Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

TUMİB iftar süfrəsi təşkil edib

Tədbirdə şəhid ailələri də iştirak ediblər

Veteran.gov.az xəbər verir ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) məzunların Azərbaycana inteqrasiyası, məzunlar arasında koordinasiyanın təmin edilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə töhvə vermək məqsədilə silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də aprelin 28-də - Müqəddəs Ramazan ayının qədir gecəsində təşkil edilib. Məzunları bir araya toplayaraq, mənəvi hissləri bir arada yaşamaq məqsədilə keçirilən tədbirdə 150-yə yaxın Türkiyə məzunu ilə yanaşı dövlət və hökumət nümayəndələri, Türkiyə məzunu olmuş Vətən müharibəsi şəhidləri Məmmədağa Səfərov və Murad Məmmədovun ailələri iştirak edib.

İftardan öncə ilahiyyatçı hoca Sadiq Ramizoğlu Qurani Kərim oxuyaraq dualar verib. İftardan sonra tədbiri açıq elan edən TUMİB idarə heyətinin sədri Tural Əfəndiyev TUMİB-in hazırkı və gələcək fəaliyyəti haqqında məlumat verib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin səlahiyyətli nümayəndəsi, təhsil ataşesi Nihat Büyükbaş Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev cənab nazir Fərid Qayıbov adından məzunları və şəhid ailələrini salamlayıblar.

Daha sonra Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərindəki birlik, qardaşlıq və inkişaf haqqında danışıb. Millət vəkili iki qardaş ölkə arasındakı münasibətlərdə daha böyük irəliləyişlərə nail olmağın vacibliyini diqqətə çatdırıb.

Tədbir Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Səlcuk Karakılıç , doktor Vaqif Qələndər və bir sıra məzunların çıxışları ilə yekunlaşıb.

 

2022-04-30 13:14:00
1282 baxış

Digər xəbərlər

İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Bununla bağlı AZƏRTAC məlumat yayıb.  Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş yeddi milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılacaq.

Hamısını oxu
“Şəhidin çiynində daşıyan qadın!” – Zəhra İmranlıdan Anım Günü ilə bağlı möhtəşəm şeir!

Bu gün – 27 sentyabr Anım Günüdür. Düz iki il bundan öncə düşmən təxribatına əks-hücumla cavab verən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində işğaldakı torpaqlarımızı azad etmiş, Azərbaycanən ərazi bütövlüyünü təmin etmişdir. Şübhəsiz, 44 günlük Vətən müharibəsi Azərbaycan üçün də itkisiz ötüşməmiş, üç min hərbçimiz şəhidlik zirvəsinə yüksəlmişdir. Qürurvericidir ki, müharibədə verdiyimiz şəhidlər xalqımızın, o cümlədən şəhid ailələrinin iradəsini, mübarizə əzmini qrımamış, əksinə, şəhidlərimiz kimi onların anaları, bacıları, qızları, həyat yoldaşları da əsl fədakarlıq sərgiləmiş, onların bəzisi şəhidini əbədi mənzilə öz çiynində vüqarla daşımışdır. Veteran.gov.az xəbər verir ki, 5-ci sinif şagirdi, bədii qiraətçi Zəhra İmranlı “Şəhidin çiynində daşıyan qadın!” şeirində Azərbaycan qadının bu mübarizliyini vəsf etmiş, bunu vətən, bayraq sevgisinin bütün dünyaya örnək olan ən ali nümunəsi kimi xarakterizə etmişdir. Zəhra İmranlının müəllifi olduğu “Şəhidin çiynində daşıyan qadın!” şeirini oxucuların diqqətinə çatdırırıq.

Hamısını oxu
Azərbaycan-Çin Strateji Tərəfdaşlığı: Yeni Dövrün Başlanğıcı

Azərbaycan Respublikasının xarici siyasətində mühüm istiqamətlərdən birini dünya miqyasında güc mərkəzlərindən olan Çin Xalq Respublikası ilə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi işi təşkil edir. Bu siyasətin təməlində suverenlik, müstəqillik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə hörmət dayanır.  Çinlə ikitərəfli münasibətlərdə bu dəyərlərin qarşılıqlı qəbul olunması əməkdaşlığımızı daha da dərinləşdirir. 2023-cü il iyulun 3-də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Prezident İlham Əliyevin 2025-ci il aprelin 21-də Çinin aparıcı informasiya agentliyi Sinxuaya verdiyi müsahibədə bu Bəyannamənin tarixi əhəmiyyətinə xüsusi diqqət çəkilmiş, əməkdaşlığımızın gələcək inkişafı üçün geniş perspektivlərin mövcud olduğu vurğulanmışdır. Strateji tərəfdaşlıq Bəyannaməsində bir sıra vacib prinsiplər önə çəkilmişdir. Bunlara qarşılıqlı hörmət, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq daxildir. Tərəflər vurğulamışlar ki, diplomatik münasibətlərin qurulmasından bəri yəni 1992-ci ildən etibarən əldə olunan nailiyyətlər yalnız başlanğıcdır və gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsi əsas hədəfdir. Azərbaycan və Çin beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yeridən, regional və qlobal sülhə, sabitliyə töhfə verən mühüm tərəfdaşlardır. Bu baxımdan Astana görüşü zamanı iki ölkə liderlərinin qarşılıqlı səfərlər üçün dəvətləri, yüksək səviyyəli siyasi dialoqun davamlı olmasının göstəricisidir. Eyni zamanda nəqliyyat, logistika, enerji kimi sahələrdə əməkdaşlıq gündəlikdə xüsusi yer tutur. Azərbaycanın təşəbbüsü ilə reallaşan Orta Dəhliz layihəsi, Çinlə Avropa arasında təhlükəsiz, sürətli və səmərəli birləşdirici marşrut kimi diqqətəlayiqdir. Bu infrastruktur təşəbbüsləri hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, regionun inteqrasiyasına da ciddi töhfə verir. Azərbaycan və Çin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etməkdə maraqlıdırlar. Hər iki ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan etmiş, bu prinsiplərin pozulmaz olduğunu vurğulamışdır. Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən model bir münasibətdir. Mövcud razılaşmalar və qarşılıqlı etimada əsaslanan bu əlaqələr gələcək onilliklərdə daha da inkişaf edəcək, ortaq maraqlara xidmət edəcəkdir. Bu münasibət təkcə ikitərəfli əlaqələrin deyil, həm də Asiya ilə Qafqazı, Şərqlə Qərbi birləşdirən böyük bir sülh və əməkdaşlıq xəritəsinin əsas sütunlarından birinə çevrilməkdədir. Bu tərəfdaşlıq dərin geosiyasi dəyişikliklərin fonunda müstəqilliyini qoruyub saxlayan, öz yolunu azad şəkildə seçən Azərbaycanın dünyaya açılan mühüm pəncərələrindən biridir. Əminliklə demək olar ki, mövcud razılaşmalar, iqtisadi, siyasi və mədəni əməkdaşlıq sahəsində əldə edilən uğurlar gələcək onilliklər ərzində də davamlı inkişaf üçün zəmin yaradacaq, xalqlarımız arasında dostluğu daha da dərinləşdirəcək. Bu strateji xəttə xalqımızın müxtəlif təbəqələri böyük dəyər verir. Onlar yaxşı bilirlər ki, davamlı sülh, güclü diplomatiya və sağlam beynəlxalq tərəfdaşlıqlar yalnız silah gücünü deyil, siyasi müdrikliyi və xalqın rifahını önə çəkən dövlətin gücünü göstərir. Veteranlarımız bu münasibətləri qazanılmış sabitliyin, qorunan ərazi bütövlüyünün, uğurla aparılan xarici siyasətin parlaq təzahürü kimi qiymətləndirir. Onlar üçün bu tərəfdaşlıq – sülhün, iqtisadi tərəqqinin və gələcək nəsillərə ötürüləcək etibarlı mirasın bir hissəsidir. Azərbaycan-Çin münasibətləri bu gün artıq model bir əməkdaşlıq nümunəsinə çevrilmişdir. Bu münasibət nəinki keçmişin təmkinli baxışını, bu günün uğurlu nəticələrini, eyni zamanda gələcəyin güclü təməlini əks etdirir. Bu tərəfdaşlıq körpüsünün hər bir sütunu dostluq, qarşılıqlı fayda və strateji sabitliklə ucaldılır ki, bu körpüdən gələcək nəsillər inamla keçəcəklərdir. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib

15 avqust saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşü və bu görüşün tarixi əhəmiyyəti ilə bağlı “Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib. Konfransda müxtəlif kateqoriyadan olan veteranlar, şəhid ailələri, millət vəkilləri, tanınmış ziyalılar, zabit və kursantlar iştirak edib. Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 avqust razılaşmasının tarixi, eləcə də, iqtisadi-siyasi əhəmiyyətindən bəhs edib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində hərb meydanında qazandığı qələbəni diplomatik müstəvidə uğurla başa çatdırdı, yeni bir dönəmin başlanğıcını qoydu: “Avqustun 8-də Ağ Evdə, ABŞ-ın təşəbbüsü və vasitəçiliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. Sülhü qorumaq, bəzən qələbə qazanmaqdan daha çətindir. Prezidentimizin ABŞ-na səfəri yalnız iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılması baxımından deyil, eyni zamanda, uzun illərdən bəri dövlətimizi zəiflətməyə çalışan, onu müəyyən güzəştlərə vadar etməklə öz milli maraqlarından əl çəkməsini istəyən və beləliklə sülh prosesini pozaraq bölgəni yenidən gərginliyə sürükləmək niyyətində olan beynəlxalq güclərin çirkin təzyiq siyasətini açıq şəkildə məğlubiyyətə düçar etdi. Müzəffər  Ali Baş Komandanımız Azərbaycan əsgərinin döyüş meydanında qazandığı parlaq Zəfəri diplomatik sferaya - danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi. Bununla, qlobal güclərə qələbədən sülhə keçidin yeni reallığını qəbul etdirməyi bacardı, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyi möhkəmləndi. Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) yaradılması kimi mühüm müddəalar da öz əksini tapıb. Xatırladaq ki, bu tələb də Sülh Sazişinin imzalanması üçün Ermənistan qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən biri idi. Belə ki, Prezident İlham Əliyev daim çıxışlarında da Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, yalnız bunun zaman məsələsi olduğunu vurğulayıb. Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması haqqında razılaşmanın tələbləri də sənəddə öz təsdiqini tapıb. Bu həm də dəhlizin reallaşmasında gələcəkdə yarana biləcək istənilən situasiyaya qarşı ABŞ-ın əsas qarant olduğunun göstəricisidir”. Polkovnik Cəlil Xəlilovdan sonra söz alan natiqlər - Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli, Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri, Siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə,  Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru hüquq elmləri doktoru, professor, İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri Əmir Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli 8 avqust razılaşmasının tarixi-regional əhəmiyyəti ilə bağlı bir-birindən maraqlı fikirlər səsləndiriblər. Çıxışçılar qeyd ediblər ki, məhz Müzəffər Ali Baş Komandanın uzunmüddətli səmrəli və prinsipial siyasəti nəticəsində Cənubi Qafqazda etibarlı sülhü bərqərar etmək, kənar güclərin regionla bağlı təxribatlarının qarşısını almaq mümkün oldu. Konfransda Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun kafedra rəisi polkovnik Rasim Qədiməliyev, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, Sumqayıt  şəhər  Veteranları Təşkilatının sədri, əmək veteranı  Sovet Şükürov da iştirak edib. Konfransın sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu