Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dünya azərbaycanlılarına

Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram. Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir. Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. Nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır. Mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcəkdir. Sizə bu yolda möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatınızda səadət və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!     İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2017-ci il.

2017-12-29 00:00:00
1868 baxış

Digər xəbərlər

General Əli Nağıyevdən həmkarlarına çağırış: Təhlükəsizliyin “Azərbaycan modeli” qlobal xilas yolu kimi...

DTX rəisinin beynəlxalq tədbirdəki çıxışı böyük maraq və təqdirlə qarşılanıb Xəbər verdiyimiz kimi, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib. Tədbirdə təhlükəsizliklə bağlı mövcud problemlərə toxunan general Əli Nağıyev, bu problemlərlə mübarizə üsullarından da bəhs edib, bununla bağlı konkret təkliflər səsləndirib. General bildirib ki, beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlərə qarşı ən effektiv mübarizə üsulu qarşılıqlı əlaqələri gücləndirmək, əməkdaşlıq səylərini artırmaqdır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman öz çıxışlarında beynəlxalq aləmdə sülh və təhlükəsizlikə bağlı artan təhlükələrə qarşı mübarizənin ən effektiv yolunun qlobal həmrəylik və əmədkaşlıq olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, məhz birgə səylər, səmimi əməkdaşlıq və ciddi həmrəylik dünyamızı təhdid və təhlükələrdən hifz edə, sülh və sabitliyi təmin edə bilər. Bu gün dünyamızda baş verən problemlərin milli sərhədləri aşması, qlobal  arakter alması faktı sübut edir ki, həqiqətən də məlum problemlərlə mübarizənin ən effektiv yolu beynəlxalq əməkdaşlıq və həmrəylikdir. Prezident İlham Əliyevin müəllifi olduğu təhlükəsizliyin “Azərbaycan modeli” bu gün müharibə, münaqişə və terrordan əziyyət çəkən dünyamız üçün yeganə xilas yoluna çevrilib. Hansı ki, general Əli Nağıyev beynəlxalq tədbirdəki çıxışında məhz bu faktora diqqət çəkib, həmrəylik və əməkdaşlıq zərurətinin hər ötən gün artdığını vurğulayıb. Onu da qeyd edək ki, Azərbaycan dövləti beynəlxalq terrorizmə qarşı mübarizədə daim xüsusi aktivlik nümayiş etdirib, digər dövlətlərin anti-terror səylərini dəstəkləmək, bu mübarizədə yaxından iştirak etməklə qlobal sabitliyə böyük töhfələr verib. Lakin bu gün beynəlxalq terrorizmə qarşı mübarizədə daha ciddi nəticələrin əldə edilməsi üçün Azərbaycanın əməkdaşlıq səylərinin digər dövlətlər tərəfindən daha miqyaslı dəstəklənməsinə ehtiyac var. Bu baxımdan DTX rəisi Əli Nağıyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında böyük maraqla qarşılanan çıxışı bu coğrafiyada terrorizmə qarşı mübarizədə yeni bir mərhələnin başlanğıcı ola bilər. Bunun üçün üzv dövlətlərin bu çağırışdan lazımi nəticələr çıxarması, terrorizmə qarşı mübarizədə həmrəylik və əməkdaşlıq səylərini artırması kifayətdir. Seymur ƏLİYEV

Hamısını oxu
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxaq Mərkəzin Bakı ofisində görüş keçirilib

Bir müddət əvvəl bir qrup vətəndaş cəmiyyəti institutları tərəfindən təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının dövlət qurumları və beynəlxalq təşkilatlarla işgüzar görüşləri davam edir. Bu dəfə Platforma üzvləri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) Bakı ofisinin təmsilçiləri ilə görüşüblər. Görüşdə bildirilib ki, Miqrasiya Əməkdaşlıq Platforması miqrasiya fenomeninin müxtəlif istiqamətlərində daha aktual olan məsələlərin mövcud reallığa uyğun dəyərləndirilməsi, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvür formalaşdırılması və həllinə səbəb olacaq təkliflər paketinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə yaradılıb. Vətəndaş cəmiyyəti institutları arasında miqrasiya sahəsində koalisiyanın yaradılmasını müsbət hal kimi dəyərləndirən Mərkəzin Bakı ofisinin rəhbəri Səltənət Məmmədova bu ictimai təsisatla əməkdaşlıqda maraqlı olduğunu ifadə ediblər. Xüsusilə vurğulanıb ki, Azərbaycanda yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslər arasında keçirilən maarifləndirmə və məlumatlandırma tədbiləri, miqrant kateqoriyasına aid şəxslərin reinteqrasiyası üçün icra olunan proqramlar, həmçinin miqrasiya sahəsində təşkil olunan təlim və seminalarda qarşılıqlı iştirak və təmsilçilik tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradacaqdır. Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin inkişafında ümumi səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə həyata keçirilən təşəbbüslərdə birgə fəaliyyətin əməkdaşlıq çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb.    

Hamısını oxu
Gənc və köhnə nəsil arasında mənəvi bağ

Hamısını oxu
Bir qrup hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər. https://president.az/articles/49682?fbclid=IwAR0QREgqQZgL_-RrPwcCUIXHmxFGf-ps88OYF730jApe0wPhZtIZDX9ZE2M

Hamısını oxu