Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nərimanov rayonunda Vətən müharibəsi qəhrəmanının doğum günü qeyd olunub

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizləmiş və ərazi bütövlüyümüzü bərpa etmişdir. Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də “Vətən Müharibəsi Qəhrəmanı”, pilot şəhid, polkovnik Zaur Nudirəliyevdir.

Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuş və 2000-ci ildə oranı "Təyyarəçi" ixtisası üzrə bitirmişdir. Daha sonra Zaur Nudirəliyev 2011-2013-cü illərdə Almaniyada General-Admirallar üçün Hərbi Liseydə təhsil almışdır.

 

Zaur Nudirəliyev 20 il davam edən hərbi xidməti ərzində Müdafiə Nazirliyi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli və digər medallarla təltif edilmişdir.

 

Vətən Mügaribəsi zamanı Hərbi Hava Qüvvələri tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmiş, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı. Bu uçuş zamanı ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarədən hatapult edə bilərdi. Amma o, mənfur düşmənə əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmış, çoxlu sayda düşməni məhv etmiş və özü isə şəhid olmuşdur.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarıı ilə təltif edilib.

 

01 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid Zaur Nudirəliyevin ailəsi, hərbçi yoldaşları, eləcə də rayonun digər şəhid ailələri II Şəhidlər Xiyabanına gəlmiş, Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər. Çıxışçılar Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Zaurun xatirəsinin əziz tutulduğunu, hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etmişlər. Şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyi bildirilmişdir. Şəhid ailəsi üzvləri bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri bu qayğıya görə ona təşəkkür etmişlər.

Sonda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə digər Vətən Müharibəsi şəhidlərinin də məzarlarını ziyarət etmiş, xatirələri dərin hörmətlə anılmışdır.

 

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən abad məhəllədə “Qəhrəman ömrü” adlı tədbir keçirilmişdir. Belə ki, “Vətən Müharibəsi Qəhrəmanı”, polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr olunmuş futbol turniri, şahmat və dama yarışları keçirlimişdir. Həmçinin tədbir zamanı müxtəlif yarışların qalib karateçiləri tərəfindən nümunəvi çıxışlar göstərilmiş, gənc rəssamlar tərəfindən Qarabağa həsr edilmiş rəsmlər çəkilmiş və sonda rəsmlər tədbir iştirakçıları üçün nümayiş etdirilmişdir. Sonda yarış iştirakçıları, gənc rəssamlar şəhid ailə üzvləri və digər tədbir iştirakçıları tərəfindən diplomlarla təltif edilmiş, şəhidin ailə üzvünə Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim edilmişdir.

 

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin ailəsi yaşadıqları ünvanda bir daha ziyarət olunmuş, şəhidin yağlı boya ilə çəkilmiş portreti ailəsinə təqdim edilmişdir.

 

2021-09-02 12:16:00
1541 baxış

Digər xəbərlər

Üç qardaşın ayaq səsləri eşidilir

Azərbaycan, Türkiyə, Pakistan arasında hərbi sahədə əməkdaşlıq güclənir   Hərbi təlimlər göstərir ki, istənilən təhdid və təhlükə ilə bağlı bu dövlətlərin hamısı vahid mövqe nümayiş etdirəcək, vahid cəbhədə dayanacaqlar   Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək. Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə beynəlxalq təlimin keçiriləcəyi ərazi ilə tanış olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib. Rəhbərlik təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verib. Birgə təlimlər “Üç qardaş - 2021” adı ilə həyata keçiriləcək.    Azərbaycan, Türkiyə və Pakistan ordusunun xüsusi təyinatlılarının iştirakı ilə birgə təlimlərin mühüm əhəmiyyətə malik olduğunu deyən ehtiyatda olan polkovnik, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov vurğulayıb ki, bu təlimlər hər şeydən öncə hərbi baxımdan son dərəcə önəmlidir: “Bildiyiniz kimi, Azərbaycanla Türkiyə və Pakistan arasında hərbi sahədə ciddi əməkdaşlıq mövcuddur və hər iki dövlət 44 günlük Vətən müharibəsində ölkəmizə açıq dəstəklərini ifadə ediblər. Vətən müharibəsində Azərbaycana həm diplomatik, həm də mənəvi baxımdan ciddi dəstək verən Türkiyə və Pakistan dövlətlərinin bu dəstəyi xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad ediləcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Trükiyə və Pakistanın Vətən müharibəsi dönəmində Azərbaycana verdiyi mənəvi və diplomatik dəstəyə diqqət çəkib.   Buna görə hər iki dövlətə öz minnətdarlığını bildirib. Azərbaycan Türkiyə və Pakistanla ikitərəfli və üçtərəfli təlimlər fonunda bu ölkələrlə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Qardaş Türkiyə NATO dövləti kimi hərbi baxımdan dünyanın ən güclü dövlətlərindən biridir. Son illər raket texnologiyasını sürətlə inkişaf etdirən Pakistan da müasir dünyanın hərbi baxımdan qabaqcıl dövlətlərindən biri hesab edilir.   Hər iki dövlət mürəkkəb coğrafi relyefdə, xüsusilə də dağlıq və yüksək dağlıq ərazilərdə döyüşmək, anti-terror əməliyyatı aparmaq baxımından zəngin təcrübəyə malikdirlər. 44 günlük Vətən müharibəsində qısa zamanda Qarabağ və ətraf əraziləri düşməndən azad edən Azərbaycan ordusu bu sahədə böyük səriştə və peşəkarlığa malik olduğunu bütün dünyaya sübut etdi.   İndi hər üç qardaş dövlət birgə təlimlərə hazırlaşır. Bu təlimlər ordumuzun döyüş hazırlığını yüksək səviyyədə saxlaması, müasir hərbi yenilikləri sürətlə mənimsəməsi, özünü rəqabət mühitində inkişaf etdirməsi baxımından olduqca əhəmiyyətlidir”.   C.Xəlilov əlavə edib ki, keçirilən təlimlərin siyasi baxımdan da mühüm əhəmiyyəti var:   “Azərbaycan, Türkiyə və Pakistanla birlikdə keçiriləcək hərbi təlimlər hər şeydən öncə üç dövlətin qardaşlığından, bir-birinə olan sevgi və bağlılığından xəbər verir. Bu təlimlər göstərir ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da istənilən təhdid və təhlükə ilə bağlı bu dövlətlərin hamısı vahid mövqe nümayiş etdirəcək, vahid cəbhədə dayanacaqlar. 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək istəməyən, vaxtaşırı müxtəlif təxribatlarlar həyata keçirməklə bölgədə sülh və sabitliyi pozmağa çalışan Ermənistan rəhbərliyinin də birgə təlimlərdən lazımi nəticə çıxarması vacibdir. Ermənistan və ona havadarlıq edən qüvvələr anlamalıdır ki, qüdrətli Azərbaycana dəstək olan qüdrətli dost ölkələr, qardaş dövlətlər mövcuddur. Bu dövlətlər onlara yönəlik hər cür təhlükəni dəf etməyə qadirdilər. Odur ki, Ermənistan Azərbaycana qarşı təxribatlara son qoymalı, öz məğlubiyyəti ilə barışmalı və regionda vəziyyəti mürəkkəbləşdirən addımlar atmaqdan çəkinməlidir. Əks təqdirdə, heç bir qüvvə Ermənistanı yeni və daha ağır məğlubiyyətdən xilas edə bilməyəcək”.   Sherg.az (https://sherg.az/x%C9%99b%C9%99r/174557 )

Hamısını oxu
Cənab Ali Baş Komandan mahnısı bəstələnib

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi zəfərlərə həsr edilmiş yeni mahnı bəstələnib. APA-nın məlumatına görə, "Cənab Ali Baş Komandan" mahnısının sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsusdur. Mahnını müğənni Ağadadaş Ağayev ifa edib.

Hamısını oxu
Tarixin yaddaşında iz salan ömürlər

             13 iyun Azərbaycan tarixi üçün təkcə təqvim vərəqində qeyd olunan sadə bir gün deyil. Bu gün həm də sonradan şəhidlik zirvəsinə ucalan neçə-neçə igidimizin doğum günüdür. Biz bu günü onların anım günü kimi qeyd edir, ruhlarını yad edir, xatirələrini yaddaşımızda yaşadırıq. Bu gündə dünyaya gəlmiş igidlər ömürlərini Vətən uğrunda fəda etdilər. Onların hər biri Azərbaycanın azadlığına doğru atılan addımların təməl daşına çevrildi. Həyatları, fədakarlıqları və qanları ilə qoruduqları torpaqlar bu gün azad, suveren və başıucadır. Bugünkü qalib, müstəqil Azərbaycan üçün canlarını qurban verən bu qəhrəmanların doğum günü təkcə ailələri üçün deyil, bütün xalq üçün mənəvi borc və ehtiram günüdür. Onlar təkcə əsgər, gizir, zabit deyildilər. Onlar həm də tarix yazan qəhrəmanlar, millətin yaddaşına qürurla həkk olunan adlardır. Bu gün biz 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ilini yaşayırıq. O Zəfər ki, qanla, canla, qürurla yazıldı. O Zəfər ki, 30 illik işğala son qoydu, tarixi ədaləti bərpa etdi, xalqımıza başucalığı gətirdi. Bu Zəfərin arxasında sadəcə Şəhidlərimizin adları yox, həmçinin canlar, şücaət, sədaqət, vətən sevgisi dayanır. 13 iyunda doğulmuş o igidlər ki, Şuşanın qayalarında, Füzulinin bağlarında, Laçının meşələrində, Cəbrayılın torpağında, Kəlbəcərin dağlı yollarında döyüşdülər, yalnız qələbəyə inandılar, yalnız Vətən dedilər! Onlar tarixin axarını dəyişdilər, xalqın qürur kitabına adlarını öz qanlarıyla yazdılar. Onların ayaq izləri torpaqla birləşdi, səsi dağların döşündə əks-səda verdi.          Hər addımları ilə bir xalqın başını dik, alnını açıq etdilər. O günlərdə bir tarix yazıldı. O tarix ki, sətirlərini şəhidlərin adı, cümlələrini anaların göz yaşı, nöqtələrini igidlərin susqun məzarı yazır. Bu Zəfərin hər daşının altında bir ad var. Hər bayrağında bir ömür, Hər sükutunda bir fəryad, amma həm də bir fəxarət var. Onlar tarix olmadılar, tarixin özünə çevrildilər. Onlar bu torpağın tək daşında yox, təqvimlərin yaddaşında, xalqın qəlbində yaşayırlar. ·         Kiçik leytenant Namaz Allahverdiyev – Şəki rayonunun Suçma kəndində doğulmuş, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdı. Şuşanın azadlığı uğrunda can verdi. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. ·         Kiçik gizir Elnur Əsədullayev – Lerikdə doğulmuşdur. Füzuli və Xocavənd uğrunda döyüşmüş. “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. ·         Mayor Elşad Həsənov – Göyçə mahalında dünyaya gəlmişdi. Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş, “Vətən uğrunda”, “Rəşadət” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. ·         Əsgər Əzim Həsənov – Balakənin Kortala kəndində doğulmuş, əslən isə Qarabağlı idi. Füzuli döyüşlərində şəhid olmuşdur. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. ·         Əsgər İlqar Hümbətov – Bakıda doğulmuş bu gənc Suqovuşanda şəhid oldu. “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarını qazandı. ·         Əsgər Elşən Nuruzadə – Göyçayda doğulmuşdu. Oktyabrın 4-də şəhid olmuş və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. ·         Əsgər Zərbəli Qafarov – Gəncə şəhərində doğulan bu igid Suqovuşan və Tərtər istiqamətlərində gedən döyüşlərdə vuruşmuşdu. “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. ·         Əsgər Məhəmməd Səmədov – Sabunçunun Pirşağı qəsəbəsində dünyaya gəlmişdir. Füzuli uğrunda döyüşlərdə şəhid olmuşdur. Onların izi torpaqda deyil, səmanın işığında yaşayır. Bu gün Şuşanın sükutunda, Laçının meşəsində, Füzulinin səmasında bir ilğım var: “Biz buradayıq. Ad günümüzdə bu torpağın nəfəsində yaşayırıq”. Bu şəhidlərin hər biri bir tarixdir. Onların ömürləri bir az məktəb partasında, bir az hərbi xidmətdə, bir az səngərdə, lakin əbədilikdə tamamlanır. Onlar bu gündə doğuldular, Vətən isə onları əbədi qıldı. Bu gün biz Suqovuşanda, Şuşada, Füzulidə onların addımlarını hiss edirik. Ad gününüz mübarək şəhidlər!  

Hamısını oxu
COP 29 bir daha sübut etdi ki, Azərbaycan dünyanın nüfuzlu dövlətlərindəndir

  Üzərinə aldığı bütün vəzifələrin öhdəsindən uğurla gələn, tarixdəki yerini və rolunu gerçəkləşdirdiyi genişmiqyaslı beynəlxalq layihələr, humanitar form, simpozium və konfranslarla müəyyənləşdirən Odlar Yurdu Azərbaycan Prezident İlham Əliyevin iradəsi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşən COP 29 konfransına da uğurla ev sahibliyi etdi. BMT-nin Baş katibinin, 80-dən çox ölkənin prezidentinin, vitse-prezidentinin, baş nazirlərin, nazirlərin, 72 mindən artıq vətəndaşın iştirak etdiyi bu möhtəşəm tədbirdə dünyanın qlobal problemləri müzakirə olundu, onun həlli yolları müəyyən edildi. Hər günü bir dastan olan 44 günlük Vətən Müharibəsindən sonra ölkəmizdə hər günü ciddi bir əsər olan COP 29 yaşandı. Dövlətimizin əzəmətini, iradəsini, xalqımızın Vətən sevgisini, qonaqpərvərliyini bir başqa biçimdə dünyaya təqdim edən COP 29 pavilyonlarında cərəyan edən hadisələr hər kəsin marağına səbəb oldu. Artıq tarixə çevrilən COP 29-un açılış mərasimindən tutmuş, ilk iş gününə qədər hər gün zəngin qrafiklə müşaiyət olundu. İntensiv danışıqlar və diplomatik səylər nəticəsində konfrans iştirakçıları arasında ümumi razılığın əldə olunması, bəşəri dəyərlərə töhfə olmaqla yanaşı, dünyanı düşündürən məsələlərin gündəmə gətirilməsi ilə yadda qaldı. Tərəflərin etibarlı və şəffaf karbon bazarları üçün standartlar barədə razılığa gəlməsi, inkişaf etməkdə olan ölkələrə resursların yönləndirilməsini asanlaşdırmaq, sərhədlərarası əməkdaşlıq yolu ilə milli iqlim planlarının təbliğini uzlaşdırmaq kimi ciddi, eyni zamanda məsuliyyətli vəzifəni  dünyanın 80 ölkəsindən gələn liderlərin üzərinə alması COP 29-da qaldırılan məsələlərin tarixi əhəmiyyətini elə ilk gündən sübut etdi. Dünya liderlərinin iki gün davam edən iqlim fəaliyyəti ilə bağlı sammiti də tarixi əhəmiyyəti ilə yadda qaldı. Dövlət və hökumət başçıları, vitse-prezindentlər Paris sammiti çərçivəsində görülən işlər, atılan addımlar barədə bəyanatla çıxış etdilər. 70 min nəfərin iştirak etdiyi iqlim fəaliyyəti ilə bağlı sammit dünyanı narahat edən bu məsələnin həlli yollarının müəyyənləşməsinə təkan verəcək amillərdən olduğunu təsdiqlədi. Çoxşaxəli və istiqamətli bankların, ümumiyyətlə bank sektorunun aşağı və orta gəlirli ölkələrə 2030-cu ilə qədər 120 milyard dollar vəsaiti ayırmağı üzərinə alması da sammitin yadda qalan məqamlarından oldu. Zərərlər fonduna dünyanın inkişaf etmiş ölkələri tərəfindən yardımın ayrılması, nəzərdə tutulan məbləğin elan edilməsi, bu məsələ ilə bağlı sazişin imzalanması ciddi məsələlərdəndi. ABŞ, Çin və Azərbaycan metan sammitində bu ölkələrin tullantılardan yaranan emissiyaların azaldılmasının siyasətçilər tərəfindən müzakirəsi dünyanı düşündürən problemlərdən idi. Sammit çərçivəsində ABŞ, Çin və Avropa Birliyi bu sahədə mühüm öhdəliklərini diqqətə çatdırdılar. Kiçik Ada dövlətləri üçün dəstək layihəsinin liderlər tərəfindən gündəmə gətirilməsi, iqlim maliyyələşdirilməsinin əlçatanlığı ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsi, COP 29 çərçivəsində Kiçik Ada dövlətlərinin rəsmilərinin qaldırdıqları problemlərin diqqətə alınması ümumbəşəri prinsiplərə verilən töhfələr sırasına yazıldı. İqlim və səhiyyə davamlılığı komissiyası ÜST və COP 29-dan COP 30-a qədərki prezidentliklərinin nümayəndələri iqlim məsələlərinə səhiyyənin inteqrasiyasını təsdiq edən koalisiyasını təqdim etməklə bu həssas məsələnin ciddiliyini bir daha önə çəkdilər. İkilik, şəffaflıq hesabatları mövzusunda təşkil edilən sessiyada Azərbaycan, Andorra, Yaponiya və digər ölkələr hesabatların erkən təqdim olunacağını bəyan etməklə kifayətlənmədilər, şəffaflığın mühüm əhəmiyyətini qeyd etdilər. Sammit çərçivəsində ayrıca maliyyə, investisiya və ticarət gününün keçirilməsi, bu sahədə özəl sektorun yerinin xüsusi olaraq vurğulanması diqqətçəkən məsələlərdən idi. 10 milyondan çox aktiv idarə edən investor qruplarının özəl kapitalın iqlim bazarlarına yönləndirilməsinə dəstəyi öz üzərinə alması, Asiya İnkişaf Bankının buzlaqların qorunması üçün ayırdığı vəsaitin ciddi bir məbləğ olmaqla yanaşı bu həssas məsələyə diqqət çəkməsi, Azərbaycan banklarının Yaşıl Dünya üçün, Kanadanın İqlim adaptasiyası üçün xeyli vəsait ayırması faktı da ölkəmizdə keçirilən COP 29-un tarixi əhəmiyyətini bir daha göz önündə sərgilədi. Bakı iqlim maliyyəsi təşəbbüsünün COP 29 rəhbərliyinin maliyyə, ticarət və investisiyanın iqlim gündəminin mərkəzində yer alması bu təşəbbüsün tarixi əhəmiyyətini sübut etdi. Sammit çərçivəsində Enerji, Sülh, Yardım və Bərpa günün seçilməsi ilə enerji öhdəliklərinin diqqətə çatdırılması, öhdəliklərin müəyyən edilməsi, enerji saxlama, şəbəkələr, bərpa olunan enerji zonaları, hidrogenlə bağlı yeni təşəbbüslərin elan edilməsi, hidrogen layihələri, inkişaf maliyyə institutları, inkişaf etməkdə olan ölkələrə bu istiqamətdə dəstəyin verilməsi ilə bağlı məsələlərin müzakirəsi, Urbanizasiya, Nəqliyyat və Turizm günü çərçivəsində bu istiqamətdə qarşıda duran vəzifələrin müzakirəyə cəlb olunması Bakı sammitinin tarixi əhəmiyyətini bir daha diqqətə çatdırdı. 50-dən çox ölkənin iştirakı ilə gəmiçilikdə emissiyaların müzakirəsi də diqqətçəkən faktlar sırasında yer aldı. Təmiz qidalanma, təmiz enerji mənbələrinin yaranması üçün vəsaitin ayrılması, sülh və iqlim təşəbbüsü çərçivəsində 192 dövlətin COP Atəşkəs çağırışına dəstək verməsi Bakı Sülh və Bərpa çağırışının zamanın tələbi olduğunu təsdiq etdi. Sammit çərçivəsində Elm, texnologiya, innovasiya və rəqəmsallaşma kimi ciddi istiqamətlərin müzakirəsi, 90-dan çox hökumətin, mindən çox rəqəmsal texnologiya təşkilatının iqlim dayanıqlığını gücləndirmək üçün rəqəmsal alətlərdən istifadəni dəstəkləməsi, COP 29 Yaşıl Rəqəmsal Bəyannaməni imzalaması COP 29-un onuncu günü Kənd təsərrüfatı, təbii məhsulların istehsalı məsələlərinin təhlilə cəlb olunması, qarşıda duran vəzifələrin həlli yolları ilə bağlı fikir mübadiləsinin aparılması, ekoloji problemlərin, qaz emissiyalarının, iqlim dəyişikliyinin bu sahədə əldə olunan naliyyətlərə mənfi təsirlərinin diqqətə çatdırılması, ekoloji fəlakətlər, ərzaq qıtlığı, su çatışmazlığı kimi məsələlərlə üz-üzə qalan bəşəriyyətin nicatının ümumi məqsədlər naminə dünya dövlətlərinin ortaq dəyərlərə töhfəsinə bağlı olduğunu sübut etdilər. COP-29-un on birinci gününün biomüxtəliflik mövzusu ilə açılması bu sahənin mütəxəssislərinin maraqlı, həm də yaddaqalan çıxışları ilə müşayiət olunması onun məna tutumunu bir qədər də artırdı. Biomüxtəlifliklə bağlı məsələlərin bütün parametrləri ilə müzakirə olunduğu paneldə iqlim dəyişikliyində qadın liderlərin rolunun gündəmə gətirilməsi, iqlim problemlərinin həllində sadiq qızlar nəslinin yetişdirilməsi kimi prioritetlərin diqqətə çatdırılması Ana təbiətə, Anaların verə biləcəkləri töhfələrin daha çox ola biləcəyini təsdiqlədi. İqlim problemlərinin həllində uşaqların, yeniyetmələrin, gənclərin, liderlərin, qadınların, qeyri-hökumət təşkilatlarının rolu kimi ciddi məsələlərin diqqətə çatdırılması, müzakirəyə çıxarılması Bakı sammitinin tarixi əhəmiyyətini dünyaya bir daha nümayiş etdirdi. Plastik tullantıların effektiv idarə edilməsi, çətinlikləri, bu çətinlikləri anlamaq və imkanları kəşf etmək mövzusunun müzakirəsi, okeanlarda, dənizlərdə tullantıların mövcudluğu, onun sualtı biomüxtəlifliyə mənfi təsirləri kimi faktların qarşısının alınması istiqamətində görüləcək işlərə həsr olunan layihələrin dəstəklənməsi, okeanlarda və dənizlərdə plastik tullantıların qab şəklində istehsalının aradan qaldırılması, əsasən gəmi və qayıqlar, neft, qaz və mazut tullantıların vasitəsilə onların çirkləndirilməsi problemlərinin aradan qaldırılması, qarışısının alınması, suyun təmizlənərək yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi kimi həlli vacib məsələlərin elmi aspektlərinin müzakirəsi maraq doğuran faktlardan idi. Şərqi və Qərbi Afrikada, isti ölkələrdə qida təhlükəsizliyi, qida problemləri, su ehtiyatlarının mənbələrinin tapılması, yaradılması, bunun üçün generasiya üsulunun tətbiqi kimi məsələlərin ciddi maliyyə imkanlarına ehtiyac olduğunu bir daha sübut etdi. BMT-nin Qırmızı Siyahısının Planetimizin xilası üçün Çağırışı isə xüsusi əhəmiyyəti ilə diqqət çəkdi. “İqlim-təbiət və insanlar üçün Meşələr!” “Meşələr üçün iqlim maliyyəsində istifadə!” çağırışlarının iştirakçı ölkələr tərəfindən maraqla qarşılanması bəşəriyyəti düşündürən bu həlli vacib məsələnin istiqamətini müəyyənləşdirdi. Oksigen bazalarının yaradılması üçün yeni meşə zolaqlarının salınmasının təxirəsalınmaz prioritetlər sırasında olduğunu təsdiq etdi. İqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi, şəhərsalma arasında əlaqələrin öyrənilməsinə həsr olunan məsələlərin RİO-TRİO - təşəbbüsləri özündə ehtiva edən panel çərçivəsində təşkil edilən elmi konfransda müzakirəyə çıxarılması elmin, cəmiyyətin maariflənməsindəki yerini və rolunu müəyyən etdi. Bilik mübadiləsinin, elmi-innovativ vasitələrin bu məsələyə təsiri imkanları diqqətə çatdırıldı. İqlim problemlərinin həllində katalizator rolu oynayan gənclərin elmə istiqamətləndirilməsi üçün təhsil verənlərin üzərinə düşən vəzifələr barədə söz açıldı. COP 29 çərçivəsində “Dekorbanize Qlobal Uşaq Manifesti”nin qəbul edilməsi, manifestdə 75-dən çox ölkənin, bütün qitələrdən olan uşaqların biomüxtəlifliyin qorunması üçün bəşəriyyətə çağırışının əksini tapması sammitin təbiət-cəmiyyət-insan faktorlarının həlqəli şəkildə bir-birinə bağlı olduğunu bir daha təsdiq etdi. İqlim maliyyələşdirilməsində gender aspektlərinin nəzərə alınması, feminist təşkilatların bu istiqamətdə görüləcək tədbirlərə cəlb edilməsi məsələlərinin gündəliyə salınması, qeyri-hökumət və sahibkarlıq təşkilatlarının bu məsələdə aparıcı qüvvəyə çevrilməsi  faktlarının COP 29-un kürsüsündən səslənməsi, planetin problemlərinin həllində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və ehtiyac içərisində olan ölkələrə dəstəyinin vacib şərt kimi irəli sürməsi, onu ayrı-ayrı panellərdə müzakirəyə çıxarılması,  hüquqi bazasının prezidentlər, vitse-prezidentlər, baş nazir və nazirlər, spikerlər, dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər tərəfindən müəyyənləşdirilməsi ölkəmizin ev sahibliyi etdiyi COP 29-un tarixi əhəmiyyəti ilə yanaşı onun keçmişlə gələcək, tarixlə müasirlik arasında körpüyə çevrildiyini təsdiq etdi. Müzakirə olunan məsələlərin əhatəli şəkildə araşdırılmasına, gündəliyə salınmasına baxmayaraq, diqqət tələb edən bəzi problemlərin çoxluğu, tədbirə ev sahibliyi edən ölkəmizin tərəflərə yaratdığı münbit şərait 11 gün nəzərdə tutulan COP 29-un bir gün də uzadılması məsələsini gündəmə gətirdi. 12 gün müzakirə edilən məsələlər sübut etdi ki, yüz illərdir müstəmləkəyə çevrilən, qayğılar içərisində üzülən ölkələrin sayı heç də az deyil. Ayrı-ayrı panellərdə, iclaslarda, müzakirələrdə qoyulan məsələlərin sırasında “Afrika gənclərini ön plana çəkmək, Korpus Afrika Yaşıl dərslərindən öyrənilən nəticələr” mövzusunda keçirilən paneldə iqlim dəyişikliyində afrikalı gənclərin, afrikalı kənd qadınlarının dinlənilməsi, onlara haqq etdikləri liderlik xüsusiyyətlərinin aşılaması, keyfiyyətlərinin təbliği, “Gənclərin iqlim və biomüxtəliflik çərçivələrinin həyata keçirilməsində rolu” kimi ciddi məsələlərlə yanaşı, “Ətraf mühit üzrə xəbərlər şəbəkəsi”ndə Afrikanın bu istiqamətdə üzləşdiyi problemlərin həlli yolları ilə bağlı qərarların alınması, gənclərin xəbərlər şəbəkəsinə qoşularaq bu məsələlərin ictimailəşdirilməsindəki rolu və yeri barədə məlumatların verilməsi COP 29-un yadda qalan günlərindən idi. Əlavə salınan, gündəlikdən kənar nəzərdə tutulan 12-ci günün qrafiki, ziyarətçilərinin sayının çoxluğu, müzakirə olunan məsələlərin əhəmiyyəti belə tədbirlərə sıx şəkildə ehtiyac olduğunu diqqətə çatdırdı. “Yaşlı nəsil, nəsillərarası ekoloji şüurun formalaşması” masasında müzakirə olunan ağacəkmə aksiyasının təbliği, ekoklubların yaranması kimi məsələlərin müzakirəsi, 12-ci günün panelinə xüsusi ahəng qatan təqdimatlar, “Gələcəyin qurulması” masasında müzakirə olunan məsələlər isə COP 29-un sanki bütün məqsədlərini, məramını üzə çıxardı. Sammitin bütün şərtlərini, parametrlərini sistemləşdirərək qaldırılan məsələlərin Yaşıl Gələcək Naminə Hərəkata töhfə olduğunu inamla ifadə edən masa iştirakçıları qənaətlərini xüsusi çarxlar vasitəsi ilə nümayiş etdirdilər. “Gələcəyin mövzusu” masasında dünyada və Azərbaycanda keçirilən COP layihələrinin əhəmiyyəti, COP 29-a ev sahibliyi dövründə Azərbaycanın tarixi xidmətləri, BMT-nin layihələrinə diqqət və qayğısı barədə ehtiramla söz açıldı. COP irsinin fundamental irs olaraq bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılırdı. 12-ci gün çərçivəsində Dayanıqlı İnkişafa töhfə sayılan dəyirmi masalar, panellər çərçivəsində “Azərbaycan İrəvanı” adlı kitabın təqdimatı sosial layihə olan COP çərçivəsində tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda mövcud olan, lakin, 1988-ci ildən, Azərbaycanlıların deportasiyasından sonra erməni daşnakları tərəfindən vandalizmə məruz qalan, tarixi abidələr və məhv edilən Yaşıl Dünya barədə məlumat verilirdi ki, bu da COP 29-un siyasi əhəmiyyətinə bir nümunə idi. BMT-nin Baş Katibi Antonyo Quterreşin Bakıdan, Xəzərin sahilindən üzünü dünyaya tutaraq “İndi mümkün kompromis sahələri tapmaq vacibdir!” nidası ilə çağırış etməsi, ədalətdən uzaq Qərb dövlətlərinə - BMT-nin qurucularının bəzilərinin üzünə dəyən sərt “Osmanlı tokatı” oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı dörd qətnaməsi 30 il icra olunmayan, Ermənistan silahlı qüvvələri tərəfindən daşı daş üstə qalmayan Qarabağın, Şərqi Zəngəzurun yer üzündən silinməsinə ikili standartları sərgiləyən, demokratik dəyərlərdən, humanist prinsiplərdən danışanlar Azərbaycanın ləyaqətlə ev sahibliyi etdiyi COP 29-da dövlət başçıları səviyyəsində təmsil olunmadılar. Bu tədbirin bizdən çox onlara, bütün dünyaya, bəşəriyyətə aid olunduğunu unutdular!  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli lider obrazı ilə bütün dünyaya bir daha sübut etdi ki, burada, Güney Qafqazda bir qüdrətli ölkə, dövlət, əzəmətli xalq var. Ona inanmaq, ona arxalanmaq, ona bio-resurslarına görə deyil, qüdrətli şəxsiyyətlərinə, fikir və düşüncə sahiblərinə, ümumbəşəri dəyərlər xəzinəsinə min illərdir töhfələr verən mütəfəkkir alimlərinə, xeyirxahlığı, yaxşılığı, mərhəməti, məhəbbəti, multikultural dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, açıq süfrəsi, geniş qəlbi ilə dünya insanına örnək olan xalqına görə dəyər vermək gərəkdir! O, bir Müzəffər Ali Baş Komandan kimi bu həqiqəti dünyaya, iradənin gücü, xarakterin əyilməzliyi ilə “Əziz Şuşa Sən Azadsan!” nidasıyla üç rəngli, hilallı, ulduzlu Bayrağımızı Şuşa qalasından asarkən nümayiş etdirmişdi! Hər hansı bir dövlətin, dövlət başçısının tədbirdə iştirakından asılı olmayaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfər Konfransının 29-cu sessiyasının - COP 29-un Bağlanış mərasimi, alınan qərarlar, iştirakçı dövlətlərin iradəsini ifadə edən, tərəfləri razı salan maliyyə sənədi - Bəyənnamə bəşəriyyətin taleyi, gələcəyi naminə ciddi rəsmi sənəd kimi tarixə yazıldı. Sübut etdi ki, Azərbaycan təkcə Güney Qafqazın deyil, dünyanın qüdrətli dövlətlərindən biridir.                                                                                                                                                                                                                                       Cəlil Xəlilov                                                                   Azərbaycan Respublikası Müharibə,                                                                  Əmək və Silahlı Qüvvələr Veteranları                                                                         Təşkilatının sədri, polkovnik      

Hamısını oxu