Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Abşeronda növbəti dəfə şəhid övladları sevindirildi

Veteran.gov.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində şəhid Musayev Sahib Musa oğlunun həyat yoldaşı Pərvin Musayeva ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızının otağı üçün xalçaya, oğlunun isə “stolüstü futbol oyunu”na ehtiyacı olduğu müəyyən edilib.   Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Mətanət Novruzova və adıçəkilən bağçanın kollektivi tərəfindən xalça və “stolüstü futbol oyun”u ailəyə təqdim edilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.   Şəhidin həyat yoldaşı Pərvin Musayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.   Qeyd edək ki, Musayev Sahib Musa oğlu 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 1991-ci ildə Şotavar kənd orta məktəbinin 1-ci sinfinə gedib. 8-ci sinifdən sonra təhsilini Qax rayonu Qorağan kənd orta məktəbində davam etdirib. 2001-ci ildə Qorağan kənd orta məktəbini bitirib. Həmin il Bakı Maliyyə İqtisad kollecinin Gömrük İşinin Təşkili fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə hərbi xidmətə çağırılmışdır. Təhsilini donduraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini Gəncə Şəhərində yerləşən N saylı hərbi hissədə keçib. 2004 cü il aprelin 5-də hərbi xidmətini başa vurub yenidən təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra hərbiyə, vətənə olan sevgisinə görə hərbiçi olmaq qərarına gəlib. 2005-ci il sentyabrın 9-da Bakıda yerləşən Təlim Tədris Mərkəzinə qəbul olunub. Burada Taqım komandirinin müavini ixtisasına yiyələnib. Amma ən böyük arzusu XTQ-də xidmət etmək olub. Həmin ilin dekabr ayında XTQ-nin kursuna qəbul olunub, 6 aydan sonra həmin kursu müvəffəqiyyətlə bitirib. XTQ-nin Xızı rayonunda yerləşən Yaşma adlanan “N” saylı hərbi hissəsində işə başlayıb. 16 il XTQ də xidmət edib. Bir çox tapşırıqlarda, Aprel döyüşlərində iştirak edib. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi yubiley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla təltif olunub. Bir çox fəxri fərmanlara layiq görülüb. Vətən müharibəsi başlayan gündən müharibəyə gedərək Füzuli, Hadrud, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının düşməndən azad edilməsində iştirak edib. Yaralı olmasına baxmayaraq Şuşa uğrunda gedən döyüşlərə qatılıb və böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni, Cəbrayılın azadlığı uğrunda, Vətən uğrunda, Şücaətə görə, Şuşa uğrunda medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

2021-06-07 00:00:00
3567 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskaya baş çəkib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskaya baş çəkib, onun müalicəsi ilə maraqlanıb.  Ziyarətə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Anna Xarkovskaya Bakı Sağlamlıq Mərkəzinin tibbi personalının müalicəsinə həssaslıqla yanaşdığını, ona hərtərəfli diqqət və qayğı göstərdiyini vurğulayıb, həkim kollektivinə öz təşəkkürünü bildirib.  O, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru  Dos.Dr.Asiman Həsənova da müalicəsi ilə mütəmadi maraqlandığına görə minnətdarlığını bildirib. Veteranların xalqımızın mənəvi sərvəti olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, dövlət başçısının hər zaman şəhid ailələrinə, veteranlara xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb, bu münasibətin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, həkimlərimiz Vətən müharibəsi dönəmində də ordumuzla çiyin-çiyinə səngərlərdə yer alıb, yaralanan minlərlə hərbçimizi öz fədakarlıqları, peşəkarlıqları ilə həyata qaytarıb. Polkovnik bu gün də həkimlərin veteranların, müharibə əlillərinin müalicəsinə həssaslıqla yanaşdığını söyləyib, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından təşəkkür edib. Seymur ƏLİYEV  

Hamısını oxu
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində görüş keçirilib

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində  Birliyin sədri polkovnik Cəlil Xəlilov və “Alyans”   Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abasov arasında görüş keçirilmişdir. Ölkəmizdə veteranlar təşkilatının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən polkovnik Cəlil Xəlilov  cənab Prezident İlham Əliyevin və  Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşkilata göstərdikləri dövlət dəstəyini vurğuladı.   Görüşdə Təşkilatın sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib.     Həmçinin görüşdə hər iki təşkilatın arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Hamısını oxu
Müşfiq Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edən Müşfiq Əliyev, təşkilat sədrini, o cümlədən sədr müavini, polkovnik Cəlil Xəlilovu ictimai sahədəki çoxillik fəaliyyətinə görə rəhbəri olduğu qurumun xüsusi diplomu ilə təltif edib. Görüşdə Prezident İlham Əliyevin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısından məmnunluqla bəhs olunub, dövlət başçısının məlum siyasətinin bundan sonra da dəstəklənməsinin vacibliyi vurğulanıb.

Hamısını oxu
“Xalqımız ordumuzun yanındadır və erməni təxribatını lənətləyir”

Cəlil Xəlilov: “Dövlətimiz və xalqımız üçün təhdid yaradan hər bir halın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”   Xəbər verdiyimiz kimi, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq üçün  zəruri cavab tədbirləri həyata keçirib.   Veteran.gov.az-a açıqlamasında Azərbaycan-Ermənistan sərhəddindəki qarşıdurmaya münasibət bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov, Azərbaycan xalqının ordusunun yanında olduğunu bildirib, onu qətiyyətlə dəstəklədiyini bilidirb:   “Ermənistan post-müharibə dönəmində Azərbaycana qarşı çoxsaylı təxribatlar törədib ki, sentyabrın 12-dəki irimiqyaslı təxribat bu təxribatların məntiqi davamıdır. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bilməlidir ki, onlar bu kimi təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Əksinə, belə təxribatlar Ermənistanın özü üçün acı nəticələrə səbəb olacaq. Artıq rəsmi məlumatlardan da göründüyü kimi, Azərbaycan ordusu düşmən təxribatına elə ilk dəqiqələrdən layiqli cavab verib, bu təxribatların qarşısının alınması üçün qətiyyətli addımlar atıb.   Azərbaycan xalqı erməni təxribatını lənətləyir və bu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusunun atdığı cavab addımlarını dəstəkləyir. 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan xalqı bu gün də öz şanlı ordusunun, onun Müzəffər Ali Baş Komandanının yanındadır. Heç bir təhdid, heç bir təxribat 44 günlük Vətən müharibəsinin gətirdiyi status-kvonu dəyişə, Azərbaycanı geri çəkilməyə, güzəştə getməyə vadar edə bilməz. Ordumuz  tərəfindən dövlətimiz və xalqımız üçün təhdid yaradan hər bir halın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır. Yaşasın Azərbaycan Ordusu!”.   Seymur ƏLİYEV

Hamısını oxu