Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“15 sentyabr XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”

Nəsib Məhəməliyev: “Vətən müharibəsinin ilk günlərindən də qardaş Türkiyə Azərbaycanın yanında oldu”

 

“15 sentyabr 1918-ci il Bakının daşnak erməni-bolşevik birləşmələrinin işğalından azad olunduğu, XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”.

 

Bunu Veteran.gov.az-a millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyə də diqqət çəkib:

 

“May ayının 28-də İstiqlal bəyannaməsinin elan olunmasına baxmayaraq, Bakı və ölkənin bir çox əraziləri erməni-daşnaklarının, bolşeviklərin işğalında idi. Yeni yaranmış müstəqil dövlətin isə, ərazi bütövlüyünü təmin etmək üçün resursları yox dərəcəsində idi. O dövrdə bütün imkanları ilə Azərbaycana dəstək verən Osmanlı Türkiyəsi öz vəziyyətinin kritik olmasına baxmayaraq, Nuri paşanın komandanlığı ilə Qafqaz islam ordusunu Azərbaycana göndərdi. Türk qoşunlarının Azərbaycana göndərilməsi Avropa ölkələri, o cümlədən Osmanlının müttəfiqləri tərəfindən böyük etirazla qarşılansa da, Türkiyə qardaşlıq borcunu yerinə yetirdi. Qəhrəman türk əsgərləri isə, yerli qüvvələrlə birlikdə, cəmi iki ay ərzində Bakını və ətraf əraziləri düşməndən təmizlədi.

Tarix təkrar olunur.

 

Əsrin sonlarında yaranmış boşluqdan istifadə edən əzəli düşmənimiz Qarabağı 30 il işğalda saxladı. Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etdi. 44 gün ərzində torpaqlarımız azad olundu və Azərbaycan Ordusunun apardığı əməliyyatlar dünya hərb tarixinə düşdü.

 

Bu şərəfli gündə gələcək nəsillərə nümunə ola biləcək şərəfli miras qoyan Qafqaz islam ordusunun şəhidlərini, Komandan Nuri paşanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəmi şəhidlərimizi böyük ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.

 

Seymur ƏLİYEV

 

2021-09-15 10:55:00
1044 baxış

Digər xəbərlər

Tarixi səfər: Azərbaycan-İsrail əlaqələrində yeni mərhələ

Hamısını oxu
Cəlil Xəlilov: Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir

  İkisahil.TV-nin bugünkü qonağı Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur - Cəlil müəllim, döyüş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir. Bununla bağlı nə deyərdiniz? - Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu gün veteranlarımız dövlət başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Qətiyyətlə deyərdim ki, dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir. - Uzun müddət bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq, təcavüzlə bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Təəssüf ki, ikili standartlar bu gün də davam edir… - Elədir. Hələ bugünədək biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyon insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk qrupu təcavüzkarın adını indiyə kimi çəkməmişdir. Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa ölkələri, təşkilatları kimi, ikili standartlara söykənib. Onların səriştəsiz fəaliyyəti nəticəsində torpaqlarımız uzun illər işğal altında qaldı. Artıq məlum olduğu kimi onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bunun əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə məcbur etdik. Reallıq bundan ibarətdir. - Bildiyimiz kimi, sülhməramlı qüvvələrin qarşısına qoyulan məqsəd münaqişə tərəfldərinin lokal və böyük qarşıdurmasının qarşısını almaqdır. Bu gün Rusiya sülhməramlıları üzərlərinə götürdükləri vəzifələri yerinə yetirə bilirlərmi? - 2020-ci ilin 10 noyabr Bəyanatında açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlıları yerləşdikləri ərazidə bu cür təxribatlara yol verməməli, onların qarşısını qətiyyətlə almalıdırlar. Lakin təəssüflər olsun ki, biz hələ də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilərin mövqelərimizə atəş açmasına, yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Üçtərəfli Bəyanatın şərtləri yerinə yetirilməyib, bu günə qədər də Qarabağdan erməni silahlıları çıxarılmayıb. Sülhməramlıların əsas yerinə yetirməli olduğu missiya bu idi. Əksinə, Ermənistandan Qarabağ ərazisinə silahlıların keçməsi faktı təsdiqləndi. Bundan başqa, digər ölkə vətəndaşları və maşınları yüklə birlikdə Azərbaycanın icazəsi olmadan Qarabağ ərazisinə daxil olurdu. Bunların hamısı faktlardır. Amma zamanla da yoluna qoyulur. İstər 44 günlük Vətən müharibəsi, istərsə də savaşdan sonra erməni təxribatlarının qarşısının qətiyyətlə alınması göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü, mülki və hərbi vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək. Bu məsələdə hər zaman olduğu kimi ciddi, prinsipiallıq sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin həyata keçirməyə çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün üzücü və faciəvi sonluqla bitəcək”. - Cəlil müəllim, sizcə, bu gün informasiya müharibəsində qələbə qazanmaq üçün nə etmək lazımdır? - Kütləvi informasiya vasitələrinin vəzifəsi baş verən proseslərin mahiyyətini əhalinin geniş təbəqəsinə çatdırmaqdır. Bununla yanaşı, ölkənin informasiya siyasəti onun daxili və xarici təhlükəsizlik maraqlarına cavab verməlidir. Şübhəsiz hər ölkənin şirkətlərinin və kommunikasiya sistemlərinin informasiya siyasəti jurnalistikanın bu əsas qaydalarına uyğun olmalıdır. Düşmənin informasiya təhlükəsizliyinə zərbə vurmaq üçün onun mətbuatını gündəlik oxumaq və təhlil etmək, işləmə prinsiplərini, yaydığı informasiyaların davamlılığını və xarakterini öyrənmək, onun psixologiyasını, milli xüsusiyyətlərini dərindən tanımaq lazımdır. Yeri gəlmişkən, ermənilər bu taktikadan geniş istifadə edirlər. Onlar müxtəlif domenlərdən istifadə etməklə, Azərbaycan rayonlarının adlarından ibarət, Azərbaycan dilində saytlar yaradırlar. Onlar bu saytları elə şəkildə təqdim edirlər ki, heç kəsdə şübhə yaranmır ki, bu erməni saytıdır. Ona görə də bu gün gənclərimizdən daha ayıq-sayıq olmaq tələb olunur. İnformasiya cəbhəsində də öndə olmağımız mütləqdir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşür, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir. - Koronavirus pandemiyası ilə mübarizə gözəgörünməz düşmənlə müharibədir. Ordumuz bu problemdən necə qorunur? - Təəssüflər olsun ki, bu gün demək olar hər kəs ailə üzvləri arasında virusa yoluxma halını müşahidə edir. Əksər hallarda COVID-19-a yoluxan insanlar özlərində heç bir klinik əlamət hiss etmirlər. Bu baxımdan da həmin şəxslərin ictimai yerlərdə, əhalinin sıx toplaşdığı digər məkanlarda sağlam insanları yoluxdurması qaçılmazdır. Orduda əsgərlərimiz tez-tez həkim nəzarətində olurlar. Hərbi hosbitallarda müalicə alırlar. Həkimlərimizə minnətdarlıq etmək istəyirəm ki, onlar bu müddətdə çox əziyyətlər çəkdilər. İnsan həyatının vacib şərtlərindən biri sağlamlıqdır. Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasiyentlərin əlçatanlığı cənab Prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biridir. Şəmsiyyə Əliqızı,Könül Əliyeva, «İki sahil»

Hamısını oxu
Dövlət Gömrük Komitəsinin nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 8 may 2023-cü il tarixində faşizm üzərində qələbənin 78-ci ildönümü münasibəti ilə Dövlət Gömrük Komitəsinin nümayəndəsi general Güloğlan Muradlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilatın sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşən Güloğlan Muradlı veteranlara Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 

Hamısını oxu
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Respublika Veteranlar Təşkilatının veteranlara təbriki

Əziz və hörmətli veteranlar! Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına geniş imkanlar açır. Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezident - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz misilsiz nailiyyətlər ölkəmizin hər bir vətəndaşı kimi, biz veteranlar üçün fəxr mənbəyidir. Yüksək intellektə və zəngin dövlətçilik təcrübəsinə malik Prezidentimizin siyasi iradəsini, qətiyyətini qiymətləndirir, veteranlara daim göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Onun müdrik rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyuldu. Qarabağ Zəfəri ilə işğal altındakı torpaqlar azad edilib, bölgəmizdə davamlı sülh, sabitlik şəraiti yaranıb. Əminliklə deyə bilərik ki, biz veteranlar möhtərəm Prezidentimizin ətrafında daha da sıx birləşərək qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Vətənimiz Azərbaycanı etibarlı əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə və ailənizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxt həyat, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.   Dərin hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları   Təşkilatının sədri - müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov

Hamısını oxu