Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. AZƏRTAC xəbər verir ki, media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev dedi: -Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir. Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır. Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır. Bu günlərdə Azərbaycanda bir çox tədbirlər keçirilir və bu tədbirləri işıqlandırmaq üçün xaricdən böyük bir jurnalist qrupu gəlmişdir. Mən onlara təşəkkürümü bildirirəm ki, bu hadisələri, bu soyqırımını işıqlandırmaq üçün bu gün Azərbaycandadırlar. Eyni zamanda, bilirəm ki, onların bəziləri azad edilmiş torpaqlara getmişlər, o dağıntıları öz gözləri ilə görmüşlər və bundan sonra da gedəcəklər. Buna görə bir daha dərin təşəkkürümü bildirirəm. Mənə məlumat verildi ki, xarici jurnalistlər mənimlə görüşmək, müsahibə almaq istəyirlər. Onların sayının çox olmasını nəzərə alaraq, belə qərara gəldim ki, biz bu formatda görüşək. Təbii ki, pandemiya bizim işimizə də təsir göstərir. Amma hesab edirəm, bu canlı bağlantı imkan verəcək ki, mən jurnalistləri maraqlandıran suallara cavab verim. Buyurun. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev: -Möhtərəm cənab Prezident, icazənizlə yerli və xarici media nümayəndələrinin iştirakı ilə mətbuat konfransımıza başlayırıq. Söz verilir “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinə. Azərbaycan Televiziyası: İlk növbədə, bu imkanı yaratdığınıza görə təşəkkür edirəm. Siz artıq qeyd etdiniz ki, Xocalı soyqırımının törədilməsindən ötən 29 il ərzində bir çox ölkələrin parlamentləri, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən bu qətliama soyqırımı kimi qiymət verilib. Bəs, hazırda beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına münasibəti necə qiymətləndirirsiniz, onların mövqeyini necə qiymətləndirmək olar? Təşəkkür edirəm. Prezident İlham Əliyev: Bilirsiniz, bir çox beynəlxalq təşkilatlar bu qanlı hadisəyə Azərbaycanın təşəbbüsü ilə öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək. Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə, bu məsələ bir çoxları üçün o qədər də aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanları yox idi və bunun müqabilində erməni lobbisi fəal çalışırdı, müharibə ilə, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq, təkzib etmək üçün biz, əlbəttə ki, böyük səylər göstərməli idik və qeyd etdiyim kimi, dövlət olaraq, ictimai təşkilatlar olaraq son illər ərzində ardıcıl surətdə bu fəaliyyəti göstərmişik. İctimai təşkilatlar arasında, əlbəttə ki, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. “Xocalıya ədalət!” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın, nə Azərbaycanda, nə də dünyada bu heç vaxt təkrarlanmasın və Azərbaycan heç vaxt 1990-cı illərin əvvəlində olan o aciz duruma düşməsin, Azərbaycan özünü, öz vətəndaşlarını hər zaman qoruya bilsin. Hesab edirəm ki, bu gün dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Halbuki Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə qoymaq istəyirdi. Guya ki, Azərbaycan özü Xocalı soyqırımını törətmişdir. Biz bu addımların təkrarını İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki atılan ballistik raketlər peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılmışdır. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var. Ona görə, mən tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaqdır. Türkiyənin “TRT Haber” telekanalı: Cənab Prezident, əvvəlcə, Xocalıda şəhid olanları rəhmətlə anırıq. Sizi də Qarabağ Zəfəri münasibətilə bir daha təbrik edirik. Qarabağ Zəfərindən dərhal sonra Ermənistanda davamlı daxili siyasi qarışıqlıqlar müşahidə olunur. Siz bu məsələyə - Ermənistanda baş verənlərə necə baxırsınız? Orada baş verənlərin Sizin və Prezident Ərdoğanın bir əməkdaşlıq formatı təklifi vardır, ona bir mənfi təsiri ola bilərmi? Digər tərəfdən, orada hər hansı bir hakimiyyət dəyişikliyi ilə bağlı Azərbaycanın bölgədə hərbi tədbirləri artırması planlaşdırılırmı? Prezident İlham Əliyev: Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən dünən şəhid ailələri ilə görüşdəki çıxışımda, o cümlədən Ermənistandakı vəziyyətə də toxundum. Ancaq onu bildirmək istəyirəm ki, o çıxış hadisələrdən əvvəl edilmişdir. Yəni, mənim şəhid ailələri ilə görüşüm təqribən saat 10:30-da olmuşdur və mən Ermənistandakı hadisələrdən ondan sonra xəbər tutdum. Ona görə istəyirəm, hər kəs bilsin ki, mənim şərhlərim bu hadisələrdən əvvəl edilmişdir. Ancaq hadisələr onu göstərdi ki, mən tam haqlı idim. Çünki bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki iyirmi il ərzində Köçəryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Çünki onlar torpaqlarımızı işğal altında nə qədər çox saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər. Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və dəfələrlə açıq deyirdim, torpaqlarımız nə qədər ki, işğal altındadır, biz bu siyasəti aparacağıq. Deyirdim ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə işbirliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik də ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də ki, 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər. Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. Otuz il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir, siz reallıqla barışın. Çalışın ki, bu reallıqdan özünüz üçün maksimum məqbul variant seçin, yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik, öz mövqeyimizdən bir addım belə geri atmırdıq və mən bunu açıq bəyan edirdim. İndi isə, mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər. -Rusiyanın TASS agentliyi: Hər vaxtınız xeyir, cənab Prezident. İcazə versəniz, Sizə iki sualım var. Birinci sual logistikaya aiddir. Bu yaxınlarda Füzulidə aeroport tikintisinin başlanması barədə xəbər verilib. Siz belə işlərin aparılmasını, onlara heç nəyin mane olmamasını, obyektin hansı müddətdə istifadəyə verilə biləcəyini və bu aeroportun beynəlxalq hava limanı olub-olmayacağını təsdiqləyə bilərsinizmi? İkinci sualım koronavirusa qarşı vaksinlərlə bağlıdır. Biz ümid edə bilərikmi ki, Rusiya vaksinləri Azərbaycanda qeydiyyata alınacaq? İcazə versəniz, şəxsi xarakterli bir sualım da var. Siz özünüz peyvəndlənəcəksinizmi və hansı preparata üstünlük verəcəksiniz? Sağ olun. Prezident İlham Əliyev: Sağ olun. Füzulidə tikilən aeroport məsələsinə gəldikdə, bu işlər artıq başlanıb. Biz ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlamışıq. Ona görə ki, ilk növbədə, orada ərazini təmizləmək lazım idi. Bu proses başa çatmağa yaxındır və aeroport, hər halda onun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ müddətlərdə istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Əlbəttə, aeroportun tikintisinin nə vaxt başa çatacağını qabacadan demək çətindir, çünki ərazilərin minalardan təmizlənməsi, bu əraziyə gediş-gəlişin mümkünlüyü ilə bağlı məsələlər çətinlik doğurur. Lakin biz ümid edirik ki, aeroport bu il istifadəyə veriləcək. İstəyirik ki, bu, payızın əvvəlində olsun. Əgər bütün işlər plan üzrə getsə, aeroport payızın əvvəlində istifadəyə veriləcək. Bu, bizə həmin hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə etməyimizə imkan verəcək. Ona görə ki, aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinə mən “Qələbə yolu” adı vermişəm. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Buna görə əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq. Bildiyiniz kimi, keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də bizim böyük planlarımız var və biz onları reallaşdıracağıq. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Biz bağlanmış müqavilələr əsasında ilk ödənişləri həyata keçirməyə başlayırıq. Vaksin məsələsinə gəldikdə, deməliyəm ki, pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni xəstəxana yaratmışıq, həmçinin son iki ayda yoluxanların və sağalanların sayı arasında sağalanların xeyrinə müsbət dinamika müşahidə olunur. Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik. Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra. Biz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Deməliyəm ki, biz həm də lap əvvəldən “COVAX” layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıyıq. Bundan əlavə, biz Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib. “CoronaVac” peyvəndinə gəldikdə isə bu vaksinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Mənə hər gün məruzə edirlər ki, bəzən gündə 15-20 min nəfər vaksinlənir. Yəni, bu istiqamətdə bütün imkanlardan istifadə edəcəyik. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Sadəcə, vaksinlərin istehsalçılardan gəlməsini gözləyəcəyik. Bununla əlaqədar, onu da qeyd etmək istərdim ki, bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sessiya ötən ilin dekabr ayında keçirildi. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük. Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. Hətta bu insanların imkanları olsa belə, sadəcə, onlar üçün əlçatan deyil. Sizə açıq deməliyəm, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, - bunu etmişik, - bu gün biz də vaksinsiz qalardıq. Biz “AstraZeneca” vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. “Sputnik” vaksinini də almamışıq. “COVAX” təşəbbüsü üzrə “Pfizer” və “Moderna” peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs, vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk.

2021-02-26 00:00:00
3328 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında 20 Yanvar - Ümumxalq Hüzn günü münasibətilə 18.01.2017-ci il tarixində keçirilmiş tədbir

Respublika Veteranlar Təşkilatının nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları 20 Yanvar - Ümumxalq Hüzn günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarlarına tər qərənfillər düzmüş, Əbədi Məşəl Kompleksi önünə gül çələngi qoymuşlar. Ziyarət başa çatdıqdan sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş tədbir keçirilmişdir.    Tədbir iştirakçıları çıxışlara başlamazdan əvvəl 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Ziyalılar, media nümayəndələrinin də qatıldığı tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O, Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq və şərəfli səhifələrindən sayılan 20 Yanvarla bağlı geniş məlumat vermişdir. Bu faciənin təməlinin hələ 1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov demişdir: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan düşünülüb hazırlanmış təcavüzkarlıq aksiyası idi.  Bu qanlı faciəni törədənlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas mədsədi isə DQMV-in Azərbaycandan qoparılaraq Ermənistana biriləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1989-cu ilin sonunda Ermənistanda azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirilməklə, 230 min azərbaycanlı dədə-baba torpaqlarından qovuldu. Deportasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev və digər əmlaklar talan edildi. Bu olaylara Moskva göz yumur, Azərbaycanın o vatkı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirirdilər. 1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti xeyli zəiflədi, hakimiyyət böhranı və qarşıdurma dərinləşdi. 1990-cı il yanvarın 19-na keçən gecə Bakıya  qanunsuz olaraq, fövqəladə vəziyyət elan edilmədən yeridilən SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın hərbi birləşmələri şəhərdə “Udar” kod adlı əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR Konstitusiyalarını kobud surətdə pozdular. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi qvardiya hava-desant diviziyalarının üç alayı, motoatıcı diviziya, xüsusi təyinatlı briqada, dəniz piyadaları, DTK-nın xüsusi təyinatlı “Alfa” qrupu, Ctavropol vilayətindən toplanmış əksəriyyəti ermənilərdən ibarət xalqımızın qanına susamış vəhşilər idi. İri hərbi kontingentin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilməklə, Bakıda və Respublika rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur.  Tanklar və BTR-lər qarşılarına çıxan hər şeyi əzir, hər yan amansız atəşə tutulur, insanlar nəinki küçələrdə, hətta avtobusda, öz mənzillərində güllələrə tuş gəlirdilər. Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək, xalqla birgə olduğunu bildirdi. O, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham etdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı”. C.Xəlilov daha sonra demişdir: “20 Yanvarın 1999-cu ildən etibarən Ümumxalq hüzn günü kimi keçirilməsinin Əmək Məcəlləsində əksini tapması da məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”. Tədbirdə çıxış edən digər şəxslər də 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad edilməsi, həm də Azərbaycan xalqının qəhrəmanlıq, birlik günü olduğunu vurğulamış, şəhidlərin heç unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd etmişlər.

Hamısını oxu
Şəhid Tərlan Dərgah oğlu Atakişiyevin doğum günüdür

Bu gün şəhid Tərlan Dərgah oğlu Atakişiyevin doğum günüdür. O, 23 fevral 1977-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. Tərlan Atakişiyev 1998-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1998 -2000 Azərbaycan Silahlı Qüvvələrinin  “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edib. Azərbaycan Ordusunun leytenantı olan Tərlan Atakişiyev 2020-ci il sentyabrın  27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Atakişiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub, Şamaxı rayonunun Göylər kəndində dəfin olunub Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyatına qatılan və  hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti  İlham Əliyevin 15.12.2020-ci il Sərəncamına əsasən Tərlan Atakişiyev ölümündən sonra “ Vətən uğrunda ”medalı ilə təltif edilib. Azərbaycan Respublikası ərazisinin işğaldan azad olunması zamanı döyüş tapşırığını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş Tərlan Atakişiyev ölümündən sonra Azərbaycan Prezidenti  İlham Əliyevin 24.06.2021-ci il Sərəncamına əsasən ölümündən sonra “ Döyüşdə fərqlənməyə görə ”medalı ilə təltif edilib. Allah rəhmət eləsin!  

Hamısını oxu
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı polkovnik Cəlil Xəlilovu qəbul edib

19 mart 2026-cı il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu qəbul edib.  Görüşdə dövlətimizin şəhid ailələri və veteranlara olan diqqət və qayğısına diqqət çəkən Müharibə, Əməlk və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Xaçmaz Rayon İcra Hakimiyyətinin də həssas kateqoriyadan olan vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirib və buna görə icra başçısına öz təşəkkürünü bildirib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və veteranlara qayğı ilə yanaşmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib, bu münasibətin bundan sonra da eyni həssaslıqla davam etdiriləcəyini vurğulayıb. Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat və ictimai-siyasi  məsələlər şöbəsinin müdiri Günel Nurəddinova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Xaçmaz Rayon Veteranlar Təşkilatının sədri Abasyar Heydərov da iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
Şəhid generalımız dəfn olunur

Ötən gün Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur. Oxu.Az-ın məlumatına görə, general-mayorun cənazəsi artıq İkinci Fəxri xiyabana gətirilib. Xiyabanda dövlət himni səsləndirilib.   Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Dünən isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub. İlhamə Əbülfət

Hamısını oxu