Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Həsrətimizin ümid qapısı – Ağdam

Azərbaycanın erməni işğalından azad olunmuş torpaqlarına ictimaiyyət nümayəndələrinin, jurnalistlərin səfərləri davam edir. Erməni vandallarının törətdikləri əməllərin ölkə ictimaiyyətinə, eləcə də dünyaya bəyan edilməsi baxımından bu səfərlər mühüm əhəmiyyət daşıyır.


Dünya həqiqətləri görməli, işğalçını tanımalı və ona öz layiq olduğu qiyməti verməlidir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 16 avqust 2021-ci il tarixində Ağdama 70-dən artıq QHT nümayəndəsinin səfəri də bu məqsədə xidmət edirdi. Respublika Təhsil Şurasını sədr Samir Mehdizadə və təşkilatın katibi olaraq mən təmsil edirdim. Səfərdə iştirak etməyim işğalçıların əməllərini əyani şəkildə görməyimə və bu yazını qələmə almağıma rəvac verdi. Elə bilirəm ki, bu yazı ilə Ağdamın mövcud durumu haqqında oxucularımda məlumatların genişlənməsinə öz töhfəmi bəxş edə biləcəyəm. Həyatımın ən gözəl səfəri kimi xatirəmə yazılan bu səfərdə iştirakıma şərait yaradan hər kəsə dərin minnətdarlığımı bildirirəm. 

 

Bu torpaqların hər qarışı bizim var-dövlətimizdir

Bərdədən Ağdama yol alırıq. Şəhərin mərkəzindən keçərkən 44 günlük Vətən müharibəsi zamanı ermənilərin raket zərbəsi ilə atəşə tutması nəticəsində şəhid olmuş dinc sakinlərin ruhunu dərin hüznlə yad edirik, onlara Allahdan rəhmət diləyirik. Bərdə 44 günlük Vətən müharibəsinin ağrı-acılarını ruhunda, cismində hiss etmiş, yaşamış qəhrəman şəhərlərimizdən biridir. Bu şəhər istər Birinci Qarabağ Müharibəsində, istərsə də, 44 günlük Vətən Müharibəsində sinəsini düşmənə sipər edib, qaçqın, köçkün bacı-qardaşlarımıza böyük mərhəmət hissi ilə qucaq açıb. 

Artıq keçmişdə qalan “təmas xəttini” keçib Ağdam ərazisinə daxil oluruq. Yol boyu hər addımda rastlaşdığımız texnikaları, toz-torpağa, dözülməz istiyə baxmayaraq həvəslə çalışan yolçəkənləri gördükcə, Azərbaycan hökumətinin tezliklə Qarabağda abadlıq işlərini başa çatdıracağına, burada firavan həyatın bərqərar olacağına inam yaranır. Bura əsl tikinti meydanıdır. Biz öz evimizi yenidən tikirik və ona qovuşacağmız günü səbirsizlikə gözləyirik. Fəhlələr üzlərində təbəssüm sürətlə ötüb keçən avtobusun sərnişinlərinə əl edirlər. Onların simasında həm də öz işlərindən dərin məmnunluq hissi duyulur. Yol boyu şəhid məzarları diqqətimi cəlb edir. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Bu torpaqda addım atmaqdan belə çəkinir insan. Düşünürsən ki, bəlkə bir şəhid məzarını tapdalayarsan, bir şəhid ruhunu narahat edərsən. 

Ağdamın düzən tərəfindəyik.

 

Göz işlədikcə boş torpaq sahələri uzanıb gedir.Saralmış otlar, toz-torpaq, meyvə ağacları - bunlar bizim var-dövlətimizdir. Bu sahələrdə nə qədər kənd təsərrüfatı məhsulları əkib-becərmək olar. Boz görünən bu torpaqlar taxıldır, çörəkdir, kartofdur, soğandır, bir sözlə bol bərəkətdir, yüzlərlə iş yeridir, insanların çörək ağacıdır, onların nəfəsidir, insanları həyata bağlayan tellərdir. Ermənilər də bu torpaqlarda taxıl əkiblərmiş. Ölkələrinin taxıla olan ehtiyacının bir qismini məhz Azərbaycanın münbit torpaqları hesabına ödəyiblər.  Amma hələlik bu torpaqlar ölüm saçır. Erməni vandalları bu torpaqlarda 100 minə yaxın mina basdırıb. Azərbaycan hökuməti basdırılmış minaların xəritəsini əldə edib, amma bəllidir ki, torpaqların gizli ölümdən təmizlənməsi hələ çox zaman alacaq. 

Qarabağ universiteti də Ağdamda, bu maarifçi şəhərin “elm” və “təhsil” övladı kimi doğulacaq.

Tarixinin bütün dövrlərində Ağdamda təhsiln, mədəniyyətin, incəsənətin inkişafı diqqət mərkəzində saxlanılıb. Ecazkar Ağdam torpağı Azərbaycan və dünya mədəniyyətinə, elminə görkəmli şəxsiyyətlər, tarixi simalar bəxş edib.  Bu görkəmli şəxsiyyətlər Azərbaycanı dünyada ləyaqətlə təmsil edib və bu gün də etməkdədirlər. Ağdamın təhsil mühitindən pərvazlanaraq elmdə söz sahibinə çevrilən alimlər, Ağdamın mədəniyyət, incəsənət mühitindən su içib dünyada Azərbaycanın şaqraq səsi kimi eşidilən sənətkarlar bu şəhərin elm, sənət mühitinin zənginliyindən soraq verir. Fikrimcə, Qarabağ universiteti də Ağdamda bu maarifçi şəhərin “elm” və “təhsil” övladı kimi doğulacaq. Doğulacaq ki, zəngin ənənələr, möhkəm təməllər üzərində yeni dövrün elm məbədgahı yaratsın...

Ağdamın xarabalıqları da gözəldir.

Ağdamın ruhu onun tarixində, mədəniyyətində, tarixə bəxş etdiyi görkəmli simaların əməllərində yaşayır. Bu ruhu öldürmək, onu tarixin toz-torpağı altında dəfn etmək mümkün deyil. Ağdamı gəzdikcə buna bir daha əmin olurdum. Erməni vandalları tərəfindən dağıdılmış binaların, məzarların arasından keçərkən, Azərbaycanfilm kinostudiyasının istehsalı olan “Nəsimi” filmindən bir kadr yadıma düşür. Dövlət bəyin kəsilmiş başı onun heyranı olan Şəmsin qarşısına atılır. Şəms Dövlət bəyin kəsilmiş başını görüb deyir: - Dövlət bəyin ölüsü də gözəldir. Dövlət bəy fiziki cəhətdən öldürülsə də, o, onu sevənlər üçün əbədiyaşarlıq zirvəsinə ucalmışdı. Ağdam da mənim nəzərlərimdə, xarabalıqları da gözəl olan, fiziki cəhətdən dağıdılsa da, ruhu ilə əbədiyaşarlıq qazanan bir şəhər kimi canlanırdı. Bəli, məhz canlanırdı. Uçulub dağılmış imarətlər, saraylar, türbələr, məscidlər sanki bir anın içində əvvəlki görkəmini alır, qapılarını ona bağlı olan insanların – ağdamlıların üzünə açır. Yenə köhnə günlər geri qayıdır: uzaqdan muğam səsi eşidilir, atların kişnərtisi, qığılcım saçan nal nəsləri qulaqlarımda cingildəyir. Ağdamlılar öz evlərinə qayıdırlar. Və mən xəyaldan ayılıram. Hiss etdiklərimin xəyal deyil, həqiqət olduğunu görürəm. Bu günləri bizə nəsib edənlərə içim bir minnətdarlıq duyğusu ilə dolur.

 

Məzarları dağıtmaq hansı millətin “mədəniyyətində” var?

Ağdamda hər yeri dağıdıblar. Məsçidə, məktəbə, mədəniyyət evinə, uşaq bağçasına, dram teatrına belə güzəşt edilməyib. Bunu gözləmək də mümkün deyil. Mədəniyyətə, tarixə ehtiram etmək üçün gərək özünün də mədəniyyətin ola. Bunu erməni vandallarından gözləməkmi olar? Bu toplum öz övladına mədəni dəyərlər deyil, vandalizm aşılayır. Başqa millətlərin mənəvi dəyərlərinə ehtiram onların leksikonunda və tərbiyə konsepsiyasında yoxdur. Xocalıdan, Ağdabandan, Başlıbeldən və s.dən danışmadan Ağdamda gördüklərimizdən elə bu qənaətə gəlmək mümkündür. Görəsən işğal etdikləri ərazilərdə məzarları qazıb sümükləri oğurlamaq, təhqir etmək dünyada başqa hansı millətin “mədəniyyətində” var? 

İmarətin simasından kədər oxumamaq mümkün deyil...

Ağdamda ilk ziyarət etdiyimiz məkan Qarabağ xanı Pənahəli xanın imarəti oldu. Pənahəli xan bu imarətdən yay sarayı kimi iştifadə edərmiş. XVIII əsrə aid olan bu tarixi-memarlıq abidəsi xan nəslinin birinci mülklərindən hesab olunur. Şərq memarlıq üslubuna xas xüsusiyyətləri özündə ehtiva edən saray kompleksinin inşası Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərə təsadüf edir. Zaman keçdikcə, Ağdamda bir-birindən yaraşıqlı, müxtəlif memarlıq üslublarında binalar inşa edilsə də, Pənahəli xanın sarayı öz gözəlliyini, fərqliliyini, ilkinliyini qoruyub saxlayıb. Sarayın gələcək nəsillərə ən mühüm ərməğanı isə, onun Azərbaycan xalqına, onun tarixi, milli, mənəvi dəyərlərinə bağlılığı olub. Saray milli ruhla yaradılıb. Xan sarayının hər qarışında bu ruhu duymaq, ona toxunmaq mümkündür. Erməni vandalları Ağdamı işğal altında saxladıqları 27 il ərzində xan sarayının ruhunu məhv edə bilməyiblər. 27 il ərzində öz həqiqi sahiblərindən ayrı düşən imarətin simasından kədər oxumamaq mümkün deyil...

Bu kədər sarayın həyətində Xan qızı Xurşudbanu Natavanın erməni vandalları tərəfindən dağıdılmış məzarı ilə də müşayiət olunur. Məzar açılıb, mərhumun sümükləri çıxarılaraq oğurlanıb. Xan sarayının həyətindəki vandalizm dünyanın, insan tərəfindən törədilmiş ən faciəvi tablosunu xatırladır. Dağıdılmış məzar, qurumuş ağaclar, susuz, sahibsiz ağlayan torpaq, raket zərbəsindən uçulmuş hasar, deşilmiş gümbəz... və bütün bunları törədən insan mənəviyyatsızlığı bu tablonun qarışıq rəngləri fonunda insanın insana qarşı nifrətinin zirvəsini göstərir. Bu tabloda erməni mənəviyyatsızlığının iç üzü bir daha açılır.   

 

Ağdam Cümə məscidində

Cümə məscidindəyik. Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilən, Şərq memarlıq üslubuna xas xüsusiyyətləri özündə birləşdirən tarixi Cümə məscidində. Biz bu məscidi televiziya ekranlarından çox görmüşük. 1992-ci ilin 26 fevralında Xocalıda erməni vəhşiliyindən salamat qurtaranların ilk sığınacaq yeri, şəhid olanların isə son mənzilə yola salınma məkanı idi Cümə məscidi. O zamanın tutqun videolentləri Cümə məscidini ağlayan ibadətgah kimi yaddaşıma köçürüb. Burada sanki göz yaşları 27 ildir ki, donub, səslər, nəfəslər dayanıb. Yol yoldaşlarımız məsciddə namaz qılırlar. Bu, onların çoxdankı arzuları imiş. Arzusuna qovuşanları görəndə çox sevinirəm. Məscid öz həqiqi sahiblərinin nəfəsi ilə yavaş-yavaş isinməkdədir.

 

Erməni vandalları bu tarixi abidəni uçurmayıblar. Ona görə yox ki, bizim dini-mənəvi dəyərlərimizə hörmət edirlər. Yox. Qarabağda uçulub dağıdılmış məscidlərin sayı o qədərdir ki... Cümə məscidi ona görə dağıdılmayıb ki, işğalçı hərbçilər ondan müşahidə məntəqəsi kimi istifadə ediblər. Buna görə də məscidin yalnız divarları salamat saxlanıb. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavan bir neçə yerdən, hücrə və yardımçı otaqlar tamamən uçurdulub. Məscidin daxili tərtibatı tamamilə məhv edilib, divarlara məscid inşa edilən zaman həkk edilmiş yazılar pozulub. Bu yazılar işğalçıların gözünə ox kimi sancılırmış. Əvəzində məscidin xarici və daxili divarlarına erməni və rus dillərində Azərbaycan xalqına qarşı alçaldıcı, təhqiredici ifadələr yazıblar. Bu ifadələrlə əslində öz simasızlıqlarını daşa, divara həkk ediblər. Ermənilər məsciddən uzun illər tövlə kimi yararlanıblar. Onlar tarixi abidələrin qorunması haqqında bütün qayda-qanunları, dəyərləri ayaqlar altına atıb tapdalayıblar. Bu, insanın daxilindən daşlara püskürən nifrətinin ifadəsidir. Bu, təhsilsizliyin, tərbiyəsizliyin, mənəvi aşınmanın təzahürüdür. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam işğaldan azad olunduqdan sonra bu şəhərə səfəri zamanı Ağdam Cümə məscidini ziyarət edib. Möhtərəm Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam Cümə Məscidinə bağışlayıb. Bu gün bu müqəddəs kitab bu məscidin ən qiymətli varidatıdır. Məscidin tarixi simasını bərpa edəcəyi, insanlara azan səsi bəxş edəcəyi gün uzaqda deyil.

 Ağdam Dövlət Dram Teatrının “sevinc göz yaşları”

Ağdamın bütün binaları kimi, Dövlət Dram Teatrı da 27 ildir kədərli sükut içindədir.
Bir zamanlar bölgənin mədəni həyatına rəng qatan Dram Teatrı fəaliyyəti dövrünün ən ağır günlərini yaşayıb. Erməni vandalları Ağdamı işğal etdikdən sonra bu mədəniyyət məbədini yerlə yeksan ediblər. Bina dağıdılsa da, onun qarşı hissəsindəki sütunlar salamat qalıb. Bu sütunlara yaxınlaşıb, onlara toxunuram. Mənə elə gəlir ki, sütunlar əsirlikdən azad olduqları üçün “sevinc göz yaşları” axıdırlar.

 

Teatr 1902-ci ildə görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yaxından köməkliyi ilə yaradılıb. Elə ona görə də bu gün onun adını daşıyır. O teatrın fəaliyyətə başlaması üçün gərgin iş aparılıb. Nəhayət, 1904-cü ildə M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri ilə qapılarını teatrsevərlərin üzünə açıb. Ağdam Dram Teatrının binası füsunkar görkəmi ilə görənləri heyran edib. Bu teatrda neçə-neçə aktyor nəsli formalaşıb. Teatrın repertuarı Azərbaycan və dünya klassiklərinin əsərləri ilə hər zaman zəngin olub. Ağdam Dövlət Dram Teatrı Ağdamın işğalından sonra qaçqın həyatı yaşayıb. Nə qədər çətin olsa da, fəaliyyətini davam etdirib. Bu gün ağdamlılar bu mədəniyyət məbədgahının da bərpa olunacağını, Ağdamın teatrlı günlərini səbirsizliklə gözləyirlər. 

Tarixin daha bir əmanəti

Qiyaslı kəndinə doğru gedirik. Burada XVIII əsr abidəsi olan Qiyaslı məscidini ziyarət edəcək,  erməni vandaliziminin daha bir üzü ilə tanış olacağıq. Uzaqdan Qiyaslı məscidinin xarabalıqları görünür. Yaxınlaşdıqca məhv edilmiş bir tarixi abidənin qalıqları üzərinə “həkk olunmuş” erməni cinayətinin izləri aydınca görünür. Elə cinayətlər var ki, onları ancaq ermənilər törədə bilərlər. Qiyaslı məscidində də erməni vandalları öz cinayətkarlıqlarının yeni bir izini açıblar. Bu cinayətin xüsusiyyətləri odur ki, onlar dağıtmaqla kifayətlənmirlər, təhqir edirlər, alçaldırlar. Damarlarında daşıdıqları qan onları bu cinayətləri törətməyə sövq edir. Ermənilər Qiyaslı məscidindən uzun illər tövlə kimi istifadə ediblər. Bu əməllər bəşəriyyət üçün utancvericidir. İnsanlıq adına ləkədir. 

Sahbulağın Şah qalası

Qiyaslı kəndindən çıxıb Ağdamın ruhu yaşayan daha bir tarixi məkana - Şahbulaq qalasına doğru yol gedirik.
Şahbulaq qalası Ağdam şəhərinin 5-6 kilometrliyində yerləşir. Qala uzaqdan diqqəti cəlb edir. O, dünyanın müxtəlif ölkələrində gördüyüm ən möhtəşəm qalalara bənzəyir. Günəş rəngindədir, onun kimi işıq saçır. Onu seyr etmək, ona toxunmaq dünyanın ən qiymətli əşyasına toxunmaq hissi yaradır. Qalanın yanında yaşıllıqların arasından sırhaşırla axan Şahbulaq çayının adından götürülüb qalanın adı. Qala ilə çayın vəhdətində yaranan füsunkar gözəllik ağdamlıların və bura gələn qonaqların hər zaman zövqünü oxşayıb. Bu qala öz görkəmi və əhəmiyyəti etibarilə Ağdamın simvollarından birinə çevrilib. Tarixi mənbələrdə yazılır ki, Şahbulaq qalası Pənahəli xanın göstərişi ilə 20 noyabr 1751-ci il — 7 noyabr 1752-ci il tarixləri arasında əhəngdən və dağ daşlarından istifadə olunaraq inşa edilib. 

Ağdam 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra Şahbulaq qalasında mənfur düşmən  öz ənənəvi saxtalaşdırma işlərinə başlayıb. Qalanın daxilindəki məscid (Şahbulaq məscidi), hamam və bulaq dağıdılıb. Saxtakarlıqlarını torpağın altında axtaran ermənilərin Şahbulaqla bağlı niyyətləri elə əzəli Azərbaycan torpaqlarında da əbədi dəfn olunub.  

 Ocağımız sönməyəcək...

Ağdama səfərimiz nikbin notlarla tamamlandı. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Ağdama təyin olunmuş xüsusi nümayəndə Emin Hüseynov şəhərin baş planını təqdim edərkən, düşünürdüm ki, 100 min əhali üçün nəzərdə tutulmuş gələcək Ağdam şəhəri inkişaf etməkdə olan ölkəmizin tərəqqisini şərtləndirən modelə çevriləcək. Ağdam, eləcə də, Qarabağda həyata keçiriləcək quruculuq işləri Azərbaycanın mədəni və iqtisadi qüdrətinin göstəricisi olacaq. Ağdamın baş planı ilə tanışlıq, bu plana uyğun olaraq işlərin sürətlə həyata keçirilməsi Ağdamın biz düşündüyümüzdən daha erkən dirçələcəyinə inam yaradır. 

Ağdamdan ayrılırıq. Avtobusun pəncərəsindən şəhər 1 nömrəli tam orta məktəbin dağılmış binası görünür. Hələlik bu bina bizə ancaq xarabalığı xatırladır. Amma tezliklə burada yaraşıqlı məktəb binası ucalacaq. Məktəb öz əvvəlki şöhrətinə qayıdacaq. Yaradıcı, qurucu Azərbaycan xalqı Ağdamda elə bir məşəl alovlandıracaq ki, işığı bütün aləmə yayılacaq. Dostların gözünə nur bəxş edəcək, düşmənlərin gözünə köz kimi toxunacaq...

Böyükağa MİKAYILLI,
Respublika Təhsil Şurasının katibi.
Bakı – Ağdam - Bakı

 

2021-08-26 13:45:00
1376 baxış

Digər xəbərlər

O gün uzaqda deyil...

Bəşəriyyət bu vaxta qədər çox sayda genişmiqyaslı qanlı cinayətlərə şahidlik edib. Etnik təmizləmə, soyqırımı, kütləvi qətllər, terrorizm və digərləri insanlığa qarşı yönəlmiş vandalizm aktları sırasında yer alır. Təəssüflər olsun ki, Azərbaycan xalqı da dünyanın gözü önündə belə vəhşiliklərə məruz qalıb. Bunlardan biri də 30 il əvvəl törədilmiş Xocalı soyqırımıdır.     Milli-etnik zəmində soyqırımı aktı   Xocalı faciəsi, şübhəsiz ki, XX əsrin ən dəhşətli qətliamlarından biridir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalı şəhərinin sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi erməni terrorizminin daha bir nümunəsidir. Təsadüfi deyil ki, Xocalı faciəsi “bəşəriyyətə qarşı qanlı cinayət aktı – soyqırımı” adlandırılır. Tam doğru yanaşmadır. Əvvəla, tarixi faktlar sübut edir ki, Xocalı faciəsi dinc əhalinin kütləvi qətliamı kimi tarixə düşmüş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımıları ilə eyni sırada yer alır. Digər tərəfdən, qətliam zamanı qadın, uşaq və qocalar xüsusi qəddarlıqla öldürülüb, əsir və girov götürülmüş insanlar amansız işgəncələrə məruz qalıb, 8 ailə tamamilə məhv edilib. Bu, milli-etnik zəmində genosid aktıdır.   Unutmadıq, unutdurmarıq!   Xocalı faciəsi qan yaddaşımızdır. Yəni milli-tarixi yaddaşımızın bir hissəsidir və onu unutmaq olmaz. Unutmuruq, unutdurmarıq! Azərbaycan dövləti bu faciə və bütövlükdə erməni terrorizmi, barbarizmi ilə əlaqədar beynəlxalq miqyasda sistemli iş aparır – reallıqlar və faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılır. İlk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilən Xocalı soyqırımının tanıdılması ilə əlaqədar hər il respublika miqyasında, eləcə də xarici ölkələrdə tədbirlər keçirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması erməni vandalizminin və yalanlarının ifşası baxımından olduqca önəmlidir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bütövlükdə müsbət nəticələr verir. Görülən işlərin nəticəsi olaraq bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Bəzi ölkələrin, o cümlədən ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.   Qisas qiyamətə qalmadı!   Şübhəsiz ki, Azərbaycan Xocalı soyqırımını törətmiş cinayətkarların – faciənin sifarişçiləri və icraçılarının ədalət mühakiməsinə cəlb edilməsinə nail olacaq. 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı, ordumuz tərəfindən məhv edilən terrorçular sırasında bu soyqırımının icraçıları da var idi. Bir sözlə, Xocalı soyqırımı qurbanlarının qanı yerdə, qisas isə qiyamətə qalmadı. Əli Azərbaycan xalqının qanına batmış digər qatillər və canilər də qanun qarşısında cavab verəcəklər və layiqli cəzalarını alacaqlar. O gün uzaqda deyil!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
Çətin sınaqlardan keçən veteran ömrü : Mustafa Yusif oğlu Mustafayev – 100!

Beynimə hopmuş, hafizəmdə daşlaşmış atamla bağlı ötən illərin o üzündən gələn həzin xatirələr indiyədək köksümü qürurla qabartmaqdadır. 1922-ci ildə Şəkinin Baş Göynük kəndində dünyaya göz açan atam Mustafa Yusif oğlu Mustafayev şərəfli, eyni zamanda keşməkeşli bir ömür sürüb. Onun öz atası haqqında, yəni babam barədə söylədikləri də yaddaşıma həkk olub. Ötən əsrin 20-ci illərin sonunda bolşevik-kommunist rejimi tərəfindən fərdi torpaq sahələrinin hesabına kollektiv təsərrüfatlar yaratmaq haqqında qəbul edilən qərar kəndlilərin torpaqla bağlı ümidlərinin üstündən xətt kəçdi. Bu az imiş ki, kənd əhli pasportdan məhrum olunaraq az qala təhkimçilik dövrünü xatırladan həyat tərzi yaşamağa məhkum edildi. Buna cavab olaraq 1930-cu ilin baharında Baş Göynük kəndində üsyan başlanır. Az sonra üsyan bütövlükdə Şəki rayonunu, eləcə də Azərbaycanın 7 bölgəsini əhatə edir. Üsyan iştirakçılarından biri də babam Yusif olub. Həmin kəndli hərəkatı amansızlıqla yatırıldı. Üsyan iştirakçılarının bir qismi dərhal güllələndi, əhəmiyyətli hissəsi həbs edilərək Stalinin Sibirdə və Rusiyanın ucqar şimal bölgələrində yaratdığı düşərgələrə, gedər-gəlməz sürgünlərə göndərildi. Belə həbs düşərgələrində həbs cəzası çəkməyə məhkum edilən insanlardan biri də babam Yusif idi. Beləcə atam 8 yaşında yetim qaldı. O , bütün şüurlu həyatı boyu nə istədisə özündən arzuladı. Alnının təri, əlinin qabarı onun həyatının cıqırdaşı oldu… Yəqin ki, babam Vətən həsrəti ilə, doğmalararının vüsalına qovuşmaq arzusu ilə qürbətdə həyata göz yumub. 1941-ci ilin martında atamı Sovet ordusu sıralarına hərbi xidmət etməyə çağırıblar. Üç aydan sonra faşist Almaniyası Sovet ittifaqına hücum etdi. Beləliklə tarixə Böyük Vətən Müharibəsi adı ilə düşmüş savaş başlanır. Atam Gürcüstanda 3 ay davam edən qısa müddətli hərbi hazırlıq kursunu başa vurduqdan sonra cəbhəyə göndərilir. Bütün müharibə ərzində atıcı alayın tərkibində çoxsaylı döyüşlərin iştirakçısı olub. Sərgilədiyi igidlik, şücaət örnəklərinə görə dəfələrlə müxtəlif medallarla təltif olunub. O qanlı-qadalı illərdə, müxtəlif vəziyyətlərdə ölümlə üz-üzə gəlsə də Allahın verdiyi qismət sayəsində sağ qalıb.Yəqin ki, odun-alovun içində olarkən atası və məşəqqətli uşaqlıq illəri ilə bağlı hüzünlü xatirələri qəlbinin bir guşəsində saxlayıb, tez-tez o xatirələrə dalıb. Bunsuz onu təsəvvür edə bilmərəm. Müharibə bitdikdən sonra da atam Mustafa Yusif oğlunun ordu sıralarında saxlayıblar. O, əsgəri xidmətini 54 saylı Süvari diviziyasının tərkibində davam etdirib. Nəhayət, onu 1946-cı ilin sentyabr ayında ordu sıralarından tərxis ediblər. Atam 1949-cu ildə ailə həyatı qurub. Ailədə bacı-qardaş 9 uşaq olmuşuq: 6 bacı, 3 qardaş. Bizim qayğı yükümüzü daşımaq atamla anamın həyat tərzinə çevrilmişdi. Atam adi kolxozçu kimi ömrü boyu “Qafqaz” kolxozunda çalışıb. Ancaq öz zəhmətinə güvənib. Doqquz övladı boya-başa çatdırmaq, onlara təhsil vermək, hər birini ev-eşik sahibi etmək, özü də heç bir hökumət idarəsinin qapısını döymədən, kiməsə ağız açmadan. Bunun hansı məşəqqətlər və çətinliklər bahasına başa gəldiyini dərk etmək o qədər də çətin deyil. Özü də hansı şəraitdə, xəbis niyyət arxasınca sürünən bəzi adamların çoxdan bağlanmış qapıları döyərək “üsyançı oğlu” tənəsi altında… Xalqımızın mənəvi zənginliyini təcəssüm etdirən adət-ənənələrə dayanıqlı sədaqət ruhu Baş Göynük kəndində də qorunub saxlanılır. Dürüst və ləyaqətli ömür yaşamış ağsaqqalların xətir-hörmətini saxlamaq, onların qədir-qiymətini bilmək belə adət-ənənələrdəndir. Bu ənənə xalqımızın ləyaqətinin ölçü vahidi olmaqla fəlsəfi məna kəsb edir. Belə ehtirama layiq görülən kişilərdən biri də atam olub. Neçə illərdir ki, dünyasını dəyişsə də kənd əhli onunla bağlı xatirələrini indi də danışır, onu xoş sözlərlə yad edir, zəhməti, dürüstlüyü həyat meyarına çevirən bir insan kimi xatırlayır, mərdliyin, əyilməzliyin mücəssəməsi kimi xarakterizə edirlər. Xoşbəxt o adamdılr ki, bu dünyada nə üçün, nədən ötrü yaşadığını bilir. 91 illik bir ömür sürmüş atam Mustafa Yusif oğlu da belə xoşbəxt insanlardan biri idi. Allahdan ona qəni-qəni rəhmət və ruhu şad olsun deyirəm. Sonda atamın timsalında onu qeyd etmək istərdim ki, insaniyyətlik deyilən mənəvi dəyər sahibi olmuş insanlar unudulmamalıdırlar. Cənnətdəki 100 yaşın mübark olsun əziz atam! Qocaman dağlarla durub yanaşı Tərbiyəli övladları ilə ucalıb başı! Hörməti böyükdür xalqın içində Daim yaşayacaq ürəyimizdə ! İnsanlar bənzədir onu bir nərə. Adını yazırlar Qoca tarixə. Yüz ildən sonra da yad eyləsinlər. Mustafa tək mərd kişi vardı desinlər! İsmayıl Mustafaoğlu

Hamısını oxu
Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraiti yaxşılaşdırılacaq - SƏRƏNCAM

  Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb. Apa-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin, Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin, Sərəncamda irəli gələn digər məsələləri həll etsin.   Müəyyən edilib ki, bu Sərəncamda nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.   İpoteka və Kredit Zəmanət Fondu Nazirliyin müraciəti əsasında bu Sərəncamdan göstərilən məqsəd üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin Nazirliyin balansına verilməsini təmin etməlidir.   Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.  

Hamısını oxu
Veteranlar 9 may – Qələbə Günü münasibətilə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü polkovnik Cəlil Xəlilovun rəhbərliyi altınnda 9 may – faşizmü zərində qələbənin 79-cu ildönümü münasibətilə Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin məzarı önünə əkil qoyub.  Daha sonra veteranlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib, hər iki qəhrəmanın abidəsi önünə gül dəstələri qoyublar. Tədbir iştirakçları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının faşizm üzərində qələbəyə mislsiz töhfə verdiyini, məhz Bakı nefti sayəsində böyük zəfərin təmin olunduğunu bildirib. Cəlil Xəlilov veteranlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib, veteranların bundan sonra da dövlət siyasətini qətiyyətlə dəstəkləyəcəyini bildirib. Seymur ƏLIYEV    

Hamısını oxu