır!” nidası ilə tarixi ədaləti bərpa edən, “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da, Qərbi Azərbaycan da var!” hikməti ilə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”na imza atan, Zəngəzur dəhlizini Turanın, türk dünyasının, Asiya ilə Avropanın körpüsünə, Naxçıvanın blokadadan xilasına, Ulu Öndərin “Azərbaycanda dövlətin mənbəyi xalqdır”, Platonun “Xalqı yaşat ki, dövlət yaşasın” kəlamlarını gerçəyə çevirən Zəfər, Qələbə memarımızın irsinə, şəxsiyyətinə aid etmək olar.

Prezident İlham Əliyev əyilməz iradəsi, bütöv xarakteri, mütəfəkkir dövlət xadimlərinə xas xüsusiyyətləri ilə sübut edir ki, həqiqətən də Tanrı onu mənsub olduğu millətin, məmləkətin birlik, bütövlük rəmzi olaraq dünyaya gətirib!

Cəlil Xəlilov    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2026-07-16 11:46:00
5554 baxış

Digər xəbərlər

Məmməd Musayev: Prezidentin Davos Forumunda iştirakı Azərbaycana geniş iqtisadi perspektivlər yaradacaq

2023-cü ildə Davos Dünya İqtisadi Forumu “Parçalanmış dünyada əməkdaşlıq” mövzusuna həsr olunub. Həqiqətən də 2019-cu ildən bəri dünya müəyyən bir böhran dövrünü yaşayır, əvvəlcə pandemiya, hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına böyük təsirləri danılmazdır. Rusiya və Ukraynanın dünyadakı əsas qlobal ərzaq tədarükçülərindən olması, sanksiyalar, enerji və ərzaq kimi dünya iqtisadiyyatının iki ən vacib istiqaməti üzrə böyük problemlər yaranıb. Belə bir vəziyyətdə dünyada Azərbaycan kimi sabit, əməkdaşlıqda etibarlılığı ilə seçilən ölkənin rolu, önəmi gündən-günə artmaqdadır. Sözsüz ki, bunlar Prezident İlham Əliyevin apardığı müdrik, uzaqgörən və düzgün daxili və xarici siyasətin nəticəsidir. Veteran.gov.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev AZƏRTAC-a açıqlamasında söyləyib. Onun sözlərinə görə, 2022-ci ildə dünyanın enerji sistemində Azərbaycanın roluna baxsaq, Avropanın dayanıqlı və etibarlı enerji təchizatında ölkəmizin mövqeyi daha da yüksəlib. Avropa liderlərinin özlərinin də qeyd etdiyi kimi, Azərbaycanın Avropa üçün və ümumən dünya üçün iqtisadi önəmi getdikcə artır. Müzəffər Ali Baş Komandan, etibarlı iqtisadi tərəfdaş kimi Prezidentimizin Davos Forumunda iştirakı Qarabağ ilə bağlı postmüharibə dövründəki həqiqətləri, obyektiv yanaşmanı dünya ictimaiyyətinə çatdırmaq baxımından da unikal bir platformadır. 30 illik müstəqillik tarixinə baxsaq, Azərbaycan qurucu, inkişaf mahiyyətli bir siyasət həyata keçirib. Daim yeni iqtisadi əlaqələrin qurulmasına, yerləşdiyi regionun inkişafına təkan verən layihələrin təməlini qoyub, iqtisadi inkişafı hədəf seçib. Ermənistan 30 illik işğal dövründə Qarabağda ancaq talançılıqla məşğul olduğu halda, Azərbaycan işğaldan azad etdiyi ötən iki ildə böyük quruculuq işləri həyata keçirir. Müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağa investisiyalar yatırılır, vətəndaşlarımızın öz doğma yurdlarına böyük qayıdışını təmin etmək üçün ən yaxşı infrastruktur yaradılır. “Məlumdur ki, dünyada investisiyalar həmişə münbit, sabit, dayanıqlı “adalar” axtarışındadır. Dünyanın ən böyük iqtisadi forumu olan Davos Azərbaycanı bu istiqamətdə önə çıxartmaq üçün ən yaxşı platformadır və öz səlis, arqumentlərə əsaslanan çıxışları, iqtisadi baxışları ilə seçilən dövlətimizin başçısı məhsuldar görüşlər keçirir. Azərbaycanın bütün sahibkarları bu görüşləri çox böyük diqqətlə izləyir, gələcəkdə geniş iqtisadi perspektivlər yaradacağına inanırlar”, – deyə M.Musayev qeyd edib. Konfederasiya prezidenti onu da diqqətə çatdırıb ki, Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti, neft-kimya, dağ-mədən, metallurgiya sənayesi, Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələri, “ağıllı kənd”, “ağıllı şəhər” və digər sahələr üzrə dünyanın ən məşhur şirkət rəhbərlərinin Prezidentimizlə keçirdiyi görüşlər ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. CİSCO kimi qlobal informasiya texnologiyaları şirkətlərinin ölkəmizə marağı, eyni zamanda Qarabağda yaradılan ağıllı kənd layihələrinə maraqları ümumilikdə iqtisadi inkişaf, xarici sərmayələrin cəlb edilməsi baxımından geniş imkanlar yaradır. Regional və qlobal layihələrdə dayanıqlı, uzunmüddətli tərəfdaş kimi müsbət imicə malik olan Azərbaycan artan iqtisadi gücü, güclü siyasi lideri sayəsində öz gücünü və nüfuzunu bütün dünyaya göstərəcək.  

Hamısını oxu
"DAYAQ" Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı 20 Yanvar şəhidlərini ziyarət edib

Azərbaycan Xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi həkk olmuş 1990 cı il 20 Yanvar hadisələrindən artıq 33 il keçir. Hər il bu günü xalq böyük izdihamla yad edir. Veteran.gov.az xəbər verir ki, "DAYAQ" Vətən  Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın İdarə Heyəti, şəhid ailələri, qazilər və müharibə iştirakçılarından ibarət çoxsaylı  vətənpərvər üzvləri Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarları üstünə tər qərənfillər düzüldü. Şəhidlər kompleksinin qarşısına əklil qoyuldu və dualar oxundu. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rəyasət Heyətinin toplantısı keçirilib. Topantıda bir sıra məsələlərlə yanaşı, Prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir:  “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Uzun illərdir ki, Sizin bilavasitə rəhbərliyiniz və nəzarətiniz altında ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən nəhəng sosial layihələr cəmiyyətimizdə böyük məmnunluqla qarşılanmaqda, həssas kateqoriyaya məxsus insanlarımızın rifahını, mənzil-məişət şəraitini, sosial təminatını əhəmiyətli dərəcədə yüksəltməkdədir. Ardıcıl və sistemli şəkildə həyata keçirilən bu siyasət 44 günlük Vətən müharibəsindən sonra da eyni qətiyyət və uğurla davam etmiş, miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə daxil olmuşdur. İstisnasız olaraq bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təmin edilməsi, dövlət tərəfindən onlara çoxlu sayda xüsusi imtiyazların verilməsi, məlum kateqoriyaya məxsus vətəndaşlarımızın məşğulluq probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılması, müharibədə yaralanan veteranlarımızın müalicəsinin yüksək səviyyədə həyata keçirilməsi, müharibə əlillərinin son nəsil protezlərlə təmin edilməsi və bu qəbildən olan yüzlərlə sosial layihə Sizin vətən müdafiəçilərinə olan sevgi və qayğınızdan xəbər verir. Möhhərəm Prezident! Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli  Qərarı ilə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi müharibə əlilləri və veteranlara dövlət qayğısının növbəti təzahürüdür. Bu mühüm və humanist addımın daha bir əhəmiyyəti isə dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramının Birinci Qarabağ müharibəsi əlillərinə də şamil edilməsidir. Sizin bilavasitə qayğınız və diqqətiniz nəticəsində həyata keçirilən sosial dəstək proqramı bir daha vətəninin müdafiəsində müxtəlif tarixi dövrlərdə dayanan, öz sağlamlığını müstəqilliyimizin güclənməsinə, torpaqlarımızın müdafiəsinə qurban verən vətəndaşlarımıza dövlətimiz tərəfindən eyni dərəcədə qayğıkeş münasibətin sərgiləndiyini göstərir. Cənab Prezident! “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi olaraq şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz mütəmadi diqqət və qayğıya görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, veteranlar olaraq hər zaman olduğu kimi bundan sonra da, Sizin siyasətinizi dəstəkləməkdə, dövlətimizin, milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaqda davam edəcək, dövlətimizin işıqlı gələcəyi üçün heç bir fədakarlıqdan çəkinməyəcəyik. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan xalqı!”   Dərin hörmət və ehtiramla,   “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından, Sədr Fatma Səttarova

Hamısını oxu
“Vətən Müharibəsi şərəf tariximiz, qeyrət tariximizdir”

Əflatun Amaşov: “Biz özümüzlə fəxr etməyin, qürur duymağın həzzini yaşadıq”   Veteran.gov.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Anım Günü ilə bağlı sosial şəbəkədəki hesabında paylaşım edib. Əflatun Amaşov 44 günlük Vətən müharibəsini Azərbaycan xalqının şərəf tarixi kimi xarakterizə edib:   “Vətən Müharibəsi şərəf tariximizdir. Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla 44 gün ərzində birliyimizin, bütövlüyümüzün, həmrəyliyimizin hərəkətverici qüvvəsinə çevrildi. Ordu-Xalq vəhdətinin bundan gözəl nümunəsi ola bilməzdi. Vətən Müharibəsi qeyrət tariximizdir. Torpağı işğal olunmuş xalq damğasından qurtulduq. Vətən Müharibəsi siyasi-diplomatik qələbəmizdir. Biz 44 gün ərzində bizə qarşı olan dünyanı neytrallaşdırdıq, müqəddəs missiyamızı yerinə yetirdik.   Vətən Müharibəsi bizi bizə yenidən tanıdan tarixdir. Biz özümüzlə fəxr etməyin, qürur duymağın həzzini yaşadıq. Vətən Müharibəsi tarixini qanı və canı ilə yazan övladlarımızı dərin hörmət və ehtiramla anırıq. Uca Tanrı xalqımızı, dövlətimizi var eləsin!”.   Seymur ƏLİYEV  

Hamısını oxu