Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Rusiyada soydaşımızın ölümünə səbəb olan polis əməkdaşı haqqında ədalətli qərarın çıxarılması vacibdir”

Cəlil Xəlilov: “Vətəndaşa qarşı heç bir əsas olmadan silah tətbiq edən şəxsin həbsdən azad edilməsi hüquqi və məntiqi baxımdan anlaşılmazdır”   Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullayevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub. Qeyd edək ki, yol polisinin atəş açması nəticəsində yaralanan V.Abdullayev xəstəxanada vəfat edib.   Soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının azadlığa buraxılması  həm Rusiyadakı soydaşlarımız, həm də Azərbaycan ictimaiyyəti arasında ciddi narazılığına səbəb olub.   Bununla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının ədalətli şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib:   “Təbii ki, Rusiyada yol polisinin soydaşımıza odlu silahdan atəş açması və daha sonra  İstintaq Komitəsinin tələbi ilə həbsdən azad edilməsi təəssüfedici haldır və ictimaiyyətdə haqlı narazılıq doğurmaqdadır. Silahsız vətəndaşa qarşı polis əməkdaşı tərəfindən silah tətbiqinin özü ciddi qanun pozuntusudur və dünyanın bütün ölkələrində hüquq-mühafizə orqanı əməkdaşları üçün məsuliyyət doğuran hal sayılır. Belə bir əmələ yol verən yol polisinin daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri tərəfəndən həbsdən azad edilməsi isə məntiqi və hüquqi baxımdan anlaşılmazdır.   Rusiya Azərbaycanın şimal qonşusudur və onunla ölkəmiz arasında sıx dostluq münasibətləri, strateji əməkdaşlıq mövcuddur. Bizim Rusiyada milyonlarla soydaşımız yaşayır. Rusiya ilə Azərbaycan arasında geniş iqtisadi-ticari, mədəni-siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya hərbçiləri Qarabağda sülhyaratma missiyasında yaxından iştirak edir. Dövlətimizin hər zaman Rusiya ilə dostluğa və əməkdaşlığa xüsusi diqqət yetirib və bu gün də yetirməkdədir. Belə olan halda soydaşımıza heç bir zərurət olmadığı halda odlu  silahdan atəş açan yol polisi əməkdaşının həbsdən azad edilməsi soydaşlarımız arasında Rusiya hüquq-mühafizə orqanlarının ədalətinə inamsızlıq yaradır ki, bu da hər şeydən öncə Rusiyanın özü üçün arzuedilməzdir. Rusiyanın əlaqədar güc orqanları məlum hadisəni obyektiv şəkildə araşdırmalı, soyadaşımızın ölümünə səbəb olan polis əməkdaşına ədalətli cəza verməklə bu ölkədə milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquqlarının qanunla qorunduğunu əməi şəkildə sübut etməlidir.   Onu da qeyd edək ki, Respublika Veteranlar Təşkilatı olaraq İkinci Dünya Müharibəsi iştirakçısı olan 25-ə qədər veteranımız adından Rusiya Federasiyasının prezidentinə, o cümlədən bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmişik. Ümid edirəm ki, bizim müraciətimizə həssaslıqla yanaşılacaq və soydaşımızın ölümünə səbəb olan yol polisi əməkdaşı haqqında ədalətli qərar çıxarılacaq”.   Seymur ƏLİYEV  

2021-06-05 00:00:00
3601 baxış

Digər xəbərlər

Böyük dövlətlərin münaqişə poliqonu

Hamısını oxu
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin inkişaf və əməkdaşlıq perspektivlərini müəyyənləşdirən tarixi hadisə baş verib. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin özünəməxsus “Konstitusiyası” olan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 22 il sürən sistemli danışıqlardan sonra imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a məxsusi müsahibəsində qeyd edib ki, Konvensiyanın yekun mətninə aparan yol çətin olub. 1996-cı ildə Xəzəryanı ölkələrin maraqlarının və istəklərinin razılaşdırılması üzrə beynəlxalq ekspert qrupu yaradılanda ilkin tələblər bir-biri ilə o qədər təzad təşkil edirdi ki, razılaşdırılmış mətnin işlənib hazırlanması reallıqdan uzaq məsələyə bənzəyirdi. Bir sıra prinsipial və qeyri-adi qərarlar əsaslandırılmalı və qəbul edilməli idi. İlk növbədə Xəzərin coğrafi baxımdan qiymətləndirilməsi qeyri-müəyyən xarakter daşıyırdı. Etiraf olunmalı idi ki, Xəzər nə dəniz, nə də adi göldür. Deməli, onun bölünməsini əsaslandırmaq üçün başqa meyarlar işlənib hazırlanmalıdır. Xəzər akvatoriyasında neft-qaz ehtiyatlarının qeyri-bərabər paylanması məsələni daha da mürəkkəbləşdirirdi. Qəbul edilmiş Konvensiyaya görə, Xəzərin bütün su səthi tərəflərin ümumi istifadəsində qalır, dibi və təki isə qonşu dövlətlərin razılaşmasına əsasən, beynəlxalq hüquq əsasında onlar arasında bölünür. Daha sonra tərəflər belə bir məsələdə razılıq əldə etməli idilər ki, Xəzərin hansı hissəsində baş verirsə-versin, neft-qaz hasilatı və onların daşınması açıq xarakter daşımalı, ekoloji təhlükəsizlik təmin edilməli, gəmiçilik, balıqçılıq, boru kəmərlərinin çəkilməsi qonşu ölkə ilə razılaşdırılmış qaydalara əsasən həyata keçirilməlidir. C.Xəlilov vurğulayıb ki, geosiyasi və hərbi məsələlərin nəzərə alınması da az əhəmiyyət daşımayıb. Xəzərdə üçüncü ölkələrin silahlı qüvvələrinin yerləşməsinin yolverilməzliyi haqqında müddəanı Konvensiyanın əsas bəndlərindən biri saymaq olar. Beləliklə, qarşılıqlı əlaqədar və mürəkkəb məsələləri güzəştlər yolu ilə razılaşdırmaq mümkün oldu. Azərbaycanın təşəbbüskar rolu danışıqlar prosesinin bütün mərhələlərində əhəmiyyətli idi. Xüsusi vurğulamaq lazımdır ki, Konvensiyanın zəruriliyi, Xəzərin təhlükəsiz, qarşılıqlı faydalı şəkildə və birgə mənimsənilməsində onun rolu hələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsaslandırılıb. Onun ideya və göstərişləri Konvensiyanın işlənib hazırlanmasında Azərbaycanın mövqeyinin əsasını təşkil edib. Şübhəsiz ki, bu Konvensiyaya riayət olunması Xəzəryanı ölkələrin xalqlarına sülh və firavanlıq bəxş edəcək.

Hamısını oxu
Veteranlar onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər

Azərbaycanda veteranlara diqqət və qayğı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı ərəfəsində az qala unudulmaqda olan 9 May – Qələbə Gününün yenidən dövlət bayramları sırasına daxil edilməsi, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlərin görülməsi, o cümlədən onlara dövlət hesabına mənzil və xüsusi nəqliyyat vasitəsinin verilməsi təmin olunub. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Əlamətdar gün münasibətilə iyunun 28-də Respublika Veteranlar Təşkilatının rəhbərliyi və üzvləri, müharibə, əmək və Silahlı Qüvvələr veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn veteranlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da xatirəsi dərin ehtiramla yad olunub, abidəsi önünə əklil qoyulub. Respublika Veteranlar Təşkilatının inzibati binasında keçirilən tədbirdə bu qurumun sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada bütün sahələrdə olduğu kimi, veteranlar təşkilatının fəaliyyətində də canlanma yaranıb. Qeyd olunub ki, 1987-ci il mayın 6-da Respublika Veteranlar Təşkilatı yaradıldı. Həmin vaxt təşkilata general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Ancaq sonrakı mərhələdə, xüsusilə 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, veteranlara münasibət dəyişib, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılıb. Ulu Öndərin imzaladığı ilk sənədlərdən biri də məhz “Veteranlar haqqında” Qanun olub. Bununla da veteranlara dövlət qayğısı tam bərpa edilib, onlara münasibət yüksək səviyyəyə qaldırılıb. D.Rzayev vurğulayıb ki, Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası məhz həmin vaxtdan etibarən qoyulub. Bu siyasət sonrakı mərhələdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Bu qayğının ən son  nümunəsi kimi Respublika Veteranlar Təşkilatına ayrılan və müasir standartlara cavab verən inzibati binanı, 1941-  1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və  pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını, onlara digər yardımların göstərilməsini qeyd etmək olar. Sədr bu baxımdan Respublika Veteranlar Təşkilatına 500 min manat məbləğində vəsaitin ayrılmasının önəmini xüsusi vurğulayıb, buna görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib. Tədbirdə, eyni zamanda, veteranlar və ictimai təşkilatların nümayəndələri çıxış edib, onlara göstərilən qayğının ilbəil artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar. Çıxış edənlər Azərbaycanda veteran gününün təsis edilməsinin məqsədəuyğun olduğunu bildiriblər.    Sonda ictimai təşkilatların nümayəndələrinə və bir qrup veterana Respublika Veteranlar Təşkilatının yubiley medalları təqdim edilib.                      

Hamısını oxu
Gədəbəy, Şəmkir rayonlarının və Gəncə şəhərinin Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Veteran.gov.az xəbər verir ki, Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti konfranslar may ayının 2-də və 3-də  Gədəbəy, Şəmkir və Gəncədə təşkil olunub. Toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar. Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon  və şəhər İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq ölkəmizin  ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli xidmətlərdən bəhs ediblər. Bildiriblər ki, ağsaqqal sözünün, ağsaqqal məsləhətinin böyük önəm daşıdığı Azərbaycan cəmiyyətində gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində onlara hər zaman böyük ehtiyac vardır. İnanırıq ki, ağsaqqallarımız bundan sonra da şəhər və rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə öz dəyərli töhfələrini verəcəklər, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Sonra Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun hesabat dövrü ərzində təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Qeyd olunub ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən mütəmadi olaraq gənclərimizin maariflənməsinə, əlamətdar və tarixi günlərə,  cəmiyyətimizdə tolerantlıq ruhunun bərqərar olmasına və bir çox digər aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən ali və orta məktəblərdə tələbə və şagirlərlə  görüşlər keçirilib. YAP-ın, Qərbi Azərbaycan İcmasının, Veteranlar Təşkilatının yerli qurumları ilə əməkdaşlıq daha da artırılıb, birgə fəaliyyət proqramları çərçivəsində bir sıra işlər görülüb. Natiqlər, həmçinin, vurğulayıblar ki, hər zaman Ümummilli Liderimizin zəngin irsini cəmiyyət arasında təbliğ edən şəhər və rayon Ağsaqqallar Şuraları bu fəaliyyətlərini  “Heydər Əliyev İli”ndə daha intensiv şəkildə həyata keçiriblər. Hər zaman dövlət başçısı cənab İlham Əliyevi ürəkdən dəstəkləyən, respublikamızın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə çalışan, qədirbilən xalqımızın önündə gedən şəhər və rayon ağsaqqalları ölkəmizin gələcək inkişafı naminə aparılan siyasətin davam etdirilməsini zəruri hesab edərək 7 fevral prezident seçkilərində də yüksək aktivlik nümayiş etdiriblər. Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, qarşıdan gələn dövr ərzində yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv şəkildə quracaqlar. Öz nitqində ağsaqqallıq institutunun qədim tarixindən bəhs edən Bayram Yusifov hazırda ölkəmizdə ağsaqqalların böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində bir daha bunun şahidi olduğumuzu bildirən natiq əlavə edib ki, Şuranın ölkəmizin 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatlarının minlərlə üzvü bu seçkilərlə bağlı təbliğat-təşviqat və səsvermə prosesində fəal iştirak ediblər. Seçici olaraq prezident seçkilərində yekdilliklə  qalib Liderə, xalqımıza möhtəşəm Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs  veriblər. Bayram Yusifov Şura üzvlərinin, dəyərli ağsaqqallarımızın qarşıdan gələn parlament seçkilərində də dövlətimizin, dövlətçiliyimizin inkişafı və xalqımızın rifahı naminə aktiv iştirak edəcəklərinə əmin olduğunu bildirib. Natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfər nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də ətraflı söz açıb. Bildirib ki, fenomen şəxsiyyət, dahi lider, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdikləri yüksək səylər sayəsində Qarabağımızla yanaşı, Vətənimizin hər bir guşəsi gündən-günə daha da gözəlləşir və inkişaf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsində Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılığın əldə olunmasından və digər uğurlarımızdan bəhs edən Bayram Yusifov bildirib ki, ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-un bir neçə ay sonra Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza sahib olduğunu bir daha sübut edir. O, COP29-la bağlı Azərbaycan Ağsaqqallar Şurasının da yaxın zamanlarda böyük bir tədbir keçirəcəyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Konfranslarda ağsaqqallar, ziyalılar, şəhid valideynləri və qazilər də çıxış edərək şəhər və rayon Ağsaqqallar Şuraları üzvlərinin, müdrik ağsaqqallarımızın bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətlərindən bəhs ediblər. Həmçinin ölkəmizin hər bir bölgəsində  ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən şəhər və rayonlarımızda belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını ifadə ediblər. Şəmkir rayonunda və Gəncə şəhərində keçirilən hesabat konfranslarında bəzi təşkilati məsələlərə də baxılıb. Dünyasını dəyişən və xəstəlikləri səbəbindən fəaliyyətlərini davam etdirə bilməyən İdarə Heyəti üzvlərinin yerinə səsvermə yolu ilə yeni üzvlər seçilib.    

Hamısını oxu