Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Zəfər dastanı” adlı respublika şeir və mahnı müsabiqəsi keçiriləcək

Veteran.gov.az xəbər verir ki, Sentyabrın 20-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.

 

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir. 

 

Müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14, 15-20) qrupunda və 2 mərhələdə keçirilir.

 

   Müsabiqə üzrə tələblər aşağıdakılardır:

-  Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər;

- İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü müsabiqəyə təqdim etməlidir;

- Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər;

- Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır;

- Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır;

- Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər;

- Müsabiqəyə fonoqram qəbul olunmur;

- Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;

- Videogörüntülər aydın və keyfiyyətli olmalıdır;

-Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon,  təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir;

- İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınacaq.

 

 I mərhələ - 20 sentyabr – 28 oktyabr 2021-ci il. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron poçt ünvanına və ya (+994) 55  539 55 22 telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə göndərilməlidir.

 

II mərhələ - 29 oktyabr – 6 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.

 

Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar. 

 

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994)  55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

 

2021-09-22 09:17:00
1028 baxış

Digər xəbərlər

“Xüsusi xidmət orqanlarımız Azərbaycana yönəlik təhdid və təhlükələr qarşısında etibarlı sipərdir”

“Xüsusi xidmət orqanlarımız Azərbaycana yönəlik təhdid və təhlükələr qarşısında etibarlı sipərdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyəti Azərbaycanın təhlükəsizliyi baxımından ikiqat əhəmiyyətə malik olub: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən  müharibəsində DTX həm ön, həm də arxa cəbhədə xüsusi aktivlik sərgiləməklə 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verib, erməni faşizminin təxribat cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Təsadüfi deyil ki, xüsusi xidmət orqanlarımızın sayıqlığı nəticəsində müharibə dönəmində ölkə daxilində vətəndaşlarımızın təhlükəsizliyi təmin olunub, hər hansı terror aktının reallaşmasına imkan verilməyib. DTX post-müharibə dönəmində də dövlətimizin təhlükəsizliyi istiqamətində aktiv fəaliyyətini uğurla davam etdirib. Xüsusilə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri zamanı separatçıların son müqavimət nöqtələrinin susdurulmasında, doğma Qarabağımızın separatçılardan təmizlənməsində DTX yaxından iştirak edib, bu prosesə böyük töhfələr verib. Anti-terror tədbirləri və ondan sonrakı dönəmlərdə Qarabağda gizlənən separatçıların aşkar edilərək neytrallaşdırılması, onların Bakıya gətirilərk məhkəmə qarşısına çıxarılmasında xüsusi xidmət orqanlarımız böyük əmək və peşəkarlıq sərgiləyib. DTX erməni separatçılarını zərərsizləşdirməklə Ermənistan və onun havadarlarına göstərdi ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı cinayət törədən, təhlükəsizliyimizə və suverenliyimizə qəsd etmək istəyən heç kim cəzasız qalmayacaq və onlar gec-tez qanun qarşısında cavab verməli olacaq. Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanlarımızı  - DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edir, onlara bu ağır və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da xüsusi xidmət orqanlarımız dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək, Prezidentimizin və xalqımızın etimadını eyni qətiyyətlə doğruldacaq, xalqımızı, təhlükəsizliyimizi hədəf alan bütün bədxah qüvvələrə erməni separatçılarının aqibətini yaşadacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Virtual 71-ci Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub

Oktyabrın 12-də “Kiber Kosmos buraxılışı” mövzusunda virtual 71-ci Beynəlxalq Astronavtika Konqresi keçirilib. AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd: Gələcəyə baxaraq, gəlin 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək Azərbaycana, Bakıya bağlanaq. Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə söz verməkdən şərəf hissi duyuram. Azərbaycan Prezidenti İlham Əliyev: Hörmətli xanımlar və cənablar, mən sizi Azərbaycanın paytaxtı Bakıdan səmimi qəlbdən salamlayıram. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. İlk növbədə, mən bizim namizədliyimizi dəstəklədiyinə görə Beynəlxalq Astronavtika Federasiyasının üzvlərinə, Bürosuna və komitələrinə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək. Müstəqillik dövründə Azərbaycan möhtəşəm inkişafa nail olub. Azərbaycan beynəlxalq arenada fəal ölkələrdən biridir. Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim iqtisadi göstəricilərimiz statistikada öz əksini tapıb. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 20 faizi həcmindədir və ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Hazırda təbii ehtiyatlarımız inkişafımıza xidmət edir və təbii ehtiyatlarımızın insan kapitalına çevrilməsi bizim əsas prioritetlərimizdən biridir. Bu gün Azərbaycan kosmik klubun üzvüdür və Azərbaycan 3 peyki ilə bu istiqamətdə öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Mən əminəm ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək. Sizə uğurlar arzu edirəm və 2023-cü ildə Bakıda görüşərik. Təşəkkür edirəm. Xanım Paskal Erenfroynd: Cənab Prezident, bu ilhamlandırıcı çıxışınız üçün çox sağ olun. 2023-cü ildə Bakıya gəlməyi səbirsizliklə gözləyirik. Qeyd edək ki, Azərbaycanda kosmik sənayenin inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir. Bu tədbir xalqımızın yüksək intellektual potensialı ilə yanaşı, texniki potensialını da bütün dünyaya nümayiş etdirib. Ulu Öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Son 5 ildə ölkəmizin orbitdə 3 peykə sahib olması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin İKT sahəsində son illərdə əldə etdiyi böyük uğurlarla bağlıdır. Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunması planlaşdırılan 71-ci Beynəlxalq Astronavtika Konqresi COVID-19 pandemiyası səbəbindən Beynəlxalq Astronavtika Federasiyası tərəfindən növbəti ilə keçirilib. Lakin tədbirin davamlılığının təmin edilməsi məqsədilə 71 ölkəni təmsil edən 407 təşkilatın üzv olduğu Federasiya builki Konqresi oktyabrın 12-14-də virtual formatda keçirir. Bu Konqres kosmik sahədə aparıcı agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünyanın 70-ə yaxın ölkəsindən ümumilikdə 6 mindən çox mütəxəssisi bir araya toplayan qlobal platformadır.

Hamısını oxu
“Minsk qrupunun ləğvi Prezident İlham Əliyevin növbəti diplomatik zəfəridir”

“Minsk qupunun ləğvi Prezident İlham Əliyevin növbəti diplomatik zəfəri, xalqımızın tarixi nailiyyətidir”.   Bunu saytımıza açıqlamasında ehtiyatda olan polkovnik Samir Musayev bildirib. Polkovnik qeyd edib ki, baş verənlər dövlətimizin prinsipiallığından, Prezident İlham Əliyevin qətiyyət və uzaqgörənliyindən xəbər verir:  “Məlum olduğu kimi, Minsk qrupu mövcud olduğu dönəmdə işğal probleminin həlli istiqamətində heç bir əməli addım atmamış, əksinə, münaqişəni uzatmış, onu daha da mürəkkəbləşdirmişdir. Minsk qrupunun fəaliyyətsizliyi, işğala məruz qalanla  təcavüzkar arasında heç bir fərq qoymaması Azərbaycan xalqının haqlı narazılığına səbəb olmuş, ictimai rəydə, mediada ciddi şəkildə tənqid olunmuşdur. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan işğaldakı torpaqlarını tam şəkildə azad etmiş, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdir. Bununla da Minsk qrupunun mövcudluğu üçün zəruri olan şərtlər ortadan qalxmışdır. Buna görə də Azərbaycan Minsk qrupunun ləğvini irəli sürsə də, dövlətimizin bu tələbi bəzi qlobal güclər tərəfindən dəstəklənmir, məqsədli şəkildə gözardı edilirdi. Lakin sevindiricidir ki, Azərbaycan cari ilin 8 avqust tarixində Vaşinqton görüşündə Ermənistanla sülh müqaviləsinin paraflanmasına nail oldu və bir sıra məsələlərlə yanaşı, Minsk qrupunun ləğvi istiqamətində də prinsipial addım atdı. Nəticədə, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu. Bununla da Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan daha bir tarixi uğura imza atdı. Polkovnik Samir Musayev Prezident İlham Əliyevin ABŞ və Çinə səfərlərinin də dövlətimizin siyasi-diplomatik qüdrətinin təcəssümü kimi dəyərləndirib: “Böyük sevinc və qürur hissi ilə qeyd etməliyik ki, son vaxtlar beynəlxalq diplomatik sferada baş verənlər bir daha Prezidentimizin nüfuzunu, dövlətimizin artan qüdrətini, yüksələn imicini göstərir. İstər Vaşinqton görüşündə, istərsə də dövlət başçımızın Çinə səfəri zamanı yaşananlar, hər iki ölkədə Azərbaycan Prezidentinə münasibətdə ortaya qoyulan yüksək ehtiram doğma Azərbaycanımızın regional güc kimi bütün dünyada qəbul edildiyinin isbatıdır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan sürətlə inkişaf etməkdə, beynılxalq sferada öz mövqeyini qətiyyətlə gücləndirməkdə və qlobal iqtisadi əlaqələr zəngirinin ən etibarlı halqasına çevrilməkdədir. Bütün bunlar isə Prezident İlham Əliyevin dərin zəkasının, müdrik siyasətinin və prinsipiallığının nəticəsidir”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Forum veteranlar və ağsaqqallar arasında əməkdaşlığa mühüm töhfə verəcək”

Cəlil Xəlilov: “Bu əməkdaşlıq xalqımızın və dövlətimizin maraqları baxımından son dərəcə əhəmiyyətlidir” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə  iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov saytımıza açıqlamasında məlum Forum və onun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb: “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” öz miqyas və mahiyyətinə görə mühüm əhəmiyyətə malikdir. Forumda ağsaqqallar və veteranlar arasında birgə əməkdaşlığın genişləndirilməsi, müxtəlif problemlərin həllində veteranların və ağsaqqalların səylərinin birləşdirilməsi qərara alındı ki, bu da milli maraqlarımızın müdafiəsi, dövlət maraqlarımızın qorunması baxımından olduqca önəmlidir. Həmçinin, Forumda bu da qərara alındı ki, bu məqsədlə birgə İşçi Qrupu yaradılsın, görüləcək işlərlə bağlı plan və proqram tərtib edilsin. Paytaxt və rayonlarda birgə tədbirlərin keçirilməsi, ağsaqqallar və veteranlarla gənclər arasında görüşlərin təşkil edilməsi də yaxın gələcəkdə atılması gərəkən addımlar sırasındadır. Hesab edirəm ki, Forum veteranlar və ağsaqqallar arasında əməkdaşlığa mühüm töhfə verəcək. Nəsillər arasında əlaqə bütün dövrlərdə aktual olub. Bu əlaqə nə qədər sıx, nə qədər ardıcıl olursa, qarşıya çıxan problemlər də o qədər azalır, xüsusi ilə ölkə öz gələcəyi baxımından daha etibarlı əllərdə olur, onun inkişafı, tərəqqisi üçün daha geniş imkanlar yaranır. Azərbaycan bu mənada həmişə fərqli bir məkan olub. Xalqımızın adət-ənənələri, keçdiyi tarixi yol Azərbaycanda nəsillər arasında bağlılığın qırılmaz bir proses olmasının sübutudur. Böyüyə hörmət, ağsaqqal-ağbirçək sözündən, öyüdündən nəticə çıxarmaq, gənclərə inam və etibar xalqımızın mentalitetini müəyyənləşdirən başlıca xüsusiyyətlərdən sayılıb. Dünən də, bu gün də belədir. Azərbaycan Silahlı Qüvvələrinin 30 il ermənilərin işğalı altında qalan əzəli dədə-baba torpaqlarımızın iğaldan qurtarılmasının başlıca mənbələrindən biri kimi, bizim gənclərin milli mənəvi dəyərlərimizə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, öz ata-babalarının döyüş, qələbə yolunu davam etdirmək əzmində görürəm. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əsl sərkərdəlik məharəti ilə vahid yumruğa çevirdiyi yenilməz Azərbaycan Ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbələrdə bu ruh, bu əzm aydın duyulurdu. Azərbaycan əsgərinin qazandığı böyük Zəfərdə, göstərdiyi yüksək qəhrəmanlıqda babalarımızdan, atalarımızdan əxz etdiyi mərdlik, cəsarət, onların döyüş ənənələrindən gələn mənəvi güc vardı. Bu gün veteranlarımızın sıralarında olan İkinci Dünya Müharibəsinin qocaman iştirakçıları da bütün bu dəyərləri öz sələflərindən, imperiyalar, böyük dövlətlər, Cümhuriyyət quran babalarında əxz etmişdilər. Birinci və İkinci Qarabağ müharibəsinin veteranları isə həmin döyüş ruhunu və yenilməzliyi onlardan, alman faşizmini diz çökdürən balarından öyrənmişdilər. 44 günlük Vətən müharibəsi bu həqiqətlərin sübuta yetirildiyi bir müqəddəs savaş, Qarabağın xilası naminə bir mübarizə meydanı oldu. Biz bu bağları bu gün daha da möhkəmləndirməli, hazırda yetişən gəncliyi hər üç nəslin döyüş və qələbə təcrübəsi əsasında tərbiyə etməli, həyata hazırlamalıyıq. Əlbəttə, bu istiqamətdəki fəaliyyətimizdə Azərbaycanın möhtəşəm tarixi Qələbəsi başlıca stimul və ilhamverici təcrübə olmalıdır. Çünki bu qələbə xalqımızın başını ucaltmış, onu məğlub durumdan qalib xalq mövqeyinə yüksəltmiş, özünə inamını bərpa etmişdir. Biz bu gün gənclərin milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə daha sədaqətli, həqiqi vətənpərvər insanlar kimi yetişmələrinə xüsusi əhəmiyyət verməliyik. Çünki hazırda dünyada və bizə yaxın regionlarda baş verən hadisələr, yaşanan ciddi dəyişikliklər bunu daha da aktuallaşdırır. Gizli deyil ki, gənclər yad, nəticə etibarı ilə zərərli təsirlərə daha çox məruz qala, ümumxalq və ümumdövlət mənafelərinə, milli maraqlarımıza zidd olan təbliğata meyl edə bilərlər. Əslində, müxtəlif ideologiyaların gənclər arasında yayılmasında maraqlı olan qüvvələrin məqsədləri eynidir, psixoloji baxımdan ən həssas qruplar arasında özlərinə tərəfdarlar toplamaq, lazım gəldikdə onlardan öz məqsədləri üçün istifadə etmək. Azərbaycan Respublikasının Prezidentinin öz çıxışlarından birində bu məsələyə xüsusi diqqət yetirməsi, gənclərin belə yad, zərərli təsirlərdən mümkün vasitələrlə qorunmasının son dərəcədə vacib olduğunu qeyd etməsi təsadüfi deyildi. Biz cənab Prezidentin bu istiqamətdəki tövsiyələrini öz fəaliyyətimizdə proqram məqsədlər kimi nəzərə almalı, gənclərin öz Vətəninə, xalqına, dövlətinə sədaqətli, sələflərinin yolunu layiqincə davam etdirməyə qadir insanlar kimi yetişməsinə nail olmalıyıq. Biz Təşkilat olaraq veteranların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olmaqla, onların gənc nəsilin  vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunması sahəsindəki zəngin təcrübələrinin öyrənilməsinə və yeni şəraitə uyğun tətbiq edilməsinə də xüsusi əhəmiyyət veririk.  Gənclərlə sıx və ardıcıl əlaqələrin vacibliyini prioritet iş istiqaməti kimi nəzərdə tutmağımız da məhz dəyişən dünyada onların rolunun və fəaliyyətinin atması ilə bağlıdır. Bu istiqamətdə Təşkilatımız bu gün dövlət orqanları və ictimai təşkilatlarla da daha sıx əlaqəli işləməkdə maraqlıdır. Bunu bizdən həm də müasir dünyanın artan çağırışları tələb edir.  Biz nəsildən-nəsilə maddi, mənəvi dəyərlərimizlə yanaşı, doğma Azərbaycanımızı etibarlı müdafiə etmək, onu dinamik inkişaf edən, ildən-ilə qüdrətlənən  bir dövlətə çevirmək ənənəsini də ötürməyi və yeni təcrübələrlə zənginlşdirməyi bacarmaıyıq”. Seymur ƏLİYEV

Hamısını oxu