Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib

Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb. Müraciətdə deyilir:   “Hörmətli Baş direktor.   Respublika Veteranlar Təşkilatı olaraq sizə müraciət etməyimizə səbəb Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsidir.   Nəzərinizə çatdırırıq ki, Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar.   1988-ci ildə həyata keçirilən sonuncu deportasiya zamanı 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermnistandan qovulması prosesi sona çatdı.   Acı da olsa həqiqətdir ki, hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan sistemli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib.   İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.       Hörmətli Baş direktor.   Təəssüf və narahatlıq hissi ilə qeyd edirik ki, Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır.   Bir neçə on ildir ki, davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur.   Sadaladığımız konkret faktlar göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.     Məlum olduğu kimi, bu kimi cinayətlər - mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.    Hörmətli Baş direktor.   Respublika Veteranlar Təşkilatı olaraq sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırki vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.     UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik.

2021-04-02 00:00:00
3451 baxış

Digər xəbərlər

“İran Azərbaycanın xəbərdarlıqlara rəğmən səfirliyimizi məqsədli şəkildə müdafiəsiz qoyub”

Məşhur Məmmədov: “Tehranın terror siyasətinə qarşı sərt addımların atılması günün tələbidir”  “Azərbaycana İrana təzyiq üçün geniş rıçaqlara malikdir”  “Terror aktı göstərdi ki, İran elementar siyasi mədəniyyətdən və əxlaqi-mənəvi dəyərlərdən tamamilə məhrumdur”  Cari ilin 27 yanvar tarixində İranın paytaxtı Tehran şəhərində Azərbaycan səfirliyinə edilən terror hücumu bütün dünyanın diqqət mərkəzindədir. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin daha iki əməkdaşı yaralanıb. Moderator. az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə səfirliyimizə edilən terror hücumu və ondan sonra baş verən prosesləri şərh etməyə çalışdıq:  -Məşhur müəllim, səfirliyimizə edilən terror hücumundan günlər ötsə də, rəsmi Tehran hələ də baş verənləri terror aktı adlandırmaq istəmir, özünü məlum terraktın fövqündə tutmağa çalışır. Sizcə İran rejiminin terror aktı ilə bağlı sərgilədiyi bu mövqe nədən xəbər verir?  -Yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə edilən hücumun terror aktı olduğu və buna görə bütün məsuliyyətin İran dövlətinin üzərinə düşdüyü birmənalıdır. Hər şeydən öncə qeyd edək ki, hər bir dövlət ərazisində yerləşən səfirliklərin, diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə borcludur və bu, dövlətlərin Vyana konvensiyası, habelə digər beynəlxalq qanunlarla üzərinə götürdüyü bir öhdəlikdir. İran da bu konvensiyaya qoşulan dövlət kimi Tehrandakı səfirliyimizin təhlükəsizliyini qorumağa borclu idi. Lakin görünən odur ki, Tehran nəinki səfirliyimizin təhlükəsizliyini təmin etmədi, hadisədən sonra son dərəcə riyakar və ikrahedici bir mövqe ortaya qoydu. İran rejimi öncə hadisənin şəxsi münasibətlər zəminindəki narzılıqdan qaynaqlandığını iddia edərək, terror aktını ailə-məişət hadisəsi kimi təqdim etməyə çalışdı. Daha sonra, terror aktının mahiyyəti ilə bağlı bir sıra yalanlar səsləndirən Tehran, terrorçunun İran polisi tərəfindən saxlanıldığını bildirdi. Halbuki, videogörüntülərdən də məlum olur ki, silahlı terrorçu İran polisi tərəfindən yox, əliyalın səfirlik əməkdaşımız tərəfindən tərk-silah edilib. İran bu gün də baş verənlər görə məsuliyyət daşıdığını qəbul etmək istəmir ki, bu da rəsmi Tehranın üzərinə götürdüyü beynəlxalq konvensiyalara əməl etmədiyini, riyakar və qeyri-səmimi siyasət yürütdüyü göstərir.  -Məşhur müəllim, bütün ehtimallar terror aktının elə İran dövlətinin “xeyir-duası” ilə gerçəkləşdiyini göstərir. Sizcə Tehran bu terror aktı ilə nəyə nail olmağa çalışıb?  -Şübhəsiz, bu terrok aktında məqsəd Azərbaycana əzələ nümayiş etdirmək olub. Rəsmi Tehran bununla ölkəmizi təhdid etmək, onunla şantaj dili ilə danışmağa cəhd edib. Halbuki, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, heç kim Azərbyacanla şantaj dili ilə danışa bilməz. Azərbaycan heç vaxt terrora, təhdidə boyun əyməyib və bundan sonra da əyməyəcək. 44 günlük Vətən müharibəsi, bu müharibədə Azərbaycanın erməni faşizminə, erməni terroruna verdiyi cavab bunun ən ali nümunəsidir. İran anlamalıdır ki, bu kimi teraktlar vasitəsi ilə heç nəyə nail ola, Azərbaycan dövlətinin, Azərbaycan xalqının iradəsini sındıra bilməyəcək. Əksinə, bu kimi əməllər İran rejiminə qarşı nifrəti artırmaqla yanaşı, İranın terror siyasətinə qarşı daha sərt və ciddi addımlar atmağı zəruri edir.  -Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirdi ki, İran dövlətinə dəfələrlə xəbərdarlıq edərək bildirmişdik ki, Tehrandakı səfirliyimizə qarşı təhdidlər var. Ancaq İran tərəfi bu xəbərdarlıqlara biganə yanaşdı. Sizcə məlum faktın özü İranın Tehrandakı Azərbaycan səfirliyinin etibarlı müdafiəsindən məqsədli şəkildə imtina etdiyinin isbatı sayıla bilərmi?  -Tamamilə doğrudur. Təsəvvür edin ki, Azərbaycan tərəfi məlum təhlükəni qabaqcadan görüb, bu barədə İran tərəfini məlumatlandırıb. Amma İran dövləti bu təhdidlərin qarşısının alınması, səfirliyinin mühafizəsinin gücləndirlməsi isiqamətində heç bir addım atmayıb. Bu faktın özü bir daha göstərir ki, İran əvvəldən səfirliyimizin müdafiəsində maraqlı olmayıb. Əksinə, səfirliyin müdafiəsi məqsədli şəkildə zəiflədilib ki, bu da onu terror hücumları qarşısında açıq hədəfə çevirib. Bu isə o deməkdir ki, İran baş verən terror aktına görə həm bilavasitə məsuliyyət daşıyır.  -Terror aktından günlər keçsə də, İran baş verənlərə görə Azərbaycan tərəfindən üzr istəməyib. Sizcə İranın baş verənlər fonunda elementar mədəniyyət sərgiləməməsi, Tehran rejiminin siyasi baxımdan olduğu kimi, əxlaqi baxımından da kasad olduğunun isbatı sayıla bilərmi?  -Əlbəttə. Bilirsiz, dünya təcrübəsi göstərir ki, bu cür hadisələrdən sonra cavabdeh dövlət qarşı tərəfdən üzr istəyir, öz səmimi təəssüfünü bildirir. İran isə nümayişkəranə şəkildə üzr istəməyəcəyini diqqətə çatdırır. Bu, o deməkdir ki, İran rejimi, onun yürütdüyü siyasət beynəlxalq qanun və konvensiyalara zidd olmaqla yanaşı, əxlaqi-mənəvi dəyərlərdən də xalidir. Bu fakt onu göstərir ki, İran primitiv əxlaqa, elementar siyasi mədəniyyətə malik deyil və bunu bütün dünyaya sərgilməkdə heç bir problem görmür. Bu baxımdan Orxan Əsgərovun cənazəsinin ölkəmizə gətirilməsi zamanı şəhid tabutunun altına girən İran əsgərlərinin cənazədən uzaqlaşdırılması tamamilə doğru addım idi. Çünki Orxan Əsgərovun ölümünə cavabdehlik daşıyan İranın şəhid cənazəsinin altına girməyə heç bir mənəvi haqqı yoxdur. İranın məlum terror aktına görə Azərbaycandan üzr istəməməsi, həm də günahkarlıq psixologiyasından irəli gələn bir amildir. İran hesab edir ki, üzr istəməklə terror aktına görə cavabdehlik daşıdığını təsdiqləmiş olacaq ki, rəsmi Tehran bunu qəbul etmək istəmir. Ancaq İranın nə deməyindən, rəsmi Tehranın nə düşünməyindən asılı olmayaraq, baş verənlərə görə bütün məsuliyyət İranın üzərindədir və İran beynəlxalq konvensiyaların tələblərinə əməl etmədiyinə görə cavab verməli olacaq.  -Məşhur müəllim, İran hər zaman anti-Azərbaycan siyasəti, işğalçı Ermənistana dəstəyi ilə gündəmdə olub. Sizcə Tehranda səfirliyimizə qarşı həyata keçirilən terror aktından sonra Azərbaycan İran siyasətində hansı redaktələr etməlidir?  -Təbii ki, İran öncə məlum terror aktına görə beynəlxalq hüquqla məsuliyyətə cəlb edilməli, etdiyi cinayətə görə hüquqi müstəvidə cavab verməlidir. Bu, atılması gərəkən ilk addımlardan biridir. Bundan başqa, Tehranın Azərbaycanla terror dili ilə danışmaq cəhdi rəsmi Bakını qonşu dövlət kimi İranın maraqlarını nəzərə almaq, onun maraqlarına hörmətlə yanaşmaq məsuliyyətindən azad edir. Hesab edirəm ki, Azərbaycan bundan sonra İrandakı on milyonlarla soydaşımızın hüquqlarının müdafiəsi istiqamətində daha aktiv iş aparmalı, oradakı soydaşlarımızın yanında olduğunu hiss etdirməlidir. Beynəlxalq təşkilatların, dünya dövlətlərinin də bu prosesə cəlb edilməsi vacibdir. Xatırladım ki, Prezident İlham Əliyev qeyd etmişdir ki, o, sadəcə ölkəmizdəki deyil, bütün dünyadakı 50 milyondan çox azərbaycanlının prezidentidir. Bu, o deməkdir ki, ölkəmiz İrandakı soydaşlarımıza görə də məsuliyyət daşıyır və onların taleyinə əsla biganə qala bilməz. Bildiyiniz kimi, uzun illərdir ki, İrandakı soydaşlarımıza rəsmi Tehran tərəfindən sözün həqiqi mənasıdna zülm edilir, onlar son dərəcədə hüquqsuz vəziyyətdə saxlanılır. İranda erməni dilində bir neçə orta məktəb olsa da, Azərbaycan dilində bir dənə də olsun məktəb yoxdur. Odur ki, öncə İrandakı soydaşlarımızın milli-mədəni hüquqlarının təmin edilməsi istiqamətində sistemli siyasət aparmalıyıq. Bundan başqa, İran rejimini, onun qanlı cinayətlərini ifşa edən televiziyaların, media orqanlarının ölkəmizdəki fəaliyyəti təmin edilməli, onların öz fəaliyyətlərini effektiv şəkildə qurmaları üçün həmin qurumlara dəstək verilməlidir. Azərbaycan hiss etdirməlidir ki, onun İran rejiminə təzyiq etmək rıçaqlaır kifayət qədər genişdir və rəsmi Bakı bundan sonra  bu rıçaqlardan kifayət qədər səmərəli şəkildə istifadə edəcək.  Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.   APA-nın məlumatına görə, Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub.   1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. 2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Mehriban Əliyeva, həmçinin, Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub. Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirləri görür, təhsil, mədəniyyət, incəsənətlə bağlı layihələr həyata keçirir. Bu layihələr təkcə Azərbaycanla məhdudlaşmır. Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr bütün dünyada məşhurdur. Onun təşəbbüsü ilə Pakistanda qızlar üçün yeni məktəb tikilib, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar keçirilib. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işləri sırasındadır. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. 2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb. Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib. 10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə “Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif olunub. 2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub. 2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib. 2013-cü il dekabrın 27-də Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb. 2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb. Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub. Rusiya Prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub. Bundan başqa, Mehriban Əliyeva Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni, İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Pakistanın “Hilal-e Pakistan” ordeni, Serbiyanın “Sreten” ordeni, “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, Rusiyanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif edilib. Mehriban Əliyevanın Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Ailəlidir, iki qızı, bir oğlu var.  

Hamısını oxu
Züləyha Məşəripova – “Qədimi qazança”

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən VIII yazı  1956-cı ildə Özbəkistanın Xarəzm vilayəti, Xəzərasp rayonunda anadan olub. 1975-1980-ci illərdə Daşkənd Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Uzun illər vəkil və hakim vəzifələrində çalışıb. “Tamğa”, “And”, “Qisas qoxusu”, “Dəhşətli nikah”, “Dəli qadının məhəbbəti”, “Hər şeyin səbəbkarı anam”, “Etiraf edilən günah”, “Səhv”, “Maska” kimi bir sıra detektiv kitabları nəşr olunub.    Qədimi qazança...  Hekayə  Qurbanbay qonaq gələn dostu Ömərlə birlikdə oturub, yaxşıca içib, kefləndi. O ata-babalarının varlı yaşadığını danışıb öyünməyə başladı. – Qoy görək, dostum, onların necə yaşadığını sən haradan bilirsən? Bəlkə onlar bir tikə çörəyə görə birinin qapısında işləməyə məcbur olublar? – dedi Ömər Qurbanbayın sözlərinə inanmayaraq. – Məni incidirsən, nə, atalarımın kölə olduğunu demək istəyirsənmi?! – deyə Qurbanbay qalın qaşlarını çatdı. – Yox, elə demək istəmirəm, sadəcə qədim zamanlarda yaxşı yaşayan adamlar az olub, bunu nəzərdə tuturam, – dedi Ömər dostunu incitmək istəmədən. – Səncə o yaxşı yaşayanlar neçə nəfər olub? – Hər halda, azlıq təşkil ediblər, – dedi Ömər cılız bədəninə uyğun gəlməyən qalın səsilə. – O azlığın içində mənim babalarımın babaları da olub, başa düşdünmü? – dedi Qurbanbay barmağını Ömərə tuşlayaraq. – Bəlkə… – deyə Ömər başını buladı. Ömərin inanmayaraq başını bulaması Qurbanbaya pis təsir elədi. Sanki ona “aşağı təbəqədənsən” demiş kimi hiss etdi və bu onun qüruruna dəydi. – İnanmırsan, elə deyilmi? İndi sənə bir şey göstərəcəyəm, sonra özün də əcdadlarımızın şah kimi yaşadıqlarına inanacaqsan, – dedi Qurbanbay ayağa qalxaraq. Sonra səndələsə də tarazlığını itirməmək üçün yavaş-yavaş yeridi. – Hara gedirsən? – deyə soruşdu Ömər. – İndi qayıdacağam, otur gözlə, – dedi Qurbanbay əlilə dostuna işarə edərək. O əşyalar saxlanan kiçik anbara girib axtardığı şeyin yerində olmadığını gördü və arvadına səsləndi: – Fatimə! Fatimə deyirəm sənə! – Nə olub, a? – deyə soruşdu təngnəfəs gələn Fatimə. – Bucağdakı böyük dəmir qazanın hanı?! – dedi Qurbanbay əli ilə bucağı göstərərək. – Nə oldu dəmişəm? Qonşumuz Sümbül xala istəmişdi, ona verdim, – dedi. – İçindəki qədimi qazançanı götürməmişdinmi?! – Hansı qazança? Qapağını açıb baxmadım, Sümbül xala oğluyla birlikdə götürdü. – Nə vaxt vermisən?! – Təxminən bir həftə olar. Nə olub ki, a? – dedi ərinin qəzəbindən qorxaraq. – Niye məndən soruşmadan verirsən, axmaq qadın?! – Qonşular istəyəndə sən də “vermə” demirsən ki, nə olacaq ki?! – deyə Fatimə də əsəbi cavab verdi. – Mən onun içindəki kiçik qazançanı nəzərdə tuturam. Böyük qazanın içindəki kiçik qazançanı bilmədən götürüblərsə niyə hələ də qaytarmayıblar? Axı onlara yalnız böyük qazan lazım idi. – Bilmirəm, bəlkə qaytararlar indi… – Nə, qaytarmalarını gözləyəcəksən?! Get, özün gətir! – deyə bağırdı Qurbanbay. Qorxmuş Fatimə qonşunun evinə getdi. Qurbanbay isə qazançasız Ömərin yanına qayıtmaq istəmədiyi üçün arvadını gözlədi. Fevral ayının sonu olmasına baxmayaraq hava xeyli soyuq idi, Fatimə tələsdiyindən nazik ev paltarında çıxdı və bir qədər sonra titrəyərək geri döndü: – Sümbül xala qazanın içində heç nə yox idi dedi, – dedi qorxa-qorxa. – Ay alçaq, Məruf, hələ qazançanı götürmədiyini deyir?! – deyə Qurbanbay qəzəblə qonşusunun evinə özü yol aldı. Onun əsəbi halını görən qonşusu Məruf təəccüblə: – Xoş gəldin, Qurban, xeyirdir? – deyə soruşdu. – Qədimi qazançamı ver, – dedi Qurbanbay salam da vermədən. – Başa düşmədim, dostum, qazanın indi gətirərəm, amma qədimi qazança nə? – Məni axmaq bilirsən, Məruf?! O qazanın içindəki qiymətli metaldan düzəldilmiş kiçik qazançanı istəyirəm, – deyə bağırdı Qurbanbay. – Qazanın içində heç nə yox idi… – Məruf, əgər indi könüllü şəkildə qazançamı gətirib verməsən, ölməyin labüd. Ərinin qonşulara sərt danışmağa başlamasından utanan Fatimə: – Hey, hey, a kişi, özünüzü ələ alın, – dedi. – Sən gözümün qabağından yox ol, axmaq qadın. Sənə deyirəm, Məruf, qazançanı gətirirsən ya yox?! – Qurban, sən dəli olmusan? Axı mənə sənin qazançan nə gərəkdir? Əgər götürmüş olsaydım, qaytarardım. Yox şeyi necə verim?! – Artıq özündən gör! – deyə Qurban evinə getdi. Fatimə ərinin bir iş törədəcəyini bilib, onun dalınca qaçdı. Çox keçmədən Qurban ov tüfəngini götürüb çıxdı və Mərufa tuşlayaraq: – Əgər elə indicə babalarımdan qalan qazançanı gətirib verməsən, ölməyə hazır ol, – dedi. – Qurban, mən dediyin qazançanı görməmişəm. Axı biz neçə illik qonşuyuq, tüfəngi endir, hər şeyi sakitcə danışıb həll edək. – Mənim sənin kimi oğru, fırıldaqçı ilə danışacaq sözüm yox, qazançamı verməsən, səni vuracağam, vəssalam. – Qurban, anla, xahiş edirəm, sən bir az içmisən, yəqin? Amma tüfənglə zarafat etmək olmaz. Dediyin şey insandan da qiymətlidirmi? – Götürdüyün şeydən boyun qaçıran sən, insansan?! – Özün bilirsən, bu həyətdə bizim babalarımız da qonşu kimi yaşayıblar, amma bir-birilərinə ziyan verməyiblər. Xahiş edirəm, bir anlaşılmazlığa görə məni vurma. Özünün həbsə düşəcəyini fikirləşirsənmi?! – Bəli, düz deyir, a kişi, həmişəlik həbsdə yatmaq istəyirsinizmi?! – deyə arvadının dediyinə cavab olaraq Qurban qəzəblə bağırdı: – Hər şey sənin üzündən oldu, axmaq qadın. Çıx gözümün qabağından. Kim mənə yaxınlaşsa, vuracağam. O sanki azğınlaşmış ayı kimi hücuma hazır dayanmışdı. Fatimənin ağlayıb yalvarmasına da qulaq asmır, Sümbülənin qorxudan huşunu itirib yıxılmasına da. O yalnız bir söz təkrarlayırdı: – Qazançamı qaytarmasan, vuracam! – Qazançan başına dəysin, Qurban. Arvadımın ürək xəstəsi olduğunu bilirsən, rəhm etmirsən?! Mən onun yanına getməliyəm, – deyə yerindən qalxan Mərufa baxaraq Qurban tətiyi çəkdi. Güllənin səsi hər yeri titrətdi. Fatimə dərhal ərinin tüfənginə yapışdı. – Nə etdin?! O öldü! İndi biz nə edəcəyik?! – deyə tüfəngi götürüb oturdu, yerindən belə tərpənə bilmədi. Məruf qan içində yerə sərilmişdi…   * * * Vilayət prokurorluğunun baş müstəntiqi Mirzayev Sabircan Səfərov Qurbanın qonşusu Fətxullayev Mərufu qəsdən ov tüfəngi ilə öldürmək cəhdi ilə bağlı cinayət işinin sənədlərinə baxaraq: – Bir qazançaya görə adam öldürüb, hə?! – deyə həmkarı Fərhada baxdı. – Bəli, mən də buna təəccüblənirəm. Məhkəmə-psixiatriya ekspertizasının rəyinə görə, ağıldan kəm deyil. – Doğrudur, ağlı başındadır, amma içkili olduğu müəyyən edilib. – Sabircan bəy, bu qazança nə qədər qiymətlidir, araşdırdınızmı? – Səfərovun arvadının dediyinə görə, əri hər zaman hansısa parlaq metaldan hazırlanmış qazançanı saxlayıb. Amma indi qazança heç yerdən tapılmır. Onların söhbətini növbətçinin zəngi kəsdi. – Səfərov Qurbanı gətiriblər, içəri buraxım? – Bəli, gözləyirik, – dedi Sabircan. Qapıdan iki mühafizəçinin müşayiəti ilə içəri boynu irəli əyilmiş, qolları ölü kimi sallanmış, etdiyi əməldən peşman olduğu sezilən, ya da elə xasiyyəti belə olan bir kişi daxil oldu, o təxminən 30-35 yaşlarında idi. Qalın qaşları gözlərinə yaxın olduğu üçün bir baxışda adamda sərt xarakterli biri olduğu təəssüratı yaradırdı. Sabircan onu başdan-ayağa süzərək oturması üçün stul göstərdi. Özünü vəkil kimi təqdim edən gənc də oturmağa dəvət olundu. Səfərovun şəxsiyyəti ilə bağlı suallara cavab aldıqdan sonra: – Yaxşı, Səfərov, de görək, qonşun Mərufu niyə vurdun? – deyə soruşdu. – Onun vəziyyəti necədir? – dedi Qurban çəkinərək. – Yaxşıkı, təsadüfən sağ qalıb, çox qan itirib, vəziyyəti ağırdır. Amma sən onu öldürmək üçün vurmusan, düzdür? – Komandir, bu kişi söhbətidir də… Ayıq olsaydım, elə bir şey edərdimmi?! – dedi Qurban gözlərini yerə dikərək. – Ən pisi odur ki, spirtli içki içib törədilən cinayət günahı daha da ağırlaşdırır. – Doğrudan? – deyə Qurban inamsız halda vəkilinə baxdı. O başını tərpədərək təsdiqlədi. – Sualıma cavab vermədiniz ki, qonşunuzu niyə vurdunuz? – deyə Sabircan sualını təkrarladı. – O babalarımdan qalan qazançanı götürdüyünü inkar etdi, onu qaytarmaq istəmədi, mən də içkili halda onu vurdum. – Bəs o dediyiniz qazançanın dəyərini dəqiq bilirdinizmi? – Yox, qiymətləndirməmişəm. Sadəcə parlaq, gözəl və qədim olduğu üçün onu qiymətli hesab edirdim, ona görə də qoruyub saxlayırdım. – Bəs o qazança indi harada? – Özüm də bilmirəm, onu böyük qazanın içərisinə qoymuşdum. Məruf isə “görməmişəm” deyir. Kim bilər, indi haradadır? – Demək, siz də onun harada olduğunu bilmirsiniz, sadəcə qonşunuzun onu gizlətdiyini güman etmisiniz, eləmi? – Hə, belədir. Amma onu başqa kim götürə bilərdi ki? Qazanın içində olduğunu heç kim görməyib. Qurbanı aparandan sonra Sabircan fikrə getdi. Bu qədər qalmaqala səbəb olan qazança harada ola bilər? Mərufun evində olmadığı aydın idi, çünki onun arvadı qazanın qapağını açıb baxdığını, içində heç nə olmadığını and içərək deyirdi. Üstəlik, əgər qazança Mərufda olsaydı Qurban tüfəngini ona tuşlayanda geri verərdi. Sabircanın qazançanı tapmaq marağı daha da artdı. – Fərhad, səncə, o qədim qazança harada ola bilər? Onu kimsə götürüb. – Bilmirəm və bu barədə düşünmək belə istəmirəm, çünki ən vacibi odur ki, şübhəli şəxs artıq günahını boynuna alıb. Cinayətin açılması üçün heç bir çətinlik çəkmədik, buna da şükür, – dedi Fərhad kompüterdə nəsə yazaraq. – Sənə sahibinin uğrunda adam öldürməyə qədər getdiyi qazançanı görmək belə maraqlı deyil mi? – Bilirsinizmi, Sabircan bəy, indi yeganə istəyim evə gedib rahat yemək yemək və sonra doyunca yatmaqdır. Heç bir qazança məni maraqlandırmır, – deyə Fərhad kompüterini söndürməyə başladı. – Mən isə işi məhkəməyə təqdim etməmişdən əvvəl o qazançanı tapmağa çalışacağam. – Halbuki, onun varlığının işə heç bir aidiyyəti yox… – Bəli, amma illərdir mehriban qonşu olmuş iki ailənin səbəbsiz yerə düşmən olmasına imkan verməməliyik. – Əlbəttə, bu sizin işinizdir. Hər halda, məni buna qatmayacağınızı ümid edirəm. – Hansı mənada? – deyə Sabircan soruşdu çaşqınlıqla. – Necə yəni hansı mənada? Düz mənasında. Məsələn, mən bu gün işdən vaxtında çıxıb ailəmlə birlikdə olmaq istəyirəm. Hər hansı qədim qazançaya görə başımı ağrıtmaq fikrim yoxdur, – deyə Fərhad yerindən qalxaraq getməyə hazırlaşdı. – Deməli, məsələ buradadır, yaxşı, gedə bilərsən. Amma mən o qazançanın haraya yoxa çıxdığını tapmadan sakitləşməyəcəm. – Yaxşı, sağ olun, – deyə Fərhad çıxıb getdi. Fərhad gedəndən sonra Sabircan ayağa qalxıb otaqda gəzişməyə başladı. Nə qədər fikirləşsə də, qazançanı kimin götürdüyünü tapa bilmirdi. Oturub bu cinayət işi üzrə sorğu-sual edilən hər kəsin ifadələrini yenidən oxudu, amma heç bir nəticə əldə edə bilmədi. Saatına baxdı, artıq gec olduğunu görüb stolunu yığışdıraraq evə yollandı.   * * * Səfərovun adam öldürməyə cəhd cinayəti ilə bağlı istintaqın bütün xırda detalları və rəsmi prosedurlar tamamlanmış, işi məhkəməyə göndərmək vaxtı çatmışdı. Sabircan sənədləri qaydaya salıb, düzülməyə hazırlaşırdı ki, Fərhad içəri girdi. – Salam, Sabircan bəy. Mənə də iş saxlamısınız yoxsa hamısını özünüz bitirmisiniz? – deyə içəri girib soruşdu zarafatla. – Bu gün məhkəməyə göndərəcəyik, – dedi Sabircan. – Məruf bəyin vəziyyətinin yaxşılaşdığını dünən sizə demişdim? – deyə soruşdu Fərhad. – Hə, özüm də xəstəxanaya zəng edib maraqlandım. Dedilər ki, iki-üç günə evə buraxacaqlar. – Baxın, bir köhnə qazançaya görə ölüb gedəcəyinə az qalıb. – Qurban özünün zadəganlardan olduğunu dostuna sübut etmək üçün qətl törətməyə belə hazır idi. – Maraqlıdır, bunu sübut etməyə nə ehtiyac var idi ki? – deyə Fərhad çiyinlərini çəkdi. – Bir müdrik insan demişdi ki, insanlarda var-dövlətə və zadəganlığa meyl yalnız qəbirdə sona çatır. Görəsən, bu sözləri deyəndə necə haqlı olduğunu bilirdi? – deyə Sabircan əlindəki sənədləri stolun üstünə qoydu. – Əlbəttə, bilməsə, deyərdimi? Bilirsinizmi, Sabircan bəy, indi limonlu çay içək, – deyə otağına tərəf getdi. Fərhad əlində bir limon tutaraq içəri qayıdanda Sabircan ona baxıb soruşdu: – Bu təzəcə dərilmiş limonu haradan tapdın? – Öz qış bağçamızdan oğurlayıb gətirdim. – Niyə “oğurlayıb” deyirsən? Sadəcə dərib çıxmaq da olardı axı. – Qış bağçasına yalnız atam baxır, oradakı bitkilərə toxunmağa heç kimə icazə vermir. Mən də ora bəzi hallarda baş çəkirəm. Səhər atam dedi ki, limon ağacında on dörd meyvə var, heç kim onlara toxunmasın. Mən də çoxdan ora girmədiyimi xatırlayıb baxmağa getdim. Gördüm ki, yazıq ağac meyvələrinin ağırlığından əyilib. Dərhal birini qoparıb cibimə qoydum. – Onda mənim limonlu çayıma da şəkər əlavə et, – deyə Sabircan gülümsədi. – Əlbəttə, şəkərsiz çay olar? – deyə Fərhad iki çay qaşığı şəkər əlavə etdi. Sabircan çaydan bir qurtum alıb: – Təşəkkür edirəm, Fərhad, əla çaydır. Deyəsən, qış bağçasına girib belə “oğurluq” etməyə davam etsən, pis olmaz, – dedi. Fərhad dünənki futbol oyunu haqqında danışmağa başladı. – Necə də mən dediyim kimi oldu, Real Madrid qazandı! Qardaşım Barcelona qalib gələr deyə ümid edirdi, amma mərcdə uduzdu. Sabircan çay fincanını stolun üstünə qoyaraq: – Yoxsa mənim düşündüyüm kimidir? Bəli, başqa cür ola da bilməz, – dedi. – Siz də belə düşünürdünüz? – deyə Fərhad maraqlandı. Amma Sabircan onun sözlərinə əhəmiyyət verməyərək telefona zəng etməyə başladı. Fərhad o an başa düşdü ki, Sabircan onu eşitmir və xəyali başqa yerdədir. – Alo, bu Səfərov Qurbanın evidir? – Bəli, sizə kim lazımdır? – telefondan qadın səsi eşidildi. – Siz Səfərovun həyat yoldaşısınız? – Bəli. – Mən istintaqçı Mirzayevam. – Aman Allah, ərimə nə oldu?! – Narahat olmayın, hər şey qaydasındadır. Mən oğlunuz haqqında soruşmaq istəyirdim. – Nəyi soruşmaq istəyirsiniz? – Bildirmişdiniz ki, iki oğlunuz var. Deyin görüm, oğullarınız neçənci sinifdə oxuyurlar? – Biri məktəbdə altıncı sinifdə, digəri rayon mərkəzindəki liseydə ikinci kursda oxuyur. – Böyük oğlunuz hansı ixtisas üzrə liseydə təhsil alır? – Tarix ixtisası üzrə. Niyə soruşursunuz? – Tarix deyirsiniz… – Yoxsa Sultan nəsə pis iş görüb? Açıq danışın. – Xeyr, sadəcə, ondan kiçik bir şey soruşmaq istəyirdim. – O dərsdə olmalıdır, evimiz uzaq olduğu üçün yataqxanada qalır. Amma sabah istirahət günü olduğuna üçün belki bu gün evə gələcək. Allah qoysa, günortaya yaxın evdə olar. – Yaxşı, onda ona heç nə deməyin, mən sonra zəng edərəm, – deyə Sabircan telefonu yerinə qoydu. Fərhad təəccüblə soruşdu: – Başa düşmürəm, Səfərovun yetkinlik yaşına çatmamış oğlundan nə soruşmaq lazımdır? Axı cinayət işini tamamlamışıq. – Mən dedim axı, o qədim qazançanı kimin götürdüyünü tapmadan sakitləşməyəcəm. – Sabircan bəy, artıq boş yerə əziyyət çəkmək niyə lazım? Birincisi, o uşaq yetkinlik yaşına çatmayıb, ona görə də onu pedaqoqun iştirakı ilə dindirilməlidir, bu isə əlbəttə ki, mənim üzərimə düşəcək. İkincisi, cinayət işi hazırdır, sənədlər toplanıb, indi o uşağın ifadəsinə görə işi pozub yenidən sənədləri düzəltməliyik, – dedi Fərhad narazı olaraq. – Narahat olma, mənim soruşmaq istədiyim sual sadəcə Səfərovun ailəsi ilə bağlıdır. – Bağışlayın, Sabircan bəy, amma bəzən sizi başa düşə bilmirəm. – Məsələn? – Doğrudur, siz mürəkkəb və çətin işləri həll etməkdə ustasınız, amma asanlıqla həll olunacaq məsələləri niyə çətinləşdirirsiniz? – Amma illərdir qonşu olmuş iki ailənin arasındakı anlaşılmazlığı həll etmək çətinləşdirmək deyil. – Səfərov bu məsələni artıq həll edib, indi onlar bir-birinə düşmən olub qalıblar axı. – Bəlkə də elədir, ancaq Mərufun ailəsinə oğru damğasının səhv vurulması yaxşı deyil. – Bilmirəm, bilmirəm, mən qalan işimi tamamlamalıyam, – deyə Fərhad yerindən qalxdı. Günortadan sonra Sabircan Səfərovun evinə zəng etməyi düşünərkən, birdən xidmət telefon zəng çaldı. – Eşidirəm, – dedi Sabircan dəstəyi qaldıraraq. – Bir qadın oğluyla sizin yanınıza girmək istəyir, çağırmışdınızmı? – deyə soruşdu növbətçi. – Hansı işlə bağlıdır? – Səfərovayam, deyir, məncə ərinin işi ilə əlaqədar gəlib. – Yaxşı, girsin. Qapıdan içəri daxil olan qadın salamlaşdıqdan sonra: – Mən Sultana sizin zəng etdiyinizi dedikdən sonra, özü müstəntiqin yanına getməliyəm, hər şeyi orada danışacağam, deyib yola düşdü, mən də onunla gəldim, – dedi. – Bəs, Sultan, mənə nə demək istəyirdin? – deyə soruşdu Sabircan atasına bənzəyən, özünü günahkar hiss edən, yerə baxan 15-16 yaşlı oğlana baxaraq. O: – Hər şey mən səbədən oldu… – deyə söhbətə başladı. – Gəl, əvvəl yaxşıca otur, – deyə Sabircan ona stul göstərdi. Sultan oturduqdan sonra Sabircana baxdı. – İndi tələsmədən, başdan danış, o qazançanı niyə götürdün, hər şeyi danış. – Siz bunu bilirdiniz?! – deyə Sultan heyrətlə Sabircana baxdı. – Hə, hiss etmişdim. – Bizim liseydə tarix muzeyi yaradıldı. O zaman müəllimimiz bizə dedi ki, əgər evlərinizdə babalarınızdan qalmış köhnə əşyalar varsa, gətirin, muzeydə nümayiş etdirək və hansı əsrə aid olduğunu qeyd edək, – deyə Sulton sükuta qərq oldu. – Sonra nə oldu? – dedi Sabircan. – Anbarxanamızda köhnə qazança gördüm. Atamın onu babalarımızdan qalan yadigar kimi saxladığını bilirdim. Onu atamdan soruşub, sonra liseyə aparmaq istəyirdim, ancaq atamın icazə verməyəcəyindən qorxduğum üçün heç kimdən soruşmadan götürdüm. – Qazança harada idi? – O həmişə böyük qazanın içində olurdu, oradan götürdüm. Müəllimimiz onun iki əsr əvvəl hazırlanmış qədim qazança olduğunu müəyyənləşdirdi. – Bəs sən bu barədə valideynlərinə niye demək istəmirdin? – Mən hər həftə sonu evə gəlirəm, ona görə də bir həftə sonra gələndə hər şeyi atama deyəcəkdim, ancaq gəlsəm … – Gəldin ki, atan qazançaya görə qonşunu vurub, bunu eşidəndə heç nə demədin? – Mən qorxdum, o səbəbdən… – deyə Sultan göz yaşlarını saxlamağa çalışdı. – Bunu mənə desəydin, oğlum, heç olmasa telefonda açıq danışsaydın, bu hadisələr baş verməzdi, – deyə ağladı Fatimə. – Hər şeyə mən günahkaram, buna görə atamın yerinə məni həbs edin! – deyə Sultan artıq göz yaşlarını gizlətmədən, hönkür-hönkür ağladı. – Bunun imkanı yoxdur, ancaq bu sözlərini Məruf qardaşına desən, ondan üzr istəsən, bəlkə bir az yüngülləşərdi, çünki o çox əziyyət çəkir. – Qonşularımız Məruf da, həyat yoldaşı Sümbüləy də çox yaxşı insanlardır. Məruf ölümün bir addımlığından qayıtsa da, qonşumuz Qurbana qarşı heç bir iddia və dava etmədiyini deyir. – Hə, yaxşı insan imiş. – Əvvəl qazançanı götürdükdən sonra, günah məndədir deyə düşünərək belə danışır, zənn etmişdim, ancaq sonra başa düşdüm ki, o yazığın heç bir günahı yoxdur. – Bəs sən, Sultan, o qazançanı müəlliminlə birlikdə bura gətirə bilərsənmi? – dedi Sabircan. – Bəli, ancaq atama yüngüllük etməniz üçün mən nə etməliyəm? – Mən heç nə edə bilmərəm, ona hansı cəzanın veriləcəyini yalnız məhkəmə həll edəcək, – deyə Sabircan onlarla bildirdi sağollaşaraq. İki gün sonra müəllimi ilə birlikdə qazançanı gətirən Sulton Sabircanın otağına girdi. Qazançanı əlinə alıb ona baxarkən: – Siz bu qazançanı mütəxəssisə göstərmisinizmi? – deyə Sabircan Sultanin müəllimindən soruşdu. – Yox, mən özüm qazançaya çəkilmiş şəkillərə, onun naxışlarına, hazırlanmasına baxaraq təxminən iki əsr əvvəl düzəldilmiş qazança olduğunu qeyd etdim. Ancaq yenə də onu bir dəmirçi ustasına göstərməli olduğumu düşünürdüm, – deyə qadın özünü müdafiə elədi. – Fərqinə vardınızmı, bu kiçik qazançada heç vaxt yemək bişirilməyib? Məncə, bunu adi qazança adlandırmaq olmaz. – Sabircan qardaş, çağırılan mütəxəssis gəldi. O məşhur qazançanın nədən hazırlandığını dəqiq deyə biləcək. Axı belə deyirlər ki, “çəpələyi kəssə də qəssab kəssin”, – dedi Fərhad. Sabircan qazançanı mütəxəssisə uzadaraq: – Qazançaya istifadə olunan metalın tərkibini tez bir zamanda müəyyən edib, bizə bildirin, – deyə bir vərəq uzatdı. Mütəxəssis vərəqə imza atıb dedi: – Bəli, əlbəttə, ancaq əvvəlcədən deyə bilərəm ki, bu qazança əsasən qiymətli metaldan hazırlanıb. – Deməli, atam düz deyirmiş, – dedi Sultan. – Atan nə demişdi? – deyə Sabircan Sultanin nə demək istədiyini dinləməyə çalışdı. – O həmişə deyirdi ki, mənim ata-babalarım zadəgan olub və belə qiymətli qazançada yemək bişiriblər. – Bilirsənmi, Sultan, ata-babalarının zadəgan olduğunu nə qədər desən də, bunu sübut edə bilməzsən. Məncə, buna ehtiyac da yox. Sənin hərəkətin, cəmiyyətdə tutduğun yer, insanların sənə verdiyi dəyər – bunlar sənin nəsil-kökünə də aid hesab olunur, – dedi Sabircan. – Tamamilə doğrudur, Sabircan bey. Hamıya icazə verirsiniz? – deyə Fərhad soruşdu. – Hə, icazə verildi. Sabircan və Fərhad yeni təyin olunmuş istintaq şöbəsinin rəisi haqqında söhbət edərək: – Sizə deyim, Sabircan bey, Fazil beydən qurtulduğuma görə bir ziyafət verəcəyəm. Axı o məni lap bezdirmişdi! Hər addımımı yoxlayırdı. Heç başa düşə bilmirəm, mənim harada oturmağım ona nə fərq edir ki? İşimi vaxtında görsəm, bəs deyilmi?! – dedi Fərhad. – Ancaq unutma ki, Fazil bey prokurorluq sistemindən getməyib, sadəcə vəzifəsi yüksəlib. Bu o deməkdir ki, yenə də onun nəzarətində olacaqsan, – deyə gülümsədi Sabircan. – Yox e, vəzifəsi yüksəlibsə, işi də çoxalacaq. Məncə, məni unudub, öz halıma buraxar, – dedi Fərhad. Bu anda gözlənilmədən qapıdan Fazil bey içəri daxil oldu. Fərhad və Sabircan bir-birlərinə baxaraq ona salam verdilər. O əlindəki bir vərəqi Sabircana uzadaraq: – Afərin, Sabircan. Buyurun, baxın, sizin marağınız sayəsində mütəxəssislər müəyyən ediblər ki, o köhnə qazança saf platindən hazırlanıb. Bilirsinizmi, bu nə deməkdir? Dövlətimizin xəzinəsinə düz üç yarım kilo qiymətli metal əlavə olundu, – dedi. – Eləmi?! – dedi Sabircan vərəqə göz gəzdirərək. Fazil beyin gözü Fərhada sataşdı: – Ay oğlan, öz yerində oturacaqsanmı, yoxsa hamının başını qatıb boş-boş danışmaqda davam edəcəksən?! Tez otağına get, – dedi sərt tərzdə. – Eyvah… – deyə Fərhad otaqdan çıxdı.  Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan

Hamısını oxu
“Prezidentin “təhlükəsizliyimizin qarantı biz özümüzük” ifadəsi gücümüzün və birliyimizin göstəricisidir”

Cəlil Xəlilov: “Bu şüar bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir”  “Prezident İlham Əliyevin Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirdiyi “bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz” ifadəsi gücümüzün və birliyimizin göstəricisidir”.  Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu ifadə dövlətimiz və ordumuz ətrafında sıx birləşməyin nə qədər zəruri olduğunu göstərir:  “Dövlət başçısı tərəfindən irəli sürülən və 44 günlük Vətən müharibəsində praktiki şəkildə öz əksini tapan bu fikir çox böyük həqiqəti ifadə edir. Vaxtiylə üzləşdiyimiz işğal problemi və bu problemdən öz hərbi gücümüz hesabına xilas olmağımız təhlükəsizliyimizin qarantının həqiqətən də yalnız özümüz olduğunu isbatladı. Prezidentimiz bu böyük həqiqəti Kəlbəcər rayon sakinləri ilə görüşündə bir kəs daha yada salmaqla, bundan sonra da güclü qalmağımızın, özümüzü inkişaf etdirməyimizin vacibliyinə diqqət çəkdi. “Təhlükəsizliyimizin qarantı biz özümüzük” ifadəsi bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir. Bu şüar bizə xatırladır ki, özümüzdən başqa istinad edəcəyimiz, söykənəcəyimiz heç nə yoxdur. Buna görə də biz bütün gücümüzü və səyimizi dövlətimizin və Ordumuzun daha da güclənməsinə sərf etməli, Prezidentimizin hər bir çağırışını əməli şəkildə, çox böyük məsuliyyət hissi və vicdanla yerinə yetirməliyik. Unutmamamlıyıq ki, daha təhlükəsiz Azərbaycana gedən yol daha güclü Azərbaycandan keçir. Bunun üçün isə bizim öz üzərimizə düşən vəzifə və öhdəlikləri qüsursuz şəkildə yerinə yetirməyimiz vacibdir”. Polkovnik vətəndaşlarımızın öz ayıq-sayıqlığını qorumasının zəruriliyinə də diqqət çəkdi: “Prezident çıxışında Ordumuzun modernləşdirilməsi prosesinin bu gün də davam etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan müasir PUA və artilleriya sistemləri alıb, eləcə də ölkəmizə yeni, modern döyüş təyyarələrinin gətirilməsi ilə bağlı müqavilələr imzalanıb. Bütün bunlar Azərbaycanın təhlıükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından atılan mühüm addımlardır. Biz də istər fərd, istərsə də cəmiyyət olaraq daim ayıq-sayıq olmalı, istənilən təhdid və təhlükə qarşısında çevik şəkildə birləşməyi, bir yumruğa çevrilməyi bacarmalıyıq. Yalnız bu şəkildə - Prezidentimizin, dövlətimizin və Ordumuzun ətrafında sıx birləşməklə öz təhlükəsizliyimizi təmin etməyimiz, daha böyük uğurlara nail olmağımız mümkündür”. Seymur ƏLİYEV

Hamısını oxu