Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranların sosial təminatının yaxşılaşdırılması üçün tədbirlər planı hazırlanır

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov və Sosial təminat siyasəti şöbəsinin müdir müavini Pərviz İbrahimli ilə görüş keçirilib. Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova görüşdə qonaqlara təşkilat haqqında məlumat verib. Veteran hərəkatının bayraqdarı olan Respublika Veteranlar Təşkilatının gördüyü işlər, xüsusən gənclərin vətənpərvərlik tərbiyəsində fəaliyyət, veteranların ictimai-sosial vəziyyətinin diqqət mərkəzində saxlanılması, tariximizin və qəhrəmanlarımızın tanıdılması və gələcək nəslə ötürülməsi istiqamətində görülən işlər haqqında danışıb. O, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın veteran hərəkatına göstərdikləri misilsiz xidmətləri sayəsində Azərbaycanın bu sahədə dünyanın öndə gələn ölkələrdən biri olduğunu deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsinə ümummilli lider Heydər Əliyev tərəfindən başlanıldığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb. Görüşdə çıxış edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin etdiyini bildirib. Respublika Veteranlar Təşkilatının veteran hərəkatının həyata keçirilməsində xüsusi yeri və rolu olduğunu, eləcə də Azərbaycan veteranlarını tarixin hər bir mərhələsində xalqımızın pasionar qüvvəsi kimi qeyd edib. 1941-1945-ci illər İkinci Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının və tarixi qələbəni bizə bəxş edən 44 günlük Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının dövlət tərəfindən həyata keçirilən əsas prioritet məsələlərdən biri olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə genişləndirilir. Veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər, həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. A.Kərimov görüşdəki fikir mübadiləsinin xüsusi önəm daşıdığını, Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlər planının respublikamızda veteran hərəkatına xüsusi töhfə verəcəyini diqqətə çatdırıb. Qısa zamanda Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlərin birlikdə fəaliyyətin müsbət nəticələr verəcəyinə inamını ifadə edib.

2021-02-17 00:00:00
4045 baxış

Digər xəbərlər

Medo Hollandiyadadır

Salnamə studiyasının hazırladığı "Medo Hollandiyadadır" sənədli filmi.  

Hamısını oxu
Səbail rayonu 2 saylı Texniki Humanitar Liseydə “20 Yanvar –Xalqımızın hüzn, həm də şərəf günüdür “ adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  əməkdaşları -  şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2024–ci il tarixində Səbail   rayonunda tədbir keçirib. Tədbir  Səbail rayonunda yerləşən 2 saylı Texniki Humanitar Liseydə baş tutub. “20 Yanvar –Xalqımızın hüzn, həm də şərəf günüdür “ adlı tədbirdə   Səbail rayon  VT-nın sədri Adilə Yaqubova, Qarabağ müharibəsi veteranı  Aslan Əmrahov, liseyin direktoru Turanə Məcidli, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri liseyin direktoru Turanə Məcidli açıb. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra müstəqilliymiz uğrunda, torpaqlarımızın qorunması yolunda  canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan  polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini polkovnik Cəlil Xəlilovun  salamlarını tədbir iştirakçılarına çatdırıb.  Adil Haqverdiyev bildirib ki, o özü də  20 Yanvar qırğınının canlı şahididir: “Xalqımıza qarşı torədilmiş qırğın qədər dəhşətli qırğını Əfqanıstanda quluq etdiyim 4 il ərzində görmədim. Ordunun şəhərə ağır texnikalarla girməsi haqqında vətəndaşlarımızın xəbəri yox idi. Cinayətkarlar törədilmiş  qırğın xəbərinin yayılmaması üçün televiziya bulokunu partlatdılar. Soydaşlarımız böyük təşviş içərisində idilər. Rəhbər işçilər heç bir təşəbbüs göstərmirdilər. Xalqın ümid yeri, arxası görkəmli ziyallıları oldu. Xalqın ağır günündə Ulu Öndər Heydər Əliyev özünü, ailəsini təhlükəyə ataraq ailəsi ilə birlikdə  Moskva şəhərində Azərbaycanın daimi nümayəndəliyinə gedərək öz haqlı etirazını bildirdi. Bu gün şəhidlərimizin ruhları  şaddır. Ali Baş Komandan İlham Əliyevinbaşçılığı altında müzəffər ordumuz torpaqlarımızı düşməndən azad edib. İndi  Şuşada Xocalıda, Xankəndində və digər azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır”. Daha sonra Adilə Yaqubova, Aslan Əmrahov, Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda  xatirə şəkli çəkilib.

Hamısını oxu
Polkovnik topladığı bütün pulunu Ordumuza verdi

Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov alqışalayiq addım atıb. Axar.az xəbər verir ki, polkovnik xaricdə yaşayan övladlarının onun ehtiyacı üçün göndərdiyi və öz təqaüdündən topladığı 50 min manat pulu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Rəşadətli əsgərlərimizə müqəddəs Vətən müharibəsində uğur arzulayan N.Əhmədov Azərbaycan Ordusunun böyük qələbəsinin uzaqda olmadığını deyib: “Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!”

Hamısını oxu
“Bütün uğurlarımızın kökündə məhz Heydər Əliyev siyasi kursu dayanır”

Səmyar Abdullayev: “Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin ən qüdrətli nümayəndəsidir”   Bu gün Azərbaycan xalqının ümummili lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.   Veteran.org.az xəbər verir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Moderator.az-a müsahibəsində ulu öndərin Azərbaycan tarixindəki yeri və rolu ilə bağlı maraqlı fikirlər səsləndirib:   -Səmyar bəy, bu gün ulu öndərin anadan olmasının 98-ci ildönümüdür. Ümummili liderin Azərbaycan dövlətçiliyi baxımından tarixi rolunu qısaca necə dəyərləndirərdiniz?   -Birmənalı şəkildə qeyd edilməlidir ki, ümummili lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, onun banisidir. Bu tarixi reallığı daha yaxşı dərk etmək üçün ötən əsrin 90-cı illərinin əvvəlinə nəzər salmaq kifayətdir.   Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, bu müstəqillik olduqca kövrək idi. Bir tərəfdən ölkəmizə qarşı həyata keçirilən erməni işğalı, digər tərəfdən daxili pərkəndəlik və ciddi qarşıdurma fonunda Azərbaycanın vəziyyəti kifayət qədər ümidsiz görünürdü. Məhz belə bir zamanda xalq Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət etdi. Çünki xalq başa düşürdü ki, belə mürəkkəb və ağır vəziyyətdən onu yalnız Heydər Əliyev çıxara bilər. Məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycanda daxili qarşıdurmanın, vətəndaş müharibəsi təhlkəsinin qarşısı alındı. Ölkə daxilində vətəndaş həmrəyliyini, sabitlik və təhlükəsizliyi təmin edən Heydər Əliyev Ermənistanla atəşkəs sazişinin imzalanmasına, bununla da Azərbaycanın toparlanması, öz potensialını yenidən qiymətləndirməsi, əlavə güc yığmasına şərait yaratdı. Bütün bunlar Azərbaycan dövlətçiliyinin xilası baxımından atılan mühüm addımlar idi.   -Heyər Əliyevin ordu quruculuğu siyasəti ilə bağlı ən mühüm məqamlar nədən ibarətdir?   -Əminliklə demək olar ki, Azərbaycanda nizami ordu quruculuğu prosesinin əsasını məhz ümummili lider qoyub. Əslində 90-cı illərin əvvəllərində Qarabağ və ətraf rayonların itirilməsinin başlıca səbəbi ölkəmizdə vahid komandanlıqdan idarə edilən nizami ordunun olmaması idi. Həmin vaxt Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə yalnız özünümüdafiə batalyonları, müxtəlif şəxslər tərəfindən idarə edilən ayrı-ayrı silahlı birləşmələr tərəfindən aparılırdı ki, bu mübarizə lazımi səmərə vermirdi. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün qanunsuz silahlı birləşmələri ləğv etdi. Özünümüdafiə batalyonları ləğv edildi və bütün bunların əsasında vahid nizami ordu formalaşdırıldı. Ordunun maddi-texniki təchizatının təmin edilməsi, döyüş hazırlığının yüksəldilməsi, onun müasir texnika ilə təmin edilməsi istiqamətində konkret addımlar atıldı. Heydər Əliyev qısa zamanda məhdud imkanlar çərçivəsində  nizami ordu formalaşdıra bildi. Bununla da torpaqlarımızın daha etibarlı müdafiəsi təmin olundu.   -Ümummili liderin iqtisadi siyasətini necə dəyərləndirirsiniz?   -İqtisadi siyasət Heydər Əliyevin bütün siyasi hakimiyyəti dönəmində diqqət mərkəzində saxladğı başlıca məsələlərdən biri olub. Çünki Heydər Əliyev yaxşı başa düşürdü ki, güclü dövlət güclü iqtisadiyyat tələb edir. Yalnız güclü iqtisadiyyat yaratmaqla güclü dövlət formalaşdırmaq, onun digər müstəvilərdəki maraqlarını qorumaq mümkündür. Məzh bu səbəbdən də iqtisadi sahədə böyük islahatlar həyata keçirən Heydər Əliyev, özəl sektorun inkişafı, müasir istehsalar sahələrinin yaradılması, o cümlədən sovet dönəmindən qalan istehsalat müəssisələrinin fəaliyyətinin yenidən bərpa edilməsi istiqamətində  ciddi addımlar atdı. Lakin Heydər Əliyevin Azərnbaycan iqtisadiyyatı qarşısındakı ən böyük xidməti, heç şübhəsiz “Əsrin müqaviləsi”nin imzalanması oldu. Dünyanın aparıcı neft şirkətləri ilə imzalanan bu müqavilə sadəcə Azərbaycanın iqtisadi inkişafına təkan vermədi. Bu müqavilə həm də ölkəmizin siyasi müstəqilliyini möhkəmləndirdi, maddi təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. “Əsrin müqaviləsi” mahiyyət etibari ilə dövlətimizin həyatında yeni bi səhifə açdı.   -Səmyar bəy, Heydər Əliyevin ən böyük arzusu işğaldakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi idi. Hansı ki, onun bu arzusu prezident İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Sizcə Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi bu zəfəri ulu öndəin ad gününə ən qiymətli hədiyyə hesab etmək mümkündürmü?   -Şübhəsiz! Erməni işğalı altındakı torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünü təmin olunması Heydər Əliyevin ən böyük arzusu idi. Heydər Əliyev bütün beynəlxalq konfranslarda Ermənistanın işğalçılıq siyasətinə, hərbi cinayətlərinə diqqət çəkir, beynəlxalq təşkilatları, dünyanın aparıcı dövlətlərini işğalçıya təzyiq göstərməyə çağırırdı. Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, Ermənistanın işğal siyasəti bütün regionda sülhə və təhlükəsizliyə ən böyük təhdiddir.   Ancaq məlum olduğu kimi, beynəlxalq təşkilatların, iri dövlətlərin ikili siyasəti səbəbi ilə o zaman işğal edilən torpaqları azad etmək mümkün olmadı.  Heydər Əliyevin başlatdığı bu tarixi missiya möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən başa çatdırıldı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğalçını darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixində hərbi kapitulyasiyaya bərabər təslimçilik sazişini imzalama məcbur oldu. Bununla da 30 illik problem öz həllini tapdı, Azərbaycan erməni işğalına son qoydu.   Mən bu məsələ ilə bağlı bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda vahid nizami ordu quruculuğunun əsasını məhz Heydər Əliyeb qoyub. Hələ sovet dönəmində Azərbaycanda hərbi liseyin açılmasına, minlərlə azərbaycanlının keçmiş SSRİ-nin müxtəlif hərbi məktəblərində təhsil almasına, milli hərbi kadrların hazırlanmasına nail olan Heydər Əliyev, bununla müstəqil Azərbaycan ordusu üçün ciddi baza formalaşdırmış oldu. Hansı ki, sonrakı dönəmlərdə prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən ordu qurucluğu siyasəti nəticə etibari ilə 8 noyabr Zəfər Gününə gətirib çıxardı. Əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə nail oldu. Bu isə o deməkdir ki, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən Böyük Zəfərdə Heydər Əliyevin də böyük payı var və biz buna görə də ulu öndərə hər zaman minnətdar olacağıq.   Seymur ƏLİYEV

Hamısını oxu