Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək cəhdidir

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək cəhdidir. Erməni separatçılarının ordumuzun mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutması, yeni təxribatlara cəhd etməsi Ermənistanın məkrli niyyətlərindən xəbər verir və regionun təhlükəsizliyi baxımından ciddi təhdid yaradır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Təşkilatın sədr müavini diqqətə çatdırıb ki, Ermənistanın təxribatları bu ölkəni uçuruma sürükləyir. Ötən il 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalayaraq faktiki olaraq kapitulyasiyaya imza atan Ermənistanın hazırda ordumuzun mövqelərini atəşə tutması, yenidən təxribatlara əl atması məntiqlə anlaşılan deyil. Qırx dörd günlük Vətən müharibəsi Ermənistanın hərbi potensialı ilə yanaşı, onun zəif iqtisadiyyatını da sıradan çıxartdı. Bu gün Ermənistan nə hərbi, nə iqtisadi, nə də digər baxımdan hər hansı qarşıdurmaya hazır deyil. Amma buna baxmayaraq, təxribatlarından da əl çəkmək, öz məğlubiyyəti ilə barışmaq istəmir. Hansı ki, Ermənistanın bu təxribatları bütün regionda sülhə və sabitliyə mənfi təsir göstərir, bölgədə vəziyyəti gərginləşdirir. “Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycan bu təxribatlara sonsuzadək səssiz qala bilməz. “Dəmir yumruq” əməliyyatı göstərdi ki, ordumuz sözün həqiqi mənasında qarşısıalınmazdır və istənilən missiyanı uğurla yerinə yetirməyə qadirdir. Bu isə o deməkdir ki, yeni bir qarşıdurma Ermənistanın dövlət kimi mövcudluğuna son qoya bilər. Ola bilsin ki, Ermənistan indiki məqamda Azərbaycanı yeni hərbi əməliyyatlara sövq etməklə özünü dünya ictimaiyyətinə qurban kimi təqdim etməyi planlaşdırır. Ermənistan belə təxribatlarla Azərbaycanın səbrini tükətməyə, onu yenidən anti-terror əməliyyatlarına başlamaq məcburiyyəti ilə üz-üzə qoymağa çalışır. Çalışır ki, Azərbaycan separatizmə qarşı yeni bir mübarizəsə start versin və yenə özünü bütün dünyaya qurban kimi təqdim edərək bildirsin ki, “məzlum xalq” Azərbaycanın hücumuna məruz qalıb. Hesab edirəm ki, Avropa İttifaqı Komissiyasının prezidenti Şarl Mişelin regiona səfəri öncəsi süni gərginliyin yaradılması heç də təsadüfi xarakter daşımır və məqsəd Azərbaycanın imicinə kölgə salmaq, onun zorakı, militarist obrazını yaratmaqdan ibarətdir”, - deyə C.Xəlilov vurğulayıb. Ehtiyatda olan polkovnik qeyd edib ki, rəsmi İrəvan mövcud reallığı dərk etməli, öz xalqının taleyi ilə oynamamalıdır. Azərbaycan Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etməkdə, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməkdə nə qədər qərarlı olduğunu bütün dünyaya göstərdi. “Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməklə bir daha bu torpaqların əsl sahibi olduğunu dünyaya göstərməkdədir. Belə olan halda rəsmi İrəvanın yenə də təxribatlara əl atması, onun hər şeydən əvvəl xalqının taleyi ilə oynadığını göstərir. Ancaq Ermənistan hakimiyyəti bilməlidir ki, əgər Azərbaycan yeni bir anti-terror əməliyyatına başlayarsa, bunun nəticəsinə qatlanmaq onun üçün ikiqat çətin olacaq. Çünki yeni bir müharibə hərbi-iqtisadi baxımdan tükənən Ermənistanın bir dövlət kimi sonu demək olacaq”, - deyə Cəlil Xəlilov əlavə edib.

2021-07-15 00:00:00
3568 baxış

Digər xəbərlər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Prezidenti avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim edib. Rusiya dövləti başçısının Novo-Oqaryovadakı iqamətgahında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı salamlayan Prezident Vladimir PUTİN dedi: -Hörmətli Mehriban Arif qızı. İcazə verin, Sizi Moskvada indiyə qədər olmadığınız qisimdə - Birinci vitse-prezident kimi salamlayım. Mən bilirəm ki, Sizin səfərinizin çox böyük, zəngin proqramı var. Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Anatolyeviç Medvedev Sizinlə görüşü barədə mənə artıq məruzə edib. Bilirəm ki, orada danışmağa mövzu olub. Mən, ilk növbədə, bizim ticari-iqtisadi əlaqələrimizin artan həcmini nəzərdə tuturam. Cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb. Bu, ciddi göstəricidir. Biz demək olar ki, bütün istiqamətlər üzrə - parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq. Azərbaycan Prezidenti ilə mənim çox etimada əsaslanan mehriban münasibətlərim formalaşıb. Bilirəm ki, sabah Siz Valentina İvanovna ilə birlikdə X Regionlararası Forumu da açacaqsınız. Hesab edirəm ki, bu, bizim əməkdaşlığımızın olduqca mühüm istiqamətidir. Ona görə ki, bizim qarşılıqlı fəaliyyətimizin xeyli hissəsi məhz regionlar səviyyəsində həyata keçirilir. Bizim təklifimizi qəbul etdiyinizə və Moskvaya səfərə gəldiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. X X X Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi: -Hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvət edilməyimə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Moskvada olmağıma çox şadam. Moskva mənim üçün yaxın, doğma şəhərdir. Mənim tələbəlik illərim burada keçib. Moskva hər dəfə göz oxşayır. Mənim Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyimə görə də Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətimə verilən yüksək qiymətdir. Fürsətdən və imkandan istifadə edib Sizə Azərbaycan Respublikası Prezidentinin salamını və ən xoş arzularını çatdırmaq istəyirəm. O, Sizinlə münasibətləri çox yüksək qiymətləndirir və Rusiya-Azərbaycan münasibətlərinə xüsusi əhəmiyyət verir. Sizinlə İlham Heydər oğlu arasında müntəzəm görüşlər bizim ikitərəfli əlaqələrin çoxvektorluluğunu və dinamizmini müəyyən edir. Mən həm də Azərbaycan Respublikası Prezidentinin Sizə münasib vaxtda ölkəmizə səfər etmək təklifini çatdırmaq istəyirəm. Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Siz dediyiniz kimi, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Siz qeyd etdiyiniz kimi, iqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır. Qeyd etmək istəyirəm ki, Rusiyadan ölkəmizə gələn turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı Azərbaycana səfər edib. Bu il biz həmin göstəricinin artacağını gözləyirik. Əlbəttə, humanitar sahədə münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu münasibətlər nümunəvidir. Siz bilirsiniz ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəsləyirlər. Respublikamızın paytaxtında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icması ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir. Dəvətə, səmimi qəbula, qonaqpərvərliyinizə görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri Azərbaycan və Rusiya xalqlarının rifahı naminə bundan sonra da uğurla inkişaf edəcək. X X X Rusiya Prezidenti Vladimir PUTİN dedi: -Hörmətli Mehriban Arif qızı. Bilirsiniz ki, təntənəli hissəyə keçmək nəzərdə tutulurdu, lakin hər halda Sizin indicə dediyiniz məqama reaksiya verməyə bilmərəm. Bu, xüsusən bizim humanitar əlaqələrə və Azərbaycanda rus dilinə münasibətə aiddir. Həqiqətən bu, keçmiş Sovet İttifaqı ölkələrindən, keçmiş Sovet İttifaqı respublikalarından biridir ki, orada, - biz bunu hiss edirik, - rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. Bilirəm ki, Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir. Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sözsüz belədir, Vladimir Vladimiroviç. Bu, Azərbaycanda dövlət siyasətidir. Düşünürəm ki, biz gələcəkdə bu sahəyə daha çox diqqət yetirməliyik. Ona görə ki, gənc nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür. Ona görə də insanlar arasında, xüsusən gənc nəsil arasında humanitar sahədə bu gün mövcud olan əlaqələrin qorunub saxlanması və bu əlaqələrin daha da möhkəmlənməsi lazımdır. Prezident Vladimir PUTİN: Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümidvaram ki, onunla dekabrın 20-də Peterburqda görüşmək şərəfinə nail olacağam. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sağ olun. Dəvət üçün sağ olun. Prezident Vladimir PUTİN: Mənə icazə verin, artıq xatırlatdığım xoş təntənəli hissəyə keçim. Siz özünüz də bunu dediniz. Mən əvvəlcə bunu demək istərdim. Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk. Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: “Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sizə təşəkkür edirəm. Sonra Rusiya Federasiyası Prezidentinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması haqqında Fərmanı oxundu. Rusiya Prezidenti Vladimir Putin “Dostluq” ordenini Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi. Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi: Bu ordenə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Siz öz təbrik məktubunuzda məni Rusiyanın əsl dostu adlandırmısınız. Deməliyəm ki, Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə mənim də cüzi töhfəm var. Çox sağ olun. Prezident Vladimir PUTİN: Təşəkkür edirəm. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sağ olun.

Hamısını oxu
“Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir”

Cəlil Xəlilov: “Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər bu faktı ciddi şəkildə araşdırmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır”   “Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir” .   Bunu saytımıza açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt Ermənistanın hərbi cinayətlərinə yeni bir sübutdur və beynəlxalq təşkilatlar buna biganə qalmamalıdır:   “Ermənistanın istər I Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində ölkəmizə qarşı çoxsaylı hərbi cinayətlərə yol verdiyi məlumdur. 44 günlük müharibədə açıq döyüşlərdə ağır məğlubiyyətə uğrayan Ermənistanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və s. şəhərləri qadağan edilmiş raketlərdən atəşə məruz qoyduğu, mülki insanların ölümünə imza atdığı bütün dünyanın gözü qarşısında baş verən reallıqlardır. Lakin bugünlərdə ANAMA-nın apardığı araşdırmalar nəticəsində Ermənistanın 44 günlük müharibə dönəmində Şuşaya “İsgəndər” raketləri atması ilə bağlı da yeni faktlar meydana çıxıb ki, bu da rəsmi İrəvanın cinayətkar xislətini, Ermənistanın anti-insani mahiyyətini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan region üçün böyük təhlükə mənbəyidir və dünya bu həqiqəti gec də olsa dərk etməlidir.   Bu faktla bağlı araşdırılması gərəkən məsələlərdən biri də Ermənistanın bu raketləri necə əldə etməsi ilə bağlıdır. Heç kimə sirr deyil ki, münaqişə tərəflərinə belə bir raketin verilməsi beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Bu baxımdan, Ermənistanla yanaşı, ona bu raketləri verən dövlətin də məsuliyyət payı müəyyən edilməli, həmin dövlət də cinayətkar Ermənistanla yanaşı buna görə cavab verməlidir.   Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməsi  beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən ciddi şəkildə araşdırılmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır. Bu məsələdə silahlara nəzarət üzrə beynəlxalq təşkilatlar da aktiv rol oynamalıdr. Çünki Ermənistan ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməklə, sadəcə Azərbaycana qarşı cinayətə yol verməyib. Ermənistan bununla, həm də beynəlxalq hüquqa qarşı cinayət törədib. Buna görə də Ermənistan bu cinayətə görə cəzalanmalı, məsuliyyətə cəlb edilməlidir. Bu isə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin moderatorluğunda həyata keçirilməlidir. Ermənistanın cəzalandırılmasının təmin edilməsi beynəlxalq təşkilatların, böyük dövlətlərin istər hüquq, istərsə də mənəvi baxımdan üzərinə düşən bir öhdəlikdir və yəqin ki, biz yaxın gələcəkdə onların bu öhdəliyi nə dərəcədə yerinə yetirəcəyinə şahid olacağıq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Ərdoğan BU TARİXDƏ Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi məlum olub. Türkiyə KİV-lərinin məlumatına görə, səfər 9-10 dekabrda baş tutacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək. Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.

Hamısını oxu
Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov

Məlik Məlik oğlu Məhərrəmov 1920-ci il avqustun 29-da Zərdabın Bıçaqçı kəndində, həm də atasının vəfatından 3 ay sonra doğulub, 1 yaşı tamam olanda anası vəfat edib. Məlik I sinfə 10 yaşında getməli olub, elə 10 yaşından kolxozda da işləyib- pambıq yığıb, taxıl suvarıb. VII sinfi bitirən kimi tək-tənha Bakıya gedib, peşə təhsili alıb, Bakının “Qırmızı oktyabr” artelində mühasib köməkçisi işləyib. Elə həmin il orduya çağırılıb, rus dilini yaxşı bilməsini və qabiliyyətini nəzərə alıb komandanlıq onu Ryazan hərbi rabitə məktəbinə göndərib.1941-ci ildə müharibə başlanır və Məlik Məhərrəmov cəbhəyə könüllü gedir. Müharibə iyunun 22-də başlmışdı, iyunun 27-də Məlik Məhərrəmov Şimal-Qərb cəbhəsində – Pskov vilayətində amansız qanlı döyüşdə faşistlərlə vuruşurdu…1943-cü ilin payız gecəsində 77-ci diviziyanın tərkibində leytenant M. Məhərrəmovun bölüyü düşmən nəzarətində olan Dnepr çayını özünün düzəltdiyi sal və qayıqlarla keçərək düşmənin başının üstünü qəfildən aldı, Sovet ordusunun əsas qüvvələri çayı keçib köməyə gələnə qədər tutduğu ərazini qəhrəmanlıqla müdafiə edib 12 saat dayanmadan düşmənlə vuruşdu, onu möhkəmləndirilmiş istehkamlarından da vurub çıxardı, səngərdə qoyub qaçdığı pulemyotları və döyüş sursatlarını ələ keçirdi.Məlik Məhərrəmov həmin çətin, qorxulu və ona böyük şöhrət gətirən əməliyyatı belə xatırlayırdı:– Mənə qədər bir çox bölüklərə, özü də rusların komandir olduqları bölüklərə Dnepri keçmək əmri verilmiş, əməliyyatlar pozulmuş, bölüklər böyük itkilərlə geri üzmüşdülər. Əslində məni də ölümə göndərirdilər. Düzdür, özüm könüllü dedim ki, çayı mən bölüyümlə keçərəm. Amma könüllü getməsəydim əmr edəcəkdilər, -bunu duydum və tale üzümə güldü. Biz faşistlərin pulemyotlarını ələ keçirən kimi o pulemyotlarla işləməyi bacaran 2 əsgərim düşmənə atəş açmağa başladı. Bizimkilər də guya bizə dəstək verərək alman pulemyotlarının səsi gələn nöqtələri vurmağa başladılar. Yaxşı ki, çayı keçəndə telefon xətti də çəkə bilmişdik. Dərhal telefonla o taya xəbər verdim ki, o pulemyotları qənimət götürmüşük, o səmtə atmayın”…Bu əfsanəvi şücaətə görə 1944-cü il yanvarın 15-də Məlik Məhərrəmova və onun 17 döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Sonra M. Məhərrəmov Moskvada M. Frunze adına Hərbi Akademiyanı da bitirdi.Müharibədən sonra isə o, Lənkəranda, Bakının Salyan hərbi kazarmasında qərargah rəisi, Ağdaş, Oğuz, Qəbələ, Xızı, Sabirabad, Kürdəmir və Nərimanov rayonlarında hərbi komissar, Bakı Dövlət Universitetində hərbi kafedranın, sonralar isə xüsusi şöbənin rəisi işlədi.Sovet İttifaqı Qəhrəmanı, polkovnik, Şöhrət ordenli Məlik Məhərrəmov ömrü boyu vətənə və xalqa vicdanla, namusla xidmət etdi, heç yerdə heç kəsdən təmənna ummadı.Məlik Məhərrəmovun bölüyünün Dnepr çayını keçib düşmənin gücləndirilmiş müdafiə istehkamlarını ələ keçirdiyi xəbərini eşidəndə SSRİ-nin və Polşa dövlətinin marşalı, 1-ci Belorus cəbhəsinin komandanı, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı K. K. Rokossovski bir dəstə generalla azərbaycanlı leytenant Məlik Məhərrəmovla və onun qvardiyaçı bölüyü ilə şəxsən tanış olmaq üçün Dnepr çayının sahillərinə gəlib. O, Məhərrəmovla yaxından tanış olub və deyib: “Leytenant Məhərrəmov, sənə həsəd aparıram”.Məhərrəmov təəccüblənir:– Cəbhə komandanı leytenanta?Rokossovski təsdiq edir:– Bəli. Mən leytenant olanda məni heç kəs tanımırdı. Sənin qəhrəmanlığın haqqında isə radio danışır, qəzetlər yazır…Məlik müəllim deyirdi ki, o görüşün sonunda marşal mənimlə əl-ələ görüşdü, yanındakı rus generallarına isə belə dedi: “Yaxın gəlin, görüşün, əliniz əsl kişi əlinə dəysin”… İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru

Hamısını oxu