Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı: İsrafil Məmmədov

1919-cu ildə martın 16-da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açmışdır. Hazırda Şəmkir Rayonu Qapanlı Kəndində Büstü ucaldılmışdır. Qapanlı Kənd tam orta məktəbi də hazırda İsrafil Məmmədovun adını daşıyır. Gəncə şəhərində adına ev müzeyi və abidə və küçə vardır.   1941-ci ilin dekabr ayında döyüşən ordudan Azərbaycana xoş bir xəbər gəldi: Şimal-Qərb cəbhəsinin Siyasi İdarəsi sizdən xahiş edir: İsrafil Məhərrəm oğlu Məmmədovun Gəncə ş üçüncü vağzal küçəsindəki 39 nömrəli evdə yaşayan ailəsinə xəbər verin ki, onların oğlu, bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür". Şaxtalı dekabr gecəsi iki batalyon alman avtomatçısı Novqorod vilayətinin Pustınka kəndinə yaxınlaşmışdı. İlk baxışda elə göründü ki, bu kənddəki strateji obyekti müdafiə edən rota mühasirəyə alınmışdır. Almanlar burada toplardan və minaatanlardan şiddətli atəş açıb hücuma keçdilər. Kənddəki atəş nöqtələrindən səs gəlmirdi. Faşistlər asanlıqla qələbə çalmaq ümidində idilər. Budur, onlar artıq kəndin yüz metrliyinə çatdılar. Artıq hər bir faşistin üzünü görmək olurdu.   - Atəş! – deyə İsrafil Məmmədov komanda verdi.   Məmmədovun döyüşçüləri avtomat silahlardan yaylım atəşi açdılar. Bu atəş düşməni xəncər kimi kəsdi. Faşistlərin birinci sıraları biçildi. Almanlar radiostansiyanı məhv etməyə çalışırdılar. Beş əsgər stansiyaya yaxınlaşırdı, lakin bunların beşi də məhv edildi. Radiostansiya isə salamat qaldı.   Beləcə, gərgin vuruş azı on saat davam etdi. Avtomat silahların patronları qurtarırdı. Məmmədovun yanında öldürülmüş və yaralanmış döyüşçülər uzanmışdılar, bunlar onun dostları, silahdaşları idilər. Kəndi müdafiə etmək üçün cəmi səkkiz əsgər qalmışdı. Məmmədov avtomatı bir yana qoyub tüfəngi götürdü. Patrona qənaət etmək lazım idi. İndi snayper Məmmədov təkcə özü atəş açırdı. Yaralı avtomatçılar və radistlər tüfəngi doldurub ona verirdilər, o da arası kəsilmədən düşməni atəşə tuturdu. Tüfəng patronları da qurtardı. Faşistlər isə irəliyə can atırdılar. Gərgin süngü döyüşü başladı. Hamıdan irəlidə komandir Məmmədov özü gedirdi. Pustınka kəndini müdafiə edənlər kömək gələnə qədər mövqelərini əldən vermədilər. Bu hadisə dekabr ayının ilk günlərində olmuşdur. Ayın 11-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Məlumat üçün qeyd edək ki, İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlıdır.   ...Dörd gündən sonra Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant P.A.Kuroçkin şəxsən özü qəhrəmanın hüzuruna gəldi. Birbaşa döyüş meydanında təntənəli şəraitdə İsrafil Məmmədova Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının "Qızıl ulduz"u təqdim edildi. Sevincdən, həyəcandan qəlbi çırpınan İsrafil Məmmədov inamla dedi:   - Mənim 22 yaşım var. İndi həyatımın əsl mənasını daha çox faşisti məhv etməkdə görürəm. Nə qədər ki, sağam, mən bu amalla faşizmə qarşı vuruşacağam.   General gülümsündü. Qəhrəmana üçdiskli avtomat bağışladı. Qəhrəmanın şərəfinə Şəmkirdə, doğma Qapanlı kəndində, Gəncədə və başqa yerlərdə keçirilmiş mitinqlərdə də eyni ilə tərif və təbliğat sözləri səslənirdi. Həmin ilin may ayında ağır yaradan sonra hospitalda müalicə olunmuş qəhrəman Gəncəyə gəlir. Bu zaman artıq İsrafil Məmmədovun hünərindən təkcə döyüşçülər nümunə götürmürdülər, "məmmədovçular" hərəkatı arxa cəbhədə də geniş vüsət almışdı. İ.Məmmədov yenidən daha böyük cəsarətlə döyüş meydanına atılır. 1943-cü il mayın sonuna kimi mərdliklə vuruşur, ikinci dəfə yaralanır, döyüş dostlarından ayrılmalı olur. O, bir müddət respublika komsomolunun Mərkəzi Komitəsində işləyir.   Faşistlərə sonsuz nifrətini yenidən dönə-dönə nümayiş etdirdi. Xeyli vuruşdu. Lakin üçüncü yara qəhrəmanın səhhətini tam sarsıtdı. 1946-cı ildə qızları Qalina və Svetlana atalarını həmişəlik itirdilər. Qəhrəman İsrafil Məmmədov 1946-cı il mayın 1-də Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və ailəsi həmin vaxt Gəncədə yaşadığı üçün Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı.   Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İ.Məmmədovun hünərindən riqqətə gələrək "Qəhrəmanın yolu" adlı geniş bir oçerki qələmə alır. 1942-ci ildə isə Bakıda sevimli ədibin "İsrafil" adlı kitabı çap olunur.                                          

2021-03-31 00:00:00
9374 baxış

Digər xəbərlər

Tarixin yaddaşında iz salan ömürlər

             13 iyun Azərbaycan tarixi üçün təkcə təqvim vərəqində qeyd olunan sadə bir gün deyil. Bu gün həm də sonradan şəhidlik zirvəsinə ucalan neçə-neçə igidimizin doğum günüdür. Biz bu günü onların anım günü kimi qeyd edir, ruhlarını yad edir, xatirələrini yaddaşımızda yaşadırıq. Bu gündə dünyaya gəlmiş igidlər ömürlərini Vətən uğrunda fəda etdilər. Onların hər biri Azərbaycanın azadlığına doğru atılan addımların təməl daşına çevrildi. Həyatları, fədakarlıqları və qanları ilə qoruduqları torpaqlar bu gün azad, suveren və başıucadır. Bugünkü qalib, müstəqil Azərbaycan üçün canlarını qurban verən bu qəhrəmanların doğum günü təkcə ailələri üçün deyil, bütün xalq üçün mənəvi borc və ehtiram günüdür. Onlar təkcə əsgər, gizir, zabit deyildilər. Onlar həm də tarix yazan qəhrəmanlar, millətin yaddaşına qürurla həkk olunan adlardır. Bu gün biz 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ilini yaşayırıq. O Zəfər ki, qanla, canla, qürurla yazıldı. O Zəfər ki, 30 illik işğala son qoydu, tarixi ədaləti bərpa etdi, xalqımıza başucalığı gətirdi. Bu Zəfərin arxasında sadəcə Şəhidlərimizin adları yox, həmçinin canlar, şücaət, sədaqət, vətən sevgisi dayanır. 13 iyunda doğulmuş o igidlər ki, Şuşanın qayalarında, Füzulinin bağlarında, Laçının meşələrində, Cəbrayılın torpağında, Kəlbəcərin dağlı yollarında döyüşdülər, yalnız qələbəyə inandılar, yalnız Vətən dedilər! Onlar tarixin axarını dəyişdilər, xalqın qürur kitabına adlarını öz qanlarıyla yazdılar. Onların ayaq izləri torpaqla birləşdi, səsi dağların döşündə əks-səda verdi.          Hər addımları ilə bir xalqın başını dik, alnını açıq etdilər. O günlərdə bir tarix yazıldı. O tarix ki, sətirlərini şəhidlərin adı, cümlələrini anaların göz yaşı, nöqtələrini igidlərin susqun məzarı yazır. Bu Zəfərin hər daşının altında bir ad var. Hər bayrağında bir ömür, Hər sükutunda bir fəryad, amma həm də bir fəxarət var. Onlar tarix olmadılar, tarixin özünə çevrildilər. Onlar bu torpağın tək daşında yox, təqvimlərin yaddaşında, xalqın qəlbində yaşayırlar. ·         Kiçik leytenant Namaz Allahverdiyev – Şəki rayonunun Suçma kəndində doğulmuş, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdı. Şuşanın azadlığı uğrunda can verdi. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. ·         Kiçik gizir Elnur Əsədullayev – Lerikdə doğulmuşdur. Füzuli və Xocavənd uğrunda döyüşmüş. “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. ·         Mayor Elşad Həsənov – Göyçə mahalında dünyaya gəlmişdi. Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş, “Vətən uğrunda”, “Rəşadət” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. ·         Əsgər Əzim Həsənov – Balakənin Kortala kəndində doğulmuş, əslən isə Qarabağlı idi. Füzuli döyüşlərində şəhid olmuşdur. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. ·         Əsgər İlqar Hümbətov – Bakıda doğulmuş bu gənc Suqovuşanda şəhid oldu. “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarını qazandı. ·         Əsgər Elşən Nuruzadə – Göyçayda doğulmuşdu. Oktyabrın 4-də şəhid olmuş və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. ·         Əsgər Zərbəli Qafarov – Gəncə şəhərində doğulan bu igid Suqovuşan və Tərtər istiqamətlərində gedən döyüşlərdə vuruşmuşdu. “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. ·         Əsgər Məhəmməd Səmədov – Sabunçunun Pirşağı qəsəbəsində dünyaya gəlmişdir. Füzuli uğrunda döyüşlərdə şəhid olmuşdur. Onların izi torpaqda deyil, səmanın işığında yaşayır. Bu gün Şuşanın sükutunda, Laçının meşəsində, Füzulinin səmasında bir ilğım var: “Biz buradayıq. Ad günümüzdə bu torpağın nəfəsində yaşayırıq”. Bu şəhidlərin hər biri bir tarixdir. Onların ömürləri bir az məktəb partasında, bir az hərbi xidmətdə, bir az səngərdə, lakin əbədilikdə tamamlanır. Onlar bu gündə doğuldular, Vətən isə onları əbədi qıldı. Bu gün biz Suqovuşanda, Şuşada, Füzulidə onların addımlarını hiss edirik. Ad gününüz mübarək şəhidlər!  

Hamısını oxu
Bakıda şok görüntülər! - Məktəblərə hücum - 37 nəfər həbs edildi

Hamısını oxu
Respublika Veteranları Niderlandda baş verən hadisələrdən narahatdırlar

14 mart  2017-ci  il tarixdə Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Respublika Veteranlar Təşkilatının (RVT) 6-cı Plenumundan ötən dövr ərzində Təşkilatın fəaliyyəti barəsində RVT-nin  sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov məruzə ilə çıxış etmişdir. Rəyasət Heyətinin növbəti iclasının gündəliyinə uyğun olaraq daha bir neçə məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. İclacda həmçinin veteranlar son zamanlar Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrdən narahat olduqlarını ifadə etmiş və bununla əlaqədar Azərbaycan Veteranları adından Niderland hökumətinə müraciət qəbul etmişlər.   Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrlə əlaqədar Azərbaycan Veteranlarının Niderland hökumətinə Müraciəti Niderlandda son günlər dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələr insanlıq və humanizmlə bir araya sığmır. Özünü Avropanın humanist, tolerant və insan hüquqlarının təminatçısı kimi göstərən bir ölkəsində belə hadisələrin baş verməsi dünyanın harasında törədilməsindən asılı olmayaraq, hadisələrə obyektiv yanaşan insanlar kimi biz Azərbaycan veteranlarını da ciddi narahat edir. Biz veteranlar Niderlandda yaşayan türk icmasının sərbəst və dinc toplaşmasına imkan verilməməsini, onlara qarşı güc tətbiq edilməsini, eləcə də Niderland hökümətinin Türkiyə hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirləri qərəzli və ziddiyyətli hesab edirik. Bütün bunlar daim bəyan olunan Avropa və ümumən insanlıq dəyərlərinə ziddir.   Qədim qitənin inkişaf etmiş bir ölkəsində dini dözümsüzlük, irqi və milli ayrı-seçkilik zəminində yolverilməz hərəkətlərin törədilməsi yalnız acı təəssüf hissi doğurur. Digər tərəfdən, bu hadisələri iki ölkə arasında siyasi böhrana səbəb olan siyasət kimi qiymətləndirir, düşünülməmiş addımlardan məyus olduğumuzu bildirirk. Biz xalqımızın tarixən tolerantlığı, sülhsevərliyi ilə seçilməsini fəxrlə qeyd edir, özünü demokratiya nümunəsi hesab edən ölkələrin Azərbaycanın bu gün vətəndaş həmrəyliyi sahəsində həyata keçirdiyi siyasətdən, xüsusilə ölkəmizdə dini, milli və irqi ayrı-seçkiliklərin tamamilə aradan qaldırılmasından nümunə götürməyə səsləyirik. Niderlandı, eləcə də, bu cür mənfi halların baş qaldırdığı istənilən ölkəni Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi siyasi təcrübədən istifadə etməyə çağırır, yalnız xalqlar arasında dostluğun, insan haqlarına hörmətin bərqərar olduğu ölkələrdə inkişaf və tərəqqinin mümkün olduğunu qeyd edirik. Biz Avropanı faşizm, şovinizm bəlasından xilas etmək üçün canından, sağlamlığından keçmiş veteranlar olaraq, Avropada sülhün təminatı üçün təhlükə yaradan eyni halların yenidən təkrarlanması təhlükəsindən və hadisələrin siyasiləşdirilməsindən təəssüflənir, tezliklə bütün bunlara son qoyulması üçün ağılın diktəsi ilə tədbirlər görüləcəyinə, Niderland və Türkiyə arasında baş verən siyasi böhranın aradan qaldırılacağına inanırıq.                                   Azərbaycan Respublikası Müharibə, Əmək və                                 Silahlı Qüvvələr Veteranları Təşkilatı 

Hamısını oxu
Sumqayıtda "Mənim qalib ordum” adlı tədbir keçirilib

TƏBİB-in tabeleyindəki Sumqayıt Tibb Mərkəzi (STM) və "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyin Sumqayıt şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Mənim qalib ordum” adlı tədbir keçirilib. Bu barədə Veteran.gov.az-a STM-dən xəbər verilib.Bayram tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov, Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin sədri Elvin Mahmudzadə, XTQ-nin ehtiyatda olan baş giziri, Vətən Müharibəsi qazisi, Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Sumqayıt şəhər Təşkilatının sədri, Sumqayıt Tibb Mərkəzinin Təhlükəsizlik və mühafizə bölməsinin müdiri Mahir Məmmədov, STM-nin tabeliyində olan tibb müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri, eləcə də, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin "Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır",- fikrini şüar tutaraq Azərbaycan ordusunun sözün bütün mənalarında bunu haqq etdiyini vurğulayıblar. 44 günlük "Vətən müharibəsi" zamanı şanlı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq bunu bir daha sübuta yetirir. 106 il öncə yaradılan şanlı ordu bu illər ərzində müxtəlif mərhələlərdən keçərək formalaşıb. Ordunun ən yüksək səviyyədə inkişafı və nizam-intizamı isə müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu müqəddəs amalı Prezident İlham Əliyev uğurla davam etdirir.Ordu quruculuğunda həyata keçirilən işlərin nəticəsidir ki, bu gün Azərbaycan ordusu qalibdir və torpaqlarımız düşmən tapdağından tam azad edilib.Silahlı Qüvvələrin yaradılmasının 106 illiyinə həsr edilən "Mənim Qalıb Ordum" adlı tədbirdə məhz ordumuzun keçdiyi inkişaf yolundan və əzmkarlığından söz açılıb. Vətənə, şəhidlərimizə, qazilərimizə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.Sonda Heydər Əliyev və Azərbaycanda ordu quruculuğuna aid sənədli film tədbir iştirakçılarına nümayiş etdirilib.  

Hamısını oxu