Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban Əliyevadan şəhid ailələrinə böyük jest

2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadə və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dərhal müsbət münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova məlumat yayıb. S.Orucova ölkənin Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş vermişdir. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcəkdir. Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmamışdır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymaya, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və sayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk".

2020-07-08 00:00:00
4051 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov bayramı şəhid ailəsi ilə birlikdə qeyd edib

19 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xaçmazda şəhid Qafarov Fuad Fərhad oğlunun ailəsini ziyarət edib, şəhid ailəsini bayram münasibətilə təbrik edib. Görüş əsnasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun erməni faşizminə qarşı apardığı şanlı mübarizəyə toxunan Cəlil Xəlilov, məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Bütün şəhidlər kimi Fuad Qafarovun da öz həyatını vətənin, xalqın təhlükəsizliyi, respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına fəda etdiyini bildirən təşkilat sədri, onların xatirəsinin heç zaman unudulmayacağını, daim ehtiramla yad ediləcəyini vurğulayıb. Şəhidin atası Fərhad Qafarov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib, Xaçmaz Rayon İcra Hakimiyyətinin də daim onlarla maraqlandığını, problemlərinin həllinə dəstək verdiyini bildirib. Şəhidin həyat yoldaşı Gülnarə Qafarova gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib. Polkovnik Cəlil Xəlilov şəhid övladlarına hədiyyələr təqdim edib, şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Qeyd edək ki, 2017-ci il fevralın 11-də Talış kənd uğrunda gedən döyülərdə həlak olan şəhid Fuad Qafarovun iki azyaşlı övladı var. Hazırda 3-cü sinifdə təhsil alan Gülay Qafarova atasının şəhid olmasından 35 gün sonra – 16 mart 2017-ci il tarixində anadan olub. Seymur ƏLİYEV

Hamısını oxu
Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

21 fevraı 2023-cü il tarixində Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında təmsil olunub. Azərtac xəbər verir ki, səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib. Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib. Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaratdı. Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzovun, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadənin, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərovanın və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışları dinlənilib. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılıb. Vurğulanıb ki, belə bir mötəbər tədbirin Ulu Öndər Heydər Əliyevin vətəni Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Müalicə prosesi tam təbii üsullarla aparılır. Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub. Səfərdə həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarından 250 nümayəndə iştirak edib.    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Teymur Əhmədovun vəfatı ilə bağlı başsağlığı verib

"Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov vəfat edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində  vurğulanır ki, Teymur Əhmədov peşə fəaliyyəti dövründə ölkə jurnalistikasının inkişafına mühüm töhfələr verib, hər zaman mili maraqların, dövlətçilik maraqlarının keşiyində dayanıb. Şəhid ailələri, qazi və veteranlarla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşan Teymur Əhmədov, veteranlarla əlaqədar çoxsaylı  tədbir və görüşlərin işıqlandırılmasında, onların arzu və istəklərinin əlaqədar qurumların diqqətinə çatdırılmasında, veteranlara dövlət dəstəyi ilə bağlı layihələrin ictimailəşməsində mühüm rol oynayıb. Bu səbəbdən də Teymur Əhmədov sadəcə yaxınlarının, media nümayəndələrinin, ictimai-siyasi fəalların deyil, eyni zamanda veteranların qəlbində hər zaman yaşayacaq, dərin hörmət və ehtiram hissi ilə yad ediləcək.   Məlumat üçün qeyd edək ki, Teymur Əhmədov 1995-ci ildən "Respublika" qəzetinin baş redaktoru olub.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Maarifə həsr olunmuş ömür, qəhrəmanlıqlarla dolu soy: İsmayılovların tarixi irsi

Azərbaycan xalqının zəngin və şərəfli tarixində elə ailələr var ki, onların keçdiyi həyat yolu bütöv bir dövrün aynası, bir xalqın mübarizə və zəfər salnaməsinin ayrılmaz hissəsidir. Həmin ailələrdən biri də əsası Şamaxıda qoyulmuş, Balakənə, Laçına, Bakıya qədər uzanan böyük bir yolun yolçuları olan İsmayılovlar ailəsidir. Bu ailənin layiqli nümayəndəsi Aliyə Cavad qızı Həsənova  müəllimlik sənətinə həsr olunmuş ömrü, fədakar fəaliyyəti və zəhmətkeşliyi ilə neçə-neçə nəslin yaddaşında iz qoymuşdur. Aliyə Həsənova 1935-ci il iyulun 11-də Azərbaycanın füsunkar guşələrindən olan Balakən rayonunda dünyaya göz açmışdır. Erkən yaşlarından elmə, maarifə olan marağı onu təhsil yoluna yönəltmiş, əvvəlcə Bakı şəhərində yerləşən M.Ə.Sabir adına pedaqoji texnikumu, daha sonra isə 1960-1965-ci illərdə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu müvəffəqiyyətlə başa vurmuşdur. Peşəkar müəllim kimi fəaliyyətə başlayan Aliyə xanım, qısa zamanda pedaqoji sahədə öz bilik və bacarığı, insanpərvərliyi, prinsipiallığı ilə seçilmiş, pedaqoji kollektivlər və valideynlər arasında böyük hörmət qazanmışdır. Onun rəhbərliyi altında fəaliyyət göstərən Bakı şəhəri Yasamal rayonundakı 150 nömrəli orta məktəb 1982–1998-ci illərdə dinamik inkişaf etmiş, nümunəvi təhsil ocaqlarından birinə çevrilmişdir. Aliyə xanımın təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. 3 mart 1988-ci ildə Bakı şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə o, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Bu təltif onun təhsil sisteminə verdiyi töhfələrin və gənc nəslin formalaşmasında oynadığı mühüm rolun parlaq ifadəsidir. 1998-ci ildən təqaüdə çıxmasına baxmayaraq Aliyə xanımın pedaqoji ideyaları, mənəvi irsi bu gün də yetirmələri tərəfindən yaşadılır. Aliyə Həsənovanın ailəsi İsmayılovlar təkcə maarif sahəsində deyil, həm də Vətən qarşısında şücaət və fədakarlıq nümunəsi göstərmiş bir nəsildir. Ailənin atası Cavad İsmayılov 1912-ci ildə Şamaxıda doğulmuş, ömrünü meşə təsərrüfatının inkişafına həsr etmiş, müxtəlif bölgələrdə Şamaxı, Balakən, Laçında məsul vəzifələrdə çalışmışdır. Lakin onun həyatını yarımçıq qoyan İkinci Dünya müharibəsi oldu. 1942-ci ilin yanvarında ordu sıralarına çağrılmışdır. 182-ci atıcı diviziyasının 747 nömrəli tank əleyhinə qırıcı artilleriya alayının 14-cü əlahiddə tank əleyhinə 2-ci dərəcəli Kutuzov ordenli briqadasında hərbi xidmət keçmişdir. Xidmətlərinə görə top komandiri rütbəsinə yüksəldilmişdir. Təəssüf ki, 1945-ci il fevralın 3-də Königsberq yaxınlığındakı varten kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Sonradan Kalininqrad vilayətində yerləşən sovet döyüşçülərinin qardaşlıq qəbiristanlığında dəfn olunmuş və onun adı Qələbə memorialında əbədiləşdirilmişdir. Cavad İsmayılovun qardaşları da müharibənin alovundan keçmişdir. 1919-cu il təvəllüdlü əmisi Xələf İsmayılov cəbhədə sağ qolundan ağır yaralanaraq ordudan tərxis olunmuş və müharibədən sonra xalqına müəllim kimi xidmət etməyə davam etmişdir. Digər əmisi Vahid İsmayılov 1923-cü ildə anadan olmuş, müharibədə itkin düşmüş və bu günə qədər taleyi haqqında heç bir məlumat əldə edilə bilməmişdir. Ailənin ən kiçik üzvlərindən olan Saqi İsmayılov 1932-ci ildə doğulmuş, tank qoşunlarında xidmət etmiş, kapitan rütbəsinə qədər yüksəlmiş, lakin səhhətindəki problemlərə görə ordudan tərxis edilmişdir. Bu ailənin həyat yolu bir xalqın fədakarlıqla dolu keçmişinin, maarif və mübarizə ruhunun, zəhmət və qəhrəmanlığının parlaq təcəssümüdür. Aliyə Həsənovanın həyat və fəaliyyəti müəllimlik sənətinə vurğunluğun, vətənə, xalqa bağlılığın rəmzidir. Onun ailəsinin müharibədə göstərdiyi qəhrəmanlıq bir daha sübut edir ki, xalqın gücü onun mübarizə ruhunda, vətənə sədaqətində gizlidir. Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq bütün fədakar övladların ruhuna sonsuz ehtiram və dərin minnətdarlıqla baş əyirik.  Cəlil Xəlilov  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu