Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

“Aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Çünki bəzi hallarda neftlə zəngin olan ölkələrdə işsizlik baş alıb gedir, səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların inkişafına, ölkəmizin inkişafına xidmət göstərir”. APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən, sakinlərlə söhbət zamanı deyib. “Balaxanı dünyanın ən qədim neft mərkəzidir - Balaxanı və Bibiheybət. Dünya neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir, orada biz, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi, qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma bu gün orada park salınıb, biz Avropa Oyunlarını orada keçirdik. İndi marafon başlayır, orada incəsənət şəhərciyi, idman şəhərciyi yaradılıb, ölkəmizin ən böyük idman hovuzu orada yaradılıb, bulvar yaradılıb. İkinci mərhələ isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır. Bibiheybətdə o vaxt mən göstəriş verdim, dedim ki, bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var? Yoxdur. Ona görə təklif etdim və orada qədim əşyalardan, tikinti materiallarından neft buruqları maket kimi, abidə kimi yaradıldı. İndi xaricdən gələn qonaqlar gəlirlər, görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, o vaxt əgər o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqillik əldə edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik”, - deyə dövlət başçısı bildirib.  

2020-09-23 00:00:00
3420 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar

Bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik". Milli.Az

Hamısını oxu
Azərbaycan Prezidenti və ABŞ-ın Vitse-prezidenti mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış ediblər.  

Hamısını oxu
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir. XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur. Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur. İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir. Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir. Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır. Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı. Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.  

Hamısını oxu
Nizami Rayonunda Zəfər Günü qeyd edilib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunda   4 saylı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib. 5 noyabr 2022-ci il tarixində keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırliğı şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  liseyin direktoru Mahir Namazov, direktor müavini Vüsal Balakişiyev, şəhid anası Kəmalə Fəxri, qazilər Arzuman Vəliyev, Vasif Zeynalov, Mehdi Əhmədov və digər qonaqlar iştirak ediblər. İlk öncə  Dövlət Himni səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Mahir Namazov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Çıxış üçün söz Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Respublika Veteranlar Təşkilatının rəisi  Fatma xanım Səttarovanın və müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb: “Bu gün biz dünya azərbaycanlılarının  qürur və fəxirlə qeyd etdikləri unudulmaz bir gunun, Zəfər Gününün  qeyd olunmasına toplaşmışıq. Bu unudulmaz günü bizə bəxş edən ordumuza, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Onlar nəinki, torpaqlarımızı, qürurumuzu mənliyimizi qaytardılar. İndi  başımız dik, alnımız açıq gəzirik. Ölkəmizin hüdudlarından kənarda  fəxrlə söyləyirik “mən azərbaycanlıyam”. Mən ehtiyatda olan bir zabit, bir vətəndaş kimi olkəmizə atılan iftiralara, qərəzli fikirlərə Prezident İlham Əliyevin tutarlı cavablarını izləyirəm. O, hər zaman çıxşlarında söyləyir ki, bizim tutduğumuz yol ədalətlidir. Bizim heç kəsin torpağında gözümüz yaxdur. Əgər düşmən üzərinə düşən öhtəliyi yerinə yetirməsə, dəmir yumruq işə düşəcək. Mən bir daha Allahdan şəhidlərimizə rəhmət,qazi və veteranlarımıza cansağlığı diləyirəm”. Çıxış edənlərdən direktor müavini Vüsal Balakişiyev 44 gün ərzində ordumuzun göstərdikləri qəhrəmanlıqlardan danışıb. Şəhid anası Kəmalə Fəxri bildirib ki, şəhidlər bir ailənin, bir nəslin yox, bütün Azərbaycanın övladlarıdır: “Mən əminəm ki, şəhidlərimiz qədirbilən  xalqımızın daim qəlbində yaşayacaq. Mən bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu