Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

 

2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir.

 

Pasportlaşdırılan abidələrdən 15-i Azərbaycanın Respublikasının vaxti ilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir. Bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib.

 

Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır.

 

Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr Rayon İcra Hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir.

 

Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur. Onlardan 42 abidənin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.

 

2021-09-21 09:15:00
885 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə - Atəşkəs rejimi 60 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub. Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Bosniya və Herseqovinanın QHT nümayəndələri Veteranlar Təşkilatında olublar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanının QHT nümayəndələri və Agentliyin İcraçı direktoru Aygün Əliyevanın iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ofisində görüş keçirilib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, adıçəkilən qurumun Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı polkovnik Samir Musayev də iştirak edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qonaqları təşkilatın ofisi ilə tanış edib. Qonaqlar ofisdə Ulu öndər Heydər Əliyevin guşəsi, xatirə lövhələri ilə tanış olublar. Prezident İlham Əliyevin veteranlarla görüşündən stendləri izləyiblər.   Sonra qonaqlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı, bu yaxınlarda 100 yaşını qeyd edən Fatma Səttarova ilə görüşüblər.   Qonaqları Bakıda görməyindən məmnun olduğunu bildirən Fatma Səttarova Srebrenitsa soyqırımı haqqında məlumatlı olduğunu, bu cinayəti törədənləri qınadığını deyib və bu soyqırımı aktının hüquqi qiymət almasını onların mübarizəsinin nəticəsi kimi dəyərləndirib.   Fatma Səttarova qonaqlara keçdiyi həyat yolundan, İkinci Dünya müharibəsində tibb bacısı kimi fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsini dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirdiyini qeyd edib.   Srebnitsa Analar Cəmiyyətinin sədri Munira Subasic Fatma Səttarovanın keçdiyi həyat yolunu böyük maraqla dinlədiyini, onun zəhmətsevərliyinin və pozitivliyinin hər kəsə örnək olduğunu deyib.   Görüş qarşılıqlı fəaliyyətin prioritetləri və zəngin təcrübə mübadiləsinin aparılması ilə yekunlaşıb.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov “SOS”MMC-də yeni fəaliyyətə başlayan bir qrup veterana üzvlük vəsiqəsi təqdim edib

Veteran.gov.az xəbər verir ki, 31 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Security Operation Services” (SOS) MMC-nin 4 illik fəaliyyətilə bağlı hesabat tədbiri keçirilib. Tədbirdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “SOS” MMC ilə Respublika Veteranlar Təşkilatı arasındakı əməkdaşlığa diqqət çəkib, bu əməkdaşlığı yüksək qiymətləndirib. Polkovnik qeyd edib ki, “SOS” MMC hər zaman veteranlara, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərib, veteranların işlə təminatı istiqamətində mühüm addımlar atıb. “SOS” MMC tərəfindən 270 veteran işlə təmin edilib, şəhid ailələri, müharibə əlilləri ilə bağlı mühüm layihələr həyata keçirilib.  Polkovnik Cəlil Xəlilov “SOS” MMC-də yeni fəaliyyətə başlayan veteranlara uğurlar arzulayıb, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqələrini təqdim edib.    

Hamısını oxu
Hikmət Hacıyevdən “sülhün Azərbaycan modeli” ilə bağlı tarixi mesaj... - TƏHLİL!

Sözdən əmələ, nəzəriyyədən praqmatizmə uzanan yol... Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşə dair "X" platformasında paylaşım edib. Hikmət Hacıyev paylaşımında Azərbaycanın sülh siyasəti ilə bağlı dəyişməz mövqeyinə toxunub, bu istiqamətdə görülən işlərə diqqət çəkib: “Biz Vaşinqton gündəliyinə tam sadiqik. Bu sadiqlik sadəcə bəyanat xarakterli deyil və kağız üzərində qalmır. Əksinə, sülh gündəliyini gücləndirmək üçün konkret və praqmatik addımlar atılır. Bu addımlar sırasında ikitərəfli ticarətin inkişafı, Azərbaycan üzərindən Ermənistana tranzit daşımaların həyata keçirilməsi və insanlararası əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu təşəbbüslər sülhün iqtisadi dividendlərinin formalaşmasına xidmət edir”. Göründüyü kimi, Hikmət Hacıyev Azərbaycan üçün sülh məfhumunun sadəcə sözdən ibarət olmadığını, bu məfhumu gündəlik yaşamın bir hissəsinə çevirmək üçün dövlətimizin praktiki müstəvidə sistemli iş apardığını bildirib. Vaşinqton görüşündən sonra ötən qısa zaman ərzində iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına, Azərbayan üzərindən Ermənistana edilən tranzit daşımalarına diqqət çəkən Hikmət Hacıyev, bunu sülhün praktiki müstəvidəki təcəssümü kimi dəyərləndirib. Prezidentin köməkçisi çıxışında bir nüansı – Azərbaycanla Ermənistan arasındakı insanlararası əlaqələrin genişləndirilməsini də xüsusi vurğulayır. Hansı ki, bu amil, sülh üçün yuxarıda qeyd edilən digər amillərdən daha mühüm önəm kəsb edir. Çünki bütün münasibətlərin nüvəsində insan amili dayanır və münasibətlərin istər mövcud, istərsə də gələcək inkişafını məhz bu amil müəyyənləşdirir. Buna görə də insanlararası münasibətlərin inkişafı bütün digər müstəvilərdə münasibətlərin inkişafına təkan vermək deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu missiyanın öhdəsindən uğurla gəldiyi göz önündədir. Qəbələdə “Sülh körpüsü” təşəbbüsünün iştiakçıları ilə keçirilən görüş bunun ən bariz nümunəsidir. Hikmət Hacıyev paylaşımında müharibə və münaqişələrdən əziyyət çəkən müasir dünyamızda Azərbaycanla Ermənistan arasındakı sülhün ikiqat əhəmiyyət kəsb etdiyini qeyd edib: “Qlobal proseslərin—Üçüncü Dünya müharibəsi ilə müqayisə edilən tendensiyaların və Yaxın Şərqdə davam edən vəziyyətin fonunda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əhəmiyyəti daha da artır”. Hikmət Hacıyevin də qeyd etdiyi kimi, beynəlxalq müstəvidəki gərginliklər və qarşıdurmalar fonunda Cənubi Qafqazda etbarlı sülhün formalaşması mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud əmin-amanlığın qorunub saxlanılması, qarşılıqlı inam və etimadın zamanla daha da dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir. Bununla yanaşı, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, sülh həm də inkişaf və tərəqqi deməkdir. Sülhün olmadığı heç bir yerdə tərəqqi mövcud deyil. Bu baxımdan inkişafı təmin etmək, tərəqqiyə nail olmaq üçün sülhün qorunması, inkişaf etdirilməsi olduqca vacibdir. Prezidentin köməkçisi paylaşımında Ermənistanda revanşist qüvvələrin mövcudluğuna da diqqət çəkib və bunu sülh üçün təhlükə kimi dəyərləndirib: “Bu çağırışlar regionu yenidən qeyri-sabitliyə—1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində olduğu kimi—sürükləmək riski yaradır. Amma Ermənistan cəmiyyətinin özünün sülhə can atdığını görmək bizə ümid verir ki, prosesi pozmağa çalışan qüvvələr sonda uğursuzluğa düçar olacaq”. Sitatdan da göründüyü kimi, Hikmət Hacıyev revanşist qüvvələrin sülh üçün kəsb etdiyi riskə toxunmaqla yanaşı, Ermənistan cəmiyyətinin sülhə can atdığını vurğulayır və qeyd edir ki, məhz bu amil – Ermənistan cəmiyyətinin sülh arzusu revanşistlərin uğursuzluğa düçar olacağını dşünməyə əsas verir. Başqa sözlə desək, Hikmət Hacıyev revanşist qüvvələr qarşısındakı ən böyük maneənin Ermənistan cəmiyyəti, bu cəmiyyətin sülh arzusu olduğunu diqqətə çatdırır, sülhün qalib gələcəyinə inamını ifadə edir. Bir sözlə, Hikmət Hacıyev öz paylaşımında ifadə etdiyi fikirlərlə bir daha “sülhün Azərbaycan modelinə”diqqət çəkir, bu modelin praktikliyinə toxunur. Xatırladaq ki, kifayət qədər sadə və bir o qədər də effektiv olan bu modelin əsasında isə üç prinsip dayanır: siyasi iradə, cəsarət və sadiqlik! Hansı ki, bu prinsip Prezident İlham Əliyev tərəfindən 12 mart 2026-cı il tarixində Bakıda, “Gülüstan” sarayında  “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda dövlət başçısı tərəfindən dilə gətirilib, dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu üç prinsipə əməl etməklə “sülhün Azərbaycan modeli”ni münaqişə və qarşıdurmalardan əziyyət çəkən dünyamızın istənilən bölgəsində tətbiq etmək, bu bölgələrə yenidən dinclik və firavanlıq bəxş etmək mümkündür. Seymur ƏLİYEV  

Hamısını oxu