Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tarixin yaddaşında iz salan ömürlər

             13 iyun Azərbaycan tarixi üçün təkcə təqvim vərəqində qeyd olunan sadə bir gün deyil. Bu gün həm də sonradan şəhidlik zirvəsinə ucalan neçə-neçə igidimizin doğum günüdür. Biz bu günü onların anım günü kimi qeyd edir, ruhlarını yad edir, xatirələrini yaddaşımızda yaşadırıq. Bu gündə dünyaya gəlmiş igidlər ömürlərini Vətən uğrunda fəda etdilər. Onların hər biri Azərbaycanın azadlığına doğru atılan addımların təməl daşına çevrildi. Həyatları, fədakarlıqları və qanları ilə qoruduqları torpaqlar bu gün azad, suveren və başıucadır. Bugünkü qalib, müstəqil Azərbaycan üçün canlarını qurban verən bu qəhrəmanların doğum günü təkcə ailələri üçün deyil, bütün xalq üçün mənəvi borc və ehtiram günüdür. Onlar təkcə əsgər, gizir, zabit deyildilər. Onlar həm də tarix yazan qəhrəmanlar, millətin yaddaşına qürurla həkk olunan adlardır. Bu gün biz 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ilini yaşayırıq. O Zəfər ki, qanla, canla, qürurla yazıldı. O Zəfər ki, 30 illik işğala son qoydu, tarixi ədaləti bərpa etdi, xalqımıza başucalığı gətirdi. Bu Zəfərin arxasında sadəcə Şəhidlərimizin adları yox, həmçinin canlar, şücaət, sədaqət, vətən sevgisi dayanır. 13 iyunda doğulmuş o igidlər ki, Şuşanın qayalarında, Füzulinin bağlarında, Laçının meşələrində, Cəbrayılın torpağında, Kəlbəcərin dağlı yollarında döyüşdülər, yalnız qələbəyə inandılar, yalnız Vətən dedilər! Onlar tarixin axarını dəyişdilər, xalqın qürur kitabına adlarını öz qanlarıyla yazdılar. Onların ayaq izləri torpaqla birləşdi, səsi dağların döşündə əks-səda verdi.
          Hər addımları ilə
bir xalqın başını dik, alnını açıq etdilər. O günlərdə bir tarix yazıldı. O tarix ki, sətirlərini şəhidlərin adı, cümlələrini anaların göz yaşı, nöqtələrini igidlərin susqun məzarı yazır. Bu Zəfərin hər daşının altında bir ad var. Hər bayrağında bir ömür, Hər sükutunda bir fəryad, amma həm də bir fəxarət var. Onlar tarix olmadılar, tarixin özünə çevrildilər. Onlar bu torpağın tək daşında yox, təqvimlərin yaddaşında, xalqın qəlbində yaşayırlar.

·         Kiçik leytenant Namaz Allahverdiyev – Şəki rayonunun Suçma kəndində doğulmuş, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdı. Şuşanın azadlığı uğrunda can verdi. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

·         Kiçik gizir Elnur Əsədullayev – Lerikdə doğulmuşdur. Füzuli və Xocavənd uğrunda döyüşmüş. “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

·         Mayor Elşad Həsənov – Göyçə mahalında dünyaya gəlmişdi. Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş, “Vətən uğrunda”, “Rəşadət” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

·         Əsgər Əzim Həsənov – Balakənin Kortala kəndində doğulmuş, əslən isə Qarabağlı idi. Füzuli döyüşlərində şəhid olmuşdur. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

·         Əsgər İlqar Hümbətov – Bakıda doğulmuş bu gənc Suqovuşanda şəhid oldu. “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarını qazandı.

·         Əsgər Elşən Nuruzadə – Göyçayda doğulmuşdu. Oktyabrın 4-də şəhid olmuş və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

·         Əsgər Zərbəli Qafarov – Gəncə şəhərində doğulan bu igid Suqovuşan və Tərtər istiqamətlərində gedən döyüşlərdə vuruşmuşdu. “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

·         Əsgər Məhəmməd Səmədov – Sabunçunun Pirşağı qəsəbəsində dünyaya gəlmişdir. Füzuli uğrunda döyüşlərdə şəhid olmuşdur.

Onların izi torpaqda deyil, səmanın işığında yaşayır. Bu gün Şuşanın sükutunda, Laçının meşəsində, Füzulinin səmasında bir ilğım var: “Biz buradayıq. Ad günümüzdə bu torpağın nəfəsində yaşayırıq”. Bu şəhidlərin hər biri bir tarixdir. Onların ömürləri bir az məktəb partasında, bir az hərbi xidmətdə, bir az səngərdə, lakin əbədilikdə tamamlanır. Onlar bu gündə doğuldular, Vətən isə onları əbədi qıldı. Bu gün biz Suqovuşanda, Şuşada, Füzulidə onların addımlarını hiss edirik. Ad gününüz mübarək şəhidlər!

 

2025-06-13 10:59:38
3749 baxış

Digər xəbərlər

İlham Əliyev Qarabağ ermənilərinə müraciət edib

“Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və rifahları daha da artacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, Dağlıq Qarabağda indi səfalət hökm sürür:   “Biz oraya investisiya qoyarıq, sosial layihələr icra edərik. Eyni zamanda, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə budur: azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerləbir etmək və elan etmək ki, bu qədim Ermənistan torpağıdır. Halbuki ermənilər oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvələrində köçürülüb”. Prezident bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycan xalqı onların düşməni deyil: “Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar. Bu, ədalətli deyil. Buna biz heç vaxt razı ola bilmərik. Hər bir müharibə sülhlə nəticələnir. Biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Hesab edirəm ki, hər iki tərəfdən güclü siyasi iradə olarsa, beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərlərsə, buna nail olmaq mümkün olacaq”. İlhamə Əbülfət

Hamısını oxu
Mehriban Əliyevanın Rusiya səfəri dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldəcək

Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur - Cəlil müəllim, ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfəri, burada keçirdiyi görüşlər Azərbaycanla yanaşı, Rusiya ictimaiyyətində və mediasında da böyük marağa səbəb oldu. Sizcə bu səfər iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından nə dərəcədə önəmlidir? -Öncə onu qeyd edək ki, Rusiya Azərbaycana qonşu olan bir dövlətdir. Təbii ki, əlaqələrimiz sıx, mehriban, qonşuluq, strateji əməkdaşlığa söykənir. Rusiya ilə siyasi, iqtisadi, mədəni, humanitar və hərbi sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevadan öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya rəhbərliyi ilə faydalı görüşlər keçirdi. Bu görüşlərdə Qarabağ problemi də müzakirə olundu və hesab edirəm ki, bu məsələdə də irəliləyiş olacaq. Bu baxımdan Mehriban xanımın Rusiya səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri olduqca əhəmiyyətli hesab edirəm. Əminəm ki, bu görüş dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin inkişafını genişləndirəcək və onu mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcək. Mehriban xanım Əliyevanın Rusiyada yüksək səviyyədə qarşılanması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Mehriban xanımı “Dostluq”” ordeni ilə təltif etməsi təqdirəlayiqdir. Bütün bunlar göstərdi ki, Rusiya iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfə verən Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir. - Qarabağ probleminin həllinə Rusiyanın təsir imkanının böyük olduğu Azərbaycan ictimai-siyasi məkanında hər zaman səslənən fikirlərdən biridir. Sizcə Qarabağ konfliktinin həllinə Kremlin təsir imkanı hansı səviyyədədir və Rusiyanın bu məsələdə Ermənistana göstərəcəyi təzyiq nəyi dəyişə bilər? - Rusiya qonşu dövlət, həm də Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya Ermənistanı məcbur edə bilər ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Buna Rusiyanın diplomatik, iqtisadi və hərbi gücü imkan verir. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiya Ermənistandan əlini çəksə, Ermənistan bir dövlət kimi tamamilə çökər. Rusiya Ermənistanı düz yola dəvət etməli və onu başa salmalıdır ki, bir dövlət kimi onun inkişafı Qarabağ probleminin həllindən keçir. Rusiya da Ermənistanın təcavüzkarlığından xəbərdardır. Onu da qeyd edim ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Ermənistanda böyük narahatlığa səbəb olmaqdadır. Bu səbəbdən də, Ermənistan zaman-zaman Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışıb. Bu məqsədlə bəzən Ermənistan ortaya yalan məlumatlar yayıb, bununla da bu münasibətlərə xələl gətirməyə çalışıblar. Amma heç nəyə nail ola bilməyiblər. Çünki Rusiyada yaxşı başa düşürlər ki, Azərbaycan qonşu dövlət olmaqla yanaşı həmdə etibarlı tərəfdaşdır, o cümlədən və Rusiya ilə mehriban qonşuluq siyasətinin qorunub saxlanılmasında maraqlıdır. Rusiya hərbi-iqtisadi və siyasi gücünə görə dünyanın aparıcı ölkələrindən biridir. Onun qlobal proseslərə, xüsusilə də MDB məkanındakı proseslərə təsir gücü çox böyükdür. Bizim Rusiya ilə 200 illik tarixi dostluq əlaqələrimiz var. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Rusiya xalqı və rəhbərliyi də Azərbaycan həqiqətlərini bilməli, haqqın-ədalətin öz yerini almasına dəstək verməlidir. Azərbaycanın məqsədi sadəcə, öz ərazi bütövlüyünü təmin etməkdir. Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və Ermənistandan fərqli olaraq qonşu dövlətlərin ərazisini işğal etmək niyyəti ilə yaşamırıq. - Rusiya ilə əlaqələrin inkişafı ölkəmizə iqtisadi-mədəni baxımdan nə vəd edir? -Rusiya ilə əlaqələrin inkişafı, ölkəmiz üçün iqtisadi-siyasi və hərbi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycan üçün həm də böyük bir bazardır. Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları daha çox Rusiya bazarında satılır. Bizim orada 3 milyondan çox vətəndaşımız yaşayır. Dövlət rəhbərləri arasında münasibətlər nə qədər isti olsa, oradakı soydaşlarımızın vəziyyəti daha yaxşı olar. Azərbaycanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətinə böyük maraq var. Ölkəmizdə rus dilində məktəblər fəaliyyət göstərir. Azərbaycanda Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında həm rus, həm də azərbaycanlı tələbələr oxuyurlar. Eyni zamanda, azərbaycanlılar Rusiyanın ali təhsil müəssisələrində təhsil alırlar. Hansı ki, bu məqam hörmətli Mehriban xanımın Rusiya səfərində də vurğulandı və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən təqdir edildi. - Cəlil müəllim, aldığımız məlumata görə, siz özünüz də Moskvadan yeni qayıtmısınız. Mümkünsə, Moskva səfərinin məqsəd və mahiyyəti ilə bağlı məlumat almaq istərdik. -Moskvada bu günlərdə MDB Dövlətləri Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirildi. Tədbirlərdə mənim də çıxışım oldu. Qeyd etdim ki, MDB Veteranlar Təşkilatı ilə əlaqələrin daha da genişləndirilməsi, II Dünya Müharibəsində iştirak edən ölkələrdə döyüşən Azərbaycan döyüşçüləri haqqında məlumatların toplanması, altı döyüş diviziyamızın hansı ölkələrin ərazisindən keçdiyi, hansı dövlətlərdə döyüşməsinin bir daha dəqiqləşdirilməsi, itkin düşən, döyüşlərdə qəhrəmanlıqlar göstərən şəxslərin müəyyən edilməsi, qəhrəmanlarımızın abidəsinin döyüşdükləri şəhərlərdə ucaldılması və s. məsələləri diqqətə çatdırdım. Bundan əlavə “1941-1945-cı illərdə Böyük Vətən müharibəsində sovet xalqının faşizm üzərində Qələbənin dünyəvi-tarixi əhəmiyyəti, Qələbənin mənbələri, müasir zaman üçün dərslər və nəticələr”” mövzusunda konfrans da keçirildi. Konfransda faşizm ideologiyası, XXI əsrdə faşizmin təsiri, 1941-1945-ci illərdə antifaşist koalisiyasında iki siyasət və iki strategiya, II Dünya müharibəsində SSRİ-nin azadlıq missiyası, ordu və xalqın birliyi, sovet xalqının ön və arxa cəbhədəki mübarizəsi, müharibə illərində sovet xalqının dostluğu əsas müzakirə istiqamətləri oldu. Çıxışımda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Respublikamızda veteranlara göstərdikləri qayğı və diqqətin yüksək səviyyədə olmasını konfrans iştirakçılarının diqqətinə çatdırdım. Azərbaycanda İkinci Dünya müharibəsi ilə bağlı abidələrin qorunub saxlanılması, o cümlədən, tarixi saxtalaşdırmaq cəhdləri ilə bağlı mövqeyimizi də ortaya qoydum. Faşistlərlə əlbir olub sovet döyüşçülərinə qarşı vuruşan erməni satqını Nidjeyə abidə qoyulmasını pisləməklə yanaşı, bunun müharibə qurbanlarının əziz xatirəsinə təhqir kimi qiymətləndirdim. Biz müharibədə qəhrəmanlıq göstərən insanlarımızın xatirəsini hər zaman uca tutmuşuq, onları xalqımıza tanıtmağa çalışmışıq. Onların dünyaya tanıdılması, onların haqqında filmlərin çəkilməsi, kitabların yazılması, itkin düşənlər haqqında məlumatların əldə edilməsinə çalışırıq. Azərbaycanlıların döyüşdüyü ərazilərdə bununla bağlı tabloların, abidələrin yaradılmasında maraqlıyıq. Çalışırq ki, bu ölkələrin həm veteran təşkilatları, həm dövlət orqanları ilə daim əlaqə yaradaq və bu işləri həyata keçirək. Bunun çoxuna nail olmuşuq. Serbiyada, Sloveniyada, Ukraynada, Moldovada, Sevestopolda, Taqanroqda, Volqoqradda, Moskvada və Moskva ətrafındakı döyüşlərdə vuruşan döyüşçülərimizlə bağlı müxtəlif abidələr qoyulub və bu, bizim üçün qürurvericidir. - Konfransda Qarabağ problemi, onun həlli zərurəti ilə bağlı müzakirə aparıldımı? -Mən konfransda bir təkliflə çıxış etdim. Xatırlatdım ki, gələn il faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Arzu edərdik ki, müharibə dövrünün dostluq mühitini qaytarmaq üçün MDB dövlətləri bir-birlərinə həmin dövrün dostluq münasibəti ilə yanaşsın. Azərbaycanla yanaşı, bəzi ölkələrdə də SSRİ-nin süqutundan sonra müharibə ocaqları yaranıb. İstərdik ki, MDB ölkələrinin başçıları bununla bağlı xüsusi tədbirlər keçirsinlər. Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində bu konfliktlərə son qoysunlar. Mən MDB Veteranlar Təşkilatına bununla bağlı təklif vermişəm. İstəyirəm ki, MDB Veteranlar Təşkilatı adından MDB dövlətləri başçılarına müraciət edək. Ümid edirəm ki, belə bir müraciət baş tutacaq, işğalçı Ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olunacaq. Ümid edirəm ki, MDB dövlətləri qaldırdığımız problemə diqqət yetirəcək, onun həlli istiqamətində müvafiq addımlar atacaqlar. Hesab edirəm ki, bu, MDB məkanındakı konflikt və qarşıdurmaların həlli baxımından faydalı olar. Şəmsiyyə Əliqızı, “İki sahil”

Hamısını oxu
“Hərbi Dəniz Qüvvələrimiz sürətli inkişaf tempi və peşəkarlığına görə dünyada qabaqcıl yer tutur”

Məlum olduğu kimi, sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC-nin və "DEARSAN Gəmi İnşaat Sənaye" AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib, insansız dəniz vasitələrinin praktiki sınaqları keçirilib. Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlrı Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələrimizdə müşahidə ediən sürətli inkişafın Hərbi Dəniz Qüvvələrini də əhatə etdiyini bildirib: “Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri sürətli inkişafını davam etdirib, böyük uğurlara və müvəffəqiyyətlərə nail olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrinə gəlişi, Müzəffər Ali Baş Komandana Hərbi Dəniz Qüvvələrinin arsenalında olan hərbi texnika ilə bağlı verilən məlumatlar, eləcə də həyata keçirilən praktiki testlər bunu bir daha sübut etdi. Baş verənlər bir daha sübut etdi ki, Azərbaycan regionun şəriksiz hərbi lideri olmaqla yanaşı, qlobal miqyasda böyük hərbi gücə çevrilməkdədir. Hansı ki, müasir dünyamızda təhlükəsizliklə bağlı artan problemlər güc faktorunun əhəmiyyətini önə çıxarır, bu faktora birincilik qazandırır. Bu baxımdan Hərbi Dəniz Qüvvələrimizin inkişafı dövlətimizin dəniz təhlükəsizliyinin möhkəmlənməsi, mümkün təhdid və təhlükələrdən müdafiəmiz baxımından həyati əhəmiyyətə malikdir. Prezidentin Hərbi Dəniz Qüvvələrinə səfəri göğstərdi ki, dənizçilərimizin ixtiyarında yerli istehsal məhsulu olan dronlarla yanaşı, müxtəlif ölkələrin istehsalı olan müasir PUA-lar da mövcuddur. Bütün bu texnologiyalar Hərbi Dəniz Qüvvələrinə öz xidmətini yüksək səviyyədə qurmağa, mümkün təhlükələrə adekvat cavab verməyə imkan verir. Hesab edirəm ki, Müzəffər Ali Baş Komandanın Hərbi Dəniz Qüvvələrində olması, şəxsi heyətlə görüşü hərbçilərimiz üçün ciddi mənəvi sitimul olacaq və onlar hər zaman olduğu kimi bundan sonra da öz uğurları və nailiyyətləri ilə bizləri sevindirməkdə davam edəcəklər”. Seymur ƏLİYEV  

Hamısını oxu
Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfrans keçirilib

Konfransın sonunda Prezident İlham Əliyevə müraciət ünvanlanıb   Veteran.gov.az xəbər verir ki, bu gün saat 11:00 radələrində Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı konfrans keçirilib.   Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qalibiyyətə həsr edilən konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının tarixi zəfəri münasibəti ilə bir araya gəlməkdən məmnunluğunu bildirib.   Giriş sözünün ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxış edib. Çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin xalqımızın sadəcə bugünü deyil, həm də gələcəyi baxımından müstəsna rol oynadığnı bildirən Vüsal Quliyev, xalqımızı bu zəfərə qovuşduran Ali Baş Komandana, şanlı ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarlığını ifadə edib.   Vüsal Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə, həm də erməni faşizmi üzərində əldə edilən mühüm zəfər kimi tarixdə qalacaq ki, bu da dövlətimizin, Prezidentimizin, xalqımızın sivil və mədəni dünya qarşısında böyük xidmətidir.   Konfransda çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də Vətən müharibəsində əldə edilən zəfərin önəminə diqqət çəkib, bu zəfərdə ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpasına böyük töhfə verdiyini qeyd edib.   Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi qələbənin Azərbaycan xalqının həyatında həlledici rol oynadığını, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün geniş perspektivlər açdığını qeyd ediblər.Vurğulanıb ki, bu zəfər əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcək, qəhrəmanlarımız minnətdarlıq hissi ilə anılacaq.   Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun yekun sözü ilə çıxış edib. Sədr müavini Vətən müharibəsindəki tarixi zəfərin sadəcə Azərbaycanın deyil, bütün regionun həyatında yeni səhifə açdığına diqqət çəkib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu qələbə dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın özünəinam və qürur hissinin bərpası, mənəvi cəhətdən bütövləşməsi, öz güc və iradəsini bütün dünyaya nümayiş etdirməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Konfransda müxtəlif nəsillərin nümayəndələrinin iştirak etdiyini xatırladan Cəlil Xəlilov, bu qələbənin ümumxalq zəfəri olduğunu bildirib, ölkə başçısına, Azərbaycan ordusuna, şəhid və qazilərə, eləcə də hər zaman Ali Baş Komandanın və ordunun yanında olan Azərbaycan xalqına təşəkkür edib.   Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.   Daha sonra  Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi vətənpərvərlik mövzusunda mahnılar ifa edib, xatirə şəkli çəkilib.   Seymur ƏLİYEV

Hamısını oxu