Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xüsusi xidmət orqanlarımız Azərbaycana yönəlik təhdid və təhlükələr qarşısında etibarlı sipərdir”

“Xüsusi xidmət orqanlarımız Azərbaycana yönəlik təhdid və təhlükələr qarşısında etibarlı sipərdir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyəti Azərbaycanın təhlükəsizliyi baxımından ikiqat əhəmiyyətə malik olub:

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən  müharibəsində DTX həm ön, həm də arxa cəbhədə xüsusi aktivlik sərgiləməklə 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verib, erməni faşizminin təxribat cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Təsadüfi deyil ki, xüsusi xidmət orqanlarımızın sayıqlığı nəticəsində müharibə dönəmində ölkə daxilində vətəndaşlarımızın təhlükəsizliyi təmin olunub, hər hansı terror aktının reallaşmasına imkan verilməyib.

DTX post-müharibə dönəmində də dövlətimizin təhlükəsizliyi istiqamətində aktiv fəaliyyətini uğurla davam etdirib. Xüsusilə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri zamanı separatçıların son müqavimət nöqtələrinin susdurulmasında, doğma Qarabağımızın separatçılardan təmizlənməsində DTX yaxından iştirak edib, bu prosesə böyük töhfələr verib. Anti-terror tədbirləri və ondan sonrakı dönəmlərdə Qarabağda gizlənən separatçıların aşkar edilərək neytrallaşdırılması, onların Bakıya gətirilərk məhkəmə qarşısına çıxarılmasında xüsusi xidmət orqanlarımız böyük əmək və peşəkarlıq sərgiləyib. DTX erməni separatçılarını zərərsizləşdirməklə Ermənistan və onun havadarlarına göstərdi ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı cinayət törədən, təhlükəsizliyimizə və suverenliyimizə qəsd etmək istəyən heç kim cəzasız qalmayacaq və onlar gec-tez qanun qarşısında cavab verməli olacaq.

Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanlarımızı  - DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edir, onlara bu ağır və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da xüsusi xidmət orqanlarımız dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək, Prezidentimizin və xalqımızın etimadını eyni qətiyyətlə doğruldacaq, xalqımızı, təhlükəsizliyimizi hədəf alan bütün bədxah qüvvələrə erməni separatçılarının aqibətini yaşadacaq”.

Seymur ƏLİYEV

 

2025-03-25 11:14:29
3092 baxış

Digər xəbərlər

İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir. XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur. Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur. İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir. Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir. Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır. Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı. Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir

Respublika Veteranlar Təşkilatının Mərkəzi Aparatı əməkdaşlarının, veteranların və ziyalıların iştirak etdiyi anım mərasimi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti və abidə önünə Respublika Veteranlar Təşkilatı adından əklil qoyulması ilə başlandı. Anım mərasimi Respublika Veteranlar Təşkilatının inzibati binasının akt zalıda davam etdirilidi. Tədbiri giriş sözü ilə Təşkilkatın sədri, general polkovnik Tofiq Ağahüseynov açdı. Ulu Öndərin və Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda  canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tofiq Ağahüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzsiz xidmətlərindən söhbət açaraq dedı: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi  bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini  zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-1982-ci illərdə  ictimai həyatın  bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”. T.Ağahüseynov həmçinin ulu öndərlə bağlı xatirələrini bölüşdü. Onun üçün vətənin və xalqın ən ali məqam olduğunu bildirdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov çıxışında ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan xalqı qarşısındakı tükənməz xidmətindən danışdı. Cəlil Xəlilov: “Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Heydər Əliyev bu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi yazılıb”. Daha sonra çıxış edən veteranlar ulu öndər Heydər Əliyevin gördüyü işlərdən danışıb, eləcə də, ümümmilli liderlə bağlı xatirələrini bölüşüblər. Veteranlar ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını bildiriblər.

Hamısını oxu
Veteranlar haqqında sənədli film

Hamısını oxu
“Dünyadan pul dilənən bir ölkənin bu vəsaiti hərbi təlimlərə sərf etməsi gülünc və məntiqsizdir”

“II Dünya müharibəsi ilə bağlı muzeyin yaradılması xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm xidmət olar” Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlarımızda həyata keçirdiyi hərbi təlimlər, Qarabağ probleminin həlli ilə bağlı diplomatik müstəvidə atılan bir sıra addımlar, eləcə də şəhdilərimizin, milli qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi ilə bağlı irəli sürülən yeni təkliflər son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bütün bu məsələləri şərh etməyə, bəzi nüanslara aydınlıq gətirməyə çalışdıq.   -Cəlil müəllim, oktyabrın 5-də Ermənistanda və işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər başa çatar-çatmaz düşmən yenidən 40 günlük hərbi təlimlərə başlayacağını elan etdi. Sizcə işğaldakı torpaqlarımızda fasiləsiz olaraq keçirilən bu təlimlər düşmənin ölkəmizə qarşı növbəti təxribatı sayıla bilərmi?   -Təbii ki, bu bir təxribatdır. Dünya ictimaiyəti görür ki, heç bir beynəlxalq qanuna əhəmiyyət vermədən Azərbaycan torpaqlarını işğal edən Ermənistan, dünyadan pul dilənə-dilənə bu vəsaiti hərbi təlimlərə sərf edir. Halbuki, Ermənistanın bu torpaqlarda hər hansı formada fəaliyyət göstərmək, eləcə də hərbi təlimlər keçirmək haqqı və hüququ yoxdur. Bu gün Ermənistan ordusunda elə bir ağır vəziyyət mövcuddur ki, heç bir zabit və əsgər bu orduda xidmət etmək istəmir. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi son vaxtlar qocaları, qadınları, yanğınsöndürənləri orduya cəlb etməyə çalışır, onları sovet dönəmindən qalma silahlarla təchiz edir. Ermənistan anlamalıdır ki, bu problemin onlar üçün heç bir müsbət perspektivi yoxdur. Onlar heç vaxt Qarabağı Ermənistana birləşdirə, bu torpaqların sahibi ola bilməyəcəklər. Çünki bu torpaqlar Azərbaycana məxsusdur və dünya da bu torpaqları məhz belə qəbul edir. Ermənistanın işğal edilmiş torpaqlarımızda keçirdiyi təlimlər beynəlxalq ictimaiyyətin təpkisinə səbəb olmalı, dünya birliyi işğalçı ölkəyə təzyiq göstərməlidir. Beynəlxalq təşkilatlar Ermənistandan tələb etməlidir ki, BMT-nın Təhlükəsizlik Şurasının Qətnamələrinə əməl etsin və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etsin.   -Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışında bir daha erməni təcavüzünə diqqət çəkərək adıçəkilən təşkilatı məlum problemin həllində aktiv olmağa səslədi. Sizcə Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın maraqlarını beynəlxalq tribunada bu cür qətiyyətlə müdafiə etməsi erməni təcavüzünün qınaq hədəfinə çevrilməsi baxımından nə dərəcədə önəmlidir?   -Ərdoğan BMT-yə Qarabağla bağlı ciddi mesajlar verdi. O qeyd etdi ki, nə üçün BMT Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icra mexanizmini tapa bilmir? Nə üçün aparıcı dövlətlər Ermənistana iqtisadi-siyasi təzyiq göstərmir? Niyə öz torpaqlarından didərgin düşən bir milyondan çox insanın hüquqlarının pozulmasına göz yumulur? Niyə aparıcı dövlətlər, özlərini demokratiyanın beşiyi adlandıran ölkələr buna susur? Ərdoğanın beynəlxalq tribunada Qarabağ probleminə, erməni təcavüzü ilə bağlı səsləndirdiyi bəyanatını yüksək qiymətləndirir və bunu Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü hesab edirəm. Hesab edirəm ki, Türkiyənin diplomatik müstəvidə ölkəmizə göstərdiyi bu dəstək olduqca vacib və önəmlidir.   -Son günlər yeni açılacaq metro stansiyalarına, körpülərə şəhidlərin adının verilməsi ilə bağlı təkliflər var. Sizcə bu təkliflərin reallaşması şəhid adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının təbiği baxımından nə dərəcədə zəruridir?   -Azərbaycan xalqı və dövləti qarşısında xidməti olan insanların adları təbii ki, əbədiləşdirilməlidir. Onların adlarına parklar salınmalı, bu insnaların adları küçələrə, məktəblərə verilməlidir. Onların adları gəmilərə, metro stansiyalarına da verilə bilər. Yəni söhbət xalq və dövlət qarşısında xidməti olan insanlardan gedir. Əlaqədar dövlət orqanları bu məsələni diqqətdə saxlamalı və gərəkli addımları atmalıdır. Bizim veteranlar arasında da buna layiq olan, böyük xidmətlər göstərmiş insanlar var. Mən istərdim ki, onların da adı əbədiləşdirilsin. Mən uzun illər sərhəd qoşunlarında xidmət edən general Mustafa Nəsirovun adının əbədiləşdirilməsini istərdim. O, uzun müddətdir ki, rəhmətə gedib. Onun evinin divarına mərhum generalla bağlı lövhə belə vurulmayıb. Biz bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təklif göndərmişik. Əlaqədar dövlət qurumlarına bununla bağlı məktublar ünvanlamışıq. Bəzi genarallarmızın adları əbədliləşdirildi, bir sıra genarllarla -general-mayor Firudin Hüseynov, general-leytenant Ziya Yusifzadə, general-leytenant Valeh Bərşadlı ilə də bağlı bu cür addımların atılmasını zəruri hesab edirəm. Bizim milli qəhrəmanlarımız, sovet ittifaqı qəhrəmanlarımızın, elm və əmək adamlarının da adlarının əbədiləşdirilməsi arzuediləndir. Qoy gənclər də bilsinlər ki, xalq qarşısında kimlərin xidməti var və bu insanlar heç vaxt unudulmur, daim ehtiram hissi ilə yad edilir.   -Qazaxıstanın xalq yazıçısı Oljas Süleymanov Azərbaycanın II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində mühüm xidmətlərə malik olduğunu, Bakının bu məsələdəki rolunun müstəsnalıq təşkil etdiyini bildirib. Hansı ki, məhz ölkəmizin faşizm üzərindəki mübarizədə əlahiddə xidmətlərə malik olduğu əsas götürələrək  bir müddət bundan öncə məhz sizin tərəfinizdən gələn il – faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar olaraq Azərbaycanın II Dünya müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi səsləndirilib. Necə hesab edirsiniz, O.Süleymanovun Azərbaycanın faşizm üzərindəki qələbədəki rolu haqqında səsləndirdiyi yüksək fikirlər, sizin muzeylə bağlı irəli sürdüyünüz təklifin beynəlxalq miqyasda böyük aktuallıq kəsb etməsinin isbatı sayıla bilərmi?   -Azərbaycanın II Dünya müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması çox vacib bir məsələdir. Faşizmə qarşı mübarizə aparan bütün ölkələr yaxşı bilir ki, ölkəmizin faşizm üzərində qələbənin əldə edilməsində danılmaz xidmətləri var. Azərbaycanın xidmətləri keçmiş SSRİ marşalları tərəfindən də qeyd olunub. Marşal Jukov və marşal Rokossovskiy öz çıxışlarında Azərbaycanın xidmətlərini yüksək qiymətləndiriblər. Azərbaycan bu müharibəyə 700 mindən çox insanla qatılıb və onların yarıdan çoxu bu müharibədən qayıtmayıb. Azərbaycan nefti olmasaydı, müharibədə qalib gəlmək qeyri-mümkün idi. Odur ki, Azərbaycanın bu qalibiyyətdəki rolunu heç cür kiçiltmək olmaz. Biz belə bir muzey yaratmaqla ölkəmizin bəşəriyyət qarşısındakı bu mühüm xidmətini yada salmış və təbliğ etmiş olarıq. Baxın, Azərbaycan son illər turist ölkəsinə çevrilib. Hər il ölkəmizə yüz minlərlə turist gəlir. Istərdim ki, Həzi Aslanovun abidəsinə yaxın bir yerdə II Dünya Müharibəsinə həsr edilən muzeyimiz olsun. Bu muzey vasitəsi ilə ölkəmizə gələn turistlər də Azərbaycanın müharibədəki müstəsna xidmətləri haqqında geniş məlumatlar əldə edə bilsinlər. Biz muzeyin yaradılması ilə bağlı biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Lakin hələ ki, qarşı tərəf bununla bağlı rəsmi münasibət bildirməyib. Biz istəyirik ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində muzeyin yeri müəyyən edilsin, onun yaradılması istiqamətində konkret addımlar atılsın. Bu, xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm bir xidmət olar.   Seymur ƏLİYEV

Hamısını oxu