Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Nensi Pelosinin həqiqətdən uzaq açıqlaması Ermənistana yeni təxribatlar üçün cəsarət verir”

Cəlil Xəlilov: “ABŞ dövləti və ictimaiyyəti erməni təxribatı ilə bağlı ədalətli mövqe sərgiləməlidir”

 

“ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfər çərçivəsində səsləndirdiyi fikirlər Qafqazda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir”.

 

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu cür açıqlamalar təcavüzkar dövləti mahiyyət etibarı ilə yeni təxribatlara cəsarətləndirməyə xidmət edir:

 

“Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ordusunun Azərtbaycanla dövlət sərhəddində həyata keçirdiyi irimiqyaslı təxribata görə Azərbaycanı ittiham etmnək absurddur və bu, sadəcə Nensi Pelosinin ermənipərəst mövqeyi ilə izah edilə bilər. Çünki təxribatın məhz Ermənistan tərəfindən həyata keçirildiyi Azərbaycan tərəfindən sübuta yetirilib və buna dair çoxsaylı və inkaredilmnəz faktlar mövcuddur. Ancaq buna baxmayaraq, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi baş verənlərə görə Azərbaycanı ittiham edir ki, bu da qəbuledilməzdir.

 

Nensi Pelosinin bu açıqlaması yalnız həqiqətin inkar edilməsi və onun tam fərqli şəkildə təqdim edilməsi demək deyil. Bu, həm də regiodna sülh və təhlükəsizlik üçün ciddi təhlükə mənbəyi olan Ermənistana yeni təxribatlar üçün cəsarət vermək deməkdir. Bu mənada Nensi Pelosinin açıqlaması yolverilməzdir və yeni təhdidlər üçün zəmin deməkdir.

 

Ümid edirəm ki, ABŞ ictimaiyyəti, o cümlədən ABŞ-ın dövlət rəhbərliyi Nensi Pelosinin məlum açıqlamasındakı təhlükənin mahiyyətini dərk edərək baş verənlərlə bağlı öz qəti mövqeyini ortaya qoyacaq, Ermənistanın təxribatçı addımlarına qarşı sərt mövqe sərgiləməklə gələcəkdə mümkün təxribatların qarşısının alınmasına öz töhfələrini verəcəkdir”.

 

2022-09-19 14:31:00
1098 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının sədri xanım əməkdaşları təbrik etdi

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq tədbir keçirilib.   Pandemiyaya qarşı mübarizə qaydaları çərçivəsində keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bayram münasibəti ilə qadınları təbrik edib, onların dövlətimizin inkişafındakı roluna, cəmiyyətdəki önəminə diqqət çəkib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri  Fatma Səttarova da qadınları 8 mart münasibəti ilə təbrik edib, tarixin bütün dönəmlərində Azərbaycanın qadınının ön və arxa cəbhələrdə fədakarlıqla çalışdığını, xalqımızın, dövlətimizin inkişafı üçün hər hansı fədakarlıqdan çəkinmədiyini bildirib. Həmçinin, qeyd olunub ki, Böyük Vətən Müharibəsi iştirakçısı olan xanımlara bayran münasibəti ilə təbrik məktubu ünvanlanıb.   Xoş ovqat əsnasında keçən tədbirdə Respublika Veteranlar Təşkilatının xanım əməkdaşlarına gül dəstələri təqdim edilib, xatirə şəkli çəkilib.

Hamısını oxu
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən veteranların həqiqi hərbi xidmətə qəbulu qürurvericidir”

Xəbər verdiyimiz kimi, bugünlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş 9 nəfər veteranı həqiqi hərbi xidmətə qəbul edib.  Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Vətən müharibəsi iştirakçılarının həqiqi hərbi xidmətə qəbul edilməsini yüksək qiymətləndirib: “44 günlük Vətən müharibəsində iştirak edən 9 nəfər veteranın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə qəbul edilməsi olduqca təqdirəlayiq və qürurvericidir. Bu, hər şeydən öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin veteranlarımıza olan dqiqət və qayğısının nəticəsidir. 9 veteranın həqiqi hərbi xidmətə qəbul edilməsi faktı göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti veteranların məşğulluq problemini diqqətdə saxlayır, onların hər bir müraciətinə həssaslıqla yanaşır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi tez-tez bölgələrdə vətəndaşlarla görüşlər keçirir, onların arzu və istəkləri ilə maraqlanır, heç bir müraciəti cavabsız qoymur. Veteranlarımızın həqiqi hərbi xidmətə qəbul olunması, həm də 44 günlük Vətən müharibəsində iştirak edən, müharibənin odundan, alovundan çıxan vətəndaşlarımızın vətənimizin, dövlətimizin müdafiəsində iştirak etmək istəyinini göstərir. Bu fakt onu göstərir ki, ölkəmizdə vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir və bu məsələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də böyük rolu var. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılan maarifləndirmə işi, hərbi vətənpərvərlik təbliğatı gənclərimizin vətənpərvərlik tərbiyəsinin inkişafına böyük töhfə verib.  Mən həqiqi hərbi xidmətə qəbul edilən veteranlaırmızı təbrik edir, onlara uğurlar arzulayıram. Əminəm ki, onlar bundan sonra da vətənimizin müdafiəsinə öz töhfəsini verəcək, gənclərimiz üçün vətənə sevgi və xidmət nümunəsi olacaqlar”.  Seymur ƏLİYEV  

Hamısını oxu
Ata, ağlama, evə qayıdırıq! – Şuşa səfəri, I yazı

  Sentyabrın 11-də Şuşaya səfər edəcəyimizi eşidəndə ilk ağlıma gələn atam oldu. Ona görə yox ki, o, Şuşada doğulan, ömrünün böyük hissəsini Şuşada keçirən, bütün qəlbi, ruhu ilə bu şəhərə bağlı olan və Şuşa həsrəti ilə dünyasını dəyişən sadə şuşalılardan biri kimi bu şəhəri dəlicəsinə sevirdi. Ona görə ki, mən Şuşanı məhz onun sayəsində sevmişdim. Atamın Şuşa haqqında danışdıqları məni bu şəhərə onun gözləri, onun könlü ilə baxmağa sövq etmiş, onun Şuşa sevgisi anbaan, günbəgün, ilbəil qeyri-ixtiyari şüuruma, ruhuma axmışdı. Lakin əminliklə deyə bilərəm ki, Şuşanı yurd yeri, and yeri kimi əsl dəyərini mənə anlatan atamın sevgi dolu sözləri deyil, onun göz yaşları oldu. Heç vaxt ağlamayan, ən dar məqamda da həyata nikibinliklə baxan atamın göz yaşları...   Boğazda qalan loxma...   Şuşanı ailə olaraq 1992-ci ilin 8 mart tarixində tərk etmişdik. O vaxt bizi Sumqayıta – dayımgilə yola salan atam şəhərin bombalanması dayanandan, ordumuz erməniləri məğlub edəndən sonra bizi geri qaytaracağını bildirmişdi. Təbii, o vaxt Şuşanın ermənilər tərəfindən işğal olunacağı, itiriləcəyi heç kimin ağlına gəlmirdi. Şuşa sakinləri bu ehtimalı özləri üçün təhqir hesab edir, bu barədə ara-sıra səslənən fikirlərə ən cəfəng, absurd iddia kimi yanaşırdılar. Lakin taleyin ümidinə buraxılan köməksiz şəhərin 1992-ci ilin 8 may tarixində işğalı acı bir gerçəyə çevrildi. Həmin gün şəhərin müdafiəsində iştirak edən onlarla insan qəhrəmancasına şəhid olsa da bu, şəhərin erməni faşistləri tərəfindən işğalına mane ola bilmədi.   Şuşanın işğalı xəbərini eşidəndə ailəmizin ilk ağlına gələn atamın taleyi oldu. Artıq bir gün keçsə də atamdan heç bir xəbər yox idi. Bəziləri onun öldüyünü, digərləri isə əsir götürüldüyünü  iddia edirdi. Ailəmizn mayın 9-u gecəsini də bu cür ağrılı və qorxunc düşüncələr, göz yaşları içində keçirdi.   10 may 1992-ci il... Günortadan xeyli ötüb... Dayımgilin həyət qapısı açılır və üst-başı toz-torpaq içərisində olan atam həyətə daxil olur. Şəhərin işğal edilməsi bizi nə qədər sarsıtsa da, atamın sağ qalmasına bir o qədər çox sevinirik. Cəmi bir neçə dəqiqədən sonra ev əhli əl-üzünü yuyub əyin-başını qaydaya salan atama eyni anda onlarla sual ünvanlanmaya başlayır. Ancaq heç kim əsas məsələ haqqında - Şuşanın həqiqətən də işğal edilib-edilmədiyi barəsində soruşmağa cürət eləmir. Sanki hamı bu suala qorxduqları cavabı alacaqlarından ehtiyat edir.   “İkinci dərəcəli” suallara ötəri cavab verən atamın davranışında diqqəti çəkən əsas məqam onun baxışlarını günahkar kimi bizdən gizləməsi, Şuşa itkisi fonunda zahiri soyuqqanlığını, saxta təmkinini qorumağa çalışmasıdır. Lakin görünür o bunu o qədər də yaxşı bacarmırdı. Bəlkə elə buna görə də onun daxili narahatlığını hiss edən qohumlardan kimsə ortamı yumşaltmaq, bu gərginliyə adi ovqat qatmaq üçün atamın iki gündür ac-susuz yollarda olduğunu xatırlatdı və üzünü ətrafdakılardan kiməsə tutub yemək gətirmələrini tapşırdı.   ...Daha bir neçə dəqiqə keçir. Qohumların təkidi ilə atam ilk loxmanı ağsına qoyub udmağa çalışır. Lakin “nə isə” buna imkan vermir. Və birdən hər kəs tükürpədən hönkürtüdən dəhşətə gəlir. Və hər kəsin eşitməkdən qorxduğu baş verir. Atam üzümü anama tutaraq sel kimi axan göz yaşları içində sadəcə, “Daha Şuşa yoxdur” deyə bilir.   Mən yalnız həmin an necə böyük, dəhşətli hadisənin baş verdiyini dərk etdim. Məhz o zaman anladım ki, Şuşanını itirilməsi sadəcə evimizin, şəhərimizin itirilməsi demək deyil. Bu, mənim uşaq ağlımın dərk edə bilmədiyi daha böyük, daha mühüm nələrinsə itirlməsi deməkdir. Bu itkiyə elə şeylər daxildir ki, onun ağrısı bütün həyatı əzab-əziyyət içində keçən, od-alovda möhkəmlənən insanı belə başqaları önündə ağlamağa məcbur edir, onu göz önündəcə boğurdu. Məhz bu mənzərə Şuşanı – onun əsl dəyərini mənə yenidən kəşf etdirdi.   Ruhun ölümü və ya sağ qalmaq günahdır!   Sonralar həmin günü xatırladıqca daha bir həqiqəti başa düşdüm. Anladım ki, evini, şəhərini, torpağını itirən, bu səbəblə də başqa evə, başqa məkana sığınan insan fiziki baxımdan sağ olsa da, mənəvi baxımdan ölür. Bu ölüm birdən-biri deyil, tədricən baş verir və uzunmüddətli olur. Hansı ki, həmin gündən etibarən atam da beləcə ölməyə başlamışdı. Və ən pisi isə o idi ki, heç kim onun gözü önündə baş verən bu prosesə əngəl ola, bu ölümü dayandıra bilmirdi.   Atam Şuşasız yaşamağı bacarmırdı və ölənə qədər də bacarmadı. O, Şuşasız yaşamağı günah hesab edirdi. Ona görə vətənsiz yaşamağın, sağ qalmağın heç bir mənası yoxdur. Buna görə də, atam Şuşanın işğalından sonra nəfəs alsa da, yaşamırdı.   İndi, atamın ölümündən və Şuşanın işğaldan azad olunmasından sonra bütün bunları yada salanda düşünürəm ki, bəlkə də atam haqlı idi. Bəlkə də vətəni müqəddəs və vazkeçilməz edən onsuz sağ qalmaq günah olmasıdır. Bəlkə də vətən elə bu olan şeydir ki, ondan ayrı keçən günlər ömürdən sayılmır. Bəlkə də vətənsizlik elə ruhun ölümü deməkdir. Hansı ki, ruhun yoxluğu fonunda bədənin var olması heç bir önəm daşımır...   ...Odur ki, həm 2020-ci ilin 8 noyabrında Şuşa erməni işğalından azad ediləndə, həm də 11 sentyabrda Şuşaya üz tutarkən üzümü yaddaşımda 1992-ci ildəki hönkürtüsü ilə qalan atama tutub bu sözləri demək gəldi içimdən: “Ata, ağlama, evə qayıdırıq!”   Əsgər ruhlarının keşik çəkdiyi müqəddəs yol...   11 sentyabr səhər saat 06:20. İçində mənim də olduğum avtobus “Azneft” dairəsindən hərəkətə başlayır. Saatlar ötdükcə rayonlar bir-bir geridə qalır. Magistral yolda sürətlə şütüyən avtobus bizi Füzuliyə yaxınlaşdırır. Avtobusumuz Füzulidən Şuşaya Zəfər yolu ilə hərəkət edəcək. 2020-ci ilin payızında hərbçilərimizin mərmi yağışı altında piyada hərəkət etdiyi, dağlar və meşələr içərisində addım-addım qət etdikləri müqəddəs yolla...   ...Çox keçmir ki, avtobusumuz Zəfər yolu ilə şütüməyə başlayır. Meşələrlə əhatə olunan dağların qoynunda ilan kimi qıvrılaraq uzanan yollar yadıma Şuşa-Laçın yolunu, həmin yolun “Yeddi dolama” adlanan hissəsini xatırladır. Lakin Zəfər yolundakı dolamalar mənə “Yeddi dolama”dan daha uzun gəlir. Yolun kənarlarından dağların ətəyinə doğru açılan sıldırımlar da mənə daha dərin gəlir. Və avtobus bu yolla irəlilədikcə istər-istəməz 44 günlük Vətən müharibəsini, hərbçilərimizin bu müharibədəki qəhrəmanlığını xatırlayırsan. Gözlərinin önünə yüngül və ağır atıcı silahlarla silahlanan, günlərlə davam edən soyuq havalarda bitib-tükənməyən dağ yolları ilə Şuşaya doğru hərəkət edən əsgərlər gəlir. Dar gündə Vətənin səsinə səs verərək evdə yaşlı valdieynlərini, balaca körpələrini, xəstə yaxınlarını, yardıma möhtac doğmalarını qoyub gələn əsgərlər... Hansı ki, onların bəzisinə yenidən evinə dönmək, öz yaxınlarına yenidən sarılmaq nəsib olmayıb. O əsgərlər ki, onların bir qismi üçün bu yol şəhidliyə - əbədiyyətə uzanan yola çevrilib. O əsgərlər ki, onların bəzisinin yaxınları bu gün də onların ölümünə inanmır, inana bilmir və nə vaxtsa evlərinə qayıdacağına ümid edir.   Və bütün bunları düşündükcə adama elə gəlir ki, bu yola – Zəfər yoluna bu gün də şəhid hərbçilərin ruhları keşik çəkir. Bəlkə də şəhidlik onları bu müqəddəs yolların əbədi keşikçisinə çevirib. Bəlkə onlar bundan sonra da qan və alın təri ilə suladıqları bu yolu mühafizə etməkdə, bu yolları bundan sonra da qorumaqda davam edəcəklər... Ömrünün tamamını hərbə həsr edən əsgərlər kimi...   “Bəyaz qala”, yaxud isti ürəklərlə buz qayalara doğru...   Zəfər yolunun bitməsinə bir qədər qalmış uzaqdan – az qala buludların qoynunda ağaran nəhəng sıldırım qayalıqlar diqqət çəkir. Bura Şuşadır. Üstündə qərar tutduğu ağ qayalar fonunda bəyaz qalaya bənzəyən doğma Şuşa... 29 il öncə xəyanət səbəbi ilə düşmənə yenik düşən, bir qərinəyə yaxın əsirlik həyatı yaşayan, torpağında babamın, nənəmin uyuduğu müqəddəs şəhər... 29 il ərzində yüzlərlə şuşalının həsrəti ilə öldüyü, onlarla döyüşçünün uğurunda şəhid olduğu doğma yurd yeri...   Avtobus Daşaltı kəndinin boyu yolla irəlilədikcə ötən ilin soyuq noyabr günləri yada düşür. Istər-istəməz döyüşçülərimizin bu yollarla piyada Şuşaya necə yaxınlaşdıqları, mərmi yağışı altında düşmənlə necə mübarizə apardıqları, bu sərt qayalıqları necə dırmaşdıqları haqqında düşünürsən. Gözlərinin önünə soyuq barmaqları ilə buz tutan qayalıqlardan yapışıb yuxarı qalxan, hər an yıxılmaq, yaxud düşmən gülləsinə hədəf olmaq təhlükəsi ilə üzləşən əsgərlərimiz gəlir. Onların ağır əsgər çəkmələri, atıcı silahlar, hərbi ləvazimatlarla bu qayaları səssiz-səmirsiz necə dırmaşa bildiklərini təsəvvür etməyə çalışırsan. Və bu zaman xəyallarının sərhədlərinin daraldığını, təsəvvür gücünün yetərli olmadığını hiss edirsən. Hiss edirsən ki, bu qəhrəmanlığı təsəvvür etmək, onu düşüncə olaraq yaşamaq belə böyük güc, özünəinam və cəsarət tələb edir. Bəlkə bu qəhrəmanlığı təkrarsız və böyük edən onun xəyalının belə qeyri-adi, heyrətaimiz olmasıdır.   Daşaltı kəndindən Şuşanın ağaran qayalıqlarına baxdıqca bu qayaları güllə yağışı altında fəth edən, onun buz soyuqluğunu ruhundakı vətən sevgisi ilə isidən, qayların sərtliyinə dəmir iradələri ilə qalib gələn, bu mübarizənin gedişində özləri də yeriyən qayalara çevrilən insnalarla eyni səma altında yaşadığına, onlarla eyni qanı daşıdığına, eyni bayrağın keşiyində dayandğına görə böyük bir fərəh və qürur hiss edirsən. Və içində baş qaldıran dərin bir inam səni əmin edir ki, vətən oğullarının sərgilədiyini bütün bu igidliklər bu vətənin özü kimi əbədi və həmişəyaşardır. Nə zamansa bu vətənin başı üzərini qara buludlar alarsa, o zaman tarixə çevrilən bu qəhrəmanlıqlar vətənin gələcək oğullarının simasında yenidən təkrarlanacaq, dövlətimizin xalqımızın, bayrağımızın əbədi toxunulmazlığını təmin edəcəkdir...   Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan təhlükəsizlik orqanlarının veteranı Vahid Tağıyev vəfat edib.

Respublika Veteranlar Təşkilatının  sədri general-polkovnik Tofiq Ağahüseynov Ağsu rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, dəyərli ziyalı, ehtiyatda olan polkovnik Vahid Tağıyevin vaxtsız vəfatından kədərlənir, mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin, ruhu şad olsun! Xatırladak ki, Vahid Tağıyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 30 sentyabr 2019-cu il tarixdən Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. 1987-2016-cı illərdə Azərbaycan təhlükəsizlik orqanlarında xidmət etmiş, cənab Prezident İlham Əliyev tərəfindən «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir.

Hamısını oxu