Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir

Vətəndaşlar anlamalıdır ki, azad edilmiş ərazilərə qeyri-qanuni səfərlər onların həyatı üçün böyük təhlükədir Ermənistanın vaxtilə işğalda saxladığı ərazilərdə basdırdığı minaların xəritəsini hələ də Azərbaycana verməməsi son vaxtlar ən çox narahatlıq doğuran məsələlərdən biridir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində bu və digər məqamlara toxunub. O, qeyd edib ki, 2020-ci ilin 10 noyabr Bəyanatından aylar ötsə də, Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyib. Rəsmi İrəvanın bu addımı onun öz məkrli niyyətlərindən hələ də əl çəkməməsi, regionda sülh və təhlükəsizlik üçün təhdid mənbəyi olaraq qalmaqda davam etməsi kimi dəyərləndirilə bilər. Ermənistanın minalanmış ərazilərin xəritəsini bu günədək Azərbaycana verməməsi, müxtəlif bəhanələr bundan imtina etməsi rəsmi İrəvanın məkrli niyyətlərindən xəbər verir. Bu faktın özü göstərir ki, Ermənistan regionda sülh və əmin-amanlığın bərqərar olmasında maraqlı deyil. Məhz buna görə də minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesini süni şəkildə əngəlləməyə, istər hərbçilərimiz, istərsə də mülki insanlarımız arasında tələfatların yaşanmasına çalışır. Hərb meydanında məğlub olan, açıq döyüşdə darmadağın edilən Ermənistan indi bu kimi rəzil vasitələrə Azərbaycana itkilər verməyə cəhd göstərir. Lakin Ermənistan unudur ki, regionda sülhün, təhlükəsizliyin bərqərar olması daha çox onun özü üçün gərəklidir. Çünki 44 günlük Vətən müharibəsində Ermənistan, sadəcə, hərbi baxımdan ağır itkilərlə qarşılaşmadı. Həm də onun bütün iqtisadiyyatı sıradan çıxdı. Ermənistanda sosial vəziyyət fəlakətli həddə çatdı və hazırda da son dərəcə ağırdır. Odur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməklə daha çox özünə kömək eləmiş olar. Regionda sülh və təhlükəsizlik olmadan hansısa inkişafın baş verməsi mümkün deyil. Polkovnik deyib ki, Ermənistanın bu günədək minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsinin başlıca səbəblərindən biri də beynəlxalq təşkilatların bu istiqamətdə lazımi fəallıq göstərməməsidir. Əgər beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistana bu məsələdə lazımi təzyiq göstərsə, o zaman rəsmi İrəvan bu xəritələri Azərbaycana verməyə məcbur qalardı. Ancaq təəssüflər olsun ki, bu gün nə beynəlxalq təşkilatlar, nə də aparıcı dövlətlər Ermənistanın minalanmış ərazilərin xəritəsini ortaya çıxarmamasından narahat deyil. Uzun illər torpaqlarımızın işğal altında qalmasını seyr edən təşkilatlar, böyük dövlətlər bu gün də Ermənistanın bu cinayətini, bu təxribatını laqeydliklə müşahidə edir. Məhz beynəlxalq qınaq və təzyiqin olmaması Ermənistanı öz təxribatını davam etdirməyə, yəni minalanmış ərazilərin xəritəsini verməməyə həvəsləndirir. Beynəlxalq təşkilatlar bu məsələdə susqunluğa son qoymalı, Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə məcbur etməlidir, bu istiqamətdə addımlar atmalıdır. Çünki Ermənistanın bu addımı həm də beynəlxalq hüquq və insan haqları ilə ziddiyyət təşkil edir. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyətini və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işini yüksək qiymətləndirirəm. ANAMA bu sahədə ixtisaslaşan, sadəcə, ölkəmizdə deyil, onun hüdudlarından kənarda da uğurla fəaliyyət göstərən, dünyada təhlükəsizliyin bərqərar olmasında, mina təhdidlərinin ortadan qaldırılmasında mühüm rol oynayan, bu sahədə böyük əmək sərf edən bir qurumdur. Agentliyin zərərsizləşdirdiyi hər mina ən azı bir vətəndaşımızın həyat və sağlamlığının qorunması deməkdir. Bu baxımdan, hər birimizin ANAMA-ya təşəkkür və minnətdarlıq borcumuzun olduğu birmənalıdır. Artıq bir neçə aydır ki, bu təşkilat işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görür. Məhz agentliyin xidməti sayəsində çoxlu sayda mina zərərsizləşdirilib, müəyyən yollar, ərazilər minadan təmizlənib. Lakin ANAMA-nın əlində minalanmış ərazilərin dəqiq xəritəsi olmadığı üçün, proses lazımi sürətlə getmir. Halbuki, bu xəritələr olsa, o zaman prosesi daha qısa zamanda başa vurmaq, bütün minaları daha az zaman kəsimində zərərsizləşdirmək mümkün olar. “İşğaldan azad edilmiş ərazilər minalardan tam təmizlənməyib. Buna baxmayaraq, bəzi vətəndaşlar qeyri-qanuni şəkildə işğaldan azad edilmiş ərazilərə keçməyə çalışır. Dəfələrlə belə şəxslər polis əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb və müvafiq qaydada məsuliyyətə cəlb edilib. Təəssüflər olsun ki, bəzi vətəndaşlar hələ də anlamır ki, işğaldan azad edilmiş ərazilərə qeyri-qanuni yollarla səfər etmək onların həyatı üçün təhlükəlidir. Dövlətimiz belə səfərlərin qarşısını almaqla məhz vətəndaşların həyatını qorumağa çalışır. Vətəndaşlarımız da bunu anlamalı, işğaldan azad edilmiş ərazilərə qeyri-qanuni səfərlərin onların həyatı üçün təhlükəli olduğunu və fəsadlara səbəb ola biləcəyini dərk etməlidir. Hər bir vətəndaşın həyatı dövlətimiz üçün qiymətlidir və işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində atılan hər bir addım da məhz vətəndaşlarımızın təhlükəsizliyinə hesablanıb”, - deyə Cəlil Xəlilov qeyd edib. Polkovnik vurğulayıb ki, aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Fürsətdən istifadə edərək, Azərbaycanın minalardan əziyyət çəkən ölkə olaraq narahatlığını bir daha dünya ictimaiyyətinə çatdırmağı lazım bilirik. 2005-ci ildə BMT Baş Məclisində elan edilən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü BMT və beynəlxalq təşkilatların köməyi ilə dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina probleminə qarşı mübarizənin daim davam etdirilməsinə çağırır. Hazırda belə bir problemlə üz-üzə qalan Azərbaycan beynəlxalq təşkilatların müvafiq köməyini gözləməkdə tam haqlıdır.

2021-04-04 00:00:00
3376 baxış

Digər xəbərlər

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

28 mart - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanları əməkdaşılarının peşə bayramı ilə əlaqədar "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Fəxri Xiyabanda təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər. Veteran.gov.az "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sosial şəbəkədəki hesabına istinadən xəbər verir ki, Ümummilli Liderin məzarı önünə əkil və gül dəstələri qoyulmuş, əziz xatirəsi anılmışdır. Daha sonra tədbir iştirakçıları görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər. Tədbirdə çıxış edən natiqlər general-mayor Heydər Əliyevin yüksək peşəkarlıqla keçirdiyi əməliyyatlar, onun rəhbərliyi dövründə təhlükəsizlik orqanlarının nailiyyətləri, o cümlədən Ulu Öndərin göstərişi ilə peşəkar azərbaycanlı kadrların hazırlanması istiqamətində görülmüş işlər haqda danışmışlar. Məlumat üçün qeyd edək ki, ziyarətdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, həmçinin, millət vəkili Arzu Nağıyev də iştirak edib. Seymur ƏLİYEV    

Hamısını oxu
“2022-ci ilin “Şuşa İli” elan edilməsi tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza verilən qiymətdir”

Məşhur Məmmədov: “Bu, həm də ərazi bütövlüyümüz uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizə olan ehtiramın göstəricisidir”   Məlum olduğu kimi, Prezident İlham Əliyev cari ilin 5 yanvar tarixində 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Şuşanın Azərbaycan üçün həyati önəminə, qısa müddət ərzində  mədəniyyət paytaxtında aparılan quruculuq işlərinə, habelə Şuşanın Azərbaycan xalqı üçün mədəni-mənəvi əhəmiyyətinə diqqət çəkilib.   2020-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib:   “2022-ci ilin “Şuşa İli” elan edilməsi mədəniyyətimizin, onun tarixinin və zənginliyinin bütün dünyada tanınmasına böyük töhfə verəcək. Bu Sərəncam hər şeydən öncə xalqımızın, dövlətimizin mədəniyyətə, mədəni dəyərlərə verdiyi önəmi göstərir. “Şuşa İli” çərçivəsində biz sadəcə öz qədim, zəngin mədəniyyətimizi təbliğ etməyəcəyik. Biz həm də erməni faşizminin işğal dönəmində qədim mədəniyyət şəhərində törətdiyi vəhşilikləri də ifşa edəcəyik. Bütün dünyaya göstərəcəyik ki, Ermənistan işğal dönəmində ümumbəşəri dəyərlərə qarşı necə böyük cinayətlər həyata keçirib.   Prezidentin 2022-ci ili Şuaş ili elan etməsi həm də Şuşanın bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bu Sərəncam göstərir ki, Şuşa hər bir azərbaycanlı üçün son dərəcə əziz və doğmadır.   Mən bu Sərəncamı həm də Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizə verilən yüksək qiymət hesab edirəm. Bildiyiniz kimi, hərbçilərimiz Şuşanın azad edilməsində xüsusi qəhrəmanlıq göstərmiş, sərt, sıldırım qayaları dırmaşaraq düşməni qarşı yüngül atıcı silahlar və yalın əllə məğlub etmişdir.   Bu baxımdan 2022-ci ilin “Şuşa İli elan edilməsi bir çox baxımdan əhəmiyyətlidir. Dövlət başçısının məlum Sərəncamı və bu Sərəncamdan irəli gələn vəzifələrin icrası doğma Şuşamızla bağlı həqiqətlərin beynəlxalq aləmdə geniş şəkildə yayılmasına təkan verəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Dünya azərbaycanlılarına

Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram. Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir. Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. Nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır. Mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcəkdir. Sizə bu yolda möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatınızda səadət və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!     İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2017-ci il.

Hamısını oxu
AZCON Holdinqin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar AZCON Holdinqin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.  Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.  

Hamısını oxu