Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

lham Əliyev Qarabağda ilk təməlqoyma mərasimində: yolun və hava limanının tikintisi başlandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Publika.az xəbər verir ki, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqəndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək. Dövlətimizin başçısı və birinci xanım yolun təməlini qoydular. Sonra Prezident İlham Əliyev Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoydu. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Prezident İlham Əliyev dedi: - Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər. Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir. Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Qarabağ Azərbaycandır! XXX Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə yola düşdülər. Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisindən keçən hissəsində dövlətimizin başçısı, birinci xanım və qızları Leyla xatirə şəkli çəkdirdilər. XXX Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Sonra dövlətimizin başçısı hərbçilərlə görüşdü və çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Əziz hərbçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib. Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır. Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq. Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirdik. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Onları məcbur etdik və cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxardılar, rədd oldular bizim torpaqlarımızdan və biz qayıtmışıq. Müharibə başlayan gündən mən deyirdim ki, rədd olun bizim torpağımızdan, dərhal öhdəlik götürün. Özü də demişdim ki, bu öhdəliyi Ermənistan rəhbərliyi götürməlidir, deməlidir, tarix verməlidir ki, filan tarixdə mən torpaqlardan çıxıram, mən də müharibəni dayandırıram. Əks-təqdirdə, sona qədər gedəcəyik. Bütün təzyiqlərə, bütün telefon zənglərinə, bütün təhdidlərə baxmayaraq, dedim ki, sona qədər gedəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Etdik də, getdik də, qovduq da və düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya aktını imzaladı və beləliklə müharibəyə son qoyuldu. Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. “Vətən Müharibəsi Ordeni” Azərbaycanın ən ali hərbi ordenidir. “Zəfər” ordeni, “Qarabağ” ordeni. Bütün bu ordenlərin adlarını mən özüm təklif etmişəm. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbçilərə o rayonların adlarını daşıyan medallar verilib. Ordumuz Şuşaya qədər qələbə yolu ilə, uğurla gedərək Cəbrayıl, Füzuli, Xocavənd rayonlarını, Suqovuşan, Hadrut qəsəbələrini, Murovdağ silsiləsini, Laçın rayonunun cənub hissəsini, Qubadlı, Zəngilan rayonlarını azad edib və noyabrın 8-də Şuşa şəhərini azad edib. Noyabrın 9-da düşmən təslim olub, ağ bayraq qaldırıb, diz çöküb və öz məğlubiyyətini etiraf edib. Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar. Biz bu şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə edildi, artıq müvafiq göstərişlər verilibdir. Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik. Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq. Noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışımın sonunda demişdim: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! XXX Hərbçilərlə xatirə şəkli çəkdirildi. XXX Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdilər. Dövlətimizin başçısı məscidə “Qurani-Şərif” hədiyyə etdi. Prezident İlham Əliyev dedi: -Saatlı məscidini ziyarət etdik, dualarımızı etdik, Məkkədən gətirilmiş “Qurani-Şərif”i Saatlı məscidinə hədiyyə etdim. Sonra Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərində olacağıq. Oraya da müqəddəs Məkkədən gətirdiyim “Qurani-Şərif”i bağışlayacağam. Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik. Bildirməliyəm ki, ziyarət etdiyim Ağdam cümə məscidinin əsaslı təmiri və bərpası işlərinə start verildi. Artıq mütəxəssislər oraya ezam edildi və yaxın zamanlarda təmirlə bağlı təkliflər veriləcək. Eyni zamanda, Şuşa şəhərinin məscidləri də bərpa ediləcək. Minarənin dağıdılması düşmənin islamofob xislətini göstərir. Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy onların xalqları buna cavab versinlər. Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərib. Bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb. Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Otuz il onlar çalışırdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər. Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! XXX Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Şuşadakı Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini də ziyarət etdilər. XXX Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Bununla bağlı keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev dedi: -Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib. Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1992-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi. Sonra müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq. Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini. Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır! XXX Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa Rayon İcra Hakimiyyətinin binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış oldular. XXX Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün və məqbərəsinin olduğu yerə gəldilər. Məqbərənin qarşısında çıxış edən Prezident İlham Əliyev dedi: - Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı. Xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt - sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi. Digər tərəfdən bu məqbərənin Şuşada açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə salmaqla güdülən məqsəd də aydın idi ki, yavaş-yavaş, tədricən burada Azərbaycan izi silinsin, bu ərazi erməniləşdirilsin və azərbaycanlılar öz respublikasının bu ərazisində azlıq təşkil etsinlər. Məqsəd bu idi. Ulu öndər Heydər Əliyevin dövründə - 1969-1982-ci illərdə onun səyləri nəticəsində, siyasəti nəticəsində, o cümlədən Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilişi, Dağlıq Qarabağda müəssisələrin yaradılması və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi burada milli tərkibin Azərbaycan xalqının xeyrinə xeyli dəyişmişdi və 1982-ci ildə azərbaycanlılar Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin 25 faizini təşkil edirdi. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər və beləliklə, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi, separatizm baş qaldıra bilməzdi. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi, bax, bu məqbərənin tikintisində özünü göstərib. Bir daha demək istəyirəm ki, sovet rəsmi ideologiyasında xanlıqlar antimilli qurum kimi qələmə verilirdi, xanlar ictimaiyyətə düşmən kimi təqdim edilirdi. Sovet dövlətinin rəsmi ideologiyası elə idi ki, sanki Azərbaycan ərazisində mövcud olan xanlıqlar insanları yalnız istismar edirdi. Azərbaycan xalqı sanki gözləyirdi ki, bu xanlıqlar ləğv edilsin və sovet hakimiyyəti yaradılsın. Təbii ki, bu, cəfəngiyatdır, Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır. Əfsuslar olsun ki, tariximizin böyük əksəriyyəti müstəmləkəçilik formatında keçib. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Bizi buna məcbur ediblər, zorla, öz xoşumuzla yox. Ulu Öndər sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü. Bu məqbərənin açılışı tarixi hadisə idi. Mən o günü çox yaxşı xatırlayıram. Mən təxminən orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar. Heç kimin ağlına gələ bilməzdi. Mən dəfələrlə demişəm və bir daha deyirəm, əgər Heydər Əliyev 1982-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər onu Moskvaya təyin etməsəydilər, heç vaxt imkan verməzdi ki, burada separatizm baş qaldırsın, heç vaxt. Ancaq Heydər Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal altında idi, Kəlbəcər işğal altında idi, Laçın işğal altında idi, Daşaltı işğal altında idi, bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar. Şuşa kimi alınmaz qalanı düşmənə təslim etdilər ki, Azərbaycandakı o vaxtkı hakimiyyəti yıxsınlar və hakimiyyətə gəlsinlər. Belə də oldu. Şuşanın əldən getməsi o vaxtkı hakimiyyətin süqutuna gətirib çıxardı. Xalq Cəbhəsi bundan istifadə edib Şuşa əldən gedəndən sonra və Laçın düşmənə təhvil veriləndən sonra hakimiyyətə gəldi. Hər kəs bu tarixi görə bilər, bu, yaxın tarixdir. Xalq Cəbhəsi-Müsavat ancaq hakimiyyətə gəlmək üçün xəyanət, satqınlıq, cinayət törədib. Sonra nə edib? Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil etmişlər, biabır etmişlər. Ermənistan kim idi ki, biz onlara məğlub olaq? Kim idi? Xalq Cəbhəsi-Müsavat, antimilli ünsürlər Şuşanı düşmənə verdilər, özləri də qaçıb gizləndilər. Ondan sonra erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir. Məscidlərimizi, qəbirlərimizi, tarixi abidələrimizi, bütün binalarımızı yerlə bir ediblər. Bu məqbərəni də yadelli düşmənlər dağıdıblar. Məqbərənin bu hissəsində naxışlar var idi, indi tarixi şəkillər var, hamısı sökülüb talan edilib, məqbərə dağıdılıb. Onların ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər. Bunu törədən Sarkisyan-Koçaryan cütlüyüdür. Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür. Quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri biz məhv etmişik. Onların ordusunu biz məhv etmişik. Şuşanı onların ordusunun əlindən biz geri almışıq, qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq. Yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv etdik onların ordusunu. Harada idilər onlar? Qaçıb gizlənmişdilər İrəvanda. Biri burnunu soxmuşdu buraya. Amma beş gündən sonra dovşan kimi buradan qaçdı. O birisi, ümumiyyətlə, heç səsini çıxarmırdı. Üçüncüsü də var, müharibə cinayətkarı - Ohanyan, özü də burada doğulub, bizim torpağımızda. Müharibə dövründə guya Şuşanı müdafiə etməyə gəlmişdi. İti qovan kimi qovduq onu. İndi yenə sülənir Ermənistanda. Ağzını açıb çirkin sözlər deyir. Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs gördü. Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq. Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik. Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək. “Xarı bülbül” festivalı bu il keçiriləcək. Biz artıq Şuşanın bərpasını başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! XXX Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar. Cıdır düzü tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidir. Bu ərazidə bir çox milli xalq oyunları keçirilirdi. Bu oyunların qalibinə bəzən qızıl pullar, bəzən isə taxıl, buğda, məişət əşyaları verilirdi. Bu düzdə güləş, qaçış, oxatma və sair oyunlar keçirilirdi. Sonralar həmin ərazidə at yarışları, çövkən oyunları keçirildiyinə görə bu ərazini Cıdır düzü adlandırıblar. Prezident İlham Əliyev: -Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq. Bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, - bütün dünya artıq bundan xəbərdardır, - “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü. Biz Qələbə qazanmışıq, Ermənistan məğlub olub. Biz, eyni zamanda, haqlıyıq. Bizim davamız haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır. Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! XXX Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Qazançı kilsəsinə baxdılar. XXX İşğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı. Prezident İlham Əliyev dedi: - Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır! XXX Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldular. Şuşa Realnı Məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar. 1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.

2021-01-15 00:00:00
3588 baxış

Digər xəbərlər

Məşhur polkovnik Hamlet Hüseynov vəfat etdi

Birinci Qarabağ müharibəsində Gədəbəyin müdafiəsinin əsas təşkilatçılarından olan və Başkənd əməliyyatını həyata keçirən polkovnik Hamlet Hüseynov vəfat edib. Qocaman hərbçi 91 yaşında dünyasını dəyişib. Hamlet Hüseynov 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olub. Azərbaycanın bir sıra bölgələrində: Gədəbəy, Tovuz, Sumqayıt, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etmiş, Azərbaycan Respublikasının hərbi komissarınin 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışıb. Birinci Qarabağ müharibəsi dövründə 62 yaşında silaha sarılaraq erməni işğalçılarına qarşı mübarizəyə qoşulmuş və qəhramanlıqlar göstərmiş Hamlet Hüseynov xatirələrində deyib: "Ehtiyatda olmağıma, yaşımın 60-ı haqlamasına baxmayaraq, yenidən hərbi paltarımı geyinərək, düşmənlə son nəfəsədək döyüşməyi qərara almışam. 1992-ci il avqustun 8-də əməliyyat keçirildi əvvəl Gədəbəy rayonunun Başkənd aşırımını aldıq, hərbi qüvvəni yüksəkliklərdə möhkəmləndirdik. Daha sonra Krasnoselsk istiqamətində düşmənə ağır zərbələr endirdik. Erməni separatçıları və muzdlular xeyli sayda canlı qüvvə və hərbi sursat itirdilər. Başkəndi ələ keçirməklə tarixi torpağımızı əsirlikdən birdəfəlik qurtardıq". Qeyd edək ki, Hamlet Hüseynov şücaət və qəhrəmanlıqlarına görə bir çox orden və medallarla təltif olunub. Hamlet Hüseynov FHN-in general-mayoru Etibar Hüseynovun atasıdır. Onun qardaşı oğlu, general-leytenant Əliağa Hüseynov isə uzun müddət Azərbaycanın hərbi komissarı və millət vəkili olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti polkovnik Hamlet Hüseynovun vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Azərbaycan Ordusu Laçına daxil oldu

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, işğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.Təsvirlərdə qaranlıq şəraitdə bir qrup hərbçinin Prezident İlham Əliyevə Laçın şəhərində dövlət bayrağının asılması haqqında məruzə etdiyi göstərilir.

Hamısını oxu
Vətənpərvər

Neçə il əvvəl bir dostum haqqında “bizi birləşdirən çox şeylər vardı”, yazmışdım. Bu gün haqqında söhbət açmaq istədiyim Bayram Məmmədovla bağlı da bu sözləri yaza, onunla bölüşdüyümüz çox şeylərin olduğunu deyə bilərəm. Yəqin bununla mübaliğəyə yol vermərəm, çünki biz eyni rayonda yaşamış, eyni məktəbi bitirmiş, ali təhsil aldıqdan sonra da təqribən eyni vaxtda, bir-birinə yaxın sahələrdə fəaliyyət göstərmişik. Bayram partiya-komsomol işində, mən həmin partiyanın orqanı və təbliğat-təşviqat vasitəsi olan rayon qəzetində. Ən başlıcası fikirlərimiz üst-üstə düşüb, dünyaya baxışımız, bölüşdüyümüz dəyərlər barədə uzun-uzadı danışmasaq da onların da cüzi fərqlərlə eyni olduğu qənaətindəyəm. Dinc, Zəngilanlı günlərimizdə də, torpaqlarımızın düşməndən qorunması naminə o silah, mən qələm götürüb səngərə üz tutanda, sonra bizləri Qarabağsız və nəhayət Zəngilansız qoyan illərin acısını çəkəndə, qəzəbimizi ürəyimiz boyda olan yumruğumuza düyünləyib başımız üzərinə qaldıranda da eyni hissləri, ağrı-acıları yaşamışıq. Ancaq Bayram Məmmədovla bir-birimizə dost deməyə haqqımız çatsa da, bu sözü yeri gəldi-gəlmədi işlətməyə ehtiyac duymamışıq. Bayram Məmmədov ixtisasca müəllim və politoloqdur. Rayonun qiyabi orta, Keçikli və Canbar kənd 8 illik məktəblərində ingilis dili müəllimi işləmişdi. Ancaq onu rayonda daha çox tanıdan sovet idarəçilik sistemində xüsusi yeri olan komsomol, partiya təşkilatlarında və Icraiyyə Komitəsində işləməsi olmuşdu. Elə həmin vaxtdan çoxlarının biliyi, təşkilatçılığı, işə münasibəti, şəxsi keyfiyyətlərinə görə bu cavan oğlanı özünə yaxın, etibar ediləsi şəxs saydığını deyə bilərəm. Ancaq fikrimcə, Bayramı bütün zəngilanlıların yaxını, dostu, nəhayət doğması edən onun rayonda yaradılan ilk ərazi müdafiə taborunun (yarandığı vaxt bu hərbi birlikləri özünümüdafiə taboru adlandırırdılar) komandiri, əlinə silah alanların ön sırasında dayanması oldu. Mən o zaman “Vətən səsi”, “Xalq ordusu” və “Sərhəd” qəzetlərində işlədiyimdən  cəbhə və sərhəd rayonlarında tez-tez olurdum. Ən azı ayda iki dəfə Zəngilana baş çəkdiyim, eləcə də Laçın, Qubadlı, Cəbrayıl və başqa rayonlara müntəzəm ezamiyyələrə getdiyimdən ərazi müdafiə taborlarının necə döyüşdüyündən xəbərdar idim. Əli silahlılardan fərqli olaraq əli qələm tutanların üstünlüyü olan bu cəhət bizə həqiqi komandirlərlə təsadüfi şəxsləri bir-birindən fərqləndirməyə imkan verirdi. Əslində sonda yazmağımın daha doğru olduğu fikri elə buradaca da demək istəyirəm. Bayram Məmmədov peşəkar hərbçi olmasa da, əsl komandir, həqiqi vətənpərvər zabitdir. O, hərbi, yaxud xüsusi təhsil almamışdı. SSRİ-nin Uzaq Şərqdəki hərbi hissələrindən birində əsgəri xidmət keçmiş, ehtiyatda olan zabit olmuş, sonra da rayon komsomol təşkilatında idman və kütləvi- müdafiə işləri şöbəsinin müdiri kimi bu sahədə müəyyən təcrübə qazanmışdı. Ancaq getdkcə intensivləşən erməni hücumlarının qarşısının alınması zərurətinin yerli özünümüdafiə taborunun yaradırılmasını həyatı məsələyə çevrdiyi günlərdə Bayram da, döyüş yoldaşları da sanki aylar deyil, günlərlə püxtələşdilər. Əslində mövcud vəziyyət bunu tələb edirdi. Vaxt son dərəcədə məhdud idi. Ermənilərlə döyüşlərin gedişində formalaşan tabordan düşmən təcavüzünün qarşısının alınması üçün hərbi əməliyyatları daha peşəkarlıqla hazırlayıb həyata keçirməsi tələb edilirdi. Bütün bunlar mərkəzdən heç bir real köməyin gözlənilmədiyi şəraitdə baş verirdi. Ancaq həqiqi fədakarlar düşmənə müqavimət göstərməyə qadir hərbi hissə yarada bildilər. Laçında, Qubadlıda olan hərbi birləşmələrlə yanaşı, Ermənistandan gözlənən təcavüzün qarşısında artıq Zəngilan özünümüdafiə taboru da dayanmışdı. Taborun apardığı uğurlu döyüşlər çox keçmədən Bayramın əsl komandir, həqiqi vətənpərvər zabit olduğuna nəinki Zəngianda, qonşu rayonlarda da inam yaratdı. Müdafiə Nazirliyi sistemində sonrakı xidmət illəri də bunun məhz belə olduğunu sübuta yetirdi. Daha dəqiq olsun deyə, onun komandir kimi keçdiyi döyüş yolu, ağır xidmət illəri ilə bağlı bəzi faktları yada salmağı, o vaxta aid qeydlərimi bölüşməyi lazım bilirəm. Çünki faktlara istinad etməkə istənilən məsələ barəsində daha obyektiv, birmənalı fikir yürütmək olar. Digər tərəfdənsə, mənim də Bayram Məmmədovun da xüsusi ilə hazırkı yaşımızda gəlişi gözəl sözlərə ehtiyacımız yoxdur. Beləcə, faktların dili ilə nələrisə çatdırmağa çalışaq. Yazacaqlarımı şərti olaraq sübutlar da adlandırmaq olar. Bayram Məmmədovun şəxsi arxivində saxladığı “Sərhəd” qəzetində (“Komandir nümunə göstərməlidir” 1993-cü il 22 aprel) illər əvvəl dərc olunmuş bir müsahibə. Bu müsahibə həmin qəzetdə hərbi müxbir işlədiyim dövrə aiddir. Doğrusu, arxivlərdə işləməyi xoşlasam da, şəxsi arxiv yaratmaqda laqeyd olduğumu etiraf edirəm. 1984-1992-ci illərdə müxtəlif qəzetlərdə onlarla yazılarımın dərc edilməsin baxmayaraq, bu gün əlimdə 10-15 yazıdan artıq heç nə qalmayıb. Yenə dost-tanış, qohum-qardaş sağ olsunlar ki, hərdən özlərində saxladıqları qəzet nüsxələrinin surətini mənə də verirlər. Bayram Məmmədovun saxladığı həmin müsahibə onunla 1992-ci il dekabr ayının 10-da ermənilərin Zəngilanın 11 kəndini işğal etdiyi günlərdə aparılıb. “Sual: - O vaxt Ordu yox, prezident qvardiyası adı altında eks-prezidenti müdafiə edəcək qüvvələr yaratmağa can atırdılar. Milli Ordunun yaradılması haqqında Qanun əslində kağız üzərində qalmışdı. Cavab: - Əlbəttə, vəziyyət ağır idi. Ordu quruculuğunun ləngidilməsi keçmiş hakimiyyətə sərf edirdi. Halbuki bütün imkanlar bu işə yönəldilsəydi, bütün potensial Ordunun komplektləşdirilməsi və formalaşdırılmasına istiqamətləndirilsəydi, məğlubiyyətlərimiz də olmazdı. Bəlkə də indi müharibəni qurtarmışdıq. Sual: - Yadımdadır, ötən ilin 25 aprelində Zəngilan ərazisinə çox güclü hücum oldu. Artilleriya atəşlərindən sonra düşmən iki istiqamətdə hərbi texnikanın və vertolyotların köməyi ilə torpaqlarımıza soxuldu. Ancaq əsgərlərimizin şücayəti ilə qarşısı alınan ermənilər itki verib geri çəkildilər. Dekabrın 10-da isə 4-5 qat artıq qüvvə ilə torpaqlarımızı düşmən işğalından qoruya bilmədik. Bunu nə ilə izah edirsiniz? Cavab: - Keçən il aprel hadisələri dediyiniz vaxt bizim üçün ən ağır dövr idisə də, inam vardı. Komandirlər nümunə göstərirdilər. 25-i sübhçağı birinci komandirlər getdilər. Kəşfiyyat aparıldı, sonra gərgin döyüşdə düşmən geri oturduldu. Dekabrın 10-da isə mülki adamlar Canbar kəndinə qədər getdilər, düşmənin əsas qüvvələri geri çəkilmişdilər. Ancaq bir nəfər Ordu komandiri tapılmadı ki, əsgərləri döyüşə aparıb ərazilərimizi geri qaytarsın. Ordunun başında duran adamların kimliyi bilinmirdi. Dolayı yollarla Silahlı Qüvvələrə soxulanlar isə döyüş yox, başqa şeylər haqqında düşünürdülər. Mən qəti deyirəm, 10 dekabrda əks-hücum olsaydı, biz torpaqlarımızı geri qaytara bilərdik”. Yəqin ki, əlavə şərhə, qəhrəmanımın qeyd olunan keyfiyyətlərindən xəbər verən məqamların təhlilinə ehtiyac yoxdur. Görünən dağa nə bələdçi. Onunla yenə 1993-cü ilin əvvəllərində baş tutan, sonra bir yazımda yer alan söhbətimizi xatırlayıram. Həmin vaxt bir çox məsələlərdən, əsasən də 1989-90-cı illərdə getdikcə güclənən, sonra daha geniş miqyas alan düşmən təcavüzlərinin qarşısının alınması, torpaqlarımızın müdafiəsinin təşkilindəki problemlərdən danışmışdıq. “Biz ilk dəfə batalyon yaradanda çoxları inanmırdılar ki, Azərbaycanın özünün Silahlı Qüvvələri ola bilər. Buna baxmayaraq, sağlam qüvvələr tapıldı. Məşəqqətlərə, əziyyətlərə davam gətirməli olduq. Biz ilk müdafiə qüvvələrini yaradanda ağsaqqallardan, hətta savadlı adamlardan belə “həyatınızdan qorxmursunuz? Hökumət gələcək, sizi aradan götürəcək” deyirdilər. Bütün bunları bəzən eşitməzliyə vurur, öz işmizi görürdük. Vətənin müdafiəsini hər şeydən üstün tutan adamlar bizə lazımi kömək göstərirdi. Əsas çətinliyimiz o idi ki, bizə dövlət tərəfindən mane olurdular. Ordunun təşkilini ləngitmək üçün hər şeyə əl atırdılar. Nəticəsi gətirib ona çıxardı ki, həddindən artıq itkilərimiz oldu.” Şuşa daxil omaqla Dağlıq Qarabağın, Laçının işğalını, başqa torpaqlarımızın itirilməsini nəzərdə tuturdu. Hələ nə o, nə də mən inana bilməzdik ki, bu itkilər son olmayacaq. Qarşıda bizi daha 6 rayonun işğalı, Xocalı kimi soyqırım fəlakəti gözləyir. Soyqırımlar isə əslində 1905-1907-ci illərdən başlamış, 1918-1920-ci və daha sonrakı tarixlərdə müxtəlif miqyaslarda təkrarlanmış, nəhayət 1988-ci ilin fevralında yenidən vüsət almışdı. Nəticəsi də azərbaycanlıların (düşmənin daha dəqiq adlandırdığı kimi türklərin) öz əzəli yurdlarından didərgin salınması ilə türksüz Ermənistanın yaradılması olmuşdu. Bayramla bu tarixlərin hər biri, ümumən ermənilər (daşnak, yaxud qeyri ad altında əslində fərq etmir) tərəfindən Azərbaycan torpaqlarında törədilmiş qanlı faciələr barəsində xeyli söhbətlərimiz olub. Ancaq təəssüf ki, əksər hallarda olduğu kimi, bizimki sözdən-söhbətdən o tərəfə keçmir. Baxmayaraq ki, bunların bir çoxu onun da, mənim də hansısa yazılarımızda işıq üzü görüb, ictimailəşdirilib. Birbaşa cəbhə xəttində baş tutan söhbətlərimiz də az olmayıb. Belə söhbətlərdə yaxınlığımıza mərmi düşdüyü, güllələrin böyür-başımızdan uçuşduğu anlar da olub. Ancaq söhbətimizi heç vaxt yarımçıq kəsməmişik. Xatırlayıram ki, Bayram torpaqlarımızın müdafiəsini bütün xalqın, onun əli silah tutan hər bir övladının vəzifəsi hesab edir, həmçinin məsələnin obyektiv bir cəhətini də daim vurğulayırdı. Düşmənə qəfil, daha effektli zərbələrin vurulması üçün həmin ərazilərdə doğulmuş, döyüş bölgələrini yaxşı tanıyanlara xüsusi ehtiyac var. Belələri hərbi birləşmələrin azı 35-40 faizini təşkil etməlidirlər. Bu mövqe günümüzdə də öz aktuallığını itirməyib. “Torpaqları qoyub qaçdınız” kimi haqsız ittihamlarla “silahlanmış” biganəlik təcəssümləri, “torpağı ancaq biz qorumalıydıqmı?” kimi utandırıcı bəraət müəllifləri üçün də eyni qədər keçərlidir. Görünür, hələ də “yurdum” dediyimiz torpaqların hər birimiz üçün doğma Vətən olduğunun, Azərbaycan adlandığının fərqində deyilik. Öz əlimiz, öz dilimizlə parçaladığımız Vətəni isə düşməndən müdafiə edə bilmədiyimiz kimi, geri qaytarıb bütünləşdirməyimiz də çətin olacaq. Son 100 ildən bir qədər artıq dövrün hadisələri də bunu dəfələrlə sübuta yetirib. Böyük şair demişkən “məndən ötdü” deyəndən bəri nə qədər torpaqlar itirmişik, nə qədər faciələr, fəlakətlər yaşamışıq. Bunu bizə yaşadan düşmənin, millətçi, qeyri-millətçi, daşnak, bolşevik, ya kommunist (nə adlanması fərq etməz), bir sözlə erməninin arxasında kimlərinsə durmasının da elə bir fərqi yoxdur. Özümüzü bu aldadıcı təsəllidən də uzaq tutmağı bacarmalıyıq. Az qala 200 ildir ki, biz torpaqlarımızı itirə-itirə, ermənilərsə qazana-qazana gəlirlər. Son 30 ildə işğal edilmiş 20 faiz ərazimizi çıxmaqla, hamısı ilə də əslində, təəssüf ki, barışmışıq, yaxud da bizi barışdırıblar (yenə fərq etmir). Heç olmasa, sonuncu işğala görə düşməni layiqincə cəzalandırmaq, Azərbaycanın taleyini qaranlıqdan biryolluq qurtarmaq lazımdır. Sizlərə də yaxşı məlum olan bu həqiqətləri təkrarlamaqda məqsədim onunla hansı fikirləri bölüşdüyümüzü bir daha çatdırmaq, qayğıları, düşüncələri ilə bir az da yaxından tanış etməkdir. Ən yeni tariximizin səngərlərdə yazıldığı günlərdə cəbhə bölgələrini mərhum hərbi operator Seidağa Mövsümlü ilə birlikdə addım-addım gəzən hərbi jurnalist, tələbə dostum Ədalət Teymurovun Bayram Məmmədov haqqında dediklərini yada salmamaq mümkün deyil. Müdafiə Nazirliyinin əməkdaşı, hərbi jurnalist kimi komandirlərin avtobioqrafiyasına, xarakterlərinə, səriştələrinə yaxşı bələd olan Ədalət Bayram barəsində rəğbətlə danışır, onun tabeliyində olanlarla davranışını xüsusi vurğulayırdı: “Deyirlər, dünya yaxşıların çiynində qərar tutur. Həmin yaxşılar öz varlığı ilə dünyanı zinətlədirir. Bayram Məmmədov dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan Ordusunun ilk zabitlərindən, Vətənin müdafiəsi üçün könüllü olaraq əlinə silah götürənlərdən biri, birincilərdən idi. Bayramı mən də, başqaları da qətiyyətli, tabeçilində olanlara qayğıkeş yanaşmaqla onlardan nizam-intizam tələb edən komandir, əsl zabit kimi tanıyırıq. Döyüşlərdə əldə etdiyimiz uğurlar da elə onun kimi zabitlərin sayəsində mümkün olurdu. O, yaddaşımda xeyirxah, sadə, çətin vəziyyətdə özündə güc tapmağı bacaran insan kimi də qalır.” Dəqiq və səmimi sözlərdir. Mən deyilənlərin təsdiqi kimi onun özündən rütbəcə kiçik zabitlərə, əsgərlərə xoş münasibətinin, əsil ata, böyük qardaş qayğısının dəfəlrlə şahidi olduğumu da əlavə etmək istərdim. Bayram Məmmədov səngərdə dayanan əsgərin təkcə isti paltara, isti yeməyə deyil, həm də insani münasibətə ehtiyacı olduğunu yaxşı başa düşür və bunu həmişə nəzərə alırdı. Onunla şəxsi heyət arasında qarşılıqlı etimad da bunun nəticəsi idi. Bütün bunlarda yəqin pedoqoji təhsil almasının da təsiri vardı. Qeyd edim ki, ünsiyyətcil olması, qarşısındakını inandırmaq bacarığı da onu həmişə fərqləndirib. Birgə iş yerimiz, müstəqil hərbi jurnalistikamızın ilk səlnaməsini yaradan “Xalq Ordusu” qəzetindən tanıdığım (hazırda “Azərbaycan Ordusu”) şair dostumz, yazdıqlarının reallığına və səmimiliyinə inandığım Rəşid Faxralının “Ədalət” qəzetindəki “Kamil insan” məqaləsindən: “Döyüşlərdə özü də iştirak edirdi. Tanıyanlar ona “Döyüşən komandir” deyirdi. Döyüşlərin birində əsgərlərdən birinin yaralandığını görüb, komandir onu döyüşün içindən çıxarmaq üçün kimisə səsləməyib, kiməsə göstəriş verməyib, yaralı əsgərin imdadına özü çatıb. Əsgərə tibbi yardım göstərilib. Az sonra həkim deyib ki, gecikdirilsə, yaralı əsgər qanaxmadan keçinərdi.” Bayramı tanıyanlar da inanırlar ki, onun döyüş yolu ilə bağlı belə faktlar çoxdur. Ancaq həmin faktlarsız da hər şey ortadadır. Bayram Məmmədov ilk gəncliyindən mərd, vətənpərvər insan kimi diqqət çəkib. Ali təhsilni əla və yaxşı qiymətlərlə başa vurduğu Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda aspirant kimi qalmayıb ucqar dağ kəndələrində müəllim işləmək istəyini qətiyyətlə bildirəndə, əvvəl şagirdlərinin, sonra bütün rayon gənclərinin vətənpərvərlik, mübarizlik ruhunda tərbiyəsində bütün biliyini, ürəyinin hərarətini əsirgəməyəndə, nəhayət Zəngilanın ilk öznümüdafiə taborunun yaradılmasında gecə-gündüz demədən fədakarlıqla çalışanda bu qənaətlərin doğruluğunu təsdiqləyib. B.Məmmədov 1991-ci ildən 2006-cı ilədək Müdafiə Nazirliyi sistemində hərbi hissə (tabor) komandiri, hərbi hissə (alay) komandirinin müavini, Silahlı Qüvvələrin Arxa Cəbhəsinin Kadrlar bölməsinin və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin baş zabiti, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının həyata keçirilməsi bölməsinin rəisi olub. 2006-cı ildə Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra həmin ilin iyun ayından Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin xarici dillər kafedrasının baş müəllimi təyin edildi. Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dillər kafedrasının rəis müavini – baş müəllimi, milli təhlükəsizlik və humanitar elmlər kafedrasının xarici dillər silsiləsinin rəisi – dosent və xarici dillər bölməsinin baş müəllimi-bölmə rəisi  vəzifəsində çalışdı. Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman - German dilləri bölməsinin baş müəllimi vəzifəsində Silahlı Qüvvələrimizə yüksək hazırlıqlı, peşəkar zabitlər hazırlamaqda üzərinə düşən tapşırıqları bacarıqla yerinə yetirir. Başlıcası budur ki, bu illər ərzidə o, nəinki onu insanlara sevdirən, dəyərini artıran yüksək keyfiyyətlərini dəyişməyib, əksinə bütün iş yoldaşları və tanıyanların məmnunluqla qeyd etdiyi yenilərini əlavə edib. Ancaq bütün bunlara görə nə mükafat umub, nə də özünə vurğunluq xəstəliyinə düçar olmayıb. Çünki mayası belə yoğrulub, necə deyərlər, sadə, zəhmətkeş ailədə böyüməsi, çətinliyin nə demək olduğunu şəxsi həyatında yaşaması onu təvazökar, başqalarının əməyinə qiymət verməyi, özünü ağır, sanballı aparmağı bacaran bir insan kimi yetişdirib. Mükafatlara gəlincə, bunlar Bayram Məmmədovu özü, həm də çox sakit, əksər hallarda özündən xəbərsiz tapıb. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, AR Silahlı Qüvvələrinin bir neçə, o cümlədən 100 illiyi yubiley medalları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının birinci dərəcəli medalı, Müdafiə Nazirliyi üzrə fəxri fərmanlar və qiymətli hədiyyələr, nəhayət Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyun tarixli 1291 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Əlbəttə, bu siyahını bir qədər də uzatmaq olar. Ancaq mahiyyət eynidir. Bayram Məmmədovun fədakar və səmərəli fəaliyyəti, layiqli əməyi, məsuliyyəti və peşəkarlığı layiqincə qiymətləndirilib. 2004-2013-cü illərdə Beynəlxalq Hərbi İdman Şurasının (BHİŞ) Azərbaycanda keçirdiyi Cüdo üzrə 30-cu, Güləş üzrə 24-cü, Boks üzrə 52-ci dünya çempionatlarının, BHİŞ in Avropa Konfransının, hərbçilərin 1-ci Dünya Futbol kubokunun Təşkilat Komitəsinin üzvü və koordinatoru olanda da o eyni əzm və fəaliyyət nümunəsi göstərmişdir. Onu gəncliyindən idmana bağlayan tellər isə fərdi maraq səviyyəsindən daha yüksək, mübaliğəsiz demək olar ki, kifayət qədər möhkəmdir. Hazırda Azərbaycan Respublikası Hap Ki Do Federasiyasının vitse-prezidenti olan Bayram Məmmədovun kiçik oğlu Orxan Məmmədli taekvando(İTF) üzrə Avropa çempionu və əlbəyaxa döyüşlər üzrə beşqat dünya çempionudur.  Dəfələrlə şərq döyüş növləri üzrə ölkə səviyyəli yarışların qalibi olub. Bayram oğlu Orxanın müqəddəs Azərbaycan bayrağını beynəlxalq yarışlarda dəfələrlə dalğalandırmasından bir ata kimi haqlı qürur duyub. Onunla bərabər bu duyğuları bütün Azərbaycana yaşatdığı üçün Orxana “atana layiq, fəxr ediləsi övladsan”, deyir və idman həyatında yeni uğurlar arzulayırıq. Bayram Məmmədov istefada olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar müəllimdir. Ancaq onu bir insan, vətəndaş kimi bütün bu rütbələrdən, titullardan daha artıq xarakterizə edən bir ad var – vətənpərvər. Yurd həsrətli, Vətən yanğılı yazılarından, işğal altındakı torpqalara qayıdış, gənclərin igidlik, dönməzlik ruhunda tərbiyəsinə önəm verilməsinə çağrıan məqalə və çıxışlarından da vahid, qırılmaz bir xətt keçir -  vətənpərvərlik. Şotland əsilli məşhur amerikalı aktyor və rejissor Mel Gibsonun baş rol oynadığı “Vətənpərvər” filmini xatırlayıram. Bütün itkilərə, mərhumiyyətlərə, hətta sarsıntılara baxmayaraq, filmin qəhrəmanı sonunda düşmənini məğlub etməyi bacardı. Biz də bacarmalıyıq və bacaracağıq. Artıq başqa yolumuz yoxdur. Əsla, gəlişi gözəl səslənməsi üçün demirəm. Biz də düşmənə qalib gələcək, torpaqlarımızı işğaldan azad edəcəyik, çünki Bayram Məmmədov kimi vətənpərvər insanlarımız, onların yolunu şərəflə davam etdirən gənc əsgər və zabitlərimiz var.   Lətif Şüküroğlu, ehtiyatda olan polkovnik, Azərbaycan Yazıçılar və Jurnalıstlər birliklərinin üzvü.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Polkovnik bu medala media ilə uzunmüddətli və səmərəli əməkdaşlığa görə layiq görülüb.  

Hamısını oxu