Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Əli Kərimli - Cəmil Həsənli cütlüyünün qələbəyə sevinməməsi özünü xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir

İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli anlarındandır. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi. Tam məsuliyyətlə demək olar ki, Qarabağ münaqişəsinin ədalətli həll olunması 2020-ci ilin başlıca hadisəsi kimi tarixə düşmüşdür. Bütün dünya Azərbaycan dövlətinin gücünün, onun Silahlı Qüvvələrinin qüdrətinin, xalqımızın qəhrəmanlıq əzminin şahidi oldu.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov qeyd edib ki, müharibədə böyük şücaət nəticəsində qazanılan zəfər xalqımızın qürur və iftixar mənbəyi kimi hər birimiz üçün əziz və qiymətlidir: "Lakin müharibə başa çatar-çatmaz Əli Kərimli - Cəmil Həsənli cütlüyü və onların ətrafındakılar qələbəmizi təftiş etməyə, onun üzərinə kölgə salmağa başladılar. Qələbə sevincinin yaratdığı izdihamı, yüz minlərin iştirak etdiyi küçə yürüşlərini öz gözləri ilə görən sözügedən cütlüyün davranışını anlamağa insan çətinlik çəkir. Əvvəla, bütün xalqın və onun dostlarının bayram etdiyi qələbəyə sevinməmək özünü həmin xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir. İkincisi, heç kimə sirr deyildir ki, Ermənistan və onun havadarları tərəfindən Qarabağın işğal olunmasında AXC-Müsavat hakimiyyətinin ərazilərimizi qoruya bilməməsi əsas amillərdən biri olmuşdur". Ə.Əhmədov bildirib ki, dövlətin və xalqın bütün imkanlarını erməni təcavüzkarlarına müqavimət göstərmək naminə səfərbər etmək əvəzinə, cəbhəçi-müsavatçıların hakimiyyətdaxili çəkişmələr aparması ölkəyə baha başa gəldi: "Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə və törətdiyi vəhşiliklərə heç bir halda haqq qazandırmadan, AXC-Müsavat hakimiyyətinin ölkənin ərazisini qoruya və əhalinin təhlükəsizliyini təmin edə bilməməsi də açıq qeyd edilməlidir. Erməni təcavüzü ilə əlaqədar müharibə aparmağa məcbur olan ölkənin Prezidenti və Ali Baş Komandanı Əbülfəz Elçibəyin iyun ayının 18-də Bakını tərk edərək Ordubadın Kələki kəndinə qaçması, onun hökumət nümayəndələrinin isə vəzifələrini dondurmaqları barədə şübhəli bəyanatları dövlətin müdafiə qüdrətinə vurulan ən ağır zərbə idi. Onların bilərəkdən daxili siyasi böhranı dərinləşdirməyə yönəldilmiş hərəkətləri nəticəsində Dağlıq Qarabağ ətrafında rayonların işğal edilməsinə, yüz minlərlə insanın didərgin düşməsinə səbəb oldu. Buna görə də Azərbaycan tarixinin ən acı faciələrindən biri sayılan Qarabağın Ermənistan tərəfindən işğalının məsuliyyəti AXC-Müsavat üzərinə düşür. Bu məsuliyyətin adı ölkənin müdafiəsini təşkil edə bilməmək və daxili böhranı qəsdən ağırlaşdırmaqla düşmənin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmaqdır. Bir sözlə, milli xəyanətdir". Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasında bacarıqsızlıqları və cinayət sayılacaq hərəkətləri ilə ciddi məsuliyyət yükü daşıyan AXC-Müsavat hakimiyyətinin təmsilçiləri olmuş Əli Kərimli və Cəmil Həsənlidən Vətən müharibəsinin parlaq nəticələrinə gözlənilən ən doğru reaksiya onların bağışlanmaz səhvinin və günahının nəticəsində işğal olunmuş Qarabağın azad edilməsinə hamıdan çox məmnun olmaq, qələbəmizin layiqli qiymətini vermək ola bilərdi: "Lakin cütlük gözlənilənin tam əksini nümayiş etdirərək adətlərinə uyğun hərəkətlərini davam etdirməyə üstünlük verirlər". Baş nazirin müavini qeyd edib ki, Əli Kərimli - Cəmil Həsənli cütlüyünün çox da uzaqda olmayan tarixi saxtalaşdırmaq, öz günahlarını bugünkü iqtidarın ayağına yazmaq cəhdləri heç kimə sirr deyil: "İndi isə onlar ikinci Qarabağ müharibəsində möhtəşəm zəfərimizi təftiş etməklə onun tarixi əhəmiyyətini azaltmağa çalışırlar. 1993-cü ildə müharibə edən ölkədə bilərəkdən hakimiyyət böhranını dərinləşdirməklə bir neçə rayonun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə dolayısı yolla rəvac vermək nə dərəcədə xəyanət idisə, Ordumuzun şanlı zəfərinin tarixi əhəmiyyətini azaltmaq cəhdləri də o dərəcədə ziyanlı və pozuculuq fəaliyyətidir. Söhbət bilərəkdən, qəsdən xalqımızın qürur və iftixar mənbəyi olan 8 noyabr Zəfər gününün üzərinə kölgə salmaqdan, Qarabağın azadlığı uğrunda şəhid olmuş döyüşçülərimizin ruhuna hörmətlislikdən gedir. Möhtəşəm zəfərimizin üzərinə kölgə salmaq, əslində onların qəhrəmanlığına, şücaətinə, şəhidliyinə şübhə toxumu səpmək qədər yolverilməz və bağışlanmaz günahdır. "Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi rolu və əhəmiyyətini azaltmaq üçün sözügedən cütlük yalan və şayiələrlə, hadisələrin mahiyyətini təhrif etməklə postmüharibə reallıqları barədə insanlarda fərqli fikirlər yaratmağa səy göstərir. Onların əsassız iddialarla müharibənin başlıca nəticəsi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması faktına şübhə yaratmağa çalışmaları, 10 noyabr razılaşmasının şərtlərini bilərəkdən yanlış yöndə şərh etmələri xalqın qələbəyə inamına şübhə toxumu səpmək məqsədi daşıyaraq Kərimli - Həsənli cütlüyününü anti-milli xislətini bir daha sübuta yetirir. Görünən budur ki, 30 illik işğaldan sonra Qarabağın azad edilməsinin xalqımızda yaratdığı ruh yüksəkliyinə, xalq-iqtidar birliyinin daha da güclənməsinə, Prezident İlham Əliyevə əhalinin hörmət və ehtiramının qat-qat yüksəlməsinə Əli Kərimli-Cəmil Həsənli cütlüyü həsəd aparır, çoxdan itirdikləri siyasi perspektivlərinin tamam əridiyini görür və bütün bunların əvəzində möhtəşəm zəfərimizin üzərinə kölgə salmaqla xəstə təxəyüllərinə təsəlli verməyə çalışırlar. Ancaq nə etməli, bu onların seçimidir. Həmişə olduğu kimi, bu seçimləri də nə milli maraqlarımıza uyğundur, nə də insanların zəfər ovqatını əks etdirir. Onlar yenə də mənsub olduğu xalqla eyni cür düşünmək, eyni sevinci yaşamaq yolunu tuta bilmədilər. Bəlkə də heç istəmirlər. Şübhə yoxdur ki, belə təfəkkür və davranış tərzi sözügedən cütlüyün və onların ətrafında toplaşanların siyasi faciəsi, mənəvi iflasıdır". Milli.Az

2021-01-11 00:00:00
3759 baxış

Digər xəbərlər

Şuşa Bəyannaməsi türk dünyasının tarixi zəfəri, onun birlik və inkişafını təmin edən həmrəyliyin rəmzidir

Azərbaycan və Türkiyə prezidentlərinin iyunun 15-də imzaladıqları Şuşa Bəyannaməsi bütün türk dünyasında coşğu ilə qarşılanmaqdadır. Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq baxımından da yeni imkanlar və perspektivlər deməkdir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib. Şuşada keçirilən görüş və tədbirlərin, imzalanan sənədin bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirən C.Xəlilov qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında mövcud hərbi əməkdaşlığın daha da dərinləşməsinin, hərbi müttəfiqlik səviyyəsinə yüksəlməsinin parlaq göstəricisidir. Həmin bəyannamədə açıq şəkildə vurğulanır ki, əgər tərəflərdən hər hansı biri üçüncü bir dövlətin təcavüzünə məruz qalarsa, o zaman müttəfiq dövlət bütün mümkün vasitələrlə öz müttəfiqinə kömək göstərəcək. Başqa sözlə, artıq Azərbaycanın və Türkiyənin çətin məqamda bir-birinə hərtərəfli yardım göstərməsi üçün hüquqi əsas mövcuddur. Bu hüquqi əsas beynəlxalq hüququn şərtləri əsasında formalaşıb. Bəyannamənin iki dövlət arasında iqtisadi-siyasi və mədəni əlaqələrin genişlənməsinə də töhfəsi verəcəyini vurğulayan Təşkilatın sədr müavini bildirib: “Şuşa Bəyannaməsinin əhəmiyyəti iki dövlət arasında hərbi müttəfiqlik əlaqələrinin güclənməsi və ən üst səviyyədə qərarlaşması ilə məhdudlaşmır. Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasında bütün digər sahələrdə - o cümlədən mədəni, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaradır. Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərin bərpasında qardaş Türkiyə dövlətinin şirkətləri aktiv iştirak edir və yaxın gələcəkdə onların sayı əhəmiyyətli dərəcədə artacaq. Azərbaycan və Türkiyə Qarabağda ortaq iqtisadi layihələr gerçəkləşdirməyi planlaşdırır ki, bunun da sadəcə iki dövlət deyil, ümumilikdə region üçün mühüm əhəmiyyəti mövcuddur. Çünki iki dövlət arasında iqtisadi əməkdaşlığın güclənməsi, Qarabağda ortaq iqtisadi layihələrin gerçəkləşməsi regionun iqtisadi çəkisini artıracaq, sosial rifah şəraitini yüksəldəcək, bölgənin iqtisadi rəqabətlilik qabiliyyətini yüksəldəcək”. C.Xəlilov vurğulayıb ki, Şuşa Bəyannaməsi bütövlükdə türk dünyasının birliyi və tərəqqisi baxımından da mühüm əhəmiyyətə malikdir. Onun önəmi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrinin mahiyyət etibari ilə yeni mərhələyə qədəm qoyması ilə yekunlaşmır. Bu bəyannamə həm də bütün türk dünyasının birliyi, əməkdaşlığı, tərəqqisi üçün geniş imkanlar açır. Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq modeli digər türk dövlətləri üçün də yaxşı nümunədir. Azərbaycan və Türkiyə arasındakı uğurlu əməkdaşlıq yaxın gələcəkdə digər türk dövlətlərinin də bu model ətrafında birləşməsinə səbəb ola bilər ki, bu da bütün türk dünyasının maraqları baxımından olduqca faydalıdır. Çünki 44 günlük Vətən müharibəsi də sübut etdi ki, türk dünyası bir-birinə nə qədər yaxından dəstək versə, bu, onların haqq səsini dünyaya çatdırması, öz maraqlarını təmin etməsi baxımından bir o qədər faydalıdır. Bu baxımdan Şuşa Bəyannaməsinin bütün türk dünyası üçün ciddi nəticələrə malik olacağını düşünürəm.

Hamısını oxu
Qələbənin 73-cü ildönümü

Ukraynanın “İnter” telekanalının İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümləri münasibəti ilə silsilə tədbirlər keçirməsi artıq ənənə şəklini almışdır. Bu tədbirlərə MDB ölkələrinin İkinci dünya müharibəsi veteranları, veteran təşkilatlarının, Ukraynanın Müdafiə Nazirliyi və aidiyyatı dövlət orqanlarının nümayəndələri, digər media qurumlarının təmsilçiləri qatılırlar. Son iki ildə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də bu tədbirlərdə iştirak edirlər. Bu tədbirlərdə eyni zamanda, Ukraynanın veteran təşkilatları təmsilçilərinin MDB-nin və digər ölkələrin veteranları ilə müxtəlif formatlı görüşləri təşkil olunur. Həmin görüşlər çərçivəsində onların İkinci dünya müharibəsi cəbhələrində keçdikləri döyüş yolları xatırlanır, ayrı-ayrı media qurumlarının təmsilçiləri veteranlardan müsahibələr götürür, mənsub olduqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının onlara münasibəti barədə məlumatlar alınır. Bir qayda olaraq həmin tədbirlər zamanı “İnter” telekanalının faşizm üzərində qələbənin ildönüm günləri ilə bağlı xüsusi bayram verilişləri hazırlanır və mayın 9-da telekanalın efirində yayımlanır. Tədbirlərin gedişində əldə olunmuş bütün məlumatlar bayram gününədək “İnter” media qurumunun elektron informasiya portalında və müxtəlif saytlarda yerləşdirilir. İkinci Dünya Müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ilə bağlı aprelin 16-17-də, iki gün ərzində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən növbəti tədbirlərdə Azərbaycanı Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri - İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli və RVT-nin Təşkilati və kadrlarla iş şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Lətif  Babayev iştirak etmişlər. “İnter” telekanalı 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başlatdığı layihə çərçivəsində hər il “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunu nəşr edərək ölkənin ictimai təşkilatları və veteranlar arasında yayır. Fotoalbomun 2018-ci ildə nəşr edilmiş üçüncü cildi də maraqla qarşılanmışdır. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan həmin cildə bu gün həyatda olan İkinci dünya müharibəsinin 100 nəfər iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilmişdir. Fotoalbom həmin insanların döyüş yolunun və müharibədən sonrakı həyatının mühüm və təsirli məqamlarını əks etdirir. Hər səhifəsi canlı tarixin bir parçası olan Fotoalbomu həyəcansız vərəqləmək mümkün deyil. 16-17 aprel 2017-ci ildə baş tutan tədbirlərdə “İnter” telekanalının 9 may günü ilə bağlı verilişlərində nümayiş etdiriləcək 4 saata yaxın xüsusi konsert proqramının çəkilişləri aparılmışdır. Ukraynanın tanınmış musiqiçilərinin ifasında həmin verilişlərdə səslənəcək Vətən, torpaq, müharibə, qələbə, gənclik və s. mövzuları əhatə edən mahnılar veteranları müharibə illərinə qaytarmış, onların, eləcə də tamaşaçıların qəlbini riqqətə gətirmişdir. Çəkilişlərdə İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli və RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif  Babayev iştirak etmişlər. 7 saata yaxın davam edən bu çəkilişlərin gedişində U.Kəngərli və L.Babayevdən 2 müxtəlif TV kanalının və bir saytının müxbirləri tərəfindən müsahibələr götürülmüş, U.Kəngərlinin digər ölkələrdən olan veteranlarla döyüş yolu barədə söhbəti lentə alınmışdır. Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı “İnter” telekanalının əməkdaşlarına İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə ölkəmizin verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 mindən çox soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişlər. Həmçinin Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə keçirildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi, onların ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etdikləri qeyd olunmuşdur. Azərbaycan nümayəndələri eləcə də, tədbir iştirakçılarına Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistan tərəfinin təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini çatdırmış, bu məsələyə bütün veteran təşkilatları və veteranların münasibət bildirməsinin vacibliyini vurğulamışlar. Həmin gün axşam Azərbaycan, Estoniya, Litva, Gürcüstan, Rusiya Federasiyası və Belarus veteran təşkilatlarının nümayəndələrinin Ukraynalı həmkarları ilə görüşü keçirilmişdir. Görüşdə Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakov və digər nümayəndələri iştirak etmişlər. Görüş iştirakçıları veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışmışlar. RVT-nin nümayəndəsi Ukrayna, Gürcüstan, Estoniya, Litva veteran təşkilatlarının nümayəndələri ilə iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı perspektivlərini müzakirə etmiş, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə əlaqəli ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunması, daim qayğı ilə əhatə olunması barədə onları və bu görüşə qatılan “İnter” telekanalının əməkdaşlarını məlumatlandırmışdır. Eləcə də, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə postsovet məkanı ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyi, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğu vurğulanmış, göstərilən məsələlərdə fəallıq xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirilmişdir. Estoniya veteran təşkilatının nümayəndəsi, Estoniyanın Front Line axtarış saytının baş redaktoru Andrey Lazurin İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli ilə geniş müsahibə götürmüş, bu materialın həm saytda yerləşdiriləcəyini, həm də xüsusi sənədli filmdə istifadə ediləcəyini bildirmişdir. Tədbirlər çərçivəsində RVT Rəyasət Heyəti adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova “Həzi Aslanov” yubiley medalı və tədbirin digər təşkilatçılarına qiymətli hədiyyələr, o cümlədən Azərbaycan şiriniyyatının müxtəlif nümunələrindən ibarət buketlər təqdim edilmişdir. Tədbirlərdə digər ölkələrin veteran təşkilatlarının təmsilçiləri də çıxış etmiş və “İnter” telekanalına müsahibələr vermişlər. Tədbir iştirakçıları "Naməlum Əsgər" abidəsini və Qələbə parkında yerləşən digər abidələri ziyarət etmiş, abidələrin önünə tər gül dəstələri qoymuşlar. Tədbirin qonaqları üçün Kiyevin görməli yerləri ilə tanışlıq məqsədilə gəzinti təşkil edilmiş, “İnter” TV-nin nümayəndələri veteranları gəzinti zamanı müşayiət etmiş, foto və video çəkilişlər aparmışlar. Tədbirlər zamanı “İnter” telekanalının təmsilçiləri, o cümlədən Admistrasiyasının rəhbəri İrina Butko, Admistrasiyanın şöbə müdiri Olqa Bezux və əməkdaşlarıı Valentina Sandulenko və Yulya Savonova teranlara xüsusi qayğı və diqqət göstərmişlər.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dünya veteranlarına çağırış edib: Bəyanat!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İranın Azərbaycana 5 mart 2026-cı il tarixli terror aktı ilə bağlı bəyanat yayıb, dünya veteranlarına müraciət ünvanlayıb. Bəyanatda deyilir: “5 mart 2026-cı il tarixində İran İslam Respublikasının Naxçıvan hava limanı ərazisinə, eləcə də digər mülki infrastrukturlara dron zərbələri endirməsi haqlı olaraq Azərbaycan xalqının böyük qəzəbinə və sərt etirazına səbəb olub. İran dövlətinin heç bir əsas olmadan dinc insanlara xəsarət yetirməsi, Azərbaycan ərazisində aşkar terror aktı törətməsi beynəlxalq hüquqa zidd olmaqla yanaşı, əxlaqi-mənəvi dəyərlərin və insani prinsiplərin də nümayişkəranə şəkildə pozulması deməkdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Naxçıvana edilən dron hücumlarının bütün insanlığa qarşı cinayət olduğunu bəyan edir və beynəlxalq ictimaiyyəti, dünya veteranlarını bu terror aktını qınamağa səsləyir.  Beynəlxalq ictimaiyyətin İranın terror aktı ilə bağlı sərgilədiyi etiraz Azərbaycan xalqına mənəvi dəstək nümunəsi olmaqla yanaşı, gələcəkdə digər dövlətlərə qarşı da oxşar terror aktlarının qarşısının alınması baxımından da böyük önəmə, çəkindirici əhəmiyyətə malikdir. İnanırıq ki, beynəlxalq ictimaiyyətin təzyiq və təkidi altında rəsmi Tehran bu terror aktına görə Azərbaycandan üzr istəyəcək, cinayətkarların cəzalandırılması üçün əməli addımlar atacaq”.

Hamısını oxu
“Şuşa konfransı qlobal sülh və təhlükəsizliyə töhfədir”

“İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans beynəlxalq sülh və təhlükəsizliyə töhfədir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, konfrans iştirakçısı polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, konfransda müasir dünyada təhlükəsizliklə bağlı ortaya çıxan təhdidlər, habelə, müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda uzunmüddətli və etibarlı sülhün bərqərar olmasının vacibliyi qeyd olunub: “Hər şeydən öncə qeyd edim ki, YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən məlum konfrans Azərbaycanın sülh səylərinin bariz nümunəsi, ölkəmizin qlobal təhlükəsizliyin təminində son dərəcədə maraqlı olduğunun real təcəssümüdür. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət, müraciətdə yer alan fikir və çağırışlar sülh və təhlükəsizlik məsələsinin dövlətimiz üçün hər zamankı kimi prioritet olduğunu göstərir. Şuşa konfransını əhəmiyyətli edən bir sıra mühüm amil var ki, bunlardan biri bütün siyasi qüvvələrin – partiya və təşkilatların, ictimai birliklərin sülh və təhlüksəzilik məsələsində Azərbaycan dövləti ilə həmrəy olması, dövlətimizin bu yöndəki siyasətini qətiyyətlə dəstəkləməsidir. Hansı ki, Şuşa konfransının gedişndə biz buna bir daha şahid olduq. Şuşa konfransında diqqət çəkən digər bir məqam sülh və təhlükəsizlik məsələsində beynəlxalq səyləri birləşdirməyin, qlobal həmrəylik nümayiş etdirməyin vacibliyi ideyasının yenidən gündəmə gətirilməsidir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxış və müsahibələrində sülh və təhlükəsizliyin təmini üçün beynəlxalq miqyasda əməkdaşlığın zəruriliyini vurğulayıb, bunu qlobal sülhü təmin etməyin yeganə etibarlı vasitəsi adlandırıb. Bu baxımdan Şuşa konfransında dövlət başçısının bu çağırışının yenidən gündəmə gəlməsi Azərbaycanın qlobal sülhü təmin etməyin real mexanizminə bələd olduğunu, bunu həyata keçirmək üçün dünya dövlətlərini qlobal əməkdaşlığa səslədiyini göstərir”. Polkovnik Cəlil Xəlilov konfransda post-müharibə dövründə həyata keçirilən abadlıq və quruculuq işlərinin də geniş şəkildə müzakirə edildiyini vurğulayıb: “Şuşa konfransı üçün əlamətdar cəhətlərdən biri də “Postmünaqişə dövründə yenidənqurma: Şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda panel sessiyasının keçirilməsi oldu. Sessiya zamanı Azərbaycanın işğaldan azad edilən ərazilərində Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında gerçəkləşən nəhəng quruculuq işlərindən ətraflı bəhs edildi, mühüm məqamlara, ciddi faktlara toxunuldu. Panel müzakirəsi zamanı edilən çıxışlar, səslənən çağırışlar bir daha göstərdi ki, Azərbaycan postmüharibə dönəmində bütün dünyada böyük heyrət və təqdirlə qarşılanan böyük abadlıq işləri həyata keçirib, yüzlərlə yaşayış məntəqəsinin yenidən qurulmasına nail olub. Buna paralel olaraq, işğaldan azad edilən ərazilərdə bütün infrastruktur və kommunikasiya yenidən qurulub, çoxsaylı parklar, yaşıllıqlar yaradılıb.  Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa konfransı sülh və təhlükəsiziliklə bağlı müasir problemlərin həllinə dəstək verməklə yanaşı, Azərbaycanın postmüharibə dönəmində həyata keçirdiyi geniş quruculuq işlərinin beynəlxalq miqyasda təbliği baxımından da mühüm rol oynadı. İnanıram ki, Şuşa konfransı qlobal sülh və təhlükəsizliyin təminində yeni mərhələ olacaq, müasir dünyamızda sülhün təntənəsinə töhfə verəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu