Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən müharibəsində böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayıb

Tovuz döyüşləri böyük qələbəyə gedən yolun başlanğıcı, xalqımızın şərəf tarixidir. Aprel döyüşləri kimi, bu döyüşlər də xalqımızı həlledici qələbəyə ruhlandırdı. 8 Noyabr zəfərinə - böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik deyib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı, Azərbaycan xalqının birlik və mübarizə əzmini də nümayiş etdirdi. Bu döyüşlər sadəcə ordumuzun düşmən təxribatına qarşı qəhrəmanlıq mübarizəsi ilə məhdudlaşmır. Tovuz döyüşləri həm də Azərbaycan xalqı ilə ordumuz arasındakı birlik və bərabərliyin nümunəsidir. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı öz ordusunun, Ali Baş Komandan İlham Əliyevin yanındadır və onu qətiyyətlə dəstəkləyir. Qeyd edilib ki, Tovuz döyüşlərindən sonra xeyli sayda vətəndaşımız düşmənə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün əlaqədar dövlət qurumlarına müraciət etdi, kütləvi şəkildə cəbhəyə üz tutmağa hazır olduqlarını bildirdi. Tovuz döyüşləri və ondan sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan xalqı otuz illik işğalla nəinki barışmayıb, bu torpaqları işğaldan azad etmək üçün qanından və canından keçməyə hazırdır. Tovuz döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla yanaşı, daha 11 hərbçimiz şəhid oldu, o cümlədən bir mülki şəxs həyatını itirdi. Ordumuz, elə Tovuz döyüşlərində şəhid olan hərbçilərimizin qisasını aldı, çoxlu sayda düşmən hərbçisi, o cümlədən onun hərbi texnikası məhv edildi. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, bu döyüşlər Vətən müharibəsi üçün də uğurlu başlanğıc oldu. Tovuz döyüşlərindən qısa müddət sonra - sentyabrın 27-də düşmən hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni məğlub etməklə ərazi bütövlüyümüzü təmin etdi. Bu döyüşlərdə bütün şəhidlərimizin qisası bir daha alındı, Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı. “Azərbaycan xalqı bütün şəhidlərini, o cümlədən Tovuz döyüşlərində həlak olan şəhidlərinin xatirəsini hər zaman ehtiramla anır. Bundan sonra da onları böyük ehtiramla xatırlamaqda və xatirəsini sevgi ilə yaşatmada davam edəcək”, - deyə C.Xəlilov vurğulayıb.

2021-07-14 00:00:00
3663 baxış

Digər xəbərlər

Dağıstan və Azərbaycan Veteranlarının Birgə Forumu – Tarixi Qardaşlığın Təntənəsidi

80 il. Bu rəqəm təkcə bir zaman ölçüsü deyil. Bu bir xalqın yaddaşında silinməz iz buraxan fədakarlıqların, şəhid qanıyla yazılmış qəhrəmanlıq səhifələrinin, səngərlərdə yaşanan iztirabların və zəfərlə bitən müqəddəs savaşın simvoludur. 1945-ci ildə faşizm üzərində qazanılmış Qələbə yalnız hərbi gücün deyil, həm də xalqın iradəsinin, birliyinin və əzmkar ruhunun təntənəsi idi. Bu Zəfərin 80 illiyi münasibətilə keçirilən Dağıstan-Azərbaycan veteranlarının birgə forumu tarixin canlı şahidlərinin iştirakı ilə zamanın içindən boylanan bir sayğı duruşudur. Bu forumda səslənən hər bir fikir, səsləndirilən hər bir mahnı, bir-birini tamamlayan mədəniyyət nümunələri əslində bir xalqın keçmişinə etdiyi ehtiramın, gələcəyinə inamının ifadəsidir. Bu səfər və forumun ruhunda tarixi şəxsiyyətlərə olan dərin hörmət xüsusi yer tutur. Dağıstanda böyük ehtiramla anılan və Azərbaycan-Dağıstan dostluğunun təməlini atanlardan biri olan böyük dövlət xadimi Əziz Əliyev bu münasibətlərin canlı simvoludur. Onun II Dünya Müharibəsi illərində Dağıstanda göstərdiyi fədakar xidmətlər yalnız bir dövlət xadiminin fəaliyyəti deyildi, həm də qardaş xalqlar arasında mənəvi körpülərin çəkilməsi idi. Əziz Əliyev yalnız Dağıstan üçün deyil, Azərbaycan üçün də mənəviyyatın, humanizmin və qətiyyətin rəmzi kimi tarixə düşmüşdür. Mahaçqalada onun abidəsi önündə gül dəstələri qoyularkən təkcə bir şəxsiyyətin deyil, bir ideyanın, bir dostluğun, bir tarixin önündə baş əyildi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı o qəhrəmanlıq irsini layiqincə yaşadır, qoruyur və təbliğ edir. Böyük Vətən Müharibəsində qazanılan zəfərin ruhu Prezidentin çıxışlarında, qərarlarında və xüsusilə də işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərində yaşayır. Azərbaycanın sülhə, ədalətə və beynəlxalq həmrəyliyə verdiyi töhfələr əslində keçmişdən gələn müqavimət və zəfər ruhunun bu gün də yaşadığını sübut edir. Prezident İlham Əliyev ölkənin daxili və xarici siyasətində tarixi yaddaşı əsas götürərək gələcəyə yönəlmiş sabit və güclü siyasət həyata keçirir. Bu siyasətin təməlində məhz xalqlar arasında birliyə, tarixi həqiqətlərin müdafiəsinə və mədəni irsə verilən dəyər dayanır. Dağıstan və Azərbaycan veteranlarının birgə forumu təkcə sadə bir tədbir deyil, həmçinin hər səhifəsi qürur dolu səhifələrlə dolu olan tarixi memuardır. Bu memuar 80 il öncə qardaşlaşmış əllərlə, eyni düşmənə qarşı çiyin-çiyinə döyüşən Dağıstanlı və Azərbaycanlı əsgərlərin zəhməti və qanı ilə səngərlərdə yazılmışdı. O, Əziz Əliyevin humanist fəaliyyəti ilə onun Dağıstanda xalqın dərdinə yanan bir dövlət xadimi kimi yazdığı səhifələrlə zəngindir. O səhifələrdə təkcə siyasi addımlar deyil, insani münasibətlərin, xalq sevgisinin, vəfa və mərdliyin izləri vardır. Əziz Əliyevin simasında iki xalqın taleyi bir nöqtədə qovuşur və o nöqtə “qardaşlıq” adlanır. Bu xatirə və yaddaş bu gün İlham Əliyev tərəfindən davam etdirilir.  Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi kimi bu mirası uğurla yaşadır. Qarabağda yenidən doğulan şəhərlər, bərpa olunan mədəniyyət abidələri kimi bu forum da keçmişlə gələcək arasında mənəvi körpü salır. Bu forumda səslənən mahnılar, ifa olunan rəqslər, aparılan müzakirələr, xatırlanan igidlər bunların hər biri sanki o tarixi yaddaşın yeni səhifələridir. Dağıstan torpağında oxunan Azərbaycan şeiri, Dərbənd küçələrində səslənən “Qarabağ şikəstəsi” bir daha göstərdi ki, bu əsərin yazılışı hələ bitməyib. Onun hər səhifəsi yaşanır, onun hər misrası dostluq və vəfa ilə tamamlanır. Bu forum sübut etdi ki, zaman keçsə də yaddaş silinmir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci il aprelin 16-da Rusiya Federasiyasının Dağıstan Respublikasına etdiyi səfər məhz bu tarixi və mənəvi bağların yenidən canlandırılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Dağıstan və Azərbaycan veteranları arasında birgə forumun təşkili, qarşılıqlı təcrübə mübadiləsi və birgə tədbirlərin keçirilməsi planlarının müzakirəsi bu əməkdaşlığın praktiki təməllərini formalaşdırdı. Forumda ortaq tarixi hadisələrə bir daha nəzər salındı, müharibə dövrünün qəhrəmanlıq səhifələri yad edildi. Səfərin ən mühüm aspektlərindən biri xalqlarımızın ortaq tarixinin və mədəniyyətinin təbliği idi. Dərbənd və Mahaçqala şəhərlərində təşkil edilən tədbirlər, Azərbaycanın tarix və mədəniyyətə göstərdiyi diqqət və ehtiramı, bu istiqamətdə görülən işlərin davamlı olduğunu sübut etdi. Kitabxanalara bağışlanan kitablar, tarixi şəxsiyyətlərə ehtiramın ifadəsi olan abidələrin ziyarətləri, milli-mədəni dəyərlərin paylaşılması bu əməkdaşlığın mədəni təməllərinin necə güclü olduğunu bir daha göstərdi. Səfər çərçivəsində məktəblərdə keçirilən görüşlər, gimnaziyada aparılan müşahidələr gənclərin həm biliyə, həm də milli ruhda tərbiyəsinə verilən önəmin göstəricisi idi. Bu həm də veteranların öz təcrübə və dəyərlərini yeni nəslə ötürmək istəklərinin təzahürü idi. Forumda səsləndirilən mesajlar, xüsusilə də “Tarixi unutma, gələcəyi qoru” ideyası ətrafında səslənən çağırışlar, gənclər üçün bir yol xəritəsi rolunu oynayır. Səfərin mühüm strateji aspektlərindən biri də tariximizin təhrif olunması cəhdlərinə qarşı birgə mübarizə çağırışları idi. Polkovnik Cəlil Xəlilovun da vurğuladığı kimi zaman-zaman Azərbaycan və Dağıstan xalqları arasında qarşıdurma yaratmağa çalışan qüvvələr olub. Lakin bu səfər və forum göstərdi ki, xalqlarımızın birliyi və həmrəyliyi bu cür təxribatçı təşəbbüslərə qarşı ən güclü sipərdir. Veteranlar səviyyəsində əməkdaşlıq yalnız humanitar aspekt daşımır, həm də geosiyasi baxımdan əhəmiyyətli bir prosesdir. Azərbaycan və Dağıstan arasında qurulan bu körpü, ümumilikdə Rusiya və Azərbaycan arasında münasibətlərin daha sağlam zəmində inkişafına, regionda sabitliyin və qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verir. Forumda çıxış edən polkovnik Cəlil Xəlilov bu tədbirin sadə bir görüş deyil, tarixə olan sadiqliyin ifadəsi olduğunu bildirdi. O, vurğuladı ki, bu forum xalqlarımızın birgə mübarizə tarixinə, İkinci Dünya Müharibəsindəki ortaq zəfərimizə, Dağıstan və Azərbaycanın qəhrəman övladlarının şücaətinə bir ehtiramdır. Forumda Azərbaycan xalqının qələbədəki töhfələri xüsusilə də Bakı neftinin strateji əhəmiyyəti geniş şəkildə müzakirə olundu. Milli musiqilər, rəqslər, mədəniyyət nümunələri isə tədbirə emosional və mənəvi dəyər qatdı. Tanınmış simaların iştirakı forumun əhəmiyyətini daha da atrırdı.Forumda Dağıstan Respublikasının tanınmış dövlət xadimləri, ictimai-siyasi xadimlər, eləcə də çoxsaylı veteranlar iştirak edirdi. Bu geniş tərkibli iştirak forumun rəsmi və ictimai əhəmiyyətinin bariz göstəricisi oldu. Cəlil Xəlilov xüsusi olaraq Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər üzrə naziri Müslümov Enrik Selimoviç, “Dərbənd Şəhər” Şəhər Dairəsinin başçısı Əhməd Quliyev, Maxaçqala Şəhər Veteranlar Şurasının sədri Qahrimanov Ferezulla Aqakerimoviç, Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədrinin I müavini Barkuyev Barku Maqomedoviç, Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımurad Yacımurad İbramoviç, hüquq-mühafizə orqanlarının veteranı Ağagülov Əmirbəy Xıdıroviç, əmək veteranı Hüseynov Hüseynbala Yəhyayeviç və digərləri iştirak edirdi. Mən bütün bu şəxslərə, xüsusilə də Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimova, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi general-mayor Əliyar Abdullayevə  təşəkkür etdi. Həmçinin, Azərbaycan Respublikasının Prezident Administrasiyasının və dövlət qurumlarının göstərdiyi dəstək də yüksək qiymətləndirildi və mədəni və elmi tədbirlər keçmişə dəyər, gələcəyə yatırım fikri vurğilandı. Səfər çərçivəsində nümayəndə heyəti Dərbənd şəhərindəki Mirzə Kazım bəy adına mərkəzi kitabxanaya baş çəkdi. Burada Əziz Əliyev və Ümummilli lider Heydər Əliyevlə bağlı kitablar hədiyyə olundu. Kitabxanada Azərbaycan tarixi ilə bağlı zəngin və qayğı ilə qorunan mənbələrin mövcudluğu Dağıstan xalqının Azərbaycan mədəniyyətinə və tarixinə olan yüksək ehtiramının göstəricisi kimi dəyərləndirildi. Aprelin 18-də Mahaçqala şəhərinə edilən səfər çərçivəsində nümayəndə heyəti Əziz Əliyevin abidəsini ziyarət etdi. Veteranlar və məktəblilər qarşısında keçirilən çıxışlarda onun Dağıstan-Azərbaycan dostluğundakı tarixi rolu vurğulandı. Mahaçqala gimnaziyasında şagirdlərin yüksək vətənpərvərlik ruhu və bilik səviyyəsi nümayəndə heyətini dərin təsirləndirdi. Forumda gələcək planlar və perspektivlər geniş müzakirə olundu. Polkovnik Cəlil Xəlilov müsahibəsində qeyd etdi ki, qarşıda daha geniş əməkdaşlıq perspektivləri mövcuddur. Bu əməkdaşlıq yalnız veteran təşkilatlarının deyil, bütövlükdə Azərbaycan və Dağıstan xalqlarının strateji maraqlarına xidmət edir. O, bildirdi ki, yaxın vaxtlarda Dağıstanlı veteranların Azərbaycana səfəri təşkil olunacaq, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfərlərin təşkili, Azərbaycanın abadlıq-quruculuq işlərinin nümayişi prioritet istiqamətlərdəndir. Cəlil Xəlilovun vurğuladığı kimi iki xalq arasında zaman-zaman təxribat yaratmağa çalışan qüvvələrə qarşı belə dostluq tədbirləri mühüm sipər rolunu oynayır. Bu həm də gənc nəslə verilən bir mesajdır: tariximizi bilməli, birlik və qardaşlığımızı qoruyub saxlamalıyıq. Dağıstan və Azərbaycan veteranlarının birgə forumu təkcə keçmişə ehtiram deyil, eyni zamanda gələcək üçün möhkəm bir körpüdür. Bu forum göstərdi ki, iki xalq arasındakı qardaşlıq əlaqələri nəinki tarixi bir ənənədir, həm də uğurlu gələcəyə aparan yolun mənbəyidir. Bu dostluq, ortaq dəyərlər və mübarizə ruhu əsasında qurulan əməkdaşlıq, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Dağıstanın igid oğul və qızları sülh, dostluq və birgə gələcək naminə bu gün də tarix yazmaqda davam edirlər!    Qorqut Süleymanlı

Hamısını oxu
Belarus prezidenti polkovnik Cəlil Xəlilovu təltif edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarus prezidenti Aleksandr Lukaşenko adından təltif edilib.  Təntənəli təltifetmə mərasimində Belarusun faşizm işğalından azad edilməsinin 80 illik yubiley medalı Belarusun  ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç tərəfindən polkovnik Cəlil Xəlilova təqdim edilib. Polkovnik Belarus və Azərbaycan arasındakı tarixi dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə, o cümlədən faşizmə qarşı mübarizə aparan qəhrəmanların təbliğindəki çoxillik və səmərəli xidmətlərinə görə bu medala layiq görülüb. Onu da qeyd edək ki, polkovnik Cəlil Xəlilov cari ilin 3 iyul tarixində Belarusda  keçiriləcək beynəlxalq konfransda iştirak edəcək, İkinci Dünya müahribəsində Belarusun faist işğalından azad edilməsində azərbaycanlıların rolu haqqında bu ölkədə silsilə görüşlər keçirəcək, Belarus ictimaiyyətinə ətraflı məlumat verəcək. Seymur ƏLİYEV   

Hamısını oxu
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya yaradılıb

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək. Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırılır ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır.   Müdafiə Nazirliyi bildirir ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə (maskadan istifadə olunması, əllərin müvafiq məhlulla dezinfeksiya edilməsi, sosial məsafənin saxlanılması və s.) ciddi riayət olunmalıdır.    

Hamısını oxu
Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun ömrü çox uzaq gələcəyə hesablanıb

12 dekabr Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anım günüdür. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.   Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Ümummilli liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir. Allah Ulu Öndərə rəhmət eləsin! Azərbaycan dövləti var olduqca Ümummilli liderimiz anılacaq, onun zəngin həyat təcrübəsi, güclü dövlətçilik, idarəçilik ənənəsi davam etdiriləcək.   Məşhur Məmmədov Milli Məclisin deputatı

Hamısını oxu