Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şuşa Bəyannaməsi türk dünyasının tarixi zəfəri, onun birlik və inkişafını təmin edən həmrəyliyin rəmzidir

Azərbaycan və Türkiyə prezidentlərinin iyunun 15-də imzaladıqları Şuşa Bəyannaməsi bütün türk dünyasında coşğu ilə qarşılanmaqdadır. Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq baxımından da yeni imkanlar və perspektivlər deməkdir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib. Şuşada keçirilən görüş və tədbirlərin, imzalanan sənədin bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirən C.Xəlilov qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında mövcud hərbi əməkdaşlığın daha da dərinləşməsinin, hərbi müttəfiqlik səviyyəsinə yüksəlməsinin parlaq göstəricisidir. Həmin bəyannamədə açıq şəkildə vurğulanır ki, əgər tərəflərdən hər hansı biri üçüncü bir dövlətin təcavüzünə məruz qalarsa, o zaman müttəfiq dövlət bütün mümkün vasitələrlə öz müttəfiqinə kömək göstərəcək. Başqa sözlə, artıq Azərbaycanın və Türkiyənin çətin məqamda bir-birinə hərtərəfli yardım göstərməsi üçün hüquqi əsas mövcuddur. Bu hüquqi əsas beynəlxalq hüququn şərtləri əsasında formalaşıb. Bəyannamənin iki dövlət arasında iqtisadi-siyasi və mədəni əlaqələrin genişlənməsinə də töhfəsi verəcəyini vurğulayan Təşkilatın sədr müavini bildirib: “Şuşa Bəyannaməsinin əhəmiyyəti iki dövlət arasında hərbi müttəfiqlik əlaqələrinin güclənməsi və ən üst səviyyədə qərarlaşması ilə məhdudlaşmır. Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasında bütün digər sahələrdə - o cümlədən mədəni, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaradır. Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərin bərpasında qardaş Türkiyə dövlətinin şirkətləri aktiv iştirak edir və yaxın gələcəkdə onların sayı əhəmiyyətli dərəcədə artacaq. Azərbaycan və Türkiyə Qarabağda ortaq iqtisadi layihələr gerçəkləşdirməyi planlaşdırır ki, bunun da sadəcə iki dövlət deyil, ümumilikdə region üçün mühüm əhəmiyyəti mövcuddur. Çünki iki dövlət arasında iqtisadi əməkdaşlığın güclənməsi, Qarabağda ortaq iqtisadi layihələrin gerçəkləşməsi regionun iqtisadi çəkisini artıracaq, sosial rifah şəraitini yüksəldəcək, bölgənin iqtisadi rəqabətlilik qabiliyyətini yüksəldəcək”. C.Xəlilov vurğulayıb ki, Şuşa Bəyannaməsi bütövlükdə türk dünyasının birliyi və tərəqqisi baxımından da mühüm əhəmiyyətə malikdir. Onun önəmi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrinin mahiyyət etibari ilə yeni mərhələyə qədəm qoyması ilə yekunlaşmır. Bu bəyannamə həm də bütün türk dünyasının birliyi, əməkdaşlığı, tərəqqisi üçün geniş imkanlar açır. Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq modeli digər türk dövlətləri üçün də yaxşı nümunədir. Azərbaycan və Türkiyə arasındakı uğurlu əməkdaşlıq yaxın gələcəkdə digər türk dövlətlərinin də bu model ətrafında birləşməsinə səbəb ola bilər ki, bu da bütün türk dünyasının maraqları baxımından olduqca faydalıdır. Çünki 44 günlük Vətən müharibəsi də sübut etdi ki, türk dünyası bir-birinə nə qədər yaxından dəstək versə, bu, onların haqq səsini dünyaya çatdırması, öz maraqlarını təmin etməsi baxımından bir o qədər faydalıdır. Bu baxımdan Şuşa Bəyannaməsinin bütün türk dünyası üçün ciddi nəticələrə malik olacağını düşünürəm.

2021-06-16 00:00:00
4094 baxış

Digər xəbərlər

Çoxəsrlik dövlətçilik tariximizin İlham Əliyev zirvəsi

Azərbaycanın dövlətçilik tarixi zəngin, ləyaqətli, qürurlu və şərəfli yolun inikasıdır. Bir əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycan müxtəlif hadisə və proseslərlə, taleyüklü məsələlərlə üzləşsə də, inkişafına zirvəsinə çatmağa müvəffəq olub və tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb. Faktlar və reallıqlar göstərir ki, bunu təmin edən əsas – həlledici amil məhz lider fenomenidir. Daha dəqiq desək, müasir müstəqil Azərbaycan Heydər Əliyev ideyaları və Onun siyasi varisi – layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində böyük uğurlara, inkişafa və qələbəyə nail olub.   Milli inkişaf - siyasi-iqtisadi möcüzə və inkaredilməz reallıq   Son 18 ilin tarixi mənzərəsi, siyasi, iqtisadi reallıqları göstərir ki, İlham Əliyevin timsalında lider fenomeni Azərbaycanı ən ali məqama yüksəldib, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasını mümkün edib. Artıq dünya birliyi – beynəlxalq ictimaiyyət “inkişafın milli – Azərbaycan modeli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, makroiqtisadi sabitliyin, idarəetmədə effektivliyin təmin olunması, nümunəvi sosial siyasətin həyata keçirilməsi, ölkənin maliyyə gücünün – valyuta ehtiyatlarının artırılması, dünya iqtisadiyyatına uğurlu inteqrasiyanın reallaşdırılması və digər mühüm faktlar sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsinin mühüm cizgilərini təşkil edir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu araşdırma mərkəzləri və reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olması və davamlı inkişaf etməsi ilə əlaqədar faktları əks etdirirlər.   Sabitlik və təhlükəsizlik adası   Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə sabitliyin və təhlükəsizliyin qarantıdır. Onun uğurlu siyasəti nəticəsində ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər. Təbii ki, xalq-lider birliyi, dövlət başçısının siyasətinin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi sabitliklə yanaşı, milli həmrəyliyin də möhkəmlənməsini təmin edir. 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək milli birlik nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Multikulturalizmin ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasətinin tərkib hissəsi olması isə xüsusilə nəzərə çatdırılır.   Güclü, nüfuzlu dövlət və etibarlı tərəfdaş   Cənab İlham Əliyevin strateji kursu, həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu dövlətlərindən birinə çevrilməsini təmin edib. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı, nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi dövlət başçısının uzaqgörən – milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin qlobal təşəbbüsləri çox yüksək qiymətləndirilir, Azərbaycan dialoq məkanı kimi mühüm beynəlxalq tədbirlərə, yüksək səviyyəli görüşlərə uğurla ev sahibliyi edir. Avrasiyanın enerji və nəqliyyat xəritələrinin yenidən yaradılmasını şərtləndirən uğurlu layihələrin həyata keçirilməsi isə Azərbaycana mühüm siyasi və iqtisadi üstünlüklər qazandırır. Bir sözlə, Azərbaycan dünya birliyinin layiqli, məsuliyyətli, güclü, nüfuzlu və etibarlı üzvü kimi çıxış edir.    Dövlətçilik tariximizin zirvə hadisəsi   Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm – zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq, uğurlu diplomatik fəaliyyət həyata keçirərək münaqişənin həllinə nail olub - tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən Müharibəsində dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü işğalçıları darmadağın etməsi xalqımızın qürur mənbəyi, dövlətimizin isə gücünün göstəricisidir.   Yeni zirvələrə doğru   Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
“Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar xalqa, vətənə, milli dəyərlərə sevgi nümunəsidir”

“Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar xalqa, vətənə, milli dəyərlərə sevgi nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət basşçısının Heydər Əliyevin 100 illiyi ilə bağlı tarixi bəyanatlarını Şuşadan səsləndirməsinin böyük mənəvi əhəmiyyəti mövcuddur: “Bildiyiniz kimi, dövlət başçısı Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanatlarını Şuşadan – Azərbaycanın mədəniyyət paytaxtından verdi. Ulu öndərin 100 illiyi ilə bağlı bu möhtəşəm çıxışın Şuşadan edilməsi hər şeydən öncə Heydər Əliyevin ruhuna, onun böyüklüyünə, şəxsiyyətinə olan sonsuz hörmət və ehtiramın nümunəsi idi. Çünki Ulu öndərin ən böyük arzusu bütün torpaqlarımızın, eyni zamanda Qarabağın tacı sayılan Şuşanın işğaldan azad edilməsi idi. Təsadüfi deyil ki, dövlət başçısı çıxışında bildirdi ki, məhz Şuşanın azad olunması ilə Heydər Əliyevin əsas arzusu yerinə yetirildi. Prezident çıxışında bu fakta diqqət çəkərək demişdir: “...Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”. Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan xalqının, onun əbədi lideri Heydər Əliyevin arzusuna, vətənin sərhədlərini, ərazi bütövlüyünü təmin etmək zərurətinə necə böyük önəm verdiyini göstərir. Polkovnik bildirib ki, dövlət başçısının Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi fikirlər də qürurvericidir: “Dövlət başçısı Şuşadakı tarixi çıxışında Azərbaycan gəncliyinə, onun qəhrəmanlığına da xüsusi diqqət yetirdi. Prezident qeyd etdi ki, Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə bağlıdır. Ölkə başçısı gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan iftixarla bəhs etdi. Gənclərin yüksək mənəvi-fiziki göstəricilərə malik olması, Şuşa kimi alınmaz qalanın yüngül atıcı silahlarla alınması gerçəyi də dövlət başçımızın çıxışında yer tutan mühüm məqamlardan idi. Prezident Ulu öndərin ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə də diqqət çəkdi. Vurğuladı ki, Azərbaycanda nizami ordunun yaranması məhz Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin ağır iqtisadi-maliyyə şəraitində belə ordu quruculuğu istiqamətində mühüm addımlar atması, ordunun hərbi kadrlarla, gərəkli maddi-texniki baza ilə təmin etməsi yaxın keçmişimizin məlum həqiqətlərindəndir. Bizim üçün sevindiricidir ki, vaxtiylə Heydər Əliyevin yaratdığı nizami ordu bu gün nəinki regionun ən güclü ordusudur, həm də dünyanın ən qüdrətli ordularından biridir. Ikinci Qarabağ müharibəsində ordumuzun düşmən üzərində əldə etdiyi tarixi zəfər bu həqiqəti bir daha sübut etdi. Bu zəfər həm də onu göstərdi ki, heç kim Azərbaycan xalqının, onun Prezidentinin, qüdrətli ordumuzun iradəsi qarşısında davam gətirə bilmədi və bundan sonra da davam gətirə bilməyəcək”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib

 Tədbirdə “Vətən” marşı klipinin təqdimatı olub Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnı və marşlarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə  “Vətən” marşı klipinin təqdimatı keçirilib. Təqdimatdan sonra çıxış edən polkovnik Cəlil Xəlilov Şəmistan Əlizamanlının yaradıcılığına diqqət çəkib, onun mahnılarının gənclərimizdə vətənpərvərlik ruhunun güclənməsində, onlarda milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Tədbirdə çıxış edən Şəmistan Əlizamanlı həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Hərbi diktor qeyd edib ki, İkinci Qarabağ müharibəsində məhz güclü lider-güclü sərkərdə amili böyük zəfərin əldə edilməsinə həlledici təsir göstərib, işğal faktına son qoyulub. Çıxışdan sonra Şəmistan Əlizamanlının ifasında daha bir neçə vətənpərvərlik mahnısı ifa olunub, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Mehriban Əliyevadan şəhid ailələrinə böyük jest

2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadə və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dərhal müsbət münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova məlumat yayıb. S.Orucova ölkənin Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş vermişdir. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcəkdir. Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmamışdır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymaya, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və sayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk".

Hamısını oxu