Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının bugünə qədər reallaşmamasına səbəb rəsmi İrəvanın işğal siyasəti olub”

Cəlil Xəlilov: “Beynəlxalq təşkilatlar sərhədlərin delimitasiyası prosesinə öz dəstəklərini verməlidir”   Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası son günlərin ən aktual məsələlərindən biridir. Prosesslər Ermənistanın bu məsələdə də süni əngəllər yaratdığını göstərir.   Bunlarla bağlı Moderator.az-a açıqlama verən peşəkar sərhədçi və hüquqşünas, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesinin bugünə qədər reallaşmamasının günahının İrəvanda olduğunu bildirib:   “İlk öncə bildirməyi zəruri hesab edirəm ki, son vaxtlar tez-tez istifadə olunan “delimitasiya” və “demarkasiya” sözləri, mənşə etibarı ilə qədim latın dilindən götürülməklə, onlardan birincisi, “qeyd”, ikincisi isə, “ayırma” mənalarını ehtiva edir. Hüquqi baxımdan isə “dövlət sərhədi”, daha doğrusu Azərbaycan Respublikasının dövlət sərhədi - Azərbaycan Respublikası ərazisinin, buraya quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının məkan hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthi bildirir. Dövlət sərhədlərimiz Azərbaycan Respublikasının dövlət suverenliyinin, ərazi hüdudlarını özündə birləşdirməklə, müstəqilliyimizin və suverenliyimizin mühüm atributlarından biri hesab olunur. Məlumat üçün bildirirəm ki, məsələn, Xəzər dənizinin Azərbaycana aid olan hissəsi (Azərbaycan sektoru)  Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Azərbaycan dövlətlərinin səlahiyyətli komissiyyaları tərəfindən öyrənilərək, nəhayət ki, öz müsbət həllini tapmışdır. Təəssüf ki, Ermənistanın işğal edib 30 il təsir dairəsində saxladığı, hazırda isə bir çox hissələri azad olunmuş Azərbaycan sərhədlərinin şəffaf əsaslarla bərpası, daha doğrusu delimitasiyası və demarkasiyası ətrafında lüzumsuz söz-söhbətlər, erməni vandalları tərəfindən əsassız bəhanələrlə mübahisə predmentinə çevrilmişdir. 21-ci əsr olmasına baxmayaraq bəzi erməni siyasətçiləri, dövlətin suveren atributu olan sərhədlərin dəqiqləşdirilməsinin və ya ayrılmasının son dərəcə vacib və əhəmiyyətli olduğunu dərk etmək istəmirlər.   Bu, həm də Ermənistanın özü üçün də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Qeyd etməyi vacib hesab edirəm ki, vaxtılə SSRİ tərkibində, SSRİ sərhədləri daxilində mövcud olmuş hər bir ölkə ayrılarkən öz sərhədlərini müştərək qaydada dəqiqləşdirmişdir. Sərhəd məsələsinə xüsusi önəm verən ölkəmizin müstəqillik elan etdikdən sonra vacib hesab etdiyi və qəbul etdiyi ilk qanunlardan biri də “ Azərbaycan Respublikasının Dövlət Sərhədi” haqqında 9 oktyabr 1991-ci il tarixli Qanun olmuşdur. Ötən dövrdə bu qanun və onun işləməsini təmin edən digər normativ hüquqi aktlar daha da təkmilləşdirilmiş və zəruri dövlət strukturları yaradılmışdır.   1007 km məsafəsi olan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası son vaxtların ən aktual məsələlərindən biri hesab oluna bilər.   Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının bugünə qədər reallaşmamasına səbəb rəsmi İrəvanın işğal siyasəti olub. Məhz Ermənistanın işğal siyasəti nəticəsində bu proses təxirə düşüb. Lakin 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində ordumuzun əldə etdiyi tarixi zəfər nəticəsində ərazi bütövlüyümüz təmin olunub ki, bu da sərhədlərin delimitasiya və demarkasiyasını zəruri edir. Ancaq görünən odur ki, Ermənistan hər bir işdə olduğu kimi bu məsələdə də süni problemlər və gərginliklər yaratmağa çalışır”.   Polkovnik bildirib ki, SSRİ dönəmindəki xəritə Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyən edilməsində əsas götürülməlidir:   “Əslində Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində SSRİ dönəmində hazırlanan və sovet respublikaları arasındakı sərhədləri özündə əks etdirən xəritə əsas olmalıdır. Çünki bu xəritədə sərhədlər dəqiq şəkildə öz əksini tapıb və bu gün də sərhədlərin o xəritəyə əsasən müəyyən edilməsi həm tarixi, həm də hüquqi baxımdan daha ədalətlidir. Azərbaycan tərəfi də sərhədlərin məhz bu xəritə əsasında müəyyənləşməsində maraqlıdır”.   Cəlil Xəlilovun sözlərinə görə, Azərbaycan digər ölkələrlə sərhədlərin delimitasiya məsələsini yüksək səviyyədə həyata keçirib:   “Ermənistan sərhədlərin delimitasiyası prosesini yanlış şərh edərək iddia edir ki, guya Azərbaycan tərəfi Ermənistan torpaqlarını ələ keçirməyə çalışır. Halbuki, bu proses zamanı Azərbaycan beynəlxalq qanunları, sovet dönəmindəki xəritələri, Vətən müharibəsinndən sonrakı razılaşmaları əsas tutaraq hərəkət edir.   Azərbaycan sərhədlərin delimitasiya prosesini digər qonşşu dövlətlərlə də həyata keçirib. Azərbaycan-Rusiya sərədlərinin delimitasiya prosesi bu baxımdan nümunə sayıla bilər. Bu proseslərin heç birində hər hansı gərgilik yaşanmayıb. Lakin Ermənistan tərəfi məqsədli şəkildə sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ləlngitməyə, süni problemlər yaratmağa çalışır ki, bu da rəsmi İrəvanın məkirli niyyətindən xəbər verir”.   Sədr müavini qeyd edib ki, beynəlxalq təşkilatlar da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası proesinə dəstək verməli, bu məsələdə yaxından iştirak etməlidir:   “Təəssüflər olsun ki, 30 ilə yaxın müddətdə  davam edən erməni işğalı zamanı biz beynəlxlq təkilatların işğalçı ölkəyə ciddi təzyiq və təsirinə şahid olmadıq. Halbuki, BMT-nin işğalla bağlı 4 məlum qətnaməsi beynəlxalq birliyin Ermənistana təzyiqinə hər cür imkan yaradırdı. Ancaq buna baxmayaraq, beynəlxaql təşkilatlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüquqa meydan oxuyan işğalçı dövlətə təzyiq göstərmədi. Qürur hissi ilə bildirməyi vacib hesab edirəm ki, BMT qətnamələri məhz Azərbaycan ordusu tərəfindən icra edildi, düşmən işğal edilmiş ərazilərdən qovuldu. Bu gün aktual olan məsələ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasıdır. Beynəlxalq təşkilatlar heç olmasa bu prosesə dəstək verməli, sərhədlərin delimitasiyası prosesində Ermənistanın yaratdığı əsassız, süni əngəllərə görə rəsmi İrəvana təztiq göstərməlidir. Hamı bilməlidir ki, bütün mübahisə və gərginliklər nə qədər tez ortadan qalxsa, regiona sülh və təhlükəsizlik də o qədər tez gələr. Bu isə bütün regionun maraqları, bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir”.   Seymur ƏLİYEV

2021-05-26 00:00:00
3935 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının IX plenumunda Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb və bu təklif yekdillə plenum içtirakçıları tərəfindən yekdilliklə dəstəklənib.    Plenum iştirakçıları hesab edib ki, ölkə ictimai-siyasi həyatında aktiv iştirak edən, peşəkar hərbçi və tanınmış alim olan Cəlil Xəlilovun parlamentdə təmsilçiliyi, xalqın, eləcə də müharibə və əmək veteranlarının arzu və istəklərinin parlamentdə dolğun şəkildə əks edilməsi baxımından faydalı ola bilər. Məlumat üçün qeyd edək ki, Cəlil Xəlilov yalnız Azərbaycanda deyil, MDB məkanında tanınan və böyük nüfuz sahibi olan ictimai xadimdir və onun namizədliyi birmənalı şəkildə cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənməkdədir.   Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev Türkiyəyə qarşı çıxan tərəflərə sərt mesaj ötürdü

Azərbaycan və Türkiyənin dostluq və qardaşlıq tellərinin möhkəm təməllərə söykənməsi özünü bir sıra tarixi aspektlərdən təsdiq etməkdədir. Məhz bu sarsılmaz və əbədi bağların hər birində şərəf, qürur, əzm, iradə və qətiyyətə xas olan mübarizlik tandemləri dayanır. Ümumiyyətlə, əgər biz Azərbaycan və Türkiyə münasibətlərinin ən möhkəm təməllərə söykəndiyini vurğulayırıqsa, əgər bir millət iki dövlət olaraq, regionda və dünyada baş verən proseslərə eyni çərçivədən yanaşırıqsa, beynəlxalq diplomatiya və hərbi siyasətlərimizə dəstək göstəririksə və belə bir dəstəyin digər başqa dövlətlər arasında olmadığını faktiki olaraq görürüksə, demək ki, bu bir sarsılmaz qardaşlıq amilidir. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” kəlamını ifadə edərkən, bu kəlamın kökündə qardaşlığın ən bariz nümunəsinin özünü nə qədər ali məqamda izhar etdirdiyinin bir daha şahidləri olarıq. Bəli, məhz bu kəlamın nəticəsidir ki, Çanaqqala zəfərinin (1915-16) qazanılmasında minlərlə soydaşımızın da payı var və həmin döyüşlərdə qəhrəmancasına döyüşmüş şəhidlərimiz Çanaqqaladakı qardaşlıq məzarlarında uyumaqdadırlar. Eləcə də, Azərbaycanın 1918-ci ildə üzləşdiyi siyasi böhran zamanı xalqımızın soyqırımına və ərazilərinin işğal təhlükəsi ilə qarşı-qarşıya qaldığı vaxtlarda Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını həyata keçirməsini, azərbaycanlı qardaş və bacılarını düşmən caynağından qurtarmasını xatırlatmaqla həmin tarixi həqiqətləri şərəflə ana bilərik. Bu gün Azərbaycan torpağında da minlərlə türk qardaşlarımız şəhidlik şərbəti içərək uyumaqdadırlar. Bu bir silinməyəcək taledir ki, Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur! Belə bir məqamda, Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev öz çıxışlarının birində bu gün dillər əzbəri olan tarixi kəlamını səsləndirmişdir – BİR MİLLƏT, İKİ DÖVLƏT! Ulu Öndər Heydər Əliyev: “Biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik” Bu məfhum xalqlarımızın qanına hoparaq özünü bütün məqamlarda, bütün cəhətlərdə əks etdirməkdədir. Hələ Ulu Öndərimiz Naxçıvan Muxtar Respublikanın Ali Məclisinə Sədrlik etdiyi vaxtlarda, yəni Muxtar Respublikanın blokada şəraitində olduğu zaman, Naxçıvan əhalisinin yağı düşmənlə ağır döyüşlərdə iştirak etdiyi anlarda Türkiyə ilə sərhəddə “Ümid” körpüsünün açılmasına, bunun ardınca isə sosial-iqtisadi, strateji və hərbi-müdafiə dəstəyinin əldə edilməsinə nail oldu. Bu kimi həssas bir məsələnin həmin dövrdə nə qədər çətin bir proses olduğunu isə yəqin ki, çoxları bilir. Məhz Türkiyə dövləti belə bir çətin anda öz qucağını Azərbaycana, Naxçıvana açdı və növbəti dəfə bariz qardaşlıq nümunəsini ortaya qoydu. Çünki qeyd etdiyimiz kimi, həmin qardaşlıq nümunəsi tarixlərə bağlı olan bir şərəf salmaməsinin məntiqi davamı idi. Dahi Heydər Əliyev dühası Türkiyəyə olan rəğbətini bu ifadələri ilə də tarixə yazmışdı: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”. Azərbaycan öz yanında Türkiyəni, Türkiyə isə öz yanında Azərbaycanı çiyin-çiyinə olaraq görməkdədir Bəli, bu gün də həmin nümunə uğurla davam etdirilir, Ulu Öndərimizin tövsiyələri və arzuları iki qardaş ölkə tərəfindən uğurla reallaşdırılır və hər anda özünü ən açıq şəkildə dünya birliyinə əxz etdirir. Belə ki, bu gün ölkələrimiz arasındakı birlik və bərabərlik dünyanın başqa heç bir ölkələri, dövlətləri arasında mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın timsalında qazanılan sosial, iqtisadi, hərbi-strateji və s. sahələrdəki nailiyyətlərin hər birinin kökündə tarixi bağlılıq reallığı, tarixi qardaşlıq gerçəkliyi dayanır. Azərbaycan öz yanında Türkiyəni, Türkiyə isə öz yanında Azərbaycanı çiyin-çiyinə olaraq görməkdədir. Bu gün dünyanın siyasi təlatümlərlə üzləşdiyi, toqquşan maraqların artdığı bir vaxtlarında belə bir qardaşlıq amili öz vacibliyini daha qabarıq fonda sərgiləməkdədir. Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı Haşiyə çıxaraq, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Yaponiyanın və Yunanıstanın ölkəmizə təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul etdiyi vaxt irəli sürdüyü mühüm fikirlərini bir daha xatırlatmaq yerinə düşərdi. Bildiyimiz kimi, məhz yunan səfirinin etimadnaməsini qəbul etdiyi zaman dövlətimizin başçısı ali diplomatik dəyərləri ilə qardaş Türkiyənin mövqeyinə birmənalı dəstəyini ifadə etdi. O da bəllidir ki, Türkiyə dövlətinin Şərqi Aralıq dənizi akvatoriyasında tədqiqat aparmasından narahat olduğunu bəyan edən ölkələrdən biri də Yunanıstandır. Sirr deyil ki, Türkiyə dövləti yalnız yataqlar məsələsində deyil, eyni zamanda Şimali Kiprdə yaşayan türklərin də qarantı olaraq çıxış edir. Belə olan halda, yəni bu kimi bənzər məsələlərdə qardaş ölkə ilə təhdid dilində danışmağa çalışanların cavabının Azərbaycan Prezidenti tərəfindən yüksək diplomatik tərzlə verilməsi söz yox ki, türk qardaşlarımızla birgə hər birimizi - deyərdim ki, böyük türk dünyasını qürurlandırdı. Əbəs deyil ki, Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı, bunu növbəti sarsılmaz qardaşlıq nümunəsi olaraq dəyərləndirdi. Bu məqamda haşiyənin davamı olaraq növbəti xatırlatmanı da etmək istərdim. Əslində Azərbaycanın Türkiyəyə olan bu kimi dəstəkləri daha əvvəllər də olub. Bir neçə il əvvəl - Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilən zaman ölkəmizin başçısı dərhal bəyanat verərək, Azərbaycan dövlətinin və xalqının bütün mənalarda Türkiyə dövlətinin, hakimiyyətinin və xalqının yanında olduğunu qətiyyətlə vurğuladı. Bu anda xüsusilə toxunmaq istərdim ki, sözügedən faktor yalnız iki strateji və müttəfiq ölkələr arasında əldə edilmiş rəsmi razılaşmaların göstəricisi deyil, bu eyni zamanda, iki sarsılmaz (!) qardaşlığın heç vaxt dəyişilməyəcək, əbədi qalacaq bariz nümunəsidir. Prezident İlham Əliyev Türkiyə rəhbərliyinin toplantıda iştirak etməməsindən sui-istifadə edən Ermənistan rəhbərliyini sözün əsl mənasında yerində oturtmuşdu Bu mənada, cənab Ali Baş Komandanımız İlham Əliyev ən yüksək diplomatiya məktəbinin ali nümunəsini, bənzərsiz peşəkarlığını göstərərək, Azərbaycanın Türkiyə dövlətinin yanında olduğunu bəyan etdi. O cümlədən, Türkiyəyə qarşı çıxan tərəflərə sərt bir mesaj ötürdü ki, bu məsələdə ədalətli mövqe Türkiyənindir. Yeri gəlmişkən, bir neçə il öncə cənab Prezident İlham Əliyev beynəlxalq sammitlərin birində Türkiyə rəhbərliyinin həmin toplantıda iştirak etməməsindən sui-istifadə edən Ermənistan rəhbərliyini də sözün əsl mənasında yerində oturtmuşdu. Dövlətimizin başçısı tarixi "Əgər Türkiyə burada yoxdursa, mən varam!" bəyanatını səsləndirməklə qardaş ölkəyə qarşı irəli sürülən ittihamlara qətiyyətli cavab verməklə, əslində dünya miqyaslı lider olduğunu da sübut etmişdir. Cənab Rəcəb Tayyib Ərdoğanın bəyanatı yalnız Ermənistana tərəf yönəlməmişdi... Eləcə də, ötən ay Azərbaycan xalqı Türkiyə dövlətinin növbəti qardaşlıq mücəssəməsinin şahidi oldu. İşğalçı Ermənistanın Tovuz rayonu ilə həmsərhəd ərazilərindəki təxribatçılıq əməllərinin ardınca, dərhal dövlət və ali hakimiyyət səviyyəsində bəyanatlar səsləndirən Türkiyə bu dəfə açıq-aydın olaraq tərəf (!) olduğunu vurğuladı. Cənab Rəcəb Tayyib Ərdoğanın bəyanatı yalnız Ermənistana tərəf yönəlməmişdi. Çünki söz yox ki, bu gün Ermənistanın işğalçılıq mövqeyini gizli, ya da açıq qaydada dəstəkləyən ölkələr də bu bəyanatlardan sarsıldılar. Artıq sübut olundu ki, heç bir düşmən münasibəti nümayiş etdirən qüvvə nə Azərbaycanı, nə də Türkiyəni ayrı-ayrılıqda görməyəcək! Rəsmi Bakının Ankara ilə eyni mövqeləri bölüşməsi bizi istəməyən qüvvələri nəinki narahat edir, hətta ciddi şəkildə təlaşlandırır Həmçinin, bu məqamda da qeyd etmək yerinə düşərdi ki, iki qardaş dövlət arasındakı hərbi strateji müttəfiqlik özünü bütün sferalarda təsdiq edib İllər əvvəl “Türk ulduzları” ilə “Azərbaycan şahinləri” Bakı səmasında bəzi qüvvələrə bir mesaj göndərdilər ki, artıq iki ölkə bir yumruqda birləşib və bu vahidliyi kimsə sarsıda bilməz. Ondan sonrakı illərdə ölkələrimiz arasında dəfələrlə birgə hərbi təlimlər baş tutdu. Xüsusən “Azadlıq Meydanı”nda keçirilən hərbi paradda azərbaycanlı və türk əsgərlərin eyni sırada hərbi yürüşlə keçmələri, parad zamanı iki ölkə Ali Baş Komandanlarının irəli sürdükləri nitqləri Azərbaycan-Türkiyə müttəfiqliyinin ən bariz təcəssümlərindən biri kimi ortaq tarixlərimizə yazıldı. Artıq dünyanın siyasi, iqtisadi düzəni dəyişir və xüsusilə, Qafqaz, Şərqi Aralıq, Yaxın Şərq və s. bölgələrdə yeni söz sahibləri meydana gəlib. Belə söz sahiblərindən biri də rəsmi Ankaradır. Bu xüsusda rəsmi Bakının da Ankara ilə eyni mövqeləri bölüşməsi söz yox ki, bizi istəməyən qüvvələri nəinki narahat edir, hətta ciddi şəkildə təlaşlandırır. Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin ikitərəfli və irimiqyaslı, habelə döyüş şəraitinə ən yaxın olan hərbi təlimləri baş tutdu, bu təlimlər istər Bakıda, istər digər rayon və şəhərlərimizdə, habelə Naxçıvanda keçirildi. Bu günlərdə də Naxçıvanda yüksək döyüş qabiliyyətlərinə əsaslanan hərbi təlimlər keçirilməkdədir ki, sözügedən reallıq düşməni həqiqətən də sarsıdır və qarşılaşacağı məğlubiyyətinin acısını indidən yaşadır. Düşmənin heç bir cəhdləri istədikləri nəticələri verməyəcək və layiqli, birdəfəlik cavabını alaraq rüsvayçı məğlubiyyətə uğrayacaq. Bu gün Ermənistan rəhbərliyi müəyyən süni görüntülərlə gah işğal altındakı Qarabağa səfərlər edir, gah “Qadınlar sülh naminə” adı altında siyasi oyunbazlıq göstərib, sonradan silahı Azərbaycanın mülki vətəndaşlarına doğru yönəldir, şəkillər çəkdirib Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayır gah da digər uğursuz cəhdlər edirlər. Əslində isə onlar ilk növbədə ölkələrində artan və qiyama doğru inkişaf edən xalqın narazılığını pərdələmək üçün cəhdlər göstərirlər. Ancaq fakt budur ki, düşmənin heç bir cəhdləri istədikləri nəticələri verməyəcək və layiqli və birdəfəlik cavabını alaraq rüsvayçı məğlubiyyətə uğrayacaq. Bax, bu həqiqət Ermənistanı ciddi narahat qalmaqda davam edir. Ancaq o da məlumdur ki, Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsi faktoru da Ermənistana dəstək göstərən bəzi qüvvələrin maraqlarına cavab vermir. Söz yox ki, bu həqiqətləri biz həm hərbi, həm də digər cəhətlərdən təhlil edir, hansı məcrada olduğunu yaxşı bilirik və Azərbaycan-Türkiyə qardaşlığı timsalında hər zaman istənilən təhdidə layiqli, sərt, qətiyyətli, məğlubedici cavab verməyə hazırıq. Artıq belə bir həqiqət özünü kifayət qədər və danılmaz isbatları ilə təsdiq edib - bu gün regionda əldə edilən uğurlar bilavasitə Türkiyənin və Azərbaycanın birgə səyləridir. Məhərrəm Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik

Hamısını oxu
Ветерану Великой Отечественной Войны Сметанину Георгий Петровичу

Hamısını oxu
“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”

Səmyar Abdullayev: “İlk dəfə məhz Ulu öndərin təşəbbüsü ilə bu siyasət sistemləşdirilib, prioritet istiqamətlərdən biri elan olunub” “Prezident İlham Əliyev Ümummilli liderin əlillərə dövlət qayğısı siyasətini uğurla davam etdirməkdədir” Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Ulu öndərin əlillərlə bağlı siyasətini şərh etməyə çalışdıq: -Səmyar müəllim, Ulu öndərin həssas kateqoriyadan olan bütün şəxslər kimi əlillərə də daim qayğı ilə yanaşdığı, onların sosial durumunu, mənzil-məişət şəraitini diqqət mərkəzində saxladığı hər kəsə məlumdur. Sizcə Heydər Əliyevin bu sahədəki çoxsaylı xidmətləri, bu xidmətlərin tarixi əhəmiyyəti qısaca necə xarakterizə edilə bilər? -Hər şeydən öncə qeyd edim ki, ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin həssas kateqoriyadan olan bütün şəxslər kimi, əlillərə olan münasibətində diqqət çəkən ən mühüm amil Ulu öndərin bu sahədə bütöv bir dəyərlər sistemi yaratmasıdır. Ümummilli liderdən öncə də əlillərə dövlət qayğısı ilə bağlı bəzi nümunələr olsa da, bunlar pərakəndə xarakter daşıyır, nə hüquqi, nə də siyasi baxımından ciddi bir sistemə söykənmirdi. Məhz Heydər Əliyev bu sahədə aydın, qəti və mükəmməl bir sistem formalaşdırdı. Ulu öndər əlillərə dövlət qayğısını inkişaf etdirmək, bu qayğının miqyasını genişləndirmək üçün bir sıra addımlar atdı ki, bunlardan da biri bu sahədə hüquqi bazanın gücləndirilməsi oldu. Heydər Əliyevin təşəbbüsü və səyi ilə əlillərin hüquqlarının daha da genişləndirilməsi mümkün oldu. Onu da qeyd edək ki, Beynəlxalq Əlillər Günü məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 1994-cü ildən etibarən dünyanın sivil ölkələri ilə yanaşı, Azərbaycanda da qeyd olunmağa başlamışdır. Ümummilli lider həm dövlət, həm də cəmiyyət olaraq əlillərə sahiblənməyin, onların qayğısına qalmağın vacibliyini əməli fəaliyyəti ilə bütün xalqın diqqətinə çatdırdı, ictimai şüurda bu həqiqəti möhkəmləndirdi. Heydər Əliyev 1995-ci il yanvarın 17-də Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə demişdir: “İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır”. Heydər Əliyev bu sahədə şəxsi nümunə göstərərək bütün toplumu bu ideya ətrafında səfərbər edə bilmiş, əlillərə olan qayğı və diqqətin əhəmiyyətli dərəcədə artırılmasına müvəffəq olmuşdur. -Əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün Ulu öndər tərəfindən görülən hansı işləri qeyd edə bilərsiniz? -Heydər Əliyev siyasi hakimiyyəti dönəmində əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün silsilə addımlar atmış, mühüm dövlət layihələrinin icrasına nail olmuşdur. Statistikaya nəzər salsaq, bu həqiqəti konkret faktların timsalında daha aydın görə bilərik. 1997-2003-cü illərdə Heydər Əliyevin qayğısı sayəsində 508 əlil ailəsi mənzil, 138 əlil ailəsi isə fərdi evlə təmin olunmuş, onların mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. 1998-2002-ci illərdə yenə də Ümummilli liderin təşəbbüsü ilə 1090 nəfər əlilə minik avtomobili verilmişdir. Bu, elə bir dönəm idi ki, Qarabağ və ətraf ərazilər işğal altında idi. Büdcədə lazımi vəsait yox idi. Ölkəmiz həm siyasi, həm də iqtisadi baxımdan ciddi təbəddülatlar içərisində idi. Lakin buna baxmayaraq Heydər Əliyev əlilləri dövlət qayğısından kənarda qoymur, əksinə, onlara qayğını artırırdı. Bu, Ulu öndərin əlillərə olan həssas, sevgi və humanistlik dolu münasibətini əks etdirir. -Bu gün ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti hansı səviyyədədir? -Sevindiricidir ki, Ulu öndərin əlillərlə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmiş, miqyas və keyfiyyət etibarilə yeni mərhələyə yüksəlmişdir. Heydər Əliyevin bu sahədəki mirasına da bacarıqla sahiblənən Müzəffər Ali Baş Komandan, əlillərin sosial rifahını yaxşılaşdırılması üçün çoxsaylı təşəbbüslər irəli sürmüş, regional miqyasda böyük əks-səda doğuran sosial layihələr həyata keçirmişdir. Prezident İlham Əliyev 25 fevral 2019-cu il tarixdə "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" müvafiq Sərəncam imzalamış, bununla da əlillərə verilən sosial müavinətlərin miqdarı əhəmiyyətli dərəcədə artmışdır. Sözügen Sərəncamla sosial müavinətin məbləğinin I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata çatdırılmışdır. 2019-cu ildən sonrakı 5 il ərzində əlillərin sosial rifahının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən əlavə tədbirlər həyata keçirilmiş, mühüm uğurlara nail olunmuşdur. Bu, əlillərin reabilitasiyası ilə bağlı məsələdə də özünü aydın göstərir. Məlumat üçün qeyd edim ki, ölkəmizdə son 5 ildə reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 3 dəfə artaraq  60 minə çatıb. Həmçinin, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı xeyli genişləndirilib. Müharibə əlillərinin müasir protezləlrə təmin olunması da dövlətimizin diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd son nəsil müasir protezlə təmin olunub ki, bu da dövlətimizin əlil vətəndaşlara olan qayğısına bariz nümunədir. -Səmyar müəllim, gözdən əlil vətəndaşlarımızla bağlı görülən işlər haqqında nə deyə bilərsiniz? -Bütün əlillər kimi gözdən əlil vətəndaşlarımız da dövlətimizin diqqət və qayğıısnı daim öz üzərlərində hiss edib. Ölkəmizdə gözdən əlil vətəndaşlar üçün binalar inşa edilib, onların mənzillə təminatı istqiamətində mühüm addımlar atılıb. Sevindiricidir ki, bu qəbildən olan binaların açılışında Prezident İlham Əliyevin özü şəxsən iştirak edir. Bu cür binalardan biri 2015-ci ildə istifadəyə verildi ki, bu binanın da açılışında dövlət başçısı şəxsən iştirak etdi. 132 mənzilli bu binanın açılışında Prezident İlham Əliyev əlillərə olan dövlət qayğısını qeyd etməklə yanaşı, onlarla bağlı istək və gözləntilərini də dilə gətirərək demişdir: “Bilirsiniz ki, son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobil verilmişdir. Deyə bilərəm ki, Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa ölkədə yoxdur. Bu, bir daha bizim sosial siyasətimizi əks etdirir, eyni zamanda, onu göstərir ki, xalq üçün, dövlət üçün böyük xidmətlər göstərmiş insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən daim diqqət göstərilir və göstəriləcəkdir. Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, bax belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2024-cü illərdə500 nəfərə yaxın gözdən əlil mənzillə təmin edilib. Bu gün gözdən əllllər üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Tədris-Bərpa Mərkəzi fəaliyyət göstərir. Yüzlərlə gözdən əlil bu Mərkəzin imkanlarından istifadə edir. Bu Mərkəz Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və onun açılışında dövlət başçısı şəxsən iştirak edib. Mən əlillərə, eləcə də gözən əlil vətəndaşlarımıza göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna, Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etməyi özümə borc bilirəm. Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən əlillərin sosial rifahının yüksəldilməsi, müalicəsi istiqamətində böyük işlər görüb, mühüm layihələr həyata keçirib. Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə  5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır. Heydər Əliyev Fondu müharibədə yaralanan hərbçilərimizin müasir protezlərlə təminində də fəal rol oynayır. Heydər Əliyev Fondunun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində sağlamlıq imkanı məhdud hərbçilərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunub. Görülən bütün bu işlər Ulu öndər Heydər Əliyev siyasətinin davamı və inkişafı çərçivəsində həyata keçirilib. Əminəm ki, Azərbaycan dövləti bundan sonra da əlil vətəndaşlarımızın sosial rifahının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maksimum səy göstərəcək, hər bir əlil vətəndaşın ümid və sevinc mənbəyi olaraq qalacaq. Seymur ƏLİYEV   

Hamısını oxu